Kübra Quliyeva, “Ədəbiyyat və incəsənət”
Özümü bildim biləli bir cübbənin ağırlığını hiss etmək istəmişdim çiyinlərimdə. Qapqara, qürurlu, ədalətli bir varlığın simvolu olan o geyimi... Vəkil olmaq — nə sadə səslənirdi, amma mənim üçün nə qədər əlçatmazmış. İçimdə balaca bir Kübra vardı, məktəb dəhlizlərində səssiz addımlayan, başını qaldırmağa çəkinən. Onun səsi yox idi — o, yalnız xəyal edirdi.
Amma ətrafdakılar elə qışqırırdı ki, o balaca qızın səsi bir dəfə də çıxmadı. “Sənin hüquq oxumağa başın çatmaz”, dedilər. “Bu ölkədə hüquq nəyə yarayır ki?” dedilər. “Ancaq məhkəmələrdə təpik döyəcəksən”, deyib güldülər. Mən isə susdum. O vaxtlar sükut bir qalxan idi mənim üçün — qorxuya, utanmağa, tənqidə qarşı.
Zaman keçdi. Qorxaq Kübra yerini başqa birisinə verdi. İndi mən susmuram. İndi mən haqsızlığın olduğu yerdə dayanıb baxmıram, danışmağa başlayıram. Sözlərim bəzən kəskin olur, bəzən titrək, amma heç vaxt boğulmur. Anam deyir ki, “dilin dinc durmur.” Haqlıdır. Bu dil artıq qorxudan yox, ədalət eşqindən danışır. Bəlkə vəkil olmadım, amma içimdəki ədalət hissi o qədər böyüdü ki, cübbə geyinmədən də haqq tərəfini seçməyi öyrəndim.
Bu yaxınlarda bir film izlədim — bir vəkilin həyatı. Ekranda başqasının yaşadığı mənim xəyalım idi. Filmin sonunda gözlərim yaşla doldu. Anam yanımda idi, soruşdu: “Nə oldu?” Sadəcə bir cümlə dedim: “Siz mənim xəyallarımı aldınız.” O an içimdə illərlə susan səs, ilk dəfə danışdı. Çox gec idi bəlkə, amma artıq onun susmağa niyyəti yox idi.
Bu gün mən magistr təhsili alıram. İşim var. Öz ayaqlarım üzərində dayanmışam. Bəzən yorulsam da, sevinirəm. Gecikmiş xəyallarımı içimdə daşısam da, onları yarımçıq buraxmıram. Mən artıq o qorxaq qız deyiləm. Mən haqsızlıq qarşısında susmayan, insanlara sığınacaq ola bilən, içi sözlərlə dolu bir qadınam.
Bəzən həyat bizə istəmədiyimiz yolları seçdirir. Amma hər addımda, hər döngədə içimizdə gizlənmiş o kiçik arzu, o uşaq səsi bizimlə yol yoldaşı olur. Mən vəkil olmadım, amma bəlkə də həyat məni başqa bir məhkəməyə hazırlayırdı — həyatın məhkəməsinə. İnsanlara münasibətdə, özümə münasibətdə, ədalətə münasibətdə hər gün bir mühakimə, hər gün bir qərar var.
Mən indi başqa cür müdafiə edirəm — haqsız yerə danlanmış uşaqları, özünü ifadə edə bilməyən qadınları, səhv etdiyi üçün üzr istəyə bilməyən kişiləri... Susanları, boğulanları, utananları, əzilənləri. Çünki bilirəm necə hissdir — kənarda dayanıb səsin batdığı, gözlərin dolduğu, kimsənin görmədiyi bir səssizlikdə yaşamaq.
O xəyallar bir zamanlar qırılmışdı. Amma indi o xəyallardan mənə işıq düşür. Mən indi onları özüm üçün deyil, başqalarının yolu işıqlansın deyə yaşadıram. Mənim cübbəm yoxdur, amma mən ədalətin tərəfiyəm. Səsimi itirmişdim, indi isə onu başqalarına verə bilirəm.
Bilirəm ki, yolum düz, istəyim saf, niyyətim doğrudursa — gecikmiş heç nə yoxdur. Və hər yeni səhər bir cümlə ilə o xəyala bir addım da yaxınlaşıram:
“Mən keçmişimin sükutunu, gələcəyin səsi ilə dəyişirəm.”
“Ədəbiyyat və incəsənət”
(08.05.2025)