Mütaliə saatı: Bahar Bəxtiyarqızı, “Əslində, mən kiməm?!” Featured

 

“Ədəbiyyat və incəsənət” portalının “Mütaliə saatı”nda yeni roman təqdim edilir. Bu, gənc yazar Bahar Bəxtiyarqızının “Əslində, mən kiməm?!” romanıdır.

Xoş mütaliələr.

 

 

11-Cİ DƏRC

 

Ən əvvəl həyat onu oxudu. Sonra o, kitabları oxudu. İndi isə başqaları onu nümunə kimi oxuyur

 

 

On birinci hissə

 

Yazımı tamamlayıb evə getdim, amma fikrim hələ də, orada – cavabsız sualların içində qalmışdı. Səhərin açılmasını səbirsizliklə gözləyirdim. Beynimdə dolaşan sualların tək bir cavabı vardı, onu da yalnız Lalə bilirdi.

Nəhayət, səhər açıldı. Hər zamankindən daha erkən yola düşdüm. Dəniz kənarına gedib kitab oxumağa qərar verdim. Gözüm istər-istəməz ətrafı axtarırdı. Bəlkə də Rüstəm bəyi görəcəyimə ümid edirdim. O, bu gün də yox idi amma içimdə bu dəfə arxayınlıq yaranmışdı – Rüstəm bəy, artıq pasiyentim idi.

İşə çatan kimi kafeteriyadan qəhvə götürüb birbaşa otağıma keçdim. Pəncərələri açdım ki, içəri təmiz hava gəlsin. Hava soyuq olsa da, günəş çıxmışdı, yüngül meh əsməyə davam edirdi. Sanki o meh otağın ağır havasını da, beynimi dolduran fikirləri də yüngülləşdirirdi. Qəhvəmdən bir qurtum içib, pəncərənin kənarında dayanaraq şəhəri seyr etməyə başladım.

Lalə xanım günün ikinci pasiyenti idi, ona görə də gözüm hələlik qapıda deyildi. İlk pasiyentim içəri daxil oldu, uzun-uzadı söhbət etdik. Təəssüf ki, həmişəki kimi danışığımız ən maraqlı yerində yarımçıq qaldı. Kiminsə fikrini bölməkdən xoşum gəlməsə də, qaydalar qaydadır – növbəti pasiyentin vaxtından oğurlamaq ədalətsizlik olardı.

Nəhayət, Lalə xanım içəri daxil oldu. Onun çöhrəsində həmişəki gülüş vardı, amma bu dəfə baxışlarında fərqli bir parıltı sezilirdi. Mən də təbəssümlə qarşılıq verdim. Salamlaşdıq, hal-əhval tutduqdan sonra soruşdum:

- Ötən gün qapıda qarşılaşdığınız insanı tanıyırsınız?

- Rüstəm bəyi deyirsiniz? Mən də onu dəhlizdə görəndə təəccübləndim. Heç ağlıma gəlməzdi ki, Rüstəm bəyi sizin qəbulunuzda görərəm. O sizi tanıdığını məndən gizli saxlayıb.

Maraqla Laləyə baxdım. Gözlərimlə onu davam etməyə səslədim.

- İstəyirsiniz, hər şeyi danışım, siz də dinləyin?

- Əlbəttə, buyurun, danışın.

- Sizinlə görüşdən çıxıb dəhlizdə addımlayarkən birdən qarşımda tanış bir sima görüb ayaq saxladım.

“Rüstəm bəy?”

Onu orada görüb duruxdum. Gözlərimdə həm çaşqınlıq, həm də tərəddüd var idi. Nə edəcəyimi bilmədiyimdən sadəcə başım ilə salamlayıb sakitcə oradan uzaqlaşdım. Evə çatanda telefonu götürüb mesaj yazdım:

“Salam Rüstəm bəy, sizi orada görmək məni təəccübləndirdi.”

 Cavab çox gecikmədi:

“Salam, Lalə xanım. Bəzi şeyləri izah etməyin zamanı gəldi, elə deyilmi?”

“Əgər istəsəniz, əlbəttə.”

                   Rüstəm bəy bir neçə saniyə sonra cavab verdi:

“Humay xanımı ilk gündən travmalarımı hiss etmişdi, amma mən danışmağa hazır deyildim. Bilərəkdən ondan uzaqlaşdım. Nəhayət, doğru zamanın indi gəldiyini düşündüm.”

“Demək, siz də keçmişinizlə üzləşmək üçün doğru zamanı gözləyirdiniz…”

“Bəzən insan keçmişə qayıtdıqca, o da insanı geri çəkir. Keçmişi ələk-vələk etdikdə, o da bizi eyni hala salır. Əsas odur ki, indi siz keçmişlə mübarizədən qalib çıxmış bir qəhrəmansınız.” 

                   “Çox sağ olun, Rüstəm bəy. Düşünürəm ki, siz mənə əsl kimliyimi tapmaqda çox kömək etdiniz. Ən son, Humay xanımla söhbət etdikdən sonra, hər şey aydın oldu. İnsan əsl kim olduğunu dərk edəndə, olduğu kimi yaşamağa başlayanda, həyatı dəyişir. Yalnız o zaman, həqiqi xoşbəxtlik mümkündür.”

         - Həyat dəyişirdi. İnsanlar dəyişirdi. Ən əsası, mən özüm dəyişirdim. Keçmişdən qaçmadan, ona ilişib qalmadan, sadəcə onunla barışaraq, gələcəyə doğru inamla addımlayaraq…

- Lalə xanım, mən Rüstəm bəylə ilk dəfə dəniz kənarında qarşılaşmışdım. O an hiss etdim ki, onun gözləri çox şey deyir – ağrılar, travmalar, keçmişin izləri… Bu, məni təsirləndirdi. İçimdə bir psixoloq kimi deyil, bir insan kimi ona kömək etmək istəyi doğdu. Amma söhbət əsnasında öyrəndim ki, o, psixoloqlarla danışmağı sevmir. Bu mənə tanış bir mövqe idi. Çoxları elə düşünür, amma bəzən ən çox ehtiyac duyanlar məhz psixoloqlardan qaçanlardır. Mən ona kimliyimi açıqlamadım. Yalnız yazar olduğumu dedim.

Lalə xanım maraqla mənə baxırdı. Mən  isə davam etdim:

- Dünən isə o, yanıma gəlmişdi və mənə etiraf etdi ki, əslində, o vaxt dəniz kənarında mənim kim olduğumu hiss edibmiş. Hətta bir gün iş yerimin yanından keçərkən təsadüfən məni binaya daxil olarkən görüb və şübhələri tamamilə təsdiqlənib. O andan sonra, dəniz kənarına getmədiyini, dedi. Mən isə onu günlərlə axtarmışdım. Elə siz ilk dəfə onun adını çəkəndə, içimdə qəribə bir hiss oyanmışdı. Sanki, uzun müddətdir axtardığım bir tapmacanın cavabını tapmaq üzrə idim. Mən təsadüflərə inanmıram, amma bu hadisələr bir-birinə o qədər qəribə şəkildə bağlı idi ki, düşünmədən edə bilmirdim: necə ola bilər ki, psixoloq olduğumu bilməyən bir insan kiməsə məhz, mənim yanıma gəlməyi tövsiyə etsin? Günlərlə beynimdə bu suallarla boğuşdum. Amma bilirsiniz ən maraqlısı nədir?

Lalə xanımın, gözlərində maraq daha da dərinləşdi:

         - Nədir?

                   - Öncəki seansda siz yenə Rüstəm bəydən danışdınız. Siz gedəndən sonra da, bu mövzu beynimdən çıxmadı. Hətta digər pasiyentimlə söhbət edərkən belə düşünürdüm ki, növbəti seansımızda, sizinlə, Rüstəm bəylə bağlı danışmalıyam. Amma heç gözləmədiyim anda, tamam fərqli bir insan vasitəsilə, Rüstəm bəy qarşımda dayandı.

                   Onun gözləri bir az da böyüdü və dərhal soruşdu:

                   - Fərqli insan kimdir ki, Humay xanım?

         - Sizdən sonra otağıma daxil olan Əli bəy.

Lalə xanım təəccüblə gözlərini qırpdı:

- Əli bəy? O, Rüstəm bəyi haradan tanıyırdı?

                   - Bəli, Əli Camaloğlu. O da mənim pasiyentimdir. Bir dəfə aramızda kiçik bir dialoq olmuşdu və Əli bəy söhbət əsnasında hiss etmişdi ki, mənim haqqında danışdığım Rüstəm bəy, onun qonşuluğunda yaşayan insandır. Sonra bunu dəqiqləşdirib, əmin olduqdan sonra, Rüstəm bəylə bura gəldi. Yəni, mən sizdən gözlədiyim tanışlığı, tam fərqli biri ilə tapmış oldum.

                    Bu hadisələr mənə bir şey öyrətdi: bəzən həyat bizi özümüzü tapmaq üçün qəribə yollarla sınağa çəkir. Rüstəm bəyin travmaları, Əli bəyin keçmişi, sizin mübarizəniz… Hamınız fərqli yollarla bir labirintin içində idiniz və nəhayət ki, yollarınız kəsişdi.

                   Lalə xanım başını tərpədib sonra əminliklə dedi:

- Düzdür, Humay xanım. Rüstəm bəy, yalnız mənim özümü tapmağıma səbəb olmadı, həm də bu gün qarşınızda dayanan güclü və xoşbəxt qadının formalaşmasına təsir etdi. Onun yaxşılığı bumeranq kimi özünə qayıdır. Əminəm ki, sizin seanslarınızdan sonra, o da, keçmişin kölgəsindən çıxacaq. Hərçənd ki, onun mənə verdiyi məsləhətlərdən, danışığından heç də travmalı birinə bənzəmədiyini düşündüm. Amma indi məlum oldu ki, o, çox özünə qapalı biridir. Bəlkə də, bu səbəbdən psixoloqlardan uzaq qaçırdı. Amma bu rastlaşma təsadüf deyildi. Necə ki, o, mənim həyatımı dəyişdirdi, indi də öz həyatı dəyişmək üzrədir…

         Lalə xanımın gözlərinə baxdım. O, artıq əvvəlki narahat, özünü axtaran qadın deyildi. Qarşımda dayanan Lalə, güclü, özünəinamlı və həyata qətiyyətlə baxan bir insan idi. O, artıq keçmişin yaralarından sıyrılmış, həyatının sükanını öz əllərinə almışdı.

         -  Baxın, Lalə xanım, bu gün sizin son seansınızdır. –  sakit, amma qürur dolu bir səslə dedim. – İlk dəfə bura gəldiyiniz günü xatırlayıram. O zaman qarşımda özünü tapmağa çalışan, keçmişi ilə barışmağa ehtiyacı olan bir qadın vardı. Amma indi… indi isə tamam başqa biri ilə vidalaşıram.

O gülümsəyərək başını tərpətdi. Çox güman ki, bu otağa gəldiyi ilk günü, keçirdiyi çətin anları, özünü tanımaq yolunda apardığı mübarizəni xatırladı. Hər seansda bir az daha rahatlamış, bir az daha özü olmuşdu. İndi isə artıq burada olmağa ehtiyac duymurdu, çünki axtardığını tapmışdı.

- Sizə necə təşəkkür edəcəyimi bilmirəm, Humay xanım. Bu seanslar mənə bir şey öyrətdi. İnsan öz içindəki gücü kəşf etməyə başladıqda, heç bir çətinlik onu yolundan döndərə bilməz.

Başımı razılıqla tərpətdim. Gözlərimdəki qürur hissi əminəm ki, kənardan da sezilirdi.

- Düzdür, Lalə xanım. Siz həmişə güclü idiniz. Mən isə bu yolda sizə bələdçilik etdim.

O, otağın hər küncünə nəzər yetirdi. Bura ona həm sirdaş, həm də bir növ güzgü olmuşdu. Özünü burada daha yaxından tanımış, hisslərini, düşüncələrini, qorxularını və güclərini burada dərk etmişdi.

- Hər şey üçün, təşəkkür edirəm, Humay xanım – dedi və təbəssümlə əlavə etdi.

- Sayənizdə mən “Əslində mən kiməm?” sualıma cavab tapdım.

Gözlərimi Lalə xanımın gözlərinə dikib soruşdum:

- Bəs, əslində siz kimsiniz?

Onun gözləri parladı. Cavabı aydın idi, çünki o, artıq öz kimliyinin fərqində idi:

- Əslində mən… çox xoşbəxt, bacarıqlı və güclü bir xanımam, – deyə özünə inamlı şəkildə dilləndi.

- Bəli, məhz elədir.

Bu, psixoloqun pasiyentinə verdiyi təsdiq deyil, bir qadının, digər qadına olan qürur dolu dəstəyi idi. Bu, bir nəticənin, bir qələbənin işarəsi idi.

Lalə xanım, ayağa qalxdı. Qapıya tərəf addımlayarkən,  mən ona arxadan səsləndim:

- Ümid edirəm, yenidən yollarımız kəsişər… Amma burada yox. Başqa istiqamətdə, başqa gözəl hadisələrdə.

Lalə xanım dayanıb mənə tərəf döndü. Gözlərində minnətdarlıq, simasında sevinc görünürdü.

                   - İnşallah, Humay xanım. – dedi və son dəfə təbəssüm edərək otaqdan çıxdı.

                    Qapı yavaşca bağlandı. Lalə xanımın həyatında bir fəsil bağlansa da, qarşıda onu yeni, parlaq səhifələrin gözlədiyini bilirdim. Bu fikirlə içimdən bir rahatlıq keçdi. O getdikdən sonra, digər pasiyentimin qəbul saatına hələ bir qədər vaxt qaldığını görüb aşağıya, kafeteriyaya endim.

Özümə bir fincan qəhvə alıb masada tək əyləşdim. Elə həmin an, iş yoldaşım Surxay müəllimin də, qəhvəsini götürüb mənə tərəf gəldiyini gördüm. Masama yaxınlaşıb salam verdi, yanımda əyləşdi. Hal-əhval tutduqdan sonra hiss etdim ki, nə isə demək istəyir, amma tərəddüd edir.

Surxay müəllim, qırx yaşlarında olsa da, olduğundan daha gənc görünən, həmişə səliqəli geyimi və baxımlı görünüşü ilə seçilən bir insan idi. Heç vaxt onun əynində ütüsüz paltar, dağınıq saç və ya baxımsız saqqal görməmişdim. Lakin bu gün onun görkəmində qeyri-adi bir səliqəsizlik hiss etdim. Geyimi bir qədər qayğısız, saç düzümü isə həmişəki kimi səliqəli deyildi. Bunun səbəbini soruşmağa cəsarət etməsəm də, ürəyimdə bir narahatlıq yarandı.

Qısa bir sükutdan sonra özü dilləndi:

- İşdən ayrılacağam.

Təəccüblə üzünə baxdım. Sual verməsəm də, baxışlarımda “Niyə?” sualımı hiss edib davam etdi:

- Bunu demək mənim üçün çox ağırdır… Səhhətimdə ciddi problemlər yaranıb. Açığı, nə qədər ömrüm qaldığını bilmirəm. Bildiyim tək şey, çox az qalıb. Ona görə də, qalan vaxtımı ailəmə, övladlarıma ayırmaq istəyirəm.

Onun sözləri məni məyus etdi. Nitqim qurudu, nə deyəcəyimi bilmədim. Qısa bir səssizlikdən sonra çətinliklə söz tapıb dedim:

- Siz buna əminsiniz? Bəlkə başqa klinikalarda da yoxlanasınız?

Gülümsəməyə çalışdı, amma bu, üzündə kədərli bir ifadə kimi göründü:

- Ehtiyac yoxdur. Şəhərin ən nüfuzlu xəstəxanasında verdiyim analizlər səhv olacaq deyirsiniz? Bu, mümkün deyil.

- Bəs, xəstəliyinizin adı nədir?

 Səsini bir qədər alçaldıb cavab verdi:

- Xərçəng…

Ürəyim sıxıldı. Nə deyəcəyimi bilmirdim. Bir müddət susduq. Sonra sakitcə:

- Amma ümidinizi itirməyin. Bu xəstəlikdən sağalanlar da olub…

Surxay müəllim, qəhvəsindən bir qurtum içib, dərindən köks ötürdü. Gözlərini fincanın içindəki qara mayeyə zilləmişdi, elə bil cavabını orada axtarırdı.

- Ümid? – kinayə ilə gülümsədi. – Bilirsiniz, Humay xanım, insan bəzən hər şeyin çox gec fərqinə varır. Əvvəllər elə bilirdim ki, vaxt sonsuzdur, hər şeyi təxirə salmaq olar… Ailəmə daha çox zaman ayırmaq istəyirdim, amma işim həmişə ön planda oldu. İndi isə anlayıram ki, həyat heç də sonsuz deyil.

Sözlərində acı bir peşmanlıq hiss olunurdu. Ona təsəlli vermək istəsəm də, hansı sözlərin uyğun olacağını bilmirdim.

- Bəlkə də, hələ gec deyil… – dedim ehtiyatla.

Başını yavaşca tərpədib gözlərimin içinə baxdı. 

- Bəzi şeylər üçün çox gecdir, amma hələ edə biləcəyim bir şey var. Ailəmlə keçirməli olduğum bütün o itirilmiş zamanı indi geri qaytarmağa çalışacağam.

Sözünü bitdikdən sonra ayağa qalxdı, fincanını masanın üstünə qoyub mənə baxdı.

- Belə kədərli danışmaq istəməzdim, amma indi mənə ən böyük terapiya ailəmdir.

Başımı tərpədib anlayışla ona baxdım.

- İnşallah, hər şey yaxşı olacaq…

O, cavab vermədi, eləcə başını yellədi, sakit addımlarla kafeteriyanı tərk etdi. Mən isə hələ də yerimdə oturmuş, fincanın içində qalan qəhvəyə baxırdım. Bu görüş mənə çox şey düşündürdü…

Fikirli halda ayağa qalxıb otağıma doğru addımladım. Düz qapıya çatmaq üzrə idim ki, dəhlizdəki kresloda Rüstəm bəyi gördüm.

Rüstəm bəy məni görən kimi ayağa qalxdı, gülümsəyərək salam verdi.

- Salam, Rüstəm bəy. Siz burada nə edirsiniz? Bildiyim qədərilə bu gün sizin qəbul vaxtınız deyil.

- Köməkçiniz, zəng edib, “Seans gününü dəyişə bilərikmi?” deyə soruşdu. Səbəb isə digər pasiyentin gününü dəyişmək istəməsi imiş. O da mənim qəbul vaxtımda gəlmək istəyirmiş. Mən də razılaşdım.

- Çox gözəl. Buyurun, otağıma keçək.

Görüşün baş tutmasının sevinci üzümə yansımışdı. Rüstəm bəy də, bunu hiss etdi. O da şən və mehriban tərzdə danışmağa başladı.

- Humay xanım, mövzuya keçməzdən əvvəl bir şeyi qeyd etmək istəyirəm. Sizin işinizə olan sevginiz, üzünüzdən oxunur. Elə bil, insanların həyatına toxuna bilmək, sizi daha da xoşbəxt edir. Bəlkə də elə buna görə, pasiyentləriniz buradan daha rahat və ümidli ayrılırlar.

Onun sözləri məni xoş bir təbəssümlə cavab verməyə vadar etdi.

- Əvvəla, təşəkkür edirəm, Rüstəm bəy. Haqlısınız, işimi həqiqətən sevirəm. İnsanların həyatına müsbət təsir etmək, onların çətinliklərini aşmalarına kömək etmək mənim öz həyatımı da, zənginləşdirir. Bəzən düşünürəm ki, məhz bunun üçün doğulmuşam. Həyatdakı missiyam elə budur…

 Rüstəm bəy başını razılıqla tərpətdi, sanki dediklərimi çox yaxşı anlayırdı. Otaqda xoş və səmimi bir aura yaranmışdı. Bu seansın məhsuldar keçəcəyinə artıq əmin idim.

- Rüstəm bəy, gəlin, ən başdan başlayaq… Gözlərinizdə gizlətməyə çalışdığınız ağrıları, keçmişin izlərini danışmağa hazırsınızmı?

O, susdu. Baxışlarını qaçırdı. Elə bil içindəki fırtınaları bir anlıq cilovlamağa çalışırdı. Sonra başını qaldırıb mənim gözlərimə baxdı.

- Mən danışa bilmirəm, – deyə pıçıldadı.

- Çox normaldır. Danışmaq üçün bura gəlmək belə böyük addımdır. Heç olmasa, hiss etdiklərinizi paylaşa bilərsinizmi?

- Çox çətindir… Amma bəli. İçimdə bir qəzəb var. Həmişə olub. O, məni rahat buraxmır.

- Qəzəb adətən keçmişdən gələn bir duyğudur.  O keçmişin içində nə var?

- Orada bir uşaq var – nəhayət dedi. –  On yaşında bir uşaq… və onun qorxusu.  O uşaq zorakılığa məruz qalıb... Heç kimə danışa bilmədim, – səsi titrədi.

- Heç vaxt gec deyil. Susmaq bəzən ən ağır yük olur. Siz o yükü illərlə daşıyırsınız. Buyurun… Mən sizi dinləyirəm.

- Hadisə baş verəndə, on yaşım vardı. Qaçmağa çalışırdım, amma elə bil ayaqlarım yerə yapışmışdı. Gözlərimin qarşısında olan hadisəni anlamadığım bir anda, ürəyimdəki qorxu, bədənimi bürüdü. Titrəyən bədənimə nəyinsə toxunuşunu hiss etdim. Hər şeyə son vermək istəyirdim, amma bədənim itaət etmirdi. O an hiss etdiklərim, həm fiziki, həm də emosional çöküşümün tam ortasında idi. Bədənim sanki mənə aid deyildi. Elə bil baş verənlərin içində deyil, kənardan izləyirdim. Hər toxunuş, hər yaxınlıq məndə dəhşətli bir qəzəb və qorxu qarışığı yaradırdı. Eyni zamanda, məni hərəkətsiz, dilsiz buraxırdı. Sadiq, mənim içimdəki bütün ümidləri qırdı.

Sadiq, 14 yaşında, sifəti uzunsov, saçları isə sarı idi. Arıq və zəif bədən quruluşu vardı. Ayaqlarından biri digərindən qısa olduğuna görə, hər zaman ayağını çəkə-çəkə yeriyirdi. Məhəllədə birlikdə müxtəlif oyunlar oynayırdıq. Yaşca məndən böyük olması ona üstünlük verirdi. Çox vaxt bu yaş fərqini avantaja çevirərək mənim üzərimdə söz haqqı qazanmağa çalışırdı. Mən isə ona itaət etməkdən başqa çarə tapmırdım. Bir tərəfdən ona inanırdım, digər tərəfdən isə o, məhəllədə həm öz yaşıdları, həm də mənim yaşıdlarım arasında, nüfuz sahibi idi. Sözünün çəkisi vardı. Dediklərinə kimsə etiraz edə bilmirdi. Hətta bir hadisəni yalan danışsa belə, heç kim onun sözünü təkzib etməyə cəsarət etmirdi...

Başımı çevirib ona baxanda, gözlərindəki qəzəb və kin məni qorxutmuşdu. O baxışlarda elə bir alov vardı ki, elə bil məni hər tərəfdən sarıb çıxış yolumu bağlayırdı.  Daha da çarəsizləşirdim. Başa düşə bilmirdim ki, bu gözlənilməz qəzəbin qaynağı nə idi?

Nəfəsim boğazımda ilişmişdi, qışqırmaq istəyirdim, lakin səsim yüksəkdən çıxmırdı. Beynimdə bir sual fırlanırdı: “Niyə bu mənim başıma gəlir?” Hər şey bulanıq idi. Nə baş verirdi? Niyə qaça bilmirdim?

Sanki, bütün dünyam dağılmışdı. Elə bil bataqlıqda idim, çıxmağa çalışdıqca daha çox dərinə batırdım. Zaman donmuş kimi görünür, hər saniyə bir il kimi gəlirdi. Artıq bütün gücümü itirmişdim, hətta bir anlıq hər şeydən imtina etməyi belə düşündüm. Amma sonra içimdə kiçik bir ümid qığılcımı yarandı – bəlkə qurtula bilərdim. Qaranlığın ortasında bir işıq kimi o ümidə yapışdım. O qaçıb getmişdi, mən isə yaşadıqlarımın ağırlığı altında huşumu itirmişdim. Gözlərimi açanda soyuq döşəmənin üzərində uzanıqlı halda idim. Başım hərlənirdi. Bədənimdə bir süstlük vardı. Bir neçə uğursuz cəhddən sonra, nəhayət ayağa qalxa bildim. Ürəyim hələ də sürətlə döyünürdü, sanki sinəmi yarıb çıxacaqdı.

Üst-başımı səliqəyə salıb, oradan uzaqlaşmağa çalışdım. Tezliklə evə çatıb otağıma keçmək istəyirdim. Amma şalvarımın arxasını təmizləyərkən əlimə isti, yapışqan mayenin dəydiyini hiss etdim. Baxanda isə qan olduğunu gördüm. O an nə baş verdiyini dərk edə bilmədim. Heç nə düşünmədən evə qaçıb, əynimi dəyişdim. Anamın narahat baxışlarından yayınmaq üçün, yıxıldığım yalanını uydurdum. İçimdəki narahatlıq isə keçmirdi. Bu qan haradan gəlmişdi?..

Hadisədən sonra uzun müddət yaşadıqlarımı tam dərk edə bilmədim. Kiçik yaşda baş verənlərin ağırlığı mənim üçün anlaşılmaz idi. Mənə elə gəlirdi ki, bu yalnız qorxulu bir hadisə idi. Əslində isə bunun nə demək olduğunu hələ də başa düşə bilməmişdim. Vaxt keçdikcə bu hadisə mənim düşüncələrimin arxasında qaldı, lakin ağrısı heç vaxt tam itmirdi.

         - Bəs sonra necə öyrəndiniz ki, zorakılığa məruz qalmısınız?

- On dörd yaşım tamam olanda, təsadüfən televizorda uşaq zorakılığı haqqında bir proqram izlədim. Orada danışılan hekayələr və izahlar mənim yaddaşımda kilidlənmiş qapını açdı. O zaman başa düşdüm ki, illər əvvəl yaşadıqlarım zorakılıq idi – mənim bədənimə və ruhuma edilmiş zorakılıq.

         Bunu öyrənmək mənim üçün çox ağır idi. Özümü günahlandırmağa başladım. Niyə həmin an qışqırmadım? Niyə qaçmağa çalışmadım? Ruhuma dolan kədər və qəzəb dalğası, məni daha dərin bir travma ilə üzləşdirdi. Bu hisslər mənim davranışlarıma nəzarət etməyimi çətinləşdirirdi.

         İllər ötüb keçdi. On səkkiz yaşım olsa da, keçmişin izləri hələ də məni təqib edirdi. Bir çox hallarda, yaşadığım zorakılığın yaratdığı gücsüzlük hissini unutmaq üçün, bir gecəlik münasibətlərdə üstünlük və güc sahibi olmağa çalışırdım. Bəzən, bu qadınlara qarşı sərt və aqressiv davranır, öz içimdəki ağrını zorakılıqla ifadə edirdim. Bu, mənə nəzarəti ələ aldığım hissini versə də, dərinlikdə yatan travmamı daha da gücləndirirdi. Hər dəfə zorakı davrandıqdan sonra içimdəki utanc və peşmanlıq hissi daha da böyüyürdü.

         Mən etdiklərimin səhv olduğunu dərk edirdim, amma keçmişin izləri məni belə davranmağa məcbur edirdi. Bu davranışım mənim özümü günahlandırmağıma səbəb olurdu, çünki, keçmişdə qurban olduğum şeyin bir hissəsinə çevrilmişdim. Qadınlara qarşı sərt davrandıqda, özümə qarşı edilən zorakılığı bir növ təkrar yaşayırdım. Sanki bu travma məni kölgəm kimi izləyirdi.

         Bu zəncirvarı hadisələr həyatıma hakim olduqca, mənə həm fiziki, həm də mənəvi zərbələr vururdu.

         Uzun illər yaşadığım bu faciənin ağrısını unutmaq və normallaşmaq ümidi ilə evlilik qərarı verdim. Gülcahanı ilk dəfə gördüyüm gün, onun mənim həyatımda iz qoyacağını anlamışdım. O dərzi idi, mən isə tələsik işlə bağlı səfərə çıxmalı, cəmi bir saat ərzində hava limanında olmalıydım. Çox qəribə təsadüf oldu. Geyimimə nəzər salıb, üst-başımı düzəldərkən, pencəyimin bir hissəsinin söküldüyünün fərqinə vardım. Təşvişə düşdüyüm an, yaxınlıqda “Dərzi” yazılan bir yer gözümə sataşdı. Düşünmədən içəri girdim. O məqamda qarşıma çıxan həmin xanım – Gülcahan, sanki artıq hekayəmin bir parçası idi.

         O, qamətli görkəmi ilə incə çiyinlərini zərif, uzun ayaqlarının üzərində qürurla daşıyırdı. Dərisinin isti tonu, kaman qaşları, sıx kirpikləri və qəhvəyi gözlərinin dərinliyi ilə göz oxşayır, valehedici gülümsəməsi ilə məni özünə heyran qoydu. Gözləməyə çox zamanım olmadığını söyləyib, məni digərlərindən əvvəl qəbul etməsini xahiş etdim. O da, razılıq verdi və oturmaq üçün bir yer göstərdi. Əyləşib gözləyərkən, həm də onu seyr edirdim.

         Bir anlıq nəzərim əllərinə ilişdi. İlahi, bu incə əlləri, necə də əsrarəngiz gözəlliyə malikdir.

         Qarşımda dayanmış bu gözəl xanım, saçlarını ipəkdən incə bir şalın altında gizlətmişdi. Bu gözəllikdə sirli bir hikmət, dərindən hiss edilən bir məna vardı. O anlarda elə bil vaxt  dayanmış, bütün dünya bircə onun ətrafında fırlanırdı. Beləcə bizim hekayəmiz başladı.

         Düşünürdüm ki, sevib ailə qurmaq, mənə keçmişi geridə qoymağa, daha sağlam həyata addım atmağa kömək edəcək. Həyat yoldaşıma sadiq qalmağa çalışdım, lakin içimdə bir yara vardı. Özümdən qaça bilmirdim. Evlilik mənim üçün yeni bir başlanğıc kimi görünsə də, keçmişin izləri hər zaman mənimlə idi.

         Başlanğıcda hər şey normal görünürdü. Zaman keçdikcə, bu izlərin tamamilə yox olmadığını, yalnız səthdə gizləndiyini anlamağa başladım. Həyat yoldaşım ilə olan münasibətim, emosional yaxınlıq tələb edirdi. Bu yaxınlıq mənim  üçün qorxulu idi. Çünki, içimdə həll olunmamış bir çox duyğu vardı. Yoldaşımın məni dəyişdirəcəyini düşünürdüm, amma bu köklü travma üzərində işləmədən sağalmayacaqdı.

          Birdən uzun səssizliyimdən sonra Rüstəm bəyin sözünü kəsib: - Yəqin ki travmanız üzərində işlədiniz hə? – deyə soruşdum. 

         - Yox, əksinə. Tezliklə, yenidən bir gecəlik qadınlarla münasibət qurmağa başladım. Bu münasibətlər, məndə travmanın gətirdiyi gücsüzlük hissini yenidən hərəkətə keçirdi. Həyat yoldaşımdan uzaqlaşır, onu qorumağa çalışırdım, amma bu sadəcə öz ağrımdan qaçmaq idi. Bu davranışlarım davam etdikcə,  özümə qarşı olan nifrətim daha da dərinləşirdi.

         - Yoldaşınızı  həqiqətən də sevirsiniz?

- Hə, əlbəttə, həqiqətən sevirəm. Mən sevgini həyatımın ən gözəl hekayəsi kimi yaşamışam. Qarşı tərəfdən də, eyni dəyərdə sevgi görmüşəm. Bu sevgi həm gülüşlərdə, həm də göz yaşlarında öz əksini tapıb. Soyuq qış gecəsində 45-km yolu piyada getmək, saatlarla söhbət etmək, bir anlıq küskünlük yaşamaq – bütün bunlar sevgimizin sınaqları olub. Amma hər dəfə bu sınaqlardan daha güclü çıxmışıq. Daxilimdəki bu duyğular, bəzən məni başqa yollara çəksə də, ürəyim həmişə ona bağlı qalıb. Ona olan sevgim heç vaxt azalmayıb. Heç kimə onun qədər bağlanmamışam. Onunla keçirdiyim hər an, yaşadığım hər duyğu, mənim üçün bənzərsiz olub. 

Həyat yoldaşımı sevdiyimi bilirdim, amma bu sevgi özümə qarşı olan nifrəti, qaranlıq keçmişimdən gələn hisləri məhv etməyə yetmirdi. Vicdanımı bir qədər rahatlatmaq üçün, hər dəfə başqa qadınlarla birlikdə olandan sonra, evə qayıdanda, əlimdə hədiyyələr olurdu – bəzən bahalı zinət əşyaları, bəzən gözəl çiçəklər, bəzən də kiçik diqqət göstərən jestlər. Yoldaşım bu hədiyyələri mənim sevgimin bir ifadəsi kimi qəbul edirdi. Nə qədər çox xəyanət edirdimsə, o qədər çox hədiyyə alırdım, amma bu, vicdanımı heç vaxt tam rahatlatmırdı. Hədiyyələr sadəcə müvəqqəti bir vasitə idi. Bu, nə münasibəti, nə də öz içimdəki boşluğu doldura bilirdi.

         Həyatımın bu mərhələsində hər şey təkrarlanırdı – xəyanət, vicdan əzabı, hədiyyə, yenidən xəyanət. Bu döngüdən çıxmaq üçün içimdəki qaranlıqla üzləşməli olduğumu başa düşsəm də, bunu etmək çox çətin idi.

         Nəhayət, bu təkrarlanan davranışların kökündəki problemin keçmiş travma olduğunu qəbul edərək, peşəkar yardım almağa qərar verdim. Çünki travma ilə üzləşmək, ona qalib gəlmək, ciddi bir daxili güc və zaman tələb edirdi. Bir çox araşdırmalardan sonra, psixoloq Çinarə xanımın qəbuluna yazıldım.

         Terapiyaya başladığım ilk günlərdə, hər şey mənə çox ağır gəlirdi. Çinarə xanım nə qədər anlayışlı və səbrli olmasına baxmayaraq keçmişimlə üzləşmək düşündüyümdən də çətin idi. İlk seans zamanı, hisslərimin dibində yatan ağrını yenidən xatırlamaq istəmirdim. Çinarə xanım, mənə keçmişi yenidən emal etməyin vacibliyini izah etdikcə, içimdəki qorxularla üzləşməyə məcbur qalırdım.

         Hər dəfə yaşadığım ağrılardan danışanda, özümü həmin dəhşətli anlara geri qayıtmış kimi hiss edirdim. Hər detalı xatırlamaq və açmaq mənim üçün emosional olaraq dözülməz idi. Bütün bu illər ərzində keçmişimi unutmağa, basdırmağa çalışmışdım. Çinarə xanımın bu travmaların üstünü açmaq cəhdləri isə, mənim içimdə o anları yenidən yaşamaq qorxusunu  gücləndirirdi. Ona görə də, terapiyadan imtina etməyə qərar verdim. Onun məsləhətlərinin və yardımının nə qədər dəyərli olduğunu bilsəm də, o an travmam ilə yenidən üzləşmək istəmirdim. Mənə elə gəlirdi ki, bu ağrıdan söz açmaq, məni daha çox zədələyəcək və onsuz da həssas olan vəziyyətimi daha da pisləşdirəcək. Yenidən özümü qurban kimi hiss edəcəm.

Qorxularım məni geri çəkilməyə və terapiyadan qaçmağa sövq etdi. Travmam ilə üzləşməkdən qaçmaq, qısa müddət ərzində məni bir az rahatladırmış kimi görünürdü. Qəlbimin dərinliklərində isə bunun əsl həll yolu olmadığını bilirdim. Və… beləliklə, bu da son.

Mən çaşqınlıqla Rüstəm bəyə baxdım.

O, sözünə davam etdi:

- Yəni demək istəyirəm ki, bugünkü seansımızın vaxtı bitdi.

- İndi hər şey aydın oldu. Rüstəm bəy. Düzü, çox vaxt pasiyentlərim zamanı unudurlar. Elə mən özüm də, ya qapı döyüləndə, ya da gözüm təsadüfən saata sataşanda vaxtın bitdiyini anlayıram.

- Humay xanım, mən dəqiq insanam. Hər işimdə belə olmağa çalışıram.

- Çox gözəl, Rüstəm bəy. O zaman davamını növbəti seansda danışarıq.

- Əlbəttə. Hələlik!

O qapıdan çıxan kimi, digər pasiyentlərimdə olduğu kimi, onun da danışdığı həyat hekayəsini ağlımda təhlil etməyə çalışdım.

İndiyə qədər bir çox insanın hekayəsinə qulaq asmışdım, amma bu, tamamilə fərqli idi. Onun sözləri məni yalnız peşəkar olaraq deyil, bir ana kimi də dərindən düşünməyə vadar etdi. Övladlarımla, xüsusilə də oğlumla bağlı məsuliyyətimi birə beş artırdı.

Biz analar, adətən qızlarımızı qorumağa, onların taleyini daha çox düşünməyə meyilli oluruq. Çünki cəmiyyətdə belə bir anlayış var – qız uşağı daha həssasdır, daha çox təhlükələrlə üzləşə bilər. Amma, Rüstəm bəyin danışdıqları məni silkələdi və fərqli bir həqiqəti görməyimə səbəb oldu. Əgər qızlarımızın xoşbəxt olmasını istəyiriksə, ilk növbədə oğullarımızı doğru yetişdirməli, onları da qorumalıyıq.

Uşaqlıqdan görmüşük ki, hava qaralanda qız uşaqlarına çöldə oynamağa icazə verilmirdi, amma oğlan uşaqları sərbəst buraxılırdı. “Oğlandır, çöldə böyüməlidir, kişidir, sərbəst olmalıdır” – deyirdilər. Amma heç düşünən olubmu ki, həmin oğlan da, hansısa fiziki gücə sahib, nəzarətsiz böyüyən birinin zorakılığına məruz qala bilər? Onları da cəmiyyətin bu amansız tərəflərindən qorumaq lazımdır?

Bizə elə gəlir ki, güclü olmaq oğlanları təhlükələrdən qoruyur, amma əslində, onları düzgün yetişdirmədikdə həm özləri, həm də ətrafları üçün təhlükəyə çevrilə bilirlər. Ona görə də, məsələ təkcə qızlarımızı qorumaq deyil – biz oğullarımıza da diqqət etməli, onları sağlam şəxsiyyət kimi yetişdirməliyik. Çünki, yaxşı yetişdirilmiş oğullar, xoşbəxt qızların, sağlam ailələrin və daha ədalətli cəmiyyətin təməlidir.

Bu fikirlər beynimdə dövrə vurduqca, içimdə narahatlıq hiss edirdim. Axı biz analar oğullarımızın tərbiyəsinə nə qədər ciddi yanaşırıq? Onlara nə öyrədirik? Biz təkcə onların fiziki ehtiyaclarını ödəməklə, yeməyini, geyimini təmin etməklə işimizi bitmiş hesab edirik? Yoxsa onları həqiqətən də, həyatın çətinliklərinə, cəmiyyətin gözlənilməz tərəflərinə hazırlayırıq?

Bəzən, “Oğlandır, güclü olmalıdır, ağlamamalıdır, özünü qorumalıdır” – deyə-deyə onları hisslərini ifadə etməkdən məhrum edirik. Halbuki, bir insanı yalnız fiziki güclə deyil, sağlam düşüncə ilə də böyütmək lazımdır. Əgər biz oğullarımıza mərhəmətli olmağı, düzgün seçim etməyi, qarşısındakının duyğularını anlamağı öyrətməsək, onlar gələcəkdə nə öz ailələrinə, nə də cəmiyyətə faydalı bir insan ola biləcəklər. Bəlkə də, biz elə buna görə, çox vaxt qızlarımızın xoşbəxtliyindən narahat oluruq. Çünki bilirik ki, onların qarşısına necə oğulların çıxacağı bizim tərbiyəmizdən asılıdır. Qızlarımız üçün yaxşı bir həyat arzulayırıqsa, ilk növbədə oğullarımızı düzgün yetişdirməliyik. Çünki onlar gələcəyin ataları, həyat yoldaşları, qardaşları, dostları olacaqlar.

Bəlkə də, mən analıq borcumu tam yerinə yetirdiyimi düşünürdüm, amma indi anlayırdım ki, üzərimə düşən məsuliyyət daha böyükdür.

Bir cəmiyyətin gücü yalnız onun kişilərinin fiziki qüvvəsində deyil, onların insanlıq dəyərlərini necə mənimsəməsindədir.

 

 

 

(İyunun 4-də sizlərə 12-ci hissə təqdim ediləcək)

 

“Ədəbiyyat və incəsənət”

(03.06.2026)

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.