Super User

Super User

NÖVBƏTİ DƏFƏ UŞAQLARIN BEYNƏLXALQ MÜDAFİƏSİ GÜNÜNÜ QEYD ETDİK

 

“Ədəbiyyat və incəsənət” portalının UŞAQ ƏDƏBİYYATININ TANITIMI layihəsində bu gün sizlərə Türkiyənin tanınmış uşaq yazarı Nur Dombayçı ilə müsahibə təqdim ediləcək. Söhbətləşir: Cavid Qədir.

 

IX Beynəlxalq Kitab Sərgisində dünyanın müxtəlif ölkələrindən naşirlər, mədəniyyət xadimləri, yazıçılar və şairlər iştirak edirdilər. Bu yazıçılardan biri də “BookZone” şirkətlər qrupunun dəvəti ilə sərgidə iştirak edən uşaq yazıçısı Nur Dombaycı idi. Onunla kitab industriyasından, Azərbaycan və Türkiyə kitabçılığının oxşar və fərqli cəhətlərindən və əlbəttə, ədəbiyyatdan danışdıq.

 

– Nur xanım, Azərbaycanla bağlı təəssüratlarınız maraqlıdır...

 

– Hər türk kimi, lap uşaqlığımdan Azərbaycanla bağlı məlumatım var. Qardaş ölkə kimi tanıyır, qəbul edirik. Bayrağımız hər yerdə qoşa dalğalanır. Məktəbdə, dərs prosesində digər ölkələrdən daha fərqli, daha doğma münasibət göstərilir. Bu, mənim birinci növbədə vətəndaş mövqeyimdir. İkincisi, bir yazıçı kimi ölkənizlə tanışlığım “Saçaqlı qızın pasaqlı gündəliyi” kitabımın birinci hissəsi Azərbaycanda çap olunandan sonra başladı. Qardaş ölkədən çox gö zəl mesajlar, rəylər almağa başladım. Oxu cularım o qədər maraq göstərirdilər ki... Özü də mesajlar azərbaycanca yazılırdı. Çox fərqli duyğu idi. Üstəlik, yazılanların çoxunu başa düşmürdüm. Məsələn: “Necəsən?” – yazırdılar. Türkcə: “Nasılsın?” – demək imiş. Onlara cavab vermək üçün Azərbaycan dili, Azərbaycanla bağlı daha ciddi araşdırma apardım, müəyyən sözlərin qarşılığını öyrəndim. Daha sonra “Bookzone” nəşriyyatının rəhbəri Seymur Tağıyev məni ölkənizə dəvət edəndə çox həyəcanlandım. O gündən bəri həyat yoldaşımla birgə mütəmadi olaraq youtube-da Azərbaycanla bağlı videolar izləyir, nələriniz məşhurdur, hansı yeməklər yeyilir, hansı gözəl guşələriniz var kimi məsələlərlə maraqlanır, hər şeyi öyrənməyə çalışırdıq. Ölkənizdə də bizi çox gözəl qarşıladılar. Nəşriyyatın əməkdaşlarının münasibəti də çox mehribandır, istər qarşılama, istər qonaqlama... Oxucular da çox yüksək diqqət göstərirlər. Uşaqların əksəri məni tandığına görə, məxsusi mənim kitabıma görə gəlmişdi. Aralarında birinci kitabı oxuyan, ikincisini səbirsizliklə gözləyənlər də vardı. Hətta bəziləri dözə bilməyib ikinci kitabı türkcə alıb oxumuşdular. Həqiqətən, çox gözəl qarşılandım. Azərbaycanın nə qədər xoşuma gəldiyini deməyim üçün sözlər azlıq edir. Gərək bununla bağlı ayrıca kitab yazam (gülür).

 

– Bir qədər Azərbaycan və Türkiyə kitab industriyasının fərqli və oxşar cəhətləri barədə danışmağınızı istərdim.

 

-Azərbaycan ədəbiyyatı ilə yeni tanış olmağa başlamışam. Dərin araşdırma aparmağa macalım olmayıb. Amma sərgiyə marağın böyük olduğunu görürəm. Naşirləriniz çox əhatəlidirlər, özlərini çox yaxşı inkişaf etdiriblər. Kitabların təbliği üçün can yandırırlar. Müəllifləriniz də eyni şəkildə. Az qala hamısı sərgiyə qatılıb. Bu işə ürək qoyduqları ortadadır. Türkiyədə də naşirliyə, kitabçılığa, eləcə də müəlliflərə çox diqqət göstərilir. Bu siyahıya illüstratorları da əlavə etmək olar. Öz aralarında təşkilatlanır, platformalar yaradırlar. Mənim Azərbaycana səfər edəcəyimi öyrənən rəssamlar buranın da kitab industriyası ilə maraqlanır, onlar üçün bazaar olub-olmadığını, illüstratorlara ehti yac duyulub-duyulmadığını öyrənmək istəyirdilər.

Türkiyə və Azərbaycan kitab bazarına müqayisə obyektindənsə, çox gözəl əməkdaşlıqlara imza atmağın mümkün olacağı iki ayrı nəşriyyat sahəsi kimi yanaşmağın daha doğru olacağı fikrindəyəm.

 

– Bəs əsas fərqlərin nə olduğunu düşünürsünüz?

 

– Klassiklər, dünyaca məşhur əsərlər sizdə də var. Amma uşaq yazıçılarına çox da rast gəlmədim. Əsas fərq bu ola bilər. Bizdə xeyli uşaq yazıçısı var. Xüsusən də son illərdə. Hətta uşaq kitabları yazmaq, uşaq yazıçılığı, rəssamlığı ilə bağlı təlimlər də keçirik. Bu təlimlər uşaq yazıçıları, illüstratorlarının sayına ciddi təsir edib.

Bir məsələ var ki, bu sayın azlığının, yaxud çoxluğunun yaxşı olmağına qərar verə bilmədim.

 

– Az olmağı, əlbəttə, yaxşı deyil. Amma bu sahənin inkişafına cəhd göstəririk. Az-

çox alınır da.

 

– Sizdə bu sahənin çox sürətlə inkişaf edəcəyinə əminəm. Naşirləriniz, həqiqətən, bunda istəklidirlər. Uşaq nəşriyyatları açır, uşaq kitabları nəşr edirlər. Hətta sərgidəki bəzi stendlərin məhz uşaqlar üçün dizayn edildiyini gördüm; balacaların diqqətini cəlb etsin, oxumağı sevsinlər...

 

– Ədəbiyyata, yazıçılığa marağınızı necə kəşf etdiniz? Necə oldu ki, “Mən yazmalıyam!” – dediniz?

 

-Qələmlə ilk tanışlığımdan danışa bilərəm (gülür). Hər uşaq kimi, qələmi birinci dəfə əlimə götürəndən etibarən yazmağı, şəkil çəkməyi çox sevdim. Daha doğrusu, şəkil çəkəndə daha rahat oluram. Rəssam kimi özümü daha yaxşı ifadə etdiyimi düşünürəm.

Qələm ilk oyuncaqlarımdan biri idi. Qonaq gedəndə, yaxud evdə başqa oyuncağa ehtiyacım olmazdı. Qələmimin olmağı kifayət idi. Məktəb dövründə dəqiq elmlərlə yanaşı, hu manitar fənlərə də xüsusi marağım vardı; özümü daha yaxşı ifadə edə bilirdim. Türk dili dərsini çox sevirdim.

Böyük bacı kimi bacılarımın dərslərinə kömək edir, onlarla oyun oynayır, hekayələr oxuyub-yazırdım. Bir gün müəllim-müəllim oynayırdıq. Oyun əsnasında bacılarım üçün xırda-xırda hekayələr yazmışdım. Jan de La fontendə olduğu kimi, heyvanların di lindən qələmə almışdım. Kağızları səliqə ilə qatlayıb hekayələri yazdım, altından da illüstrasiya cızma-qara etdim. Guya mən müəlliməm, bacılarım da şagirdlərim. Oyun qurtarandan sonra kağızları atdıq. Anam təsadüfən bu cızma-qaraları gördü. Məndən “Bunları öz beynindən yazmısan, yoxsa haradansa köçürmüsən?” – soruşdu. Mən də “Özüm yazmışam”, – deyəndə anam çox bəyəndiyini söylədi. Sonra da mənə bir dəftər aldı. “Sən hər gün bu dəftərə hekayələr yaz, şəkillər çək, naşirlərə göstərək”, – dedi.

Yeri gəlmişkən, onda cəmi səkkiz yaşım vardı. Anam “Naşirlər səkkiz yaşlı uşağın hekayə yazdığını, rəsm çəkdiyini görsələr, təsirlənərlər”, – düşüncəsində idi. Mənim yazmaq macəram belə başladı...

Bir məsələ də var ki, kitab sərgilərində, kitabxanalarda gördüyüm tərcümə uşaq kitablarının əksəriyyətinin müəllifi və rəssamı eyni adam idi. Mən də yazıçı olmaq üçün rəssamlıq öyrənməyin lazım gəldiyi düşüncəsinə qapılmışdım.

Beləcə, özümü rəssamlıq sahəsində sına mağa başladım. Liseydə kompüter mühən disliyi ixtisasında oxuyurdum. So nuncu kursda mütləq praktika keçməli idim.

Beləcə, on altı yaşında Türkiyənin ən bö yüş nəşriyyatılarından birində təc rü bə proqramına başladım. Kitabxanada kitabların arxasındakı ünvanlara baxdım; evimizə ən yaxın olanını seçdim (gülür). Beləcə, nəşriy yatagetdim və yazıçı, illüst rator olmaq, qrafik dizayn öyrənmək istədiyimi dedim.

Arzularıma, xəyallarıma qulaq verəndən sonra “Sabah gəl başla!” – dedilər. Ertəsi gün Qrafik dizayn şöbəsində praktikaya başladım. Düz üç il orada təcrübə keçdim. Bu müddət ərzində tanınmış yazıçılarla tanış ol dum. Tez-tez nəşriyyata gəlirdilər. Məsələn, dünyaca məşhur alim İlber Ortaylı ora gəlirdi. Mən də ona çay aparırdım. Arzum onun kimi məşhur müəllif olmaq idi. Ora gələn rəssamların texnikasına fikir verir, öy rənirdim; necə çəkirlər, hansı üsullardan is tifa də edirlər... Həmin nəşriyyat mənim üçün bir növ universitet rolunu oynadı. İşi nəzəri cəhətdən çox praktiki şəkildə öy rəndim. Sonra planşet alıb evdə yavaş-yavaş öz layihələrimi reallaşdırmağa start verdim. İlk gördüyüm iş bir taxta oyuncaq firması üçün bu oyuncaqların üstünə şəkillər çəkmək olmuşdu. Sonra da uşaqlar üçün interaktiv kitablar hazırlamağa başladım. İyirmi yaşım olanda isə “Damla” nəşriyyatında ilk –“İxtiraçı nəvəsi olmaq asan deyil” kitabım çapdan çıxdı.

 

– Səhv etmirəmsə, bu, beş kitablıq dəst olmalıdır.

 

– Elədir, beş kitabdan ibarət dəst idi.

 

– Sizin üçün yazıçı olmaq daha rahatdır, yoxsa rəssam?

 

– Bu sualı illərdir, mənə verirlər və həmişə dilemmaya düşürəm ki, görəsən, hansı cavabı verim? İki il əvvəl məni Qazaxıstana dəvət etmişdilər. Orada da kitablarımın xeyli oxu cusu varmış... Uşaqların əksəri rus və qazax idi. Üstəlik, dillərini qətiyyən bilmirdim. Onlar da ingiliscə başa düş mür dülər. Hətta “hello” sözünü belə anlamırdılar.

Təşkilatçılardan böyük bir yazı lövhəsi istədim və şəkil çəkməklə uşaqlara sözləri izah etməyə çalışdım. Məsələn, “tıs bağa” deyirəm, uşaq başa düşmür. Mən də “tısbağa” sözünü təsvirlə izah etməyə başladım. O hadisədən sonra bir məsələni anladım ki, rəssamlığın dili qlobaldır. Heç bir xarici dil biliyim olmasa da, dünyanın istənilən yerində şəkil çəkməklə ünsiyyət qurmağı bacararam.

 

– Elədir, Çarli Çaplinin də səssiz filmlərlə bağlı bənzər yanaşması var.

 

– Bəli, mən də rəsmlərimlə hamı ilə ünsiyyət qura bildiyimi düşünürəm. Kitab-larım bir çox dillərə tərcümə olunur. Amma rəssam kimi də neçə ölkənin nəşriyyatları ilə əməkdaşlıq edirəm. Dillərini bilməsəm də, rəsmlərimi görmələri ünsiyyət üçün kifayət edir.

Sualınızın cavabına gəlsək, rəssamlığı özümə daha yaxın hiss edirəm.

 

– Əslində, bu suala cavab verdiniz, amma daha ətraflı cavab istərdim: Müəllif olmaqdan əlavə rəssamlığın hansı avantajları var?

 

– Ən gözəl cavabımı deyim. Bunu normalda yazıçı dostlarım mənə deyirlər. Heyif deyil, kitabına rəssam axtarmırsan (gülürük). Bəli, rəssam axtarmıram. Hansısa hekayəni yazanda “Görəsən, bunu hansı rəssam daha yaxşı çəkər?” – düşünmürəm. Yazı prosesində obrazlar xəyalımda canlanır onsuz da. Bəzən birinci rəsm formasında ağlıma gəlir. Mən də “Bu rəsmi hekayəyə çevirim”, –düşünüb sonradan yazmağa başlayıram.

 

– Görmək istədiyiniz kimi çəkirsiniz...

 

– Elədir. Rəsmləri başqası çəkəndə bəzən bəyənmir, yaxud obrazın yazdığımızdan fərq liolduğunu görürük.

 

– Filmlər və kitablarda olduğu kimi. Rejissor baxışı müəllif baxışından həmişə fərqli olur.

 

– Elədir. Məsələn, mən “Haydi” kitabını çox sevərək oxumuşdum. Amma cizgi filminə baxanda məyus olmuşdum. Çünki qətiyyən beynimdə canlandırdığım kimi deyildi...

 

– Uşaqlar üçün yazmağın hansı çətinlikləri var?

 

– Uşaqlar üçün yazmağın heç bir çətinliyi yoxdur. Uşaq kitabı yazmağı eşq yaşamaq kimi görürəm. Əksinə, böyüklər üçün yazmaq daha çətindir. Böyüklər hər mətni bəyənmir, tənqid edirlər; məmnun etmək çətin məsələdir. Amma uşaqları xoşbəxt etmək, həqiqətən, asandır. Onların dili ilə danışıb, onların gözlərinin içinə baxmaq, həyəcanlarını hiss etmək... Yazıçı olduğumu eşidəndə ürəkləri çırpınır. Amma hansısa yetkin şəxsi “Mən yazıçıyam”, – deməklə həyəcanlandıra bilmərəm. Uşaqlar isə həyə canlanırlar, tanış olmaq, imza almaq istəyirlər.

Bir məsələ də var ki, uşaqların sevəcəyi üslubda yazmaq, onların dilini tutmaq çə tindir. Böyüyürük, uşaqlığımız arxada qalır. Amma böyüsək də, uşaqların dünyasından əl götürməmək lazımdır.

 

– Belə baxıram, bir xeyli çətinlik varmış (gülürük).

 

– Hazırkı cizgi filmlərindən xəbərdar olmaq, indiki nəslin dilində danışa bilmək lazımdır. Çox müxtəlif animasiya filmləri var. Qısası, uşaqla uşaq olmaq lazımdır. Məsələn, “Haker nənə” kitabım var, bu yaxınlarda siz də də çap olunacaq... Yaxud “Minecraft” (“Maynkraft”) oyunu ilə bağlı hekayə yazdım. Uşaqlar bu oyunu çox sevirlər. Hansısa oyunu uşaqlar üçün zərərli hesab edirsinizsə, “Bunu oynama”, – deməkdənsə, hekayənin içinə girib zərərlərini göstərmək daha doğru yanaşmadır. Uşaqlarla daha yaxşı ünsiyyət qura bil mək üçün mənim də oyun oynamağı sev- diyimi göstərməyin faydalı ola biləcəyini anladım. Üstəlik, onlara dərs keçirmiş kimi yox, onların müəllimi, böyükləri kimi deyil, öz yaşıdları kimi xitab etməyə çalışıram. Azərbaycan dilində çıxan “Saçaqlı qızın pasaqlı gündəliyi” kitabında olduğu kimi... Necə deyərlər, uşaq qalmağa, böyüməməyə çalışıram...

 

– Nur xanım, hansı mövzular sizə daha doğma gəlir?

 

– Elmi fantastika janrını çox sevirəm. Filmlər olsun, kitablar olsun... Hətta yuxu larım da elmi fantastika üzərində qurulur. Bəzən elə yuxu görürəm ki, öz-özümə deyirəm: “Bunu “Vorner-Broz.” görsə, çox gözəl film çəkər” (gülür). Bu janrı çox sevdiyimdən dolayı yazdıqlarımdan başqa – hətta yuxularıma qədər işləyib. Ən ra- hat olduğum, xəyal qura bildiyim, xəyal q randa, belə demək mümkünsə, cəfəng şeylərdən yaza biləcəyim şeylərdən yazmağı xoşlayıram. Əlbəttə, realistik mövzulara da toxunuram. Duyğu dolu mətnləri sevirəm.

“Hər şey mütləq xoşbəxt şəkildə cərəyan etməlidir”, – deyə bir şey yoxdur. Əzab, itki, müharibə kimi anlayışlar var. Obrazlarımı işləyəndə bunları da nəzərə alıram. Məsələn, “Saçaqlı qızın pasaqlı gündəliyi”nin ikinci kitabında qəhrəmanım qocalar evinə gedir, yaş lıları ziyarət edir. Bunlar hamısı həyatın gerçəkləridir. Mən də hekayələrimdə real hadisələrdən, yaşanmış iztirablardan söz açıram. Uşaqlara çox xoşbəxt, tamamilə utopik bir dünya təqdim etmirəm. Fantastika olsun, amma reallığı da qələmə almağı sevirəm. Yəni hər ikisi – realistik janr da, fantastika da mənim üçün doğmadır.

 

– Bayaq yuxulardan film çəkilməsi ilə bağlı zarafat etdiniz. Bizim yazıçılardan Şəmil Sadiq bu barədə “Yuxu maşını” adlı əsər yazıb. Romanın qəhrəmanı yuxuları filmə çevirə bilən bir maşın ixtira edən mühəndisdir.

 

– Həyat yoldaşıma tez-tez deyirəm ki, kaş yuxu maşını olaydı, yuxularımızı qeydə ala biləydi.

 

– Belə bir maşın Azərbaycanda olmasa da, ədəbiyyatında var.

 

– Çox gözəl (gülür).

 

– Nur xanım, yazanda özünüzə hansısa sərhədlər qoyursunuz?

 

– Əlbəttə. Ümumiyyətlə, insan yazanda da, yaşayanda da müəyyən konturlara əməl edir. Mənim də sərhədlərim var: əxlaqi, etik, uşaqların xarakterlərinə görə, inancıma görə sərhədlər... Bu mövzularda çox diqqətli davranmağa çalışıram. Xüsusilə onlayn mühitdə təzyiq və yönləndirmə var. Son zamanlarda mən də öz incə cizgimi çəkib içərisində dayanmağa, uşaqlara əxlaqi mə sələləri yaxşı formada təqdim etməyə çalışıram.

 

– Bəs ən ciddi sərhədiniz hansıdır?

 

– Ən ciddi sərhəd... (düşünür) Xeyir və şər. Çox qısa cavab oldu? İstəyirsiniz, bir az da geniş danışım (gülür).

 

– Yox, məncə, kifayət qədər konkret cavab oldu (gülürük). Yaxşı, bəs sizcə, ən uğurlu kitabınız hansıdır?

 

– “Saçaqlı qızın pasaqlı gündəliyi” on üç dilə tərcümə edilib. Oxucular tərəfindən çox sevilir. Mənim üçün xüsusi yeri var. Özüm də çox sevirəm. Amma “Qəmgin oğlan” kitabımın yeri bir ayrıdır. Çünki onu fantastik, elmi-fantastik janrda yazmışam: ən çox sevdiyim janrda. Uşaq vaxtı da qorxu filmlərinə baxmağı xoşlayırdım. Sərgilərdə uşaqlar tez-tez qorxu janrında nəsə yaz mağımı istəyirdilər. Qorxulu hekayələr uşaqlara maraqlı gəlir. Biz də balaca olanda bir-birimizə qorxunc şeylər danışardıq. Bunu bir hekayənin içərisində, onları çox qorxutmadan verməyə, dəyərlərimizi aşılamağı da yaddan çıxarmamağa çalışdım. Məsələn, bu kitabın qəhrəmanlarının başla rına vahi məli bir meşədə qorxulu hadisələr gəlir.

Amma hekayənin sonunda meşəni, ağacları xilas edirlər. Yaxşılıq toxumlarını əkməklə qor xulu hekayə yaza bildiyim üçün “Qəmgin oğlan” kitabımı çox sevirəm.

 

– Nur xanım, bəs sizin üçün dünya ədəbiyyatındakı ən yaxşı əsər hansıdır? Bö-yüklər üçün də ola bilər, uşaqlar üçün də.

 

– Həm işimlə bağlı, həm də sevdiyim üçün çox kitab oxuyuram. Evdə xeyli kitabım, hətta kitabxanam var. Amma lap uşaqlıqdan bəri dəfələrlə oxuyub, həqiqətən, sevdiyim – bəlkə də, ailələrin çoxu içərisində sehr, tilsim var deyə, narahat olduğu – Coan Ketlin Roulinqin “Harri Potter” seriyasıdır. Dostluq, sevgi kimi mövzular işləndiyi üçün də bir ayrı xoşlayıram. Kimisə özünə qəhrəman seçmədən də hər insanın öz qəhrəmanlıq yolçuluğuna çıxa biləcəyini göstərə bilən çox gözəl bir hekayəsi var. Con Ronald Ruel Tolkinin “Üzüklərin hökmdarı” seriyası isə ən sevdiyim, ən yuxarı pilləyə qoya biləcəyim klassiklərdəndir. Ümumiyyətlə, dünya klassiklərini də sevərək oxuyuram. Ceyms Barrinin “Piter Pen” əsərini də çox sevirəm. Bir çox klassik əsərləri sevirəm, amma əvvəl də dediyim kimi, birinci yerdə “Üzüklərin hökmdarı” gəlir.

 

– Yaxşı, bəs hekayə yazanda, oxuyanda, öz yolunuzu cızanda hansı yazıçılardan,

rəssamlardan təsirlənmisiniz?

 

– Dünyaca məşhur rəssamların əsərlərini həmişə araşdırır, gözdən keçirirəm. Çünki mən incəsənətlə bağlı təhsil almamışam, ixtisasca kompüter mühəndisiyəm, türk dili və ədəbiyyatı üzrə də oxumuşam. Söh bətimizin əvvəlində də vurğuladığım ki mi, işi praktikada öyrənmişəm. Bunun üçün də həddən artıq çalışmışam. Hansısa müəl limdən dərs almamışam, amma bütün sənətkarları müəllim kimi görmüşəm. “Onlar dan nə öyrənə bilərəm?” sualı həmişə ön planda olub.

Yaxşı, “Üzüklərin hökmdarı”nı mütaliə edirdim, amma ona oxucudan daha çox müəllim kimi yanaşır, necə yazdığını, texnikasını öyrənməyə çalışırdım.

Yeri gəlmişkən, hələ də “Üzüklərin hökmdarı” kimi bir əsər yazacağımın xəyalını qururam.

Rəssam kimi isə bir çox əcnəbi rəssamlardan onlayn şəkildə dərs alır, özüm də dərs keçirəm. Amma ad çəkməkdənsə, təbiətdən ilham aldığımı demək daha doğru olar. Təbiəti, buludları, ağacları seyr etməyi, meşədə gəzməyi sevirəm. Bunlar mənə daha çox ilham verir.

 

– Nur xanım, istəyirəm, bir az da yaradıcılıqla bağlı planlarınızdan danışaq.

 

– Böyüklər üçün heç nə yazmamışam. Bir dəfə də olsa, böyüklər üçün nəsə yazmağı sınamaq istəyirəm (gülür). “Görəsən: “Böyüklər üçün yazmaq daha çətindir” – stereotipimi qıra biləcəklərmi? Bəyəndirə biləcəyəmmi?” – düşünürəm.

 

– Məncə, uşaqlar üçün yazmaq daha çətindir. Mən bədii redaktoram, daha çox böyüklər üçün nəzərdə tutulan kitabları redaktə edirəm. Uşaq kitablarını redaktə edəndə bir qədər çətinlik çəkdiyimi düşünürəm. Çünki uşaq kimi baxmaq, uşaq kimi yazmaq, uşaq kimi düşünmək asan deyil.

 

– Bir məsələ var, uşaqlara nəyisə uzun-uzadı cümlələrlə danışanda sıxılırlar. Onları yormadan, daha axıcı cümlələrlə ünsiyyət qurmaq lazımdır. Böyüklər üçün yazanda: “İstədiyimə qədər – uzun-uzadı dərdimi danışa bilərəm”, – düşüncəsindəyəm (gülür). Den Braunun üslubunu da çox sevirəm, təxminən o cür üslubda nəsə yazmağı planlaşdırıram.

 

– Nur xanım, əslində, son sualımı artıq vermişdim. Amma bir sual da əlavə etmək istəyirəm. Kitablarınızı oxuduqca başqa yazı çıları görürsünüz, yoxsa mətniniz bü-tövlükdə Nur Dombaycıdır?

 

– Bir üslub yarada bildiyim fikrindəyəm. Oxucular da bu fikirdədir. Kitabı bitirəndən sonra “Gözəl alınıb”, – deyirəm. Amma içdəniçə “Bəlkə, alınmayıb?” düşüncəsi olur. Bu da, əslində, yaxşıdır. İnsanı inkişafa aparır. “Mən artıq peşəkaram”, “Çox yaxşı yazıram”, “Xarüqələr yaradıram”, – düşünən insan inki- şaf edə bilməz. Belə olanda nəsə problem, eqoizm var deməkdir. Həyat yoldaşıma həmişə şikayət edirəm ki, yaxşı alınmayıb, daha yaxşı yaza bilərdim və s. “Hamı oxuyur, neçə dilə tərcümə edilib”, – deyəndə “Olsun, amma burasını filan cür yazsaydım, daha yaxşı alınardı”, – deyirəm.

Başqa ədibin təsirinin hiss olunması barə də heç düşünməmişdim. Amma bəlkə, Tolkinin təsirini hiss edə bilərəm. Əlbəttə, kitablarda bu görünməyə bilər: onun üslubun da yazmıram. Daxilən isə kitablarımı san ki Tolkin yazmış kimi tənqidi baxışla oxuyuram. “Kitablarımı Nur Dombaycı yazıb”, – deyə bilərəm (gülür).

 

– Nur xanım, maraqlı söhbət üçün sizə təşəkkür edirəm! Ümid edirəm, daha uca pillələrə qalxarsınız.

 

– Mən təşəkkür edirəm! Tanışlıq çox xoş oldu. Uca pillələrlə bağlı dediyinizə cavab kimi demək istəyirəm ki, hazırda elə ən uca pillədəyəm: Azərbaycanda olmaq mənim üçün ən uca pillədə dayanmaqdır. Burada olduğum üçün çox xoşbəxtəm.

 

“Ədəbiyyat və incəsənət”

(04.06.2026)

 

 

 

Cümə axşamı, 04 İyun 2026 15:02

Sizə elçi gələn gün, daş düşəydi başıma...

“Ədəbiyyatvə incəsənət” portalınınGülüş klubunda bu gün sizlərə ənənəvi lətifələr, duzlu-məzəli söhbətlər deyil, satirik çalarlı bir şeir təqdim ediləcək. Şeirin müəllifi Mehman Nəriman oğlu İmanovdur. O, 1992-ci ildə Naxçıvan MR Kəngərli rayonu Şahtaxtı kəndində anadan olub. Həvəskar olaraq poeziyaya maraq göstərir. "Bəlkə də" "Bir qız vardı" şeir kitablarının müəllifidir.

 

 

MEHMAN İMANOV

“SİZƏ ELÇİ GƏLƏN GÜN”

 

Kaş çıxmazdın qarşıma,
Zəhər qatdın aşıma,
Daş düşəydi başıma,
Sizə elçi gələn gün. 

Pozulaydı sözlərim,
Kor olaydı gözlərim,
Tutulaydı dizlərim,
Sizə elçi gələn gün. 

İşığımız yanmadı,
Tək səbir dayanmadı,
Xoruzlar oyanmadı,
Sizə elçi gələn gün.

Kaş buludlar dolaydı,
Kaş yollar buz olaydı,
Məni maşın vuraydı,
Sizə elçi gələn gün.   

Boran oldun yayıma,
Hay vermədin hayıma,
Duz qataydın çayıma,
Sizə elçi gələn gün. 

Saçıma saldın dəni,
Mən necə sevdim səni?
Kaş it qapaydı məni,
Sizə elçi gələn gün. 

Alma yanaq, sürmə qaş,
Məni yaman saldı çaş,
Evdə olmazdınız kaş, 
Sizə elçi gələn gün.
 
Kaş halımı qataydım,
Xəstə olub yataydım,
Kaş korona tutaydım,
Sizə elçi gələn gün. 

Dama bayquş qonmuşdu,
Güzgü düşüb sınmışdı,
Məhlənizdə yoluma,
Qara pişik çıxmışdı,
Sizə elçi gələn gün.

 

“Ədəbiyyat və incəsənət”

(04.06.2026)

 

 

2 iyun 2026-cı il tarixində, Polşanın ən nüfuzlu ali təhsil ocaqlarından biri olan Varşava Universitetində Türk Mədəniyyəti və İrsi Fondunun maliyyə dəstəyi ilə ərsəyə gələn Türk Mədəniyyəti və İrsi Mərkəzinin təntənəli açılış mərasimi keçirilib.

 

Açılış mərasiminə Türk, Monqol və Tibet araşdırmaları kafedrasının müdiri Dr. Yan Roqalanın təqdimatı və moderatorluğu ilə start verilib.

“Ədəbiyyat və incəsənət” portalına Türk Mədəniyyəti və İrsi Fondundan verilən məlumata görə,  tədbirdə Varşava Universitetinin Asiya və Afrika mədəniyyətləri fakültəsinin dekanı, professor Aqata Bareya-Stajinska, Azərbaycan Respublikasının Polşa Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Nərgiz Qurbanova, Qazaxıstan Respublikasının Polşa Respublikasındakı müşaviri Saule Turqinbekova, Türkiyə Respublikasının Polşa Respublikasındakı müşaviri Sinem Turqut Bingöl, Özbəkistan Respublikasının Polşa Respublikasındakı müşaviri Rovşanbek Jabborov çıxış ediblər. Çıxışlarda mərkəzin qurulmasında Türk Mədəniyyəti və İrsi Fondunun səyləri və maliyyə dəstəyi, eləcə də qurumlararası əməkdaşlığın önəmi qeyd olunub. Bildirilib ki, bu təşəbbüs həm elmi, həm də mədəni-diplomatik əlaqələrin güclənməsinə, gələcəkdə isə Avrasiya məkanında dialoqun genişlənməsinə mühüm töhfə verəcək.

Açılışda həmçinin Polşanın Elm və Ali Təhsil Nazirliyinin Beynəlxalq Əməkdaşlıq Departamentinin baş mütəxəssisi Aqneşka Bereza, Universitetin professor-müəllim heyəti və tələbələr iştirak ediblər.

Mərasimdə fəxri qonaq qismində çıxış edən Türk Mədəniyyəti və İrsi Fondunun Prezidenti, Professor Aktotı Raimkulova mərkəzin açılışını tarixi bir hadisə kimi qiymətləndirib. O, bu mərkəzin sadəcə bir məkan deyil, Şərqlə Qərb arasında mədəni körpü olduğunu vurğulayıb.

Professor Aktotı Raimkulova qeyd edib ki, bu mərkəz Fond ilə Varşava Universiteti arasında imzalanmış Anlaşma Memorandumunun, həmçinin tərəflərin qarşılıqlı etimada əsaslanan birgə səylərinin real bəhrəsidir. Mərkəzin tələbələr üçün türk dünyasının zəngin dillərinə, tarixinə, incəsənətinə və ənənələrinə açılan bir qapı olacağını bildirən Fondun prezidenti, göstərilən dəstəyə görə Varşava Universitetinin rəhbərliyinə, həmçinin layihənin ilk günündən etibarən göstərdiyi şəxsi diqqət, fədakarlıq və səmərəli əməkdaşlığa görə Nərgiz Qurbanovaya və Azərbaycan Respublikası səfirliyinin kollektivinə dərin minnətdarlığını ifadə edib.

Tədbir çərçivəsində rəsmi lentkəsmə mərasimi keçirilib. Fondun prezidenti, Professor Aktotı Raimkulova, Dekan, professor Aqata Bareya-Stajinska və Azərbaycan Respublikasının Polşa Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Nərgiz Qurbanova mərkəzin rəsmi açılışını reallaşdırıblar.

Daha sonra türk dövlətlərinin səfirlikləri və tərəfdaş qurumlar tərəfindən yeni yaradılmış mərkəzə xatirə hədiyyələri, elmi nəşrlər, mədəni eksponatlar və tədris materialları təqdim olunub.

Qeyd edilib ki, təhsil, emalatxana və sərgi məkanı kimi fəaliyyət göstərəcək mərkəz türk xalqlarının mədəni irsinin və müxtəlifliyinin Polşada tanıdılmasına, elm və mədəniyyət xadimləri ilə geniş ictimaiyyət arasında dialoqun güclənməsinə xidmət edəcək.

 

“Ədəbiyyat və incəsənət”

(04.06.2026)


 

 

Çərşənbə, 03 İyun 2026 13:16

RƏSM QALEREYASI: Renuar, Natürmort

 

Dünyaca məşhur fransız rəssamı Pyer Oqyust Renuarın 1866-cı ildə çəkdiyi “Böyük gül vazı ilə natürmort” əsəri onun ən məşhur rəsmlərindən sayılır.

Britaniya nəşrləri mənbələrə istinadən NATO-nun Avropada nüvə mübadiləsi proqramının potensial genişləndirilməsi barədə məlumat yayıb. Rusiyanın qonşularını prosesə qoşmaqda NATO maraqlıdır.

Financial Times-ın məlumatına görə, Vaşinqton Avropada nüvə silahı mövcudluğunu genişləndirmək imkanlarını araşdırır. Qəzetin yazdığına görə, amerikalılar artıq öz bazalarında nüvə silahına malik bombardmançı təyyarələri olan altı ölkədən (Almaniya, Belçika, Türkiyə, İtaliya, Hollandiya və Böyük Britaniya) əlavə, yerləşdirmə üçün digər ölkələri nəzərdən keçirməyə hazırdırlar.

 

Foto: AP

 

“Ədəbiyyat və incəsənət”

(03.06.2026)

Çexiyanın paytaxtı Praqanın mərkəzində yerləşən Lusern sarayında (Palac Lucerna) 28 May – Azərbaycan Respublikasının Müstəqillik Gününə həsr olunan konsert keçirilib.

 

Konsert Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin tabeliyindəki Azərbaycan Diasporuna Dəstək Fondunun dəstəyi, Şərqi Avropada Yaşayan Azərbaycanlıların Çexiya üzrə Koordinasiya Şurasının və “Land of Fire” Cəmiyyətinin birgə təşkilatçılığı ilə baş tutub.

“Ədəbiyyat və incəsənət” portalına Diasporla İş üzrə Dövlət Komitəsindən verilən məlumata görə, tədbirdə Azərbaycan Diasporuna Dəstək Fondunun icraçı direktoru Əkrəm Abdullayev, komitə və fondun əməkdaşları, Azərbaycan, Türkiyə, Qazaxıstan, Özbəkistan, İspaniya, Bosniya və Herseqovina, eləcə də İtaliyanın Çexiyadakı səfirliklərinin nümayəndələri, ictimai-siyasi və mədəniyyət xadimləri, ölkəmizə dost münasibəti bəsləyən icmaların üzvləri iştirak ediblər.

Xalq artistləri Faiq Sücəddinov və Əlixan Səmədovun, Əməkdar artistlər Şölə Səfərəliyeva, Kamran Kərimov və Elnur Mikayılovun, “Simurq” Muğam Ansamblının, eləcə də tanınmış muğam ifaçısı, xanəndə Mirələm Mirələmovun Azərbaycanın zəngin milli musiqi irsini, muğam sənətinin incəliklərini və mədəni dəyərlərini əks etdirən ifaları ilə tamaşaçılara unudulmaz musiqi anları bəxş olunub. Çexiyada yaşayan soydaşımız, 2020-ci ildə “İlin Adamı” seçilən skripka ifaçısı Canel Nəcəflinin səsləndirdiyi musiqilər zövq oxşayıb. Qonaqlar həm Azərbaycanın mədəni zənginliyinə, həm də muğam sənətinin nadir bənzərsizliyinə heyran qalıblar, bu musiqi təntənəsi isə tədbir iştirakçıları üçün uzun müddət yadda qalacaq bir mədəniyyət ziyafətinə çevrilib.

Konsertin sonunda qonaqlar yüksək təşkilatçılığa, zəngin musiqi proqramına və yaradılan səmimi ab-havaya görə təşkilatçılara minnətdarlıqlarını bildiriblər. Bu cür tədbirlərin xalqlar arasında dostluğun, qarşılıqlı anlaşmanın və həmrəyliyin gücləndirilməsi baxımından xüsusi əhəmiyyət daşıdığını vurğulayıblar.

 

“Ədəbiyyat və incəsənət”

(03.06.2026)

 

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) M.Ş.Vazeh adına Mərkəzi Kitabxanasında “Kitablar səltənətinin inciləri” adlı mütaliə silsiləsi uğurla davam edir.

 

Konsepsiyanın hədəflərinə uyğun olaraq, oxucularımızın mütaliə dünyasını zənginləşdirmək üçün kitabxanamızda həm klassik ədəbiyyatımızın ölməz incilərini, həm də müasir yazıçılarımızın ən yeni və maraqlı əsərlərini tövsiyə edirik.

 

Oxuculara yazıçı, ictimai xadim, ədəbiyyatşünas, filoloq, ilk tarixi romanlar yazan qadın-alim Əzizə Cəfərzadənin 105 illiyi ərəfəsində “Cəlaliyyə” romanından “Dilək günü” fəslindən bir parça təqdim olunur.

 Əzizə Cəfərzadə Azərbaycan tarixini bədii dildə tərənnüm edərək  “Natəvan haqqında hekayələr”, “Aləmdə səsim var mənim”, “Vətənə qayıt”, “Yad et məni”, “Bakı 1501”, “Bəla”, “Sabir”, “Eldən-elə”, “Bir səsin faciəsi”, “Zərrintac-Tahirə”, “Eşq sultanı” və bir çox gözəl romanlar yazmışdır.

Azərbaycan ədəbiyyatında özünəməxsus yeri olan yazıçı Əzizə Cəfərzadə eyni zamanda universitet müəllimi kimi fəaliyyət göstərib.

 “Cəlaliyyə” əsərində XIII əsrin əvvəllərində Naxçıvan hakimi Məlikə Cəlaliyyənin həyatı fonunda dövrün keşməkeşli hadisələri qələmə alınmışdır. Burada Atabəylər dövlətinin ikinci hökmdarı Atabəy Məhəmməd Cahan Pəhləvanın qızı Cəlaliyyənin Vətəni, torpağı uğrunda etdiyi mücadilələrdən, real tarixi şəxsiyyətlərdən söhbət açılır.

“Dilək günü” Xalq yazıçısı Əzizə Cəfərzadənin yaradıcılığında “Cəlaliyyə” tarixi povestinin ən önəmli və təsirli fəsillərindən biridir. Yazıçı bu bölümdə yaratdığı bədii lövhə ilə yaddaşlarda elə dərin iz buraxmışdır ki, oxucular çox vaxt bu mövzunu bütöv bir əsər və ya “Dilək günü” adı ilə xatırlayırlar.

Bütün Naxçıvan əhli bilir ki, hər həftənin cümə günü Məlikə Cəlaliyyənin qəbul – yəni “Dilək günü”dür. Hər kəs Naxçıvan qalasının darvazasına gələrək öz dərdini, diləyini Məlikəyə çatdırır. Cəlaliyyə heç kəsi naümid və əliboş qaytarmır. Aydoğmuş adlı gənc sərkərdə izdihama qarışıb bu “Dilək günü”ndə onun hüzuruna gəlir. Öz diləyini deyə bilirmi? Yazıçı Şahzadə İldırım əsərdən maraqlı parça səsləndirərək aşağıdakı keçiddə izləyicilərə təqdim edir:

https://www.youtube.com/watch?v=ubfMYIOtZhA

 

“Ədəbiyyat və incəsənət”

(03.06.2026)

 

 

Çərşənbə, 03 İyun 2026 10:41

Cəlilabadda milli-ədəbi layihə

("Turan ellərinin söz çələngi" layihəsinin yekunu və eyniadlı ədəbi məcmuənin təqdimat mərasimindən reportaj)

 

 

Nigar Həsənzadə,

“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi

 

30 may tarixində “Həməşəra” müstəqil, elmi, tarixi, mədəni və ictimai rüblük mətbu orqanı və Cəlilabad Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) birgə təşkilatçılığı ilə Cəlilabad şəhər MKS-nin inzibati binasında fəlsəfə üzrə fəlsəfə doktoru, Azərbaycan Yazıçılar Birliyi, Azərbaycan Jurnalistlər Birliyi və Turan Yazarlar Birliyinin üzvü, yazıçı-publisist İlqar İsmayılzadənin cari ilin son ayları ərzində (24.03.2026-04.05.2026) Cəlilabad ədəbi mühitinin bir qrup şairlərinin iştirakı ilə uğurla həyata keçirdiyi "Turan ellərinin söz çələngi" adlı layihənin yekun mərhələsi olaraq işıq üzü görmüş eyniadlı kitabının (ədəbi məcmuə və ya antalogiyanın) təqdimat mərasimi keçirildi.

 

Vətən və dövlətçilik uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsinin anılması hədəfi ilə 1 dəqiqəlik sükutla başlayan tədbirdə rayonun bir qrup tanınmış ziyalı simaları, ictimaiyyət nümayəndələri, müəllimlər və xüsusilə də Cəlilabad ədəbi mühitinin parlaq simaları iştirak etdilər və yüksək səviyyədə, həm də mənəvi aurada keçirilən tədbir iştirakçıların məmnuniyyəti ilə yadda qaldı.

Tədbirin aparıcısı, eyni halda layihə rəhbəri və kitab müəllifi yazıçı-publisist İlqar İsmayılzadə öz çıxışında ərsəyə gəlmiş kitabla bağlı əhatəli məlumat verərək, indiyədək rayon, bölgə və respublika səviyyəsində milli kimlik, türkçülük, Turan məfkurəsi və turançılıqla bağlı belə bir ədəbi məcmuənin qeydə alınmadığı, "Turan ellərinin söz çəlləngi" layihəsi çərçivəsində ərsəyə gəlmiş eyniadlı kitabın uyğun mövzuda ilkə atılmış bir imza olduğunu tədbir iştirakçılarının diqqətinə çatdırdı.

O, hər bir vətəndaşın və xüsusilə də söz və qələm əhlinin öz milli kimliyinə sadiq qalmasını bir vazkeçilməz zərurət adlandıraraq, milli kimliyin tarix, mədəniyyət, dil və milli-mənəvi dəyərlər anlamında olduğu və qanunvericilik baxımından milli kimliyin qorunması və yaşadılmasına icazə verildiyini, yalnız ifrat millətçilik və milli-irqi ayrıseçkiliyin qanunvericilik baxımından yasaqlandığını bildirdi.

İ.İsmayılzadə söhbətinin davamında indiyədək həmin layihə çərçivəsində Cəlilabad ədəbi mühitindən 24 şairin təsbit edildiyi və onların milli kimliklə bağlı bir-birindən gözəl və dərinmənalı şeirlərinin "Turan ellərinin söz çələngi" adlı ədəbi məcmuədə nəşr olunduğunu vurğuladı.

Tədbirdə iştirak edən Cəlilabad ədəbi mühitinin tanınmış nümayəndələrindən:

1. Ustad Zülfi Vellidağ (Cəlilabad Rayon Ağsaqqallar Şurasının İdarə Heyətinin üzvü, TYB-nin üzvü, "Həməşəra" və "Nizami Gəncəvi" Fəxri Diplomları laureatı, ədəbiyyatşünas, yazıçı-şair);

2. Solmaz xanım Məmmədova (keçmiş SSRİ Jurnalistlər Birliyinin üzvü, "Qönçə" Yaradıcı Qadınlar Birliyinin sədri, "Həməşəra" və "Nizami Gəncəvi" Fəxri Diplomları laureatı, veteran jurnalist, yazıçı-publisist, şair);

3. Gülşən xanım Şahmuradlı (TYB-nin üzvü, "Qızıl Qələm" Media Mükafatı, "Həməşəra" Fəxri Diplomu və TYB-nin Ödülü laureatı, şair);

4. Turan Xalq şairi Şəhla xanım Rəvan (Cəlilabad rayon Göytəpə şəhər şəhid Vasif Hüseynov adına 2 saylı orta məktəbin direktoru, eyni halda Cəlilabad ədəbi mühitinin görkəmli xanım nümayəndəsi, Turan Yazarlar Birliyinin üzvü, "Həməşəra" və "Nizami Gəncəvi" Fəxri Diplomları, "Ziyadar" Mükafatı və "Ustad Niftalı Göyçəli" Ödülü laureatı, Turan Xalq şairi, ədəbiyyatşünas, ədəbi təhlilçi və tənqidçi, şair);

5. Seylan xanım Abbas (TYB-nin üzvü, "Həməşəra" Fəxri Diplomu laureatı, şair);

6. Mikayıl İnçəçaylı (TYB-nin üzvü, "Həməşəra" Fəxri Diplomu laureatı, bədii qiraətçi, şair);

7. Elnur Qoca Türk (TYB-nin üzvü, veteran pedaqoq, tədqiqatçı, riyaziyyatçı, "Muğan Tarixçilər Birliyi"nin üzvü, şair);

8. Xəlil Fərəməzoğlu (pedaqoq, "Həməşəra" Fəxri Diplomu laureatı, yazıçı-publisist);

9. Adıgözəl Nuriyev ("Həməşəra" Fəxri Diplomu laureatı, veteran pedaqoq, bədii qiraətçi);

10. Sakit Üçtəpəli (TYB-nin üzvü, "Həməşəra" Fəxri Diplomu laureatı, şəhid qardaşı, yazıçı-şair);

11. Cəlil Ələsgərov (biologiya elmləri namizədi, fizioloq, "Həməşəra" Fəxri Diplomu laureatı, TYB-nin üzvü, şair-publisist);

12. Müşahidə xanım Nərimanova ("Həməşəra" Fəxri Diplomu laureatı, kitabxanaşünas, bədii qiraətçi, şair);

13. Gülcahan xanım Xürrəm ("Həməşəra" Fəxri Diplomu laureatı, qəzəlxan-şair);

14. Qurban Əhməd (I Qarabağ Savaşının iştirakçısı, qazi, "Həməşəra" Fəxri Diplomu laureatı, Azad Yazarlar Birliyi, TYB və AJB-nin üzvü, yazıçı-publisist, jurnalist və şair);

15. Azər Mirzə (TYB-nin üzvü, "Həməşəra" Fəxri Diplomu və TYB-nin Ödülü laureatı, şair);

16. Hicran xanım Əhmədli (TYB-nin üzvü, "Sarı Aşıq" Sazlı-Sözlü Borçalı Ədəbi Məclisinin üzvü, "Qızıl Qələm" və "Zəfər" Media Mükafatları, TYB-nin Ödülü" və "Həməşəra" Fəxri Diplomu laureatı, bədii qiraətçi, yazıçı-şair);

17. Sevinc xanım Şirvanlı (TYB-nin üzvü, "Həməşəra" və "Nizami Gəncəvi" Fəxri Diplomları, "Ziyadar" Mükafatı və TYB-nin Ödülü laureatı, şair);

18. Arzu xanım Əyyarqızı (AYB, AJB və TYB-nin üzvü, "Həməşəra" Ədəbi Məclisinin yaradıcısı və rəhbəri, "Zərif kölgələr" ədəbi portalının İdarə Heyətinin üzvü, "Həməşəra" və "Nizami Gəncəvi" Fəxri Diplomları və "Ziyadar" Mükafatı laureatı, şair-publisist);

19. Atlaz xanım Rzayi (TYB-nin üzvü, "Həməşəra" Fəxri Diplomu, "Ziyadar" Mükafatı və TYB-nin Ödülü laureatı, bədii qiraətçi, yazıçı-şair)...

Həmçinin, rayonun tanınmış ziyalılarından, təhsil, mədəniyyət və incəsənət adamlarından olan:

20. Hacı Paşa Rüstəmov (Əmək zərbəçisi və Əmək veteranı, "Həməşəra" və "Dədə Qorqud" Fəxri Diplomları laureatı);

21. Dadaş Bayramov ("Həməşəra" Fəxri Diplomu laureatı, veteran pedaqoq);

22. Azər Əsgər (Musavat Partiyasının Cəlilalab Rayon Təşkilatının sədri, "Həməşəra" Fəxri Diplomu laureatı, tarix müəllimi, veteran pedaqoq, qazi atası);

23. Xatirə xanım Quliyeva ("Həməşəra" Fəxri Diplomu laureatı, ədəbiyyatşünas, veteran pedaqoq);

24. Akif Mədədli (Muğam ifaçısı, "Həməşəra" Fəxri Diplomu laureatı);

25. Qənimət xanım İsrafilova (Cəlilabad MKS-nin direktoru, "Həməşəra" Fəxri Diplomu laureatı, kitabxanaşünas);

26. Elçin Cəlil oğlu Ələsgərov (Antiterror əməliyyatının iştirakçısı);

27. Aydan Mənsimli və s. öz çıxışlarında yazıçı-publisist İlqar İsmayılzadənin təşəbbüsü və rəhbərliyi ilə həyata keçirilmiş "Turan ellərinin söz çələngi" adlı layihəni yüksək dəyərləndirdilər, layihə rəhbəri və kitab müəllifinə uğurlar arzuladılar.

Tədbir iştirakçıları eyni halda yazıçı-publisist İlqar İsmayılzadənin doğum günü və 50 illik yubileyi münasibətilə ona səmimi təbriklərini çatdırıb hədiyyələr təqdim etdilər.

Tədbirin davamında bu yaxınlarda TYB tərəfindən "Turan Xalq şairi" fəxri adına layiq görülmüş Şəhla xanım Rəvana TYB-nin xüsusi bildiriş lövhəsi, həmçinin, "Həməşəra" mətbu orqanı tərəfindən rayonun bir qrup tanınmış simalarına "Həməşəra" Fəxri Diplomu, Turan Yazarlar Birliyinin Ödülü və TYB-nə yenicə üzv qəbul edilmiş bir neçə nəfərə üzvülük vəsiqəsi, xüsusilə də layihədə iştirak etmiş şəxslərə yenicə təsis edilmiş "Turan Ödülü" və kitab hədiyyələri təqdim edildi. Tədbir xatirə şəkillərinin çəkilişi ilə yekunlaşdı.

 

“Ədəbiyyat və incəsənət”

(03.06.2026)

 

Çərşənbə, 03 İyun 2026 16:37

Kimdir Nəriman Əbdülrəhmanlı?

Elman Eldaroğlu,

“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi

 

Bu dəfə sizə yazıçı Nəriman Əbdülrəhmanlıdan söhbət açmaq istəyirəm, kimə maraqlıdırsa dinləyə bilər. Doğrudur, onun haqqında çox deyilib, çox yazılıb, amma düşünürəm ki, bu söhbət onun ad gününə hədiyyəm olacaq. Axı bu gün onun ad günüdür.

 

O, 1958-ci ildə qonşu Gürcüstanın Qaraçöp mahalının Düzəyrəm kəndində dünyaya gəlib. 1975-ci ildə Düzəyrəm kənd orta məktəbini bitirdikdən sonra Bakıya üz tutub. Bakı Dövlət Universitetində ali təhsilə yiyələnib. Üç il sonra Moskvada Ümumittifaq Kinematoqrafiya İnstitutunun nəzdində kinossenari kursunda təhsil alıb. İndiyədək "Daşkəsən", "Sovet Gürcüstanı" qəzetlərində, "Kino" qəzeti və "Yeni filmlər" jurnalı redaksiyasında, C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasının "Yaddaş" sənədli filmlər studiyasında, Dövlət Ədəbiyyat və İncəsənət Arxivində, Müdafıə Nazirliyinin kino-telestudiyasında, "Hərbi bilik" jurnalında, "Lider" televiziyasında, "Ulduz" jurnalında, AYB Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzində, "Qanun", "Adiloğlu" nəşriyyatlarında müxtəlif vəzifələrdə işləyib, BSU-nun yaradıcılıq fakültəsində nəsr kursunu aparıb. 2014-cü ildən ildən isə Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Dövlət Tərcümə Mərkəzində çalışıb. Ta ki mərkəz bağlananacan.

“Mənə görə, ədəbiyyat nə tərbiyəçidi, nə də məsələ qaldırıb problem həll eləyən. Ədəbiyyat insanın yaşantılarını, duyğularını, görüşlərini SÖZlə ifadə eləmək sənətidi. Əsl ədəbiyyat, həqiqətdə, gözəl avantüradı, insanı həyəcanlandırmaq, sarsıtmaq, necə deyərlər, yerindən oynatmaq, havalandırmaq cəhdidi. Əlbəttə, ədəbi əsərlərin insanın zənginləşməsinə təsirini də inkar eləmək olmaz. Orxan Pamukun romanlarından biri təxminən belə başlayır: “Bir kitab oxudum və bütün həyatım dəyişdi”. Danmaq olmaz ki, insanın həyatını dəyişdirən əsərlər də var. Xüsusilə elektron rabitə vasitələri olmayan, kitabın daha çox oxunduğu vaxtlarda belə təsirlər hiss edilən idi...”- söyləyir.

İlk publisistik yazıları, hekayələri ötən əsrin 80-ci illərindən çap olunan Nəriman Əbdülrəhmanlı 90-cı illərdən povestləri, 2000-ci illərdən isə romanları ilə tanınır. O, həmçinin kinopublisistika və kino tarixi ilə ciddi məşğul olub, 4 cildlik "Azərbaycan kino sənəti tarixi" monoqrafiyasını yazmaqla yanaşı, qələmə aldığı ssenarilər üzrə bədii və sənədli kinofilmlər çəkilib...

Artıq söz-söhbətdən, yersiz dedi-qodulardan, məkr və paxıllıqdan uzaq adamdır. Onu mətbuatdan izləsəm də həyatda cəmi iki dəfə görmüşəm. Bir dəfə yazıçı Aslan Quliyevin evində, bir dəfə də mərhum ədəbiyyatşünas Sabir Bəşirovun kitabına həsr olunan tədbirdə. Maraqlı mülahizələri var.

Deyir ki,- “Düşünürəm, cəmiyyət çoxsəsli, çoxrəngli, çoxqatlı orqanizmdi, hər baxan qələm adamı da həmin orqanizmdə öz səsini, öz rəngini, öz qatını axtarır. Rənglərin, eləcə də səslərin arasındakı fərq yazıçının həmin məqamdakı ovqatı, ruhi vəziyyətilə bağlıdı. Yenə Orxan Pamuka müraciət eləyim. Onun yeganə bir hekayəsi var, “Pəncərədən baxmaq” adlanır. Radio, televiziya olmayanda adamlar həyata pəncərədən baxırdılar, onda həyat tamam başqa rəngdə görünürdü. İndi həyata daha çox monitordan baxırlar. Həyatısa insan gözündən başqa aradakı bütün vasitələr deformasiyaya uğradır...”

Xaraktercə sakit, mülayim adamdır. Necə deyərlər, dindirməsən danışmaz. Zahirən sakit görünsə də daxilən qaynar, dinamikdir. Güclü mütaliəsi var, bu onun davranışında, nitqində, eləcə də dünya görüşündə öz əksini tapıb. Haradan sual verirsən ver, dərhal cavablandıra bilir. Yaradıcı adam kimi şox tələbkardır, öz üzərində daim işləməyi xoşlayır...

“Sözün düzü, mən özünü modernist ya postmodernist adlandıran qələm sahiblərinə başqa cür baxıram. Məndən ötrü gözəl bədii mətn yazmaqdan başqa heç bir cərəyan- filan mövcud deyil. Normal cümlə qura bilməyən, hisslərini bədii səviyyədə ifadə eləməyi bacarmayan adamın özünü nəsə adlandırması ancaq təəssüf doğurur. O vaxt özünü postmodernist sayan, üstəlik, səs-küylü mükafat-filan da almış bir gənc yazarın son kitabı əlimə keçmişdi, bircə abzasını oxudum, ona da, hamilərinin köməyilə at oynatdığı ədəbiyyata da yazığım gəldi. Ona görə ədəbiyyatı sevmək də, bilməmək də, iddia ortaya qoymaq da olar, amma son məqamda hər şeyi ƏLAHƏZRƏT MƏTN göstərir.”- söyləyir.

 

Bəli, ədəbiyyatda bütün qaydalarla yanaşı mətn başlıca amildir. Elə bizim özümüz də, sonda kiminsə qələmində mətnə çevrilməyəcəyikmi?..

Nəriman müəllimin 68 yaşı tamam olur. Çox yaşasın!


“Ədəbiyyat və incəsənət”

(03.06.2026)

 

 

Çərşənbə, 03 İyun 2026 11:13

Kafkasevərlər, yaxın oturun!

Könül Əliyeva,

“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi

 

Cəmi bir kitabını oxumuşam – “Çevrilmə”(Metamorfoz). O da ona görə ki, çox nazikdir, 10-15 vərəq ola, ya olmaya.

 

Bizdə təsirə düşmək anlamı geniş yayılıb. Savadları yüksək olan mütaliəsevərlər, tutalım, Kafkanı tərifləyibsə, musiqi azmanları Şopenə tərif vurubsa, mütləq orta statistik kitabsevər və musiqisevər də öz zövqününün ziddinə belə gedərək bu adları sadalayır. Bu yaxınlarda bir xanım sorğuda ən çox sevdiyin yazıçılar bəndinə Elxan Elatlı və Kafka cavabını yazmışdı. Elə bil, sənə sual verirlər ki, hansı havanı xoşlayırsan. Deyirsən, isti və soyuq havanı. Ay başına dönüm, bunlar axı antonimlərdir?

 

Franz Kafka (1883–1924) — 20-ci əsrin ən məşhur və təsirli yazıçılarından biridir. O, Avstriya-Macarıstan imperiyasının tərkibində olan Praqada doğulmuşdur, Çexiyanın paytaxtında və alman dilində yazırdı. Ailəsi mənşəcə orta sinif əşkinazi yəhudisi idi.

Modern ədəbiyyatın əsas simalarından sayılır. Onun əsərlərində absurdluq, qərarsızlıq, yadlaşma və insanın sistem qarşısında gücsüzlüyü kimi mövzular ön plandadır. 

Milena Yesenkaya çex dilində yazdığı bir neçə məktubdan başqa Kafkanın bütün nəşr olunmuş əsərləri alman dilində yazılmışdır. Əsərlərinin çox azı onun sağlığında nəşr olunmuş və az ictimai diqqət almışdır.

Kafka romanlarının heç birini tamamlamamışdır və əsərlərinin 90%-ni yandırmışdır. Əsərlərinin çoxunu Berlində yaşayarkən Diamantın köməyi ilə məhv etmişdir. Yaradıcılığının ilk illərində Heynrix von Kleistdən təsirlənmişdir. Bauerə yazdığı məktubda onun əsərlərini ürküdücü adlandırmış, onu ailəsindən daha yaxın gördüyünü bildirmişdir.

Kafka'nın ən yaxın dostu və ədəbiyyat aləminə tanıdılması üçün ən çox çalışan şəxs Max Brod olmuşdur.

Max Brod onun ölümündən sonra əlyazmalarını yandırmaq əvəzinə çap etdirərək bütün dünya ədəbiyyatına təqdim etdi.

Kafka özü Brod’a vəsiyyət etmişdi ki, bütün yazılarını yandırsın, amma Brod bu istəyə əməl etmədi — və əgər o bunu etməsəydi, Kafka bu gün bəlkə də tanınmazdı.

 

 Ən tanınmış əsərləri bunlardır:

 

1. "Metamorfoz" (Die Verwandlung, 1915)

 

Əsas ideya: Baş qəhrəman Gregor Samsa bir səhər oyandıqda özünü nəhəng bir həşərat olaraq tapır.

Temalar: Yadlaşma, ailə münasibətləri, sosial təcrid.

 

2. "Prosess" (Der Prozess, ölümündən sonra 1925)

 

Əsas ideya: Josef K. adlı bir şəxs günahsız olduğu halda naməlum səbəblə həbs olunur və bürokratik sistemin içində itib-batır.

Temalar: Hüquqsuzluq, absurd ədalət sistemi, varoluşsal narahatlıq.

 

3. "Qəsr" (Das Schloss, 1926)

 

Əsas ideya: K. adlı bir şəxs bir qəsrə çatmağa çalışır, amma sistemli maneələrlə qarşılaşır.

Temalar: Bürokratiya, məna axtarışı, yadlıq.

 

4. "Aclıq sənətçisi" (Ein Hungerkünstler, 1922)

 

Qısa hekayələr toplusudur. Eyni adlı əsas hekayədə aclıq sənəti və tamaşaçı münasibətləri təsvir olunur.

Temalar: Sənət və cəmiyyət, qavrayış və anlaşılmazlıq.

 

Frans Kafkadan danışmışkən, sonda yazıçı Varisin bir xatirəsini qeyd etmək istəyirəm. O, Praqada olarkən Kafkanın ev muzeyinin harada yerləşdiyini yerli çex gənclərindən soruşur. Amma heç kəs Kafkanın kim olduğunu biimir. Təəccüblənmiş yazıçımız onlara söyləyir ki, ay sizin başınıza dönüm, siz özünüzünkünü tanımırsınız, amma bizdə dolmabükən Pakizə arvaddan tutmuş qəbirqazan Mürvət kişiyədək hamı Kafkanı tanıyır axı!

 

“Ədəbiyyat və incəsənət”

(03.06.2026)

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.