Super User

Super User

Könül Əliyeva,

“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi

 

Azərbaycan ədəbiyyatına ağır itki üz verib.

Ömrünü- gününü ədəbiyyata həsr etmiş, Sumqayıtda yaşayıb- yaratmış, Sumqayıt ədəbi mühitinin yaranmasında və inkişafında böyük xidməti olmuş ustad şair, Prezidentin fərdi təqaüdçüsü, Əməkdar mədəniyyət işçisi Əşrəf Veysəlli bu gün – 5 iyun 2026-cı il tarixində, səhər saatlarında “Sumqayıt Hospital”nda dünyasını dəyişib.

 

Əslən Füzuli rayonundan olan ustad şair bu dünyada 88 il ömür sürdü, Füzulinin azad olunduğu günü görməyi arzulayırdı, nə yaxşı ki o günü görə bildi, məhbus Füzuli barədə yazdığı silsilənin ardınca azad Füzuli barədə şeirlər yazmağa macal tapdı.

Məşhur “Qorxusu yoxdur” şeirində deyirdi ki,“Doxsana yetməyin özü qorxudur, Yüzdən o tərəfə qorxusu yoxdur”. Əfsus ki, doxsanın cəmi iki addımlığında yolu qırıldı.

 

QORXUSU YOXDUR

Altmışım arxada qalıb haçandır,
Haçandır gözümün yuxusu yoxdur.
Yaşın çətinliyi altmışacandır,
Altmışdan o yana qorxusu yoxdur.

Günlər qanadlanıb uçur, quş olur,
İllərin karvanı ötüşmüş olur.
Ömür yetmişində yetişmiş olur,
Yetmişdən o yana qorxusu yoxdur.

Elə ki təklənir, təklənir insan,
Dərdi batman-batman yüklənir insan.
Deyirlər: Səksəndə səksənir insan,
Səksəndən o yana qorxusu yoxdur.

Yoxuşun sərtliyi dizi qorxudur,
Baxışın sərtliyi gözu qorxudur.
Doxsana yetməyin özü qorxudur,
Yüzdən o tərəfə qorxusu yoxdur.

Hər gün əsəb, təzyiq, qan qorxusudur,
Ürək ağrısıdır, can qorxusudur...
Bizik bu dünyanın ən qorxulusu,
Bizdən o tərəfə qorxusu yoxdur.

 

“Ədəbiyyat və incəsənət” portalına AYB Sumqayıt bölməsindən verilən məlumata görə, şairlə vida mərasimi sabah – iyunun 6-sı saat 11.30- da Sumqayıt Poeziya Evində keçiriləcəkdir.

Allah rəhmət eləsin!

 

“Ədəbiyyat və incəsənət”

(05.06.2026)

Cümə, 05 İyun 2026 11:35

O, artıq bir xəyaldır..

 

 

Aytən Ağasıyeva,

“Ədəbiyyat və incəsənət”

 

Hər kəs ömründə bir dəfə də olsa xəyal edib bütün varlığı ilə o (istədiyi) anda olub..

Bəzi xəyallar bizi keçmişə qonaq apararkən, bəziləri gələcəyə səsləyir. Mən də gələcəyi onsuz da yaşayacam deyib, daha çox keçmişi axtaranlardanam.

 

Bu gün yanımızda olub, nəfəsini hiss etdiyimiz insanlar başqa gün bizdən uzaqlarda bir xəyal olur. Bəziləri isə bunu sadəcə itirəndən sonra fərqinə varır..

Xəyalla yaşamaq mümkünmü görəsən? Mümkündü..

Çünki Xəyal yaşanmışlara və geri qaytarılması mümkün olmayanlara duyulan özləm, ola bilərlərə, bəlkələrə tutunan təsəllidir bəzən..

“Kaş ananı geri qatara biləydim ama nə edim əlimdən gəlmir..” – heç gözləmədiyim anda eşitdiyim sözlər gözlərimi doldursa da ağlamadım..

Bu sözlər xəyal ilə gerçəkliyi ayırırdı.. O artıq bir xəyal idi!

Bəzən birinin ağzından çıxan kəlmələr səni sarıb sarmalar, bəzən də səni özündən ayırıb uzaqlara aparar..

Bir anlıq dediklərini düşündüm, əgər istədiyimiz hər şeyi edə bilsəydik heç kimin xəyalı olmazdı..

Bəzən də deyilir ki, xəyal et ki gerçək olsun..

Xəyal və gerçəklik bir düşüncə deyilmi?

Bəs düşüncəni fərqinə varan şeyi düşüncədən ayıran şey nədir?

Hər kəs dünyaya gələrkən bir istiqamətdə bilet alıb, geri dönüşü olmayan. Sərnişinlər həyatlarını gələcək keçmiş deyə  ayırıblar, varlıqlarına bədən və zehin deyə baxırlar.

Əgər bu cür ayrımlar olmasa özlərinin var olduqlarını anlaya bilmirlər.

Gəlin Duality- ikilikdən Non-Duality-təkliyə doğru səyahətimizə baxaq..

Atomaltı zərrəciklərə doğru irəlilədikcə həyatda bədən, cisim, maddə olmadığını görürük. Bizim danışdığımız, ayırdığımız, bədən, düşüncə, zehin, sən, mən- ümumiyətlə varlıq yoxdur, sadəcə yoxluq var.

Sanki hər kəs bir zoom toplantısına qatılıb, sən düşünürsən ki səkkiz-on nəfərlə söhbət edirsən, ama əlini ekrana vurduqda səkkiz-on nəfər orda deyil, sənin toxunduğun sadəcə ekrandır.

Bəlkə də həyat bizlər üçün var olmayan bir xəyaldır. Ya da sonda hər kəs var olmayan bir xəyalın fərqinə varır.

Bəs fərqinə varan kim olur görəsən ? Ortada varlığın yoxdursa olmadığını necə fərqinə varırsan?

Düşünürəm ki varlıq dediyimiz hər şey kəlmələrlə, sözlərlə bütünləşmə (təklik) dir.

Çünki sözlərlə, kəlmələrlə var olma halında qala bilirik. Sözlər, kəlmələr necə də təntənəli, necə də sirrlidir!

 

“Ədəbiyyat və incəsənət”

(05.07.2026)

 

 "Ulduz" jurnalının şöbə redaktoru, yazıçı-publisist Hicran Hüseynova ağır xəstəlikdən sonra vəfat edib. “Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, bu barədə jurnalın feysbuk hesabında məlumat paylaşılıb. 

Qeyd edək ki, Hicran Hüseynova uzun müddət idi ki, xərçəngdən müalicə alırdı.

“Ulduzlar sönür, ya yox -- bilmirəm. Sən bizim sönməyən "Ulduz"umuzsan! İşığını innən belə də əsirgəmə..." --  baş redaktor Qulu Ağsəs mərhum  iş yoldaşı haqqında bunları yazıb. 

 

Bir gün bu gün də öləcək,

başqa ölən günlər kimi.

Ürəyini sıxma belə -

bütün doğulanlar ölür.

 

Bu misralar isə Hicran Hüseynovanın "Nikbin şeir"indəndir…

 

“Ədəbiyyat və incəsənət”

(05.06.2026)

 

 

“ASAN xidmət” və IDEA İctimai Birliyinin təşkilatçılığı ilə  1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə əlaqədar “ASAN Məktub – Yaz Düşərgəsi 2” layihəsi baş tutub. Layihə Gənclər və İdman Nazirliyinin dəstəyi ilə reallaşıb. 

“Ədəbiyyat və incəsənət” portalına ASAN-dan verilən məlumata görə, əsas məqsəd uşaqların sosial, kommunikativ və yaradıcılıq potensialının inkişafına töhfə vermək, onların asudə vaxtlarının faydalı və interaktiv şəkildə təşkilini təmin etmək, eyni zamanda komanda işi və özünüifadə bacarıqlarının genişləndirilməsinə dəstək olmaq olub.

Düşərgəyə 1, 2 və 3 saylı uşaq evi sosial xidmət müəssisələrindən 8–14 yaş aralığında olan 50 uşaq cəlb olunub.

Dörd gün davam edən düşərgə proqramı çərçivəsində uşaqlar üçün sosial və fərdi bacarıqların inkişafına yönəlmiş təlimlər, ustad dərsləri, intellektual və interaktiv oyunlar, idman yarışları, yaradıcı və ekoloji fəaliyyətlər, tamaşalar və nağıl saatları təşkil edilib. 

Uşaqlara kitablar, məktəb ləvazimatları, məktəb formaları və digər hədiyyələr də təqdim olunub. 

Fəaliyyətə başladığı gündən “ASAN Məktub” 10 700 – dən çox uşağın arzusunu gerçəkləşdirib. Məqsəd 3–14 yaş aralığında sosial qayğıya ehtiyacı olan uşaqların arzularını reallaşdırmaq və onların sevincinə töhfə verməkdir.

 

“Ədəbiyyat və incəsənət”

(05.06.2026)

 

Azərbaycan Dövlət Uşaq Filarmoniyası və Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının birgə təşkilatçılığı ilə keçirilən “Uşaq dünyası” I Beynəlxalq Musiqi Festivalı yekunlaşıb.

 

“Ədəbiyyat və incəsənət” portalı AzərTAC-a istinadən xəbər verir ki, festival çərçivəsində müxtəlif musiqi janrlarını əhatə edən konsert proqramları - klassik musiqi axşamı, estrada caz konserti, “Retro dalğası”, Uşaq Xor Kapellası, qiraət və teatr təqdimatları, sərgilər təşkil olunub.

Festivalda Azərbaycanın müxtəlif bölgələrindən - Xankəndi, Şəki və Zaqatalanı təmsil edən gənc ifaçılar, Ukrayna, Qazaxıstan, Rusiyadan gələn iştirakçılar, xüsusi qayğıya ehtiyacı olan uşaqlar iştirak ediblər. O cümlədən Mədəniyyət Nazirliyi, Elm və Təhsil Nazirliyi və Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilən “Uşaq İncəsənət Festivalı – 2025”in qalibləri də çıxışları ilə festivala rəng qatıblar.

Səidə Tağı-zadə, Cavad Tağızadə, Kamilla Sədirxanova, Afaq Aşumova və Məryəm Yusifova kimi tanınmış musiqiçilər gənc istedadlarla eyni səhnəni bölüşərək onlara yaradıcılıq dəstəyi göstəriblər.

Festivalın bağlanış konsertində Xalq artisti Ağaverdi Paşayev və Əməkdar artist İlahə Hüseynovanın rəhbərliyi ilə Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestri və Azərbaycan Dövlət Uşaq Filarmoniyasının Uşaq-Gənclər Xalq Çalğı Alətləri Orkestrinin birgə heyəti çıxış edib.

Konsert proqramında Üzeyir Hacıbəylinin “Cəngi”, Süleyman Ələsgərovun “Tarantella”, Fikrət Əmirovun “Kor Ərəbin mahnısı”, “Min bir gecə” baletindən “Şəhrizadın bayramı”, Arif Məlikovun 1 nömrəli süitası, Həsən Rzayevin “Çahargah” rapsodiyası və digər dəyərli musiqi nümunələri təqdim olunub.

Həmçinin xanəndələrin iştirakı ilə “Heyratı” və “Qarabağ şikəstəsi” zərbi muğamları, saz, tar, kamança, balaban, violin və nağara ifaları səsləndirilib.

Azərbaycan Dövlət Uşaq Filarmoniyasının nəzdində yeni fəaliyyətə başlayan Nağaraçılar Ansamblının çıxışı da olub. Ansamblın bədii rəhbəri Mahmud Salah, dirijor isə Nisə Salah-Abbasovadır.

“Uşaq dünyası” I Beynəlxalq Musiqi Festivalı uşaqların və yeniyetmələrin yaradıcılıq imkanlarının inkişaf etdirilməsi, onların milli-mənəvi dəyərlər ruhunda yetişdirilməsi və böyük səhnəyə çıxarılması ölkəmizin mədəni həyatında mühüm əhəmiyyət daşıyır. Festival gənc istedadların öz bacarıqlarını nümayiş etdirməsi, yeni dostluq və yaradıcılıq əlaqələri qurması üçün geniş imkanlar yaradıb.

Sonda Azərbaycan Dövlət Uşaq Filarmoniyasının direktoru, pianoçu Səidə Tağı-zadə bütün iştirakçılara, müəllimlərə və layihədə əməyi keçən şəxslərə sertifikat və təşəkkürnamələr təqdim edib.

 

“Ədəbiyyat və incəsənət”

(05.06.2026)

 

 

Qərbi Azərbaycan İcmasının Qadınlar Şurasının “Ortaq türk mirası: Qərbi Azərbaycanın və Qars bölgəsinin milli geyim mədəniyyəti” layihəsi çərçivəsində Türkiyənin paytaxtı Ankara şəhərində bir sıra tədbirlər təşkil olunub.

 

“Ədəbiyyat və incəsənət” portalı AzərTAC-a istinadən xəbər verir ki, tədbirlərdə Qərbi Azərbaycan İcmasının Qadınlar Şurasının sədri, millət vəkili, layihənin və nümayəndə heyətinin rəhbəri Məlahət İbrahimqızı, Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin üzvü, Azərbaycan Dövlət Pedaqoji Universitetinin prorektoru, professor Mahirə Hüseynova, Qadınlar Şurasının üzvü, beynəlxalq əlaqələr üzrə koordinator, millət vəkili Tənzilə Rüstəmxanlı, Milli Məclisdə Qərbi Azərbaycana Qayıdış üzrə Təşəbbüs Qrupunun üzvü, millət vəkili Səbinə Salmanova, Qadınlar Şurasının sədr müavini, Azərbaycan Dövlət Pedaqoji Universitetinin dekanı, dosent Könül Həsənova, Qərbi Azərbaycan İcmasının Ziyalılar Şurasının üzvü, Azərbaycan Dillər Universitetinin kafedra müdiri və Qərbi Azərbaycan Araşdırmaları Mərkəzinin rəhbəri, dosent Həqiqət Hacıyeva, Bakı Dövlət Universitetinin dosenti, Qadınlar Şurasının üzvü Xatirə Mehdiyeva, Azərbaycan Milli Tarix Muzeyinin departament rəhbəri, milli geyim üzrə etnoqraf alim, dosent Gülzadə Abdulova və Qadınlar Şurasının üzvü Ülviyyə Allahverdiyeva iştirak ediblər.

Layihə çərçivəsində Ankara Universitetinin ev sahibliyi ilə Qərbi Azərbaycan İcmasının Qadınlar Şurası və universitetin Gözəl Sənətlər fakültəsinin birgə təşkilatçılığı ilə “Ortaq türk mirası: Qərbi Azərbaycanın və Qars bölgəsinin milli geyim mədəniyyəti” mövzusunda elmi konfrans keçirilib. Eyni zamanda, Qərbi azərbaycanlıların, xüsusilə İrəvan Xan Sarayının milli geyim mədəniyyətinə aid nümunələrdən ibarət sərgi təşkil olunub. Tədbir iştirakçılarına Qərbi Azərbaycan mətbəxinin zəngin nümunələrindən ibarət furşet də təqdim edilib.

Qeyd olunub ki, Qərbi Azərbaycanın milli geyim və qeyri-maddi mədəni irsinə həsr edilmiş belə bir tədbir ilk dəfə olaraq Azərbaycan hüdudlarından kənarda təşkil edilir. Layihənin əsas məqsədi əsrlər boyu Qərbi Azərbaycanda yaşamış Azərbaycan türklərinin yaratdıqları zəngin mədəni irsin təbliği, qorunması və beynəlxalq ictimaiyyətə çatdırılmasıdır. Bununla yanaşı, tədbir vasitəsilə ümumtürk mədəni irsinin ayrılmaz hissəsi olan Qərbi Azərbaycan mədəniyyətinin Türkiyə ictimaiyyətinə və beynəlxalq auditoriyaya təqdim edilməsi hədəflənib.

Konfrans zamanı Qərbi Azərbaycan həqiqətləri, azərbaycanlıların tarixi torpaqlarından deportasiyalara məruz qalması və bölgədə Azərbaycan xalqına məxsus tarixi-mədəni irsin məhv edilməsi faktlarına da diqqət çəkilib. Bildirilib ki, XX əsrdə Qərbi Azərbaycanda yaşayan Azərbaycan türkləri müxtəlif mərhələlərdə deportasiya və etnik təmizləmə siyasətinə məruz qalıb, nəticədə yüz minlərlə insan doğma yurdlarından didərgin salınıb. Xüsusilə 1987–1991-ci illərdə baş vermiş son deportasiya zamanı 22 rayon və 300-ə yaxın kənddə yaşayan təxminən 300 min azərbaycanlı öz tarixi torpaqlarından qovulub.

Tədbirdə vurğulanıb ki, Qərbi Azərbaycanda Azərbaycan xalqına məxsus maddi və qeyri-maddi mədəni irsin qorunması məsələsi beynəlxalq təşkilatların, o cümlədən UNESCO-nun diqqət mərkəzində olmalıdır.

Çıxışlarda qeyd olunub ki, 2022-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü ilə yaradılmış Qərbi Azərbaycan İcması Qayıdış Konsepsiyasında müəyyən edilmiş prinsiplərə uyğun olaraq, Qərbi azərbaycanlıların öz doğma yurdlarına sülh yolu ilə, ləyaqətli şəkildə və beynəlxalq hüquq çərçivəsində qayıdış hüququnun təmin olunması istiqamətində fəaliyyət göstərir. Bu məqsədlə son illər ərzində beynəlxalq müstəvidə mühüm təşəbbüslər həyata keçirilib.

Bildirilib ki, Ankarada keçirilən tədbirlər də mədəniyyət diplomatiyasının mühüm nümunəsi olmaqla Qərbi Azərbaycan həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılmasına xidmət edir. Eyni zamanda, vurğulanıb ki, Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın mədəniyyət diplomatiyası sahəsində fəaliyyəti Qarabağ həqiqətlərinin və Xocalı soyqırımının beynəlxalq aləmdə tanıdılmasında mühüm rol oynayıb. Bu istiqamətdə formalaşmış təcrübənin Qərbi Azərbaycana qayıdış ideyasının beynəlxalq səviyyədə təşviqinə də mühüm töhfələr verəcəyi qeyd edilib.

 

“Ədəbiyyat və incəsənət”

(05.06.2026)

 

 

Kanadanın Ontario əyalətinin Niaqara Fols şəhərində 28 May – Müstəqillik Günü münasibətilə Azərbaycanın Dövlət Bayrağı ucaldılıb. Kanada Azərbaycan Evinin təşkilatçılığı ilə baş tutan tədbirdə Toronto, Hamilton, Kembric və ətraf bölgələrdə yaşayan soydaşlarımız iştirak edib.

 

“Ədəbiyyat və incəsənət” portalına Diasporla İş üzrə Dövlət Komitəsindən verilən məlumata görə, Azərbaycan Evinin rəhbəri Lalin Həsənova Niaqara Folsda Azərbaycan bayrağının ucaldılmasının qürurverici hadisə olduğunu söyləyib. O, bu təşəbbüsə göstərilən dəstəyə görə şəhərin bələdiyyə başçısı Jim Diodatiyə, eləcə də Şəhər Şurasının üzvləri Mona Patel və Ruz Ən Niyuvesteqə (Ruth Ann Nieuwesteeg) təşəkkürünü ifadə edib.

Daha sonra üçrəngli bayrağımız havaya qaldırılıb.

Soydaşlarımız belə əlamətdar tədbirdə bir araya gəlməkdən məmnun olduqlarını bildiriblər. Azərbaycanın Müstəqillik Gününün xaricdə qeyd olunmasının milli dəyərlərimizin təbliği və həmrəyliyin möhkəmləndirilməsi baxımından böyük əhəmiyyət daşıdığını vurğulayıblar.

 

“Ədəbiyyat və incəsənət”

(05.06.2026)

 

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) M.Ş.Vazeh adına Mərkəzi Kitabxanasından “Ədəbiyyat və incəsənət” portalına verilən məlumata görə, Kitabxanada “Azərbaycan Mədəniyyəti – 2040” Mədəniyyət Konsepsiyasının icrası ilə əlaqədar həyata keçirilən “Kitablar səltənətinin inciləri” adlı mütaliə silsiləsindən izləyicilərə yazıçı, dramaturq, milli romantik şeirin və mənzum faciənin banisi, Azərbaycan ədəbiyyatında romantizmin əsasını qoyan Hüseyn Cavidin “Şeyx Sənan” əsərindən bir parça təqdim edilir.

 

Onun “Peyğəmbər”, “Topal Teymur”, “Səyavuş”, “Xəyyam”, “Knyaz”, “Şeyx Sənan” və bu kimi əsərləri Dövlət varidatı elan olunmuşdur.

 

Bən otuz yıl cihanda zahidvar,

Bilmədim qız-qadın nədir zinhar.

Nə qadar bəndə varsa hissü həyat,

Ehtirasatə düşmənim...  heyhat!

Bana biganə, zevqi-nəfsani,

Sevdiyim yalnız eşqi-ruhani...

Daha könlümdə qeyri eşqə, inan

Yer bulunmaz, xayır... xayır...

 

“Kitablar səltənətinin inciləri” tədbirlər çərçivəsində oxucu və izləyicilərə təqdim olunan Hüseyn Cavidin “Şeyx Sənan” əsərində Sufi şeyxi Sənanın gürcü qızına duyduğu eşq təsvir edilir.  Şair xristian olan gürcü qızı Xumarı yuxusunda görmüş və onunla həyatda rastlaşmışdı. Bu eşqə görə dinindən, əqidəsindən, məqsədindən, yoldaşlarından üz döndərir. Xumar da ölüm ayağındaykən anasına içdiyi andı pozur. O, anasına söz vermişdi ki, ərə getməyəcək, monastırda yerləşəcək. Xumara olan eşqinə görə şərab içir, sinəsinə xaç asır, iki il qızın atasının şərtilə donuz otarır. Və bir gün anlayır ki, Xumarın atası Platon heç də qızını bir müsəlmana vermək istəmir. Sənan çıxıb gedir, Xumar da onun ardınca gedir. Amma...

Yazıçı Şahzadə İldırım hazırladığı videoçarxda “Şeyx Sənan” əsərindən bir parça səsləndirir və oxuculara oxumağı tövsiyə edir. Görkəmli Azərbaycan bəstəkarı, Xalq artisti Fikrət Əmirovun dahi şair Hüseyn Cavidin “Şeyx Sənan” əsərinə bəstələdiyi məşhur “Kor ərəbin mahnısı” da Məmmədəli Əliyevin ifasında videoçarxda yer alır.

Videoçarx kitabxananın YouTube kanalında verilib:

https://www.youtube.com/watch?v=7OwIWjTS8X4&t=11s

 

“Ədəbiyyat və incəsənət”

(05.06.2026)

Cümə, 05 İyun 2026 18:11

Dumanlı Albionda Yusuf Güney rüzgarı

Könül Əliyeva,

“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi

 

 

Qardaş ölkədə - Türkiyədə musiqi olimpinə yüksəlmək çox çətindir. Orada bayağı musiqi təbliğ edilməz, bozbaşlar reytinq yığıb milyon baxış əldə etməz. Tələbkar mühit var. Və bu mühitdə kimlər parlaya bilirsə, demək, əsl sənətçilərdir.

 

Türkiyə pop ifaçısı və bəstəkarı Yusuf Güney həmin o diqqətçəkən ifaçılar sırasındadır. Özü də, yeni dalğa ifaçılarındandır, bu gün 42 yaşı tamam olur.

Yusuf “Bir Sevda Masalı” mahnısı ilə sevildi və populyarlıq qazandı. Ölkəmizdə də onun heyranları az deyil. Əminəm ki, Bakıda solo konsert versə Konqress Mərkəzini doldura bilər.

 

Yusuf Güney5 iyun 1984cü ildə Trabzonda dünyaya göz açmışdır. Müxtəlif illərdə yazdığı və oxuduğu mahnılarla ən müxtəlif pley-listlərdə yer almış, çəkdirdiyi kliplərin süjetliliyi və zövq oxşaması ilə bir ayrı məşhurluq qazanmışdır.

 

Diskoqrafiya

Albomları

 

Bir Sevda Masalı 

Aşka İnat 

Kader Rüzgarı 

Sevgi Arsızı 

Hazin 

 

Duetləri

 

Aşk-ı Virane (Rafet El Roman ilə)

Aşka İnat (Rafet El Roman ve Eren Atsoy ilə)

Değilsin (Şeyma Erdoğan ilə)

Kendine İyi Bak (Semra San ilə)

 

Vidyo klipləri

 

Heder Oldum Aşkına

Aşkım Aşklarından Bulasın

Git Bedenim Buralardan

Aşka İnat

Serserin Oldum

Unut Onu Kalbim

İki Romantik Deli

Kader Rüzgarı

Bunalım

Ördü Kader Ağlarını

Melekler Seni Bana Yazmış

Hazin.

 

Yusuf hazırda Londonda yaşayır. 2008-ci ildə Rafet el Romanla birgə oxuduqları Aşk-ı Virane mahnısı 16 həftə türk çartlarında nömrə bir olmuş, rekord qırmışdır. Düzdür, bundan sonrakı illərdə müğənni bənzər uğur qazana bilməmişdir. Olsun ki, İstanbuldan getməsi də burada müəyyən rol oynamışdır. Amma onun fitri istedadı deyir ki, o yenidən Olimpə qayıdacaq.

 

“Ədəbiyyat və incəsənət”

(05.06.2026)

 

Nigar Xanəliyeva, “Ədəbiyyat və incəsənət”

 

Türk Mədəniyyəti və İrsi Fondu ilə “Ədəbiyyat və incəsənət” portalının birgə layihəsində türk dünyasının qürur və iftixar rəmzi sayılan “Divanü lüğət-it Türk” barədə danışacağıq.

 

Mahmud Kaşğarinin XI əsrdə ərsəyə gətirdiyi “Divanü lüğət- it Türk” əsəri türk dilinin ilk sistemli lüğəti olmaqla yanaşı, eyni zamanda türk xalqlarının mədəni, sosial və etnoqrafik həyatını əks etdirən qiymətli mənbədir. Bu əsər sadəcə leksik vahidlərin izahı ilə kifayətlənməyib, onların hansı türk boylarına məxsus olduğunu, hansı bölgələrdə istifadə edildiyini, müəyyən sözlərin fonunda həyat tərzi, inanc sistemi, adət-ənənələr, qida mədəniyyəti və sosial münasibətləri də geniş şəkildə təqdim edir.

Araşdırmamızda əsas məqsəd “Divanü lüğət- it Türk” əsəri əsasında türk xalqlarının dil və etnoqrafik xüsusiyyətlərini ortaya çıxarmaq, dövrün ictimai-mədəni mənzərəsini bu əsərin dili vasitəsilə şərh etməkdir.

1. Mahmud Kaşğari və əsərin məqsədi

 Mahmud Kaşğari “Divanü lüğət- it Türk” əsərini Bağdadda ərəb dilində qələmə almış və bu əsəri əsasən Abbasi sarayında türklərə qarşı formalaşmış yanlış təsəvvürləri aradan qaldırmaq məqsədilə hazırlamışdır. O, türk dilini ərəb dilinə bərabər səviyyədə təqdim etməyə çalışmış, türklərin zəngin dil və mədəni irsə malik olduqlarını sübuta yetirmişdir.

2. Türk dillərinin təsnifatı və dialekt fərqləri

 Əsərdə oğuz, qıpçaq, qarluq, çiğil, yağma, uyğur, peçenək kimi müxtəlif türk boylarına aid sözlər verilir. Mahmud Kaşğari bəzi sözlərin hansı tayfada necə tələffüz edildiyini, sinonim və dialektal fərqlərini qeyd edir. Bu fakt əsərin sadəcə bir lüğət deyil, ilk dialektoloji mənbə olduğunu göstərir. Məsələn:

  • “Sub” (su) – bəzi bölgələrdə “suv”
  • “Yaylaq” – bəzi bölgələrdə “yazlıq”

Bu fərqlər türklər arasında regional dil fərqlərinin artıq formalaşdığını göstərir.

3. Etnoqrafik məlumatlar

Mahmud Kaşğarinin təqdim etdiyi sözlər yalnız leksik mənada deyil, onların izahı zamanı verilən şərhlər, atalar sözləri və şeirlər etnoqrafik baxımdan da çox dəyərlidir. Aşağıda bu məlumatların əsas sahələr üzrə təsnifatını təqdim edirik:

a) Geyim və məişət

  • “Ton” – xəz kürk
  • “Yağlıq” – baş örtüyü
  • “Çatma” – kəmər
    Bu sözlər türklərin iqlim şəraitinə uyğun geyim tərzlərini və gündəlik məişət avadanlıqlarını göstərir.

b) Qida və içki

  • “Et” – ət
  • “Yağ” – yağ
  • “Qımız” – at südündən hazırlanan içki
    Bu sözlər köçəri həyat tərzində ət və süd məhsullarının əsas qida olduğunu göstərir.

c) Silah və hərbi terminlər

  • “Kılınç” – qılınc
  • “Yay” – ox atan silah
  • “Nezek” – mizraq
    Bu terminlər türklərin döyüşkən və hərbi təşkilatlanmış toplum olduqlarını göstərir.

d) Sosial quruluş

  • “Beg” – tayfa başçısı
  • “İl” – dövlət
  • “Qan” – ali rəhbər
    Bu anlayışlar türk tayfa sistemində mövcud olan sosial iyerarxiyanı və dövlət quruculuğunu əks etdirir.

e) Dini və inanc sistemi

  • “Tengri” – Tanrı
  • “Qut” – ilahi bəxşiş, müqəddəs güc
  • “Yalavaç” – peyğəmbər
    Bu sözlər göstərir ki, türklər hələ İslamdan öncə təbiətə bağlı inanclar sisteminə (tengrizm və şamanizm) malik olublar.

4. Folklor və mədəniyyət

Əsərdə yüzlərlə atalar sözü və şeirlər də təqdim olunur ki, bunlar da xalq hikmətini, həyat tərzini və dünyagörüşünü əks etdirir. Məsələn:

  • “Yigidi ata tərbiyə edər.” – Sosial tərbiyənin ailə və ata rolunu vurğulayan atalar sözüdür.

Bu nümunələr türk xalqlarının şifahi mədəniyyətinə dair dəyərli məlumatlar təqdim edir.

 Mahmud Kaşğarinin “Divanü lüğət- it Türk” əsəri yalnız türk dillərinin ilk sistemli lüğəti deyil, həm də geniş miqyaslı etnoqrafik qaynaqdır. Əsərdə verilmiş sözlər və onların izahları vasitəsilə XI əsr türk toplumlarının dil, mədəniyyət, adət-ənənə, dini inanclar və sosial həyatları barədə ətraflı məlumat əldə etmək mümkündür. Bu baxımdan əsər həm dilçilik, həm də antropologiya və etnologiya sahələri üçün əvəzolunmaz bir mənbədir.

 Araşdırmanın nəticəsi olaraq demək olar ki, “Divanü lüğət- it Türk” əsəri türk xalqlarının mədəni kimliyini, dil zənginliyini və ictimai-mədəni həyatını öyrənmək üçün əsaslı və çoxşaxəli bir qaynaq kimi dəyərləndirilməlidir.

 

“Ədəbiyyat və incəsənət”

(04.06.2026)

                                                                            

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.