Nigar Xanəliyeva, “Ədəbiyyat və incəsənət”
Türk Mədəniyyəti və İrsi Fondunun “Ədəbiyyat və incəsənət” portal ilə birgə layihəsində bu gün Türk dünyasının görkəmli şəxsiyyətləri sırasında yer almış Azərbaycanın ümummilli lideri Heydər Əliyev barədə danışacağıq. Heydər Əliyev türk birliyi üçün bir görün nələr etmişdir.
Heydər Əlirza oğlu Əliyev- müasir türk tarixinin gördüyü dahi şəxsiyyət, tarix yazan tarixçi, böyük və köklü bir xalqın Heydər Babası.
Türkün dərin keçmiş tarixi, mədəniyyəti, incəsənəti bu və bunun kimi mövzular daim mənə maraqlı olduğundan dolayı bir sıra araşdırmalar və yazılar yazmışam. Lakin bugünkü yazım mənim üçün ən dəyərlisi və əhəmiyyətlisidir. Çünki mən bu gün ideologiyasını, məqsədlərini, həyat yolunu və prinsiplərini özümə bələdçi bildiyim dahi şəxsiyyət, müasir türk tarixinin şahid olduğu sözün əsl mənasında xalqı üçün ən çətin cihadlarda bütün gücünü sipər edən Ulu Öndər haqqında yazacağam.
Tarix yalnız hadisələrin xronikası deyil, həm də şəxsiyyətlərin yaratdığı mənəvi və siyasi irs üzərində inşa olunan yaddaşdır. Bu yaddaşın sütunlarından ən möhkəmi Azərbaycan xalqının Ümummilli Lideri, Türk dünyasının müdrik siyasətçisi – Heydər Əliyevdir. 10 may 1923-cü ildə anadan olmuş bu dahi şəxsiyyətin 102 illik yubileyi təkcə Azərbaycan xalqı üçün deyil, bütün Türk coğrafiyası üçün milli qürur mənbəyidir.
Heydər Əliyev türk dünyasının vahidlik və həmrəylik konsepsiyasına tarixən ən ardıcıl və praktik yanaşan liderlərdən biri olmuşdur. O, Sovet İttifaqı dövründə belə milli şüur və türk mədəniyyətinin qorunmasına, Azərbaycanın milli kadrlarının formalaşmasına böyük töhfələr vermişdi. SSRİ rəhbərliyində yüksək vəzifələrdə təmsil olunarkən belə, Azərbaycan türklərinin hüquqlarını müdafiə etmiş, türk kimliyinin dövlət səviyyəsində yaşadılmasına çalışmışdı.
1990-cı illərdən başlayaraq isə Heydər Əliyev türk dövlətləri arasında əlaqələrin möhkəmləndirilməsi, mədəni və siyasi əməkdaşlığın dərinləşdirilməsi üçün sistemli addımlar atdı. Onun təşəbbüsü ilə Türk Dövlətləri Zirvələri təşkil olundu, bu proses sonradan Türk Dövlətləri Təşkilatının (TDT) yaranmasına zəmin yaratdı. Heydər Əliyev üçün “bir millət – iki dövlət” ifadəsi təkcə Azərbaycan-Türkiyə münasibətləri üçün deyil, bütövlükdə türk birliyi ideyasının simvoluna çevrildi.
Heydər Əliyevin dövlət idarəçiliyi modeli qədim türk dövlətçilik fəlsəfəsinin müasir davamı idi: güclü dövlət, güclü lider, güclü ordu və güclü xalq birliyi. O, türk dünyasında idarəçilik mədəniyyətinin, milli-mənəvi dəyərlərə əsaslanan inkişaf strategiyasının əsasını qoydu. Onun siyasi kursunda türklüyün əsas ideoloji dayaqları – ana dilinə sevgi, mədəniyyətə bağlılıq, milli şüurun formalaşdırılması və vətənə sədaqət daim prioritet olmuşdur.
Böyük türk filosofu Yusif Xas Hacibin “Qutadqu Bilik” əsərindəki ideal rəhbər obrazı – ədalətli, müdrik, uzaqgörən və xalqa xidmət edən – məhz Heydər Əliyevin real siyasi fəaliyyətində öz təcəssümünü tapmışdır. Onun qərarlarında strateji dərinlik, milli məsuliyyət və tarixi yaddaşa bağlılıq mühüm rol oynayırdı.
Heydər Əliyev nəinki Azərbaycan dövlətçiliyinin, həm də ümumtürk gələcəyinin memarlarından biridir. O, türk xalqları arasında inteqrasiyanın əsaslarını qoydu, bu ideyanı gənc liderlərə əmanət etdi. Bu gün layiqli davamçısı – Cənab Prezident İlham Əliyev tərəfindən bu yol davam etdirilir, türk birliyi daha da konkret və güclü siyasi formatlar qazanır.
Heydər Əliyevin mirası yalnız siyasi və iqtisadi göstəricilərlə deyil, həm də mədəni, ideoloji və mənəvi dəyərlərlə ölçülür. Onun ideyaları müasir türk liderləri üçün nümunədir və türk dünyasının strateji istiqamətlərini müəyyən edir.
İlham Əliyev – Atasının yolunu tarixlə birləşdirən Lider
Heydər Əliyevin qoyduğu möhkəm təməllər üzərində yüksələn Azərbaycan bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə yalnız regional deyil, həm də beynəlxalq miqyasda güclü və nüfuzlu dövlət kimi tanınır. İlham Əliyev atasının siyasi kursunu davam etdirməklə yanaşı, onu müasir reallıqlara uyğun şəkildə inkişaf etdirmiş, Azərbaycanı türk dünyasının strateji liderlərindən birinə çevirmişdir.
44 günlük Vətən müharibəsində əldə olunan Zəfər, yalnız hərbi qələbə deyil, həm də Heydər Əliyevin ideyalarının – güclü dövlət, müstəqil siyasət və milli birlik – praktik təntənəsi idi. İlham Əliyev bu zəfəri “Heydər Əliyev ideyalarının qələbəsi” kimi xarakterizə etmiş və bununla göstərmişdir ki, atanın ruhu, amal və idealları bu gün də Azərbaycanın hər uğurunda yaşayır.
Təsadüfi deyil ki, İlham Əliyev türk dövlətləri arasında birliyi daha da möhkəmləndirən, konkret layihələr və əməkdaşlıq formatları ilə türk dünyasını yeni inkişaf mərhələsinə çıxaran liderlərdən biridir. Onun təşəbbüsü ilə Türk Dövlətləri Təşkilatı daha da möhkəmlənmiş, Zəngəzur dəhlizi kimi layihələr türk coğrafiyasını birləşdirən strateji hədəfə çevrilmişdir.
Heydər Əliyev – dahi türk lideridir. Onun həyat yolu, siyasi fəlsəfəsi və türk birliyinə xidmətləri yalnız Azərbaycan tarixinə deyil, ümumtürk tarixinin parlaq səhifələrinə yazılmışdır. 102 il əvvəl doğulan bu müdrik şəxsiyyətin irsi, onun qoyduğu təməllər üzərində yüksələn türk gələcəyi üçün ilham mənbəyi olaraq qalacaq.
“Ədəbiyyat və incəsənət”
(10.05.2025)