“Ədəbiyyat və incəsənət” portalı və “Ulduz” jurnalının birlikdə həyata keçirdikləri “Biri ikisində” layihəsində bu gün sizlərə Tural Cəfərlinin
şeirləri təqdim edilir.
Layihə ən yaxşı ədəbi nümunələrin təbliğinə hesablanıbdır.
Xoş mütaliələr.
TURAL CƏFƏRLİ
ELƏ Kİ DARIXDIN
Elə ki darıxdın, heç kimə demə,
Bir az xəyal götür, özünlə danış.
Yığıb bir araya xatirələri,
Sahildə oturub dənizlə danış.
Danış, ürəyini boşalt beləcə,
Ləpələr dərdini yuyub-aparsın.
İçində sızlayan yaralarını
Külək yarpaq kimi bir-bir qoparsın.
Uzaqdan əl edib özün-özünə,
Hamını bir axşam bağışla getsin.
Gözündən asılan yorğun baxışlar,
Son dəfə islanıb yağışla getsin.
MƏN DƏ
Gördüm ki, ağlayan yoxdur halıma,
Başladım halıma gülməyə mən də.
Əbədi deyiləm, arxayın olun,
Dünyaya gəlmişəm ölməyə mən də.
Heyifim axan göz yaşıma gəlir,
Bəzən təkliyim də xoşuma gəlir.
Ağlıma gəlməyən başıma gəlir,
Adam yox dərdimi bölməyə mən də.
Dünənki qəmimi sabah bildilər,
Susdum, sükutumu bir ah bildilər.
Savab işimi də günah bildilər,
Başladım onları silməyə mən də.
AĞACLA SÖHBƏT
Sarılıb ağaca qucaq açasan,
Vücudun titrəyə tüklərinəcən.
Sevəsən ağacı öz balan kimi,
Hiss edə bunları köklərinəcən.
Quşlar yuva quran budaqlarını
Yağışlar yağanda əyirmi sənin?!
Küləklər tökülən yarpaqlarını
Qovanda xətrinə dəyirmi sənin?!
Sənin də bircə cüt ayağın ola,
Bir axşam qaçasan yerdən, ay ağac.
Çırpıb qanad kimi budaqlarını,
Quş olub uçasan birdən, ay ağac.
YERLƏ GÖY ARASINDA
Mənim ağrılarım cismani deyil,
Bir ucu yerdədir, bir ucu göydə.
Ümidim rəngarəng göyqurşağıdır,
Bir ucu yerdədir, bir ucu göydə.
Kədər gözlərimdə məna qazanır,
Ömür xəzan olub, payızı anır.
Yollarım özümə sarı uzanır,
Bir ucu yerdədir, bir ucu göydə.
Arxamca sürünən günaha baxdım,
Dünənə üz tutub, sabaha baxdım.
Yumub gözlərimi Allaha baxdım,
Bir ucu yerdədir, bir ucu göydə.
YERİN MƏLUM
Düzmüşəm kədəri, qəmi önümə,
Qışa tədarüküm var, yerin məlum.
Hardasa adını çaşıb demişəm,
O gündən olmuşam xar, yerin məlum.
Deyirsən, bu dərdin nədir kamalı?!
Bu dünya başıma dar, yerin məlum.
Sən deyib-gülürsən, nə xoşdur halın,
Mən isə edirəm ar, yerin məlum.
Səsimi dinləmir, eşitmir heç kim,
Yerin də qulağı kar, yerin məlum.
Sən sığal çəkməyən saçlarıma da
Yağır aram-aram qar, yerin məlum.
SƏNSİZLİKDƏYƏM
Yerimi bilirsən, sənsizlikdəyəm,
Dəyişkən buludlu havalardayam.
Ümidim quş olub, uçubdu çoxdan,
Viranə, boş qalan yuvalardayam.
Yerimi bilirsən, sənsizlikdəyəm,
Çox vaxt haqsız olan qınaqlardayam.
İmtahan edirəm səbrimi hər gün,
Yorğunam, çox ağır sınaqlardayam.
Yerimi bilirsən, sənsizlikdəyəm,
Durna köçündəyəm, bir-bir azıram.
Qafiyə tuturam, söz ovlayıram,
Başına gəlməsin, şeir yazıram.
DARIXAR...
Dənizin dalğalı halını görüb,
Gəmilər limanda qalıb darıxar.
Qara buludları qovan küləklər,
Yağışı yadına salıb darıxar.
Gecənin birində ulayan itlər,
Sükutun səsini pozub darıxar.
Yuxusu gəlməyən tənha bir qoca
Hər şeyi xeyrə yozub darıxar.
Payızda köç edən qərib durnalar
Bir qatı dumanda azıb darıxar.
Dərdini kağıza köçürən adam
Allaha bir məktub yazıb darıxar.
TANIYIRAM
Bu şəhərdə küləkləri
Küçə-küçə tanıyıram.
Ağacları kölgəsindən,
Dolayları döngəsindən,
Adamları içlərindən
Keçə-keçə tanıyıram.
Bu şəhərdə yağışları
Çətir-çətir tanıyıram.
Gölməçəni çuxurundan,
Qayaları süxurundan,
Adamları sözlərindən
Sətir-sətir tanıyıram.
Bu şəhərdə yoxuşları
Çıxa-çıxa tanıyıram.
Səkiləri ölçə-ölçə,
Ömür-günü biçə-biçə,
Adamları dişlərimi
Sıxa-sıxa tanıyıram.
DAŞ
Ay mənim yoluma daş düzən adam,
Nə gözəl etmisən, daşına şükür.
Ayağım bərkidi sənin sayəndə,
Düşünən beyninə, başına şükür.
Sənin sağlığına, həmin daşları
Yığıb mən özümə ev düzəltmişəm.
Sonra nağıllarda olduğu kimi,
Səninçün qorxulu div düzəltmişəm.
Ay mənim yoluma daş düzən adam,
Daş saxla, nə vaxtsa satarsan mənə.
Bir gün əlindəki qalan daşları
Günahsız olanda atarsan mənə.
DARIXAN ADAM
Dən səpir quşlara parkda bir adam,
Hava buludludur, bir az da soyuq.
İndi bu şəhərdə darıxır hamı,
Küləklər sərxoşdur, ağaclar ayıq.
Dən səpir quşlara parkda bir adam,
Mübarək üzü var, nəcib halı var.
Elə bil soruşur quşlardan nəsə,
Görəsən, quşlara nə sualı var?!
Dən səpir quşlara parkda bir adam,
Uçur fikirləri göylərə sarı.
Dünyanın ən zəngin adamı odur –
Ovcunda dənidir dövləti-varı.
BİR GÜN
Bir gün bu dünyada yerimi tapsam,
Həmin gün o yerdən qaçaram, yəqin.
Nə vaxtsa yaxamı bəla tutanda,
Ona da bir qucaq açaram, yəqin.
Bəlamı qısqanar başqa qucaqlar,
Bəlama ayrı yer seçərəm, yəqin.
Mən ki bəlaları nemət bilmişəm,
Sirat körpüsündən keçərəm, yəqin.
Əkib ürəyimdə qəmin toxumun,
Quşlara dən bilib, biçərəm, yəqin.
Uşaqlar həmişə gülsünlər deyə,
Yalan da olsa, and içərəm, yəqin.
BÖYÜMƏYƏ TƏLƏSMƏ
Oğlum İsaqla şeir söhbətim
Oğlum, sən böyüdükcə
mən sənin yaşıdın oluram.
Bir gün sinif yoldaşın,
bir gün məhlə uşağın,
bir gün dostun oluram.
Riyaziyyatı sevmədiyini,
futbol oynamadığını,
nədən utandığını hamıdan yaxşı bilirəm.
Həyat adlı oyunda uduzmaqdan qorxma,
Qorxulu olan uduzmaq deyil,
qalib olduğunu bilməməkdir...
İnsanları tanıyanda tələsmə,
Hamı sənin kimi deyil.
Ağacların yarpaqlarına toxun,
Buludları pambıq bilib,
Göy üzünə gülümsə...
Hər küləyə qoşulma,
Hər səmtə əsmə.
Bir də heç vaxt unutma,
Sən böyüdükcə mən sənin yaşıdın oluram,
Böyüməyə tələsmə...
“Ədəbiyyat və incəsənət”
(03.06.2026)


