Yanvar ayının 16-da Yeni Azərbaycan Partiyası (YAP) Gəncə şəhər təşkilatının və Azərbaycan Dövlər Aqrar Universitetinin (ADAU) birgə təşkilatçılığı ilə Azərbaycan Yazıçılar Birliyi Ədəbiyyat Fondunun Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə həyata keçirdiyi "İrəvanda xal qalmadı" - kitab və 3 dildə elektron kitabla daxili və xarici platformalarda təbliğat” layihəsi çərçivəsində yazıçı Varisin müəllifi olduğu "İrəvanda xal qalmadı" kitabının növbəti təqdimat mərasimi keçirilib.
"Ədəbiyyat və incəsənət" portalı xəbər verir ki, ADAU-nun akt zalında – 1918-ci ildə Azərbaycan Xalq Cumhuriyyətinin elan edildiyi tarixi məkanda baş tutan tədbirdə əvvəlcə Ulu Öndər Heydər Əliyevin, ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Təqdimatmərasiminini açan ADAU-nun rektoru, Qərbi Azərbaycan İcmasının Gəncə şəhər üzrə nümayəndəsi Zəfər Qurbanov Azərbaycan xalqının qismətinə düşən qaçqınlıq və köçkünlük tarixindən bəhs etmiş, qərbi azərbaycanlıların başlarına gətirilən məşəqqətlərə toxunub, o torpaqlara qayıdışın Azərbaycan xalqının haqq işi olmasını dilə gətirib, Qərbi Azərbaycan kökənli insanların öz dədə-baba yuvalarına qayıtmalarıni necə ürəkdən, şiddətlə arzuladıqlarına diqqət yönəldib.
Gəncə Şəhər İcra Hakimiyyəti başçısının müavini Adil Tağıyev bir vaxtlar dağlıq və Aran Qarabağın düşmən əsarətində olduğu vaxtları yada salaraq, 44 günlük zəfər nəticəsində çoxuna röya kimi görünən bir işin Ali Baş Komandan İlham Əliyevin və müzəffər ordumuz tərəfindən gerçəkləşdiyini söyləyib, əmin olduğunu bildirib ki, indi röya kimi görünən bu məsələ də gerçəkləşəcək, gün gələcək, hər bir qərbi azərbaycanlı öz şəxsi avtomobili ilə öz dədə-baba torpaqlarına gedə biləcək.
YAP Gəncə şəhər təşkilatının sədri Bayram Aslanov bildirib ki, bu cür ədəbi layihələr milli yaddaşın qorunması, tarixi həqiqətlərin cəmiyyətə çatdırılması və ideoloji mövqenin möhkəmləndirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır. O vurğulayıb ki, Qərbi Azərbaycan mövzusu bu gün aparılan dövlət siyasətinin və milli ideologiyanın mühüm istiqamətlərindən biridir və “İrəvanda xal qalmadı” sənədli romanı bu baxımdan aktual və dəyərli mənbədir.
Çıxışlarda qeyd edilib ki, bu sayaq kitablar yalnız ədəbi əsər kimi deyil, eyni zamanda tarixi yaddaşın qorunmasına xidmət edən ictimai-siyasi məzmunlu nəşr kimi böyük əhəmiyyət daşıyır. Qərbi Azərbaycandan deportasiya olunmuş soydaşlarımızın taleyinin ədəbiyyat vasitəsilə gündəmdə saxlanılması gələcək nəsillərin milli kimlik şüurunun formalaşmasında mühüm rol oynayır.
Qeyd olunub ki, Varis əsərdə bir xalqın doğma yurd yerlərindən zorla didərgin salınmasının mənəvi və tarixi ağrılarını dolğun şəkildə əks etdirib. Bildirilib ki, kitabın üç dildə elektron formatda hazırlanması onun beynəlxalq auditoriyaya çıxış imkanlarını genişləndirir, Azərbaycan həqiqətlərinin xarici platformalarda yayılmasına və obyektiv beynəlxalq ictimai rəyin formalaşmasına xidmət edir. Bu da müasir informasiya müharibəsi şəraitində mədəniyyət və ədəbiyyatın strateji rolunu bir daha nümayiş etdirir.
Tədbirdə kitabın müəllifi, yazıçı Varis də çıxış edərək "İrəvanda xal qalmadı" əsərinin ərsəyə gəlmə səbəbləri, ideya qaynaqları və əsas məqsədi barədə ətraflı məlumat verib. O bildirib ki, kitab İrəvan xanlığının Rus imperiyası tərəfindən işğalı mövzusunu əsas götürərək Qərbi Azərbaycandan deportasiya olunmuş azərbaycanlıların taleyinə, itirilmiş yurd yerlərinə və tarixi yaddaşın bərpası zərurətinə həsr olunub. Yazıçı vurğulayıb ki, əsərin yazılmasında əsas niyyət tarixi faktları bədii-publisistik üslubda təqdim etməklə milli yaddaşı diri saxlamaq və bu həqiqətləri gələcək nəsillərə ötürməkdir. Varis qeyd edib ki, "İrəvanda xal qalmadı" təkcə keçmişin təsviri deyil, eyni zamanda Azərbaycan xalqının haqlı tarixi mövqeyinin ədəbi ifadəsidir. Müəllif layihəyə meydan açan Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinə təşəkkürünü bildirib.
Qeyd edək ki, sənədli romanın məsləhətçisi AMEA Tarix və Etnoqrafiya İnstitutunun "Qərbi Azərbaycan tarixi" şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru Cəbi Bəhramov, redaktorları Əkbər Qoşalı və İntiqam Yaşardır.
Tədbirin yekununda kitabın müəllifi tərəfindən iştirakçılara "İrəvanda xal qalmadı" kitabının imzalanmış nüsxələri təqdim olunub və xatirə şəkilləri çəkdirilib.
"Ədəbiyyat və incəsənət"
(17.01.2026)


