“Ədəbiyyat və incəsənət” portalının Yeni imzalar rubrikasında bu gün sizlərə Nahidə İsmayılın 3 essesi təqdim ediləcək.
SEVGİ TEOREMİ
Uşaq vaxtı xəyal qururdum ki, kaş, insanlar bir-birlərini nə qədər sevdiklərini görə bilsəydilər. Qarşıdakı insanın qəlbindəki sevginin nə qədər dərin olduğunu görə bilsəydilər. Onda nə kimsə “bacım məni sevmir”, “anam məni sevmir”, “axı niyə o məni sevmir” deyə ağlamazdı. Heç kəs üzülməz, heç kəs qırılmaz, heç kəs boşanmaz, heç kəs ayrılmazdı. Mənə görə əsas problem insanların bir-birlərini sevməməsi deyil, o sevginin qarşıdakına görünməməsi idi.
Böyüdükcə daha fərqli düşünməyə başladım. Deyəsən, insanın sevgisini göstərməyə də ehtiyacı vardı. Sevginin sübut edilmədiyi həyat çox sıxıcı olardı. Uşaq vaxtı düşündüyüm kimi insan qarşı tərəfin sevgisini görsəydi, “səni sevirəm” cümləsi dəyərsiz olacaqdı. Kiməsə gül almağa, qucaqlamağa ehtiyac yoxdur, çünki zatən içindəkiləri görür. Və o gül onun üçün heç nə sübut etmir.
Sonralar bir şeyi dəqiq başa düşdüm. İnsanın qarşı tərəfdəki sevgini ona göstərəcək gözə deyil, öz sevgisini başqasına göstərəcək gözə ehtiyacı var. Sevgisini bəlli edəcək dilə, üzə ehtiyacı var. İnsanın hər gün sevgisini sübut etməyə ehtiyacı var. Hər gün qucaqlamağa, hər gün o gözəl sözləri deməyə ehtiyacı var. Bir Yunan müdrikin dediyi kimi, sevgi elə bir teoremdir ki, onun hər gün sübut olunmağa ehtiyacı var.
ONLAR NİYƏ DAHA XOŞBƏXTDİRLƏR?
(“Balaca şəhzadə” haqqında qeydlər)
Uşaqlar niyə daha xoşbəxtdilər? Daha doğrusu elə görünürlər. Sadə cavabımız var: Məsuliyyətləri çox-çox azdı. Yəni sadəcə məsuliyyət insanın xoşbəxtliyi əlindən alır? Həqiqətən xoşbəxtlik səbəbləri bu qədər sadə ola bilməz axı. Axı onlar necə daha xoşbəxtdirlər? Necə daha çox və içdən gülə bilirlər? Necə bir oyuncaq, ya da şirniyyatla xoşbəxt ola bilirlər? Bəlkə əsas səbəbləri olduqları yerdə xoşbəxt olmağı bacarmaqlarıdı?
“Olduğu yer heç kəsin xoşuna gəlmir.” Mən bu cümləni inkar edəcək insan axtardım. Tapa bilmədim. Burada yer dedikdə yəni sadəcə fiziki yeri deyil, bizdə var olan hər şey, içində olduğumuz həyat nəzərdə tutulur. Davamlı nəsə xəyal qurur, nəsə axtarırıq. Pisdirmi xəyal qurmaq? Pisdirmi axtarmaq? Xeyr, pis deyil. Sadəcə bəzən o xəyallar beynimizin mərkəzində oturur və olduğumuz yerdə yaşaya biləcəyimiz xoşbəxliyi əlimizdən alır. Çünki o bir xəyaldır. Ona görə o xəyalın içində yaşamağa başlayırıq. O fikir, o xəyal, o düşüncə ehtimal ki, ya geçmişdi ya da gələcək. Amma qətiyyən indi deyil.
Uşaqlarla fərqimiz elə burda başlayır. Onlar çox vaxt indidə olurlar və o “indi” də xoşbəxtliyi tapırlar. Zatən çox da düşünəcək keçmişləri yoxdu. Gələcək dərdləri də sadəcə “anam, atam ölməsin, ayrılmayaq”dır. Qalan vaxt indidədirlər. Ya biz?
Ən çox nə vaxt xoşbəxt oluruq? Məncə, insan ən böyük xoşbəxtliyi indidə yaşayır. Kimlə olsa da, harada olsa da “an” sadəcə insanın qəlbini gülümsədir. Bəlkə də, o “an” bir zaman dönmək istəyəcəyimiz keçmişimiz, ya da bir zamanlar xəyalı qurduğumuz, ya bəlkə də qorxduğumuz gələcəyimizdi...
HARDASAN, EY VƏFA?!
O, axtarırdı. Hər insanda, hər üzdə onu axtarırdı. İllərdi axtarırdı. Yox olmuşdu sanki. Görəsən insanlar ondan bezmişdi? Tapacaqdı. Çünki özü onu çox sevirdi. O, vəfa axtarırdı... Qeyb olmuş vəfalıları axtarırdı. Ya da orada durmuş, amma görünməyən vəfalıları.
Ən çox özündə tapdı vəfanı. Hər şeyə vəfalıydı. Nə idi vəfa? Bəlkə də, heç özü də bilmirdi. Çox gözəl bir duyğu idi. Amma tam olaraq nə idi? Bir insana onun üstünə keçən haqqını ödəməyə çalışmaqdımı? Yox, haqq ödəndikdə məsələ bitərdi. Amma vəfa əbədi hiss idi, bitə bilməzdi. Lüğətdə mənası “sözünün üstündə durma” yazılırdı. Axı vəfa verilən bir sözdə deyildi, axı vəfalı olmağa kimsə söz verə bilməzdi. O qəlbdən gəlməli idi.
Bəlkə vəfa qiymət vermək idi? Həm mənfi bir duyğu deyil, həm də yükümlülük vermirdi. Çünki insan qiymətini bildiklərinə vəfa göstərir. Ya da vəfa göstərdikləri qiymətli olur. Bəlkə, vəfa bir şeyin qiyməti idi? Bir əşyaya nə qədər vəfa göstərirsənsə o qədər dəyərli olurdu?
Bəlkə, bir insana nə qədər vəfalı insan varsa, o, bir o qədər qiymətli insandır?
“Ədəbiyyat və incəsənət”
(08.05.2025)