100 illiyi qeyd edilən Mədinə Gülgün Gənclər Kitabxanasında anılıb Featured

Könül, “Ədəbiyyat və incəsənət”

 

Poeziyası başdan-başa intizar notları ilə pərçimlənmiş, ömrü boyu bir gün bu intizarının bitəcəyi ümidi ilə yaşamış şair Mədinə Gülgün. O, 17 yanvar 1926-cı ildə Bakıda əslən Cənubi Azərbaycandan olan dəmiryol işçisinin ailəsində dünyaya gəlib. Bu gün şairin 100 illiyidir.

 

Həsrət ağrısını, vüsal qəmini 

Ayrılıq oduna yananlar bilər. 

Dənizdə qərq olan tənha gəminin 

Tənha fəryadını ümmanlar bilər. 

 

Mənə söyləməyin, az alışıb-yan, 

İnanın daşı da ağladar hicran. 

Dağların ahıdır o çən, o duman, 

Dağların dərdini dumanlar bilər. 

 

Məni sorğulara tutma sən əbəs, 

Arzumu qəlbimdə, baxışımda gəz. 

Könlümü hər naşı oxuya bilməz, 

Onu dünyagörmüş insanlar bilər.

 

Respublika Gənclər Kitabxanasında Əməkdar incəsənət xadimi Mədinə Gülgünün 100 illiyi münasibətilə elektron məlumat bazası hazırlanıb.

Bazada Mədinə Gülgünün həyat və fəaliyyətinin əsas məqamları, bir sıra görkəmli şəxslərin onun haqqında söylədikləri dəyərli fikirlər, layiq görüldüyü mükafatlar barədə məlumatlar verilir. Həmçinin məlumat bazasında şairə xanımın müəllifi olduğu, tərcümə və redaktə kitablar, Mədinə Gülgün haqqında qələmə alınan nəşrlər və dövrü mətbuat nümunələri yer alır. Kitabxana əməkdaşları tərəfindən hazırlanan bazada  “Xəzan tanımayan həyat”, “Milli poeziyamızın Mədinə Gülgün zirvəsi”, “Vətənə bənd Mədinə Gülgün”, “Balaşın Mədinəsi” kimi məqalələrin tam mətni təqdim edilir.

Məlumat bazasında “İzomateriallar”, “Notlar”, “Şeirlərinə yazılmış mahnılar” “Foto və videoqalereya” kimi bölmələr də nümayiş olunur.

Elektron məlumat bazası kitabxananın rəsmi saytında yerləşdirilib.

 

“Ədəbiyyat və incəsənət”

(17.01.2026)

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.