
Super User
BİRİ İKİSİNDƏ – Qulu Ağsəsin Hidayət Orucovla “ayrı söhbət”i
“Ədəbiyyat və incəsənət” portalının “Ulduz” jurnalı ilə birgə BİRİ İKİSİNDƏ layihəsində bu gün sizlərə başqa bir layihə - “Ulduz” jurnalı” ilə Xalq Qəzeti TV-nin “birgə layihəsi təqdim edilir. Layihədə Qulu Ağsəsin Hidayət Orucovla “ayrı söhbət”i yer alır.
– Salam, əziz dostlar, efirdə Xalq Qəzeti TV, studiyada Qulu Ağsəsdir. “Ayrı söhbət” proqramı “Xalq qəzeti”nin baş redaktoru Əflatun Amaşovla birgə səyimiz nəticəsində ərsəyə gəlir. Bizim verilişimiz – qəzet və jurnalın layihəsi Xalq Qəzeti TV-də yayımlanacaq, “Xalq qəzeti”ndə və “Ulduz” jurnalında isə söhbətin mətni çap olunacaq. İlk qonağımız şair, yazıçı, dramaturq, publisist, ictimai xadim, hamımızın sevimlisi, təqdimata ehtiyacı olmayan Hidayət Orucovdur.
– Hidayət müəllim, xoş gəlmisiniz! Biz Əflatun müəllimlə bu layihə haqqında danışanda təxmini siyahını nəzərdən keçirdik. İlk nömrədə sizi seçdik, ona görə ki, Hidayət Orucov ələ düşməyən adamdır. O efirləri sevmir və biz onu, adətən, kamera qarşısında görmürük. Baxmayaraq ki, 1968-ci ildə 24 yaşında cavan bir oğlan böyük bir teatrın rəhbəri olub və o vaxtdan da məsul vəzifələrdə işləyib. Bugünə qədər də heç bir qalmaqalda, o cümlədən məmura xas olan korrupsiyada, kimisə haqsız işdən çıxarmada və s. adı hallanmayıb. Bu təmizliyi, paklığı vəzifə adamı olaraq necə qorumusunuz? Şair, yazıçı, publisist, tərcüməçi kimi qorumağınız bəllidir. Bəs məmur olaraq necə oldu ki, siz bütün bu intriqalardan uzaq qaldınız?
– Təşəkkür edirəm mənim fəaliyyətimlə bağlı yüksək fikirləriniz üçün. Mən bu suala qısa cavab vermək istəyirəm. Birincisi, bu bizim ailəmizdən gələn ənənədir, həmdə mən Qərbi Azərbaycanda doğulmuşam, orda böyümüşəm, bizim ailəmiz orada yaşayıb. Mənim babam, nənəm, anam hələ 1918-ci ildə qaçqın düşüblər. Qonşu rayona – Zəngilana pənah aparıblar. Ermənistan sovetləşəndən sonra qayıtmaq imkanları olub və yenidən Zəngəzura – bizim doğma kəndimiz Maralzəmiyə qayıdıblar. Anam o vaxt 13 yaşındaymış. Sonralar uşaqlığındakı yaddaşından silinməyən acı xatirələri bizə danışardı. Bir sözünü heç unutmuram.
“Sovet hökumətinin bayrağı bir az aşağı düşən kimi erməninin yumruğu yenə bizim başımızdadır”. 1988-ci ildə məhz belə oldu. Qorbaçovsayağı “yenidənqurma” (o vaxtların özündə də mən mətbuatda onu “yenidənqırma” adlandırmışam) dövlətin sütunlarını sarsıtdı, mənəviyyatsızlıq baş alıb getdi.Anam ikinci dəfə, bu dəfə ömrünün ağbirçək çağında didərgin düşdü. Çox təəssüf ki, anam 44 günlük mücadilənin dəmir yumruğunu görmədi. Əlbəttə, erməni təqibləri də mənim formalaşmağımda, həyatımda ciddi rol oynayıb.
İkincisi, dediyiniz kimi mən çox gənc yaşlarımda yüksək vəzifəyə təyin olunmuşam. Hələ 20 yaşında məktəb müdiri idim. O vaxt ailə vəziyyəti ilə bağlı Bakı Dövlət Universitetində qiyabi şöbəyə dəyişildim. 6 illik qiyabi təhsili 5 ilə bitirdim. Birinci kursu bitirdikdən sonra ikinci kursun imtahanlarını eksternin yolu ilə verdim. Üçüncü kursa əmrim verildi. O vaxtlar Azərbaycan Dövlət Universitetində əyani şöbə 5 il, qiyabi şöbə 6 il idi.
Sonra rayona getdim və məktəb müdiri oldum. 20 yaşında Sovet Ermənistanı qəzetinin ədəbi işçisi, 24 yaşım tamam olmamış isə Cəfər Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram teatrının direktoru təyin edildim. Məni sevməyənlər deyirdilər ki, onun pioner baş dəstə rəhbəri olmaq vaxtıdır, amma o böyük kollektivə, qədim teatra direktor təyin olundu. Görəsən, neçə həftə orada davam gətirə biləcək?
Amma o vaxt teatrda çox fədakar kollektiv yarada bildik. İncəsənət Universitetinin (o zaman institut adlanırdı) bir qrupu oraya göndərilmişdi. Ermənilər 1965-ci ildə – uydurma genosidin 50 illiyindən sonra daha da fəallaşmışdılar. Qərbi Azərbaycanda yaşayan soydaşlarımıza qarşı açıq mübarizə aparırdılar. Qardaş Türkiyəyə qarşı ağlasığmaz ittihamlar irəli sürürdülər. Amma Azərbaycan Teatrının tarixinə çox böyük səhifələr yazıldı.
Sizin sualınıza konkret cavab olaraq deyim ki, bu, bizim ailənin əxlaqı, cəmiyyətə münasibətindən irəli gəlir. İkinci isə –mən o vaxtdan indiyədək həmişə vəzifənin məsuliyyəti barədə düşünmüşəm, səlahiyyətləri barədə yox. Tutaq ki, mən dövlət teatrının direktoruyam, mənim məsuliyyətim nədir, hansı işləri görməliyəm? Nəşriyyatın baş redaktoruyam, ictimaiyyət, cəmiyyət məndən nə gözləyir? Yaxud, siyasi və ya diplomatik fəaliyyətdəyəm, yenə də həmin vəzifələrin məsuliyyəti haqqında düşünürəm. Bugün belə mən hər bir addımımda öz məsuliyyətim barədə düşünürəm.
– Bu görüş öncəsi sizin kitabınız haqqında yazdığım “Burdan min atlı keçdi” adlı essemi də oxudum. Maraqlı məlumatlarla yanaşı, fotoşəkillər də diqqətimi cəlb etdi. Mənə elə gəlir ki, siz indi cavanlaşırsınız. Həmişə ağsaqqal, müdrik olmusunuz. Bu, həddən artıq məsuliyyəti üzərinizə götürdüyünüz üçün, həmişə kostyumda, qalstukda, ciddi görünüşdə olduğunuz üçünmü bizə elə gəlib. Sanki, Hidayətin çoxdan 80 yaşı olub.
– Müxtəlif rəylər, fikirlər, yanaşmalar ola bilər. Dediyim kimi, mən keçdiyim yolların, daşıdığım vəzifələrin məsuliyyətini həmişə səlahiyyətlərimdən çox uca tutmuşam, yəni bununla bağlıdır. Həyatımda, yaşadığım illərdə yalnız Allahım hüzurunda və vicdanımın qarşısında hesabat vermişəm.
– 80 yaş və 41 kitab. Bu, çox böyük məsuliyyətdir. Dövlət vəzifəsində işləyib, öz şaxəli yaradıcılığınız, tərcümələrinizlə 2 ildən bir kitab çıxarmaq uzun gecələrin hesabına baş tutub?
– 41 kitab köhnə məlumatdır. Əslində indi ondan çoxdur. Bəli, zəhmətkeşlik mənim ailəmin, doğulduğum, böyüdüyüm bölgənin – Zəngəzurun ənənəsidir. Əgər mənim fəaliyyətimdə müsbət tərəflər varsa ailəmizə və Zəngəzurda gəncliyimdə gördüyüm köhnə kişilərə minnətdaram. Ancaq mən özümdən çox narazıyam. Məsələn, daha çox əsər, şeir, nəsr, publisist yazılar, esselər, pyeslər yaza bilərdim. Mən tutduğum vəzifələrdəki fəaliyyətimi şəxsi yaradıcılığıma görə məhdudlaşdırmamışam. Əksinə, bədii yaradıcılığımı tutduğum vəzifələrin qanunlarına görə müəyyən etmişəm.
– Sizin ilkin olmağınızın bir özəlliyi var. Siz 1967-ci ildə nəşr olunan və hazırda mənim çalışdığım “Ulduz” jurnalının 1 illiyi haqqında diplom işi yazmısınız. Biz istərdik onu təkrarən çap edək.
– Məmmuniyyətlə. O unudulmaz bir səhifədir həyatımda. Çünki mən Bakı Dövlət Universitetinin Azərbaycan ədəbiyyatı kafedrasından xahiş etmişdim ki, mənə Füzulidən, Nəsimidən, Mirzə Fətəli Axundovdan, Cəlil Məmmədquluzadədən diplom işi versinlər. Bu işləri koordinasiya edən müəllimdən dörd dahi fikir sahibi, yazıçı, yalnız Azərbaycan ədəbiyyatı deyil, Şərqdə, Qərbdə tanınan, sevilən sənətkarlar haqqında diplom işi verməyi xahiş etmişdim. Amma vəziyyət dəyişdi.
Böyük şairimiz Bəxtiyar Vahabzadə Bakı Dövlət Universitetinin professoru idi. İndi necədir – bilmirəm, o vaxt hər bir dosent, professorun dərs yükü vardı və o dərs yükünü çatdıra bilməmişdi. Beləliklə, kafedranın müdiri bizim böyük yazıçımız, mütəfəkkirimiz, fikir sahibimiz, alimimiz Mir Cəlal Paşayevdən xahiş etmişdi ki, ona bir iki nəfər yaxşı oxuyan diplomçu tələbə verilsin. Həmin tələbələrin diplom işi rəhbəri olsun və dərs yükünü yerinə yetirə bilsin.
1968-ci ilin may ayının əvvəlləri idi. Biz artıq sonuncu kursda idik, universiteti bitirirdik. Onu qeyd edim ki, mənim kafedradan xahiş etdiyim mövzular klassik ədəbiyyatdan, 20-ci əsr ədəbiyyatından idi. Bəxtiyar Vahabzadə isə Sovet dövrünün müəllimi idi və mövzusu bununla bağlı olmalı idi. Məni kafedraya çağırdılar. O vaxtlar Azərbaycan klassik ədəbiyyatı, sovet, xarici ədəbiyyat, ədəbiyyatşünaslıq və s. bir kafedrada – Azərbaycan ədəbiyyatı kafedrasında idi. İndiki Xalq Təsərrüfatı İnstitutunun binasında yerləşirdi. Bu kafedra əsas girişin ikinci mərtəbəsində idi.
Kafedraya daxil oldum və gözlədim. Mir Cəlal müəllim yer göstərdi, əyləşdim, geniş otaqda var-gəl edə-edə biraz fikirləşdi və məndən soruşdu ki, “Ulduz” jurnalı çap olunur, bilirsən? Dedim, əlbəttə. Dedi: “Hə, sən şairsən, diplom işinin mövzusu olsun “Ulduz” jurnalının poeziyası”. Jurnal o vaxtlar 1 il idi ki fəaliyyət göstərirdi. Mən jurnalın poeziyasını, nəsrini, tənqidini yenidən oxudum və “Ulduz” jurnalının 12 nömrəsindən ibarət diplom işi yazmalı oldum.
Əvvəla, onu deyim: müdafiədən öncə öz təşəbbüsümlə diplom işini “Ulduz” jurnalına təqdim etdim ki, oxusunlar. Məmməd Araz o vaxtlar “Ulduz”un məsul katibiydi, mənim işimin ilk baş rəyçisi oldu. Yüksək fikirlər dedi, onu da əlavə etdi ki, bizdə işi demək olar, hamı oxuyub. Bir məqam indiyədək gözlərimin önündədir: vərəqlərin kənarında neçə yerdə eyni məzmunlu qeydlər etmişdi: “Çox düzgün tutub” və bu qeydlərin demək olar ki, hamısı ayrı-ayrı müəlliflərin təngidinə aid idi.
“Ulduz” jurnalının yaranması Azərbaycan ədəbi mühitində böyük hadisə idi. Yalnız Azərbaycanda deyil, Sov. İKP MK-nın qərarı ilə bütün müttəfiq respublikalarda yaranmışdı. O zamanlar partiyanın mərkəzi komitəsinin qərarı olmadan ciddi bir tədbir keçirmək, jurnal yaratmaq mümkün deyildi. “Ulduz” jurnalı həmin illərdə çox böyük işlər gördü. Mənim İrəvanda çap olunan ilk kitabım “Məni səsləyəndə” haqqında gənc şair, publisist Səyavuş Sərxanlının böyük bir məqaləsi “Ulduz” jurnalında çap olundu.
Təvazökarlıqdan uzaq da olmasın, “Ulduz” jurnalı mövzusundakı diplom işi müdafiəm çox ciddi əks-səda verdi, tərifləndi. Professor Xalid Əlimirzəyev mənim diplom işimin rəyçisi idi. Çox yüksək qiymətləndirdi və dedi ki, bu universitetin elmi əsərlərində çap olunmalıdır. Bəxtiyar Vahabzadə də yüksək rəy yazdı və hazırda diplom işinin ön səhifəsindədir. Bir epizodu da qeyd edim, heç vaxt yadımdan çıxmır.
Titul vərəqəsində diplomçunun, mövzunun, kafedra müdirinin və elmi rəhbərin adları var idi. Elmi rəhbəri isə təbii ki, filologiya elmləri doktoru, professor Bəxtiyar Vahabzadə yazmışdım. Bəxtiyar Vahabzadə bu sözləri pozdu və dedi ki, mən şairəm. Qaldı: elmi rəhbər – Bəxtiyar Vahabzadə. Diplom işində yalnızca bu dəyişiklik olundu. Dövlət imtahanı komissiyasının rəhbəri məşhur dilçi Mirzə müəllim idi, akademiyadan gəlmişdi. Bütün komissiyanın tərkibi yüksək fikirlər səsləndirdilər. Və qərara gəldilər ki, diplom işi universitetin elmi əsərlərində çap olunsun. Amma mən dərhal İrəvana qayıtdım. Bir-iki ay sonra məni dövlət teatrına direktor təyin etdilər və mən bu işi davam etdirmədim.
– “Ulduz” jurnalında ilk dəfə şair kimi neçənci ildə çap olunmusunuz?
– Dəqiq yadımda olmasa da, 1969-70-ci illər idi. Şeirlərim mütəmadi çap olunmağa başladı. Allah rəhmət eləsin Cavid Novruz, Əhməd Cəmil, Yusif Səmədoğluna. Onların zamanında mən İrəvanda yaşayırdım. Yusif Səmədoğlu ilə həmişə xoş münasibətlərim olub, istedadlı nasir kimi ona çox hörmət edirdim. Mənim üçün həm görkəmli Azərbaycan nasiri, həm də Səməd Vurğunun oğlu idi. Bir epizodu da deyim ki, mən həmişə Yusif müəllimin yanına gedəndə o çətinliklə ayağa qalxardı. Mən düşünürdüm ki, görkəmli nasirdir, Səməd Vurğunun oğludur deyə, belə edir.
Səməd Vurğunun 80 illiyində mənim təhsil aldığım və qızıl medalla qurtardığım Mığrı rayonunun Aldərə kənd məktəbində Səməd Vurğunun büstünün açılma mərasimi idi. O məktəbə Səməd Vurğunun adının verilməsi prosesində mən də iştirak eləmişdim. Mən o vaxt maarif naziri (indikielm və təhsil naziri), mərkəzi komitənin müvafiq qurumları, şöbələri ilə, hətta mərkəzi komitənin ideologiya üzrə katibi ilə danışıqlar aparırdım ki, o məktəbə Səməd Vurğunun adı verilsin. Və verildi.
1986-cı ildə büst açılanda Azərbaycandan nümayəndə heyəti getdi oraya. Buradan Yusif Səmədoğlu, Aybəniz xanım və digər yazıçılar qrupu getdik ora. Açılış oldu və mən Azərbaycandan gələn nümayəndə heyətini öz kəndimizə, Maralzəmiyə – evimizə dəvət etdim. Süfrə ətrafında anam, qardaş-bacılarım da var idi. Yusif Səmədoğlu mənim haqqımda tostda dedi ki, “mənim belimdə radikulit var, incidir. Mən heç kəsin gəlişinə ayağa durmuram. Hidayət yeganə adamdır ki, o mənim yanıma gələndə mən ayağa dururam”.
Demə beli incidirmiş, ona görə çətinliklə ayağa qalxırmış. Bu həqiqəti biləndən sonra Yusif müəllim mənim gözlərimdə, ürəyimdə daha da ucaldı.
– Artıq vaxtınız var, bütün bunları yazmaq istərdinizmi?
– Bilirsiniz, siz bayaq xatırlatdığınız “Burdan min atlı keçdi”də mən müəyyən məqamları yazmışam. Və haqlısınız, əlbəttə, bunlar, bütövlüklə yazılmalıdır.
Amma illər keçdikcə, hadisələr zaman etibarilə uzaqlaşdıqca insan o xatirələrə, o keçmişə artıq başqa nəzərlərlə baxır. O illərdə şəxsən mənə adi görüş kimi görünən, maraqlı epizod təsiri bağışlamayan hadisələr, sonradan görürsən ki, çox qiymətli imiş.
– Vaxt müəyyən həyat faktorudur, deyirsiz o vaxtlar qohum-əqraba kəndə gəldilər, oturdular... bütün bunlar həmin vaxtlar üçün adi həyat faktoru idi. İllər keçdikcə onlar ədəbiyyat faktoruna çevirilir. Çünki Zəngəzur da, sizin kəndiniz də, valideynləriniz, qohumlarınız, orda açılan süfrə, bütün bunlar bizim üçün hazırda çox qiymətlidir. Biz bu il Qərbi Azərbaycanla bağlı “Ulduz”un xüsusi nömrəsini hazırladıq və bunun təqdimatı da Naxçıvanda keçirildi. Orada festival oldu və Qərbi Azərbaycanın bütün atrubutları ilə yanaşı, “Ulduz” jurnalı da o çadırlarda qoyulmuşdu. Sevə-sevə izlədim və Zəngəzurla bağlı bu layihəni davam etdirmək fikrimiz var.
Siz həmişə düşmən içində olmusunuz, orda çalışmısınız, yüksək vəzifələrdə olmusunuz, teatrda da çalışmısınız. Artıq ermənilərin iç üzünü də bilirdiz, sizə olan münasibəti də. Söhbətimizin əvvəlində dediniz ki, sizi formada saxlayan həm də düşmən içində olmağınız olub. Həmişə özünüzü qorumalı olmusunuz, çünki azərbaycanlı vəzifə adamı, xüsusilə düşmən ölkədə, o ölkənin bir atributuna çevrilir. O, mütləq formada olmalı, səlis danışığı, istedadı və zəhməti ilə seçilməlidir. Dili necə, bilirdiniz?
– Bilirsinizmi, onu yalnız mən yox, teatrın əsas rəhbərliyindəki digər adamlar, aktyorlar... Biz onu bir an unutmurduq, onları qabaqlayırdıq. Və ən çox ehtiyatlandığımız məqamlardan biri o idi. Məsələn, mən bilirdim ki, nə qədər gənc olsam da, bizim hər bir hərəkətimizə erməni millətçiləri təftiş baxımından, yoxlama eynəyi ilə baxırdılar. Bizdə istehza axtarmaq arzusunda idilər. Ona görə mən əvvəldə də teatrla bağlı bəzi məqamlar haqqında bir-iki cümlə dedim.
Biz işi elə qururduq ki, teatrda hər şey yüksək səviyyədə olsun. Məsələn, teatrın adi reklamı çox yüksək səviyyədə təşkil olunurdu. İrəvan şəhərindəki hər hansı tamaşanın reklamı nümunəyə çevrilirdi. Qastrol səfərlərində də erməni teatrlarına bunu nümunə kimi göstərirdilər. Əvvəla, hələ tamaşanın keyfiyyətini demirəm. Məsələn, erməni teatrı normal səviyyədə idi. Deyim ki, zəif idi, yox, deyildi. Amma biz çalışırdıq ki, erməni teatrından yüksək səviyyəda olaq. Bir epizodu deyim, o illərdə iki-üç ildən bir müxtəlif sahələr üzrə fəallar iclası keçirilirdi. Mədəniyyət sahəsinin iclaslarının birində Mərkəzi Komitənin katibi və Ali Sovetin Rəyasət Heyəti sədrinin birinci müavini iştirak edirdilər. Çaykovski adına musiqi məktəbinin 350 yerlik akt zalında mədəniyyət naziri erməni teatrlarını çox kəskin tənqid etdi – həm onların repertuar siyasətini, tamaşaların səviyyəsini, reklamlarını, qastrol səfərlərini...
Birdən heç kəsin gözləmədiyi halda dedi: “Kim teatrın repertuarını yüksək səviyyədə qura, qastrolları yaxşı təşkil edə bilmirsə, təşkilatçılıq qabiliyyəti yoxdursa, təbliğatı, reklamı yaxşı zinətləndirsə, onları Azərbaycan teatrına ezamiyyətə göndərək, gedib orada öyrənsinlər”. 350 ermənin hamısı – teatr direktorları, musiqi və mədəniyyət sahəsinin rəhbərləri, təhsil müəssisələrinin başçıları və s. elə bil şoka düşdülər. Azərbaycan teatrına? Bir anlıq zala tamamilə sükut çökdü. Hətta milçək uçsaydı belə səsi eşidilərdi. Nazir də bunu hiss etdi. Bir neçə saniyə ara verərək dedi: “Mən öz teatrımızı deyirəm, İrəvan – Azərbaycan Dövlət dram Teatrını deyirəm”. Zarafata salaraq əlavə etdi: “Ezamiyyət xərcləri lazım olmayacaq”. İştirakçılar rahat nəfəs aldıqdan sonra sürəkli alqışlamağa başladılar.
Mən yalnız bir epizod dedim. Bayaqkı fikrimin davamı olaraq onu da əlavə edim ki, orada iş elə qurulmuşdu ki, əməkdaşların hamısı – həm yaradıcı, həm texniki heyət elə bil, kamikadze idilər, yalnız irəli, yalnız uşuş, yalnız sənət! Orada elə aktyorlar var idi ki, gözəl tamaşa oynayıb elə səhnədə də həlak olmağa hazır idilər. Belə bir əhval-ruhiyyə yaranmışdı orada.
– Mədəniyyət naziri sizin repertuara qarışırdı?
– Yetmişinci illərin əvvəllərindən başlayaraq,vvəl müəyyən cəhdlər odu, amma teatrın adı çıxandan sonra, xüsusilə 1978-ci il, Bakı qastrolundan sonra, Bakıda Musiqili Komediya Teatrının binasında 14 gün İrəvan teatrı, çox vaxt gündə iki tamaşa olmaqla (gündüz uşaqlar, axşam böyüklər üçün) qastrol səfərindən sonra Mədəniyyət Nazirliyi bizim repertuarı redaktə etmirdi.
Ümumiyyətlə, Azərbaycana o illərin özündə də ünlü teatrlar – Moskva, Sankt-Peterburq, Tiflis və İrəvan teatrları gəlirdi. Və qastrolları 3-4 gündən artıq çəkmirdi. On dörd gün bütün tamaşalar anşlaq keçirdi.
Bir az sonra mən o vaxtkı mətbuat haqqında da münasibət bildirəcəyəm. İndiki “XQ TV” və “Xalq qəzeti”nin öncə uzun illər fəaliyyət göstərmiş, çap olunmuş “Kommunist” haqqında da müəyyən fikirlərimi deyəcəyəm.
– Hidayət müəllim, sosial mediadan istifadə edirsinizmi?
– Çox az istifadə edirəm. Çünki mən öz zəif tərəflərimi bilirəm. Bilirəm ki, istifadə etsəm vaxtımı çox aparacaq. Şahmat və futbol uzun illər vaxtımı çox apardıqları kimi, ancaq sosial mediada gedən vacib materiallar barədə mənə məlumat verirlər.
– Vaxtımıza çox az qalıb. Qısa suallarımıza qısa cavab verməyinizi xahiş edirik. Yazılarınızı özünüz yığırsınızmı? Yoxsa, əlyazmalarınızı yığdırırsınız?
– Xeyr, hər zaman qələmlə yazıram, yığırlar.
– Latınca yazırsınız, yoxsa kirilcə?
– Əlbəttə, latın qrafikalı Azərbaycan əlifbası ilə yazıram. Kirilcə asan olur yazmaq, amma latın əlifbası ilə yazıram.
– Əgər öz həyatınızı teatrlaşdırsaydınız, öz həyatınızdan pyes yazsaydınız adını nə qoyardınız?
– “Burdan min atlı keçdi”. Çünki o mənim əbədi mövzumdu. Bu gün bizim görüşümüz “Xalq TV”-dədir. “Xalq qəzeti”nin əvvəlki adı “Kommunist” qəzeti haqqında, ümumiyyətlə o vaxtkı mətbuat haqqında müxtəlif fikirlər deyirlər. Bəzən hər şeyi qara görmək istəyirdilər. O vaxt yalnız “Kommist”i yox, digər qəzetləri də, məsələn, “Vışka” da, “Bakinski raboçi” də... Mən o vaxt İrəvanda yaşayanda onların hamısında çap olunurdum. Onların xidmətlərini unutmaq olmaz. Onlara layiq olduğu qiyməti vermək lazımdı. Bir epizodu mən heç vaxt unutmaram. “Sovet Ermənistanı” qəzetinin 50 illiyi idi. Bu, 70-ci illərin əvvəllərinə təsadüf edirdi. Milli Akademik Dram Teatrının binasında formal da olsa çox möhtəşəm bir tədbir keçirdilər. Mərkəzi Komitənin Birinci katibi və büro üzvləri də iştirak edirdilər. Azərbaycandan nümayəndə heyəti gəlmişdi. “Kommunist” qəzetinin baş redaktoru Ağababa Rzayev, “Bakinski raboçi” qəzetinin baş redaktoru, hətta erməni qəzetinin baş redaktoru da vardı. Bu qəzetlər o vaxt Mərkəzi Komitənin orqanı idi. Sonra orada yeni açılmış “Yelkən” adlı möhtəşəm bir restoranda ziyafət verildi. Bu vaxt mənim dişim möhkəm ağrıyırdı. Dişimin keyiməsi üçün iki-üç qədəh konyak içdim. Birdən masabəyinin səsini eşitdim. O da Ermənistan Kommunist Partiyası Mərkəzi Komitəsinin İdeologiya üzrə katibi Robert Xaçatryan idi. Dedi: “Mən gənc Hidayət Orucovun səsini eşitmək istəyirəm”. Ayağa durdum. Dedim, Rober Hraçik oğlu, mən sizinlə Azərbaycan dilində danışmaq istəyirəm. Dedi: “Danış”. Sonra bunu nə üçün istədiyimi izah etdim. Dedim: “Siz Bakı Dövlət Universitetini bitirmisiniz”. Dedi: “Bəli, bəli...” Bu sözləri Azərbaycan dilində dedi.
Əvvəlcə ümumi ənənəvi, “Sovet Ermənistanı” qəzetinin fəaliyyətindən bir neçə söz dedim. Tədbirə münasibətimi bildirdim. Amma Robert Xaçatryan deyəndə ki, gənc Hidayət Orucovun səsini eşitmək istəyirəm, o, mənim bədii yaradıcılığımı və əlbəttə, teatrın direktoru olmağımı nəzərdə tuturdu. Ona görə artıq bayaq dediyim kimi, 1965-ci ildən, o uydurma genosidin 50 illiyindən sonra bunların açıq və bəzən üstüörtülü şəkildə millətçilikləri, Qarabağ iddiaları, Naxçıvan iddiaları, Türkiyəyə böyük ərazi iddiaları, az qala, mətbuatda da özünə yer tapırdı. Ona görə mən Yeğişe Çarentsdən danışdım. Yeğişe Çarents bunlar üçün ideal bir şair olub. Böyük və əfsanəvi şair idi. 1937-ci ildə güllələnib. Amma o, açıq millətçilikdən uzaq və C.Cabbarlı, S.Vurğun və M.Müşfiqlə dostluq əlaqələri olub. C.Cabbarlının vəfat etdiyi günün sabahı o, bizim teatra gələrək bildirir ki, teatra C.Cabbarlının adını vermək lazımdır.
Mən bir nümunə kimi, Yeğişe Çarentsin adından istifadə edərək dedim ki, o, Sovet Azərbaycanının 15 illiyinə bir şeir yazıb və mən öz tərcüməm ilə bu şeiri oxudum:
Alqış, alqış qardaş elə,
Bir torpaqdan, bir Günəşdən,
Bircə hünər aldığımız
Çarın dustaqxanasında birgə fikrə daldığımız
qardaş elə...
(Şeirin sonrası yadımda deyil).
Bir də onun Qərbi Azərbaycanda ermənilərin az qala, himn olan bir şeiri var:
Hayastanım, Günəş dadlı sözlərinə vurğunam,
Adı qədim, qəlbi kövrək sazlarına vurğunam,
Qan dodaqlı çiçəklərin duyğusuna, ətrinə,
Nairimin oynaq rəqsli qızlarına vurğunam...
Əlbəttə, bir az hissi, emosional çıxışdan sonra sürəkli alqışlar qondu. Çox alqışladılar. Ziyafət bitdi. “Kommunist” qəzetinin baş redaktoru Ağababa Rzayev mənə yaxınlaşdı və qucaqladı. Türksayağı hər iki üzümdən öpdü. Dedi: “Siz mənim ürəyimdə ucaldınız, siz mənim ürəyimdə heykələ döndünüz...” Onu müşayiət edən “Sovet Ermənistanı” qəzetinin əməkdaşlarına mənim haqqımda çox yüksək fikirlər səsləndirərək deyib ki, mən onunla fəxr edirəm və Azərbaycana qayıdıb onu təbliğ edəcəyəm.
Yubileydən iki-üç gündən sonra o vaxtın məşhur jurnalist Rəfael Nağıyev mənə zəng elədi. Soruşdu: “Hidayət, sən ziyafətdə nə etmisən?” Mən də zarafatyana: “dişim ağrıyırdı, bir-iki qədəh konyak içdim ki, ağrı keçsin”. Dedi: “Baş redaktor gələndən səndən danışır...”
O vaxt “Kommunist” qəzetinin baş redaktorunun İrəvana gəlişi, orda bir gənc Azərbaycan şairinin çıxışı, onun milli keyfiyyətləri, milli düşüncəsi və s. və i. ona elə təsir eləmişdi.
Sonralar mənə zəng edərək yazı sifariş verirdilər. Teatrın hər il, hər mövsümdə görəcəyi işlər barədə müsahibələr alırdılar. Bayaq sizə dediyim Bakıya 14 günlük qastrol vaxtı Azərbaycanın bütün mətbuatı, başda “Kommunist” olmaqla bütün qəzetləri hər tamaşa haqqında rəylər verirdilər, fikirlər bildirirdilər. Elə bilin ki, Bakı 14 günlük qastrol səfərində mədəniyyət sahəsində İrəvan teatrının günlərinə çevrildi. Yəni “Kommunist” qəzetinə də belə yanaşmaq lazımdı.
Sonralar – yenidənqurma zamanı (mən o dövrün özündə də onu mətbuatda “yenidənqırma” saymışam) mən artıq Bakıda yaşayırdım. Erməni təcavüzü başlayandan sonra mənim ən kəskin yazılarımı “Kommunist” qəzeti çap elədi. Məsələn, “Didərginlərə məktub” “Kommunist” qəzetində çap olundu. O vaxtlar o böyük maraq doğurmuşdu və artıq Qərbi Azərbaycandan qaçqınlıq prosesi başlamışdı. Ona görə mən bu qəzetə minnətdaram.
Mənim fikrimcə, bu qəzet ən maraqlı, ən dəyərli günlərini indi yaşayır. Mən hər gün “Xalq qəzeti”ni oxuyuram. Mənə elə gəlir ki, bu günün qəzeti deyil, günün kitabıdır, çoxsəhifəlidir: həm siyasət, həm ictimai məsələlər, həm iqtisadiyyat, həm təhsl, həm mədəniyyət, lap başlıcası, milli özünüdərk, milli şüur, milli dəyərlər... Ona görə Əflatun Amaşov başda olmaqla, mən bu qəzetin bütün kollektivinə minnətdaram və bu qəzetdə çalışan bütün jurnalistləri uğurları üçün təbrik edirəm. Eyni zamanda, “Ulduz” jurnalını... Bu jurnalı indiki dövrdə saxlamaq böyük hadisədir. Mən bəzi nömrələrinə baxmışam, amma bundan sonra abunəçisi olacağam.
– Bütün məşhurlar – Xalq artistləri, Xalq yazıçıları, müəllimlər, akademiya, universitetlər hamısı jurnala abunədir. Çox sevinərdim ki, siz də abunə olasınız.
– Mütləq! Mən “Ədəbiyyat” qəzetinə də hər həftə baxıram, eyni zamanda da digər gündəlik qəzetlərə.
– Biz bunları sizin üçün çıxarırıq. Yəni ki, bizim oxucularımız var, bilirik ki, kimlər oxuyur. Biri var alıcı, biri var oxucu... Siz bizim çox dəyərli oxucumuzsunuz.
Mən sizə təşəkkür edirəm.
Sonda “Ayrı söhbət” proqramına gələn qonaqlar öz hədiyyələrini verirlər. Təbii ki, sizin də ən gözəl hədiyyəniz yeni çıxmış kitabınız olacaq. Oxuculara məmnuniyyətlə təqdim etmək istəyirəm. Bu, Hidayət müəllimin seçilmiş əsərlərinin birinci cildidir. İstəyirik ki, sizin imzanızla bu kitabı “Xalq qəzeti”nin kitabxanasına, birini isə ayrıca olaraq “Ayrı söhbət” proqramına hədiyyə edəsiniz.
– Təşəkkür edirəm. Mən indi avtoqraf yazacağam və bu mənim on cildliyimdir. Bir neçə il bundan əvvəl çap olunub. Bunun səkkiz cildi orijinaldır – poeziyadır, nəsrdir, esselərdir, dramaturgiyadır, bəzi publisist yazılardır. Siz məni tərcüməçi kimi təqdim də elədiniz, qalan iki cildi isə tərcümələrdir. Bu iki cildə özüm ad qoymuşam: “Özüm yazmaq istərdim”. Orada Ulyam Şekspirin “Sonu yaxşı olan hər iş yaxşı” pyesini, Harriyet Biçer Stounun “Tom dayının daxması” romanını, XIX əsr ingilis və island ədəbiyyatından nümunələri, rus ədəbiyyatından nseçmələri, qardaş türk ədəbiyyatından çevirmələr və i.a. Mən o əsərləri Azərbaycan dilinə tərcümə eləmişəm ki, onları özüm yazmaq istərdim. Amma məni qabaqlayıblar, yazıblar, özü də çox gözəl yaradıblar.
– Tərcüməçi ikinci müəllifdir, siz heç nə itirməmisiniz.
– Bu kitab “Xalq qəzeti”nə yadigar qalsın, verilişiniz uzunömürlü olsun.
– Çox təşəkkür edirəm sizə, Hidayət müəllim.
– Siz də kitabınızı mənə bağışladınız, təşəkkür edirəm. Mütləq oxuyacağam.
– İlk hədiyyə sizdən gəldi. Uğurlu olsun! Düşünürəm ki, tamaşaçıları yormadıq, inanıram ki, oxucular söhbəti çox maraqla izləyəcəklər.
Sizə bir daha təşəkkür edirəm. Tamaşaçılarla sağollaşıram. Sağ olun, “Ayrı söhbət” verilişində yenidən görüşənədək. Xatırladım ki, bugünkü ilk qonağımız şair, dramaturq, nasir, ictimai xadim, Hidayət Orucov idi. Sağ olun, sağlıqla qalın!
“Ədəbiyyat və incəsənət”
(31.01.2025)
“Milli kökü olmayan ədəbiyyatın itirilmək ehtimalı var” – ZİNAKAN PASANOVA
Joldubek Kackynbaev, “Ədəbiyyat və incəsənət” portalının Qırğızıstan təmsilçisi
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun “Ədəbiyyat və incəsənət” portalı ilə birgə TÜRK MƏDƏNİYYƏTİNİN ÜNLÜLƏRİ layihəsində növbə Qırğızıstanındır. Növbəti həmsöhbətimiz şair-yazıçı, Qırğızıstan Respublikasının əməkdar mədəniyyət xadimi, TÜRKSOY-un Jusup Balasağun beynəlxalq mükafatı laureatı, Colon Mamıtov mükafatı laureatı Zinakan Pasanovadır.
- Salam, Zinakan xanım! Müsahibənin əvvəlində türkdilli oxucularımıza özünüzü qısaca təqdim edin.
- Narahat olmayın, əziz müasirlər! Sizinlə qədim türk dillərindən biri olan Azərbaycan dilində ünsiyyət qurmaqdan məmnunam. Belə bir fürsət yaradan “Ədəbiyyat və incəsənət” portalına dərin minnətdarlığımı bildirirəm.
Yaradıcılığım məktəbli yaşlarımdan şeir və nəsr yazmaqla başlayıb, 80-ci illərdən davamlı olaraq həm poeziya, həm nəsr janrlarında çalışıram. "Ayal Sırı", "Yağış dağdan başlayır", "Yağmur gecələr", "Döyüşən qazlar", "Sırkeç yağışı", "Arıba, ürək", "5 il", "Dost", "Xoşbəxtlik axtaran Tomayak", " Ağ Mən “Yağış” adlı nəsr və poetik kitabların müəllifiyəm. Əsərlərimin əsas mövzusu müasir dövrdə qadın taleyi, ana təbiət, ana sevgisi, mənəvi mühit və onun qırğız cəmiyyətində yeridir. Son vaxtlar daha çox uşaq mövzusuna müraciət edirəm. Azyaşlı uşaqlar üçün yazılmış hekayələr və dünya ədəbiyyatı xəzinəsindən qırğız dilinə tərcümə edilmiş nağıllardan ibarət toplu çap olunmaq üzrədir. Mən Orta Asiyanın ən qədim şəhərlərindən biri olan Oşda yaşayıram. Oş Qırğızıstanın ikinci böyük şəhəridir və qeyri-rəsmi olaraq cənub paytaxtı statusuna malikdir. O, Böyük İpək Yolunun dağlarında yerləşir və Baburun dövründə özünəməxsus rəngi və mənzərəsi ilə seçilib.
- Biz sizi Qırğızıstanın tanınmış şair və yazıçısı kimi tanıyırıq. Bəs sizcə ikisindən hansı daha çox sizindir?
- Təbii ki, hər janrın özünəməxsus xüsusiyyətləri və uyğun olaraq həm çətinlikləri, həm də inanılmaz həzzi var. Hər iki janrda yol taparaq, əlimə qələm aldığımdan şeir və nəsr yazıram desəm, yəqin ki, mübaliğə olmaz. Ümumiyyətlə, şeirin çoxlu oxucusu var. Yaxşı şeirlər bir nəfəsdə yazılır, bir nəfəsdə oxunur. Şeir qəlbin səsidir. Ürəyin tərpənməyənə qədər mahnı yaza bilməzsən. Bu, hər hansı bir həyat vəziyyətinə səbəb ola bilər. Mən adətən ürəyim sıxılanda və ya tənha olanda mahnı yazmaq istəyirəm. Belə olan halda mahnı təbi gəlir. Amma mən hekayə yazmağı da sevirəm. Mənim təbiətim nəsrə yaxındır. Mənim daxili aləmimdə ayrı bir bədii dünya yaşayır. Bunu real həyatla birləşdirib başqa bir bədii dünya yaratmaq çox xoşdur. Öz təcrübəmə əsaslanaraq deyərdim ki, şeir ən yaxşı gənc yaşda, duyğuların güclü olanda yazılır, nəsr isə həyatın ağ-qarasını tanıyanda, çoxlu yumruqlar alanda, açılmağa başlayanda inandırıcı çıxır.30 yaşımdan əvvəl yazdığım hekayələri heç bir kolleksiyama daxil etməmişəm.
- Sizi sənət aləminə kim və ya nə aparıb?
- Qələm sənəti bir tərəfdən dədə-babamdan bizə qalan mirasdır, ikincisi, uşaqlıqdan çoxlu kitab oxumuşam, üçüncüsü, məncə, doğulub boya-başa çatdığım yerin fantastik gözəlliyi səbəb olub. Yerin göbəyi Alay dağları arasında köçəri həyat sürən əcdadlarımdan birincisi, ilk hərf öyrənən, kənddə ilk məktəbi açan, 18 yaşında uşaqlara dərs deyən Pasan Koçkorbayev yaradıcılığımın ilk toxumlarını səpib. Gənc yaşlarından atam mahnı bəstələyib, onun mahnıları kənddə ağızdan-ağıza keçib. Körpə yaşlarımdan ətrafıma təxəyyüllə baxa bildiyimi vaxtında fərq edən atam ölənə qədər mənə dəstək olub, imkan daxilində ona şərait yaratmağa çalışıb. Evimizdəki ən qiymətli əşyalar sənət əsərləridir. Televiziyanın nə olduğunu belə bilmədən ucqar dağ kəndində böyüdüyüm üçün dünyagörüşümü kitablar və kənd həyatı formalaşdırıb. Dövrünün qabaqcıl simalarından olan atamı isə işimdə, həyatımda əsas müəllimim hesab edirəm. Təəssüf ki, atamı erkən itirdim. Axı mən onun ilk hekayələrimi oxumağa vaxt tapdığını və sevinc göz yaşları ilə dolduğunu görməkdən məmnunluq duyurdum.
- Yaradıcı inkişaf istedaddan, yoxsa təcrübədən asılıdır?
- Bu suala artıq bir çox dahilər cavab verib. Onlardan birini fransız yazıçısı Emil Zolya belə müəyyənləşdirir: “İstedadsız rəssam heçdir, zəhmətsiz də istedad heçdir”. Yaradıcılıqda belə fitri istedad və zəhmət olmasa inkişaf ola bilməz. Bundan əlavə, Aleksandr Blokun dediyi kimi, “Talesiz şair şair olmaz”, şairin taleyi olmalıdır. Öz klassiklərimizin həyatına nəzər salsaq, düşünürəm ki, Çingiz Aytmatov, Alıkul Osmonov, Kubatbek Jusubəliyev faciəli uşaqlıqları olmasaydı, şedevrlər yaza bilməzdilər. Qəlbdə heç kimlə paylaşılması mümkün olmayan kədər, həsrət, tənhalıq olmalıdır. Siz onu yalnız bir kreativdə paylaşa bilərsiniz. Böyüməyin digər zəruri yolu dünya ədəbiyyatı mühitinə qərq olmaq, qabaqcıl təcrübələri araşdırmaqdır, amma öz üslubunu tapa bilmirsənsə, bəşəriyyətə deyəcək sözün yoxdursa, yazı işləməyəcək.
- Bir yazıçı kimi əsərlərinizdə hansı problemləri əks etdirmisiniz və gələcəkdə hansı mövzulara diqqət yetirmək fikrindəsiniz?
- Nəsr əsərlərimin əsasını qadın mövzusu təşkil edir. Hekayələrim və hekayələrimdə qadın ruhu, analıq, əxlaqi düşüncələr, ziddiyyətli həyat fəlsəfəsi, təbiətlə iç-içə olan insan həyatının qanun və nizamı, sevgi mövzuları var. “Qərib pəncərədə çiçəklərimi bitir” povestim bütün sosial sistemi dağılmış, zəmanə dəyişmiş müasir qırğız qadınının taleyini, həyatda öz yerini axtarmasını, qadınlıq və analıq uğrunda mübarizəsini təsvir edir. Vəhşi bazar münasibətləri bir çox insanın, xüsusən də adi qadınların həyatını məhv edən kabusa çevrildi. Bu əsrlərin toqquşmasında kim sağ qaldı, kim müqavimət göstərə bilmədi? Həyatın təlatümlərində insanlığını qoruyub saxlamaq ən çətin mübarizədir. Düşünürəm ki, kitabın baş qəhrəmanı olan sadə qadının taleyinin bir çox oxucunun ürəyincə olmasının səbəbi də budur. Çünki hazırda hamımız uçurumdan çıxış yolu tapmalı və öz yolumuzu tutmalıyıq.
Dünya ədəbiyyatında “qadın poeziyası”, “qadın nəsri” ədəbi terminləri ötən əsrin 50-60-ci illərində meydana çıxsa da, qadın yazıçıların yaradıcılığının unikallığını heç kim inkar edə bilməz. Həyata, dünyaya qadın gözü ilə baxan, qadının həyata xüsusi duyğusunu, analıq instinktini, nəsildoğurma xüsusiyyətlərini, sevgiyə, zərif qəlbə ehtiyacı olan qadın obrazları xüsusi təsir bağışlayacaq oxucu üzərində.
“Əmizdirirsən” adlı hekayəm var. Körpəsini döşündən ayıran ana "uşaqlığın ən şirin həzzindən məhrum etdiyini" düşünərək səbir edir. Düşündüm ki, bu əsər ancaq süd verən qadınlar üçün maraqlı olacaq, kişilər oxumayacaq. Əksinə, kişi oxuculardan çoxlu müsbət rəylər eşitdim. Ana südü ilə qidalanan xoşbəxt anlar hər kəsin yaddaşında qalacaq.
Qadın həyatından götürdüyüm “Dörd gün doğum evində” povestim də kişi oxucular tərəfindən bəyənilib. Ona görə də biz kişilər və qadınlar bir-birimizin təbiətini, ruhunu anlamaq istəyirik, bir-birimiz üçün maraqlı və sirliyik, eyni zamanda bir-birimizi tamamlayırıq. “Qadın poeziyası” və “qadın nəsri” buna töhfə verir. Bu mövzu mənim əbədi mövzumdur.
- Yaradıcılıqda mənim müəllimim kimə deyərdiniz? Bundan əlavə, oxuduğunuz türk dünyasının şair-yazıçıları kimlərdir?
- Yazıçılıq ixtisas deyil, Qırğızıstanda onu öyrədən ədəbiyyat institutu yoxdur və hər kəsin Moskvaya oxumağa getməsi üçün əlverişli şərait yoxdur. Amma gənc qələm adamına mentor lazımdır. Yaradıcılıq müəllimlərim bunlar idi: Alykul Osmonov, Çingiz Aytmatov, Murza Qaparov, Colon Mamytov, Suyunba Eraliev, Omor Sultanov. Heç biri ilə şəxsən görüşməsəm də, məsləhətlərini dinləməsəm də, onları əsərləri ilə mənə yazmağı öyrədən müəllimlərim hesab edirəm. Yadımdadır, məktəbdə oxuyanda Alıkul Osmonovun şeirlərini əzbər bilirdim, onun qırğız ədəbiyyatının klassiki olduğunu belə bilmirdim. Şeirlərini oxuyan kimi beynimdə əzbər oldu.
Çingiz Aytmatovun ilk nəşr olunan əsərləri isə ruhumu çaşdıran bir kəşf oldu. Bu günə kimi böyük yazıçının ucalığına çata bilməmişəm.
Həm də 70-ci illərdə Qırğızıstanın yeganə universiteti olan Qırğızıstan Dövlət Universitetinin qırğız filologiyası fakültəsində təhsil almağa başlayanda dünya ədəbiyyatı mühitinə yol tapdım. Xarici klassiklərdən: L.Tolstoy, İ.Bunin, T.Drayzer, O.Henri, Heminquey, Q.Markes, Y.Kavabata, R.Akutaqava, C.Coys, Nazim Hikmət, Əziz Nesin, Nizami, Musa Cəlil, F.Kafka mənim üçün hələ də çox önəmlidir. Türk dünyasının şair və yazıçılarının da əsərlərini tez-tez oxuyuram: Orxan Pamuk, Elif Şafak, Oljas Süleymanov, Səməd Vurğunun.
- Əsərlərinizdə şəxsi həyatınızla bağlı hekayələrdən istifadə edirsiniz?
- Şübhəsiz ki, yazıçı həyatında baş verən hadisələri, düşüncələri, enerjini qəlbinin ələyindən keçirib qələmi ilə yaradıcılığına verməkdə xüsusi qabiliyyətə malikdir. Ancaq təkcə ədəbi prosesdə yazmaqla şair-yazıçı ola biləcəyini düşünmək doğru deyil. Yaradıcı insanın səciyyəvi cəhəti ondan ibarətdir ki, o, həyatın adi gözlə müşahidə olunmayan tərəflərini hiss etməyi, onları məharətlə, bədii şəkildə təsvir etməyi bacarır.
Dünyaşöhrətli şair-yazıçı, publisist Rəsul Həmzətov demişkən: "İnsanın ruhu bədənindən on qat ağırdır. Kiminləsə paylaşmasan, təkbaşına dözmək çətindir". Ancaq gördüklərini, yaşadıqlarını, eşitdiklərini sadəcə qələmə almaqla yaxşı əsər yarada bilməzsən. Bəzən mövzu yazmaq 3-4 il çəkir, hansısa süjet ömür boyu səninlə qalacaq. Bu müddət ərzində o, sintez olunur, əlavə olunur, çeşidlənir. Sonda saman çıxarılır və qırmızı taxıl qalır. Yalnız bundan sonra yazmağa başlaya bilərsiniz.
- Bir yazıçı kimi həyatınızın hansı məqamları sizə xüsusi xoşbəxtlik bəxş edir?
- Təbii ki, hər əsəri zəhmətlə yazırsınız. Əsər yaratmağın acısı ilə yanaşı, həzzi də var. Yalnız bu xoşbəxtlik verir. Bir də ki, insanlar o “ucuz”u bəyənirsə və bir xahişləri varsa, isti rəy eşidirsinizsə, bu da xoşbəxtlikdir. Belə dəqiqələr çox idi. Həyatımdakı bütün yaxşı şeylər yaradıcılığımla bağlıdır. Ona görə də bir yazıçı kimi taleyimlə kifayətlənməməyə haqqım yoxdur.
- Qloballaşma prosesi bədii ədəbiyyata təsir edirmi?
- Qloballaşma prosesi insan həyatının demək olar ki, bütün sahələrinə, o cümlədən mədəniyyətə, ədəbiyyata çoxlu tələblər qoyur. Müasir dövrün qloballaşma şəraiti milli ədəbiyyatlar arasında sərhədi aradan qaldırmaq, yeni multikultural ədəbi hadisələr yaratmaq təhlükəsi yaradır. Ancaq inanıram ki, bu “nailiyyət” dünya ədəbiyyatına da yaxşılıq gətirməyəcək. Çünki dünya mədəniyyəti yalnız milli mədəniyyətlər hesabına zənginləşə bilər. Milli kökü olmayan istənilən ədəbiyyatın itirilməsi ehtimalı var. Eyni zamanda, hər bir xalqın ədəbiyyatı öz rəngini və dəyərini qoruyub saxlamaqla ümumbəşəri dəyərləri təbii yolla mənimsəməklə inkişaf edə bilər.
- Sizcə, bugünkü şair-yazıçıların məqsədi nədir?
- Çağdaş ədəbiyyatın yükü, məsuliyyəti ağırdır. Axı biz yeni dövrün davranışını yazmalıyıq. Biz xalqın həyatında, şüurunda, psixologiyasında baş verən dəyişiklikləri, keçmişin eniş-yoxuşlarını, bu günün dramını, 90-cı illərin böyük tarixi dönüşlərinin necə dəyişdiyini qələmə almalıyıq. Bunların hamısını öz başımızdan, hisslərimizdən yaşamış, anlayan yazarlar olaraq bu mövzuda yazmağa borcluyuq. Dövrümüzün insanlarının obrazını yaratmağı öz yaradıcılıq məqsədim hesab edirəm.
- Müsahibə üçün çox sağ olun.
“Ədəbiyyat və incəsənət”
(31.01.2025)
Mayıs duyğuları, yoxsa qəlbinin sarı simi?!.. – MƏHƏMMƏD ƏMİN RƏSULZADƏNİN DOĞUM GÜNÜNƏ
Heyran Zöhrabova, “Ədəbiyyat və incəsənət”
İlk çağındaydı gözəl mövsümün,
Qışdan çıxılmışdı, bahar gəlmişdi.
İyirmi səkkizində idi Mayısın,
Azərbaycan İstiqlala girmişdi.
Erkən qopdu bir qasırğa quzeydən,
Baharımız, heyhat döndü qış oldu.
Azərbaycan Moskovların əlində,
Əsarətin zəhərini dadmış oldu.
Azərilər sarsıldı bu zərbədən,
İstilaya qarşı üsyanlar oldu.
İstiqlalı bir kərə dadmış millət,
"Hürriyyət" fikrinə candan vuruldu.
Milli fikir toxumları səpildi,
İslatdı torpağı axan qızıl qan.
Bu əkindən yarınki bir baharda,
Əlbət bitər bir yeni Azərbaycan.
Şiddətliysə əgər mövsümün qışı,
Yeni bahar, demək, parlaq olacaq.
Verdiyimiz qurbanların bahası,
Bizə yalnız hürriyyətlə dolacaq.
Tarixin yenə gözəl bir çağında,
Qaranlıq qış keçib, bahar gələcək.
Hər hansı bir ilin aydın günündə,
Azərbaycan İstiqlala girəcək!
(“Mayıs duyğuları” - Məhəmməd Əmin Rəsulzadə, 1955-ci il. (Son şeiri))
Bütün ömrünü vətəninin istiqlalı, xalqının hürriyyəti üçün yaşayasan, lakin vətənində yaşaya bilməyəsən...
Bəli, o, bütün ömrünü vətəninin istiqlalı, xalqının hürriyyəti yolunda xərclədi. Bu uğurda dəfələrlə doğma yurdundan didərgin düşdü, 71 illik ömrünün 40 ilini o çox sevdiyi vətənindən uzaqda mühacirətdə, mübarizələrdə keçirdi. Mühacirətdə də daim vətəninin, millətinin rifahı üçün çalışdı. Davası yolunda ən əzizlərini, ailə üzvlərini belə faciəvi şəkildə itirdi, istiqlal səadəti yarım qaldı. Lakin, o, yenə də son nəfəsində Azərbaycan söylədi.
Bu gün siyasi və ictimai xadim, publisist, şair, ədəbiyyatşunas, bütün şərqdə, türk-islam dünyasında ilk parlamentli demokratik respublikanın qurucusu böyük mütəfəkkir, milli lider Məhəmməd Əmin Rəsulzadənin doğum günüdür.
Məhəmməd Əmin Rəsulzadə 1884-cü il yanvar ayının 31-də Abşeronun Novxanı kəndində ruhani ailəsində dünyaya gəlib.
Sultan Məcid Qənizadənin rus-müsəlman məktəbində və Bakı texniki məktəbində təhsil alıb.
Gənc yaşlarından publisistik, ədəbi və siyasi fəaliyyətə başlayan Rəsulzadə 1903-cü ildə gizli fəaliyyət göstərən və əsas vəzifəsi gənclərdə milli hislər oyatmaq, rus məktəbində oxudulmayan türkcəni inkişaf etdirmək, yerli ədiblərin əsərlərini oxumaq, çarlıq əleyhinə yazılmış şeirləri əzbərləmək və arada-sırada mətbəə üsulu ilə çap edilmiş bəyannamələri paylamaq, fəhlələr arasına gedib, hürriyyət və inqilab fikirlərini onların arasında sistemli surətdə yaymaq olan "Gənc İnqilabçılar Dərnəyi"ni yaradır.
Bu dərnəyin "Hümmət" adlı bir qəzeti də çıxmışdır.
Müxtəlif vaxtlarda "Şərqi-rus", "Həyat", "İrşad", "İqbal", "İstiqlal", "Qurtuluş", "Azərbaycan" və s. mətbu orqanlarında ictimai-siyasi, ədəbi məzmunlu yazılarla çıxış edilir, bəzilərində redaktorluq edir.
Çar Rusiyası tərəfindən təqib olunmağa başlanan Rəsulzadə 1909-cu ilin əvvəllərində təqiblərdən və həbs təhlukəsi səbəbindən vətəni tərk etmək məcburiyyətində qalaraq İrana üz tutur və bununla da onun mühacir həyatı başlayır.
İranda olduğu müddət ərzində Təbrizdə Səttarxanla görüşür, Avropada təhsil almış bir qrup İran ziyalısı ilə birgə "İran Demokrat partiyas"ını təsis edir, Tehranda "İrani-Nov" (Yeni İran) qəzetini yaradır. Və bu qəzet ilə birlikdə Rəsulzadə həm də İranda Avropa tipli jurnalistikanın əsasını qoyur.
1911-ci ildə Çar Rusiyasının İrandakı səfirliyinin təzyiqi və İran Məşrutə hərəkatının məğlub olması səbəbi ilə İranı da tərk edir.
İranı tərk etdikdən sonra gizli olaraq Astara-Lənkəran yolu ilə Bakıya gəlir və bir müddət burda qaldıqdan sonra Türkiyəyə mühacirət edir. İstanbulda "Türk Yurdu" dərgisi və "Türk Ocaqları" təşkilatı ilə yaxından əməkdaşlıq edir.
1913-cü ildə Romanovlar sülaləsinin 300 illiyi ilə bağlı verilən ümumi bağışlanmadan sonra bir çox mühacir kimi Rəsulzadə də vətənə qayıdır.
"Müsavat" partiyasının fəaliyyətini gücləndirir, 1915-ci ildə Rəsulzadənin redaktorluğu ilə "Müsavat" partiyasının ideyalarını təbliğ edən "Açıq söz" qəzeti nəşrə başlayır. Bu qəzet türk ədəbi ləhcəsi ilə çap edilən ilk mətbuat orqanı olur.
1917-ci ildə Bakı şəhərində "İsmailiyyə" binasında "Müsavat" partiyasının I qurultayı keçirilir və Rəsulzadə partiyanın sədri seçilir.
1918-ci il ildə Azərbaycan Milli şurasının sədri seçilir.
1918-ci il 28 mayda Rəsulzadənin sədri olduğu Milli Şura Tiflisdə Azərbaycan Xalq Cumhuriyyətinin yaradıldığını elan edir və Azərbaycan Milli İstiqlal bəyannaməsi qəbul edilir.
Azərbaycan xalqının tarixində ilk parlamentli respublika olan Azərbaycan Xalq Cumhuriyyəti bütün Şərqdə həmçinin türk-islam dünyasında ilk demokratik hüquqi və dünyavi nümunəsi olmuşdur.
Cəmi 23 ay yaşayan Xalq Cumhuriyyəti dövründə bir sıra vacib qərarlar qəbul edilir və icra olunur. Ordu yaradılır, Azərbaycan dili dövlət dili elan edilir, İlk ali təhsil müəssisəsi olan Bakı Dövlət Universiteti təsis edilir, Şərqdə ilk dəfə qadınlara seçki hüququ verilir, Azərbaycan tarixində mətbuatın ilk hüquqi əsasları, mətbuat haqqında nizamnamə yaradılır.
1920-ci ildə Bolşeviklərin Azərbaycanı işğalından və Azərbaycanda yenidən Sovet hökuməti qurulduqdan sonra bir müddət Lahıcda qalır. 1920-ci ilin avqustunda həbs edilib Bakıya gətirilir.
Rəsulzadə həbsdə olarkən Stalin Bakıya gəlir və onu həbsdən azad edərək özü ilə Moskvaya aparır.
Bununla Stalin bəlkə də XX əsrin əvvəllərində onun Bakının Bayıl həbsxanasından qaçırılmasında xüsusi rol oynamış Rəsulzadə qarşısında öz vicdan borcunu yerinə yetirirdi. Lakin bir zamanlar dost münasibətində olmalarına baxmayaraq Stalin Rəsulzadənin ailəsini sürgünə göndərir. Rəsulzadənin həyat yoldaşı Ümbülbanu xanım 19 yaşında güllələnən oğlu Rəsulun ölümü ilə barışa bilmir və 1939-cu ildə sürgündə ürəyi partlayıb dünyasını dəyişir.
Böyük qızı Lətifə xanım da övladları Firuzə və İşvə ilə birlikdə Qazaxıstana sürgünə göndərilir. 3-cü övladı Sona isə xəstə olduğundan sanatoriyada saxlanılır. Lətifə xanım qızı İşvə ilə birlikdə 1943-cü ildə Qazaxıstanda sürgündə aclıqdan və soyuqdan donub ölür. Firuzə isə təsadüfən sağ qalır. Lətifə xanımın Bakıda qalan qızı Sonadan isə heç bir xəbər alınmır, belə ehtimal edilir ki, o da xəstəlikdən dünyasını dəyişib.
Kiçik qızı Xalidə anasının ölümündən sonra Qazaxıstanda qala bilmir və həyatını riskə ataraq 1943-cü ildə sürgündən qaçıb Bakıya gəlir. Bir müddət Seyid Hüseynin evində qalır, lakin sonra buranın nəzarətdə olduğunu hiss edib Şamaxıya üz tutur və ondan sonra ondan heç bir xəbər alınmır.
Böyük oğlu Rəsul 1937-ci ildə Novxanıdakı bağlarında həbs olunaraq 19 yaşında güllələnir.
Rəsulzadənin ailəsindən sağ qalan yeganə kiçik oğlu Azər 1993 cü ildə Qazaxıstanda dünyasını dəyişib. 1946-cı ildə sürgündə Azər bəyin oğlu Rəis Rəsulzadə dünyaya gəlib. Rəis bəy Azərbaycanın əməkdar rəssamıdır.
Bir müddət Moskvada nəzarət altında yaşayan Rəsulzadə 1922-ci ildə elmi ezamiyyət adı ilə Sankt-Peterburqa, oradan isə Finlandiyaya gedir. 15 gün fin əsgərlərinin nəzarətində qalır. Bir müddət Helsinkidə yaşayır. Daha sonra Fransaya, Almaniyaya, oradan isə Türkiyəyə gedir.
1923-cü ildə İzmirdə Rəsulzadənin “Azərbaycan Cumhuriyyəti keyfiyyəti-təşəkkülü və şimdiki vəziyyəti” kitabı Atatürk mükafatına layiq görülür.
Lakin Türkiyənin Sovet dövləti ilə olan münasibətləri və ölkə daxilindəki siyasi vəziyyətlə bağlı olaraq Rəsulzadə 1930-cu ildə Türkiyəni də tərk etmək məcburiyyətində qalır və bir müddət Polşa, Almaniya və Ruminiyada yaşadıqdan sonra bir də 1947-ci ildə qayıdıb Türkiyə vətəndaşlığı alaraq ömrünün sonuna qədər orada yaşayır.
Ailəsinin sürgünə göndərildiyini və həyat yoldaşının da vəfat etdiyini öyrəndikdən sonra polyak əsilli Vanda xanımla ailə həyatı qurub və hər ikisi Ankaradakı milli kitabxanada çalışıb. Onların bu evlilikdən övladı olmayıb
2-ci dünya müharibəsi vaxtı Adolf Hitlerlə görüşməsə də Almaniya hökuməti ilə əlaqələr qurur. Və başlıca məqsədi sayı 70 000-ə qədər azərbaycanlı əsiri xilas etmək olur.
Ankara universitetinin Cebeci xəstəxanasında şəkərli diabet xəstəliyindən müalicə alan Rəsulzadə 1955-ci il mart ayının 6-da uğrunda bütün ömrünü və ailəsini qurban verdiyi Azərbaycanın adını 3 dəfə söyləyərək vəfat edir və Ankaradakı Esri qəristanlığında dəfn olunur.
Martın 7-də Ankara radiosu təssüflə Azərbaycanın milli lideri Rəsulzadənin vəfat xəbərini yayır.
Bizim üçün o mayak kimi daim üfüqdə parlayıb millətinə yol göstərəcək olan Zöhrə ulduzu, işığı heç bir zaman sönməyəcək olan bir Azadlıq Günəşidir. Çünki bu yurdda azadlığın, istiqlalın, hürriyyətin günəşi onunla birlikdə, onun verdiyi qurbanlar, onun çəkdiyi zəhmətlər hesabına doğdu.
Ruhu şad olsun!
“Ədəbiyyat və incəsənət”
(31.01.2025)
Ermənistan - Gürcüstan bağları: dünən, bu gün, sabah... - I bölüm
Əkbər Qoşalı, “Ədəbiyyat və incəsənət”
Gürcüstanın Baş naziri İrakli Kobaxidzenin başçılıq etdiyi nümayəndə heyəti hazırda Ermənistana işgüzar səfərdədir.
Kobaxidzenin başçılıq etdiyi nümayəndə heyəti ilə Ermənistanın Baş naziri Nikol Paşinyan arasında təkbətək görüş keçirilib, daha sonra Ermənistan və Gürcüstan iqtisadi işbirliyi üzrə hökumətlərarası komissiyanın növbəti iclası keçirilib.
Gürcüstanın Xarici işlər naziri Maka Boçorişvili İrəvanda keçirilən Ermənistan-Gürcüstan Hökumətlərarası İqtisadi Komissiyasının XIV iclasını iki ölkə arasında işbirliyinin inkişafı üçün yaxşı fürsət kimi dəyərləndirib.
Onun fikrincə, səfər çərçivəsində iki ölkə arasında iqtisadiyyat, ticarət, nəqliyyat, turizm, təhsil və b. sahələrdə işbirliyinin gələcəyi ətraflı müzakirə ediləcək.
Haqq üçün deyək, xanım Boçorişvili Xarici işlər naziri kimi ilk səfərini elə bu ay Azərbaycana etmiş və “bu mənim üçün şərəfdir” demişdi. Maka Boçorişvili vurğulamışdı ki, ölkələrimiz arasındakı işbirliyi siyasi-iqtisadi münasibətlərdə yeni imkanlar yaradır. – Bəli, doğrudan da, “Azərbaycanla strateji tərəfdaşlıq Gürcüstan üçün önəmlidir”.
Onu da vurğulayaq ki, Gürcüstanın Baş naziri İrakli Kobaxidze yanvarın 17-də ölkəmizdə işgüzar səfərdə olmuş, Azərbaycan Prezidenti İlham Əliyevlə təkbətək görüş keçirmişdi.
Biz, bu, çoxbölümlü yazımızda Ermənistan-Gürcüstan bağlarının dünəni, bu günü və gələcəyinə dair fikirlərimizi bölüşməyə çalışacağıq. Hesab edirəm, qonşularımızın yalnız bizimlə deyil, bir-biri ilə münasibətləri də bizimçün maraqlı olmalıdır.
*
Ermənistan ilə Gürcüstanın arasındakı bağlar mədəni, dini və siyasi baxımdan qarşılıqlı təsir və işbirliyi ilə yanaşı, zaman-zaman fikir ayrılıqları da göstərib. Ermənistanın Gürcüstandan bəzi iddiaları və Gürcüstanın bu məsələlərə qarşı həssaslığı, onların münasibətlərində müəyyən gərginliklər yaratmamış deyil.
Ermənistanın bəzi dairələrində Gürcüstanın Samtsxe-Cavaxetiya bölgəsinə dair əsassız iddialar səsləndirilir. Son qərinələr boyu əsasən erməni əhalisinin məskunlaşdırıldığı bu bölgə, Ermənistan üçün “tarixi ərazi” kimi təqdim edilir. Lakin bu iddiaların tarixi və hüquqi baxımdan əsassızlığını ağlı başında olan ermənilər özləri də bilməmiş deyil.
Cavaxetiyanın suveren Gürcüstanın ərazisi olduğunu vurğulayan gürcü dövləti, bölgədəki erməni separatizmi ilə bağlı məsələlərdən rahatsızdır. Belə rahatsızlıqlar 2020-ci ilədək daha güclü olub. – Azərbaycanın 44 günlük müharibədəki şanlı Zəfərindən sonra dünya erməniliyi Gürcüstandan torpaq qoparmaq iddialarını da ən azı ertələmiş kimi görünür...
Gürcüstan üçün strateji önəm daşıyan Samtsxe-Cavaxetiya bölgəsində erməni separatizminin hər hansı formada təşviqinin Tiflisdə ciddi rahatsızlıq yaratması başa düşüləndir. Gürcüstan Abxaziya və Güney Osetiya problemlərinə görə ərazi bütövlüyü məsələsində həssasdır və buna görə də Cavaxetiya ilə bağlı iddialara özəl diqqətlə yanaşır.
Gürcüstan Cavaxetiya kimi bölgələrdə etnik dəngənin qorunmasını və separatizmin qarşısının alınmasını prioritet hesab edir. Ermənistandan gələn bəzi təzyiqlər bu sabitliyə təhlükə kimi dəyərləndirilir.
Ermənistan Apostol Kilsəsi Gürcüstan ərazisindəki bəzi qədim kilsələrə və monastırlara dair iddialar irəli sürür. Gürcüstan isə bu kilsələrin tarixi olaraq Gürcü Pravoslav Kilsəsinə məxsus olduğunu bildirir.
Pravoslav dini abidələrinin qorunması Gürcüstan üçün milli kimliyin bir bölümüdür. Erməni kilsəsinin iddiaları bu sahədə gərginlik yaradır və Gürcü Pravoslav Kilsəsi bunu “tarixi təhrif” kimi qiymətləndirir.
Özəlliklə Tiflis və çevrəsindəki dini abidələr üzərində mübahisələr davam edir.
Ermənilər, Gürcüstanda yaşayan erməni azlığının ana dilində təhsil və mədəni hüquqlarının daha geniş təmin edilməsini tələb edir. Gürcüstan bu məsələyə ehtiyatla yanaşaraq, dövlət dilinin qorunmasını prioritet hesab etməkdədir.
Ermənistanın bəzi siyasi dairələri Gürcüstanı Azərbaycan və Türkiyə ilə yaxın bağlarına görə gərəksiz tənqidə tutur və onun dəngəli siyasətinə təsir etməyə çalışır.
Gürcüstan Azərbaycan və Türkiyə ilə enerji və daşımaçılıq layihələrində (məsələn, Bakı-Tiflis-Ceyhan boru xətti, Bakı-Tiflis-Qars dəmiryolu) iştirak edir. Ermənistanın bu layihələrə mane olmaq üçün təzyiqləri Tiflisdə, əlbəttə, xoş qarşılanmamışdır.
Tarixə bir baxış: Gürcüstan-Ermənistan savaşı
1918-ci ilin son ayında 6 aylıq Ermənistan Demokratik Respublikası keçmiş Tiflis quberniyasının Axalkələk (Axalkalaki) və Borçalı qəzalarına qarşı əsassız iddia irəli sürdü. Azərbaycan Xalq Cümhuriyyəti tarixi torpaqlarını öz sınırları içində birləşdirməkçün fəal dış siyasət yeritsə də, savaşa qoşula bilmədi. Lakin Ermənistan işğalçılıq planlarını savaş yolu ilə çözməyi alternativlərin ən yaxşısı sanırdı. Osmanlı İmperiyası ilə Güney Qafqaz respublikaları arasında bağlanmış Batum anlaşmalarına (1918) əsasən, Gürcüstanla Ermənistanın sınır zolağında türk qoşunları yerləşmişdi. Oktyabrın 18-də türk qoşunları oradan çıxdı və Gürcüstanı müdafiə edən alman qoşunları həmin sınır zolağını tutdu. Lakin I Dünya savaşında (1914-18) uduzmuş Almaniyanın hərbi qüvvələri bu əraziləri tərk etməli olunca, Borçalı qəzasının bir xeyli bölümü Gürcüstan hökumətinin nəzarətinə keçdi. Bu arada, Ermənistan Gürcüstana nota verərək, onun Axalkələkdən çıxmasını tələb etdi. Oktyabr-noyabr aylarında tərəflər arasında ittihamlar kəskinləşdi, ermənilər öz xislətlərinə sadiq qalaraq, Axalkələk və Borçalıda təxribatlar, silahlı toqquşmalar törətməyə başladı. Ermənistan Axalkələkə süvari eskadron, Borçalıya isə IV erməni polkunun bölmələrini göndərdi.
09 dekabr 1918-ci ildə hərbi əməliyyatlar başlandı. Döyüşlər azərbaycanlıların toplu yaşadığı – tarixən onlara məxsus olan Borçalı qəzasında gedirdi. Ermənistanın notasına görə, Gürcüstan Borçalı, Axalkələk qəzalarından və Tiflis də daxil olmaqla, eyniadlı qəzanın bir bölümündən imtina etməliydi. Bu yerdə onu da xatırladaq ki, dünyadakı ilk erməni dövləti Tiflis mərkəzli qurulmalıydı; bu mümkün olmayınca Bakı mərkəzli erməni dövləti qurma planları işə düşdü və Şaumyanın başçılığı ilə soyqırımı aktları törədildi; lakin nə Tiflis, nə də Bakı sevdası baş tutmayınca, 1918-ci ildə, tarixdəki ilk erməni dövləti İrəvanı paytaxt elan etməklə quruldu... Əlbəttə, Tiflis, Bakı kimi İrəvanın da yadelli haylara heç bir aidiyyatı yoxuydu...
Bəli, 17 dekabr 1918-ci ildə Gürcüstan Ermənistana rəsmən savaş açdı. Tərəflər arasında hərbi əməliyyatlar dekabrın 18-dən 31-dək sürdü. Savaş Azərbaycanın tarixi torpaqlarına və onun əhalisinə ciddi ziyan vurdu. I Dünya savaşında qələbədən sonra Qafqazda mövqeyi güclənən İngiltərə Ermənistan-Gürcüstan savaşının dayandırılmasında fəal iştirak etdi. Ermənistan tərəfi dekabrın 31-də hərbi əməliyyatları dayandırmağa razı olduğunu bildirdi; ardınca, Gürcüstan hökuməti də bununla razılaşdığını duyurdu.
31 dekabr 1918-ci ildə Tiflisdə Gürcüstan və Ermənistan arasında barış anlaşması imzalandı və bundan 10 gün sonra – 1919 il yanvarın 9-da Tiflisdə Ermənistan-Gürcüstan barış konfransı öz işinə başladı. Konfrans 8 gün sürdü. Ermənistan və Gürcüstan arasında sınır məsələsi Antanta Ali Şurası tərəfindən çözülənədək Borçalı qəzasının quzey bölümünün Gürcüstana, güney bölümünün isə Ermənistana verilməsi, Allahverdi mis mədənlərinin olduğu orta bölgədə isə “neytral bölgə” yaradılması qərara alındı. “Neytral bölgə”nin idarəsi ingilis general-qubernatoruna həvalə edildi. İşə baxın ki, Azərbaycanın qanuni iddiası olan Borçalının müqəddəratının həll olunduğu konfransa Azərbaycan Xalq Cümhuriyyətinin nümayəndə heyəti çağrılmamışdı; ona görə də Azərbaycanın Tiflisdəki nümayəndəsi, haqlı olaraq, öz ölkəsinin bu qərarı tanımayacağını bildirdi.
Sonralar, Rusiya Kommunist (bolşeviklər) Partiyası Mərkəzi Komitəsi Qafqaz bürosunun 07 iyul 1921-ci il tarixli qərarı ilə “neytral bölgə” də Ermənistana birləşdirildi. Beləliklə, Borçalının azərbaycanlı əhalisinin öz müqəddəratını təyinetmə hüququ kobudcasına pozuldu, əzəli Azərbaycan torpağı olan, azərbaycanlıların nəsilbənəsil yaşadığı Borçalı bizim iradəmizdən qıraqda bölüşdürüldü və günümüzdə Borçalının Ermənistanda qalan hissəsində tək bir azərbaycanlı belə yaşamır, ermənilər oradan bizim irsimizi, izimizi silməkçün nə mümkünsə edib...
Yazının I bölümünün sonucu olaraq, vurğulayaq ki,
tarixi əsaslardan məhrum və perspektivi olmayan “Böyük Ermənistan” adıyaman ideyasına “əsaslanan” Ermənistanın Gürcüstanın bəzi ərazilərinə iddiası, digər köksüz iddiaları və Gürcüstanın bu məsələlərə qarşı həssaslığı, hər iki ölkə arasında siyasi, mədəni münasibətləri çətinləşdirir. Ayrıca, Abxaziyanın işğalında iştirak edən erməni hərbi bölmələri faktoru da unudulmamalıdır. Bir dövlət onun bütövlüyünə, suverenliyinə qəsd edənləri, hələ-hələ “ələkçinin qıl verənləri”ni necə unudar?
Uzun sözün qısası,
problemlərin çözümü üçün hər iki tərəfin konstruktiv dialoq və beynəlxalq hüququn əsaslarına söykənməsi vacibdir. İş beynəlxalq hüquq və konstruktivliyə gəlincə, ermənilər dərdə düşür – çün, onlar üçün beynəlxalq hüquq da, konstruktiv mövqe nümayişi də gərginlik doğurur, darlıq yaradır...
Biz Ermənistan Respublikasından danışarkən Zəngəzur, Göyçə, İrəvan deyirik, Borçalını isə ya demirik ya çox nadir hallarda dilə gətiririk. Əslində, ermənilər bir də bunu düşünməli, bir də buna görə dərdlənməli deyilmi? Məgər bizim başımızı 30 illik işğalla qatmağın alt qatında həm də tarixi haqlarımızı unutdurmaq durmurdumu?..
DÖVLƏTİMİZ ZAVAL GÖRMƏSİN!
“Ədəbiyyat və incəsənət”
(31.01.2025)
“Bu da belə həyatdır...” - Xeyrəddin Qocanın 75 yaşına
Əkbər Qoşalı, “Ədəbiyyat və incəsənət” üçün
Xeyrəddin Qoca həm əsərləri, həm də ictimai-siyasi fəaliyyəti ilə xalqın ruhunu dərk edən və bunu öz yaradıcılığında təcalla etdirən sayğılı aydınlarımızdandır. Xeyrəddin Qocanın yaradıcılığı insanları həm düşündürür, həm güldürür, həm də onlara öz həyatlarına ayna tutmağa imkan yaradır.
Onun əsərlərindəki yumor tərzi təkcə quru ironiya ilə məhdudlaşmır, o, insanları gülüşə gətirərək öz problemlərini görməyə və çözüm yollarını dərk etməyə çağırır. Xeyrəddin Qocanın yumoru “tənə” deyil, “tərbiyə” xarakteri daşıyır. Bu xalis gülüş və düşüncə onun əsərlərində əsas xətt kimi keçir və oxucularını, tamaşaçılarını həyata sevgi və müsbət baxışla yaxınlaşdırır.
Xeyrəddin Qoca (Xeyrəddin Sayəddin oğlu Qoca; 29.01.1950, Qulbəndə, Ağdaş) bir çoxlarından fərqli olaraq, (qüsura baxmayın) qurşaqdan aşağı enmədən güldürməyi bacaran aydınımızdır. - "Filankəslər" (1995), "Hərə öz payını götürsün" (1998), "Marallar" (2000), "Bu dünyadan məktublar" (2002), "Gərək yazam…" (2003), "Hərənin öz payı" (2003), "Bu da belə həyatdır…" (2008), "Biz bizə bənzərik…" (2010), "Yazdıqlarım… Yazılanlar…" (2018) və b. yazdıqlarımıza sübutdur.
Təbiidir ki, belə bir yaradıcı və məhsuldar aydına ictimaiyyət də, dövlət də diqqət, sayğı göstərib. Xeyrəddin Qoca uzun illər dövlət vəzifələrində çalışaraq, mədəniyyətimizi və ədəbiyyatımızı layiqincə təmsil edib. Azərbaycanın İstanbuldakı Baş konsulu, Millət vəkili, hakim partiyanın mətbu orqanının baş redaktoru kimi xidmətləri onu, haqlı olaraq, nüfuzlu bir şəxsiyyət kimi tanıdıb.
Eyni zamanda, Xeyrəddin Qocanın topluma verdiyi töhfə yalnız əsərləri və görəvləri ilə sınırlanmır. Xeyrəddin Qoca, həmişə gənc ədəbi nəslin nümayəndələrinə qayğı göstərən, onların uğurlarına səmimi sevinən, onları dəstəkləyən bir aydınımız kimi də nüfuz qazanıb. Həqiqət, ədalət və insani dəyərlər onun yaşamının və yaradıcılığının ayrılmaz hissəsidir.
75 illik yubileylə bağlı Xeyrəddin Qocanı ürəkdən qutlayır, ona uzun ömür, yeni yaradıcılıq uğurları diləyirəm!
“Ədəbiyyat və incəsənət”
(31.01.2025)
Gürcülərin azərbaycanlı qəhrəmanı Rahib Məmmədov
Nemət Tahir, “Ədəbiyyat və incəsənət” portalının Qarabağ təmsilçisi
Ağdam Muğam Mərkəzində ötən gün “Qırmızı ulduz” ordenli Rahib Məmmədovun xatirəsinə həsr edilmiş “19 yaşlı xilaskar” adlı sənədli filmin təqdimatı baş tutub. Tədbirdə Rahib Məmmədovun ailə üzvləri, Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov, aparatın əməkdaşları, Milli Məclisin deputatı Bəxtiyar Əliyev, Yeni Azərbaycan Partiyası Ağdam Rayon Təşkilatının sədri Mansur Quliyev, şəhid ailələri, qazilər və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Mərasim Dövlət Himninin səsləndirilməsi ilə başlamış, ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda şəhid olmuş Vətən övladlarının və Ulu öndər Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir. SOCAR-ın Kulevi terminalının maliyyə dəstəyi ilə çəkilmiş və prodüseri Şahismayıl Şəmmədoğlu, ssenari müəllifi Elnur Vəlizadə, rejissorları Georgi Toradze və Elnur Vəlizadə olan “19 yaşlı xilaskar" sənədli filmi tədbir iştirakçılarına nümayiş etdirildikdən sonra Rahib Məmmədovun qardaşı çıxış edərək filmin ərsəyə gəlməsində əməyi olanlara və tədbirin təşkilatçılarına minnətdarlığını bildirmişdir.
Qeyd edək ki, 1987-ci ildə Gürcüstan Respublikasının Xobi rayonunun Çaladidi kəndində təbii fəlakət zamanı ölümlə üz-üzə qalmış insanları xilas edərkən böyük hünər və rəşadət göstərmiş 19 yaşlı Rahib Məmmədov 28 nəfər sakini seldən xilas edib və qəhrəmanlıqla həlak olub. SSRİ miqyasında Rahib Məmmədovun qəhrəmanlığına görə verilən “Qırmızı Ulduz” ordeni Böyük Vətən Müharibəsindən sonra 1987-ci il fevralın 2-də etdiyi qəhrəmanlığa qədər heç bir kəsə verilməyib.
Hazırda Çaladidi kənd orta məktəbi Rahib Məmmədovun adını daşıyır. Tiflisdə və Gürcüstanın müxtəlif yerlərində Rahibin adı əbədiləşdirilib, daim yad olunur. Rahib Məmmədovun adı təkcə qonşu ölkədə deyil eyni zamanda Bakı şəhərində və doğulduğu Mahrızlı kəndində də əbədiləşdirilib. Belə ki, paytaxda qəhrəmanın adına küçə, doğulduğu kənddə isə oxuduğu tam orta məktəb və “Döyüş şöhrəti” muzeyi mövcuddur.
Xatırladırıq ki, Rahib Gülmalı oğlu Məmmədov 1967-ci il avqustun 25-də
Ağdamın Mahrızlı kəndində dünyaya göz açıb. 6 uşaqlı ailədə birinci övlad olub.
Rahib Ağdamda Mexanizasiya Texnikumunda mexanik ixtisasına yiyələndikdən sonra
1985-ci ilin oktyabrında hərbi xidmətə yollanır.
2 ildən sonra - 1987-ci il oktyabrın 1-də əsgəri xidmətini başa vurub kəndlərinə qayıtmalı,
sevdiyi qıza qovuşmalı idi...
Ancaq 1987-ci il fevralın 1-dən 2-nə keçən gecə Batumidə baş verən daşqın
19 yaşında onun ömrünü yarıda qoyur.
Belə ki, 1987-ci ilin fevralında qonşu Gürcüstan respublikasında havaların isti keçməsi,
qarın üzərindən güclü yağışın yağması regionda təbii fəlakətə səbəb olur.
Nəticədə Kür çayının bir qolu sayılan Rioni çayı məcrasından çıxır.
Çayın yaratdığı ilk faciə Çaladidi kəndində baş verir. Respublikada fövqəladə vəziyyət elan olunur.
Su basmış ərazilərdən əhalinin çıxarılmasına hərbi hissələr cəlb edilir.
Batumi şəhər Xerçal qəsəbəsində yerləşən motorlaşdırılmış hərbi hissədən xilasetmə işlərinə cəlb edilmiş
dörd ədəd zirehli maşınları (BTR ) idarə edən əsgərlərin arasında azərbaycanlı Rahib Məmmədov da olur.
Yolda xilasetmə işlərinə səfərbər edilmiş “BTR”-lərdən birinin mühərriki nasazlayır.
Çaladidi kəndinə çatdıqdan sonra acınacaqlı və dəhşətli vəziyyəti görən daha bir “BTR” komandası
suya girməkdən imtina edir. Qalan iki BTR-dən birini Rahib Məmmədov idarə edirdi.
Digərinin heyətində isə mayor Kurşakov və leytenant Aleksandr Ksenefontov olur.
Beləliklə, xilasetmə işlərinə başlanılır. Çaladidi kəndinin aşağı hissəsindən keçən dəmiryol xəttinin suyun axarının qarşısını alması vəziyyəti bir qədər də gərginləşdirmişdi. Rahib Məmmədov idarə etdiyi “BTR”lə su basmış kəndə birinci girişi nəticəsində çoxlu kənd sakinini xilas etmək mümkün olur. Lakin dəmiryol xətti və onun yaxınlığında inşa edilən körpünün altında selin gətirdiyi ağaclar suyun qarşısını aldığından onun səviyyəsi bir qədər də artır. İkinci gedişdə leytenant Ksenofontovun idarə etdiyi BTR-in pəri ağaca ilişərək qırılır. BTR işlək vəziyyətini itirdiyindən suda batmağa başlayır. Bunu görən Rahib Məmmədov kənd sakinlərini düşürüb təcili olaraq əsgər yoldaşlarını xilas etməyə tələsir. Çox çətin olsa da, Ksenefontovun idarə etdiyi BTR-i xilas edir. Ancaq suyun səviyyəsi artmaqda davam etdiyindən xilasetmə işləri çətinləşir və hərbçilər mümkün təhlükəni əsas gətirərək xilasetmə işlərini dayandırmaq istəyirlər. Lakin kənddə hələ də adamların qaldığını görən Rahib Məmmədov mayor Kurşakov və leytenant Aleksandr Ksenefontovla birgə yenidən kəndə gəlir və qalan səkkiz nəfəri “BTR” in üzərinə yığaraq xilas edir. Qayıdan məqamda suyun səviyyəsi daha da artdığından Rahib Məmmədovun BTR-i idarə etməsi çox çətinləşir. Belə gərgin məqamda, üstəlik, BTR-in lüləsi körpünün üst örtüyünə ilişir və zərbədən əyilir. BTR suyun axınının əksi istiqamətində ilişdiyindən Rahib nə qədər çalışsa da, vəziyyətdən çıxa bilmir. Su isə artıq BTR-in lyükundan içəri dammağa başlayır. Bu zaman daha bir bədbəxtlik baş verir. Belə ki, zərbələrdən içəridə olan mayor Kurşakovun ayaqları sınır. Bu məqamda Rahib Məmmədov BTR-in üzərində olanlara özlərini quruya atmağı əmr edir. Özü isə bir anlıq BTR-ın lyükün açıb çıxmaq istəyərkən su şırnağı texnikanı yuxarı çırpır və Rahib Məmədov “BTR”-lə körpünün dəmiri arasında qalır. Leytenant Ksenofontovun dediyinə görə, məhz suyun təsirindən “BTR” sanki quruya atılır. Lyukdan çıxarkən Rahib Məmmədovun qan içində olduğunu görürlər. Həkim briqadası gələn zaman Rahib artıq keçinibmiş...
Rahibin qardaşı Sahib Məmmədov onu da qeyd edib ki, sənədlərdə qardaşının 28 nəfəri xilas etdiyi göstərirlər. Əslində isə o 28 nəfəri yox, 28 dəfə selin dərinliklərinə baş vurub və 60-dan çox adamı xilas edib: “Fəlakət olan kənddə yaşayan gürcülərin özlərinin də dediyinə görə, əslində Rahib daha çox adamı xilas edib. Sadəcə qeydiyyatı aparan erməni olduğundan həm "rels"lərin, həm də Rahib tərəfindən xilas edilən adamların sayını az göstərib. Burada da erməni xəbisliyi, saxtakarlığı özünü göstərib”.
“Ədəbiyyat və incəsənət”
(31.01.2025)
POETİK QİRAƏTdə Əlizadə Nuri “Dua” şeiri ilə
Təqdim edir: Könül, “Ədəbiyyat və incəsənət”
Poetik qiraətdə sizlərlə yenidən Əlizadə Nuridir. Bu dəfə o, duasını dinləndirir.
Hamı bir dəryaya tor atıb durub
Qızıl bəxt istəyir qızıl balıqdan.
-deyir şair. Necə də düzgün qeyd edir zavallı və aciz insanların istədiklərini.
Xoş mütaliələr!
Dua
Balıqçı toruymuş ömür deyilən,
Hamı öz torunu yığıb gedəcək.
Bəlkə bu sevinclə şəkil çəkdirim?-
Onsuz da bir azdan çıxıb gedəcək...
Yaxşı ki, bu gecə səhərə çıxdı,
Bağrı çatlamadı bu tənhalıqdan.
Hamı bir dəryaya tor atıb durub
Qızıl bəxt istəyir qızıl balıqdan.
Mən yerə asiyəm, göylər də uzaq,
Nə yaxşı ruhumun göy atları var.
Məni bu dünyada tapmaq çətindi
Tapacaq-kimin ki, qanadları var.
Bu yolu nə yaman uzun çəkiblər-
Yolun yarsında yorulur hamı.
İndi ürəyindən sınır adamlar
İndi çörəyindən vurulur hamı.
Qaldı şair başı dar ağacında-
O cavan saçlara indi dən düşür.
İlahi, bu dünya bir damla yaştək
Bəlkə də haçansa gözündən düşüb?!
Bəlkə son tövbədi sonuncu nəğmə,
Bəlkə son axşamdı elə bu axşam?
Bu dünya- qərib bir şəhər kimidi
Mən də bu "şəhər"də azıb qalmışam...
Nə yaxşı, dilimə toxundu adın,
Başladım adından həya etməyə.
İlahi, nə yaxşı lal doğulmadım-
Nə yaxşı,dilim var dua etməyə!
O üzdə nə varsa, görə biləydim,
Bir gün açılaydı göyün yaxası.
İlahi, bir dəfə üzünü göstər-
Adamlar bilmir ki, hara yıxılsın...
“Ədəbiyyat və incəsənət”
(30.01.2025)
Adil Babayev və Azərbaycan soneti- VAQİF YUSİFLİ
“Ədəbiyyat və incəsənət” portalının “Ədəbiyyat qəzet” ilə birgə ƏDƏBİYYATIMIZI SEVDİRƏK layihəsində bu gün sizlərə Vaqif Yusiflinin ədəbi tənqid yazısı təqdim edilir.
Adil Babayevin 100 illiyinə
Atası güllələnəndə o, ikiaylıq uşaq idi. Qafar Əliqulu oğlu Babayev o zaman (1925-ci ildə) Naxçıvan Muxtar Respublikasının daxili işlər komissarıydı. Ondan əvvəl də Hərbi komissar, Fövqəladə komissiyanın sədri vəzifələrində çalışmışdı və mənsub olduğu bolşevik partiyasına, Lenin ideyalarına sədaqətli idi. Amma uydurma sənədlər və üzünə duran adamların yalançı ifadələri əsasında Qafar Babayevi ölümə məhkum etdilər. İyirminci illər repressiya tufanının ilk zərbəsinə düçar olanlardan biri idi o komissar. Yalnız otuz ildən sonra - 1956-cı ildə Qafar Babayevə bəraət verdilər.
O ikiaylıq uşaq - gələcəyin istedadlı şairi Adil Babayev isə anası Xeyransa xanımın qayğısı, mehr-məhəbbətiylə böyüdü, yaşa doldu. Adil Babayev Naxçıvanda yeddiillik məktəbi, Tbilisidə orta məktəbi bitirdi. Orta məktəbi bitirəndən sonra elə Tbilisidə ikiillik Müəllimlər İnstitutuna daxil oldu. Ədəbi yaradıcılığa da elə o illərdə başladı. İlk şeirləri "Yeni qüvvə" jurnalında, "Sovet Gürcüstanı" qəzetində və "Gənc nəsil" almanaxında dərc edildi. Tbilisidə yaşayarkən, "Sovet Gürcüstanı" qəzetində ədəbiyyat şöbəsinə rəhbərlik elədi. Sonra Bakıya köçdülər. Yenə mətbuatda çalışdı. Daha sonra İncəsənət İnstitutunun teatrşünaslıq fakültəsini bitirdi.
Və günlərin bir günü "Çinar" şeirini yazdı. Bu şeirdə o, Vətənə dönən bir qürbətçinin duyğularını ifadə edirdi. O qürbətdən dönən qoca üzünü cavanlara tutub gənclik illərini yada salır:
O anıb öz gənclik macərasını,
Deyir oğlanlarım, şirindir vətən.
Ondakı hər soyuq daş parçasını
Minlərlə gövhərə dəyişmərəm mən.
Mən də cavan idim, mən də sevirdim
Zərif bir afətin gülüşlərini.
Min şirin xəyala dönərdi dərdim
Onunla gəzdikcə dağ döşlərini.
Daddıqca aləmin hər nemətini,
Dilbər guşələrdə ötdüsə ömrüm,
Dünyanın ən böyük səadətini
Bu boylu çinarın altında gördüm.
Bu şeiri oxuyan ustad Səməd Vurğun onun təsiri altında "Mənim arzum" şeirini qələmə aldı və 20-21 yaşlı cavan şairi ürəkdən alqışladı:
Şair, nə incədir rübabın sənin,
Uçurdu ruhumu çaldığın o saz!
Vətən torpağında bitən gülşənin
Yarpağı saralıb, çiçəyi solmaz!
Səməd Vurğunun bu cavan şairə belə ehtiram və qayğısı Adil Babayevin həyatında bir dönüş nöqtəsi oldu. Hansı cavan şair istəməzdi ki, ustad Səməd Vurğun onun haqqında söz deməsin? Adil Babayev tezliklə Azərbaycan Yazıçılar İttifaqına üzv qəbul olundu, amma tərcümeyi-halında atasını inkar etmədi, güllələndiyini gizlətmədi. Atası bəraət alandan sonra isə Sov.İKP üzvlüyünə qəbul olundu.
Daha rahat nəfəs almaq olardı. Artıq üzərindən "xalq düşməninin oğlu" nəzərləri götürülmüşdü.
Adil Babayevin şəxsiyyəti ilə şeirləri arasında heç bir ziddiyyət yox idi. Təbiətən saf, təmiz, işıqlı bir insan idi və bu xasiyyət onun şeirlərində də gözə çarpırdı. Nə yazırdısa, səmimi yazırdı. Onun şair səciyyəsi barədə hamının gəldiyi bir qənaət bu idi ki, Adil Babayev lirik şairdir. Sağlığında onun iyirmi kitabı çap olunmuşdu. Vəfatından sonra da neçə şeirlər kitabı işıq üzü görüb. Oğlu Etibar Babayevin tərtibi ilə çapdan çıxan "Fəsillər dəyişəndə" şeirlər kitabı fikrimizcə, ən sanballı toplu kimi diqqəti cəlb edir. Etibarlı oğul Etibar Babayev bu kitaba Adil Babayev sənətini və şəxsiyyətini işıqlandıran gözəl bir müqəddimə yazıb.
Adil Babayevin poetik yaradıcılığı həm mövzuca, həm də bədii sənətkarlıq baxımından zəngin və çoxcəhətlidir. Görkəmli tənqidçi-ədəbiyyatşünas, akademik Kamal Talıbzadə "Şair, nə incədir rübabın sənin!" məqaləsində yazırdı: "Onun şair rübabının sədaları rəngarəngdir. Həyatın, təbiətin hər hadisəsi onun şair könlünü həyəcana, riqqətə gətirə bilir. Onun üçün böyük, kiçik mövzu, böyük, kiçik hadisə yoxdur. O, Vətəndən də, onun yollarından da, xalqlar dostluğundan da, evlərinin qabağında ucalan qarağacdan da, siyasi hadisələrdən də, küləkdən də, alma ağacından da, ulduzlardan da eyni hərarətlə, eyni ilhamla yaza bilir. Lakin bütün bunlar əsas bir mövzu ətrafında cəmləşir - insana, onun arzularına, gələcəyinə xidmət! İnsan şairin ölçü vahididir:
Adım - insan,
XX əsr adlanır
yaşadığım zaman.
Beynimdə təfəkkürün çırağı.
Əlimdə zəhmətin
şəfəq rəngli bayrağı...
Qismətim sevincdir, həyəcan, intizar".
Adil Babayev həm də teatr aləmi ilə bağlı bir insan idi. Onun "M.Əzizbəyov adına teatr", "Şərəfli yol" monoqrafiyaları Azərbaycan teatrının tarixinə həsr olunmuşdu.
Bundan başqa, "Lütfəli Abdullayev", "Leyla Bədirbəyli", "Ağahüseyn Cavadov" kitabçaları görkəmli aktyorlar haqqındaydı. Onun teatrla bağlılığı "Dağlar qızı", "Yarımçıq portret", "Mənim məhəbbətim", "Qız görüşə tələsir" pyeslərinin müxtəlif səhnələrdə tamaşaya qoyulmasıydı.
Bu yazıda Adil Babayevin Azərbaycan ədəbiyyatında müstəsna yeri olan sonetlərindən söz açmaq istəyirik.
Məlumdur ki, sonet dediyimiz şeir formasının ilk nümunələri italyan ədəbiyyatında yaranmışdır. Onun yaradıcısı şair - vəkil Yakopo da Lentini olmuşdur. Sonralar bu şeir forması bütün Avropanı, Rusiyanı, Şərq ölkələrini gəzib-dolaşmış, XX əsrin əvvəllərində isə Azərbaycan ədəbiyyatına "müsafir" olmuşdur. Amma bu "uzaqdan gələn qonaq" illər keçdikcə bizim poeziyada öz yerini möhkəmlətmiş və digər şeir formaları kimi populyarlıq qazanmışdır. İndi Azərbaycan sonetindən söz açmaq olar.
Adil Babayevdən, onun yaradıcılığından söz açanda sonet janrı yada düşür və bu söz olmadan ümumiyyətlə, ondan danışmaq yarımçıq təsir bağışlayar. Qətiyyətlə deyə bilərik ki, Azərbaycan ədəbiyyatında sonetin - bu Qərb ədəbiyyatının (italyanların, ingilislərin, fransızların) bizim ədəbiyyatımıza "təşrif" buyuran şeir formasının poeziyamızda özünəməxsus yer tutmasında, milliləşməsində Adil Babayevin xidmətləri böyükdür. O, Azərbaycan sonetinin formalaşmasında böyük rol oynamışdır. Hərçənd ki, Azərbaycan poeziyasında sonet janrı artıq XX əsrin əvvəllərində təşəkkül mərhələsi keçirmişdi, 1920-1950-ci illərdə axtarış mərhələsinə qədəm qoymuşdu. Filologiya elmləri doktoru Hüseyn Həşimlinin "Azərbaycan poeziyasında sonet və terset" (Bakı, 2003) və filologiya elmləri namizədi Elşad Səfərlinin "Sonet janrı və Azərbaycan soneti" monoqrafiyalarından öyrənirik ki, Azərbaycan ədəbi mühitinə sonet bir janr kimi, öncə qeyd etdiyimiz kimi, XX əsrin əvvəllərində vəsiqə almışdır. Həmin dövrdə Osmanlı ədəbiyyatında bir sıra Qərb mənşəli lirik janrlarla bərabər, sonetə də müraciət olunurdu, T.Fikrət, M.E.Yurdakul, C.Sahir, Ə.Kamal kimi şairlər bu sahədə uğurlu nümunələr yaradırdılar. Bu müəlliflərin əsərləri o zaman Azərbaycan dövri mətbuatında da özünə yer tuturdu. H.Həşimlinin yazdığına görə, bizdə ilk soneti Seyid Səlmasi qələmə almışdır. Sonralar H.Cavid, Əlipaşa Səbur, Ə.Abid də bu janrda bəzi nümunələr yaradırlar. İyirminci-əllinci illərdə isə A.Şaiq, H. Cavid, S.Rüstəm, S.Vurğun, A.Əlirza, M.Müşfiq, A.Yıldırım, Ə.Cəmil, Ə.Kürçaylı - biri az, biri çox - sonetlər yazırlar. Amma Azərbaycan soneti altmışıncı illərdən başlayaraq hərtərəfli yüksəliş yoluna qədəm qoyur və onun ən məhsuldar yaradıcısı Adil Babayev olur. Adil Babayev bir müsahibəsində deyir ki, mən İtaliyada Petrarka, Dante, İngiltərədə Şekspir, Rusiyada Puşkin, Fet, Bryusov kimi böyük sonet ustalarının yaradıcılıq təcrübəsindən bəhrələnərək öz poeziyamızda bu formanın yeni nümunələrini yaratmağa çalışdım.
Adil Babayev 240-a yaxın sonet müəllifidir. Bunların böyük bir qismi italyan soneti formasındadır (iki katren - hər biri dörd misra və iki terset - hər biri üç misra). Müəyyən sxemə, quruluşa tabe olsa da, sonetdə şairin söz deməyə, fikrini poetik şəkildə ifadə etməyə imkanları çoxdur. Adil Babayevin şairlik istedadı buna yetirdi və Xalq şairi Bəxtiyar Vahabzadə bir məqaləsində qeyd etmişdi ki, Adil Babayevin sonetləri Avropa sonetinin qaydalarını saxlasa da, Şərq qəzəli ruhundadır, bir növ, sonetlə qəzəl sintez olunur. Adil Babayev Qərb şeiri şəklinə yeni ruh gətirmişdir.
Onun sonetlərini mövzular üzrə nəzərdən keçirsək, şairin daha çox bu formanın fəlsəfi məzmununa, həyat, ölüm, ömür yolları, dünya, zaman, sevgi haqqında düşüncələrinə diqqət yetirdiyinin şahidi olarıq. Sonetdə vəsf və tərənnüm də var, təbiət mənzərələri də öz əksini tapır, sevgi də tərənnüm olunur, amma fəlsəfi ahəng onun başlıca xüsusiyyətlərindən biridir.
İnsan gəlir dünyaya, yaşayır, bir gün köçür,
Sağ ikən ölən də var, ölüb sağ qalan da var.
Günlərin əllərindən gah şirin şərbət içir,
Gah acı zəhər içir dünyada yaşayanlar.
Mənə də bəxş edilib adi bir insan ömrü,
Ya tez, ya gec, bir gün çatacaq sona.
Ana torpaq, bəlkə də dərindən köks ötürüb,
Alacaq övlad kimi məni də öz qoynuna.
Ölüm müdhiş deyildir, yaşamaq çətin işdir,
Onun hər dəqiqəsi enişdir, yüksəlişdir.
Gəlin, əziz dostlarım, yaşamağı öyrənək.
Əlçatmaz üfüqlərə toxunsun qanadımız,
Coşğun nəğmələr kimi səslənsin həyatımız,
Öləndə də yaşayaq ölümsüz nəğmələrtək!
Bu, Adil Babayevin kitablarında ilk sonet kimi təqdim edilir. Daha sonrakı sonetlərdə şair gözəllikdən, onun insana bəxş etdiyi sonsuz sevinc və səadətdən, sözün "fikrin sərkərdəsi, xəyalın zinəti" olmasından, riyakarlığın, xəyanətin "zəhərli bir qan" kimi insanların mənəvi aləmini puç etməsindən, keçmişin gələcəyə körpü olmasından, təbiətin "ən böyük rəssam" kimi insanlara zövq və səfa bəxş etməsindən ("Əzəldən riyakar deyil təbiət"), ömrün qısalığından ("Əbədidir dünyamız, ötəridir ömrümüz"), şeirin əvəzolunmaz missiyasından ("Şeir - oyuncaq deyil, oynadasan, qırasan, Şeir - çiçək deyil ki, tullayasan solanda"), təzadlı dünyamızdan, sevgidən doğan həsrətdən ("Nə vaxtdır məhəbbət qürbətindəyəm, Mənə yad görünür doğma şəhərim") və s. bəşəri məsələlərdən söz açır. Bütün sonetlərin qəhrəmanı şairin özüdür və o öz dünyasından böyük dünyaya boylanır, XX əsr insanının duyğu və düşüncələrini izhar edir. Sərbəst şeirdən başqa bütün şeir formaları müəyən qəliblə diqqəti cəlb edir, amma hər hansı şeir qəlibinə görə deyil, məzmununa, "o dar qəfəsdə" ifadə etdiyi fikirlərə görə oxunur, yayılır, sevilir. Bir nümunə gətirək:
Axıdın çayları damarlarıma
Səpin şimşəkləri sinirlərimə.
Fikrimi, duyğumu çəkin tarıma,
Alov qarışdırın alın tərimə.
Ürəyim hayqırsın sellər içində,
Darda, can verəndə uzansın əlim.
Tufanda, yağışda, boranda, çəndə
Tək qalan bir dostu qurtara bilim.
Dərələr, yarğanlar olsun yatağım,
Yansın susuzluqdan dilim-dodağım.
Çəkim yollar boyu əzab, əziyyət,
Günlərim bənzəsin burulğanlara,
Gah zəfər qazanım, gah alım yara;
Axı, düşmənimdir süstlük, ədalət.
Və sonuncu sonetinin iki terseti belə bitir:
Qoy yapışsın əlimdən günəşin şəfəqləri,
Yenə qalxım ayağa, seyr edim üfüqləri.
Çağlasın varlığımda işıq dolu bir ilham.
Mən ömür istəmirəm riya, xəyanət üçün;
yurduma gərək olan söz üçün, sənət üçün -
Ömürdən doymamışam,
həyatdan doymamışam.
"Ömürdən doymamışam, həyatdan doymamışam" deyən Adil Babayevin təəssüflər ki, ömrü qısa oldu, cəmi əlli iki il yaşadı. Amma bir şair kimi unudulmadı. Onun sonet yolu elə sağlığında və ölümündən sonra poeziyamızda davam elədi (Abbasağa Azərtürk, Şəkər Aslan (ilk sonetlər çələnginin müəllifi), Abbas Abdulla, Sabir Mustafa, Vaqif Hüseynov, İltifat Saleh, Balayar Sadiq, Elşad Səfərli, Əli Nasir, Əhməd Haqsevər, Mirhaşım Talışlı və b.).
"Təzədən doğulur şair ölən gün" - bu misra da Adil Babayevindir və onun ölümündən ötən bu 48 il ərzində o həmişə bizim üçün təzədən doğulub. Çünki əsl şairlər ölümündən sonra bir daha doğulurlar...
“Ədəbiyyat və incəsənət”
(30.01.2025)
“Özümü qədimdən bu günə daşınan bir karvancı kimi hiss edirəm” –İSKƏNDƏR PALA İLƏ MÜSAHİBƏ
Enver Aykol, “Ədəbiyyat və incəsənət” portalının Türkiyə təmsilçisi
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu ilə “Ədəbiyyat və incəsənət” portalının birgə layihəsi olan TÜRK MƏDƏNİYYƏTİNİN ÜNLÜLƏRİ layihəsində bu gün sizlərə çağdaş Türkiyənin ən tanınmış yazarlarından biri, Türkiyə Cumhuriyyəti Prezidentliyi Mədəniyyət və İncəsənət Siyasətləri Şurasının sədri olan İskəndər Pala ilə müsahibəni təqdim edirik.
-İskəndər bəy, əvvəlcə müsahibə təklifimizi qəbul etdiyiniz üçün sizə təşəkkür edirik. Daha əvvəl "Od", "Şah və Sultan", "Babildə Ölüm İstanbulda Eşq", "Karun və Anarşist" romanlarınızı oxumuş biri olaraq, divan ədəbiyyatı üzrə çalışmalarınızın yazıçılığınıza böyük təsir göstərdiyini düşünürəm. Əsərlərinizdə qədim mədəniyyətimizin zənginliyini və müasir dövrün şərtlərini uğurla birləşdirdiyinizi görürük. İskəndər bəy, romanın digər ünsürlərinə keçmədən əvvəl, ədəbiyyatın ən əsas tikinti materialı olan dil barədə sizinlə kiçik bir söhbət etmək istəyirəm. "Eşq Hekayəsi" 1500-cü illərin sonu ilə 1600-cü illərin əvvəllərində Osmanlı coğrafiyasında cərəyan edir. Krım, Qara dəniz və nəhayət, paytaxt İstanbul... Həm dövrün dilini, həm də az öncə adını çəkdiyimiz bölgələrin şivələrini romanda işləyərkən hansı meyarları nəzərə alırsınız? Həm dövrün atmosferini qurmaq, həm də müasir oxucuya xitab edəcək bir əsər yaratmaq sizin üçün çətin olmadımı?
-Tarixə dair bir şey yazacaqsınızsa, qarşınızda bir neçə çətinlik olacaq. Əvvəlcə yazdığınız dövrün dilini, coğrafiyasını, gündəmini, ictimai həyatını, ənənə və adətlərini araşdırmaq lazımdır. Peşəkar təcrübəmi divan ədəbiyyatı üzərində cəmləşdirmiş olmağım bütün bu məsələləri mənim üçün bir qədər asanlaşdırır. Yenə də romanlarıma məkan olaraq seçdiyim şəhər və yaşayış yerlərinin hansı zaman kəsiyində necə bir demoqrafik quruluşa malik olduğunu araşdırmağa laqeyd yanaşmıram. Romanın keçdiyi zaman kəsiyində danışılan türkcənin xüsusiyyətlərini qorumaq da vacibdir. Xüsusilə müraciət cümlələrində, şəxslər haqqında istifadə edilən ləqəblərdə, peşə adlarında, sabit müraciət ifadələrində, ənənəvi və gündəlik həyat ifadələrində dövrün dilini tutmaq lazımdır. Oxucunun özünü bir tarix dəhlizində hiss etməsi buna bağlıdır. Müasir dillə keçmişin dilini müəyyən bir səviyyədə birləşdirmək lazımdır. Qəhrəmanlarınız tamamilə tarixə aid terminologiya və ya danışılan dövrün dili ilə danışarsa, bugünkü oxucu bir şey başa düşməz və kitabı dərhal kənara qoyar. Məncə, tarixi romanın uğuru bu dil və ifadə balansını yaxşı qura bilməkdə düyünlənir. Məkan, ənənə, tarixin axışı, hadisələrin şərhi kimi tarixdən alınan hər bir element dil və ifadəni dəstəkləyən faktorlardan ibarətdir. Nəticədə, bir romançı hansı dövrü danışırsa, özünü həmin dövrə uyğunlaşdırmalı, sanki orada yaşayırmış kimi bir reflekslə romanını yazmalıdır. Bu baxımdan mən də XVII əsrin əvvəllərindəki İstanbul, Krım, Misir kimi yerləri dərindən araşdıraraq işə başladım. Bugünkü Bolqarıstanda qalan Kaliakra – tariximizdəki adı ilə Kalyekara – başda olmaqla bəzi yerlərə səfərlər edib, yerində araşdırmalar apardım, coğrafiyanı incələdim. XVII əsrin əvvəllərinə aid kitablardan da o günkü vəziyyətlərini öyrəndim. Tarixi adların coğrafiya ilə uyğunlaşan xüsusiyyətlərini belə incələdim.
-Söz buraya gəlmişkən, romanda diqqətimi çəkən digər bir mövzu da yer adlarıdır. Bildiyiniz kimi, Rus Çarlığı və daha sonra Sovetlər Birliyi çoxlu Türk şəhərini işğal etdi. Ardınca, işğal etdikləri bölgələrdəki Türk mədəniyyətini ortadan qaldırmaq üçün şəhər və köylərin qədim Türk adlarını dəyişdirdilər. Günümüzdə xüsusən Qırım tatarları, Türk yaşayış yerlərinin Rusca isimlərlə anılmasından çox narahatdırlar. Akmescit yerinə Simferopol, Kefe yerinə Feodosiya kimi... Bəs siz, romana hazırlıq edərkən hekayənin keçdiyi coğrafi bölgələrə dair necə bir araşdırma apardınız?
-Coğrafa üstündəki hakimiyyətlərin dəyişiməsi və idarələrin əldən-ələ keçməsi təəssüf ki, tarixi silmək üzərinə qurulmuş tədbirlərlə irəlilər. Bunun əksinə hərəkət edən millətlərin başında türklər gəlir. Babalarımız fəth etdikləri yerlərin adını dəyişdirmək əvəzinə, çox vaxt bu adları öz dillərindən oxşardıqları sözlərlə anmağı tərcih edirdilər. Xüsusilə yaxın çağdakı işgallar, fəthlər, istilalar təəssüf ki, amansızca tarixə zərər vurmuş, Osmanlının parçalanma prosesində isə bütün işgalçı millətlər öncə adları dəyişdirərək imperialist hakimiyyətlərini qərarlaşdırmağa çalışmışlar. Təəssüf ki, 20-ci əsr daxil olmaqla son iki əsrin imperial anlayışı mübarizəni kimlikləri silməklə başlatmış, yer və şəxs adlarını dərhal dəyişdirmiş, ibadətxanələrin, milli və dini quruluşların təhrif və ya dönüşümünü təşvig etməklə davam etdirmiş, ənənə və mərasimlərin qadağan olunmasıyla son zərbəni vurmuşlar. Mən romanlarımda Osmanlı coğraflarında gəzinərək bu adları tariximizdəki şəkilləriylə istifadə etməyi tərcih edirəm. Bu baxımdan tarixi yer adları sözlükləri daim masamda olur. Bununla birlikdə, oxucunun zehinində sual işarəsi yaradacaq adlar olduqda, ya günümüzdəki qarşılığını da qeyd edərək, ya da bir münasibət tapıb, başqa millətlərin oraya hansı adla müraciət etdiyini roman qəhrəmanlarından birinə dedirdərək hadisələrin keçdiyi yeri izah edirəm.
-Romanda formal olaraq dərhal diqqəti çəkən bir mövzu var. Xarakterlərin özləriylə söhbətlərini, daxili dialoqlarını - ki bunlar çox vaxt bir, iki cümlədən ibarət olur - fərqli bir şəkildə vermişsiniz. Buradakı məqsədiniz aradakı fərqi oxucuya daha açıq bir şəkildə bildirməkmi? Oxucunun idrakına kifayət qədər etibar etmirsinizmi? Daxili danışıqların ötürülməsi üzrə sizin fikrinizcə fərqli metodlar vardırmı?
-Oxucunun idrakına güvənməməkdənsə, roman xarakterinin daxili aləmindəki zənginliklərin oxucu tərəfindən bilinməsi deyək buna. Əlbəttə, daxili səsləri fərqli metodlarla vermək mümkün, amma mən roman axışını pozmadan bir cümlə-i muterize həlində verməyi tərcih edirəm. Bunu öncəki romanımda, Surname'də tətbiq etmiş və oxucunun xoşuna getdiyini təcrübə etmişdim.
-Romanda Kaligra pirinin Bahşı’ya dediyi “Sən Leyla’ya təlipsən, Mevla’ya yollar, yollar var...” ifadəsi bizə Bahşı’nın daha ilk mərtəbəni keçə bilmədiyini göstərir. Günümüzdə Leyla’nı bilmədən Mevla’ya təlip olan çox insan var. Romanınızı oxuduqdan sonra ağlıma belə bir sual gəldi: Leylasını tapa bilməmiş, sevgini heç dadmamış biri həqiqətən Mevla’ya çata bilərmi? Mevla’ya gedən yollar Leylaların körpüsündənmi keçir?
-Təsbitinizdə tamamilə haqlısınız. Təəssüf ki, günümüzdəki səthi anlayış Leyla’nı ya əhəmiyyətsiz hesab edir, ya da onu ucuz bir əmtəə kimi görür. Sevgi sözünün mənası artıq o qədim əzəməti ilə yaşamır. Mövlana həzrətləri deyir ki, “Sevgi şəfadır, sevgi gücdür, sevgi dəyişimin möhürüdür!” Yerdəki hər şey – çörək otundan günəşə qədər - sevgi ilə yoğrulmuş, sevgi ilə var olmuş, sevgi ilə hərəkət etmişdir. Kainatda hər şey sevgi ilə yaradılmış, sevgi hamuru könüllərə mayalanmışdır. Sevgi unudulanda insanlar əzab çəkməyə başladı, pisliklər və zorakılıqlar baş qaldırdı. Bu gün dünya sevginin şəfasına, gücünə möhtacdır. Şikayət etdiyimiz dünyanın dəyişməsi üçün yeganə resept sevgidir. İşlər sevgi ilə görülərsə, düyünlər sevgi ilə bağlanarsa, insanlar sevgi ilə görər, baxar, eşidər və irəliləyərsə, bəşəriyyət qurtuluşa yönələcəkdir. İnsan içindəki sevgini itirdiyi üçün dünyada körpələr ölür, günahsızlar həyatını itirir, zalımların zülmü artır.
-Romanda köləlik məsələsini dramatik və realist bir üslubla işləyirsiniz. Xüsusilə fırtınaya düşən gəmidəki heyətin kölələrə qarşı münasibəti olduqca təsirlidir. Səmi Paşazadə Səzaidən bu günə qədərki dövrü nəzərə aldığınızda, ədəbiyyatımızda köləlik məsələsinin kifayət qədər işlənildiyini düşünürsünüzmü? Yazıçılarımız köləlik mövzusunu qələmə almaqdan çəkinirmi?
-Köləlik anlayışına müasir həyatın refleksləri ilə baxanda insan şiddət və ya mərhəmətsizlik hiss edir. Osmanlıdakı köləlik sistemi əsla Avropanın zalım köləlik anlayışı ilə eyni deyildi. Xüsusilə Afrikadan edilən imperialist kölə ticarətindəki zülmlər və ya vicdanları incidən davranışlar əsla əcdadımızın seçimi ola bilməzdi. Bütün bunlara baxmayaraq, bir insanın azadlığını itirməsi başlı-başına bir insanlıq faciəsidir. Mən romanımda bu faciəni çatdırmağa çalışdım. Hətta kölələrin azadlığı üçün xüsusi bir xətt qurdum.
-Köləlik mövzusuna toxunmuşkən, başqa bir məqama da toxunmaq istəyirəm. Gunala, aşiq olduğu Bahşı’ya “Azadlıq bəlkə də sevgiliyə kölə olmaqdır, əfəndimiz!” deyir. İnsan özünü sevgiyə təslim etmədən kamilləşə və azadlığa qovuşa bilərmi?
-Mən insaniyyət anlayışını dolduran dəyərləri çox əhəmiyyətli hesab edirəm. Allah insanı bu dəyərlərlə yaratmışdır. Yəni mayamızda yaxşılıq, zəhmətkeşlik, dürüstlük, gülümsəmək, sevmək, dostluq kimi dəyərlər var. İnsanlıq anlayışını dolduran bu dəyərlərdən uzaqlaşdıqca həm özümüz əzab çəkirik, həm də ətrafımıza zərər veririk. Sevgi, bu dəyərlərin hamısını özündə birləşdirən, onlardan bir miqdar alaraq var olan bir hissdir. Aşıqsınızsa, məşuqun hüzurunda pislik edə bilməzsiniz, tənbəllik etməzsiniz, dürüstlükdən ayrılmazsınız, gülümsəməyi bir kənara qoymazsınız, düşmənçilik hissləriniz qabarmaz, hər kəslə barışıqda olarsınız və s. Beləliklə, Mövlananın dediyi kimi, insan yalnız sevgi ilə xilas olar, qurtuluşunu təmin edər. Əgər siz sevgi yolunda Leyla’nın adını silsəniz, Mevla’ya gedəcək yollar çətinləşər, yol itər...
-Romanda Mahmut Dede’nin çoxqatlı bir hekayəylə (hekayə içində hekayə danışaraq) Evrennik İshak və Sülün Mustafa’nın sualına cavab verdiyi bir bölüm var. Bu hissə mənə Mövlananın “Məsnəvi”si ilə Əttarın “Məntiqu’t-Tayr”ını xatırlatdı. Əlbəttə, üstqurmacanın ədəbiyyatımızda artıq tez-tez istifadə edilən bir texnika olduğunu bilirik. Ancaq klassik əsərlərimizin sizin üzərinizdəki təsirini maraq edirəm. Bu barədə bizi məlumatlandıra bilərsinizmi?
-Mən klassik ədəbiyyat müəllimiyəm və təbii ki, materialımı da klassik əsərlərdən seçirəm. Bu baxımdan özümü qədimdən bu günə daşınan bir karvancı kimi hiss edirəm. Əcdadımızın topladıqlarını bu günün oxucusuna çatdırmaq vəzifələrimdən biridir. Akif mərhumun ifadəsiylə əcdadımızın malik olduğu mədəniyyət mirasını “dövrün idrakına söylətmək” mənim borcumdur. Qalib Dədə'nin “Çaldımsa da miri malı çaldım” dediyi nöqtə, yəni.
-Sevgi bu kitabda olduğu kimi bir çox romanınızın da əsas mövzusunu təşkil edir. “Aşk Hikayesi” adlı kitabınızdan sonra hələ də sevgi haqqında söyləyəcək bir sözünüzün, danışacaq yeni bir hekayənizin olduğunu düşünürsünüzmü?
-Bənzər bir sualı redaktorlarımdan biri də verdi və bu kitabdan sonra sevgi haqqında başqa nə yaza biləcəyimi sorğuladı. Məncə sevgi tükənməz bir xəzinədir, bir “hikaye-i la tentehi”... Bu romanı sevgi üçün yazdığım doğrudur. Sevginin əsilzadəliyini, getdikcə yayılan “Aşkım!” xitabındakı səthiliyi, sevginin yalnız cinsəllik olmadığını, sevginin qat-qat kamilliyə doğru irəliləyən bir yol olduğunu oxucuya göstərmək və bu mövzuda həm özünü sorğulamasını təmin etmək, həm də daha yüksək sevgilərə talib olmaq yolunda hərəkətə keçməsinə bələdçilik etməkdir niyyətim. Qırımda Bahçesaraylı iki gəncin hekayəsi olaraq başlayıb İstanbulda digər iki aşiq ilə qarşılaşan, toqquşan və mürəkkəb bir burulğana çevrilən bir həsrət, bir hicran, bir firqət macərasıdır mənim danışdığım. Sultan I. Əhməd dövrünün İstanbulunda sarayla xalq arasındakı keçidlərdə savrulan qəhrəmanlarımızın həsrətlə düyünlənən əzablarında sevginin bütün hallərini əks etdirməyə çalışdım. Qısaca tarixdə nümunəsinə tez-tez rastlanan qara sevdaları anlatdım. Oxucunun sevgi səbəbilə ağlamasını istədim. Ağlayacaq da. Bəlkə sevgisini göz yaşıyla yuyarsa, həqiqətə gedən yolu daha yaxşı görəcək, çirklənən gözlərindən ürəyinin təmizliyinə bir yol tapacaq.
-Son olaraq kitabla bir az uzaqlaşaraq bir sual vermək istəyirəm. Müasir yazarlarımızı da nəzərə alaraq günümüzün Türk romanı haqqında nə düşünürsünüz? Bugünkü roman öz səsini tapa bildimi? Yoxsa sabahlara qalacaq olan bir neçə romançının şəxsi sədasıdırmı?
-Bu çox dərin və təhlillər tələb edən bir sualdır, əzizim. Hər dövr öz səsini göy qübbəyə həkk etməkdə mahirdir; amma intensiv, amma səthi... Məni düşündürən əsas şey günümüzdən geriyə qalacaq romanlardan çox, romanın bir forma, bir janr olaraq davam edib-etməyəcəyidir. Yəqin ki, on il sonra romanların içinə QR kod yüklənməyə başlanacaq, rəqəmsal dünyadan vizuallar təklif olunacaq, sözlərin, cümlələrin, paraqrafların yerini ekran hərəkətləri və rənglər tutmağa başlayacaq. Bunu düşünmək məni qorxutmur. Çünki roman bir məzmundur. Məzmuna sahib olub onu təqdim etmək gələcək nəsillərə də xitab etmək deməkdir. Roman olaraq oxumasalar belə, film olaraq izləyib vizuallarıyla vaxt keçirəcəklər, sizinlə tanış olacaqlar. Bu səbəblə mən bütün romanlarımda gələcəkdə də mənalı olacaq məzmunları seçməyə çalışıram. Sözümün tarixdə qalacağına da inanıram. Nə qədər müddət deyə soruşsanız, bax bu, sözümün dəyəriylə bağlıdır. Günümüzün romanının səsini yaradacaq yazarların da bu məsələyə riayət etmələri lazım olduğuna inanıram. Yalnız əyləncə üçün roman yazmaq yerinə bir sancısı, bir ideologiyası olan romanlar yazmaq lazım deyilmi?! Sənət sənət üçündür görüşünə hörmətlə yanaşmaqla birlikdə, dövrümüzdə sənətin cəmiyyət üçün olması daha faydalı deyilmi?
İSKƏNDƏR PALANIN TƏRCÜMEYİ-HALI
İskəndər Pala 1958-ci ildə Uşaqda anadan olub. İstanbul Universiteti Ədəbiyyat Fakültəsini bitirib (1979). Divan ədəbiyyatı sahəsində doktor (1983), dosent (1993) və professor (1998) olub. Divan ədəbiyyatının xalq kütlələri tərəfindən yenidən sevilib başa düşülməsi üçün klassik şeirdən ilham alan məqalələr, esselər, hekayələr və qəzet yazıları yazıb.
Təşkil etdiyi Divan Ədəbiyyatı seminarları və konfransları geniş kütlələr tərəfindən izlənilib və "Divan Şeirini Sevdirən Adam" kimi tanınıb. Bəzi işləri ilə Türkiyə Yazarlar Birliyi Dil Mükafatını (1989), Türk Dil Qurumu Mükafatını (1990), Türkiyə Yazarlar Birliyi Araşdırma Mükafatını (1996) qazanıb. Həmşəhərliləri tərəfindən "Uşaq Xalq Qəhrəmanı" seçilib. Babil’de Ölüm İstanbul’da Aşk, Şah ve Sultan, Od, Efsane, Mihmandar, Karun ve Anarşist adlı romanlarının nəşrləri yüz minlərlə çatıb. Bu romanları bir çox mükafat alıb və xarici dillərə tərcümə edilib. 2013-cü il Prezident Böyük Mükafatına ədəbiyyat sahəsində layiq görülüb. Hal-hazırda T.C. Prezidentliyi Mədəniyyət və İncəsənət Siyasətləri Şurasının sədri vəzifəsini icra edir.
“Ədəbiyyat və incəsənət”
(30.01.2025)
Günün fotosu: Fransada silahlı qarşıdurma təhkükəsi
Günün fotosu: Fransada silahlı qarşıdurma təhkükəsi
Fransa Milli Jandarma Komutanı Yüber Bono, təşkilatın əməkdaşlarına göndərdiyi məktubda Fransada silahlı münaqişənin "ciddi ehtimalı" barədə xəbərdarlıq edir.
General Bono'nun fikrincə, “müxtəlif subyektlər və rəqiblər" ölkədə vəziyyətin qeyri sabitləşdirilməsi üçün cəhd edirlər.
Foto: Euronews
“Ədəbiyyat və incəsənət”
(30.01.2025)