İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”
Meyxanasevərlərin də öz kanonları var. Onlar üçün liderlər, əfsanələr sırasında Ağasəlim Çildağ və Nizami Rəmzi olaraq 2 ad daha çox səslənir.Bu gün Nizami Rəmzi barədə danışacağıq, onun anım günüdür bu gün.
"Nizami Rəmzi reformator kimi meyxananın məzmununu, bədii obrazlarını daha da zənginləşdirib, insanları, cəmiyyəti düşündürən, sosial problemləri əhatə edən mövzularla rövnəqləndirib" – belə deyib Xalq artisti Ağaxan Abdullayev.
Sevilən meyxana ustadı, şair-qəzəlxan, “Meyxana” folklor ansamblının yaradıcısı, ilk musiqili meyxananın təməlçisi Nizami Rəmzi 1947-ci il dekabrın 20-də Bakının Yasamal rayonunun Sovetski məhəlləsindən anadan olub. O, Bakıdakı 176, 158, və 159 saylı məktəblərdə orta təhsil alıb. Atası Rza erkən vəfat etdikindən, o anası Böyükxanıma kömək etmək üçün, təhsilini yarımçıq qoyub.
O, əmək fəaliyyətinə süd maşınında sürücü kimi başlayıb. Sürücü işləməsinə baxmayaraq, o, bəzən axşamlar, boş vaxtlarında, toyda və məclislərdə öz bibisi oğlu və bir ayağı şikəst olan meyxanaçı Ağasəlim ilə meyxana deyib. 1967-ci ildə Ticarət texnikumunu bitirib.
Nizami Rəmzinin yaradıcılığında əsasən Azərbaycan ədəbiyyatı, Bakı, Qarabağ müharibəsi, sevgi və siyasi-ictimai məsələlərə toxunub. Onun yaradıcılığına Əliağa Vahid, Cəfər Cabbarlı, Hüseyn Cavid, Mikayıl Müşfiq və Süleyman Rüstəmin yaradıcılığı təsir edib.
O, 1988-ci ildə "Meyxana" folklor ansamblını yaradıb. 1989-cu ildə ilk dəfə Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında və Heydər Əliyev Sarayında meyxana janrını geniş auditoriya qarşısında nümayiş etdirib.
Nizami Rəmzi meyxananı televiziya ekranlarına çıxaran ilk şəxs olub. O, 1990-cı illərdə televiziyada meyxananı ilk dəfə "Dalğa" verilişində səsləndirib. O, həm də meyxana janrında ilk video klip çəkdirib, ilk dəfə də qadın müğənnilərlə musiqisi və sözləri özünə aid olan duetləri ifa edib
Meyxananın caz ilə sintezini də Nizami Rəmzi Rəşid Behbudov adına Dövlət Mahnı Teatrı ansamblının müşayiəti ilə lentə alıb, Azərbaycanın xalq artisti Bilal Əliyev Nizami Rəmzi ilə birgə "Torpaqdan pay olmaz" adlı caz-meyxana oxuyub və bununla da caz-meyxana janrının təməlini qoyub.
O, 1997-ci ilin yanvarın 19-da məclisə gedərkən dostu və meyxanaçı Kəbir Azəri ilə birgə yol qəzasında həlak olub. Ekspertizaya görə, içkili olan Nizami Rəmzi maşını sürərkən şəhərdən çıxan İkarusla toqquşaraq həlak olub.
Allah rəhmət eləsin!
“Ədəbiyyat və incəsənət”
(19.01.2026)


