“Ədəbiyyat və incəsənət” portalının “Hekayə saatı” rubrikasında sizə Aysel Fikrətin “Uçan xalça” hekayəsi təqdim edilir.
Doqquz yaşım olardı məktəbdən evə həmişə ürəyimdə bir ümidlə qaçırdım. Bəlkə bir qonaq gələr.
Evin ən kiçik uşağı olmaq içimdə daima darıxan birinin olduğunu yadıma salırdı. Pillələri dörd-dörd çıxırdım. Bir otaqlı evimizdə çox əşya olmazdı. Atam müəllim, anamsa evdar qadın idi. Anam həmişə mətbəxdə zümzümə edir, nəsə hazırlardı. Anam üçün əsas odur ki, axşamlar üçümüz də onun qurduğu süfrədə oturaq.bu ki gözəldi. Atamın gəlişi bayram olurdu. Amma yemək yedikdən sonra anam ev işi, atam yazı masasının başına keçirdi, mən isə bomboş otaqda qırıq qollu gəlinciyimlə tək qalırdım.
Bir az özümdən nağıllar uydurub yatırdım.
İndi bilmirəm bu uşaqlıq illərinə gözəl demək olarmı, ya yox baxır ömür yollarında başına nə gəlir.
Yalnız bu boz və eyni zamanda ürəyimin ümidli və işıqlı vaxtlarından sizə kiçik bir əhvalat danışmaq istəyirəm.
Uşaqlıqdan uçan xalçaya inanırdım. Bizim bir köhnə xalçamız var idi. Onun üstündə oturub gözlərimi möhkəm yumurdum. Sanki buludlar ayaqlarımın altında əriyirdi, özümü dünyanı aşıb duyğulardan uzaqda hiss edirdim. Bunu yalnız mən bacarırdım.
Bir gün yenə dərsdən evə gəldim. Soyuq, bumbuz otağıma girəndə birdən-birə gözlərimə inanmadım. Otaq boyu dünyanın bütün rənglərini özündə birləşdirən xalça vardı. Yox, bu xalça deyildi sehrli rənglərin şöləsi idi. bütün otağımı tutmuşdu. Gün işığı otağa düşdüyündən rənglər divarlarda bərq vururdu. Nəfəsimə sığmayan xoşbəxtlik hissi məni bürümüşdü. Yan otaqdan anamın nəfəsini duyurdum, amma bu möcüzənin bitməyini istəmirdim.
Xəyallardan ayrılmaq istəmirdim. Otaqdan qaçıb anamı möhkəm qucaqladım. “Çox sağ ol” deməyi bilmirdim onda, amma anamın mənim özümə də deməyə qıymadığım sevgimi duyması məni uçururdu. Ürəyim sinəmə sığmırdı. Bir az keçdi, otağa dönəndə anam yerdən xalçanı yığırdı. Onu iri bir bağlama halına gətirib qucağına götürüb otaqdan çıxdı.
Sonra küçə qapısını açıb getdi. Bir müddət sonra qayıtdı, mətbəxə keçdi. Bütün bu vaxtı dəhlizdə kandarda oturub olanları sakitcə izləyirdim.
Uçan xalçalara inanmışdım onda. Mütləq bir xilaskar xalça məni arzularımın qanadında harasa çox uzaqlarda, yalnız gözəlliklərin olduğu bir dünyaya çəkib aparacaqdı.
İndi buradan baxınca, o çağlara boylananda anamın özgə evi üçün yuyub təmizlədiyi xalçanın heç zaman uça bilməməsi məni daha incitmirdi.
Qayıdım həmin günə. O gün axşam da yemək yemədim. Həyətə qaçdım. Var gücümlə qaçıb hamıdan uzaqlaşmaq istədim. Elə bilirdim ki, mənim indi bildiyim acı həqiqəti həyətimizdə bütün uşaqlar bilir.
Dərk edib anlayanda ki, anam qonşu evi üçün xalça yuyur, ev təmizləyir, həyətə düşüb uşaqlara tərəf qaçmadım. Tək-tənha ağacların ardında gizləndim. Uzaqdan işdən gələn atamı görəndə tutuldum. İlk dəfə idi onu görüb üstünə qaçıb sarılmaq istəmədim. Bu gün o, hər dəfəsindən daha yorğun, daha beli bükülmüş görünürdü.
Məhəlləmizdəki uşaqların mənim üstümdə baxışlarına kinim bir az da böyüyürdü.
Mən sonralar bütün bu ağrıları dəyişə bildim. Yalnız həmin gün ilk dəfə olaraq mən böyüdüyümü hiss etmişdim. İnsan xəyallarını itirə-itirə yaşa dolurmuş.
Mən həmin gün xalçaların uçmadığına əmin oldum. Böyüdüm.
Bəs sən nə zaman böyüdün?
Mənə öz hekayəni danış…
“Ədəbiyyat və incəsənət”
(19.01.2026)


