Super User

Super User

 “Ədəbiyyat və incəsənət” portalı Benqal şairi Koushik Ahmed Halimin Təranə Turan Rəhimli ilə müsahibəsini təqdim edir.

 

1. Uşaqlığınız necə keçib? O illərdəki ən xoş xatirəniz hansıdır?

 

- Çox xoşbəxt uşaqlığım olub. O qədər  xoşbəxt ki, o illərin hər anını xatırlayanda üzümə təbəssüm qonur, qəlbən rahatlıq tapıram. Bəzən bir xatirənin işığı belə bütöv insan ömrünü isitməyə yetir. Mənim belə xatirələrim çoxdur.  Kiçik yaşlarımdan çox hazırcavab, öyrənməyə həvəsli və bir də hədsiz dərəcədə gözəl geyinməyi, yeni saç düzümlərini və aksüssuarları xoşlayan uşaq olmuşam. 2 yaşımda elə bu xasiyyətimə görə başıma bir hadisə də gəlib. Həmin gün anam mənə yeni aldığı açıq çəhrayı rəngli bir paltar geyindirmişdi, boynuma paltarımla eyni rəngdə mincuq taxmış, saçlarımı darayıb "Gör saçların necə qəşəng  uzanıb?!" demişdi. Güzgüyə baxıb özümü çox bəyəndiyimdən evdə tək-tək hamının qarşısına keçib "mənə bax" deyirdim. Babam, nənəm, anam (atam o saatda evdə yox idi) hamısı mənə çox gözəl olduğumu söylədilər. Birdən yadıma düşdü ki, həyətdə taxtın üstündə oturan Balaxanım nənə də var.  Balaxanım nənənin 125 yaşı vardı, o, babamın bibisi idi, həyatdakı tək qohumu babam olduğu üçün o da bizimlə yaşayırdı. Mən tez qaçıb  pilləkənin sürahisindən yapışıb dabanlarımı yuxarı qaldıraraq aşağıya əyildim, çağırmağa başladım: "Balaxanım, mənə bax". Onun da tərif deməsini gözləyirdim. Balaxanım nənə taxtda oturub gözlərini uzaqlara dikmişdi, qarşısında çay içdiyi boş stəkan, nəlbəki və qəndqabı vardı.  Mən nə qədər çağırsam da o mənə baxmadı, sən demə qulaqları eşitmirmiş. Balaxanım nənə o vaxt mənə baxdı ki, mən ikinci mərtəbədən  yıxılıb onun az öncə çay içdiyi qab-qacağın üstünə düşmüşdüm. Armudu stəkanın şüşəsi qırılıb başıma dolmuşdu.

Bu hadisə ailəmizin yadında  ən bədbəxt gün kimi qalsa da, mən yalnız özümə qarşı o munis sevgini, əhatə olunduğum qayğı və şəfqəti xoş  duyğularla xatırlayıram. Öldüyümü düşünərək qışqırıb fəryad edən, məni qucağına alan nənəmin bir anın içində  al qırmızı qana boyanan mavi çiçəkli ağ paltarı, anamın qorxu, təlaş içində, ağlaya-ağlaya qonşuları  köməyə çağırması, həkim otağı, başıma yerdən batan şüşələrin təmizlənməsi.... bütün bunların heç biri yadımda kədərli bir əhvalatın təəssüratı kimi qalmayıb. Çünki çox sevildiyimi mənə o qədər dərindən hiss etdirmişdilər ki, o anda da yadımda qalan ancaq hamının məni necə əzizləməsi, həyatım üçün narahatlığı, qayğısı idi... Alnımın sağında, gicgahımdakı çapıq izi mənə ölümlə üzləşdiyim kədərli bir günü deyil, sevgi dolu uşaqlığımı xatırladır.

 Həyat yoldaşm isə hərdən zarafatla mənə deyir ki, o vaxt yıxılmasan şair olmazdın.

 

2. Həyatda ən böyük ilham mənbəyiniz kimdir və yaxud nədir?

 

- Ailəm, Vətənim və bəşəriyyət... Mənimçün sevgi sıralaması belədir. İlham mənbəyim isə onlara duyduğum sevgidir. Yəqin bu məşhur aforizmi eşitmisiniz: Ailəsini sevməyən insan Vətənini, Vətənini sevməyən bəşəriyyəti, bəşəriyyəti sevməyən heç birini sevə bilməz.  Əgər diqqət etsək bütün bu sevgilərin kökündə bütövlükdə İNSANa olan sevgini görərik. Və bu sevginin içində hər bir çalar, hər bir  rəng var. Ağaca, yarpağa, dənizə, dağa, bir sözlə, Allahın yaratdığı hər şeyə, insanın əmək verdiyi hər şeyə... sevgi.

 

3. Ömrünüzdə  hansı anını həyatınızı dəyişdirdiyini düşünürsünüz?

 

- Mən o qədər də həyatı dəyişdirmək  həvəsində olmamışam.  Allahın mənə verdiklərinə qane olan və hər şeydə xoşbəxtlik görən bir insanam.  18 yaşımdan sonra ömrüm öz haqqımı  tələb etmək, əvvəl tələbə, sonra akademik karyeram üçün hüquqlarım uğrunda,  məsləyim  yolunda mübarizələrdə keçdiyindən heç də rahat həyatım olmayıb.  Lakin buna baxmayaraq  aldığım tərbiyə, oxuduqlarım, öyrəndiklərim məni həyata daha müdrik baxmağa vadar edib. Mübarizələrlə əldə etdiyim hər şeyin dəyərini bilirəm və  özümü xoşbəxt hiss edirəm. Həyatımı nəyin dəyişdirdiyini düşünməli olsam, yəqin ki, buna cavab tapa bilmərəm. Ancaq ömrümə böyük təsiri olan bir  tarixi xatırlamaq  yerinə düşər.  2016-cı il,  20 fevral, İtaliya, Taranto, Aldo Moro Universiteti...  (20 fevral həm də mənim doğum günümdür) Həmin gün beynəlxalq ədəbiyyat festivalının qala gecəsi idi. O gün mənim bütün dünyada dəyərli dostlar qazanmağıma səbəb oldu. Sanki  həmin gün bütün dünyaya açılan DOSTLUQ qapısının açarı idi.

 

4. Yaradıcılıq  səyahətləriniz necə başladı?

 

- Bunu xatırlamağa çalışsam...  ilk məktəb illərində ölkəmin fərqli şəhərlərinə səfərlərim yadıma düşür. Mən tez-tez müxtəlif ədəbiyyat müsabiqələrinə qatılırdım. Bədii qiraətim çox yaxşı idi, ona görə də bəzən bədii qiraət müsabiqələrinə, bəzən də şeir, məqalə yarışlarına qatılırdım. Çox vaxt qalib olurdum, 2-ci, 3-cü yeri qazanırdım. Bu isə məni 1-ci yer qazanmaq üçün yeni müsabiqələrə qatılmağa vadar edirdi. Azərbaycanın bir çox şəhərlərini o müsabiqələr sayəsində görmüşdüm. Sonralar həm öz ölkəmdə, həm də müxtəlif ölkələrdə çox sayda müsabiqələr, beynəlxalq festivallar,  simpoziumlar, çeşodli  elmi, ədəbi tədbirlərin iştirakçısı, 1-ci yer qalibi oldum.  Bunlardan ən yaxın tarixə aid olanı isə İtaliyada hər il keçirilən Mugello Beynəlxalq Poeziya  Müsabuqəsində 2025-ci ilin  1-ci yer qalibi seçilməyimdir.  İlk dəfə ölkəmdən kənara yaradıcılıq səfərim 2000-ci ilərin başlanğıcında Türkiyə ilə başladı. Türkiyədə nüfuzlu Beynəlxalq bir təşkilatın - Kıbrıs Balkanlar Avrasiya Türk Ədəbiyyatları Qurumunun Beynəlxalq Ədəbiyyat Festivalının iştirakçısı oldum. Ondan sonra beynəlxalq tədbirlərə dəvətlərin sayı hər il çoxalaraq artdı.

 

5. Həyatınızda ən çətin maneə hansı olub? Onları necə aşdınız?

 

- Mən həyatda maneələrin olmasına normal baxan bir insanam. Rahat heç nə yoxdur. Əgər yaşayırsansa, deməli, getdiyin yol hər zaman hamar  olmayacaq. Ancaq bu prosesin özü də təbii axarıyla getməlidir. Həyatın təbii şəkildə qarşıma çıxardığı maneələrlə mübarizə aparmaqdan heç vaxt yorulmamışam. Ancaq insanların süni şəkildə özündən qondardığı, məcburən yaratdığı, kindən, paxıllıqdan qaynaqlanan saxta maneələr məndə ikrah hissi doğurub.  Belə maneələrə qarşı mübarizə aparnaqdan yorulduğum, hətta iyrəndiyim (ifadəyə görə üzr istəyirəm) vaxtlar olub. O maneələrin hansılar olduğunu söyləmək həmin insanları ifşa etməkdir, ona görə söyləməməyi tərcih edirəm. Amma necə mübarizə apardığımı söyləyəcəyəm. Həmişə təmkinli və prinsipial oldum, mənə maneə törədənlər nə qəfər israr etdisə, mən öz məqsədimə çatmaqda onlardan daha çox israr etdim. Və mən haqlı olduğumdan daha güclü oldum və  qalib gəldim.

 

6. Əldə etdiklərinizə nail olmağın arxasında hansı şüar dayanıb?

 

- Həyatda tək şüarım var:  Heç nə mənim iradəmdən güclü deyil!

 

7. Ən çox sevdiyiniz vərdiş və ya hobbiniz, gündəlik işiniz hansıdır?

 

- Ən çox sevdiyim  vərdiş dekorativ tətbiqi sənətlə məşğul olmaqdır. Boş vaxtlarımda sənətin bu növünə can atıram və artıq bir sərgilik əsərlərim var.  Bir də çoxlu  gündəlik işlərimin içində ən sevimlisi mətbəximlə bağlıdır. Mənə görə mətbəx də yaradıcılıqdır. Dünya mətbəxindən yeni yeməklər bişirməyi xoşlayıram,  hər gün yeni  nəsə edirəm. Və bişirdiyim hər yeməyin dadın ailəm, qonaqlarım  bəyənəndə,  xüsusi diqqət və sevgiylə hazırladığım dekorları  hamı evində görmək istədiyini deyəndə bu məni çox xoşbəxt edir.

 

8. Həyatda hələ də yerinə yetirilməmiş arzularınız varmı?

 

- Əlbəttə, var. Arzular  - yaşamaq istəyidir, məqsədlərin çıxış nöqtəsidir. Ailəmlə bağlı, karyeram, elmi və bədii yaradıcılığımla bağlı arzularım çoxdur. Onların gerçəkləşməsi üçün çaba həsr etmək, əmək vermək həyatın mənasıdır. Arzular sabahlara yol almağa stinul verir. Ən böyük arzum isə SÖZün zirvəsinə çatmaqdır.

 

9. Əgər zamanı geri qaytara bilsəydiniz, nəyi dəyişərdiniz?

 

- Əslində imkansız olan şeylər haqqında heç vaxt düşünməmişəm. Amma indi  bu sual mənə çox cazibəli göründü. Nəyi dəyişdirərdim? Yəqin ki, ilk olaraq  öyrənmək baxımından bu gün boşluqlar hiss etdiyim sahələri doldurmağa çalışardım. Məsələn, ən azı beş dil öyrənərdim, professional şəkildə üzgüçülük və şahmatla məşğul olardım. Amma mənim gəncliyimdə bu mümkün deyildi. Çünki gənclik illərim ölkəmin çox çətin illərinə təsadüf edirdi. Sovet İmperiyası dağılmışdı. Milli müstəqilliyini əldə edən ölkəmdə siyasi və iqtisadi çətinliklər  hökm sürürdü. Bir yandan bitmək bilməyən Qarabağ müharibəsi, torpaq, insan itkisi, bir  yandan hər gün sürətlənən pul infilyasiyası... Azərbaycanda  bir ictimai quruluşdan digərinə (sosializmdən kapitalizmə)  keçid hadisəsi çətinliklərin içindən keçirdi. O çətinlikləri bizim gənclik çox dərindən hiss etdi. Və bu proses başa çatanda mənim də gəncliyim keçib getmişdi. Ona görə də gəncliyimdə oxumaqdan və problemlərdən başqa heç nə yadıma düşmür. "İtirilmiş nəslin" nümayəndəsi olduğum üçün yəqin ki, bütöv halda gənclik illərini geri qaytarardım.

 

10. Yeni nəslə hansı mesajı vermək istərdiniz?

 

- Daha çox öyrənməyə çalışsınlar. Bilməklə xoşbəxt olmaq arasında gözə görünməz tellər var. Bilgilərimiz xoşbəxtliyin, rahatlığın açarıdır. Vaxtında harada daha çox lazım olduqlarını və ruhlarının rahat olduğu yeri tapsınlar. İnsanın ruhu rahat olanda həyatı daha keyfiyyətli, beyni daha məhsuldar olur. Təbiətə daim yaxın olsunlar, çünki  insan təbiətdən uzaqlaşanda saxtalaşır və bir daha  özü ola  bilmir.

 

11. Mənimçün maraqlı cavablar oldu, oxucuların da belə düşünəcəyini zənn edirəm. Çox təşəkkür edirəm və qlobal ədəbi mühitdə yetərincə tanınan imzanızın daim mötəbər uğurlar siyahısnda olmasını arzulayıram.  Əlavə etmək istədiyiniz nəsə varmı?  Ənənəvi olaraq Və...

 

-  Və... suallarınız çox maraqlı və düşündürücü idi. Fikirlərimi bölüşmək imkanı yaratdığınız üçün çox sağ olun.

                                                 Banqladeş, 2025.

 

“Ədəbiyyat və incəsənət”

(22.08.2025)

 

Rəqsanə Babayeva, rejissor, yazıçı, “Ədəbiyyat və İncəsənət” üçün

 

Bir vaxtlar hər tamaşası ilə cəmiyyətə yön verən, düşüncələrə sirayət edən, yeni ideyalar doğuran Azərbaycan teatrı bu gün hansı məqamda dayanıb?

Səhnədə yenidən canlanan klassik obrazlar, eksperimental rejissor yanaşmaları, texnologiyanın tamaşalara inteqrasiyası – bunlar teatrın dirçəlişinəmi işarədir, yoxsa sadəcə illüziya? Sual cavabdan daha çoxdur, cavablar isə düşüncə tələb edir.

 

Teatr sadəcə səhnə deyil, bir məktəbdir

Azərbaycan teatrı təkcə aktyor oyunundan və pyesin mətnindən ibarət olmayıb heç vaxt. Bu səhnə həm maarifləndirib, həm düşündürüb, həm də əxlaqi, mənəvi dəyərləri qorumağın vacibliyini təlqin edib. Cəfər Cabbarlı, Hüseyn Cavid, Sabit Rəhman kimi sənətkarlar teatr vasitəsilə xalqın ruhuna toxunmağı bacarıblar.

Amma bu gün tamaşaçı zalı ya dolmur, ya da dolsa belə, səhnədə gördükləri ilə kifayətlənmədən çıxıb gedir. Niyə? Bəlkə də səbəb səhnədə artıq tərbiyənin deyil, təlqin olunmuş “sərbəstliyin” hökm sürməsindədir.

 

Modern teatr: azadlıqmı, yoxsa boşluq?

Bugünkü teatrda müşahidə etdiyimiz bir çox tamaşa “müasirlik” adı altında forma oyunları ilə məzmunu gölgədə qoyur. Qaranlıq səhnələr, anlaşılmaz metaforalar, məqsədsiz çılpaqlıqlar, ssenarisiz eksperimentlər – bunlar teatrı yeniləməkdirmi, yoxsa tamaşaçını səhnədən uzaqlaşdırmaq?

Mədəniyyət dəyişə bilər, amma sənət öz əsas funksiyasını – insanın ruhuna toxunmaq qabiliyyətini itirməməlidir. Əgər tamaşaçı səhnədən çıxdıqdan sonra onun içində heç nə oyanmırsa, demək ki, bu artıq teatr deyil, sadəcə dekorasiyalı sükutdur.

 

Klassiklər səhnəyə qayıdır – amma necə?

Son dövrlərdə klassik əsərlərin yenidən səhnələşdirilməsi sevindirici haldır. “Aydın”, “1905-ci ildə”, “Od gəlini”, “İblis” kimi pyeslər yenidən tamaşaya qoyulur. Amma bir sual da var:

Bu əsərlər ruhuna sadiq qalaraq təqdim olunur, yoxsa sadəcə ad olaraq səhnəyə gətirilir?

Rejissorların bir çoxu klassikləri "müasirləşdirmək" adı altında mətnin ruhunu dağıdır, dövrün ictimai-siyasi kontekstindən uzaqlaşdırır. Halbuki bu əsərlərin gücü məhz o dövrün insanı ilə bu günün tamaşaçısı arasında körpü yaratmaqdır.

 

Yeni nəsil rejissorlar: ümid, yoxsa risk?

Əlbəttə, teatr yaşamalıdırsa, gənc rejissorlar səhnəyə çıxmalıdır. Bu, qaçılmazdır. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetindən və digər sənət məktəblərindən çıxan gənclər bir-bir yeni ideyalarla, təcrübələrlə çıxış edirlər. Amma bu ideyaların içində milli kod varmı? Bu sual bəzən cavabsız qalır.

Təəssüf ki, bəzi gənc sənətçilər teatrı öz şəxsi dünyagörüşlərini nümayiş etdirmək üçün platformaya çevirir və tamaşaçı bu mövqeyə hər zaman hazır olmur. Teatr – yalnız fərdi ideyaların yox, xalqın mənəvi tarazlığının ifadə məkanı olmalıdır.

 

Tamaşaçı haradadır?

Teatrın dirçəlməsi yalnız səhnə ilə olmur. Tamaşaçı da bu prosesin mühüm hissəsidir. Son illərdə müəyyən tədbirlərlə – festivallar, güzəştli biletlər, bölgələrə səfər tamaşaları ilə teatrın cəmiyyətə yaxınlaşdırılması müşahidə edilir. Amma tamaşaçının teatra gəlməsi ilə deyil, oradan dolu qayıtması ilə teatr yaşayar.

Valideynin övladına, müəllimin şagirdinə, jurnalistin oxucusuna, rejissorun tamaşaçısına verə biləcəyi ən gözəl töhfə – mənəvi dəyər yüklü sözdür. O söz səhnədə yaşamalıdır.

 

Teatrın sabahı nədən asılıdır?

Teatr bu gün ya ruhlanacaq, ya da yavaş-yavaş rəsmi tədbirə dönəcək. Sabahın teatrı bu gün atılan addımlardan formalaşır.

 

Əgər ədəbi dəyər qorunacaqsa…

Əgər rejissor tamaşaçını təhqir etməyəcək, onu düşündürəcək fikirlər səhnələşdirəcəksə…

Əgər sənətkar sırf maliyyə yox, mənəvi motivasiya ilə iş görəcəksə…

onda teatr yenidən xalqın aynası olacaq.

 

 

Səhnə yenidən müqəddəs ola bilərmi?

Bəli, olar. Amma bu, sadəcə texniki yenilənmə ilə mümkün deyil. Əxlaqi, estetik və mənəvi yenilənmə ilə mümkündür.

Səhnə müqəddəsdir – çünki orada bir insan başqa bir insana toxunur, sözlə, baxışla, jestlə.

O toxunuş insanın daxilində susmuş vicdanı oyada bilər.

Bunu edən teatr – yaşayar.

 

“Ədəbiyyat və incəsənət”

(22.08.2025)

 

 

 

Cümə, 22 Avqust 2025 11:03

Tamaşaçılar ondan doymadılar

İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”

 

O fərqli imicdə idi. Saçını gödək qırxdırır, kepka qoyurdu. Buimicinə görə uzun müddət televiziylar, konsert salonları ona yasaq qoymuşdu. Amma ifası o qədər gözəl idi ki, qoyduqları yasaqı da tezcə götürəsi olmuşdular.

Heyif ki, çox az yaşadı. Tamaşaçılar ondan doya bilmədilər…

 

Azərbaycan Respublikasının əməkdar artisti Aygün Bəylərdən danışıram. Bu gün onun doğum günüdür. Yaşasaydı, 50 illik yubileyini qeyd edərdi.

Aygün Hümmətova (Bəylər) 22 avqust 1975-ci ildə Bakıda anadan olub. Ailədə 6 uşaq olublar. İlk musiqi təhsilini Səttar Bəhlulzadə adına mədəniyyət sarayının musiqi məktəbində nağara sinfi üzrə alıb. 1988-ci ildə yaradılan Azərbaycan Dövlət Uşaq Filarmoniyası elə həmin ildə istedadlı uşaqların müsabiqə yolu ilə fiarmoniyaya qəbulunu keçirir və 13 yaşlı Aygün filarmoniyaya qəbul edilir. Peşəkar səhnəyə ilk gəlişi də elə bu dövrə təsadüf edib.

Müəllimi Bəylər Quliyevin adını özünə səhnə təxəllüsü götürüb. Filarmoniyanın uşaq musiqi kollektivləri ilə böyük səhnələrdə ilk peşəkar çıxışlar, xarici ölkələrə, müxtəlif şəhər və regionlara qastrol səfərləri bu zamandan başlayıb. 1986-cı ildən Azərbaycan Televiziya və Radiosunun solisti olub. 1987-ci ildə sovet ifaçıları arasında keçirilən müsabiqədə birinci yeri tutub. Azərbaycanı İsveç, Avstriya, Almaniya, Böyük Britaniya, ABŞ və digər dövlətlərdə təmsil edib.

1995-ci ildə Şövkət Ələkbərova adına ilk peşəkar musiqi kollektivini yaradaraq geniş konsert fəaliyyətinə başlayıb. Televiziya, radio, böyük dövlət təbirləri və eləcə də, artıq ardıcıl şəkildə xaricdə Azərbaycan musiqi sənətini təmsil edib. 1998-ci ildə Azərbaycan Dövlət Konservatoriyasının xanəndəlik fakültəsinə daxil olan Aygün Bəylərin sənət taleyində yeni səhifə açılıb. Görkəmli sənətkarlar — Arif Babayev, İslam Rzayev, Ağaxan Abdullayev, Elxan Müzəffərov, eləcə də Alim Qasımovdan muğamın incəliklərini öyrənib.

2002-ci ildə Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin imzası ilə Azərbaycan Respublikasının əməkdar artisti fəxri adına layiq görülüb.

 

2005-ci ildə Özbəkistanın Səmərqənd şəhərində keçirilən beynəlxalq folklor festivalında folk- muğam triosunun müşayiəti ilə çıxış edən Aygün Bəylər Azərbaycan muğam məktəbini uğurla təmsil edərək birincilik mükafatına layiq görülərək festivalın qalibi olub. Bu dövrdən başlayaraq 2005–2010 illər arası Aygün Bəylər dünyanın bir çox ölkələrində keçirilən musiqi festivallarının daimi iştirakçısı kimi solo konsertlərdə çıxışlar edib: Fransa, İspaniya, Mərakeş, ABŞ, İngiltərə, Rusiya, Türkiyə, Yunanıstan, Hollandiya, Almaniya, Cənubi Koreya, İsveç, Danimarka və s.

Uşaqlıq dostu olan Rəsul Vilayətlə nikahda olub. 2009-cu ildə Canan adlı qızı dünyaya gəlib.

2012-ci ildə Aygün Azərbaycan Dövlət Musiqi Akademiyasının yeni açılan simfonik dirijorluq və bəstəkarlıq fakültəsinə daxil olub. 2013-cü ildən etibarən ATV telekanalı ilə müştərək olaraq Aygün "Yenə o bağ olaydı" adlı müəllif proqramıyla efirə çıxıb. 2015-ci ildə solo konsert təşkil etmək lazım olan məbləğə görə evini girov qoyub. Konsert günü Günəşli neft yatağında yanğın hadisəsilə üst-üstə düşdüyünə görə konsert baş tutmayıb, nəticədə Aygün Bəylər həmin məbləği itirib. Özü də tutulduğu xəstəliyi bu hadisə ilə əlaqələndirib. 2022-ci ildə Aygün Bəylərə ölkə başçısı tərəfindən ev hədiyyə olunub.

İstedadlı müğənni 2024-cü ilin 6 yanvarında müalicə aldığı Ankara şəhərində dünyasını dəyişib.

Allah rəhmət eləsin!

 

Filmoqrafiya

Qış nağılı. I film

Qış Nağılı. II film

Bakı bağları. Buzovna

 

“Ədəbiyyat və incəsənət”

(22.08.2025)

 “Ədəbiyyat və incəsənət” portalı gənc yazar Elşad Baratın şəhidlər barədə silsilə şeirlərinin təqdimini davam etdirir.

 

Şəhid Soltan Məmmədov 

Soltan Məmmədov 1981-ci il iyulun 21-də Yevlax rayonunun Səmədabad kəndində anadan olub. 1997-1999-cu illərdə Cəmşid Naxçıvanski adına Hərbi Liseydə təhsil alıb. 1999-2003-cü illərdə isə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində (AAHM) ali hərbi təhsil alıb. Ailəli idi. Üç övladı yadigar qaldı.

 

Soltan Məmmədov 2003-cü ildən Azərbaycan Silahlı Qüvvələrinin sıralarında xidmət edirdi. 2003-2013-cü illərdə Azərbaycan Silahlı Qüvvələrinin Tovuz rayonunda yerləşən "N" saylı hərbi hissəsində əvvəlcə Tağım komandiri, sonra isə MTT üzrə Tabor Komandirinin müavini vəzifələrində xidmət edib.

2013-2019-cu illərdə Azərbaycan Silahlı Qüvvələrinin Naxçıvan şəhərində yerləşən "N" saylı hərbi hissəsində Qərargah rəisi vəzifəsində xidmət edən Soltan Məmmədov, qüsursuz xidmətinə görə mayor rütbəsi alıb. 2019-cu ildən isə Azərbaycan Silahlı Qüvvələrinin Tərtər rayonunda yerləşən "N" saylı hərbi hissəsində Tabor komandiri vəzifəsində xidmət edirdi.

Azərbaycan Ordusunun polkovnik-leytenantı olan Soltan Məmmədov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistanın işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Oktyabrın 10-da Suqovuşan döyüşləri zamanı şəhid olub. Yevlax şəhərinin Şəhidlər xiyabanında dəfn olunub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Soltan Məmmədov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.

Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi zamanı döyüş əməliyyatlarının rəhbəri olan, düşmənin canlı qüvvəsinin məhv edilməsində rəşadət göstərən, vəzifə borcunu ləqayətlə və vicdanla yerinə yetirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Soltan Məmmədov ölümündən sonra "Azərbaycan Bayrağı" ordeni ilə təltif edildi.

Azərbaycanın Suqovuşan qəsəbəsinin işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Soltan Məmmədov ölümündən sonra "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.

Azərbaycanın Laçın rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Soltan Məmmədov ölümündən sonra "Laçının azad olunmasına görə" medalı ilə təltif edildi.

 

Tarixin yaddaşında,

Yolun zəfər yazılıb.

Vətənin hər daşında,

Adın əzbər yazılıb.

 

Yazılıb taleyinə,

Laçını azad etmək.

Şəhid əsgərlərini,

Cənnətdə də yad etmək.

 

Oralarda necədir,

İndi kefin, komandir?

Xoşuna gəlirmi heç,

Cənnət evin, komandir?

 

Şəhid əsgərlərinlə,

Yenə də birlikdəsən,

Yığılıbdır başına,

Yenə qəhrəmanların.

Hamısı fəda dedi,

Bu vətənə canların.

 

Sağ ol, böyük komandir.

Zəfər nişanını tax.

Şəhid əsgərlərinə,

Cənnətdə də yaxşı bax.

 

 “Ədəbiyyat və incəsənət”

(22.08.2025)

 

 

“Milliyet” qəzetinin təşəbbüsü ilə Haldun Tanerin xatirəsinə həsr olunmuş “Haldun Taner Hekayə Mükafatı” müsabiqəsi artıq 36-cı dəfədir ki, mədəniyyət və incəsənət aləminə yeni adlar qazandırmağa davam edir.

 

“Ədəbiyyat və incəsənət” portalına Türkiyədən jurmnalist, şair, yazıçı, ədəbiyyatşünas Kərim Özbəklərin verdiyi məlumata görə, fasiləsiz keçirilən bu müsabiqənin Seçici Komitəsində aşağıdakı şəxslər yer alır:
Demet Taner, Doğan Hızlan, Nursel Duruel, Mehmet Zaman Saçlıoğlu, Metin Celal, Ayşe Sarısayın, Asuman Kafaoğlu-Büke, Prof. Dr. Seval Şahin və Filiz Aygündüz.

Ədəbiyyatda ad qazanmış yazıçılarla yanaşı, bu sahəyə yeni qədəm qoyanların da iştirak edə bildiyi “Haldun Taner Hekayə Mükafatı” bu xüsusiyyəti ilə də diqqət çəkən bir yarışmadır.

Yazıçılar 1 yanvar 2024 – 31 dekabr 2024 tarixləri arasında türkcə dərc olunmuş hekayə kitabları ilə öz imzaları ilə bu müsabiqəyə müraciət edə bilərlər. Bundan əlavə, nəşriyyatlar, universitetlər, incəsənət və təhsil müəssisələri, peşə təşkilatları və qeyri-hökumət təşkilatları da müəllifin imzalı razılığı ilə namizəd göstərə bilərlər.

“Haldun Taner Hekayə Mükafatı”na müraciət etmək istəyən iştirakçılar, kitablarını ən gec 26 sentyabr 2025, cümə günü saat 17:00-a qədər aşağıdakı ünvana çatdırmalıdırlar:
Milliyet Mükafatları – Milliyet Qəzeti, Demirören Medya Center, 100. Yıl Mahallesi, 2264 Sokak, No.1, Bağcılar – İstanbul.

Türkiyə daxilindən müraciət edənlər kitablarını bu tarixdən ən az 3 gün əvvəl, xaricdən müraciət edənlər isə ən az 2 həftə əvvəl poçta verməlidirlər.

Əlavə məlumat almaq istəyənlər “Milliyet Qəzeti”nin rəsmi veb saytına daxil ola bilər və ya aşağıdakı əlaqə vasitələrindən istifadə edə bilərlər:

Nur Başeğmezer
Milliyet Qəzeti
0-212-4496146
Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.

 

“Ədəbiyyat və incəsənət”

(22.08.2025)

 

Ötən gün görkəmli ədəbiyyatşünas alim, Əməkdar elm xadimi, akademik  Bəkir Nəbiyevin 95 illik yubileyi tamam oldu. Bu münasibətlə Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasının əməkdaşları tərəfindən akademikin həyat və fəaliyyətinə dair hazırlanan “Akademik Bəkir Nəbiyev, yaxud mütəvaze böyüklük” adlı biblioqrafik icmal və videomaterial virtual rejimdə  istifadəçilərər təqdim edilib.

 

“Ədəbiyyat və incəsənət” portalına kitabxanadan verilən məlumata görə, biblioqrafik icmalda Bəkir Nəbiyevin xatirəsinin əbədiləşdirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamının, akademik Nizami Cəfərovun “Akademik Bəkir Nəbiyev, yaxud mütəvaze böyüklük” adlı məqaləsinin və professor, filologiya elmləri doktoru Salidə Şərifovanın “Filoloji düşüncəmizdə Bəkir Nəbiyev mövqeyi”adlı məqalələrin tam mətni yer alır. Kitabxananın rəsmi saytında https://www.ryl.az/funds/biblioqrafik-icmal yerləşdirilən vəsaitdə  akademikın müəllifi olduğu , ön söz yazdığı və redaktə etdiyi, onun haqqında qələmə alınan 40-da çox kitabın biblioqrafik təsviri, qısa annotasiyası, dövrü mətbuat nümunələrinin siyahısı təqdim edilir. İcmalda kitab və məqalələr illər üzrə, daxildə isə əlifba ardıcıllığı ilə yığılıb.   

“Akademik Bəkir Nəbiyev 95” adlı videomaterialda görkəmli alimin həm klassik, həm də müasir ədəbiyyat haqqında müəllifi olduğu fundamental əsərləri, zəngin yaradıcılığı ilə Azərbaycan ədəbiyyatşünaslığına verdiyi böyük töhfələr haqqında məlumat verilir, ədəbi prosesə, klassik ədəbi irsə, tənqidə, poeziyada sənətkarlıq məsələlərinin tədqiqinə dair 50-dən çox kitab, 900-dən çox məqalə və resenziyanın müəllifi olması bildirilir. Materialda Bəkir Nəbiyevin pedaqoji fəaliyyətinə də geniş yer verilir, onun doktorluq dissertasiyaları üzrə elmi məsləhətçi, namizədlik dissertasiyaları üzrə elmi rəhbər olması, ümumiyyətlə, alimin ədəbiyyatşünaslıq sahəsində Nizami Cəfərov, Teymur Kərimli, Muxtar İmanov, Məhərrəm Qasımlı kimi yüksəkixtisaslı mütəxəssislərin hazırlanmasında xidmətlərinin yüksək olması diqqətə çatdırılır.Kitabxana əməkdaşları tərəfindən hazırlanan materialda Bəkir Nəbiyevnin müxtəlif illərdə elmi fəaliyyətini əks etdirən foto və video görüntüləri də sərgilənir.

“Alim Bəkir Nəbiyev 90” adlı videomaterial kitabxananın rəsmi saytında https://www.ryl.az/multimedia/akademik-bekir-nebiyev-95 yerləşdirilib.

 

“Ədəbiyyat və incəsənət”

(22.08.2025)

 

Nemət Tahir, “Ədəbiyyat və incəsənət” portalının Qarabağ təmsilçisi

 

Qarabağda Vəzirlə - Qarabağ müharibəsi qəhrəmanı və şəhidi Vəzir Orucovla tanış olan rusiyalı məşhur jurnalist Aleksandr Nevzorov onunla bağlı bir xatirəsini danışır:

 

"Heç kəs inciməsin, ancaq, indiyədək tanıdığım ən cəsur insan azərbaycanlı olub. Onun adı Vəzir idi. Görkəminə görə seçilməyən çalsaçlı, sadə adam idi. Mən Sərsəng su anbarı dərəsində ikən orada hərbçilərin təşvişini müşahidə edirdim. Ön cəbhədən çıxarılan avtobusa minməyə çalışırdılar. Mən UAZ-a əyləşən bir nəfər gördüm. Onu işə salmağa başladı və bu UAZ hər kəsin qaçdığı yerə doğru istiqamət götürdü. O yer cəhənnəm kimi idi, 500 insan cəsədi sərilmişdi. Həmin yerdə partlayışlar olur, güclü yanğınlar baş verirdi. Ermənilər ora hücuma keçmişdi. Mən gördüm ki, bu insan ora getməyə hazırlaşır. Mən ona dedim ki, ağlını itirmisən? Hara gedirsən? Cavab verdi ki, orada yaralılar var. Çətin idi... Bir yerdə getdik əlbəttə ki. Orada ermənilər tərəfindən tutulan Pskov desantçıları vardı. Bizi güllələməyə hazırlaşırdılar.

Pskov desantçıları məni tanıdılar və dedilər gəl bizim tərəfə keç. Mən dedim ki, heç bir problem yoxdur. Onlar dedilər ki, bu azərbaycanlı ilə nə edəcəyik? Mən dedim ki, necə yəni nə edəcəyik, buraxın getsin. Onlar mənimlə razılşadılar və zəncirvari şəkildə Vəziri bir-birinə ötürdülər və dedilər ki, indi bu azərbaycanlı qaçacaq, amma siz ona atəş açmayın. Vəzir vurulan UAZ-a yaxınlaşdı. Uzun müddət nəsə axtardı və avtomatını çıxardı. Çevrilib mənim əlimi sıxdı və qaçmadı, sadəcə yeridi. Elə gedirdi ki, Şekspirin heç bir qəhrəmanı elə yeriyə bilməzdi. O kürəyini çevirib, gedirdi və göstərirdi ki, bax budur, hədəfəm, amma mən qaçmayacağam. Oradakı hərbçilər havaya atəş açmağa başladılar, ancaq Vəzir addımlarını sürətləndirmədi".

Vəzirin sonuncu döyüşü Ağdərə rayonunun "Qlobus" yüksəkliyi uğrunda olur. 22 mart 1993-cü ildə başlayan həmin döyüşdə Vəzir mövqeyini dəyişdiyi vaxtda erməni snayperi tərəfindən vurularaq şəhid edilir.

Vəzir Orucov Bakıda Şəhidlər Xiyabanında dəfn edilib. Allah bütün şəhidlərimizə rəhmət eləsin!

 

“Ədəbiyyat və incəsənət”

(22.08.2025)

Aida Eyvazlı, “Ədəbiyyat və incəsənət”

 

Türk Mədəniyyəti və İrsi Fondu Türk dünyasının qədim tarixə malik mədəniyyətini yaşatmaq, zəngin tarixə malik bu qiymətli irsi gələcəyə ötürmək, ona qayğı ilə yanaşmaq və qorumaq missiyasını bu gün çox böyük uğurla həyata keçirir.

 

Azərbaycan Prezidentinin təşəbbüsü, Qazaxıstan, Qırğızıstan və Türkiyə Dövlət başçılarının dəstəyi ilə yaradılan, sonradan Özbəkistanla sıralarını genişləndirən, Macarıstan və Türkmənistan ilə bir qədər də genişlənəcəyi gözlənilən bu təşkilat türk xalqlarının milli və mənəvi dəyərlərinin təbliği sahəsində bir çox dəyərli layihələrə imza atır: kitablar nəşr edilir, görkəmli tədqiqatçı alimlərin iştirakı ilə sərgilər, konfranslar təşkil olunur. Türk dünyasının maddi mədəniyyət abidələrinin bərpası sahəsində işlər aparılır.

Bütün bu görülən işlərin video yaddaşını yaşatmaq, eləcə də türk mədəniyyəti və irsi barədə sənədli filmlər ərsəyə gətirmək üçün isə TurkDiscovery adlı YouTube kanalı fəaliyyət göstərir ki, bu kanal da bu gün dünyada ən çox izlənilən və baxılan internet layihələrindən biri olmaqdadır.

Bu genişmiqyaslı layihə türk xalqlarının mədəniyyətinin və tarixinin geniş sərhədlərdə dünyaya çatdırılması üçün bir aynadır.

Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti, TurkDiscovery layihəsinə həyat verən xanım Aktotı Raimkulova qeyd edir ki, türk dünyası daxilində tarixi, mədəni və mənəvi əlaqələri gücləndirmək üçün TurkDiscovery YouTube kanalı vasitəsilə media və mədəni təbliğat işlərini bundan sonra da yorulmadan davam etdirəcəklər. Macarıstanda türk mədəni irsinin rəqəmsallaşdırılmasına və rəqəmsal sənəd arxivinin yaradılmasına da təşəbbüs göstəriləcək.

Fondun fəaliyyəti mədəni təşəbbüslərlə məhdudlaşmır; Bu fəaliyyət həmçinin elmi tədqiqatlar, təhsil layihələri, tarixi abidələrin bərpası və rəqəmsal texnologiyalar vasitəsilə türk mədəni irsinin qlobal şəkildə təbliğini əhatə edir. Növbəti illərdə Fond bir neçə strateji layihələr həyata keçirməyi planlaşdırır.

Bütün bu layihələrin  vizul görüntüsünü görmək üçün isə mütləq  TurkDiscovery YouTube kanalını izləmək gərəkdir. Bu TV layihəsində siz tariximizin Özbəkistanda, Qırğızıstanda, Qazaxıstanda, Azərbaycanda, Türkiyədə və dünyanın  müxtəlif  ölkələrində mövcud olan türk yurdlarındakı mədəni irsdən, tarixi hadisələrdən, gizli qalmış tarix qatlarından xəbərdar olacaqsınız.

TurkDiscovery-nin son proqramlarına diqqət edək, bir-birindən rəngarəng, bir-birindən maraqlı:

“Türklərin baş kitabı – Divani lüəğtül türk”;

“Bütün türklərin sevimli bayramı Novruz” ;

“Özbəkistan qədim Avropa xəritələrində”;

“Türkiyə qədim Avropa xəritələrində”;

“Skiflər, saklar, türklər – Tarix, faktlar və feyklər”;

“Türkmənistan qədim Avropa xəritələrində”;

“Azərbaycan dövləti qədim Avropa xəritələrində”;

“Böyük səhrada görüş – köçəri oyunları”;

“Qazaxıstan dövləti qədim Avropa xəritələrində”;

“Qırğızıstan qədim Avropa xəritələrində”;

Ümumilikdə, kanal indiyədək 93 proqram yayınlayıbdır.

Oxucularımızın diqqətinə çatdırırıq ki, kanalı bu linkdən izləmək mümkündür:

https://www.youtube.com/@TurkDiscovery

 

Türk Mədəniyyəti və İrsi Fondu eyni zamanda  YUNESKO-nun Dünya Mədəni İrs Siyahısına daxil edilmiş və ya türk dövlətlərinin milli irsinə aid olan mədəni və tarixi  irs obyektlərinin, eləcə də qeyri-maddi mədəni irs elementlərinin çoxdilli kataloqunu da  hazırlayır.

Bu kataloq “TurkHeritage” rəqəmsal platformasının əsasını təşkil edir.

 

“Ədəbiyyat və incəsənət”

(22.08.2025)

İlqar İsmayılzadə,

fəlsəfə üzrə fəlsəfə doktoru, AJB və AYB-nin üzvü, "Ədəbiyyat və incəsənət"  portalının Cənub təmsilçisi

 

“Ədəbiyyat və incəsənət” portalı oxucularına "Qələm tutan incə əllər" layihəsində  Cəlilabad ədəbi mühitinin xanım yazarlarını təqdim edir. Həmin layihə çərçivəsində təqdim edəcəyim növbəti söz və qələm əhli Cəlilabad ədəbi mühitinin tanınmış nümayəndəsi, Azərbaycan Yazıçılar Birliyinin üzvü, yazıçı-şair Arzu xanım Əyyarqızıdır.

 

Qısa təqdimat:

Arzu Əyyarqızı Mayılova (Arzu Əyyarqızı): 1990-cı ilin noyabr ayının 20-də Cəlilabad rayonunun qədim tarixə malik olan Şatırlı kəndində dünyaya göz açıb. 1997-ci ildə doğulduğu kənddə Araz Qardaşxanov adına tam orta məktəbdə ibtidai təhsilə başlamış, 2008-ci ildə həmin məktəbi uğurla bitirərək məzun olmuşdur.

Orta məktəbi bitirdikdən sonra Cəlilabad Tibb Kollecinə daxil olaraq burada həkimlik üzrə orta ixtisas təhsili almış və diplomunu almışdır. Bir müddət Cəlilabad Müalicə Diaqnostika Mərkəzində baş tibb bacısı kimi çalışmış, ailə həyatı qurduqdan sonra bu vəzifəsindən öz ərizəsi ilə çıxmışdır. Lakin buna rəğmən hal-hazırda yaşadığı məkanda tibb bacısı kimi fəaliyyət göstərərək insanlara xidmət edir.

Anası və dayıları ədəbiyyat sahəsində olduğuna görə, bəlkə də genetik olaraq onun özü də bu sahənin vurğunu olmuşdur. Belə ki, hələ uşaq yaşlarından etibarən ədəbiyyat sahəsinə maraq göstərmiş, III sinifdə oxuyarkən isə ilk şeirini qələmə almışdır.

Hal-hazırda rayonumuzun şeir və poeziya sahəsində yazıb-yaradan gənc xanım şairlərindən biridir. Əsərləri mütəmadi olaraq dövrü mətbuatda dərc edilir. Ölkə hüdudlarından kənarda, Təbrizdə və Tehranda da onun qələmə ilə yazılmış şeirləri müxtəlif qəzet, dərgi və dərgilərdə işıq üzü görür. Müxtəlif antologiya və almanaxlarda da Arzu Əyyarqızının imzasını görmək mümkündür. Onun qələmə aldığı şeirlərin mövzu dairəsi genişdir. Bir neçə musiqi sözlərinin müəllifidir.

"Mirvarid Dilbazi Poeziya Məclisi İctimai Birliyi"nin üzvü və Cəlilabad rayonu üzrə rəsmi təmsilçisi, eyni halda ölkənin nüfuzlu bədii-ədəbi saytlarından olan "Zərif kölgələr" saytının idarə heyətinin üzvüdür.

Məlumat üçün bunu da, qeyd etmək lazımdır ki, öz milli-mənəvi dəyərlərinə sıx bağlı olan, eyni halda Azərbaycan xanımlarının baş milli baş geyimi olan kəlağayının ölkə səviyyəsində təbliğ olunmasında xüsusi rolu olan xanım şairin indiyədək bədii ədəbiyyat sahəsində 3 kitabı işıq üzü görmüşdür. Onlar aşağıdakılardan ibarətdir:

1. "Qəlbimin səsi" (2011);

2. "Açılsa dünyanın bəsirət gözü" (2023);

3. ''Ən müqəddəs pay kəlağay" (2024).

"Mirvarid Dilbazi Poeziya Məclisi İctimai Birliyi"nin sədri, şəxsi “Kəlağayı Muzeyi”nin direktoru, AYB və AAB-nin üzvü Güllü Eldar Tomarlı onun bu il işıq üzü görmüş son əsərinə yazdığı təqdimatda belə yazır: "Uğurlu söz adamını söz yaşadır və yaşadacaq. Arzu xanım da buna əmindi. Çünki sözün xidmətində vicdanla dayanıb. Nə olsun ki, zamanın ən ağır şələsi - söz və fikir yükü belindədi, yorulmur, usanmır, qələminə müraciəti qəlbinin hökmüdür: "haqsızlığın kəs bağrını, ədalətin hakimi ol, yaz, qələmim, yaz doğrunu, Vicdanıma salma ləkə, təriflərə etmə meyil, Haqqı qoru, Haqqa əyil!". Arzu Əyyarqızının söz, fikr, düşüncə dünyasının leytmotivi budur! Mən hər şeirə poeziya demirəm. Arzu xanımın "Ruhum içir göz yaşımı" şeiri ilahi dərdin poeziyasıdır!"

2025-ci ildə Cəlilabad ədəbi mühitinin xanım yazarları barədə ilk dəfə olaraq yazılıb işıq üzü görmüş "Qələm tutan incə əllər" kitabında onun həyat yolu və poeziya nümunələrindən danışılmış, Cəlilabad ədəbi mühitini layiqincə təmsil etdiyinə görə, "Həməşəra" Fəxri Diplomuna layiq görülmüşdür. Həmçinin, bu ilin iyun ayında Azərbaycan Yazıçılar Birliyinin üzvülüyünə qəbul edilmişdir.

Arzu xanım həm də son zamanlar fəaliyyətə başlamış "Həməşəra Poeziya Məclisi"nin yaradıcısı və rəhbəridir. Ailəlidir, üç övladı var.

 

Bədii ədəbiyyat nümunələri:

Arzu Əyyarqızının qələmi ilə yazılmış şeirlərdən bir neçəsi ilə tanış olaq:

 

"İtirmişik"

 

Zaman gedir, ölüm yaxın biz gəlmirik özümüzə,

Elə şirin görünür ki, dünya bizim gözümüzə,

Bizdən geri qalan nədir, heç baxmırıq izimizə,

Özümüzü itirmişik!

 

Haqq-ədalət itib-batıb, insanların arasında,

İnsan özü dayanıbdır şeytanların sırasında,

Nəfsimiz də yuva salıb gözümüzün qarasında,

Gözümüzü itirmişik!

 

Öz donumuz yarım, yamaq, özgəsinə bürünürük,

Maska geyib üzümüzə başqa cürə görünürük,

Azdıq ömrün yollarında o dünyaya sürünürük,

İzimizi itirmişik! Özümüzü itirmişik!

 

 

"Sən demə eşq bu imiş"

 

Əllərim boş cibimdə,

Yenə ürəyim dolu.

Fikirlərdən yüküm var,

Bağlıdır arzu yolu.

 

Gözlərim də dikilib,

Dənizin gözlərinə.

Səma başını qoyub,

Dənizin dizlərinə.

 

Dəniz səmaya vurğun,

Mən dənizin özünə.

Dalğalar qəzəb ilə,

Düşür ləpə izinə.

 

Buludlar da vurğundur,

Ağappaq ləpələrə.

Qovuşmaqçün köç edir,

Dağlara, təpələrə.

 

Sən işə bax, ilahi,

Sən demə eşq bu imiş.

Alovun da vurğunu,

Söndürəni, su imiş.

 

Son olaraq doğma elimizin tanınmış şairi Arzu xanıma uzun, sağlam, mənalı-məsud ömür, yaradıcılıq sahəsində yeni-yeni nailiyyətlər arzulayıram!

 

“Ədəbiyyat və incəsənət”

(22.08.2025)

Cümə, 22 Avqust 2025 08:05

Turqut Uyarın anım gününə

İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”

 

Türk poeziyası mövzusuna baş vursan, saatlarca danışmalı olarsan. Həm klassik, həm çağdaş şairlər arasında ən müxtəlif ideologiyalara, mənsəblərə xidmət edənlər, ən müxtəlif cərəyanlara baş vuran, ən müxtəlif tematik mövzuları əhatə edənlər sıralanıblar. Bu gün onlardan biri barədə danışacağam – Türkiyədə anım günü qeyd edilən Turqut Uyar barədə.

 

Turqut Uyar, 4 Avqust 1927-ci ildə Fatma Xanım və Hayri Bəyin altı uşağının beşincisi olaraq Ankarada anadan olub. Atası orduda xəritə mayoru kimi xidmət edib və gecələr boyu Ankaranın ilk Latın əlifbasında yazılmış küçə nişanlarında işləyən xəttat olub. Atasının vəzifəsi səbəbindən, müxtəlif şəhərlərdə ibtidai təhsil alarkən maddi səbəblərdən orta təhsilini hərbi məktəbində davam etdirməli olub.

 Uyar, 1948-ci ildə "Arz-ı Hal" şeiri ilə Kaynak jurnalı tərəfindən başladılan şeir yarışmasına qatılıb və yarışmada ikinci olub. Türkiyem adlı ikinci şeir kitabını 1952-ci ildə bazara çıxarıb. Dünyanın Ən Gözəl Ərəbistanı, dil, mövzu, görüntü, ifadə, forma / mahiyyət əlaqələri baxımından böyük bir dəyişikliyi özündə əks etdirən Uyarın ilk ikinci yeni kitabı 1959-cu ildə nəşr olunub.  İlk dəfə 1981-ci ildə Toplu şeirlər adlanan əsərlərini nəşr etdirib. 1984-cü ildə ikinci dəfə Büyük Saat adı ilə Toplu şeirləri nəşr edilib.

 

Kitabları

Şeirləri

1. Arz-ı Hal

2. Türkiyem

3. Dünyanın En Güzel Arabistanı

4. Her Pazartesi

5. Kayayı Delen İncir

 

Toplu şeirləri

Toplu Şiirler

Büyük Saat

İncələmə

Bir Şiirden

 

Mükafatları

1. Türk Dil Dərnəyinin Tərcümə Mükafatı, Kainatın Quruluşunun Lucretius'dan tərcüməsi ilə (Tomris Uyar ilə)

2. Behçet Necatigil Kayayı Delen İncir ilə Şiir Mükafatı

3. Sedat Simavi Fondu Ədəbiyyat Mükafatı, Büyük saatla

 

Şair 22 avqust 1985-ci ildə vəfat edib.

Allah rəhmət eləsin!

 

“Ədəbiyyat və incəsənət”

(22.08.2025)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.