Sevinc Qərib, “Ədəbiyyat və incəsənət” üçün
Sözü, poeziyanı səsə çevirmək, səsdə təqdim etmək də bir sənətdir. Adını qiraət qoyduğumuz, sözü vərəqlərdən qoparıb, gözümüzdən qulağımıza köçürən bu sənət həm də poeziyanın təbliğinə xidmət edir. Ayrılıqda fərd olaraq müəlliflərin, ümumilikdə isə poeziyanın.
İncəsənətin bütün sahələrində olduğu kimi bu sənət növünə də qeyri-peşəkarların müdaxiləsi sənətin gözəlliyini kölgələyir. Buna baxmayaraq, az sayda olsa da şeiri şeir kimi duyan, bədii qiraət sənətini ölməyə qoymayan imzalar, səslər var. Söz mənəvi dinclik tapdığımız, kövrək duyğularla örtünən ruhumuza sığal çəkən nəsnədi. O səbəbdən sözə, poeziyaya həmişə ehtiyacımız var. Məqamından, ovqatından asılı olaraq, könlünü ovundurmaq, daxili təlatümünü yatırtmaq, lap elə dincəlmək üçün məhz şeirə üz tutarıq. Həzinlik arayan ruhumuz o an rahatlığını bir səsdə tapar. Bir şeirin səsdəki ecazı işıq çiləyər ruhumuza...
Müsahibim səsi, qiraəti ilə ruhumuza işıq səpən Ayna Məmmədovadır.
Ayna xanım könlünü sözə verib, şeiri, poeziyanı dərindən duyur. Qiraət sənətini yaşatmağa çalışan az sayda qiraətçilərdəndir.
- Xoş gördük, Ayna xanım! Əvvəlcədən deyim ki, şeir duyumunuzu və qiraətinizi çox bəyənirəm. Hardandı sizdə bu qədər şeir, poeziya sevgisi?
- Salam. Əvvəlcə sizə təşəkkür edirəm. Məncə bu həvəs, sevgi birdən birə olmayıb. Gözümüzü açandan hansısa səslər qulağımıza layla kimi gəlir. Bir az başa düşəndən sonra kiminsə səsi, özünü dərk etməyə başlayanda öz zümzümən xoşuna gəlir. Sevgi də Tanrının lütfüdür. Səs isə insanın daxili səsidir. Məncə şeirə sevgi də Tanrıdan gəlir, ərmagan kimi verilir.
- Qiraətinizlə həm müəlliflərin, həm dinləyicilərin könlünü oxşayırsınız. Bu bir növ həm də sevinc bəxş etməkdir. O sevinci özünüz də yaşayırsınızmı?
- Sevinci nə zaman yasayiram - sair qiraəti dinləyir və boğazı düyünlənir, bəzən kövrəlir...Telefonumda coxlu sayda şairlərin kövrələrək minnətdarlıq etdikləri səslər var. Bu səslər daha təbiidir, səmimidir mənim üçün. Onda özüm də təsirlənirəm...
- Səsləndirdiyiniz şeirləri özünüz seçirsiniz, ya müəlliflər müraciət edir?
- Özüm seçdiyim də olur, müraciət edənlər də. Seirdə hansısa söz məni "tutmalıdır". Bəzən sevdiyim bir seiri səsləndirənə qədər "qurban etdiyim seirlər" olur. Həmin şeir isə beynimdə hazırlanır, sonra səsə cevrilir .
-Təəssüflə qeyd edim ki, çoxu qiraətin sənət olduğunu anlamır, ya qəbul etmir. Düşünürlər ki, fonda yanğılı musiqi, bir az kədərli səs qiraət üçün yetərlidir. Sizdə əksini hiss edirəm. Peşəkarlıq duyulur qiraətinizdən. Hansısa məktəb keçmisiniz?
- Hec bir məktəb kecməmişəm. Amma cox qiraətciləri dinləyirəm. Özüm üçün nələrsə götürürəm. Bəzən bir sözün tələffüzü dinləyicidə ikrah da yarada bilər, sevgi də...
Əslində qiraət psixoloji məsələdi. Necə hiss edirəmsə, elə də səsləndirirəm. Məncə ürəkdən, səmimi qiraət sevilən olur.
- Bu bacarığı özünüzdə nə zaman hiss etdiniz və ya ruhunuzu şeir dilində dilləndirməyə nə vaxtdan ehtiyac duydunuz?
- Tələbəlik illərindən az- az səsləndirirdim. Sonra 7 il əvvəl ilk dəfə Baba Vəziroğlunun "Cix qatar yoluna" seirini səsləndirdim. O vaxtdan şeir qatarında gedirəm uzaq yolu. Hələ çatmamışam...
- Məncə qiraətçi ən az şair qədər ruh halında olmalıdır. Siz necə düşünürsüz?
- Bu birmənalı belədir...
- Səsləndirməkdən imtina etdiyiniz şeir və ya şeirlər olubmu və hansı səbəbdən?
-Bəli, olub! Zəif şeirlər olub, yaxud ürəyimə yatmayıb.
- Siz həm də təhsil sahəsində çalışırsınız. Məlumat bölmənizdə iş fəaliyyətinizin bütünlükdə təhsillə bağlı olduğunun şahidi oldum. Sevərək yönəldiyiniz sahədir təhsil?
- Təhsil sevdiyim sahədi. Uşaqlarla işləmək zövq verir. Bu qarmaqarışıq dünyada uşaqlar ən saf, məsum varlıqlardır.
Onlar həm də yaşam stimulu verir. Dünyada gözəl şeylər olmasa, yaşamaq çətin olar.
- Həm müəllim, həm məsul vəzifə daşıyıcısı olaraq çiyninizə böyük yük düşür. İş prosesində və ya işin sonunda müəyyən dərəcədə yorğunluq olması təbiidir. Bu halda poeziya köməyinizə gəlirmi, yorğunluğunuzu qiraətlə çıxara bilirsinizmi?
- Əlbəttə poeziya, qiraət ruhumun dincəldiyi yerdi. Bu mənə enerji verir, stimulyator rolunu oynayır. Poeziya müalicəvi yox, amma sakitləşdirici dərmandı. Poeziya yaşaya bilmədiklərimizi yaşamaq üçündu. Qiraət isə bir terapiyadı. Hətta hərdən ağlıma gəlir ki, bir "Səsterapiya" mərkəzi də açmaq olar.
- Acınacaqlı haldır ki, bu gün "şairlərin" sayı artdığı kimi, "qiraətçilərin" də sayı artır. Əslində qiraəti sənət kimi dərk edən, yaşadan barmaqla sayıla biləcək qədər az imzalar, səslər var. Sizcə o qondarma çoxluq bu sənətin inkişafına mane olurmu?
- Düz vurğuladıniz.Təssuflə qeyd edim ki, onların da dinləyicisi olur. Amma qiraət "bəsit musiqi dili" kimi olmamalıdı. Bu zövqü korlamaqdan başqa bir şey deyil. Amma Mirzə Ələkbər Sabirin dediyi kimi:
Calxalandıqca, bulandıqca zaman nehrə kimi,
Yağı yağ üstə çıxır, ayranı ayranlıq olur.
Bir şey də var ki, qondarma qiraətcilər peşəkarlığın daha da qabarıq görünməsinə də şərait yaradır, peşəkarlığın dəyərini aydın göstərir. Yəni, zaman hər şeyi yerinə qoyur ...
Sular durulur, dibindəki daşlar gorunur- Bəxtiyar Vahabzadə demişkən...
- Nə vaxtsa səsləndirdiyiniz şeirləri bir yerə toplamaq, disk şəklində təqdim etmək fikriniz varmı?
- Bəli, belə bir fikrim var. Bu bir neçə il ərzində məncə məhsuldar çalışmışam. Amma o qədər səsləndirmək istədiyim şeirlər var ki... Şeir var ki, mütləq Səsə çevrilməlidir. Şeir var ki, Səs üçün doğulur. Onları öldürmək olmaz... Söz səsə çevriləndə söz olur!
- Mən söhbətimizdən məmnun qaldım. Ümid edirəm ki, sizin də könlünüz azacıq da olsa rahatlıq tapdı. Sağ olun ki, söhbətdaşım oldunuz, bölüşdünüz...
- Siz də var olun, Sevinc xanım!
“Ədəbiyyat və incəsənət”
(19.01.2026)


