Nemət Tahir, “Ədəbiyyat və incəsənət” portalının Qarabağ təmsilçisi
10 may 2025-ci il tarixi Azərbaycan mədəniyyət salnaməsinə yeni və şərəfli bir səhifə kimi yazılıb, belə ki Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın iştirakı ilə Ağdam Muğam Mərkəzinin təntənəli açılışı baş tutub. Bu möhtəşəm hadisə işğaldan azad edilmiş Ağdamda mədəni həyatın bərpası və inkişafı yolunda atılan mühüm addımlardan biridir.
Açılış mərasimində çıxış edən dövlət başçısı bu açılışın Ulu Öndər Heydər Əliyevin doğum gününə düşməsini rəmzi məna daşıdığını vurğulayıb, Qarabağın mədəniyyət beşiyi olduğunu və muğamın bu torpaqların yaddaşında necə dərin izlər buraxdığını xüsusi qeyd edib. Bu cür mədəni tədbirlərin Qarabağda mədəni irsin yaşadılmasına yönəldiyini bildirib.
Rəsmi açılışdan sonra təşkil olunan konsert proqramı həm məzmunu, həm də ifaçı heyəti ilə rəngarəng olubdur. Konsertdə xalq artistləri Mənsum İbrahimov, Aygün Bayramova, Alim Qasımov, Fərqanə Qasımova, Nazakat Teymurova və digər ustad sənətkarlar çıxış ediblər. Muğamın müxtəlif növləri – “Çahargah dəramədi”, “Şüştər rəngi”, “Qarabağ şikəstəsi”, xalq mahnıları və təsniflər ifa olunub. Konsertin ən duyğusal anlarından biri isə Üzeyir Hacıbəylinin “Leyli və Məcnun” operasından “Görüş səhnəsi”nin təqdimatı idi.
Xüsusi vurğulanmalı məqamlardan biri də Ağdam rayonunun Gülablı kənd Uşaq Musiqi Məktəbinin şagirdlərinin səhnədə çıxış etməsi idi. Əhəd Ağayev, Türrə Hüseynova və Rüfət Axundov kimi gənc istedadlar “Qarabağ şikəstəsi”ni ifa edərək həm tamaşaçılardan, həm də sənətkarlar tərəfindən böyük alqış qazanıblar. Bu, Qarabağda muğamın yalnız yaşadılmadığını, eyni zamanda gənc nəslə ötürüldüyünü göstərir.
Tədbirdə Ağdamın tanınmış ziyalıları, mədəniyyət və ictimai xadimləri iştirak edib. Onlar üçün bu gün həm keçmişin nisgilini, həm də gələcəyin ümidini özündə birləşdirən unudulmaz bir hadisədir.
Ağdam Muğam Mərkəzinin açılışı təkcə bir mədəniyyət ocağının istifadəyə verilməsi deyil, həm də işğaldan sonra dirçələn mədəni ruhun təntənəsidir.
Muğam bu torpaqda yenidən səsləndi – daha gur, daha inamlı və gələcəyə ümidlə baxaraq.
“Ədəbiyyat və incəsənət”
(10.05.2025)