Şeir saatında Təranə Dəmirin şeirləri Featured

“Ədəbiyyat və incəsənət” portalının Şeir saatı rubrikasında bu gün sizlərə Təranə Dəmirin yeni şeirləri təqdim olunur.

 

ANAMA

 

Sən gedəndən itirmişəm zamanı,

Günü aya dəyişirəm eləcə.

Neçə vaxtdı unutmuşam özümü,

Sənsizliklə döyüşürəm eləcə.

 

Şəkil-şəkil danışıram səninlə,

Sən də durub şəkil-şəkil baxırsan.

Aldadıram xəyalların başını,

Gah o yandan, gah bu yandan çıxırsan.

 

Boğuluram gözlərimin selində,

Damcı-damcı gülləyirsən varaqda.

İçimdə bir söz çırpınır yaralı,

Görən məni nə gözləyir qabaqda?

 

İlham pərim uçub gedib, başıma

Bir də nə vaxt şeir yağar, bilmirəm.

Vurnuxuram qaranlığın içində,

Bəlkə bir gün günəş doğar? bilmirəm.

 

 

BİR GÜNÜ DƏ

 

Bir günü də yola saldıq beləcə,

Yenə heç nə könlümüzə yatmadı.

Gah o sözdən, gah bu sözdən yıxıldıq,

Bircə misra əlimizdən tutmadı.

 

Bircə borcu ödəmədi yüz fikir,

Ha əlləşdik bir qərara gəlmədik.

Heç bilmədik günü necə yaşadıq,

Hardan gəldi, hardan getdi, bilmədik.

 

Ağrımızla, acımızla  döyüşdük,

Dərə keçdik, dağ adladıq beləcə.

Bir də baxdıq yenə çöküb qaranlıq,

Bir də baxdıq gəlib çatıb bu gecə.

 

Yenə qaldıq ümidinə həsrətin,

İtib batdıq xəyalların köçündə.

Görək bizi hara çəkir bu zülmət?

Nə çıxacaq bu gecənin içindən?

 

 

VƏTƏN

 

Sənə qəlbimizi sipər elədik,

Döndük divarına, daşına,Vətən.

Çiçəyinə döndük, otuna döndük,

Yenə də gəlmədik xoşuna,Vətən.

 

Adına müqəddəs dedilər, biz də

And içdik müqəddəs adına sənin.

Hopdun vətən-vətən yaddaşımıza,

Biz niyə düşmədik yadına sənin?

 

Elə vətən-vətən öldürdün bizi,

Biz öldük, sən döydün döşünə, Vətən.

Örtdü gözlərini saxta sevgilər,

Həqiqət gəlmədi işinə, Vətən.

 

Hər gələn bir medal taxdı sinənə,

Tutdular yalançı alqışa səni.

Cənuba böldülər, qərbə böldülər,

Satdılar qəpiyə, quruşa səni.

 

Səni də etdilər gözükölgəli

Bu cibəgirənlər, bu sələmçilər.

Silib süpürdülər var-dövlətini

Boğazı xaltalı bu dilənçilər.

 

Bal tutdu barmağı şarlatanların,

Hamısı daraşdı yala, bilmədin.

Səninçün hamımız vətəndaş olduq,

Sən bizə bir Vətən ola bilmədin.

 

Sənə qəlbimizi sipər elədik,

Döndük divarına, daşına, Vətən.

Çiçəyinə döndük,otuna döndük,

Yenə də gəlmədik xoşuna,Vətən,

Nə desəm, nə yazsam boşuna,Vətən!

 

 

BU QIŞ BİZDƏN NƏ APARDI?

 

Yenə geri döndü bahar,

Bu qış bizdən nə apardı?

Köçünü çəkdi buludlar,

Yağış bizdən nə apardı?

 

Bizi yordu şaxta,sazaq,

Uralandıq yarpaq-yarpaq,

Şeir-şeir, varaq-varaq

Bu qış bizdən nə apardı?

 

Xəzan vurdu telimizdən,

Həsrət tutdu əlimizdən,

Nələr keçdi könlümüzdən,

Bu qış bizdən nə apardı?

 

Zülm elədi yoxuş bizə,

Külək bizə, yağış bizə,

Nə verdi ki, bu qış bizə,

Bu qış bizdən nə apardı?

 

     

GÖZƏLLİKDİ, GÖZƏLLİK

 

Başdan-başa gözəllikdi, gözəllik,

Çəmənlərin nazına bax, nazına.

Günəş-günəş nur tökülür üstünə,

Kənd-kəsəyin yazına bax, yazına.

 

Qış ağaclar bahar-bahar gülləyir,

Sığallanır bağ-bağçada göy otlar.

Aradabir günəş qaçıb gizlənir,

Yağış-yağış nəğmə deyir buludlar.

 

Qarışqalar yuvasından çıxırlar,

Asta-asta tor toxuyur hörümçək.

Axşamüstü xəfif-xəfif meh əsir,

Xəfif-xəfif yırğalanır yelləncək.

 

Səsi düşür başımıza quşların,

Çiçək-çiçək rəqs eləyir arılar.

Yavaş-yavaş günəşlənir həyətdə

Şirin-şəkər, yumru-yumaq qarılar.

 

Axşamacan qaynaşırlar, uşaqlar

Nənəm demiş it ayağı yeyirlər.

Dırmaşırlar hasar belə, cam belə,

Gah o damdan, gah bu damdan dəyirlər.

 

Gün batınca yığışırlar bir yerə,

Qurbağalar dərə başı şellənir.

Şum üstündə eşələnir sərçələr,

Toyuq-cücə bağ-bağçada küllənir.

 

Qara köpək günə verir özünü,

Hərdən qalxıb yorğun-yorğun havlayır.

Dörd tərəfdə tələ quran pişiklər

Pişik-pişik siçanları tovlayır.

 

Günəş-günəş çörək yapır təndirə

Üz-gözünü gün aparan qadınlar.

Təndir-təndir qızardıqca çörəklər

Çırtaçırtla səs eləyir odunlar.

 

Baxırsan ki, külək qopur qəfildən,

Pəncərələr külək-külək yellənir.

Külək-külək çiçəkləyir hər tərəf,

Həyət-baca külək-külək güllənir.

 

Başdan-başa gözəllikdi, gözəllik,

Çəmənlərin nazına bax, nazına.

Günəş-günəş nur tökülür üstünə,

Bu yerlərin yazına bax, yazına.

 

 

KİM KÜSDÜRDÜ BU SEVGİNİ GÖRƏSƏN?

 

Göy üzünə əl açırdı sevgimiz,

Yavaş-yavaş gül açırdı sevgimiz,

Təzə-təzə dil açırdı sevgimiz,

Kim susdurdu bu sevgini görəsən?

 

Odu söndü, közü ilə oynadıq,

Şaxta vurdu, buzu ilə oynadıq,

Gecə-gündüz nazı ilə oynadıq,

Kim küsdürdü bu sevgini görəsən?

 

Xoşbəxtliyə bir addımlıq yol vardı,

Gözləsəydik gəlib bizi tapardı,

Bu sevgini kim yolundan qaytardı,

Kim azdırdı bu sevgini görəsən?

 

 

BALAŞ NƏNƏNİN ƏRİKLƏRİ

 

Qonşumuz Balaş nənəgillə bizi  qamış çəpər ayırardı,

Çəpərin dibində qollu-budaqlı ərik ağacı vardı,

Yay olanda bolluca bar gətirərdi,

Külək meyvələrini çırpardı,

Dibi həmişə əriklə dolu olardı.

Sapsarı,badamı, şipşirin əriklərdi,

Baxanda adamın ağzı sulanardı,

Nəfsimiz çəkərdi.

Qonşunun uşaqlarıyla yığışıb günortanın qızmarında

oğurluğa gedərdik Balaş nənəgilə.

O vaxtlar ayrı aləmdi,

Qonşular heç vaxt qapını bağlamazdılar.

Bizi görcək ala it özünü yeyib tökərdi,

Yazıq it əlimizdən zəncir gəmirərdi,

Bəd idi deyə açıq saxlamazdılar.

Səsi qulağımdadı hələ.

Bir gözümüz itdə,

ürəyimiz çırpına-çırpına  ciblərimizi,

əlimizi, ətəyimizi əriklə doldurardıq.

Elə şirin əriklərdi ki,

Dadı damağımdadı hələ.

Ayağımızı tikan, paltarımızı kol-kos aparardı,

Hər gün böyüklərdən bir kötək payımız vardı.

Günlər  keçərdi, yay bitərdi,

Ağac da dincələrdi, biz də.

Sonra payız, sonra da qış gələrdi və həsrətlə gələn yayı gözləyərdik yenə.

Ta ki, ağlımız kəsənədək.

Bir  gün öyrəndik ki, oğurluq günahmış sən demə..

Qorxduq, yığışdıq çəpərlərin başından,

Ağacların dibindən yığışdıq.

Sonra aləm qarışdı,

Sökdülər qamış çəpərləri,

Taxta qapıları sökdülər,

Hündür, bərli-bəzəkli daş hasarlar tikdilər.

Sonra Balaş nənə köç etdi bu dünyadan,

Sonra ərik ağacı da qurudu,

Sonra əlimizdən zəncir gəmirən ala it də öldü,

Sonra baxıb gördük ki, bomboşdu kənd -kəsək,

Ağaclar da azalıb, adamlar da..

Sonra qəbristanlıq yolunu ağartdı ağacdan ərik oğurlayan uşaqlar.

Sonra o uşaqlar da qocaldı,

Sonra  ağaclar da..

Qonşuya ərik oğurluğuna getmək də heç kimin yadına düşmədi daha,

Heç əriklərin də dadı olmadı əvvəlki tək.

Sonra daha böyük oğurluqlar başladı,

sevgilər oğurlandı, ürəklər oğurlandı,

talelər, qismətlər, arzular, diləklər oğurlandı.

Beləcə oğru-oğru yaşamağı öyrəndik,

Beləcə unudulub getdi ərik oğruları.

Amma heç vaxt damağımızdan getmədi o əriklərin dadı--

Şipşirin, badamı, sapsarı..

 

 

BİR GÜN

 

Bir gün gələ,oyanasan yuxudan,

Görəsən ki, dəyişibdi kainat.

Görəsən ki, düzü-dünya azaddı,

Sən azadsan, mən azadam, O azad.

 

Xəyalların gerçək ola bir anda,

Ürəyinə sığışmaya sevincin.

Yoxa çıxa ölüm-itim,qan-qada,

Yer üzünə sülh gətirə göyərçin.

 

Buludlar da yağış-yağış dincələ,

Azad çöllər nəfəs ala dərindən.

Nur tökülə gözlərindən səhərin,

Qurtarasan gecələrin şərindən.

 

Azad-azad gülümsəyə günəş də,

Unudula  canındakı ağrılar.

Gözlərini həqiqətə açasan,

Üzə çıxa zindan-zindan doğrular.

 

Azadlığı ciyərinə çəkəsən,

Qaysaqlaya ürəyinin köz yeri.

Səslənəsən qəfəsdəki quşlara--

Azadlığın öz yeri var, öz yeri.

 

 

BULUDLAR

 

Buludlar səxavətlə göndərirdi yağışını  yer üzünə,

Yenə baharın ətri  duyulurdu yaş torpaq qoxusundan.

Çiçək kimi açılırdı üzü təbiətin,

Yağış -yağış sevinirdi bağlar, bağçalar,

Ağaclar yarpaq-yarpaq oyanırdı qış yuxusundan.

 

 

VAXT VARDI

 

Vaxt vardı ürəkdolusu sevərdik,

Sevilərdik ürəkdolusu.

Ürəkdolusu salamlayardıq səhəri,

Gecələri ürəkdolusu.

Yox idi dünyada ölüm-itim, şeytan qorxusu.

Bütöv idi dünyada hər nə var

Ümidlər, arzular, xəyallar.

Gülə-gülə keçirdik bu gündən sabaha,

Sevgiylə baxırdıq ağaca, çiçəyə, yarpağa.

Doya-doya çıxarardıq məhəbbətin dadını,

Hərə bir ürəyə yazdırardı adını.

Gözümüzə durmazdı, enişlər, yoxuşlar,

Sazaqlar, küləklər, yağışlar.

Gecələr də yerindəydi,

gündüzlər də,

Dağlar da, dərələr də ,dənizlər də.

Nə ayrılıq vardı, nə həsrət arada,

 Bir vüsal gözləyirdi bizi uzaqlarda.

Qızlar saçıyla,oğlanlar boy-buxunuyla öyünərdi,

Ürəklər məhəbbətlə döyünərdi,

Xoşbəxtdik.

Göz açıb yumunca ürəklər nifrətə yuva oldu,

Sonra beşgünlük sevdalar, sonra xəyanətlər başladı,

Alışdıq  ayrılığa, göz yaşına,həsrətə,

Sonra bütün nağıllar bir-birinə oxşadı..

Vaxt vardı...

 

“Ədeəbiyyat və incəsənət”

(03.06.2026)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.