Əkbər Qoşalı, “Ədəbiyyat və incəsənət” portalının redaktoru
(Aşıq Aydın Çobanoğlunun 75 illik yubiley günü sabahdır – yanvarın 18-i.
O, bu həyata gözlərini əbədi yumanda cəmi 42 yaşı vardı…)
Aşıq Aydın Çobanoğlunun poeziyası xalq ruhunun səsi olmaqla yanaşı, aşıq sənətində klassik poetik strukturun qorunması və çağdaşlaş(dırıl)ması baxımından da fərqlənir. Onun qoşmaları, gəraylıları, təcnisləri sözün semantik dərinliyini sazın musiqi ritmi ilə birləşdirir:
“Gözü, könlü tox imişəm,
Çox yad gözə ox imişəm.
Elə bil ki, yox imişəm,
Yalanmışam, Allah, Allah!
Çobanoğlu, təklənmişəm,
El qəminə yüklənmişəm.
“Dilqəmi”nə köklənmişəm,
Çalınmışam, Allah, Allah”!..
Bu misralarda həm daxili intizam, həm də düşüncə poetikası hiss olunur. Burada şairin öz kimliyini qorumaq istəyi ilə ruhsal dirənişi paralel şəkildə təqdim olunur.
Aydın Çobanoğlunun yaradıcılığında vəfa anlayışı insani münasibətlərdəki sədaqəti ifadə etməklə birgə, həm də yaşamın özü ilə bağlı bir tənqid, bir fəlsəfi ritorikadır:
“Bəxtinə yazılıb cəfa, dedilər,
Cobanoğlu sürməz səfa, dedilər.
Ömrün etməyəcək vəfa, dedilər,
Onu həyat özü bilər, dedim mən”…
Bu bənddə poetik kəramət qədər, özünüidrak və insan taleyinin qanunauyğunluğuna qarşı fəlsəfi sual qoyuluşu var. Onun “Ərzi-hal” şeirindəki səmimi etirafları (hətta mənzil-məişət ortamıyla bağlı şeir bağlaması) da bu qəbildəndir və oxucunu düşünməyə vadar edir. Yəni yüksək materiyaya talib olanlar, sənətkarlar da insandır və an olur ki, duyğu-düşüncə belə bir Vaqifanə şəkil alır:
“İndi gileydən, güzardan
Baş alıb qaçmaq vaxtıdır.
Qapıları döyülməmiş
Taybatay açmaq vaxtıdır...
İndi hər səsdən, hər küydən
Sükuta dönmək vaxtıdır.
Millət, dövlət zirvəsindən
İnsana enmək vaxtıdır”...
Yazımızın bu yerində, gəlin Çobanoğlu yaradıcılığında ricət və yaddaşın mədəni rekonstruksiyasına toxunaq.
Onun şeirlərində tez-tez keçmişə qayıdış, elin və ailənin öncəki halına boylanma müşahidə olunur. Bu, sadəcə nostalji deyil, necə deyərlər, ortaq yaddaşın dirçəldilməsi və qorunması aktıdır:
“Bar üçün payıza, qar üçün qışa,
Gül üçün ətirli yaza borcluyam”…
Burada onun poeziyasının “ricət” xarakteri də görsənir – itirilən mədəni və mənəvi dəyərlərə, vəfadarlığa və qədirbilənliyə qayıdış ehtiyacı ilə birgə…
Aydın Çobanoğlu həm də bir ulusal salnaməçiydi - yalnız şair və aşıq deyildi yəni. O, şeirlərində müharibə, şəhidlik, qazilik - ümumən Qarabağ mövzusu və tarixiliklə bağlı epizodları aşıq şeiri fakturasıyla bəlgələşdirən bir aydınıydı.
Aydın Çobanoğlunun bu mövzudakı şeirləri sanki “epik salnamə” örnəyidir. Sazda danışılan tarix burada poetik bəlgəyə çevrilir və ulusun öz dilindən gələcək nəsillərə ötürülür.
Gələcək nəslə ünvanlanan həyati ismarıclara alqış! - lakin biz folklor və aşıq irsi ilə üzvi bağlılıq məqamını vurğulamasaq günah olar.
Kitabda Aşıq Nəcəf və Əkbər Cəfərov kimi sənətkarlarla bağlı yazılar, müəllifin özü haqqında qeydlər folklorun elmi əsaslarla işlənməsinə verdiyi töhfəni göstərir. Bu, Aydın Çobanoğlunu həm də sənətşünas və aşıq ədəbiyyatı metodoloqu səviyyəsinə yüksəldir.
Sənətkarın “Elm və Təhsil”də gün üzü görmüş “Ömrün etməyəcək vəfa dedilər” adlı kitabı fəsil-fəsil zaman və gələcəyə qanad açır.
Zaman və onun poetik yükü Aydın Çobanoğlunun poeziyasında tez-tez rastlanan motivdir. Bu motiv əbədiyyətə boylanma, ömür və zamanın keçiciliyi, sözün qalıcı olması ilə birləşir. - Ömürdən yazanda söz kövrəlirdi… - Belə qənaətlər, müəyyənliklər Aydın Çobanoğlunun bədii-fəlsəfi düşüncəsinin özəti kimi də oxuna bilər. Onun sözləri ömürdən irəliyə – gələcək nəsillərə səslənən çağırış sayılmağı haqq etmirmi?
Aydın Çobanoğlunun poetik irsi – bir aşığa məxsus olmaqla birgə, ulusun mədəni, fəlsəfi və tarixi ricətidir. Onun şeirləri həm bir elin ruhani salnaməsi, həm də zamanın sazla yazılmış fəlsəfi yorumudur. Bu şeirlər bir vaxtlar arzulanmış “mübarək gələcək günlərə” həm boylanır, həm də o gələcəyi yaratmaq üçün ruh verir…
Sənətkarın ruhuna “Ruhani” üstə alqış gəlsin!
“Ədəbiyyat və incəsənət”
(17.01.2026)


