Super User
Cəlilabadda milli-ədəbi layihə
("Turan ellərinin söz çələngi" layihəsinin yekunu və eyniadlı ədəbi məcmuənin təqdimat mərasimindən reportaj)
Nigar Həsənzadə,
“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi
30 may tarixində “Həməşəra” müstəqil, elmi, tarixi, mədəni və ictimai rüblük mətbu orqanı və Cəlilabad Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) birgə təşkilatçılığı ilə Cəlilabad şəhər MKS-nin inzibati binasında fəlsəfə üzrə fəlsəfə doktoru, Azərbaycan Yazıçılar Birliyi, Azərbaycan Jurnalistlər Birliyi və Turan Yazarlar Birliyinin üzvü, yazıçı-publisist İlqar İsmayılzadənin cari ilin son ayları ərzində (24.03.2026-04.05.2026) Cəlilabad ədəbi mühitinin bir qrup şairlərinin iştirakı ilə uğurla həyata keçirdiyi "Turan ellərinin söz çələngi" adlı layihənin yekun mərhələsi olaraq işıq üzü görmüş eyniadlı kitabının (ədəbi məcmuə və ya antalogiyanın) təqdimat mərasimi keçirildi.
Vətən və dövlətçilik uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsinin anılması hədəfi ilə 1 dəqiqəlik sükutla başlayan tədbirdə rayonun bir qrup tanınmış ziyalı simaları, ictimaiyyət nümayəndələri, müəllimlər və xüsusilə də Cəlilabad ədəbi mühitinin parlaq simaları iştirak etdilər və yüksək səviyyədə, həm də mənəvi aurada keçirilən tədbir iştirakçıların məmnuniyyəti ilə yadda qaldı.
Tədbirin aparıcısı, eyni halda layihə rəhbəri və kitab müəllifi yazıçı-publisist İlqar İsmayılzadə öz çıxışında ərsəyə gəlmiş kitabla bağlı əhatəli məlumat verərək, indiyədək rayon, bölgə və respublika səviyyəsində milli kimlik, türkçülük, Turan məfkurəsi və turançılıqla bağlı belə bir ədəbi məcmuənin qeydə alınmadığı, "Turan ellərinin söz çəlləngi" layihəsi çərçivəsində ərsəyə gəlmiş eyniadlı kitabın uyğun mövzuda ilkə atılmış bir imza olduğunu tədbir iştirakçılarının diqqətinə çatdırdı.
O, hər bir vətəndaşın və xüsusilə də söz və qələm əhlinin öz milli kimliyinə sadiq qalmasını bir vazkeçilməz zərurət adlandıraraq, milli kimliyin tarix, mədəniyyət, dil və milli-mənəvi dəyərlər anlamında olduğu və qanunvericilik baxımından milli kimliyin qorunması və yaşadılmasına icazə verildiyini, yalnız ifrat millətçilik və milli-irqi ayrıseçkiliyin qanunvericilik baxımından yasaqlandığını bildirdi.
İ.İsmayılzadə söhbətinin davamında indiyədək həmin layihə çərçivəsində Cəlilabad ədəbi mühitindən 24 şairin təsbit edildiyi və onların milli kimliklə bağlı bir-birindən gözəl və dərinmənalı şeirlərinin "Turan ellərinin söz çələngi" adlı ədəbi məcmuədə nəşr olunduğunu vurğuladı.
Tədbirdə iştirak edən Cəlilabad ədəbi mühitinin tanınmış nümayəndələrindən:
1. Ustad Zülfi Vellidağ (Cəlilabad Rayon Ağsaqqallar Şurasının İdarə Heyətinin üzvü, TYB-nin üzvü, "Həməşəra" və "Nizami Gəncəvi" Fəxri Diplomları laureatı, ədəbiyyatşünas, yazıçı-şair);
2. Solmaz xanım Məmmədova (keçmiş SSRİ Jurnalistlər Birliyinin üzvü, "Qönçə" Yaradıcı Qadınlar Birliyinin sədri, "Həməşəra" və "Nizami Gəncəvi" Fəxri Diplomları laureatı, veteran jurnalist, yazıçı-publisist, şair);
3. Gülşən xanım Şahmuradlı (TYB-nin üzvü, "Qızıl Qələm" Media Mükafatı, "Həməşəra" Fəxri Diplomu və TYB-nin Ödülü laureatı, şair);
4. Turan Xalq şairi Şəhla xanım Rəvan (Cəlilabad rayon Göytəpə şəhər şəhid Vasif Hüseynov adına 2 saylı orta məktəbin direktoru, eyni halda Cəlilabad ədəbi mühitinin görkəmli xanım nümayəndəsi, Turan Yazarlar Birliyinin üzvü, "Həməşəra" və "Nizami Gəncəvi" Fəxri Diplomları, "Ziyadar" Mükafatı və "Ustad Niftalı Göyçəli" Ödülü laureatı, Turan Xalq şairi, ədəbiyyatşünas, ədəbi təhlilçi və tənqidçi, şair);
5. Seylan xanım Abbas (TYB-nin üzvü, "Həməşəra" Fəxri Diplomu laureatı, şair);
6. Mikayıl İnçəçaylı (TYB-nin üzvü, "Həməşəra" Fəxri Diplomu laureatı, bədii qiraətçi, şair);
7. Elnur Qoca Türk (TYB-nin üzvü, veteran pedaqoq, tədqiqatçı, riyaziyyatçı, "Muğan Tarixçilər Birliyi"nin üzvü, şair);
8. Xəlil Fərəməzoğlu (pedaqoq, "Həməşəra" Fəxri Diplomu laureatı, yazıçı-publisist);
9. Adıgözəl Nuriyev ("Həməşəra" Fəxri Diplomu laureatı, veteran pedaqoq, bədii qiraətçi);
10. Sakit Üçtəpəli (TYB-nin üzvü, "Həməşəra" Fəxri Diplomu laureatı, şəhid qardaşı, yazıçı-şair);
11. Cəlil Ələsgərov (biologiya elmləri namizədi, fizioloq, "Həməşəra" Fəxri Diplomu laureatı, TYB-nin üzvü, şair-publisist);
12. Müşahidə xanım Nərimanova ("Həməşəra" Fəxri Diplomu laureatı, kitabxanaşünas, bədii qiraətçi, şair);
13. Gülcahan xanım Xürrəm ("Həməşəra" Fəxri Diplomu laureatı, qəzəlxan-şair);
14. Qurban Əhməd (I Qarabağ Savaşının iştirakçısı, qazi, "Həməşəra" Fəxri Diplomu laureatı, Azad Yazarlar Birliyi, TYB və AJB-nin üzvü, yazıçı-publisist, jurnalist və şair);
15. Azər Mirzə (TYB-nin üzvü, "Həməşəra" Fəxri Diplomu və TYB-nin Ödülü laureatı, şair);
16. Hicran xanım Əhmədli (TYB-nin üzvü, "Sarı Aşıq" Sazlı-Sözlü Borçalı Ədəbi Məclisinin üzvü, "Qızıl Qələm" və "Zəfər" Media Mükafatları, TYB-nin Ödülü" və "Həməşəra" Fəxri Diplomu laureatı, bədii qiraətçi, yazıçı-şair);
17. Sevinc xanım Şirvanlı (TYB-nin üzvü, "Həməşəra" və "Nizami Gəncəvi" Fəxri Diplomları, "Ziyadar" Mükafatı və TYB-nin Ödülü laureatı, şair);
18. Arzu xanım Əyyarqızı (AYB, AJB və TYB-nin üzvü, "Həməşəra" Ədəbi Məclisinin yaradıcısı və rəhbəri, "Zərif kölgələr" ədəbi portalının İdarə Heyətinin üzvü, "Həməşəra" və "Nizami Gəncəvi" Fəxri Diplomları və "Ziyadar" Mükafatı laureatı, şair-publisist);
19. Atlaz xanım Rzayi (TYB-nin üzvü, "Həməşəra" Fəxri Diplomu, "Ziyadar" Mükafatı və TYB-nin Ödülü laureatı, bədii qiraətçi, yazıçı-şair)...
Həmçinin, rayonun tanınmış ziyalılarından, təhsil, mədəniyyət və incəsənət adamlarından olan:
20. Hacı Paşa Rüstəmov (Əmək zərbəçisi və Əmək veteranı, "Həməşəra" və "Dədə Qorqud" Fəxri Diplomları laureatı);
21. Dadaş Bayramov ("Həməşəra" Fəxri Diplomu laureatı, veteran pedaqoq);
22. Azər Əsgər (Musavat Partiyasının Cəlilalab Rayon Təşkilatının sədri, "Həməşəra" Fəxri Diplomu laureatı, tarix müəllimi, veteran pedaqoq, qazi atası);
23. Xatirə xanım Quliyeva ("Həməşəra" Fəxri Diplomu laureatı, ədəbiyyatşünas, veteran pedaqoq);
24. Akif Mədədli (Muğam ifaçısı, "Həməşəra" Fəxri Diplomu laureatı);
25. Qənimət xanım İsrafilova (Cəlilabad MKS-nin direktoru, "Həməşəra" Fəxri Diplomu laureatı, kitabxanaşünas);
26. Elçin Cəlil oğlu Ələsgərov (Antiterror əməliyyatının iştirakçısı);
27. Aydan Mənsimli və s. öz çıxışlarında yazıçı-publisist İlqar İsmayılzadənin təşəbbüsü və rəhbərliyi ilə həyata keçirilmiş "Turan ellərinin söz çələngi" adlı layihəni yüksək dəyərləndirdilər, layihə rəhbəri və kitab müəllifinə uğurlar arzuladılar.
Tədbir iştirakçıları eyni halda yazıçı-publisist İlqar İsmayılzadənin doğum günü və 50 illik yubileyi münasibətilə ona səmimi təbriklərini çatdırıb hədiyyələr təqdim etdilər.
Tədbirin davamında bu yaxınlarda TYB tərəfindən "Turan Xalq şairi" fəxri adına layiq görülmüş Şəhla xanım Rəvana TYB-nin xüsusi bildiriş lövhəsi, həmçinin, "Həməşəra" mətbu orqanı tərəfindən rayonun bir qrup tanınmış simalarına "Həməşəra" Fəxri Diplomu, Turan Yazarlar Birliyinin Ödülü və TYB-nə yenicə üzv qəbul edilmiş bir neçə nəfərə üzvülük vəsiqəsi, xüsusilə də layihədə iştirak etmiş şəxslərə yenicə təsis edilmiş "Turan Ödülü" və kitab hədiyyələri təqdim edildi. Tədbir xatirə şəkillərinin çəkilişi ilə yekunlaşdı.
“Ədəbiyyat və incəsənət”
(03.06.2026)
Kimdir Nəriman Əbdülrəhmanlı?
Elman Eldaroğlu,
“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi
Bu dəfə sizə yazıçı Nəriman Əbdülrəhmanlıdan söhbət açmaq istəyirəm, kimə maraqlıdırsa dinləyə bilər. Doğrudur, onun haqqında çox deyilib, çox yazılıb, amma düşünürəm ki, bu söhbət onun ad gününə hədiyyəm olacaq. Axı bu gün onun ad günüdür.
O, 1958-ci ildə qonşu Gürcüstanın Qaraçöp mahalının Düzəyrəm kəndində dünyaya gəlib. 1975-ci ildə Düzəyrəm kənd orta məktəbini bitirdikdən sonra Bakıya üz tutub. Bakı Dövlət Universitetində ali təhsilə yiyələnib. Üç il sonra Moskvada Ümumittifaq Kinematoqrafiya İnstitutunun nəzdində kinossenari kursunda təhsil alıb. İndiyədək "Daşkəsən", "Sovet Gürcüstanı" qəzetlərində, "Kino" qəzeti və "Yeni filmlər" jurnalı redaksiyasında, C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasının "Yaddaş" sənədli filmlər studiyasında, Dövlət Ədəbiyyat və İncəsənət Arxivində, Müdafıə Nazirliyinin kino-telestudiyasında, "Hərbi bilik" jurnalında, "Lider" televiziyasında, "Ulduz" jurnalında, AYB Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzində, "Qanun", "Adiloğlu" nəşriyyatlarında müxtəlif vəzifələrdə işləyib, BSU-nun yaradıcılıq fakültəsində nəsr kursunu aparıb. 2014-cü ildən ildən isə Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Dövlət Tərcümə Mərkəzində çalışıb. Ta ki mərkəz bağlananacan.
“Mənə görə, ədəbiyyat nə tərbiyəçidi, nə də məsələ qaldırıb problem həll eləyən. Ədəbiyyat insanın yaşantılarını, duyğularını, görüşlərini SÖZlə ifadə eləmək sənətidi. Əsl ədəbiyyat, həqiqətdə, gözəl avantüradı, insanı həyəcanlandırmaq, sarsıtmaq, necə deyərlər, yerindən oynatmaq, havalandırmaq cəhdidi. Əlbəttə, ədəbi əsərlərin insanın zənginləşməsinə təsirini də inkar eləmək olmaz. Orxan Pamukun romanlarından biri təxminən belə başlayır: “Bir kitab oxudum və bütün həyatım dəyişdi”. Danmaq olmaz ki, insanın həyatını dəyişdirən əsərlər də var. Xüsusilə elektron rabitə vasitələri olmayan, kitabın daha çox oxunduğu vaxtlarda belə təsirlər hiss edilən idi...”- söyləyir.
İlk publisistik yazıları, hekayələri ötən əsrin 80-ci illərindən çap olunan Nəriman Əbdülrəhmanlı 90-cı illərdən povestləri, 2000-ci illərdən isə romanları ilə tanınır. O, həmçinin kinopublisistika və kino tarixi ilə ciddi məşğul olub, 4 cildlik "Azərbaycan kino sənəti tarixi" monoqrafiyasını yazmaqla yanaşı, qələmə aldığı ssenarilər üzrə bədii və sənədli kinofilmlər çəkilib...
Artıq söz-söhbətdən, yersiz dedi-qodulardan, məkr və paxıllıqdan uzaq adamdır. Onu mətbuatdan izləsəm də həyatda cəmi iki dəfə görmüşəm. Bir dəfə yazıçı Aslan Quliyevin evində, bir dəfə də mərhum ədəbiyyatşünas Sabir Bəşirovun kitabına həsr olunan tədbirdə. Maraqlı mülahizələri var.
Deyir ki,- “Düşünürəm, cəmiyyət çoxsəsli, çoxrəngli, çoxqatlı orqanizmdi, hər baxan qələm adamı da həmin orqanizmdə öz səsini, öz rəngini, öz qatını axtarır. Rənglərin, eləcə də səslərin arasındakı fərq yazıçının həmin məqamdakı ovqatı, ruhi vəziyyətilə bağlıdı. Yenə Orxan Pamuka müraciət eləyim. Onun yeganə bir hekayəsi var, “Pəncərədən baxmaq” adlanır. Radio, televiziya olmayanda adamlar həyata pəncərədən baxırdılar, onda həyat tamam başqa rəngdə görünürdü. İndi həyata daha çox monitordan baxırlar. Həyatısa insan gözündən başqa aradakı bütün vasitələr deformasiyaya uğradır...”
Xaraktercə sakit, mülayim adamdır. Necə deyərlər, dindirməsən danışmaz. Zahirən sakit görünsə də daxilən qaynar, dinamikdir. Güclü mütaliəsi var, bu onun davranışında, nitqində, eləcə də dünya görüşündə öz əksini tapıb. Haradan sual verirsən ver, dərhal cavablandıra bilir. Yaradıcı adam kimi şox tələbkardır, öz üzərində daim işləməyi xoşlayır...
“Sözün düzü, mən özünü modernist ya postmodernist adlandıran qələm sahiblərinə başqa cür baxıram. Məndən ötrü gözəl bədii mətn yazmaqdan başqa heç bir cərəyan- filan mövcud deyil. Normal cümlə qura bilməyən, hisslərini bədii səviyyədə ifadə eləməyi bacarmayan adamın özünü nəsə adlandırması ancaq təəssüf doğurur. O vaxt özünü postmodernist sayan, üstəlik, səs-küylü mükafat-filan da almış bir gənc yazarın son kitabı əlimə keçmişdi, bircə abzasını oxudum, ona da, hamilərinin köməyilə at oynatdığı ədəbiyyata da yazığım gəldi. Ona görə ədəbiyyatı sevmək də, bilməmək də, iddia ortaya qoymaq da olar, amma son məqamda hər şeyi ƏLAHƏZRƏT MƏTN göstərir.”- söyləyir.
Bəli, ədəbiyyatda bütün qaydalarla yanaşı mətn başlıca amildir. Elə bizim özümüz də, sonda kiminsə qələmində mətnə çevrilməyəcəyikmi?..
Nəriman müəllimin 68 yaşı tamam olur. Çox yaşasın!
“Ədəbiyyat və incəsənət”
(03.06.2026)
Kafkasevərlər, yaxın oturun!
Könül Əliyeva,
“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi
Cəmi bir kitabını oxumuşam – “Çevrilmə”(Metamorfoz). O da ona görə ki, çox nazikdir, 10-15 vərəq ola, ya olmaya.
Bizdə təsirə düşmək anlamı geniş yayılıb. Savadları yüksək olan mütaliəsevərlər, tutalım, Kafkanı tərifləyibsə, musiqi azmanları Şopenə tərif vurubsa, mütləq orta statistik kitabsevər və musiqisevər də öz zövqününün ziddinə belə gedərək bu adları sadalayır. Bu yaxınlarda bir xanım sorğuda ən çox sevdiyin yazıçılar bəndinə Elxan Elatlı və Kafka cavabını yazmışdı. Elə bil, sənə sual verirlər ki, hansı havanı xoşlayırsan. Deyirsən, isti və soyuq havanı. Ay başına dönüm, bunlar axı antonimlərdir?
Franz Kafka (1883–1924) — 20-ci əsrin ən məşhur və təsirli yazıçılarından biridir. O, Avstriya-Macarıstan imperiyasının tərkibində olan Praqada doğulmuşdur, Çexiyanın paytaxtında və alman dilində yazırdı. Ailəsi mənşəcə orta sinif əşkinazi yəhudisi idi.
Modern ədəbiyyatın əsas simalarından sayılır. Onun əsərlərində absurdluq, qərarsızlıq, yadlaşma və insanın sistem qarşısında gücsüzlüyü kimi mövzular ön plandadır.
Milena Yesenkaya çex dilində yazdığı bir neçə məktubdan başqa Kafkanın bütün nəşr olunmuş əsərləri alman dilində yazılmışdır. Əsərlərinin çox azı onun sağlığında nəşr olunmuş və az ictimai diqqət almışdır.
Kafka romanlarının heç birini tamamlamamışdır və əsərlərinin 90%-ni yandırmışdır. Əsərlərinin çoxunu Berlində yaşayarkən Diamantın köməyi ilə məhv etmişdir. Yaradıcılığının ilk illərində Heynrix von Kleistdən təsirlənmişdir. Bauerə yazdığı məktubda onun əsərlərini ürküdücü adlandırmış, onu ailəsindən daha yaxın gördüyünü bildirmişdir.
Kafka'nın ən yaxın dostu və ədəbiyyat aləminə tanıdılması üçün ən çox çalışan şəxs Max Brod olmuşdur.
Max Brod onun ölümündən sonra əlyazmalarını yandırmaq əvəzinə çap etdirərək bütün dünya ədəbiyyatına təqdim etdi.
Kafka özü Brod’a vəsiyyət etmişdi ki, bütün yazılarını yandırsın, amma Brod bu istəyə əməl etmədi — və əgər o bunu etməsəydi, Kafka bu gün bəlkə də tanınmazdı.
Ən tanınmış əsərləri bunlardır:
1. "Metamorfoz" (Die Verwandlung, 1915)
Əsas ideya: Baş qəhrəman Gregor Samsa bir səhər oyandıqda özünü nəhəng bir həşərat olaraq tapır.
Temalar: Yadlaşma, ailə münasibətləri, sosial təcrid.
2. "Prosess" (Der Prozess, ölümündən sonra 1925)
Əsas ideya: Josef K. adlı bir şəxs günahsız olduğu halda naməlum səbəblə həbs olunur və bürokratik sistemin içində itib-batır.
Temalar: Hüquqsuzluq, absurd ədalət sistemi, varoluşsal narahatlıq.
3. "Qəsr" (Das Schloss, 1926)
Əsas ideya: K. adlı bir şəxs bir qəsrə çatmağa çalışır, amma sistemli maneələrlə qarşılaşır.
Temalar: Bürokratiya, məna axtarışı, yadlıq.
4. "Aclıq sənətçisi" (Ein Hungerkünstler, 1922)
Qısa hekayələr toplusudur. Eyni adlı əsas hekayədə aclıq sənəti və tamaşaçı münasibətləri təsvir olunur.
Temalar: Sənət və cəmiyyət, qavrayış və anlaşılmazlıq.
Frans Kafkadan danışmışkən, sonda yazıçı Varisin bir xatirəsini qeyd etmək istəyirəm. O, Praqada olarkən Kafkanın ev muzeyinin harada yerləşdiyini yerli çex gənclərindən soruşur. Amma heç kəs Kafkanın kim olduğunu biimir. Təəccüblənmiş yazıçımız onlara söyləyir ki, ay sizin başınıza dönüm, siz özünüzünkünü tanımırsınız, amma bizdə dolmabükən Pakizə arvaddan tutmuş qəbirqazan Mürvət kişiyədək hamı Kafkanı tanıyır axı!
“Ədəbiyyat və incəsənət”
(03.06.2026)
Gülhanə parkındakı ceviz ağacının – Nazim Hikmətin anım günüdür
“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi
Əhd eləmişdim, İstanbula ilk səfərimdə bir Topqapı sarayını, bir Aya-Sofya məbədini, bir də Gülhanə parkını görüm. İlk ikisi tarixi baxımdan, üçüncüsü isə ona şeir qoşmuş Nazim Hikmətə sayqı baxımından mənə lazım idi...
Onu bizlərə sovet quruluşu sevdirdi. Cünki o, kommunist baxışlı bir ədib idi. Sovetlər onu yalnız ideologi müstəvidə təqdim edirdilər. Amma illər keçdikcə biz Nazim Hikmətin poeziyasının necə dərin və fəlsəvi çalarlara malik olmasından da xəbər tutduq.
Türk şairi, yazıçısı, rəssamı Nazim Hikmət. O, 1902-ci il yanvar ayının 15-də zadəgan ailəsində anadan olmuşdur. 1918-ci ildə İstanbulda Hərbi Dənizçilik məktəbinə daxil olmuş, Türkiyənin xarici müdaxiləçilər tərəfindən işğalı əleyhinə şeir yazdığı üçün 1919-cu ildə oradan xaric edilmişdir. "Sərvliklərdə" adlı ilk şeiri 1918-ci ildə "Yeni məcmuə" jurnalında dərc olunmuşdur. 1920-ci ildə o, işğal olmuş İstanbuldan milli azadlıq uğrunda vuruşan Anadoluya getmişdir. 1921-ci ildə Sovet Rusiyasına gəlmiş, 1922–1924-cü illərdə Moskvada Şərq Zəhmətkeşlərinin Kommunist Universitetində oxumuşdur.
Novator şair olan Nazim Hikmət türk ədəbiyyatını yeni forma və mütərəqqi məzmunla zənginləşdirmişdir. Onun poeziyasına kəskin publisistika ilə yanaşı dərin lirizm xasdır. Türk poeziyasına sərbəst şer vəznini Nazim Hikmət gətirmişdir. Yaradıcılığı müasir türk ədəbiyyatına güclü təsir göstərmişdir. Əsərləri dünya xalqlarının çoxunun dilinə tərcümə olunmuş, pyesləri bir sıra ölkələrdə tamaşaya qoyulmuşdur. 1951-ci ildə Ümumdünya Sülh Şurası Bürosunun və 1959-cu ildən sonra isə onun Rəyasət Heyətinin üzvü olmuşdur.
Azərbaycan xalqının və ədəbiyyatının yaxın dostu idi. O, dəfələrlə Bakıya gəlmiş, Azərbaycan şair və yazıçılarının bir çoxu ilə şəxsən dost olmuş, onlarla yaradıcılıq əlaqəsi saxlamışdır. Hətta Yusif Səmədoğlunun toy məclisində necə cani-dildən iştirak etməsi də memuarlarda qeyd edilibdir.
Azərbaycana həsr olunmuş şeirləri, Azərbaycan mədəniyyətinə dair məqalə və xatirələri vardır. Əsərləri Azərbaycanda dönə-dönə nəşr olunmuş, pyesləri tamaşaya qoyulmuşdur. Bəstəkar A.Məlikov şairin "Məhəbbət əfsanəsi" pyesi əsasında eyniadlı balet yazmış, Azərbaycanın digər bəstəkarları şerlərinə romanslar bəstələmişlər. R.Babayev "Kəllə" pyesinə illüstrasiyalar çəkmiş, M.Rzayeva şairin büstünü yaratmışdır. Azərbaycan ədəbiyyatşünasları şairin həyat və yaradıcılığına dair bir sıra sanballı əsərlər yazmışdır.
1935-ci ildə yazdığı "Taranta Babuya məktublar" poemasında, 1936-cı ildə qələmə aldığı "Alman faşizmi və irqçiləri" publisistik əsərlərində faşizm və onun Türkiyədəki tərəfdarları ifşa olunur. 1936-cı ildə şairin Türkiyədə sağlığında son kitabı – "Şeyx Bədrəddinin dastanı" çapdan çıxmışdır. 1938-ci ildə sübut olunmamış ittiham əsasında 28 il 4 ay həbs cəzasına məhkum edilən Nazim Hikmət məşhur "İnsan mənzərələri" epopeyasını, "Həbsxanadan məktublar" silsiləsini, "Məhəbbət əfsanəsi", "Yusif və Züleyxa" pyeslərini və s. əsərlərini həbsxanada yazmışdır. 1950-ci ildə mütərəqqi dünya ictimaiyyətinin tələbi ilə Türkiyə hökuməti N.Hikməti azad etməyə məcbur olmuşdur.
1951-ci ildən ömrünün sonunadək ikinci vətəni sayılan SSRİ-də yaşayan və bu dövrdə 1952-ci ildə "Türkiyədə", 1955-ci ildə "Qərib adam", 1956-cı ildə "İvan İvanoviç vardımı, yoxdumu", 1960-cı ildə "Domokl qılıncı" və s. pyeslərini, şer və poema, poeziyaya və dramaturgiyaya dair məqalələrini yazmışdır.
SSRİ-də Nazim Hikmətin ssenariləri və əsərlərinin süjetləri əsasında kinofilmlər ("Bir məhəlləli iki oğlan", "Sevdalı bulud", "Yaşamaq gözəldir, qardaşım", "Məhəbbətim, kədərim mənim") çəkilmişdir.
Xüsusən, sonuncu film kinoteatrlara çıxanda bütün SSRİ üzrə, o cümlədən də “Azərbaycan”da uzun-uzadı növbələr qeydə alınmışdır. Şahidlər danışır ki, “Vətən” kinoteatrında yalnız növbəti günlər üçün bilet tapılırmış...
Əsərləri
- Memleketimden İnsan Manzaraları
- Kafatası
- Unutulan Adam
- Taranta Babu'ya Mektuplar
- Ferhad ile Şirin
- Kurtuluş Savaşı Destanı
- Kız Çocuğu
- Tahir ile Zühre
- Şeyh Bedrettin Destanı
- Sevdalı Bulut, (Teatr oyunu)
- Seçilmiş əsərləri, 2 cilddə
- Yaşamaq gözəl şeydir, qardaşım
Şeir kitabları
1. 835 Satır
2. Jokond ile Si-Ya-u
3. Varan 3
4. 1 + 1 = 1
5. Sesini Kaybeden Şehir
6. Benerci Kendini Niçin Öldürdü,
7. Nazim Hikmət 1963-cü ildə Moskvada vəfat etmişdir.
Dram əsərləri
- Kafatası
- Bir Ölü Evi (veya Merhumun Hanesi)
- Unutulan Adam
- Ferhat ile Şirin
Allah rəhmət eləsin!
“Ədəbiyyat və incəsənət”
(03.06.2026)
“Ədəbiyyat milli olmamalıdır” deyir AFAQ MƏSUD
Elman Eldaroğlu,
“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi
“Vəzifə yaradıcı adamları məhv edir.” Kimin sözləri olduğunu unutmuşam, amma yerində deyilən kəlmələrdir. Yəni yazıçının başı vəzifə öhdəliklərinə qarışında bədii yaradıcılıqla məşğul olmağa az vaxtı olur və oxucuları onun üzünə, yeni əsərlərinə həsrət qalırlar. Qələm adamının asudə vaxtı çox olmalıdır ki, yazı masası arxasında məhsuldar işləyə bilsin...
Deyir ki:- “Mən həmişə Azərbaycan ədəbiyyatından kənarda olmuşam. Əgər bəşəriyyət bir qadın və bir kişidən artıb törəyibsə, sonradan irqlərə, millətlərə bölünsə belə ədəbiyyat milli olmamalıdır…”
Bəlkə də haqqlıdır. Axı ədəbiyyat o zaman böyük uğur qazanır ki, hər hansı bir xalqa deyil, bəşəriyyətə ünvanlanır. Bəli, Azərbaycan ədəbiyyatına məxsus olan əsərlərin əksəriyyəti milli ruhda qələmə alındığı üçün, azərbaycanlı təfəkkürünün məhsulu olduğu ilk səhifəsindən nəzərə çarpır. Elə ona görədir ki, bizim yazarların əsərləri əcnəbilər arasında yalnız etnik ədəbiyyatın mütaliəsinə həvəsi olan oxucular üçün maraqlı olur. Daha doğrusu, milli ədəbiyyatımız çox az əcnəbini maraqlandırır…
Həyat eşqi ilə dolu bir xanımdır. Parlaq zəkası var. Sürətli düşünmə səriştəsi ilə fərqlənir. Həm fiziki və həm də zehni olaraq çox aktivdir. Hərəkətli yaşamaqdan xoşu gəlir. Şən və cazibədardır. Hər mövzuya maraq göstərir. Xüsusilə məzmunlu insanlarla ünsiyyətdə olmaqdan zövq alır. Yüksək mədəniyyəti, gözəl nitq qabiliyyətilə adamları heyran edə bilir. Oxuyub öyrənməyi, mütaliəni xoşlayır...
Məktəb illərində xeyli çətinlikləri olub. “Nə yaxşı ki, məktəb həyatını sağ-salamat bitirdim.”- söyləyir...
Yazmağa başlayandan bir qədər sonra anlayıb ki, ərsəyə gətirdiyi hekayələri yazıçı olmaq üçün deyil, sadəcə daxili sıxıntılardan, şahidi olduğu hadisələrin yaratdığı narahatlıqdan xilas olmaq üçün qələmə alır. Və heç zaman düşünməyib ki, niyə ənənəvi ədəbiyyatdan uzaq düşüb, hamı kimi yazmır. Özü söylədiyi qədər, onun yazdıqlarının əksəriyyəti mistik duyğuların məhsuludur, düşüncələrinin təzahürüdür…
Deyir ki:- “Real həyat oyuna bənzəyir. İnsan bilə-bilə ki, qocalacaq, əzizləri dünyadan köçəcək. Və qarşıda onu xəstəliklər, ölüm gözləyir, buna baxmayaraq çox rahat yaşayır. Bax budur mistika, eyni zamanda real həyat.”
Babası Əli Vəliyev Azərbaycanın xalq yazıçısı idi. Atası Məsud Əlioğlu isə filolologiya elmləri doktoru olub…
Haqqında söhbət açdığım xalq yazıçısı Afaq Məsud 1957-ci ildə Bakı şəhərində dünyaya gəlib. Bakı Dövlət Universitetinin jurnalistika fakültəsini bitirib. Bir müddət "Azərbaycantelefilm"də sıravi redaktordan direktor vəzifəsinədək yüksələ bilib. Sonra Respublika Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin sədri, "Xəzər" dünya ədəbiyyatı jurnalının baş redaktoru işləyib. 2014-cü ildə Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin direktoru vəzifəsinə təyin olunub. 2017-ci ildə “Şöhrət” ordeni ilə təltif edilib. 2019-cu ildə isə Azərbaycan mədəniyyətinin inkişafında xidmətlərinə görə “Xalq yazıçısı” fəxri adına layiq görülüb…
Texnologiya inkişaf edəndən üzü bəri dünyanın bu başından o başına on beş saata getmək, hər hansı bir məlumatı bir anda göndərmək olur. Bəli, dünya bu qədər balacalaşıbsa, ədəbiyyat da dünyanı əhatə etməyi, ümumbəşəri olmağı bacarmalıdır. Afaq xanımın sözü olmasın, bu gün Azərbaycan ədəbiyyatı dünyanı fəth edə bilmirsə, deməli balaca bir topluma xidmət göstərir, hələ də beynəlmiləl ola bilmir...
Bu gün - iyunun 3-də Afaq xanımın növbəti ad günüdür. Ona möhkəm cansağlığı, firəvan həyat və yeni-yeni əsərləri ilə oxucularının qarşısında görünməsini arzulayırıq...
Çox yaşayın, Afaq xanım!
“Ədəbiyyat və incəsənət”
(03.06.2026)
Modamızı dünya podiumuna çıxaran xanım
Könül Əliyeva,
“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi
Gülnarə Xəlilova adı xanımlara çox tanışdır. Amma tək qadınlar yox, informasiyalı hər kəs bu adı-soyadını dəfələrlə eşidib. Onu tez-tez dünyanın hansısa bir guşəsində Azərbaycan modasının nümayiş etdirən görürük. “Qarabağ” kolleksiyası isə dünyaya zəngin mədəniyyətimizi tanıtmaqda böyük rol oynadı. Bu gün onun barəsində daha gur danışmalıyıq, axı bu gün onun dünyaya gəldiyi gündür.
Gülnarə Xəlilova 1972-ci ildə 3 iyun tarixində Bakı şəhərində anadan olub. Ümumi orta təhsilini Xətai rayonundakı 260 nömrəli məktəbdə medalla başa vurub. 1989-cu ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinə daxil olub. Ali təhsil aldıqdan sonra pedaqoji fəaliyyətə başlayıb. Ailəlidir, iki övladı var.
Pedoqoji fəaliyyətlə paralel olaraq modelyer-dizayner kimi fəaliyyət göstərən Gülnarə Xəlilova 2002-ci ildən başlayaraq Respublika və Beynəlxalq miqyaslı sərgilərdə, elmi konfranslarda yaradcılıq işləri və onların mahiyyətini açıqlayan məruzələrlə çıxış edib. 2008-ci ildən Azərbaycan Dövlət Musiqili Komediya Teatrında modelyer-rəssam vəzifəsində çalışır. Elə həmin ildən 2012-ci ilədək Azərbaycan Milli Elmlər Akademiyası Memarlıq və İncəsənət İnstitutunun dissertantı kimi müasir folklor qruplarında milli geyim ənənələri üzrə tədqiqat aparıb.
2009-cu ilin iyul ayında SEBA Azərbaycan-Koreya Mədəniyyət Mübadiləsi Assosiasiyası İctimai Birliyi tərəfindən Bakıda keçirilən "Milli geyimlər və müasir modada ümumilik" problemi ilə bağlı beynəlxalq simpoziumda "XIX əsr Azərbaycan geyimlərinin forma və növçeşidliyi" mözvusunda məruzə ilə çıxış etmişdir. 2010-cu ilin iyun ayında isə Ankara şəhərində keçirilən Beynəlxalq Ənənəvi Moda Nümayişi və sərgisində onun hazırladığı milli geyimlər nümayiş etdirilmiş, "Azərbaycanın qədim geyim mədəniyyəti" mövzusunda məruzəsi dinlənilmişdir. Gülnarə Xəlilova 2013-cü ildə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında dissertasiya müdafiə edərək sənətşünaslıq üzrə fəlsəfə doktoru elmi dərəcəsinə layiq görülmüşdür
2010-cu ilin Fevral ayında Misir Ərəb Respublikasının İsgəndəriyyə şəhərinin məşhur kitabxanasında yaradılmış Azərbaycan güşəsinə milli geyim nümunələrini təqdim etmiş, bununla əlaqədar Qadınların Beynəlxalq Sülh Hərəkatı Fondunun sədri Suzanna Mübarək tərəfindən təşəkkür məktubu almışdır. 2010-cu ilin may ayında Çin Xalq Respublikasında keçirilən ənənəvi "Beauty Of The World 2010" Beynəlxalq gözəllik müsabiqəsində Azərbaycanın təmsil edilməsi üçün təqdim olunmuş geyim "Ən gözəl ziyafət paltarı" nominasiyasında 1-ci yerə layiq görülmüşdür. Modelyer kimi fəaliyyət göstərdiyi dövrdə Mədəniyyət Nazirliyi, digər qurumlar tərəfindən keçirilən müsabiqələrdə, tədbirlərdə iştirak etmiş, dəfərlərlə mükafatlarla, fəxri adlarla təltif olunmuşdur.
2015-ci ilin aprel ayinda Milli geyim kolleksiyası Heyder Əliyev Fondu və birinci Avropa Oyunlari Təşkilat Komitəsinin birgə təşkilatçılığı, Azərbaycanın Böyük Britaniyadakı səfirliyinin dəstəyi ilə "Baki-2015" birinci Avropa oyunlarının təqdimatı çərçivəsində Londonda uğurla nümayiş etdirilmişdir.
Bundan əlavə, 2014 və 2015-ci illərdə Çin Moda Həftəsində 'Master Exhibition & Performance Award' mükafatına layiq görülmüşdür. 2014 və 2016-cı illərdə Macarıstanda Türk Xalqlarının Qurultayında iştirak etmişdir. 2015-ci ilin iyul ayinda Rusiya Federasiyasının İrkutsk şəhərində kecirilən VI Beynəlxalq Etnik Kostyumu "Etno-Podium 2015" Festivalında münsif qismində iştirak etmiş, Festival çərçivəsində keçirilən konfransda mühazirə ilə çıxış etmiş, həmçinin milli geyim kolleksiyasından geyimlər nümayiş etdirmişdir.
Əslində, Gülnarə xanım barədə saatlarla danışmaq olar. Bizsə sadəcə onu təbrik etmək, daha böyük nailiyyətlər qazanmasını arzulamaq istəyirik.
“Ədəbiyyat və incəsənət”
(03.06.2026)
Maqomayevin kəşf etdiyi, Stalinin “Bax, budur aktrisa!” dediyi Həqiqət Rzayeva
Xanım Aydın,
“Ədəbiyyat və incəsənət”
Mayın 20-də dünyaya göz açan Azərbaycan opera səhnəsinin ilk qadın ifaçılarından biri Həqiqət Rzayeva təkcə məlahətli səsi ilə deyil, həm də xarakterik obrazları ilə milli mədəniyyət tariximizdə silinməz iz qoyub. Tamaşaçılar onu daha çox “Ögey ana” filmindəki sərt təbiətli Qəmər xala kimi xatırlasalar da, Həqiqət Rzayevanın sənət yolu Azərbaycan opera və teatr tarixinin ən çətin, eyni zamanda ən şərəfli səhifələrindən biridir.

Məhrumiyyətlə başlayan uşaqlıq
Həqiqət Rzayeva 1907-ci il mayın 20-də Darquba kəndində dünyaya gəlib. Əsl adı Süsən Əliyeva idi. O, hələ səkkiz aylıq ikən atası Əli kişi vəfat edir. Atasının gur səsi və xanəndəliyə marağı kənddə yaxşı tanınırdı. Sonralar deyirdilər ki, Həqiqətin məlahətli səsi də atasından ona keçib.
Ailə ağır yoxsulluq içində yaşayırdı. Anası Zinyət xanım övladlarını dolandırmaq üçün dərzilik edir, daha sonra isə Kərim adlı dindar və mövhumatçı bir şəxslə ailə qurur. Həqiqətin uşaqlığı məhz belə çətinliklər və qadağalar içində keçir.
1917-ci ildən məktəbə gedən Həqiqətin həyatında dönüş nöqtələrindən biri də maarifçi Məryəm Bayraməlibəyovanın açdığı məktəb olur. O dövrdə qız uşaqlarının təhsil alması belə asan deyildi. Lakin ailəsinin razılığı ilə Həqiqət təhsilini davam etdirə bilir.
1923-cü ildə məktəbi bitirdikdən sonra Bakıya gedərək darülmüəllimatda oxuyur və müəllimlik diplomu alır. Amma tale onu tamam başqa bir istiqamətə aparırdı.

Çadranı çıxarıb səhnəyə çıxan qadın
Bakıda həvəskar teatr dərnəklərinə qatılması Həqiqət Rzayevanın həyatını dəyişir. O illərdə qadının səhnəyə çıxması cəmiyyət tərəfindən birmənalı qarşılanmırdı. Həqiqət xanım ailəsindən gizli şəkildə teatrlara gedirdi. Evdən çadra ilə çıxır, teatrın qarşısında çadranı açıb məşqlərə qatılırdı.
Onun güclü səsini eşidən bəstəkar Müslüm Maqomayev gənc qızın istedadını dərhal hiss edir və onu Opera Teatrına dəvət edir. Bu qərar ailədə narazılıq yaratsa da, Həqiqət Rzayeva artıq sənətdən ayrılmır.
1928–1932-ci illərdə Azərbaycan Dövlət Konservatoriyasının muğam şöbəsində təhsil alan sənətkar Cabbar Qaryağdıoğlu, Seyid Şuşinski və Qurban Pirimov kimi sənətkarların tələbəsi olur.
1927–1952-ci illərdə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının aparıcı solistlərindən biri kimi fəaliyyət göstərir. Onun yaratdığı Ərəbzəngi, Leyli, Əsli, Telli və Şahsənəm obrazları Azərbaycan opera tarixinin klassik nümunələri sayılır.

“Bax, budur aktrisa!”
1939-cu ildə Moskvada keçirilən Azərbaycan incəsənəti ongünlüyü Həqiqət Rzayevanın sənət həyatında xüsusi yer tutur. “Arşın mal alan” tamaşasında Telli rolu Moskvada böyük maraq doğurur.
Rəvayətə görə, həmin səhnəni izləyən sovet rəhbəri İosif Stalin “Bax, budur aktrisa!” deyərək onun oyununu yüksək qiymətləndirib. Bu hadisə uzun illər sənət cameəsində danışılan maraqlı faktlardan biri kimi qalıb.
Səhnədə əqrəbi ayağı altında əzən qadın
Həqiqət Rzayeva təkcə istedadlı deyil, həm də son dərəcə cəsarətli qadın kimi xatırlanırdı. Qızı Sədaqət Rzayevanın xatirələrinə görə, rayon konsertlərinin birində səhnəyə çıxan sənətkar oxuya-oxuya ayağına tərəf gələn əqrəbi sakitcə tapdalayıb və ifasını yarımçıq qoymayıb.
Buzovnadakı bağ evində ilan öldürməsi barədə xatirələr də onun qorxmaz xarakterindən danışırdı.

“Mənim brilliantlarım balalarımdır”
1927-ci ildə rejissor Hüseyn Rzayevlə ailə quran Həqiqət xanım üç övlad böyüdür. Onlardan biri sonradan məşhur bəstəkar kimi tanınan Azər Rzayev olur.
Yaxınlarının xatirələrinə görə, o, olduqca sadə insan idi. Bəzək-düzəyi sevməz, səhnəyə qara məxmər uzun paltarda çıxardı. Qızının “Niyə qızıl-brilliant taxmırsan?” sualına isə belə cavab verərdi: “Mənim brilliantlarım mənim balalarımdır.”

“Ögey ana”nın unudulmayan Qəmər xalası
Həqiqət Rzayevanın kino fəaliyyəti geniş olmasa da, onun yaratdığı bir obraz Azərbaycan kino tarixində əbədi qalıb. Bu obraz Ögey ana filmindəki Qəmər xaladır.
Filmdə Qəmər xala balaca İsmayılın nənəsidir. O, kürəkəni Arifin evə yeni qadın gətirməsini qəbul etmir və Dilarəyə daim şübhə ilə yanaşır. Əslində, bu obraz sadəcə mənfi xarakter deyil. Qəmər xala övladını və nəvəsini qorumağa çalışan, keçmişin düşüncə tərzini daşıyan qadın obrazıdır.
Həqiqət Rzayeva bu rolu o qədər təbii canlandırmışdı ki, tamaşaçı Qəmər xalanın sərtliyinin altında gizlənən ana qayğısını da hiss edə bilirdi. Onun filmdə dediyi məşhur söz isə illərdir dillər əzbəridir:
“Mən ölü, sən diri, bundan İsmayıla ana olmayacaq. Yad qızından ana olmaz!”
Maraqlıdır ki, oğlu Azər Rzayev sonralar yazırdı: Qəmər xalanın bu qədər canlı alınmasının səbəbi obrazın Həqiqət xanımın xarakterinə çox bənzəməsi idi. O da ailəsinə bağlı, sərt, prinsipial, amma daxilən olduqca mərhəmətli qadın idi.

Səhnədən öz ayağı ilə ayrılan sənətkar
1953-cü ildə Həqiqət Rzayeva opera səhnəsini tərk etmək qərarı verir. Ona yaşlı qadın rolları təklif olunsa da, sənətkar bunu qəbul etmir. “Leyli” kimi yadda qalan aktrisa artıq “Leylinin anası” kimi görünmək istəmirdi.
Bu qərar onun sənətə münasibətini göstərirdi: Həqiqət Rzayeva səhnədən alqışlarla ayrılmağa üstünlük verdi.
Sonrakı illərdə müəllim kimi fəaliyyət göstərərək gənc ifaçılar yetişdirdi. Rübabə Muradova və İslam Rzayev kimi sənətkarlar onun tələbələri arasında idi.
Son pərdə
1966-cı ildə həyat yoldaşı Hüseyn Rzayevin vəfatı sənətkara ağır təsir edir. Üç il sonra isə Həqiqət Rzayeva özü dünyasını dəyişir. 1969-cu il avqustun 2-də vəfat edən sənətkar Azərbaycan opera və kino tarixində özünəməxsus məktəb qoyub getdi.
Bu gün də onu xatırlayanda insanların yaddaşında iki fərqli obraz canlanır: opera səhnəsində zərif və güclü səs sahibi olan sənətkar və “Ögey ana” filmində sərt baxışlı Qəmər xala.
Hər iki obrazın adı isə eynidir — Həqiqət Rzayeva.
“Ədəbiyyat və incəsənət”
(03.06.2026)
Şeir saatında Təranə Dəmirin şeirləri
“Ədəbiyyat və incəsənət” portalının Şeir saatı rubrikasında bu gün sizlərə Təranə Dəmirin yeni şeirləri təqdim olunur.
ANAMA
Sən gedəndən itirmişəm zamanı,
Günü aya dəyişirəm eləcə.
Neçə vaxtdı unutmuşam özümü,
Sənsizliklə döyüşürəm eləcə.
Şəkil-şəkil danışıram səninlə,
Sən də durub şəkil-şəkil baxırsan.
Aldadıram xəyalların başını,
Gah o yandan, gah bu yandan çıxırsan.
Boğuluram gözlərimin selində,
Damcı-damcı gülləyirsən varaqda.
İçimdə bir söz çırpınır yaralı,
Görən məni nə gözləyir qabaqda?
İlham pərim uçub gedib, başıma
Bir də nə vaxt şeir yağar, bilmirəm.
Vurnuxuram qaranlığın içində,
Bəlkə bir gün günəş doğar? bilmirəm.
BİR GÜNÜ DƏ
Bir günü də yola saldıq beləcə,
Yenə heç nə könlümüzə yatmadı.
Gah o sözdən, gah bu sözdən yıxıldıq,
Bircə misra əlimizdən tutmadı.
Bircə borcu ödəmədi yüz fikir,
Ha əlləşdik bir qərara gəlmədik.
Heç bilmədik günü necə yaşadıq,
Hardan gəldi, hardan getdi, bilmədik.
Ağrımızla, acımızla döyüşdük,
Dərə keçdik, dağ adladıq beləcə.
Bir də baxdıq yenə çöküb qaranlıq,
Bir də baxdıq gəlib çatıb bu gecə.
Yenə qaldıq ümidinə həsrətin,
İtib batdıq xəyalların köçündə.
Görək bizi hara çəkir bu zülmət?
Nə çıxacaq bu gecənin içindən?
VƏTƏN
Sənə qəlbimizi sipər elədik,
Döndük divarına, daşına,Vətən.
Çiçəyinə döndük, otuna döndük,
Yenə də gəlmədik xoşuna,Vətən.
Adına müqəddəs dedilər, biz də
And içdik müqəddəs adına sənin.
Hopdun vətən-vətən yaddaşımıza,
Biz niyə düşmədik yadına sənin?
Elə vətən-vətən öldürdün bizi,
Biz öldük, sən döydün döşünə, Vətən.
Örtdü gözlərini saxta sevgilər,
Həqiqət gəlmədi işinə, Vətən.
Hər gələn bir medal taxdı sinənə,
Tutdular yalançı alqışa səni.
Cənuba böldülər, qərbə böldülər,
Satdılar qəpiyə, quruşa səni.
Səni də etdilər gözükölgəli
Bu cibəgirənlər, bu sələmçilər.
Silib süpürdülər var-dövlətini
Boğazı xaltalı bu dilənçilər.
Bal tutdu barmağı şarlatanların,
Hamısı daraşdı yala, bilmədin.
Səninçün hamımız vətəndaş olduq,
Sən bizə bir Vətən ola bilmədin.
Sənə qəlbimizi sipər elədik,
Döndük divarına, daşına, Vətən.
Çiçəyinə döndük,otuna döndük,
Yenə də gəlmədik xoşuna,Vətən,
Nə desəm, nə yazsam boşuna,Vətən!
BU QIŞ BİZDƏN NƏ APARDI?
Yenə geri döndü bahar,
Bu qış bizdən nə apardı?
Köçünü çəkdi buludlar,
Yağış bizdən nə apardı?
Bizi yordu şaxta,sazaq,
Uralandıq yarpaq-yarpaq,
Şeir-şeir, varaq-varaq
Bu qış bizdən nə apardı?
Xəzan vurdu telimizdən,
Həsrət tutdu əlimizdən,
Nələr keçdi könlümüzdən,
Bu qış bizdən nə apardı?
Zülm elədi yoxuş bizə,
Külək bizə, yağış bizə,
Nə verdi ki, bu qış bizə,
Bu qış bizdən nə apardı?
GÖZƏLLİKDİ, GÖZƏLLİK
Başdan-başa gözəllikdi, gözəllik,
Çəmənlərin nazına bax, nazına.
Günəş-günəş nur tökülür üstünə,
Kənd-kəsəyin yazına bax, yazına.
Qış ağaclar bahar-bahar gülləyir,
Sığallanır bağ-bağçada göy otlar.
Aradabir günəş qaçıb gizlənir,
Yağış-yağış nəğmə deyir buludlar.
Qarışqalar yuvasından çıxırlar,
Asta-asta tor toxuyur hörümçək.
Axşamüstü xəfif-xəfif meh əsir,
Xəfif-xəfif yırğalanır yelləncək.
Səsi düşür başımıza quşların,
Çiçək-çiçək rəqs eləyir arılar.
Yavaş-yavaş günəşlənir həyətdə
Şirin-şəkər, yumru-yumaq qarılar.
Axşamacan qaynaşırlar, uşaqlar
Nənəm demiş it ayağı yeyirlər.
Dırmaşırlar hasar belə, cam belə,
Gah o damdan, gah bu damdan dəyirlər.
Gün batınca yığışırlar bir yerə,
Qurbağalar dərə başı şellənir.
Şum üstündə eşələnir sərçələr,
Toyuq-cücə bağ-bağçada küllənir.
Qara köpək günə verir özünü,
Hərdən qalxıb yorğun-yorğun havlayır.
Dörd tərəfdə tələ quran pişiklər
Pişik-pişik siçanları tovlayır.
Günəş-günəş çörək yapır təndirə
Üz-gözünü gün aparan qadınlar.
Təndir-təndir qızardıqca çörəklər
Çırtaçırtla səs eləyir odunlar.
Baxırsan ki, külək qopur qəfildən,
Pəncərələr külək-külək yellənir.
Külək-külək çiçəkləyir hər tərəf,
Həyət-baca külək-külək güllənir.
Başdan-başa gözəllikdi, gözəllik,
Çəmənlərin nazına bax, nazına.
Günəş-günəş nur tökülür üstünə,
Bu yerlərin yazına bax, yazına.
KİM KÜSDÜRDÜ BU SEVGİNİ GÖRƏSƏN?
Göy üzünə əl açırdı sevgimiz,
Yavaş-yavaş gül açırdı sevgimiz,
Təzə-təzə dil açırdı sevgimiz,
Kim susdurdu bu sevgini görəsən?
Odu söndü, közü ilə oynadıq,
Şaxta vurdu, buzu ilə oynadıq,
Gecə-gündüz nazı ilə oynadıq,
Kim küsdürdü bu sevgini görəsən?
Xoşbəxtliyə bir addımlıq yol vardı,
Gözləsəydik gəlib bizi tapardı,
Bu sevgini kim yolundan qaytardı,
Kim azdırdı bu sevgini görəsən?
BALAŞ NƏNƏNİN ƏRİKLƏRİ
Qonşumuz Balaş nənəgillə bizi qamış çəpər ayırardı,
Çəpərin dibində qollu-budaqlı ərik ağacı vardı,
Yay olanda bolluca bar gətirərdi,
Külək meyvələrini çırpardı,
Dibi həmişə əriklə dolu olardı.
Sapsarı,badamı, şipşirin əriklərdi,
Baxanda adamın ağzı sulanardı,
Nəfsimiz çəkərdi.
Qonşunun uşaqlarıyla yığışıb günortanın qızmarında
oğurluğa gedərdik Balaş nənəgilə.
O vaxtlar ayrı aləmdi,
Qonşular heç vaxt qapını bağlamazdılar.
Bizi görcək ala it özünü yeyib tökərdi,
Yazıq it əlimizdən zəncir gəmirərdi,
Bəd idi deyə açıq saxlamazdılar.
Səsi qulağımdadı hələ.
Bir gözümüz itdə,
ürəyimiz çırpına-çırpına ciblərimizi,
əlimizi, ətəyimizi əriklə doldurardıq.
Elə şirin əriklərdi ki,
Dadı damağımdadı hələ.
Ayağımızı tikan, paltarımızı kol-kos aparardı,
Hər gün böyüklərdən bir kötək payımız vardı.
Günlər keçərdi, yay bitərdi,
Ağac da dincələrdi, biz də.
Sonra payız, sonra da qış gələrdi və həsrətlə gələn yayı gözləyərdik yenə.
Ta ki, ağlımız kəsənədək.
Bir gün öyrəndik ki, oğurluq günahmış sən demə..
Qorxduq, yığışdıq çəpərlərin başından,
Ağacların dibindən yığışdıq.
Sonra aləm qarışdı,
Sökdülər qamış çəpərləri,
Taxta qapıları sökdülər,
Hündür, bərli-bəzəkli daş hasarlar tikdilər.
Sonra Balaş nənə köç etdi bu dünyadan,
Sonra ərik ağacı da qurudu,
Sonra əlimizdən zəncir gəmirən ala it də öldü,
Sonra baxıb gördük ki, bomboşdu kənd -kəsək,
Ağaclar da azalıb, adamlar da..
Sonra qəbristanlıq yolunu ağartdı ağacdan ərik oğurlayan uşaqlar.
Sonra o uşaqlar da qocaldı,
Sonra ağaclar da..
Qonşuya ərik oğurluğuna getmək də heç kimin yadına düşmədi daha,
Heç əriklərin də dadı olmadı əvvəlki tək.
Sonra daha böyük oğurluqlar başladı,
sevgilər oğurlandı, ürəklər oğurlandı,
talelər, qismətlər, arzular, diləklər oğurlandı.
Beləcə oğru-oğru yaşamağı öyrəndik,
Beləcə unudulub getdi ərik oğruları.
Amma heç vaxt damağımızdan getmədi o əriklərin dadı--
Şipşirin, badamı, sapsarı..
BİR GÜN
Bir gün gələ,oyanasan yuxudan,
Görəsən ki, dəyişibdi kainat.
Görəsən ki, düzü-dünya azaddı,
Sən azadsan, mən azadam, O azad.
Xəyalların gerçək ola bir anda,
Ürəyinə sığışmaya sevincin.
Yoxa çıxa ölüm-itim,qan-qada,
Yer üzünə sülh gətirə göyərçin.
Buludlar da yağış-yağış dincələ,
Azad çöllər nəfəs ala dərindən.
Nur tökülə gözlərindən səhərin,
Qurtarasan gecələrin şərindən.
Azad-azad gülümsəyə günəş də,
Unudula canındakı ağrılar.
Gözlərini həqiqətə açasan,
Üzə çıxa zindan-zindan doğrular.
Azadlığı ciyərinə çəkəsən,
Qaysaqlaya ürəyinin köz yeri.
Səslənəsən qəfəsdəki quşlara--
Azadlığın öz yeri var, öz yeri.
BULUDLAR
Buludlar səxavətlə göndərirdi yağışını yer üzünə,
Yenə baharın ətri duyulurdu yaş torpaq qoxusundan.
Çiçək kimi açılırdı üzü təbiətin,
Yağış -yağış sevinirdi bağlar, bağçalar,
Ağaclar yarpaq-yarpaq oyanırdı qış yuxusundan.
VAXT VARDI
Vaxt vardı ürəkdolusu sevərdik,
Sevilərdik ürəkdolusu.
Ürəkdolusu salamlayardıq səhəri,
Gecələri ürəkdolusu.
Yox idi dünyada ölüm-itim, şeytan qorxusu.
Bütöv idi dünyada hər nə var
Ümidlər, arzular, xəyallar.
Gülə-gülə keçirdik bu gündən sabaha,
Sevgiylə baxırdıq ağaca, çiçəyə, yarpağa.
Doya-doya çıxarardıq məhəbbətin dadını,
Hərə bir ürəyə yazdırardı adını.
Gözümüzə durmazdı, enişlər, yoxuşlar,
Sazaqlar, küləklər, yağışlar.
Gecələr də yerindəydi,
gündüzlər də,
Dağlar da, dərələr də ,dənizlər də.
Nə ayrılıq vardı, nə həsrət arada,
Bir vüsal gözləyirdi bizi uzaqlarda.
Qızlar saçıyla,oğlanlar boy-buxunuyla öyünərdi,
Ürəklər məhəbbətlə döyünərdi,
Xoşbəxtdik.
Göz açıb yumunca ürəklər nifrətə yuva oldu,
Sonra beşgünlük sevdalar, sonra xəyanətlər başladı,
Alışdıq ayrılığa, göz yaşına,həsrətə,
Sonra bütün nağıllar bir-birinə oxşadı..
Vaxt vardı...
“Ədeəbiyyat və incəsənət”
(03.06.2026)
Biri ikisində - Tural Cəfərlinin şeirləri
“Ədəbiyyat və incəsənət” portalı və “Ulduz” jurnalının birlikdə həyata keçirdikləri “Biri ikisində” layihəsində bu gün sizlərə Tural Cəfərlinin
şeirləri təqdim edilir.
Layihə ən yaxşı ədəbi nümunələrin təbliğinə hesablanıbdır.
Xoş mütaliələr.
TURAL CƏFƏRLİ
ELƏ Kİ DARIXDIN
Elə ki darıxdın, heç kimə demə,
Bir az xəyal götür, özünlə danış.
Yığıb bir araya xatirələri,
Sahildə oturub dənizlə danış.
Danış, ürəyini boşalt beləcə,
Ləpələr dərdini yuyub-aparsın.
İçində sızlayan yaralarını
Külək yarpaq kimi bir-bir qoparsın.
Uzaqdan əl edib özün-özünə,
Hamını bir axşam bağışla getsin.
Gözündən asılan yorğun baxışlar,
Son dəfə islanıb yağışla getsin.
MƏN DƏ
Gördüm ki, ağlayan yoxdur halıma,
Başladım halıma gülməyə mən də.
Əbədi deyiləm, arxayın olun,
Dünyaya gəlmişəm ölməyə mən də.
Heyifim axan göz yaşıma gəlir,
Bəzən təkliyim də xoşuma gəlir.
Ağlıma gəlməyən başıma gəlir,
Adam yox dərdimi bölməyə mən də.
Dünənki qəmimi sabah bildilər,
Susdum, sükutumu bir ah bildilər.
Savab işimi də günah bildilər,
Başladım onları silməyə mən də.
AĞACLA SÖHBƏT
Sarılıb ağaca qucaq açasan,
Vücudun titrəyə tüklərinəcən.
Sevəsən ağacı öz balan kimi,
Hiss edə bunları köklərinəcən.
Quşlar yuva quran budaqlarını
Yağışlar yağanda əyirmi sənin?!
Küləklər tökülən yarpaqlarını
Qovanda xətrinə dəyirmi sənin?!
Sənin də bircə cüt ayağın ola,
Bir axşam qaçasan yerdən, ay ağac.
Çırpıb qanad kimi budaqlarını,
Quş olub uçasan birdən, ay ağac.
YERLƏ GÖY ARASINDA
Mənim ağrılarım cismani deyil,
Bir ucu yerdədir, bir ucu göydə.
Ümidim rəngarəng göyqurşağıdır,
Bir ucu yerdədir, bir ucu göydə.
Kədər gözlərimdə məna qazanır,
Ömür xəzan olub, payızı anır.
Yollarım özümə sarı uzanır,
Bir ucu yerdədir, bir ucu göydə.
Arxamca sürünən günaha baxdım,
Dünənə üz tutub, sabaha baxdım.
Yumub gözlərimi Allaha baxdım,
Bir ucu yerdədir, bir ucu göydə.
YERİN MƏLUM
Düzmüşəm kədəri, qəmi önümə,
Qışa tədarüküm var, yerin məlum.
Hardasa adını çaşıb demişəm,
O gündən olmuşam xar, yerin məlum.
Deyirsən, bu dərdin nədir kamalı?!
Bu dünya başıma dar, yerin məlum.
Sən deyib-gülürsən, nə xoşdur halın,
Mən isə edirəm ar, yerin məlum.
Səsimi dinləmir, eşitmir heç kim,
Yerin də qulağı kar, yerin məlum.
Sən sığal çəkməyən saçlarıma da
Yağır aram-aram qar, yerin məlum.
SƏNSİZLİKDƏYƏM
Yerimi bilirsən, sənsizlikdəyəm,
Dəyişkən buludlu havalardayam.
Ümidim quş olub, uçubdu çoxdan,
Viranə, boş qalan yuvalardayam.
Yerimi bilirsən, sənsizlikdəyəm,
Çox vaxt haqsız olan qınaqlardayam.
İmtahan edirəm səbrimi hər gün,
Yorğunam, çox ağır sınaqlardayam.
Yerimi bilirsən, sənsizlikdəyəm,
Durna köçündəyəm, bir-bir azıram.
Qafiyə tuturam, söz ovlayıram,
Başına gəlməsin, şeir yazıram.
DARIXAR...
Dənizin dalğalı halını görüb,
Gəmilər limanda qalıb darıxar.
Qara buludları qovan küləklər,
Yağışı yadına salıb darıxar.
Gecənin birində ulayan itlər,
Sükutun səsini pozub darıxar.
Yuxusu gəlməyən tənha bir qoca
Hər şeyi xeyrə yozub darıxar.
Payızda köç edən qərib durnalar
Bir qatı dumanda azıb darıxar.
Dərdini kağıza köçürən adam
Allaha bir məktub yazıb darıxar.
TANIYIRAM
Bu şəhərdə küləkləri
Küçə-küçə tanıyıram.
Ağacları kölgəsindən,
Dolayları döngəsindən,
Adamları içlərindən
Keçə-keçə tanıyıram.
Bu şəhərdə yağışları
Çətir-çətir tanıyıram.
Gölməçəni çuxurundan,
Qayaları süxurundan,
Adamları sözlərindən
Sətir-sətir tanıyıram.
Bu şəhərdə yoxuşları
Çıxa-çıxa tanıyıram.
Səkiləri ölçə-ölçə,
Ömür-günü biçə-biçə,
Adamları dişlərimi
Sıxa-sıxa tanıyıram.
DAŞ
Ay mənim yoluma daş düzən adam,
Nə gözəl etmisən, daşına şükür.
Ayağım bərkidi sənin sayəndə,
Düşünən beyninə, başına şükür.
Sənin sağlığına, həmin daşları
Yığıb mən özümə ev düzəltmişəm.
Sonra nağıllarda olduğu kimi,
Səninçün qorxulu div düzəltmişəm.
Ay mənim yoluma daş düzən adam,
Daş saxla, nə vaxtsa satarsan mənə.
Bir gün əlindəki qalan daşları
Günahsız olanda atarsan mənə.
DARIXAN ADAM
Dən səpir quşlara parkda bir adam,
Hava buludludur, bir az da soyuq.
İndi bu şəhərdə darıxır hamı,
Küləklər sərxoşdur, ağaclar ayıq.
Dən səpir quşlara parkda bir adam,
Mübarək üzü var, nəcib halı var.
Elə bil soruşur quşlardan nəsə,
Görəsən, quşlara nə sualı var?!
Dən səpir quşlara parkda bir adam,
Uçur fikirləri göylərə sarı.
Dünyanın ən zəngin adamı odur –
Ovcunda dənidir dövləti-varı.
BİR GÜN
Bir gün bu dünyada yerimi tapsam,
Həmin gün o yerdən qaçaram, yəqin.
Nə vaxtsa yaxamı bəla tutanda,
Ona da bir qucaq açaram, yəqin.
Bəlamı qısqanar başqa qucaqlar,
Bəlama ayrı yer seçərəm, yəqin.
Mən ki bəlaları nemət bilmişəm,
Sirat körpüsündən keçərəm, yəqin.
Əkib ürəyimdə qəmin toxumun,
Quşlara dən bilib, biçərəm, yəqin.
Uşaqlar həmişə gülsünlər deyə,
Yalan da olsa, and içərəm, yəqin.
BÖYÜMƏYƏ TƏLƏSMƏ
Oğlum İsaqla şeir söhbətim
Oğlum, sən böyüdükcə
mən sənin yaşıdın oluram.
Bir gün sinif yoldaşın,
bir gün məhlə uşağın,
bir gün dostun oluram.
Riyaziyyatı sevmədiyini,
futbol oynamadığını,
nədən utandığını hamıdan yaxşı bilirəm.
Həyat adlı oyunda uduzmaqdan qorxma,
Qorxulu olan uduzmaq deyil,
qalib olduğunu bilməməkdir...
İnsanları tanıyanda tələsmə,
Hamı sənin kimi deyil.
Ağacların yarpaqlarına toxun,
Buludları pambıq bilib,
Göy üzünə gülümsə...
Hər küləyə qoşulma,
Hər səmtə əsmə.
Bir də heç vaxt unutma,
Sən böyüdükcə mən sənin yaşıdın oluram,
Böyüməyə tələsmə...
“Ədəbiyyat və incəsənət”
(03.06.2026)
Mütaliə saatı: Bahar Bəxtiyarqızı, “Əslində, mən kiməm?!”
“Ədəbiyyat və incəsənət” portalının “Mütaliə saatı”nda yeni roman təqdim edilir. Bu, gənc yazar Bahar Bəxtiyarqızının “Əslində, mən kiməm?!” romanıdır.
Xoş mütaliələr.
11-Cİ DƏRC
Ən əvvəl həyat onu oxudu. Sonra o, kitabları oxudu. İndi isə başqaları onu nümunə kimi oxuyur
On birinci hissə
Yazımı tamamlayıb evə getdim, amma fikrim hələ də, orada – cavabsız sualların içində qalmışdı. Səhərin açılmasını səbirsizliklə gözləyirdim. Beynimdə dolaşan sualların tək bir cavabı vardı, onu da yalnız Lalə bilirdi.
Nəhayət, səhər açıldı. Hər zamankindən daha erkən yola düşdüm. Dəniz kənarına gedib kitab oxumağa qərar verdim. Gözüm istər-istəməz ətrafı axtarırdı. Bəlkə də Rüstəm bəyi görəcəyimə ümid edirdim. O, bu gün də yox idi amma içimdə bu dəfə arxayınlıq yaranmışdı – Rüstəm bəy, artıq pasiyentim idi.
İşə çatan kimi kafeteriyadan qəhvə götürüb birbaşa otağıma keçdim. Pəncərələri açdım ki, içəri təmiz hava gəlsin. Hava soyuq olsa da, günəş çıxmışdı, yüngül meh əsməyə davam edirdi. Sanki o meh otağın ağır havasını da, beynimi dolduran fikirləri də yüngülləşdirirdi. Qəhvəmdən bir qurtum içib, pəncərənin kənarında dayanaraq şəhəri seyr etməyə başladım.
Lalə xanım günün ikinci pasiyenti idi, ona görə də gözüm hələlik qapıda deyildi. İlk pasiyentim içəri daxil oldu, uzun-uzadı söhbət etdik. Təəssüf ki, həmişəki kimi danışığımız ən maraqlı yerində yarımçıq qaldı. Kiminsə fikrini bölməkdən xoşum gəlməsə də, qaydalar qaydadır – növbəti pasiyentin vaxtından oğurlamaq ədalətsizlik olardı.
Nəhayət, Lalə xanım içəri daxil oldu. Onun çöhrəsində həmişəki gülüş vardı, amma bu dəfə baxışlarında fərqli bir parıltı sezilirdi. Mən də təbəssümlə qarşılıq verdim. Salamlaşdıq, hal-əhval tutduqdan sonra soruşdum:
- Ötən gün qapıda qarşılaşdığınız insanı tanıyırsınız?
- Rüstəm bəyi deyirsiniz? Mən də onu dəhlizdə görəndə təəccübləndim. Heç ağlıma gəlməzdi ki, Rüstəm bəyi sizin qəbulunuzda görərəm. O sizi tanıdığını məndən gizli saxlayıb.
Maraqla Laləyə baxdım. Gözlərimlə onu davam etməyə səslədim.
- İstəyirsiniz, hər şeyi danışım, siz də dinləyin?
- Əlbəttə, buyurun, danışın.
- Sizinlə görüşdən çıxıb dəhlizdə addımlayarkən birdən qarşımda tanış bir sima görüb ayaq saxladım.
“Rüstəm bəy?”
Onu orada görüb duruxdum. Gözlərimdə həm çaşqınlıq, həm də tərəddüd var idi. Nə edəcəyimi bilmədiyimdən sadəcə başım ilə salamlayıb sakitcə oradan uzaqlaşdım. Evə çatanda telefonu götürüb mesaj yazdım:
“Salam Rüstəm bəy, sizi orada görmək məni təəccübləndirdi.”
Cavab çox gecikmədi:
“Salam, Lalə xanım. Bəzi şeyləri izah etməyin zamanı gəldi, elə deyilmi?”
“Əgər istəsəniz, əlbəttə.”
Rüstəm bəy bir neçə saniyə sonra cavab verdi:
“Humay xanımı ilk gündən travmalarımı hiss etmişdi, amma mən danışmağa hazır deyildim. Bilərəkdən ondan uzaqlaşdım. Nəhayət, doğru zamanın indi gəldiyini düşündüm.”
“Demək, siz də keçmişinizlə üzləşmək üçün doğru zamanı gözləyirdiniz…”
“Bəzən insan keçmişə qayıtdıqca, o da insanı geri çəkir. Keçmişi ələk-vələk etdikdə, o da bizi eyni hala salır. Əsas odur ki, indi siz keçmişlə mübarizədən qalib çıxmış bir qəhrəmansınız.”
“Çox sağ olun, Rüstəm bəy. Düşünürəm ki, siz mənə əsl kimliyimi tapmaqda çox kömək etdiniz. Ən son, Humay xanımla söhbət etdikdən sonra, hər şey aydın oldu. İnsan əsl kim olduğunu dərk edəndə, olduğu kimi yaşamağa başlayanda, həyatı dəyişir. Yalnız o zaman, həqiqi xoşbəxtlik mümkündür.”
- Həyat dəyişirdi. İnsanlar dəyişirdi. Ən əsası, mən özüm dəyişirdim. Keçmişdən qaçmadan, ona ilişib qalmadan, sadəcə onunla barışaraq, gələcəyə doğru inamla addımlayaraq…
- Lalə xanım, mən Rüstəm bəylə ilk dəfə dəniz kənarında qarşılaşmışdım. O an hiss etdim ki, onun gözləri çox şey deyir – ağrılar, travmalar, keçmişin izləri… Bu, məni təsirləndirdi. İçimdə bir psixoloq kimi deyil, bir insan kimi ona kömək etmək istəyi doğdu. Amma söhbət əsnasında öyrəndim ki, o, psixoloqlarla danışmağı sevmir. Bu mənə tanış bir mövqe idi. Çoxları elə düşünür, amma bəzən ən çox ehtiyac duyanlar məhz psixoloqlardan qaçanlardır. Mən ona kimliyimi açıqlamadım. Yalnız yazar olduğumu dedim.
Lalə xanım maraqla mənə baxırdı. Mən isə davam etdim:
- Dünən isə o, yanıma gəlmişdi və mənə etiraf etdi ki, əslində, o vaxt dəniz kənarında mənim kim olduğumu hiss edibmiş. Hətta bir gün iş yerimin yanından keçərkən təsadüfən məni binaya daxil olarkən görüb və şübhələri tamamilə təsdiqlənib. O andan sonra, dəniz kənarına getmədiyini, dedi. Mən isə onu günlərlə axtarmışdım. Elə siz ilk dəfə onun adını çəkəndə, içimdə qəribə bir hiss oyanmışdı. Sanki, uzun müddətdir axtardığım bir tapmacanın cavabını tapmaq üzrə idim. Mən təsadüflərə inanmıram, amma bu hadisələr bir-birinə o qədər qəribə şəkildə bağlı idi ki, düşünmədən edə bilmirdim: necə ola bilər ki, psixoloq olduğumu bilməyən bir insan kiməsə məhz, mənim yanıma gəlməyi tövsiyə etsin? Günlərlə beynimdə bu suallarla boğuşdum. Amma bilirsiniz ən maraqlısı nədir?
Lalə xanımın, gözlərində maraq daha da dərinləşdi:
- Nədir?
- Öncəki seansda siz yenə Rüstəm bəydən danışdınız. Siz gedəndən sonra da, bu mövzu beynimdən çıxmadı. Hətta digər pasiyentimlə söhbət edərkən belə düşünürdüm ki, növbəti seansımızda, sizinlə, Rüstəm bəylə bağlı danışmalıyam. Amma heç gözləmədiyim anda, tamam fərqli bir insan vasitəsilə, Rüstəm bəy qarşımda dayandı.
Onun gözləri bir az da böyüdü və dərhal soruşdu:
- Fərqli insan kimdir ki, Humay xanım?
- Sizdən sonra otağıma daxil olan Əli bəy.
Lalə xanım təəccüblə gözlərini qırpdı:
- Əli bəy? O, Rüstəm bəyi haradan tanıyırdı?
- Bəli, Əli Camaloğlu. O da mənim pasiyentimdir. Bir dəfə aramızda kiçik bir dialoq olmuşdu və Əli bəy söhbət əsnasında hiss etmişdi ki, mənim haqqında danışdığım Rüstəm bəy, onun qonşuluğunda yaşayan insandır. Sonra bunu dəqiqləşdirib, əmin olduqdan sonra, Rüstəm bəylə bura gəldi. Yəni, mən sizdən gözlədiyim tanışlığı, tam fərqli biri ilə tapmış oldum.
Bu hadisələr mənə bir şey öyrətdi: bəzən həyat bizi özümüzü tapmaq üçün qəribə yollarla sınağa çəkir. Rüstəm bəyin travmaları, Əli bəyin keçmişi, sizin mübarizəniz… Hamınız fərqli yollarla bir labirintin içində idiniz və nəhayət ki, yollarınız kəsişdi.
Lalə xanım başını tərpədib sonra əminliklə dedi:
- Düzdür, Humay xanım. Rüstəm bəy, yalnız mənim özümü tapmağıma səbəb olmadı, həm də bu gün qarşınızda dayanan güclü və xoşbəxt qadının formalaşmasına təsir etdi. Onun yaxşılığı bumeranq kimi özünə qayıdır. Əminəm ki, sizin seanslarınızdan sonra, o da, keçmişin kölgəsindən çıxacaq. Hərçənd ki, onun mənə verdiyi məsləhətlərdən, danışığından heç də travmalı birinə bənzəmədiyini düşündüm. Amma indi məlum oldu ki, o, çox özünə qapalı biridir. Bəlkə də, bu səbəbdən psixoloqlardan uzaq qaçırdı. Amma bu rastlaşma təsadüf deyildi. Necə ki, o, mənim həyatımı dəyişdirdi, indi də öz həyatı dəyişmək üzrədir…
Lalə xanımın gözlərinə baxdım. O, artıq əvvəlki narahat, özünü axtaran qadın deyildi. Qarşımda dayanan Lalə, güclü, özünəinamlı və həyata qətiyyətlə baxan bir insan idi. O, artıq keçmişin yaralarından sıyrılmış, həyatının sükanını öz əllərinə almışdı.
- Baxın, Lalə xanım, bu gün sizin son seansınızdır. – sakit, amma qürur dolu bir səslə dedim. – İlk dəfə bura gəldiyiniz günü xatırlayıram. O zaman qarşımda özünü tapmağa çalışan, keçmişi ilə barışmağa ehtiyacı olan bir qadın vardı. Amma indi… indi isə tamam başqa biri ilə vidalaşıram.
O gülümsəyərək başını tərpətdi. Çox güman ki, bu otağa gəldiyi ilk günü, keçirdiyi çətin anları, özünü tanımaq yolunda apardığı mübarizəni xatırladı. Hər seansda bir az daha rahatlamış, bir az daha özü olmuşdu. İndi isə artıq burada olmağa ehtiyac duymurdu, çünki axtardığını tapmışdı.
- Sizə necə təşəkkür edəcəyimi bilmirəm, Humay xanım. Bu seanslar mənə bir şey öyrətdi. İnsan öz içindəki gücü kəşf etməyə başladıqda, heç bir çətinlik onu yolundan döndərə bilməz.
Başımı razılıqla tərpətdim. Gözlərimdəki qürur hissi əminəm ki, kənardan da sezilirdi.
- Düzdür, Lalə xanım. Siz həmişə güclü idiniz. Mən isə bu yolda sizə bələdçilik etdim.
O, otağın hər küncünə nəzər yetirdi. Bura ona həm sirdaş, həm də bir növ güzgü olmuşdu. Özünü burada daha yaxından tanımış, hisslərini, düşüncələrini, qorxularını və güclərini burada dərk etmişdi.
- Hər şey üçün, təşəkkür edirəm, Humay xanım – dedi və təbəssümlə əlavə etdi.
- Sayənizdə mən “Əslində mən kiməm?” sualıma cavab tapdım.
Gözlərimi Lalə xanımın gözlərinə dikib soruşdum:
- Bəs, əslində siz kimsiniz?
Onun gözləri parladı. Cavabı aydın idi, çünki o, artıq öz kimliyinin fərqində idi:
- Əslində mən… çox xoşbəxt, bacarıqlı və güclü bir xanımam, – deyə özünə inamlı şəkildə dilləndi.
- Bəli, məhz elədir.
Bu, psixoloqun pasiyentinə verdiyi təsdiq deyil, bir qadının, digər qadına olan qürur dolu dəstəyi idi. Bu, bir nəticənin, bir qələbənin işarəsi idi.
Lalə xanım, ayağa qalxdı. Qapıya tərəf addımlayarkən, mən ona arxadan səsləndim:
- Ümid edirəm, yenidən yollarımız kəsişər… Amma burada yox. Başqa istiqamətdə, başqa gözəl hadisələrdə.
Lalə xanım dayanıb mənə tərəf döndü. Gözlərində minnətdarlıq, simasında sevinc görünürdü.
- İnşallah, Humay xanım. – dedi və son dəfə təbəssüm edərək otaqdan çıxdı.
Qapı yavaşca bağlandı. Lalə xanımın həyatında bir fəsil bağlansa da, qarşıda onu yeni, parlaq səhifələrin gözlədiyini bilirdim. Bu fikirlə içimdən bir rahatlıq keçdi. O getdikdən sonra, digər pasiyentimin qəbul saatına hələ bir qədər vaxt qaldığını görüb aşağıya, kafeteriyaya endim.
Özümə bir fincan qəhvə alıb masada tək əyləşdim. Elə həmin an, iş yoldaşım Surxay müəllimin də, qəhvəsini götürüb mənə tərəf gəldiyini gördüm. Masama yaxınlaşıb salam verdi, yanımda əyləşdi. Hal-əhval tutduqdan sonra hiss etdim ki, nə isə demək istəyir, amma tərəddüd edir.
Surxay müəllim, qırx yaşlarında olsa da, olduğundan daha gənc görünən, həmişə səliqəli geyimi və baxımlı görünüşü ilə seçilən bir insan idi. Heç vaxt onun əynində ütüsüz paltar, dağınıq saç və ya baxımsız saqqal görməmişdim. Lakin bu gün onun görkəmində qeyri-adi bir səliqəsizlik hiss etdim. Geyimi bir qədər qayğısız, saç düzümü isə həmişəki kimi səliqəli deyildi. Bunun səbəbini soruşmağa cəsarət etməsəm də, ürəyimdə bir narahatlıq yarandı.
Qısa bir sükutdan sonra özü dilləndi:
- İşdən ayrılacağam.
Təəccüblə üzünə baxdım. Sual verməsəm də, baxışlarımda “Niyə?” sualımı hiss edib davam etdi:
- Bunu demək mənim üçün çox ağırdır… Səhhətimdə ciddi problemlər yaranıb. Açığı, nə qədər ömrüm qaldığını bilmirəm. Bildiyim tək şey, çox az qalıb. Ona görə də, qalan vaxtımı ailəmə, övladlarıma ayırmaq istəyirəm.
Onun sözləri məni məyus etdi. Nitqim qurudu, nə deyəcəyimi bilmədim. Qısa bir səssizlikdən sonra çətinliklə söz tapıb dedim:
- Siz buna əminsiniz? Bəlkə başqa klinikalarda da yoxlanasınız?
Gülümsəməyə çalışdı, amma bu, üzündə kədərli bir ifadə kimi göründü:
- Ehtiyac yoxdur. Şəhərin ən nüfuzlu xəstəxanasında verdiyim analizlər səhv olacaq deyirsiniz? Bu, mümkün deyil.
- Bəs, xəstəliyinizin adı nədir?
Səsini bir qədər alçaldıb cavab verdi:
- Xərçəng…
Ürəyim sıxıldı. Nə deyəcəyimi bilmirdim. Bir müddət susduq. Sonra sakitcə:
- Amma ümidinizi itirməyin. Bu xəstəlikdən sağalanlar da olub…
Surxay müəllim, qəhvəsindən bir qurtum içib, dərindən köks ötürdü. Gözlərini fincanın içindəki qara mayeyə zilləmişdi, elə bil cavabını orada axtarırdı.
- Ümid? – kinayə ilə gülümsədi. – Bilirsiniz, Humay xanım, insan bəzən hər şeyin çox gec fərqinə varır. Əvvəllər elə bilirdim ki, vaxt sonsuzdur, hər şeyi təxirə salmaq olar… Ailəmə daha çox zaman ayırmaq istəyirdim, amma işim həmişə ön planda oldu. İndi isə anlayıram ki, həyat heç də sonsuz deyil.
Sözlərində acı bir peşmanlıq hiss olunurdu. Ona təsəlli vermək istəsəm də, hansı sözlərin uyğun olacağını bilmirdim.
- Bəlkə də, hələ gec deyil… – dedim ehtiyatla.
Başını yavaşca tərpədib gözlərimin içinə baxdı.
- Bəzi şeylər üçün çox gecdir, amma hələ edə biləcəyim bir şey var. Ailəmlə keçirməli olduğum bütün o itirilmiş zamanı indi geri qaytarmağa çalışacağam.
Sözünü bitdikdən sonra ayağa qalxdı, fincanını masanın üstünə qoyub mənə baxdı.
- Belə kədərli danışmaq istəməzdim, amma indi mənə ən böyük terapiya ailəmdir.
Başımı tərpədib anlayışla ona baxdım.
- İnşallah, hər şey yaxşı olacaq…
O, cavab vermədi, eləcə başını yellədi, sakit addımlarla kafeteriyanı tərk etdi. Mən isə hələ də yerimdə oturmuş, fincanın içində qalan qəhvəyə baxırdım. Bu görüş mənə çox şey düşündürdü…
Fikirli halda ayağa qalxıb otağıma doğru addımladım. Düz qapıya çatmaq üzrə idim ki, dəhlizdəki kresloda Rüstəm bəyi gördüm.
Rüstəm bəy məni görən kimi ayağa qalxdı, gülümsəyərək salam verdi.
- Salam, Rüstəm bəy. Siz burada nə edirsiniz? Bildiyim qədərilə bu gün sizin qəbul vaxtınız deyil.
- Köməkçiniz, zəng edib, “Seans gününü dəyişə bilərikmi?” deyə soruşdu. Səbəb isə digər pasiyentin gününü dəyişmək istəməsi imiş. O da mənim qəbul vaxtımda gəlmək istəyirmiş. Mən də razılaşdım.
- Çox gözəl. Buyurun, otağıma keçək.
Görüşün baş tutmasının sevinci üzümə yansımışdı. Rüstəm bəy də, bunu hiss etdi. O da şən və mehriban tərzdə danışmağa başladı.
- Humay xanım, mövzuya keçməzdən əvvəl bir şeyi qeyd etmək istəyirəm. Sizin işinizə olan sevginiz, üzünüzdən oxunur. Elə bil, insanların həyatına toxuna bilmək, sizi daha da xoşbəxt edir. Bəlkə də elə buna görə, pasiyentləriniz buradan daha rahat və ümidli ayrılırlar.
Onun sözləri məni xoş bir təbəssümlə cavab verməyə vadar etdi.
- Əvvəla, təşəkkür edirəm, Rüstəm bəy. Haqlısınız, işimi həqiqətən sevirəm. İnsanların həyatına müsbət təsir etmək, onların çətinliklərini aşmalarına kömək etmək mənim öz həyatımı da, zənginləşdirir. Bəzən düşünürəm ki, məhz bunun üçün doğulmuşam. Həyatdakı missiyam elə budur…
Rüstəm bəy başını razılıqla tərpətdi, sanki dediklərimi çox yaxşı anlayırdı. Otaqda xoş və səmimi bir aura yaranmışdı. Bu seansın məhsuldar keçəcəyinə artıq əmin idim.
- Rüstəm bəy, gəlin, ən başdan başlayaq… Gözlərinizdə gizlətməyə çalışdığınız ağrıları, keçmişin izlərini danışmağa hazırsınızmı?
O, susdu. Baxışlarını qaçırdı. Elə bil içindəki fırtınaları bir anlıq cilovlamağa çalışırdı. Sonra başını qaldırıb mənim gözlərimə baxdı.
- Mən danışa bilmirəm, – deyə pıçıldadı.
- Çox normaldır. Danışmaq üçün bura gəlmək belə böyük addımdır. Heç olmasa, hiss etdiklərinizi paylaşa bilərsinizmi?
- Çox çətindir… Amma bəli. İçimdə bir qəzəb var. Həmişə olub. O, məni rahat buraxmır.
- Qəzəb adətən keçmişdən gələn bir duyğudur. O keçmişin içində nə var?
- Orada bir uşaq var – nəhayət dedi. – On yaşında bir uşaq… və onun qorxusu. O uşaq zorakılığa məruz qalıb... Heç kimə danışa bilmədim, – səsi titrədi.
- Heç vaxt gec deyil. Susmaq bəzən ən ağır yük olur. Siz o yükü illərlə daşıyırsınız. Buyurun… Mən sizi dinləyirəm.
- Hadisə baş verəndə, on yaşım vardı. Qaçmağa çalışırdım, amma elə bil ayaqlarım yerə yapışmışdı. Gözlərimin qarşısında olan hadisəni anlamadığım bir anda, ürəyimdəki qorxu, bədənimi bürüdü. Titrəyən bədənimə nəyinsə toxunuşunu hiss etdim. Hər şeyə son vermək istəyirdim, amma bədənim itaət etmirdi. O an hiss etdiklərim, həm fiziki, həm də emosional çöküşümün tam ortasında idi. Bədənim sanki mənə aid deyildi. Elə bil baş verənlərin içində deyil, kənardan izləyirdim. Hər toxunuş, hər yaxınlıq məndə dəhşətli bir qəzəb və qorxu qarışığı yaradırdı. Eyni zamanda, məni hərəkətsiz, dilsiz buraxırdı. Sadiq, mənim içimdəki bütün ümidləri qırdı.
Sadiq, 14 yaşında, sifəti uzunsov, saçları isə sarı idi. Arıq və zəif bədən quruluşu vardı. Ayaqlarından biri digərindən qısa olduğuna görə, hər zaman ayağını çəkə-çəkə yeriyirdi. Məhəllədə birlikdə müxtəlif oyunlar oynayırdıq. Yaşca məndən böyük olması ona üstünlük verirdi. Çox vaxt bu yaş fərqini avantaja çevirərək mənim üzərimdə söz haqqı qazanmağa çalışırdı. Mən isə ona itaət etməkdən başqa çarə tapmırdım. Bir tərəfdən ona inanırdım, digər tərəfdən isə o, məhəllədə həm öz yaşıdları, həm də mənim yaşıdlarım arasında, nüfuz sahibi idi. Sözünün çəkisi vardı. Dediklərinə kimsə etiraz edə bilmirdi. Hətta bir hadisəni yalan danışsa belə, heç kim onun sözünü təkzib etməyə cəsarət etmirdi...
Başımı çevirib ona baxanda, gözlərindəki qəzəb və kin məni qorxutmuşdu. O baxışlarda elə bir alov vardı ki, elə bil məni hər tərəfdən sarıb çıxış yolumu bağlayırdı. Daha da çarəsizləşirdim. Başa düşə bilmirdim ki, bu gözlənilməz qəzəbin qaynağı nə idi?
Nəfəsim boğazımda ilişmişdi, qışqırmaq istəyirdim, lakin səsim yüksəkdən çıxmırdı. Beynimdə bir sual fırlanırdı: “Niyə bu mənim başıma gəlir?” Hər şey bulanıq idi. Nə baş verirdi? Niyə qaça bilmirdim?
Sanki, bütün dünyam dağılmışdı. Elə bil bataqlıqda idim, çıxmağa çalışdıqca daha çox dərinə batırdım. Zaman donmuş kimi görünür, hər saniyə bir il kimi gəlirdi. Artıq bütün gücümü itirmişdim, hətta bir anlıq hər şeydən imtina etməyi belə düşündüm. Amma sonra içimdə kiçik bir ümid qığılcımı yarandı – bəlkə qurtula bilərdim. Qaranlığın ortasında bir işıq kimi o ümidə yapışdım. O qaçıb getmişdi, mən isə yaşadıqlarımın ağırlığı altında huşumu itirmişdim. Gözlərimi açanda soyuq döşəmənin üzərində uzanıqlı halda idim. Başım hərlənirdi. Bədənimdə bir süstlük vardı. Bir neçə uğursuz cəhddən sonra, nəhayət ayağa qalxa bildim. Ürəyim hələ də sürətlə döyünürdü, sanki sinəmi yarıb çıxacaqdı.
Üst-başımı səliqəyə salıb, oradan uzaqlaşmağa çalışdım. Tezliklə evə çatıb otağıma keçmək istəyirdim. Amma şalvarımın arxasını təmizləyərkən əlimə isti, yapışqan mayenin dəydiyini hiss etdim. Baxanda isə qan olduğunu gördüm. O an nə baş verdiyini dərk edə bilmədim. Heç nə düşünmədən evə qaçıb, əynimi dəyişdim. Anamın narahat baxışlarından yayınmaq üçün, yıxıldığım yalanını uydurdum. İçimdəki narahatlıq isə keçmirdi. Bu qan haradan gəlmişdi?..
Hadisədən sonra uzun müddət yaşadıqlarımı tam dərk edə bilmədim. Kiçik yaşda baş verənlərin ağırlığı mənim üçün anlaşılmaz idi. Mənə elə gəlirdi ki, bu yalnız qorxulu bir hadisə idi. Əslində isə bunun nə demək olduğunu hələ də başa düşə bilməmişdim. Vaxt keçdikcə bu hadisə mənim düşüncələrimin arxasında qaldı, lakin ağrısı heç vaxt tam itmirdi.
- Bəs sonra necə öyrəndiniz ki, zorakılığa məruz qalmısınız?
- On dörd yaşım tamam olanda, təsadüfən televizorda uşaq zorakılığı haqqında bir proqram izlədim. Orada danışılan hekayələr və izahlar mənim yaddaşımda kilidlənmiş qapını açdı. O zaman başa düşdüm ki, illər əvvəl yaşadıqlarım zorakılıq idi – mənim bədənimə və ruhuma edilmiş zorakılıq.
Bunu öyrənmək mənim üçün çox ağır idi. Özümü günahlandırmağa başladım. Niyə həmin an qışqırmadım? Niyə qaçmağa çalışmadım? Ruhuma dolan kədər və qəzəb dalğası, məni daha dərin bir travma ilə üzləşdirdi. Bu hisslər mənim davranışlarıma nəzarət etməyimi çətinləşdirirdi.
İllər ötüb keçdi. On səkkiz yaşım olsa da, keçmişin izləri hələ də məni təqib edirdi. Bir çox hallarda, yaşadığım zorakılığın yaratdığı gücsüzlük hissini unutmaq üçün, bir gecəlik münasibətlərdə üstünlük və güc sahibi olmağa çalışırdım. Bəzən, bu qadınlara qarşı sərt və aqressiv davranır, öz içimdəki ağrını zorakılıqla ifadə edirdim. Bu, mənə nəzarəti ələ aldığım hissini versə də, dərinlikdə yatan travmamı daha da gücləndirirdi. Hər dəfə zorakı davrandıqdan sonra içimdəki utanc və peşmanlıq hissi daha da böyüyürdü.
Mən etdiklərimin səhv olduğunu dərk edirdim, amma keçmişin izləri məni belə davranmağa məcbur edirdi. Bu davranışım mənim özümü günahlandırmağıma səbəb olurdu, çünki, keçmişdə qurban olduğum şeyin bir hissəsinə çevrilmişdim. Qadınlara qarşı sərt davrandıqda, özümə qarşı edilən zorakılığı bir növ təkrar yaşayırdım. Sanki bu travma məni kölgəm kimi izləyirdi.
Bu zəncirvarı hadisələr həyatıma hakim olduqca, mənə həm fiziki, həm də mənəvi zərbələr vururdu.
Uzun illər yaşadığım bu faciənin ağrısını unutmaq və normallaşmaq ümidi ilə evlilik qərarı verdim. Gülcahanı ilk dəfə gördüyüm gün, onun mənim həyatımda iz qoyacağını anlamışdım. O dərzi idi, mən isə tələsik işlə bağlı səfərə çıxmalı, cəmi bir saat ərzində hava limanında olmalıydım. Çox qəribə təsadüf oldu. Geyimimə nəzər salıb, üst-başımı düzəldərkən, pencəyimin bir hissəsinin söküldüyünün fərqinə vardım. Təşvişə düşdüyüm an, yaxınlıqda “Dərzi” yazılan bir yer gözümə sataşdı. Düşünmədən içəri girdim. O məqamda qarşıma çıxan həmin xanım – Gülcahan, sanki artıq hekayəmin bir parçası idi.
O, qamətli görkəmi ilə incə çiyinlərini zərif, uzun ayaqlarının üzərində qürurla daşıyırdı. Dərisinin isti tonu, kaman qaşları, sıx kirpikləri və qəhvəyi gözlərinin dərinliyi ilə göz oxşayır, valehedici gülümsəməsi ilə məni özünə heyran qoydu. Gözləməyə çox zamanım olmadığını söyləyib, məni digərlərindən əvvəl qəbul etməsini xahiş etdim. O da, razılıq verdi və oturmaq üçün bir yer göstərdi. Əyləşib gözləyərkən, həm də onu seyr edirdim.
Bir anlıq nəzərim əllərinə ilişdi. İlahi, bu incə əlləri, necə də əsrarəngiz gözəlliyə malikdir.
Qarşımda dayanmış bu gözəl xanım, saçlarını ipəkdən incə bir şalın altında gizlətmişdi. Bu gözəllikdə sirli bir hikmət, dərindən hiss edilən bir məna vardı. O anlarda elə bil vaxt dayanmış, bütün dünya bircə onun ətrafında fırlanırdı. Beləcə bizim hekayəmiz başladı.
Düşünürdüm ki, sevib ailə qurmaq, mənə keçmişi geridə qoymağa, daha sağlam həyata addım atmağa kömək edəcək. Həyat yoldaşıma sadiq qalmağa çalışdım, lakin içimdə bir yara vardı. Özümdən qaça bilmirdim. Evlilik mənim üçün yeni bir başlanğıc kimi görünsə də, keçmişin izləri hər zaman mənimlə idi.
Başlanğıcda hər şey normal görünürdü. Zaman keçdikcə, bu izlərin tamamilə yox olmadığını, yalnız səthdə gizləndiyini anlamağa başladım. Həyat yoldaşım ilə olan münasibətim, emosional yaxınlıq tələb edirdi. Bu yaxınlıq mənim üçün qorxulu idi. Çünki, içimdə həll olunmamış bir çox duyğu vardı. Yoldaşımın məni dəyişdirəcəyini düşünürdüm, amma bu köklü travma üzərində işləmədən sağalmayacaqdı.
Birdən uzun səssizliyimdən sonra Rüstəm bəyin sözünü kəsib: - Yəqin ki travmanız üzərində işlədiniz hə? – deyə soruşdum.
- Yox, əksinə. Tezliklə, yenidən bir gecəlik qadınlarla münasibət qurmağa başladım. Bu münasibətlər, məndə travmanın gətirdiyi gücsüzlük hissini yenidən hərəkətə keçirdi. Həyat yoldaşımdan uzaqlaşır, onu qorumağa çalışırdım, amma bu sadəcə öz ağrımdan qaçmaq idi. Bu davranışlarım davam etdikcə, özümə qarşı olan nifrətim daha da dərinləşirdi.
- Yoldaşınızı həqiqətən də sevirsiniz?
- Hə, əlbəttə, həqiqətən sevirəm. Mən sevgini həyatımın ən gözəl hekayəsi kimi yaşamışam. Qarşı tərəfdən də, eyni dəyərdə sevgi görmüşəm. Bu sevgi həm gülüşlərdə, həm də göz yaşlarında öz əksini tapıb. Soyuq qış gecəsində 45-km yolu piyada getmək, saatlarla söhbət etmək, bir anlıq küskünlük yaşamaq – bütün bunlar sevgimizin sınaqları olub. Amma hər dəfə bu sınaqlardan daha güclü çıxmışıq. Daxilimdəki bu duyğular, bəzən məni başqa yollara çəksə də, ürəyim həmişə ona bağlı qalıb. Ona olan sevgim heç vaxt azalmayıb. Heç kimə onun qədər bağlanmamışam. Onunla keçirdiyim hər an, yaşadığım hər duyğu, mənim üçün bənzərsiz olub.
Həyat yoldaşımı sevdiyimi bilirdim, amma bu sevgi özümə qarşı olan nifrəti, qaranlıq keçmişimdən gələn hisləri məhv etməyə yetmirdi. Vicdanımı bir qədər rahatlatmaq üçün, hər dəfə başqa qadınlarla birlikdə olandan sonra, evə qayıdanda, əlimdə hədiyyələr olurdu – bəzən bahalı zinət əşyaları, bəzən gözəl çiçəklər, bəzən də kiçik diqqət göstərən jestlər. Yoldaşım bu hədiyyələri mənim sevgimin bir ifadəsi kimi qəbul edirdi. Nə qədər çox xəyanət edirdimsə, o qədər çox hədiyyə alırdım, amma bu, vicdanımı heç vaxt tam rahatlatmırdı. Hədiyyələr sadəcə müvəqqəti bir vasitə idi. Bu, nə münasibəti, nə də öz içimdəki boşluğu doldura bilirdi.
Həyatımın bu mərhələsində hər şey təkrarlanırdı – xəyanət, vicdan əzabı, hədiyyə, yenidən xəyanət. Bu döngüdən çıxmaq üçün içimdəki qaranlıqla üzləşməli olduğumu başa düşsəm də, bunu etmək çox çətin idi.
Nəhayət, bu təkrarlanan davranışların kökündəki problemin keçmiş travma olduğunu qəbul edərək, peşəkar yardım almağa qərar verdim. Çünki travma ilə üzləşmək, ona qalib gəlmək, ciddi bir daxili güc və zaman tələb edirdi. Bir çox araşdırmalardan sonra, psixoloq Çinarə xanımın qəbuluna yazıldım.
Terapiyaya başladığım ilk günlərdə, hər şey mənə çox ağır gəlirdi. Çinarə xanım nə qədər anlayışlı və səbrli olmasına baxmayaraq keçmişimlə üzləşmək düşündüyümdən də çətin idi. İlk seans zamanı, hisslərimin dibində yatan ağrını yenidən xatırlamaq istəmirdim. Çinarə xanım, mənə keçmişi yenidən emal etməyin vacibliyini izah etdikcə, içimdəki qorxularla üzləşməyə məcbur qalırdım.
Hər dəfə yaşadığım ağrılardan danışanda, özümü həmin dəhşətli anlara geri qayıtmış kimi hiss edirdim. Hər detalı xatırlamaq və açmaq mənim üçün emosional olaraq dözülməz idi. Bütün bu illər ərzində keçmişimi unutmağa, basdırmağa çalışmışdım. Çinarə xanımın bu travmaların üstünü açmaq cəhdləri isə, mənim içimdə o anları yenidən yaşamaq qorxusunu gücləndirirdi. Ona görə də, terapiyadan imtina etməyə qərar verdim. Onun məsləhətlərinin və yardımının nə qədər dəyərli olduğunu bilsəm də, o an travmam ilə yenidən üzləşmək istəmirdim. Mənə elə gəlirdi ki, bu ağrıdan söz açmaq, məni daha çox zədələyəcək və onsuz da həssas olan vəziyyətimi daha da pisləşdirəcək. Yenidən özümü qurban kimi hiss edəcəm.
Qorxularım məni geri çəkilməyə və terapiyadan qaçmağa sövq etdi. Travmam ilə üzləşməkdən qaçmaq, qısa müddət ərzində məni bir az rahatladırmış kimi görünürdü. Qəlbimin dərinliklərində isə bunun əsl həll yolu olmadığını bilirdim. Və… beləliklə, bu da son.
Mən çaşqınlıqla Rüstəm bəyə baxdım.
O, sözünə davam etdi:
- Yəni demək istəyirəm ki, bugünkü seansımızın vaxtı bitdi.
- İndi hər şey aydın oldu. Rüstəm bəy. Düzü, çox vaxt pasiyentlərim zamanı unudurlar. Elə mən özüm də, ya qapı döyüləndə, ya da gözüm təsadüfən saata sataşanda vaxtın bitdiyini anlayıram.
- Humay xanım, mən dəqiq insanam. Hər işimdə belə olmağa çalışıram.
- Çox gözəl, Rüstəm bəy. O zaman davamını növbəti seansda danışarıq.
- Əlbəttə. Hələlik!
O qapıdan çıxan kimi, digər pasiyentlərimdə olduğu kimi, onun da danışdığı həyat hekayəsini ağlımda təhlil etməyə çalışdım.
İndiyə qədər bir çox insanın hekayəsinə qulaq asmışdım, amma bu, tamamilə fərqli idi. Onun sözləri məni yalnız peşəkar olaraq deyil, bir ana kimi də dərindən düşünməyə vadar etdi. Övladlarımla, xüsusilə də oğlumla bağlı məsuliyyətimi birə beş artırdı.
Biz analar, adətən qızlarımızı qorumağa, onların taleyini daha çox düşünməyə meyilli oluruq. Çünki cəmiyyətdə belə bir anlayış var – qız uşağı daha həssasdır, daha çox təhlükələrlə üzləşə bilər. Amma, Rüstəm bəyin danışdıqları məni silkələdi və fərqli bir həqiqəti görməyimə səbəb oldu. Əgər qızlarımızın xoşbəxt olmasını istəyiriksə, ilk növbədə oğullarımızı doğru yetişdirməli, onları da qorumalıyıq.
Uşaqlıqdan görmüşük ki, hava qaralanda qız uşaqlarına çöldə oynamağa icazə verilmirdi, amma oğlan uşaqları sərbəst buraxılırdı. “Oğlandır, çöldə böyüməlidir, kişidir, sərbəst olmalıdır” – deyirdilər. Amma heç düşünən olubmu ki, həmin oğlan da, hansısa fiziki gücə sahib, nəzarətsiz böyüyən birinin zorakılığına məruz qala bilər? Onları da cəmiyyətin bu amansız tərəflərindən qorumaq lazımdır?
Bizə elə gəlir ki, güclü olmaq oğlanları təhlükələrdən qoruyur, amma əslində, onları düzgün yetişdirmədikdə həm özləri, həm də ətrafları üçün təhlükəyə çevrilə bilirlər. Ona görə də, məsələ təkcə qızlarımızı qorumaq deyil – biz oğullarımıza da diqqət etməli, onları sağlam şəxsiyyət kimi yetişdirməliyik. Çünki, yaxşı yetişdirilmiş oğullar, xoşbəxt qızların, sağlam ailələrin və daha ədalətli cəmiyyətin təməlidir.
Bu fikirlər beynimdə dövrə vurduqca, içimdə narahatlıq hiss edirdim. Axı biz analar oğullarımızın tərbiyəsinə nə qədər ciddi yanaşırıq? Onlara nə öyrədirik? Biz təkcə onların fiziki ehtiyaclarını ödəməklə, yeməyini, geyimini təmin etməklə işimizi bitmiş hesab edirik? Yoxsa onları həqiqətən də, həyatın çətinliklərinə, cəmiyyətin gözlənilməz tərəflərinə hazırlayırıq?
Bəzən, “Oğlandır, güclü olmalıdır, ağlamamalıdır, özünü qorumalıdır” – deyə-deyə onları hisslərini ifadə etməkdən məhrum edirik. Halbuki, bir insanı yalnız fiziki güclə deyil, sağlam düşüncə ilə də böyütmək lazımdır. Əgər biz oğullarımıza mərhəmətli olmağı, düzgün seçim etməyi, qarşısındakının duyğularını anlamağı öyrətməsək, onlar gələcəkdə nə öz ailələrinə, nə də cəmiyyətə faydalı bir insan ola biləcəklər. Bəlkə də, biz elə buna görə, çox vaxt qızlarımızın xoşbəxtliyindən narahat oluruq. Çünki bilirik ki, onların qarşısına necə oğulların çıxacağı bizim tərbiyəmizdən asılıdır. Qızlarımız üçün yaxşı bir həyat arzulayırıqsa, ilk növbədə oğullarımızı düzgün yetişdirməliyik. Çünki onlar gələcəyin ataları, həyat yoldaşları, qardaşları, dostları olacaqlar.
Bəlkə də, mən analıq borcumu tam yerinə yetirdiyimi düşünürdüm, amma indi anlayırdım ki, üzərimə düşən məsuliyyət daha böyükdür.
Bir cəmiyyətin gücü yalnız onun kişilərinin fiziki qüvvəsində deyil, onların insanlıq dəyərlərini necə mənimsəməsindədir.
(İyunun 4-də sizlərə 12-ci hissə təqdim ediləcək)
“Ədəbiyyat və incəsənət”
(03.06.2026)


