Super User

Super User

Fatimə Məmmədova, 

"Ədəbiyyat və İncəsənət" portalının Xəbərlər və Təqvim şöbəsi

 

Futbol üzrə 2026-cı il Dünya çempionatı azarkeşlərə həyəcanlı anlar yaşatmağa davam edir. A qrupunda keçirilən Meksika -CAR oyunundan sonra (2:0) Cənubi Koreya – Çexiya qarşılaşması da gərgin mübarizə şəraitində keçib.

 

Qvadalaxarada oynanılan matçın ilk 45 dəqiqəsində komandalar hesabı dəyişə bilməyiblər. Hər iki tərəf hücumlara üstünlük versə də, qapılara qol vurulmayıb və ilk hissə qolsuz bərabərliklə başa çatıb.

Fasilədən sonra Çexiya daha fəal görünərək 59-cu dəqiqədə Ladislav Kreyçinin qolu ilə hesabda irəli çıxıb. Buraxılan top Cənubi Koreyanın oyun planını dəyişməyib. Asiya təmsilçisi təşəbbüsü ələ alaraq 67-ci dəqiqədə Hvan İn Bomun dəqiq zərbəsi ilə bərabərliyi bərpa edib.

Matçın sonlarına yaxın təzyiqini artıran koreyalılar 80-ci dəqiqədə O İn Qyunun vurduğu qolla üstünlüyü ələ keçiriblər və qalib gəliblər.

 

Mundialda gözləntilər barədə portalımıza fikirlərini bildirən AFFA-nın Məşqçilərin maarifləndirmə şöbəsinin müdiri  Aslan Kərimov hesab edir ki, bu Dünya Çempionatı əvvəlkilərdən müəyyən mənada fərqlənir. Əsas fərqlərdən biri yeni qaydaların tətbiq olunmasıdır:

 

“Ən böyük dəyişiklik komanda sayının artırılmasıdır. Belə ki, komandalar final da daxil olmaqla 8 və ya 9 oyun keçirməli olacaqlar. Bu isə kifayət qədər ağır qrafik deməkdir. Bir ay ərzində 8 oyun keçirmək komandalar üçün ciddi fiziki yük yaradır. Bu səbəbdən xüsusilə çempionluq uğrunda mübarizə aparan favorit millilər- İspaniya, Fransa, İngiltərə, Argentina, Braziliya və Niderland daha balanslı oyun nümayiş etdirməyə çalışacaqlar. Bəzi görüşlərdə ehtiyatlı davranacaq, futbolçularını və resurslarını qorumağa üstünlük verəcəklər.

Maraq doğuran məqamlardan biri də yeni qaydaların praktiki təsiridir. Məsələn, qapıçının topu əlində normadan artıq saxlaması halında rəqib komandaya künc zərbəsinin verilməsi qaydasının nə dərəcədə effektiv olacağını görəcəyik. Qrup mərhələsinin ilk oyunlarında dominant komandalar hücum futboluna üstünlük verəcək, zəif komandalar isə daha çox müdafiəyə çəkiləcəklər. Nisbətən zəif komandaların çoxluğu onların əsas məqsədini qol buraxmamaq üzərində quracaq. Müdafiəyə qapanmaq və riskdən yayınmaq isə oyunun tempini, xüsusilə ilkin mərhələlərdə, müəyyən qədər azalda bilər".

Müsahib həmçinin qrup mərhələsinin sonlarına doğru vəziyyətin dəyişə biləcəyini də vurğulayıb:

 

 

“Komandalar nəticəyə ehtiyac duyduqca daha riskli futbol oynamağa məcbur qalacaqlar. Güc baxımından yaxın komandaların qarşılaşmalarında isə daha maraqlı və açıq oyunlar izləmək mümkün olacaq. Favoritlərə gəlincə, konkret ad çəkmək çətindir, lakin heyət keyfiyyəti və potensial baxımından Fransa və İspaniya milliləri daha üstün görünür.

Azərbaycan azarkeşlərinin dəstək verdiyi Türkiyə millisi barədə də danışmaq lazımdır. Onların düşdüyü qrupun keçilməsi mümkündür və bu qrup “ölüm qrupu” sayılmır. Türkiyə millisi ən azı üçüncü yeri tutmaq potensialına malikdir. İştirakçı sayının artması ilə ən yaxşı üçüncü yerlər hesabına pley-offa yüksəlmək imkanı da var ki, bu da əlavə üstünlük yaradır. Hətta onların qrupda ikinci yeri tutması da istisna deyil. Sonrakı mərhələlərdə isə hər şey rəqibdən asılı olacaq. Pley-offda qarşılaşacaqları rəqiblər onların turnirdə nə qədər irəliləyəcəyini müəyyən edəcək. Güclü rəqiblərlə qarşılaşma halında Türkiyə millisinin dörddəbir final və ya yarımfinala qədər irəliləməsi çətin görünür. Buna baxmayaraq, qrupdan çıxmaq və müəyyən mərhələyə qədər irəliləmək üçün kifayət qədər şansları var”.

 

“Ədəbiyyat və incəsənət”

(12.06.2026)

11 iyun 2026-cı il tarixində Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti professor Aktotı Raimkulova Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin Şərqi Avropa, Cənubi Qafqaz, Qərbi və Mərkəzi Asiya İdarəsinin rəisi cənab Gürsel İsmayılzadə ilə görüşüb.

 

“Ədəbiyyat və incəsənət” portalına Fonddan verilən məlumata görə, görüş zamanı Fond tərəfindən həyata keçirilən beynəlxalq layihələr, türk xalqlarının zəngin mədəni irsinin qorunması, təbliği və gələcək nəsillərə ötürülməsi istiqamətində görülən işlər, eləcə də təşkilatın yaxın perspektiv üçün müəyyən etdiyi prioritet fəaliyyət istiqamətləri ətrafında fikir mübadiləsi aparılıb.

Professor Aktotı Raimkulova Fondun üzv və müşahidəçi ölkələrində, habelə digər dövlətlərdə qədim türk tarixi-mədəni irsinin qorunmasına yönəlmiş təşəbbüslər, beynəlxalq təşkilatlarla qurulmuş əməkdaşlıq əlaqələri və həyata keçirilən layihələr barədə məlumat verib.

Cənab Gürsel İsmayılzadə Fondun fəaliyyətini yüksək qiymətləndirərək, təşkilatın türk dövlətləri arasında mədəni-humanitar əlaqələrin inkişafına, eləcə də türk dünyasının beynəlxalq platformalarda daha geniş tanıdılmasına verdiyi töhfələri xüsusi vurğulayıb.

 

“Ədəbiyyat və incəsənət”

(12.06.2026)


 

 

 

 

 

Elman Eldaroğlu,

“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi

 

 

Xalqımızın belə bir alqışı var- “Gözü dolusu görəsən!” Kim nə deyir desin, uzunömürlü olmaq elə gözü dolusu görmək, ömür sürmək deməkdir. Bəli, bu Allahın bəndəsinə cəzası deyil, lütfüdür. Bu gün onun 83 yaşı tamam olur. 100-ə çatmağa cəmi 17 ili qalıb. Necə deyərlər, papağını bir dəfə də fırlatsa gedib 100-ə çatacaq.

 

Görək hələ mələklərin numerologiya sistemi 83 rəqəmini necə xarakterizə edir? Numerologiyada bu rəqəm yaradıcılıq, müstəqillik və güclü daxili intuisiyanı simvolizə edir, eyni zamanda, səbir, nizam-intizam və diqqəti doğru məqsədlərə yönəltmək barədə mesajlar daşıyır. Gələcəyi görməkdən daha çox, şüuraltını və daxili səsi anlamağa, psixoloji dəstək almağa və ya şəxsi inkişaf üçün istifadə edilən 78 xüsusi kartdan ibarət Tarotda isə 83 rəqəmi özünü ifadə etmə, sənət və azad düşüncəni təmsil edir. İnsanlara potensiallarını kəşf etməyi və hər hansı bir addımı atmaqdan öncə zehni tarazlıq yaratmağı xatırladır. Bəzi mistik mənbələrdə də bu rəqəm haqqında məlumat var. “83” Allahın qoruyucu və ilhamlandırıcı enerjisi ilə əlaqələndirilir...

 

Rejissor, senarist, yazıçı, naşir, reportyor və media təşkilatçısı, ANS Şirkətlər Qrupunun prezidenti, VMF Natural Frequencies şirkətinin təsisçisi Vahid Mustafayev onun haqqında söyləyir: “Yaradıcılığının ən mühüm irsi onun fiziki, təbii mühiti hekayədəki dramatik səhnələri ruhlandırmaq gücü ilə bəxş etmək bacarığındadır. Bu yanaşmanın kökü bir tərəfdən islamın seyid cədlərinin ayinlərinə arxalanırsa, digər tərəfdən isə ən müasir elm, texnologiya və inkişaf daşıyan irsindən qidalanır. Onun Azərbaycan kinoindustriyasında yaratdığı və inkişaf etdirdiyi üsullar bir çox rejissorlar üçün ən güclü stilistik qərar olduğunu sübut etdi.”

 

Sovet İttifaqının Leninqrad şəhəri Hitler Almaniysının faşistlərinin blokadasında olanda, 1943-cü ilin iyun ayının 12-də dünyaya gəlib. Həmin gün şənbə günü olub. Elə buna görə də məsuliyyətli, çətinliklərə dözümlü və zəhmətkeş adamdır. Problemlər qarşısında təşvişə düşmür, addımlarını ölçüb-biçərək hərəkət edir. İş həyatında nizam-intizama xüsusi önəm verir. Bu xüsusiyyət onun xarakterinə elə hopub ki, bəzən evdə belə işdəki kimi ciddi və tələbkar davranır. Gənclik illərində müəyyən maneələrlə çox üzləşib, lakin orta yaşlarında və yetkinlik dövründə daha çox xoşbəxtlik və uğur qazanıb...

 

Vahid Mustafayev daha sonra söyləyir: “Onun 1987-ci ildə çəkdiyi “ Göz qabağında şeytan” filmi sevdiyim əsərlərdən biridir. O, bu filmi ilə rejissor kimi Asim Cəlilovun ssenarisini canlandırmaqla yanaşı, sənədlər və faktlar üzərində böyük Sovet imperiyasının bir neçə ildən sonra dağılmasının düsturunu artıq şirin yuxu metaforaları ilə yox, əksinə, oyanmağa məcbur edən şillə formasında ekrana çırparaq onu cırdı və tamaşaçı bu ağ kəfəni addımlayaraq real həyata gözlərini açdı. Elə həmin il Azərbaycanda xalq hərakatı dirçəldi və bir neçə ildən sonra İstiqlaliyyət mücadiləsi başlandı. Azərbaycan yenə də müstəqilliyini bərpa etdi! Onun "Göz qabağında şeytan" kinolenti bu gün Federiko Fellininin 1960-cı ildə Fransa kinematoqrafçıları ilə birlikdə çəkdiyi "Şirin həyat", Sovet kinosundan Sergey Gerasimovun 1967-ci ildə çəkdiyi "Jurnalist" və Eldar Quliyevin 1971-ci ildə çəkdiyi "Ən vacib müsahibə", İtaliya kinosunun böyük simalarından biri Mikelancelo Antonioninin 1975-ci ildə çəkdiyi "Peşəsi: reportyor" jurnalistlərə həsr olunmuş filmləri kimi dünya mədəniyyətinin fenomenidir. Lakin fərq ondan ibarətdir ki, Fellininin, Gerasimovun, Antanioninin və Quliyevin filmlərinə baxanda mən onların baş qəhrəmanlarına inanıram və düşünürəm ki, onlar hər şeyə qadirdilər, amma onun filmlərinə baxanda mən özümə inanmağa başlayıram və inanıram ki, mən hər şeyə qadirəm...”

 

Bəli, söhbət kinorejissor, ssenarist, xalq artisti, “Şərəf” və “İstiqlal” ordenli Oqtay Mirqasımovdan gedir. Bu gün onun 83 yaşı tamam olur. Yeni yaşı mübarək olsun!..

 

“Ədəbiyyat və incəsənət”

(12.06.2026)

 

 

Harun Soltanov,

“Ədəbiyyat və incəsənət” PORTALKININ Yaradiciliq şöbəsi

 

Bir gün hər şey normal olur.

Saçlarını darayırsan. İşə gedirsən, ailəndən uzaqda illərlə işləyirsən, içindəki boşluğun adını qoymadan yaşayırsan. Axşam yeməyində duzun azlığından şikayətlənirsən. Gülümsəyirsən. Susursan. Danışırsan. Unudursan. İnsan kimi yaşayırsan, yəni xəbərsiz.

 

Sonra bir gün...

Kimsə ağ xalatda gəlir və ”xərçəngdir” deyir. Sakit. Hətta kobudcasına sakit. Elə bil “boğaz ağrısıdır” deyirmiş kimi. Və sən “xərçəng” sözünü eşidəndə, ilk dəfə həyatın hansı lüğətlə danışdığını anlamırsan. Sanki söz ağırdır, amma hələ də real deyil.  Amma sonra. Sonra səssizlik başlayır. Elə bir səssizlik ki, içində təkcə sükut yox, boşalan dünya var. Gözlərin həkimə, ürəyin boğazına, nəfəsin tanrıya ilişir. Özündən ayrılırsan. Sən artıq sən deyilsən.  Çünki bu diaqnoz bədənə yox, varlığa qoyulur. Sən artıq təkcə bir insan deyilsən, sən bir ehtimalsan. "Ya qalacaq, ya da yox olacaq" ehtimalı. Və sənə baxan insanlar – sanki səni gələcəyindən ayırıb, şüşə arxasında qorunan bir eksponat kimi izləyirlər. Gülürlər, təsəlli verirlər, amma gözlərindəki qorxunu gizlədə bilmirlər.

 Xərçəng bir xəstəlik deyil. O, yeni bir şəxsiyyətdir. Sənin bədənində yer tutur. Sənlə çay süfrəsinə oturur. Gecə başını yastığa qoyanda sənin qulağına pıçıldayır. “Yuxuya get, amma sabahın zəmanəti yoxdur.”

 

Saçların tökülür, amma göz yaşların ondan əvvəl tökülür.

Çünki ilk dəfə güzgüyə baxıb özünü tanımırsan.

Üzündə bir şey əskik deyil, amma içindəki “mən” artıq səninlə deyil.

 

İnsan hər gün bir az yox olur, sonra yox olanı da normal hesab etməyə başlayır. Budur, xərçəngin ən böyük fəndi.. Səni alışdırmaq. Əvvəl ağrıya, sonra yoxluğa, sonra ölüm fikrinə.

 Amma... sən dirənişsən.

Bax, bu cümləni gülə-gülə oxuma. Çünki bu "mübarizə" deyilən şey sosial şəbəkələrdə yazılan motivasiya cümlələri qədər asan deyil. Mübarizə o, dərman dadını bilənlər üçündür. Tüpürmək istədiyin, amma udmaq məcburiyyətində qaldığın günlər üçündür.

 Və sonra insanlar...

Ətrafındakıların münasibəti dəyişir. Bəziləri səni daha çox sevməyə başlayır. Çünki ölüm qorxusunun yaxınlığı insanları birdən-birə humanist edir. Bəziləri isə uzaqlaşır. Çünki xəstəliklər, güzgü kimidir, insanlar öz zəifliyini səndə görüb qorxurlar. Amma sən... Sən yenə də yaşayırsan. Ayaqqabının bağına qədər bağlayırsan, baxmayaraq ki, ürəyində həyat artıq biraz boş qalıb. Səhərlər çay içirsən, baxmayaraq ki, boğazından yaş axır. Gülümsəyirsən, baxmayaraq ki, ağlamaq istəyirsən. Sən insansan. Bütün ağrıların içində qalmağı bacaran varlıq.

 Xərçəng təkcə bir bədənə düşmür. O, evin divarlarına hopur. Qoxusuz, səssiz, görünməz bir kölgə kimi hər kəsin nəfəsini daraldır. Çünki ailədə bir nəfərin xəstələnməsi, hamının içində bir şeyin sınmasıdır.

Bir ata...

Bir övladın qürur mənbəyi, evin dirəyi, masanın başında oturan, hər problemi "mən həll edərəm" deyən o adam. İndi... Kimya terapiyada yorğun-yorğun oturur...

Səsindəki güc, susqunluğa dönüb.

Üzündəki sərtlik, çarəsizliklə əvəz olunub.

 Və sən baxırsan... O kişi ki, bir vaxtlar dizin qanayanda "keçər. Adam yıxılanda böyüyər də" deyirdi, indi öz göz yaşlarını səndən gizlədir.

O kişi ki, bir vaxtlar ailə üçün dağları yerindən oynadardı, indi bir iynənin acısına dirəniş göstərməyə çalışır.

 

Ailənin içində zaman donur.

Söhbətlər daha ehtiyatlı olur.

Qəhqəhələr daha azad deyil.

 

Bir kəlmə “necə hiss edirsən özünü?”  deyə bilmək üçün, adam 100 dəfə udqunur.  Və sən dostsan. Ya da qohum. Yaxınsan. O evə girəndə həm sağalmaq istəyən bədənlə, həm də dağılan ruhla üz-üzə gəlirsən.Bəzən özünü günahkar hiss edirsən. Çünki sənin atan, sənin qohumun, sənin bədənin sağlamdır  amma onun deyil. Həyat insafsız bölünür. Bu ədalətsizliklə baş-başa qalmaq ağrının başqa formasıdır.  Amma bax, zarafatlar da var. Bəzən, xəstə özü zarafatla deyir: “Bu qədər dərmanı içib də ölməsəm, bəlkə mutanta çevrilərəm.”Və sən gülümsəyirsən. Amma içində... içində bir boşluq olur.Elə bir gülüş ki, içində qırıq var. Xərçəng zarafatı dünyanın ən əzablı gülüşüdür. Çünki həm güldürür, həm ağladır. Həm içdən, həm səssiz...

 

Və həyat davam edir.Amma başqa tempdə.

Artıq təqvimə baxanda planlar yox, dərman saatları yazılıb.

Yayda dənizə yox, kemoterapiyaya gedilir.

Payızda yarpaqların tökülməsinə baxmaq yox, saçların tökülməsini izləmək olur.

Və sən dua etməyi öyrənirsən. Hətta mənim kimi, dua etməyə utanan biri olsan belə.  Əvvəllər sadəcə “şükür” deyərdin, indi yalvarmağı öyrənirsən. Hətta inancsız olsan belə hardasa içində bir təbəssüm qədər ümidi olan tanrı uydurursan. Çünki bu dərd yalnızlığa sığmır. İnsan yalnız mübarizə aparanda, mübarizə daha əzablı olur.

Əslində xərçəng, ölüm deyil. Xərçəng, həyatın səninlə səmimi danışmağa başladığı andır. İndiyə qədər aldığın hər nəfəsi, heç düşünmədən yaşadığın hər anı birdən-birə hiss etməyə başlayırsan.

 

Su, daha ləzzətlidir.

Qoxular, daha realdır.

İnsanlar, daha qiymətlidir.

 

Çünki ölüm, həyatın səsini artırır. Səssiz bir qışqırığa çevirir.

 

Bəzən “niyə mən?” deyə soruşursan. Halbuki soruşmaq lazım deyil.

Çünki həyat heç kimə "niyə sənə sevgi verdim?" deyə hesabat çəkmir ki, niyə dərd verdiyini də izah etsin.Xəstəlik ədalətsizdir. Amma bir dərs var ki, həyat heç kimin sağ qalmasına söz verməyib. Amma yaşadığın müddətcə onu dolu yaşamaq, sənin boynuna yazılan müqəddəs bir məsuliyyətdir. Əgər oxuyursansa bu sətirləri və sən ya xəstəsən, ya yaxınsan, ya da sadəcə qorxursan. Bil ki, həyat sənin içində yaşamaq üçün yer axtarır. Bəzən bir saçın tökülməsi, bir insanın içindəki gücü ortaya çıxarır. Bəzən bir diaqnoz, bütün ailəni bir yumruğa çevirir.  Bəzən bir “sağ qalmaq” arzusu, bir xalqın ümidinə çevrilir. Və unutma. İnsan bədəni xəstələnə bilər, amma ruh istəsə, sağ qalar. Ruh qalxmaq istəsə, heç bir xəstəlik onu məğlub edə bilməz. Bəli, saçlar tökülə bilər, səs titrəyə bilər, dəridə izlər qala bilər..

Amma ruh?

Ruh əgər dirənişlə nəfəs alırsa, həyat davam edir. Xərçəng, "bir ömürdən nə qədər həyat çıxar?" sualıdır. Əgər cavabın "bu gün də gülümsədim"dirsə, demək, sən qalibsən. Sadəcə ruhunu qoru Əzizim. Ruhun sağdırsa bədənin xəstələnməyəcək.. Ruhunu sev ki, bədənindən ayrılmasın. Sən xərçəngə məğlub olmamısan. O sənə aşiq olub. İndi isə, o səndən ayrılmaq istəmir. Bəzən elə olur ki, həyatın özü sənə yox, dərdin sənə vurulur. Elə bil ki, xərçəng virusu sənə sadəcə hücum etməyib.Səni izləyib, səni seçib. Sənin işıqlı ruhuna, dirənişinə, yaşamağa olan inadına heyran qalıb. Onun tək istəyi, səni içindən görmək olub. Səni ən zəif yerindən tanımaq istəyib. Və baxıb ki, orda belə bir güc var ki, onu da heyran edir.

 Xərçəng virusu sənə aşiq olub.

 

Çünki sən ölümə yaxın olduqca, daha çox yaşayırsan.

Çünki sən tükəndikcə, daha çox yaradırsan.

Çünki sənin bir gülüşün onun zəhərindən daha təsirlidir.

 

O zənn edib ki, səni sındıracaq. Sən isə öz içindən bir “mən” doğurmusan ki, o belə çaşıb qalıb. Sən ağrıdan qorxmadın, sən saçını, gücünü, bədənini itirəndə belə  ruhundan imtina etmədin. Sən təslim olmadın, sən yıxılmadın. Ona görə də o virus, səni öldürmək istəməkdən çox səni anlamaq istədi.

Bəli...

Xərçəng virusu sənə aşiq olub. Çünki o, nadir rast gəlinən bir şeyi tapıb. Məğlub olmamağı.

Və xahiş edirəm. Sən bu virusa məğlub olma.

Mən sənə inanıram. Sənin inancın mənim dualarımdan daha güclüdür.

 

“Ədəbiyyat və incəsənət”

(12.06.2026)

 

 

 

“Ədibin Evi” Ədəbiyyata Dəstək Fondunun təşkil etdiyi Mir Cəlal adına V Hekayə Müsabiqəsi də tarixə qovuşdu. Finalçılar arasından, ümumən isə müsabiqəyə 258 əsər təqdim edən 211 müəllifin arasından 6 mükafatçı seçildi.

 

3-cü yer

Turan Uğurun “Əbabil Quşu” hekayəsi;

Həmid Piriyevin “Müjdə” hekayəsi;

 Xatirə Nurgülün “Bilalın Qayıdışı” hekayəsi;

2-ci yer

 Elnur Məmmədlinin “Kəkələmə” hekayəsi;

 Ömər Xəyyamın “10410-cu gün” hekayəsi;

1-ci yer

 Sərvanə Dağtumasın “Körpənin intiharı” hekayəsi.

 

Qalib hekayələr geniş oxucu kütləsinə "Azərbaycan" jurnalının iyun sayında təqdim ediləcək. Seçmə hekayələri isə “Ədəbiyyat və incəsənət” portalınada yayımlayırıq.

 

 

ARİF RƏHİMOV,

KRİMİNAL EZAMİYYƏT

 

          Səhər yeməyinə yağ-pendir yedim, üstündən də şirin çay içdim. Yalnız bundan sonra mehmanxanadan yağışa çıxdım. Elə birinci tindəcə Asiflə rastlaşdım. O, dərhal diqqətimi çəkdi. Görünür, cavanlıqda boy-buxunlu adam olmuşdu, amma yaş və müharibə öz işini görmüşdü. Beli bükülmüş, başı-gözü ağarmışdı, lap müqəddəslərə oxşayırdı. Əynində qəribə bir palto vardı. Deyəsən, mənim diqqətimi çəkən də bu idi. Görünür, yaxın müharibə dövründə əynindəki şinel olmuşdu, sonralar astarını üzünə çevirmişdilər, qısa forma vermişdilər. Köhnə məzmun isə qalmışdı, günəş, yağış və zaman da öz izini salmışdı. Palto-şinelin bir mis düyməsi qalmışdı, o da parıldamırdı, qaralmışdı...

          Qocanın göy gurultusunu andıran səsi vardı: Taksi, taksi... Hara, hansı ünvana gedirsiz? Şəhər içində bütün istiqamətlərə cəmi 1 Nizami”...” Ünvanı yadda saxlamışdım, dedim. Qoca bir anlıq dayandı, hətta mənə elə gəldi ki, rəngi bozardı…

          - Sizin orda nə işiniz var?

          Yersiz sualdan diksindim və kəskin cavab verdim:

          - Yaxşı, sənə nə var?

          - Heç, heç, qardaş oğlu. Sadəcə olaraq, soruşdum. Buyurun, buyurun...

          Yaxın keçmişdə “QAZ 24” olmuş, indi “pikap”a çevrilmiş köhnə avtomobilə əyləşdik, deyəsən, xeyli getdik. Mən təkərlərin səsindən başqa bir şey eşitmirdim. Tavanı da yağış döyəcləyirdi. Taksi dayananda mən “Nizami[1]” yox, “Məmməd[2]” verdim. Yəqin qocanın yadında yaxşı adam kimi qalmaq istəyirdim. Amma “göy gurultusu” yenidən eşidildi:

          -2 “Məmməd”...

          Qocanın həyasızlığı məni hövsələdən çıxardı, mən də guruldadım:

          - Sən nə təhər adamsan?! Axı özün dedin ki, bütün istiqamətlərə cəmi 1 “Nizami”. Bəlkə elə bilirsən mən xam-zadam?!

          - Yox, nə danışırsız?! Sadəcə olaraq, mən düşündüm ki, siz yaxşı adamsız. Yol da uzaqdır, mənə də 2 “Məmməd” lazımdır...

          Bilmirəm mənə nə olmuşdu, sakitcə çıxarıb 1 “Məmməd” də verdim. Amma verəndə diqqət etdim, ortadan cırılmışdı, sonra “skoç”la yapışdırılmışdı. Tutqun fonda həmən seçilirdi.

          Gəldiyim ev yoldan otuz-qırx metr aralı, kiçik baxçanın içində idi. Qoca sürücüyə bənzəmirdi, görünür bir vaxtlar görkəmli olmuşdu. Amma zaman, günəş və yağış öz işini görmüşdü. Evin yalnız kölgəsi qalmışdı, o da qaralmışdı. Mən köhnə taxta qapını açdım və baxçaya keçdim. Payız və baxımsızlıq dərhal hiss olunurdu: xəzan yarpaqları, qızılgül kolları və ağacların altında çürüyən almalar...

          Şəms - yazdığı esselər kimi incə və gözəl məxluq... Ona maksimum qırx yaş vermək olardı, amma hiss olunurdu ki, bu, yaşın yox, həyatın yüküdür. O, məni şairə xas bir sadəlik və səmimiliklə qarşıladı. Qonaq otağı sahibənin ilhamı kimi ucsuz-bucaqsız idi… Amma burda kitab şkafından, köhnə divandan və bizim oturduğumuz stoldan başqa bir şey yox idi. Bəzi yerlərdə divarlar daha təmizdi, görünür nə vaxtsa burda mebel olmuşdu.

          Mən sahibə ilə xeyli söhbət etdim. O, yazdığı kimi axıcı danışırdı, elə bil adamı əlindən tutub dalınca aparırdı... “Mən səyahət etməyi sevirəm, Təbrizə, Türkiyəyə getmək istəyirəm… Gördüklərim məni sevindirir, heyrətləndirir. Düşünürəm ki, gözəllik və məhəbbət həmişə qalib gəlir. Yazda güllər açılır, quşlar yuva qurur, yayda sünbüllər dən tutur... Payızda təbiət qızılı-qırmızılı bir tabloya çevrilir... Mən gözəlliyi görürəm, sevirəm və kağıza köçürmək istəyirəm… Mənə elə gəlir ki, şeir, poeziya bir musiqidir, sözlərin ahəngi ilə yaranan bir musiqidir. Nəsr, proza isə, həyatın rəsmidir, sözlərin rəngi ilə çəkilən bir rəsm əsəridir”...

          Otağın qapısı astadan döyüldü. Müsahibim üzr istədi və məni tərk elədi. Otaq da elə bil ki, boşaldı… Amma xanım üzündə dünya boyda təbəssümlə qayıtdı. Elə bil cavanlaşmışdı, ona maksimum otuz yaş vermək olardı.

          - Siz belə gedə bilməzsiz... Siz bizdə şirin qoğalla çay içməlisiz...

          Bu zaman otağa 10-11 yaşlarında qızcığaz daxil oldu. Şəmsin uşaqlığı idi, baş barmağını da ağzından çıxarmırdı. İri, qara gözlərini mənə zilləmişdi. Şəms kiçik, köhnə pul kisəsini açdı və 2 “Məmməd” çıxardı. Pulu qızcığaza verəndə diqqət etdim, biri “skoç”la yapışdırılmışdı. Şübhə ola bilməzdi, bu, mənim taksiyə verdiyim “Məmməd” idi.

          - Qızım, zəhmət olmasa, Əhmədin mağazasına get, 1 “Məmməd”ə həmişə aldığımız çaydan al, qalanına da şirin qoğallar versin. Mənim adımdan de ki, təzə olsun...

          Sonra isə mənə müraciət etdi:

          - Çayımız təzə qurtarıb, almaq yadımdan çıxıb...

          Qızcığaz qapıdan çıxdı. Amma qapı örtülməmiş onun çığırtısı eşidildi. Sonra xırıltılı kişi səsi gəldi, əsəbi halda nə isə deyirdi. Şəms üzr istədi və məni yenidən tərk etdi. Əsəbi kişi səsi yenidən eşidildi...

          Şairə üzündə təbəssümlə geri döndü. Amma bu təbəssüm o təbəssümdən deyildi. Bu dəfə ona minimum qırx yaş vermək olardı...

          - Mən üzr istəyirəm, çay dəsgahımız təxirə salınır. Əhməd deyir ki, bizim aldığımız çay qurtarıb, qoğallar da boyatdır...

          Sonra isə əlavə etdi:

          - Bizim evimiz böyük evdir. Mən onu kirayə verməli oluram. Odur ki, söz-söhbət yaranır...

          Mən əmin idim ki, balaca Şəms hələ evdən çıxmayıb və Əhmədin mağazasına çаtмаyıb. Amma dinmədim, sakitcə xudafizləşdim və sabah yenə gələcəyimi deyib çıxdım. Yolda xatırladım ki, Şəmsin soyadını soruşmadım.

          Tini dönən kimi həmişəki hücuma məruz qaldım: “Taksi, taksi,.. Şəhər içində bütün istiqamətlərə cəmi 1 “Nizami”...” Məni gülmək tutdu. Ancaq bundan sonra qoca quldur məni tanıdı, qulaqlarının dibinə kimi gülümsədi.

          - Buyurun, qardaş oğlu, mən sizi mehmanxanaya kimi pulsuz apararam.

          - Pulsuz lazım deyil, 1 “Nizami”ni alarsan. Sabah mən yenə bura gələcəyəm. Saat 10-da mehmanxananın qabağında olarsan.

          - Baş üstə.

          - Qulaq as, qoca quldur, deyəsən, sən Şəms xanımı tanıyırsan?!

          - Mən xanımın atası Şərifin kiçik qardaşıyam. Rəhmətlik tanınmış müəllim, yaxşı adam idi.

          - Amma xanım, deyəsən, kasıb yaşayır?

          Müsahibimin üzü sərtləşdi, bir az da tündləşdi.

          - Bəli, kasıb yaşayır, amma ac qalmır...

          Mən mehmanxanadan baş redaktora zəng vurdum: “Şəmslə görüşdüm. Şeri 1 “Şirvan”[3]dan aşağı danışmaq belə istəmir”- dedim. Cavab qısa oldu: Dərhal razılaş, avamın biri avam...”

          Axşam yeməyinə yeməkxanaya düşdüm. Təzə oturmuşdum ki, naməlum bir subyekt stola yaxınlaşdı. Qırmızı ətli sifəti, domba gözləri vardı. Ona qırxdan çox yaş vermək olardı. Üzünü tər-təmiz qırxdırmışdı, təmiz, amma zövqsüz geyinmişdi. Allahverdi Verdiyev” deyib boğazını arıtladı, dəvət gözləmədən özünü qarşıdakı stula saldı. O, mənimlə elə görüşdü ki, elə bil yüz ilin tanışıdır. Dəvətsiz-zadsız stula çökdü və iki pivə sifariş etdi. Mən heç etiraz edə bilmədim. Yorulmuşdum, dincəlmək və düşünmək istəyirdim. Müsahibim dil boğaza qoymurdu, deyəsən arvadından, onun atasından, dahi olmasından danışırdı...

          Allahverdi milyon çıxarırmış kimi cibindən 2 Məmməd” çıxardı və stolun üstünə atdı. Mən diqqət etdim, əskinasın biri təzə idi. O biri isə ortadan cırılmışdı, sonra skoç”la yapışdırılmışdı. Bu, mənim Məmməd”im idi...

          Səhərisi gün saat 10-da qoca quldur qoca taksi ilə mehmanxananın qabağında idi. Şəmsin evinə çatanda mən ondan gözləməyi xahiş etdim.

          Şairə xanım dünənkinə nisbətən daha zərif görünürdü, rəngi də qaçmışdı. Məni görüb ayağa qalxdı və rəngi bir az da ağardı, stoldan tutdu. Mən nə baş verdiyini dərhal anladım və irəli atıldım. Onu yıxılmağa qoymadım və köhnə divanda oturtdum. Sonra həyətə çıxdım və məni gözləyən qoca quldura bağırdım:

          - Həkim, təcili həkim...

          15-20 dəqiqədən sonra ağ saçlı, qara plaşlı həkim qapıda göründü. Mən bir neçə sözlə kim olduğumu və onu niyə çağırdığımı izah etdim. Həkim divanın yanında oturdu, Şəmsin nəbzini tutdu və qapıda müntəzir duran qocaya müraciətlə dedi:

          - Asif, zəhmət olmasa, bizə get. Qızıma de ki, bir banka təzə süd və bir stəkan qaymaq versin.

          Sonra həkim üzünü mənə çevirdi və izahat verdi:

          - Qorxulu bir şey yoxdur, o, yaxşıdır, sadəcə olaraq, acından bayılıb. Xanım Verdiyeva gözəl insandır, etibarlı dostları da çoxdur. Mən də onun atası rəhmətlik Şərif müəllimin dostuyam. Amma Şəms əmisindən başqa heç kimin köməyini qəbul etmir. Asif indi onun atasını əvəz edir, qızı kimi çox istəyir.

          Məni isə ayrı şey düşündürürdü:

          - Xanım Verdiyeva? Şəms Allahverdinin...

          - Bəli, arvadıdır. Şəms bu əyyaşa ərə getdikdən sonra hər şeyini, var-dövlətini, ad-sanını, hətta gəncliyini və gözəlliyini də itirdi. Deyirlər Allahverdi hətta əmisinin verdiyi pulları da ondan alır...

          İsti süd və qaymaq Şəmsi özünə, rəngini üzünə gətirdi. O, stula əyləşdi və ilk növbədə üzr istədi. Dedi ki, ürəyi xəstədir və tez-tez onu narahat edir. Həkim tələsdiyini söyləyib getdi. Biz yenidən şairə xanımla tək qaldıq. Mən onu sevindirmək istədim və şeri 1 “Şirvan”dan müqavilə təklif etdim. O, ürəkdən sevindi, gülümsədi. Hətta ayağa durub əlimi sıxdı, mənə təşəkkür etdi. Mən elə ayaq üstə ona 10 “Şirvan” avans verdim. Şəmsin əlləri əsirdi, gözləri ürəyindən nəm çəkirdi... 

          Sonra Asif kişi məni mehmanxanaya gətirdi. Mənə elə gəlirdi ki, redaksiyanın tapşırığını yerinə yetirmişəm və artıq yola hazırlaşa bilərəm. Amma sən saydığını say...

          Qatar axşam çıxırdı, odur ki, mən nahardan sonra şəhəri gəzməyi qərara aldım. Qoca quldur yerində idi: Taksi, taksi”,.. Sonra məni tanıdı, qulaqlarına kimi gülümsədi. Amma mən onun təbəssümündə kədər gördüm və onu ilk dəfə görürəmmiş kimi diqqətlə nəzərdən keçirdim. Asif həmin Asif, palto həmin palto idi. Yox, deyəsən, dəyişiklik vardı, həmin axırıncı mis düymə yoxa çıxmışdı...

          Mən şəhəri gəzməkdə davam etdim və mərkəzdən xeyli kənara getdim. Qaranlıq dalanların birindən səs-küy eşitdim. Maraqlandım, yaxınlaşdım. Camaat yığılmışdı, nəyəsə, ya kiməsə baxırdı. Maraq mənə güc gəldi, irəli keçdim. Məlum Allahverdi Verdiyev səkiyə sərilmişdi. Adamlar deyirdi ki, onu elə indilərdə tapıblar. Təcili yardım”a zəng ediblər, amma gec olub. Allahverdinin cəsədinə baxanda hiss olunurdu ki, həm də güc tətbiq olunub. Üst-başı toz içində, cırıq-cırıqdı, boğazında barmaq izləri vаrdı. Görünür, Verdiyev möhkəm çarpışmışdı, yumruqları sıxılmışdı. Mən də onun yumruqlarına baxdım və birinin açıldığını gördüm. Nə isə yumuru bir şey dığırlanıb ayağımın yanına düşdü. Mən cəld tapdaladım və bir xeyli belə dayandım. Sonra isə əyilib gizlincə götürdüm və cibimə qoydum.

          Mehmanxanada da hamı bu hadisədən danışırdı. Hətta deyirdilər ki, onu quldurlar öldürüb. Guyа nahar vaxtı Verdiyevin 10 “Şirvan”ı varmış və o, pulu cibindən çıxarıb hamıya göstərirmiş. Amma öləndən sonra pul onun üstündən tapılmamışdı.

          Mən axşam saat doqquzda Bakı qatarına mindim. Kupedə tək idim. Qatar tərpənəndən sonra mis düyməni cibimdən çıxardım, diqqətlə baxdım və açıq pəncərədən kolluğa atdım. Və qəti əmin oldum ki, redaksiyanın tapşırığını tam yerinə yetirmişəm.

 

“Ədəbiyyat və incəsənət”

(12.06.2026)



[1]Nominal dəyəri 500 manat olan və hazırda dövriyyədən çıxarılmış Azərbaycan əskinazı

[2]Nominal dəyəri 1000 manat olan və hazırda dövriyyədən çıxarılmış Azərbaycan əskinazı

 

[3]Nominal dəyəri 10000 manat olan və hazırda dövriyyədən çıxarılmış Azərbaycan əskinazı

 

 

“Ədəbiyyat və incəsənət” portalı və “Ulduz” jurnalının birlikdə həyata keçirdikləri “Biri ikisində” layihəsində sizlərə Orxan İsmayılovun “İlk əməliyyat” adlı hekayəsi təqdim edilir.

 

Layihə ən yaxşı ədəbi nümunələrin təbliğinə hesablanıbdır.

Xoş mütaliələr.

        

 

 

NƏSR

 

ORXAN İSMAYILOV

 

İLK ƏMƏLİYYAT

 

Gənc tibb bacısı dəhliz boyu addımlayırdı. Yeridikcə nişastalı xalatı xışıldayır, hər hərəkətində səs salırdı. Qibtə etdiyi baş tibb bacısına bənzəmək üçün ombalarını azca yırğalayır, qəsdən şux və əmin görünməyə çalışırdı. Bir əlini yüngülcə önlüyünün cibinə qoymuşdu; elə bil bu duruşu ilə ətəyini yelkən kimi qabağa qabartmaq istəyirdi. Digər əli ilə yanından keçdiyi radiatorların üstünə sığal çəkirdi. Valideynləri, bacıları onu bu görkəmdə görsəydilər, yəqin ki, heyranlıqlarını gizlədə bilməzdilər. Sanki ailəsinin baxışlarını üzərində hiss edirmiş kimi qətiyyətlə irəliləyirdi.

Lakin dəhliz kimsəsiz və sakit idi. Budur, qarşısına “Əməliyyatxana” yazılmış qapı çıxdı. Qapının soyuq dəstəyini çevirəndə qızın bədəni qəfildən gərildi. Bayaqkı süni şuxluqdan əsər-əlamət qalmadı; ağlamaq dəmində olan uşaq kimi alt dodağını gəmirməyə başladı.

İçəridə heç kəs yox idi. Hər tərəf bəmbəyaz işıq saçırdı. Otağın iki divarı tamamilə pəncərələrdən ibarət idi. Bahar günəşi maneəsiz içəri dolaraq şüşə dolabları, polad alətləri bərq vurdururdu. Pəncərələrin önündə üzərinə səliqə ilə adyal, mələfə və yastıq qoyulmuş emallı xərək dururdu.

Gənc qız rəngi qaçmış halda, olduğu yerdəcə donub qalmışdı. Alnını qəfil soyuq tər basdı. Bir teli ətli yanağına yapışmışdı. İndi artıq geri çəkilməyə yol yox idi. İstirahət otağında kiminsə: “Hələ bir histerektomiya və ya amputasiya gör, onda bilərsən”, – deməyinə gülüb keçmək asan idi. Orada, hamının içində qorxmamaq adama asan gəlirdi. Deyirdilər ki, əməliyyatxana bacısı səni o qədər buyuracaq ki, qorxmağa vaxtın belə olmayacaq; baş tibb bacısı isə öyüd verirdi ki, "ilk kəsiyə" baxmasan, hər şey yolunda gedəcək. Amma indi o otaq da, oradakı səslər də uzaq bir boşluqda əriyib yox olmuşdu; gənc qız dəhşətli bir tənhalığın ağuşunda idi. Sinir gərginliyindən doğan sancını kəsmək üçün əlini qarnına qoyub özünü sıxdı. Qurumuş alt dodağı dişlərinin arasından sürüşdü və qəfildən boğazından hıçqırtı qopdu.

Dəhlizdə qəfil ayaq səsləri və paltar xışıltısı eşidildi. Qız diksindi; guya işləyirmiş kimi təlaşla otağın o biri başına – parıldayan sterilizatorun yanına qaçdı. Baş tibb bacısı içəri girən kimi kəskin səslə onu haqladı:

– Qapını niyə açıq qoymusan? Heç düşünmürsən ki, bura əməliyyatxanadır? Gör temperatur nə qədər aşağı düşüb!

Gənc qız əl-ayağı dolaşa-dolaşa, sanki nəsə itirmiş kimi termometri lazımsız yerlərdə axtarmağa başladı. Baş tibb bacısı cihazı asanlıqla tapdı və narazı halda dodaqaltı mızıldandı:

– Tfu... temperatur iki dərəcə aşağıdır. Radiatorun klapanını bir az da aç!

Qız radiatorla əlləşə-əlləşə, qadın acıqla sözünə davam edirdi:

– Hələ də əllərini yumağa hazır deyilsən? Saçlarını yığ, qollarını da çırmala. Formana bax, lap əynindən tökülür. Kəmərini bir az sıxa bilmirsən? Tez ol!

Geniş çanağın qarşısında yan-yana durub, əllərini dezinfeksiyaedici isti suyun altında yumağa başladılar. Baş tibb bacısı bərk fırçanı dərisinə rəhmsizcəsinə sürtürdü. Sonra fırçanı gənc qıza uzadıb, ona da eyni şeyi etməsini tapşırdı. İşlərini bitirəndə hər ikisinin qolları qızarmışdı və göynəyirdi. Baş tibb bacısı sterilizatordan maşa ilə iki tənzif parçası çıxardı; birini öz üzünə, digərini isə gənc qızın sifətinə doladı. Bir anlığa ağ maskaların üstündən bir-birlərinə soyuq, nifrət dolu baxışlarla baxdılar. Gənc qız ürəyində deyirdi: “Şükür sənə, İlahi, nəhayət, o deyingən ağzı yumuldu; bəlkə, indi bir az əl çəkə məndən”.

Bu vaxt cərrah və anestezioloq içəri daxil oldular. Onlar baş tibb bacısını səmimiyyətlə salamlasalar da, gənc qıza məhəl belə qoymadılar. Bu etinasızlıq qızın özünə inamını bir az da sarsıtdı. Bədəni ona ağır və qaba görünürdü, qıpqırmızı əlləri isə yanlarında eybəcər və dəhşətli dərəcədə böyük görsənirdi. Əməliyyatxanada boğucu bir istilik vardı. Maskasının altında yanaqları od tutub yanır, tər tökürdü; tənzif maska ona ağır bir yük kimi gəlirdi. Özündən daha təcrübəli və yaşlı olan bu üç nəfərə həsədlə baxırdı. Onlar hər hərəkətlərində necə də rahat, əmin və təmkinli idilər.

Cərrah keçəl başı parıldayan, gənc və gülərüz bir adam idi. Radiatorun yanında durub əllərini bir-birinə sürtdükcə, barmaqları qeyri-adi bir təmizliklə parlayırdı. Anestezioloq isə sakit, diqqət çəkməyən yaşlı bir kişi idi. Baş tibb bacısı tənzif maskasının altından məhz cərraha gülümsəyirdi. Bayaqkı kəskin gərginliyi yoxa çıxmışdı; indi gənc qıza nə edəcəyini daha mülayim, hətta ipək kimi bir tonla başa salırdı.

Gənc qız yaşlı həkim üçün ağ xalat və maska gətirdi. Baş tibb bacısı isə uzun gecə köynəyini xatırladan xalatı cərraha tərəf uzatdı, o da qollarını cəld xalata keçirdi. Qadın xalatın boğazındakı ipləri bağlayarkən, cərrah ona tərəf əyilib nəsə pıçıldadı. Gənc qız baş tibb bacısının üzünə qəfil qan sızdığını gördü, işvəylə güldüyünü eşitdi. Cəld gözlərini yayındırdı. O keçəl kişi ilə evdə qalmış bu yaşlı qızın bir-birinə naz etməsi qızda ikrah hissi doğurdu. Onların bu qədər arxayın olmalarına, öz üzərindəki ağalıqlarına və onu sanki yoxmuş kimi saymalarına nifrət edirdi. İndi onların bu davranışlarına nifrətlə, yuxarıdan aşağı baxmaqdan qəribə bir həzz alırdı.

Lakin bu hisslərdən özü üçün bir təskinlik tapmağa macal tapmamış, dəhlizdə təkərlərin taqqıltısı eşidildi. Qızın ürəyi dəhşətli bir qorxuyla döyünməyə başladı. İki həkim və baş tibb bacısı indi nəzərlərini qapıya dikib gözləyirdilər. Günəş şüaları hər tərəfə – onların ağappaq libaslarına, cərrahın çılpaq başına və cərrahi alətlərin kəsif, soyuq, gümüşü parıltısına süzülürdü.

Xəstəni içəri gətirdilər. O, kəskin işıqdan gözlərini qıydı, əlini gözünə sipər etdi, sonra dodaqlarını isladıb boğuq, süni bir şuxluqla pıçıldadı:

– Sabahınız xeyir...

İki sanitar onu ehtiyatla qaldırıb xərəyin üstünə qoydu. Cərrah mehribanlıqla gülümsədi:

– Salam, Cəsarət. Necəsən?

Xəstə boğazındakı əsəbi xırıltını təmizləyərək, güclə cavab verdi:

– Yaxşıyam, həkim, çox sağ olun...

Baş tibb bacısı xəstəni yavaşca yastığa tərəf itələdi. Kişi çarəsiz bir təslimiyyətlə:

– Hə, belə yaxşıdır, – deyə mızıldandı.

Qadın isə kəskin, buyruq dolu bir səslə nidanı qoydu:

– Gəl bura, ay qız!

Gənc tibb bacısı sığındığı küncdən – sterilizatorun yanından ayrıldı; nə edəcəyini, öyrəndiklərini xatırlamağa çalışırdı. Baş tibb bacısı biz kimi deşici baxışlarını ona dikmişdi; qız isə tilsimlənmiş bir heyvan kimi yerində donub qalmışdı.

– Adyalı gətir!

“Bəli, bəli”, – deyə pıçıldayan qız tələsik, adyalı açıb xəstənin üstünə sərdi. Adyalın kənarlarını düzəldərkən bir anlıq bütün qorxularını unutdu, qəlbi bu tanımadığı adama qarşı sonsuz mərhəmətlə doldu. Xəstənin qırışmış, hər şeyə boyun əymiş nurani çöhrəsi vardı; gözləri uşaq baxışları kimi yazıq və sual dolu idi. Ədyalı yerinə yerləşdirib, ana nəvazişiylə pıçıldadı:

– Bax belə, narahat olmayın...

Kişi zəif səslə:

– Çox sağ ol, bacı, – deyəndə, bayaq dəhliz boyu yeriyərkən hiss etdiyi o qürur, o özünəinam yenidən qızın ruhunu sardı.

Amma yox, axı o, baş tibb bacısı deyildi; o, hələ yolun başında olan çox gənc bir qız idi. Cərrah bıçaqlarını spirtli qaba yığarkən çıxardığı o polad səsi qızın sinirlərini sanki soyuq, ölümcül bir dəniz dalğası kimi yenidən silkələdi.

İndi baş tibb bacısı xəstənin başını yastığın üzərində elə çevirmişdi ki, qız onun qulağının arxasındakı qırxılmış, çılpaq yeri gördü. Bir də onda ayıldı ki, əlində eterli sabun qabını tutub xəstəni yuyur. Sonra sterilizə olunmuş dəsmalları gətirdi; baş tibb bacısı onları yastığa, xəstənin alnına və kobud adyalın üstünə elə sancdı ki, yazıq adam tanınmaz hala düşdü. Xəstə o qədər ağlığa bürünmüşdü ki, üzünün görünən o kiçik, solğun hissəsi meyit rəngi almışdı. Gözlərini yumanda o qədər cansız görünürdü ki, gənc qızın ürəyindən bir fəryad qopdu: “Baxın! Axı bıçağınız ona toxunmamış o artıq ölüb... Onu rahat buraxın!”

Yaşlı anestezioloq gödək ayaqları ilə xəstənin baş tərəfindəki hündür kətilə dırmaşdı. Ətraf şüşə qablar, uzun qara borularla dolu idi, boynundan isə gümüşü bir maska asılmışdı. O, maskanı ehtiyatla xəstənin burnuna qoyub, alçaq, mehriban səslə:

– İndi rahat nəfəs al, – dedi.

Lakin elə həmin an xəstə can hayına düşdü; nəfəsi boğazında tıxandı, adyalın üstündə hərəkətsiz duran əlləri qıc olaraq havada çırpınmağa başladı. Baş tibb bacısı işini bilən adam ədasıyla irəli atıldı və gözü ilə gənc qıza xəstənin əllərini tutması üçün işarə etdi.

Qız ona toxunmaqdan çəkinirdi. Bu qorxunc çarəsizlik içində vurnuxan adama duyduğu mərhəmət hissini artıq dəhşət əvəz etmişdi. Özünü anlamazlığa vurub, sevimli sığınacağı olan sterilizatorun yanında daş kimi donub qaldı; həm inadkar, həm də qorxu içində idi. Bu sükutda baş tibb bacısının səslə əmr verməsi qeyri-mümkün idi, lakin o “biz baxışlar” ağ maskanın üstündən polad kimi sərtləşdi, sonra isə zəhərli bir təhdidə çevrildi. Gənc tibb bacısı sarsıldı, bütün iradəsi qırıldı. Nəm, soyuq əlləri ilə xəstənin can dərdi ilə vurnuxan əllərindən yapışdı və onları kişinin döyünən sinəsinə bərk-bərk sıxdı.

İndi o, xəstə ilə vahid bir bədənə çevrilmişdi; adamı saran o vahimə qızın da canına vəlvələ salmışdı. Hıçqırıqlar boğazında düyünlənsə də, iradəsinin gücü ilə özünü ələ almağa çalışırdı. Qorxu dalğaları qanını ürəyinə qovur, içini vəhşi bir ikrah hissi bürüyürdü. Bu yad adama toxunmaq ona rüsvayçı və iyrənc gəlirdi. Onun qaba, kələ-kötür, üstü qısa qara tüklərlə örtülü əllərinə nifrət edirdi. Xəstənin yoğun barmaqları qızın əllərini kəlbətin kimi sıxırdı. Qız diksindi, əllərini güclə dartıb qurtararaq, bu dəfə onları kişinin biləklərindən yuxarıda, daha möhkəm qovuşdurdu. Xəstənin çabalaması getdikcə amansızlaşırdı. Bədəni elə sarsılırdı ki, sanki özünü o dar xərəkdən yerə atacaqdı. Tibb bacısı dirsəkləri ilə onun üstünə çökdü; bütün gücünün bu amansız çarpışmada tükəndiyini hiss edirdi. İndi baş tibb bacısının öyrətdiyi kimi, xəstənin qollarından yapışmışdı və bütün çəkisini onun gövdəsinə vermişdi. Kişinin boğuq iniltiləri qızın qanını dondururdu. Lakin xəstənin müqaviməti zəiflədikcə, qız özünü qəddar və qalib bir fateh kimi hiss etməyə başladı.

Nəhayət, xəstə sakitləşdi və əməliyyatxanaya ağır bir sükut çökdü. Cərrah bıçaqları ilə oynamağı dayandırmışdı. Baş tibb bacısı yerindəcə donub qalmışdı; artıq nişastalı xalatının xışıltısı belə eşidilmirdi. Anestezioloqun bozarmış başı xəstənin üzərinə sanki yuxudaymış kimi əyilmişdi. O, orada bir ruh kimi dolanırdı; elə bil xəstəyə etdiyi o tilsim bu səssiz məkanda onları izləyən hər kəsə sirayət etmişdi. Bura artıq ağır nəfəslərin ritmi və sükutla dolmuş qızılı rəngli bir röya hücrəsi idi. Günəş şüaları ağ divarlar və şüşə rəflər boyunca süzülən su damcıları kimi axırdı; eterin mürgü gətirən şirinliyi hüzurunu ətrafa yayırdı. Hava eter və yuxu ilə ağırlaşmışdı, ilıq idi.

Gənc tibb bacısı bütün ağırlığını xəstənin və xərəyin üstünə salmışdı. Qorxu canından çıxmış, yerini gərgin əzələlərini yumşaldan ağır bir süstlük almışdı. Beləcə nə qədər qaldıqlarını bilmirdi; bu an ona sonsuz və ləzzətli görünürdü. Sonra yaşlı anestezioloq sanki yenidən həyata qayıdıbmış kimi başını qaldırdı. Bir barmağı ilə xəstənin göz qapağını qaldırıb, yuxarı dikilmiş ağ bəbəyinə toxundu. Heç bir tərpəniş, heç bir etiraz yox idi. Bütün müdafiə sədləri çökmüşdü.

Anestezioloq dərindən ah çəkib kətildən aşağı düşdü. Birdən canlanan cərrah onun yerini tutdu. Mürgü gənc qızı hələ də o saxta rahatlıq pəncəsində saxlayırdı. O, əllərin və sarsılan bədənin mübarizəsindən qalib çıxmışdı; özünü çox cəsur sayır, bu qələbənin zövqünü yaşayırdı. Zəif bir zəfər hissi ilə əllərini hələ də o çarəsiz qolların üstündə saxlayaraq, rahatca dayanmışdı.

Anidən xəstənin başı yenidən çevrildi, qırxılmış dəri gün işığında parladı və bıçaq incə bir cırıltı ilə dərinin üstündən keçdi. Bir, iki... və budur, qan fışqırmağa başladı.

Küləkdə titrəyən buğda saplağı kimi gənc tibb bacısının bədəni əsməyə başladı. Boğazındakı o bərk-bərk sıxdığı düyün hıçqırıqla qopdu. Çünki o, baxmamaq lazım olduğunu unutmuşdu; heç bir müdafiəsi olmadan, sanki o bıçaq onun öz gənc bədənini, öz canını deşib keçmişdi. Həyatı damla-damla axıb gedirdi. Kiminsə səsi yarıuçuq qulaqlarına pıçıldayırdı; elə bir səs idi ki, ölüm donuqluğu canını sarsıtsa da, əgər bacarsaydı, o səsə tabe olardı: “Özünü ələ al, bacı. Hər şey yaxşı olacaq”.

Qoca qarı kimi ləngərli addımlarla, soyuq və taqətsiz ayaqları üstündə pəncərəyə tərəf süründü. Bu zəiflik, bu canındakı ölgünlük ona xoş gəlirdi. Qoy bu soyuqluq bütün vücuduna yayılsın, onu tamamilə silib yox etsin; qız bunu arzulayırdı. Həyat xəyanətdən və dəhşətdən ibarət idi, zəiflik isə hüzur verirdi... asan idi. O qorxunc insanlar və xərəyin üstündə xoruldayan o bədən artıq geridə qalmışdı. Nə ayaqlarının yerə toxunduğunu hiss edirdi, nə də əllərinin isti radiatorda olduğunu; qarşısındakı pəncərə qatı bir dumanla qaralmışdı. Qaranlıq çayda ləpələnən su otu kimi orada yellənə-yellənə müvəqqəti bir dinclik tapmışdı. Lakin gözlərindən süzülən yaşlar dumanı seyrəltməyə başladı və qız anladı ki, bu hüzur, sadəcə, bir ilğımdır. Ayaqlarını yenidən hiss etdi; əlləri isə od tutub yanır, yöndəmsiz görünürdü. Başı sanki yerinə qayıtmışdı, amma indi özünə iynə ucu qədər balaca görünürdü. Nə qədər də bezdirici idi! Bu hal onu ərköyüncəsinə qıcıqlandırırdı.

Pəncərədəki duman çəkilmişdi. Aşağıda, təpənin ətəyində uzanan balaca küçələr, bir az uzaqdakı yamacda isə qatırquyruğu çiçəkləri ilə örtülmüş düzənlik görünürdü. Alçaq kolların arasında sarı çiçəklər alov kimi yanır, gənc və nazik ağcaqayınlar zərif göy üzünə doğru boylanırdı. Hər yan, hətta ağcaqayınların yenicə çırtlamış yarpaqları belə günəşin şəfəqlərindən sapsarı idi. Belə canlandırıcı bir işıqla dolu dünyada yatmaq, yaxud ölmək qeyri-mümkün görünürdü. Gənc tibb bacısı gözlərini qırpa-qırpa donub qaldı. Xatırladı ki, cəmi iki saatdan sonra azad olacaq, bu divarlardan kənara çıxa biləcək; uşaqların, gəzintiyə çıxmış insanların, şəhər sakinlərinin arasına qarışacaqdı. Bunları düşündükcə indicə yaşadıqlarına inanmaq ona çətin gəlirdi. Əgər o düzənlik, o sarı çiçəklər həqiqətdirsə, onda arxasındakı bu insanlar sadəcə bir qarabasmadır; yox, əgər bu əməliyyatxana həqiqətin özüdürsə, o zaman adi dünyaya qayıdan yolu bir də necə tapa bilərdi?

O, hələ bu tapmacanın içində vurnuxarkən, itiləşmiş duyğuları qəfil bir taqqıltı səsi eşitdi. Əlləri yanana qədər radiatorun üstündən bərk-bərk yapışdı. Deməli, sümüyü kəsirlər... Baş tibb bacısının xəbərdarlıq etdiyi o məşum an gəlib çatmışdı. “Ah, kaş mənə ora baxmağı tapşırmasalar, hər şeyə dözərdim; bura bitənə qədər məni bu pəncərənin önündə unutsalar, sonra nə desələr, itaətlə yerinə yetirərdim”.

Xəstəxanaya qalxan yoxuşda əlində zənbil olan kök bir qadın göründü. Gənc qız ehtiraslı bir maraqla bu yeni fiquru izləməyə başladı. Elə bil öz-özünə and içmişdi: əgər o taqqıltı kəsilənə qədər bu qadını gözündən qoymasa, xilas olacaqdı. Kök qadın artıq gözdən itmək üzrə idi; bir an da keçdi və döngə onu sanki heç vaxt olmayıbmış kimi udub apardı.

Şüşə masanın üstünə qoyulan ağır bir alətin səsi otağın sükutunu pozdu.

– Yaxşıdır, – cərrahın səsi eşidildi, – Əla.

Gənc tibb bacısı dərindən nəfəs aldı. Dəhşətli nə varsa, artıq bitmişdi və pəncərədən kənardakı dünyada hələ də ümid var idi.

– Bacı, – deyə baş tibb bacısı onu bu dəfə mülayim bir tonla çağırdı.

Qız rahatlıqla əməliyyat masasına tərəf çevrildi. Bu dəfə nə bir lovğalıq, nə də bayaqkı süni zəfər hissi vardı. Çox təvazökarlıqla yaxınlaşdı və baş tibb bacısının ona uzatdığı qanlı su ilə dolu qabı götürdü. Qabı alarkən əllərinin əsmədiyini hiss etdi; içindəki şükranlıq duyğusu az qala sevincə çevrilirdi. Artıq o, sadəcə, bir müşahidəçi deyil, bu çətin sənətin bir parçası idi.

 

(Yanvar, 2026-cı il)

 

 

“Ədəbiyyat və incəsənət”

(12.06.2026)

 

“Ədəbiyyat və incəsənət” portalının Şeir saatı rubrikasında bu gün sizlərə İltimas Səmiminin şeirləri təqdim edilir.

 

İltimas SƏMİMİ

 

YOX OLAR

 

Səni xatırlayanlardan

Biri belə

Kövrəlmədi.

Yoxluğuna nə göy qaraldı,

Nə yer üşüdü.

Sənsizlik belə başladı,

Belə də ötəcək...

Doğmaların yaddaşında

Yaxasını cıran acı xatirələrin

Köz-köz sönər.

Əlləri qoynunda

Xəyallara qərq olmuş

Neçə söz

Payız yarpağı kimi soldu.

Yoxluğuna

Nə zaman dayanar,

Nə də göy üzündə günəş

Yox olar.

 

 

OYANA

 

Arzular məzarlığına dönən

Bu yarımçıq ömür

Kimindir?

Bir az göz yaşı,

Bir az da hicran qoxuyur.

Üstündən ayrılıqlar

Yol salıb,

Ölümə üz tutanlar

Ağır-ağır yeriyir.

Yaşamaq kəlməsi

Göz yaşı sıxmaqdadır.

Şirin bir yuxuya sarılıb

Ömrü bitirməyənlər

Mümkün deyil oyana.

 

 

SİLİNƏR

 

Ovcunu bərk sıx,

Yollar qaçar əlindən.

Ayağın altında  torpaq

Diksinər,

İçində yuxusu qarışmış 

Arzuların

Yarpaq-yarpaq saralar.

Təsəllin bir qarış yol,

Bir qaşıq ümiddir.

Nə yol bitir,

Nə ümid.

Bu sükut alın yazındır,

Bütün cığırlar ayrılığa aparır.

Yer üzünə kölgə tökən

Bu qaranlıq gecə

Taleyini oxuyur.

Kiri, qoy küləklər əsməsin,

Yer üzündə bütün xatirələr silinər...

 

 

ADA KİMİ

 

Sığalmı istədin?

Küləklər əsdi.

Qəfil bir yaz yağışı

Yollara süzülən

Bütün göz yaşlarını yudu.

İndi Yer üzündə

Bir "Əlvida" kəlməsi

Göyərməkdədir.

Kölgəsində tənha bir qoca

Xatirələrə qərq olub.

Qayğılardan sıxılan ürəyi

Dənizdə,

Üstündə qara ruhlar dolaşan

Kiçik bir ada kimi...

 

 

BİRCƏ XATİRƏ QALIR

 

O gözlərdən uzaq düşmək

Qəfil ölümlə

Üz-üzə gəlməkdir.

Hər şey bitmiş kimi...

Evin  bir küncünə

Qısılıb ağlamaqdan başqa

Sevənlərin əlindən

Nə gəlir ki?

Ona da vaxt olsa.

İntizar bir yandan,

Həsrət bir yandan.

Səhər nə vaxt doğuldu,

Gün nə tez ötüşdü,

Axşam nə tez düşdü?..

Sevənlərə yeltək ötən zamandan

Bircə xatirə qalır...

 

 

YAVAŞ-YAVAŞ İTƏCƏKSƏN

 

Sevdiyin insanlar da

Çıxıb gedəcək,

Yorğun baxışlarından

Heç nə duya bilməz sən.

Qaranlıq gecədə

Başının üstündən

Qara ruhlar dolaşar.

Qorxulu yuxular,

Qulağına axan səslər

Səni bir an da rahat qoymaz.

Ürəyini didən

Ölüm xofu,

Yaddaşından silinməyən

Bir nakam sevgi saçlarını yolacaq.

Sən o sevginin kölgəsində

Yavaş-yavaş itəcəksən...

 

 

AXTARMAQDADIR

 

Yorulub əldən düşdü:

Kim hansı qapıda,

Hansı tində,

Hansı küçədə?

Şəhər sükut içində,

Hava da göz yaşı

Qoxuyur.

Balıqsız dəniz kimi,

Bu şəhərin küçələrində

Bir kimsə yox.

Qara ruhlar dolaşır.

Yollar yorulub,

Bir yarpaq pıçıltısına

Həsrət qalıb elə bil.

Əllərim qaranlığa

Qərq olmuş küçələrdə

İtirdiyim günləri axtarmaqdadır...

 

 

QARA EDİB                

 

Üz tutub qarşıdakı 

O divara da

Bir kəlmə söz de.

Daşqəlbli insanlartək

Soyuqanlı...

Önündə  qan tökülsə də,

Yenə susar.

Kilidləmiş o ağ qapı

Heç kimin üzünə açılmaz.

O ağ qapıya üz tutanlar

Ümidinin hər şeydən

Üzüldüyünü bilib

Hönkür-hönkür ağlayarlar.

Elə bil dar ağacıdır,

Cəllad kötüyüdür,

Qəfil çaxan bir güllədir.

O ağ qapı ağ olsa da,

Çox insanın taleyini qara edib...

 

“Ədəbiyyat və incəsənət”

(12.06.2026)

 

 

 

 

Nigar Xanəliyeva, “Ədəbiyyat və incəsənət”

 

Türk Mədəniyyəti və İrsi Fondunun “Ədəbiyyat və incəsənət” portalı ilə birgə layihəsində bugünkü mövzumuz da marağınıza səbəb olacaq: Göytürk kitabələrində "qan" anlayışı və dövlətçilik prinsipi.

 

Türk tarixinin ən önəmli mərhələlərindən biri, Göytürklər (VI–VIII əsrlər) dövründə formalaşan ilk milli dövlətçilik sistemidir. Bu dövrə aid Orxon-Yenisey abidələri Bilgə Kağan, Kül TiginTonyukukkitabələri həm siyasi, həm də ideoloji baxımdan zəngin bir mənbədir. Bu yazılarda tez-tez qarşılanan “qan” anlayışı sadəcə bir hakimiyyət sahibi deyil, dövlətin hüquqi və mənəvi əsaslarını təmsil edən mərkəzi bir simvoldur. Bu araşdırmada "qan" (kağan) anlayışının mənşəyi, funksiyası və dövlətçilik ideologiyasındakı yeri təhlil edilir.

1. "Qan" sözünün mənşəyi və semantikası

 "Qan" sözü qədim türkcədə “kağan” və ya "xan" formalarında işlənmişdir. “Kağan” ifadəsi "hökmdarların hökmdarı", yəni imperial lider anlamında istifadə olunmuşdur. “Qan” sadəcə idarəçi yox, həm də ilahi təyinatla seçilmiş bir lider kimi qəbul edilir.

“Üze kök tengri asra yağız yir kılındukda, ikin ara kişi oglı kılınmış. Kişi oglınta üze eçüm apam Bumın qan, İstemi qan bügü qılındı.”
(Orxon abidəsi – Bilgə Kağan)

Burada Bumın Qanİstemi Qan Göy Tanrı tərəfindən xalqı idarə etmək üçün seçilmiş liderlər kimi göstərilir.

2. "Qan" və Tanrı təyinatı: Hakimiyyətin legitimliyi

Göytürk kitabələrində "qan" anlayışı göydən verilmiş bir haqq kimi təqdim edilir. Tanrı ilə qan arasındakı əlaqə dövlətin ideoloji əsaslarını formalaşdırır.

“Türük bodunqa qan olurtum. Türk tanrısı qut verən üçün…”
(Bilgə Kağan abidəsi)

Burada kağanın xalqın başına keçməsi Tanrının “qut” (uğur, ilahi lütf) verməsi ilə izah olunur. Yəni, qansız dövlət olmaz, qutsuz qan olmaz.

3. Qanlıq və dövlət strukturu

Göytürk dövlətinin siyasi strukturu ikili idarəçilik əsasında qurulmuşdu: Doğu (Baş şəhər) və Batı (ikinci bölgə). Hər ikisinə “qan” titulunu daşıyan şəxs rəhbərlik edirdi.

“Tabğaçqa qara qul bolmas üçün atam qan kəlti.”
(Tonyukuk abidəsi)

Burada atasının “qara qul” (əsir, təbəə) olmasının qarşısını almaq üçün kağanın xalqını azad etməsi qeyd edilir. Qan xalqı azad saxlayan, dövlətin təminatçısı sayılırdı.

Göytürk kitabələrində “qan” ilə “bodun” (xalq) arasında qarşılıqlı məsuliyyət vurğulanır. Yaxşı qan xalqını qoruya, dövlətini saxlaya bilər. Əgər bu balans pozularsa, dövlət dağılır.

“Qansız bodun bolmaz, bodunsuz qan bolmaz.”
(Xalq müdrikliyi – şifahi variantlarla Orxon ruhunda işlənir)

4. Qan və əxlaqi dövlətçilik ideyası

Qan sadəcə idarəçi deyil, “töre”nin daşıyıcısıdır. Töre — qədim türklərin etik, hüquqi və sosial normativ sistemidir.

“Türük töresin törütlüm.”
(Bilgə Kağan kitabəsi)

Burada qan özünü töre qurucusu, yəni qanun yaradan lider kimi təqdim edir. Bu anlayış Orta Asiyada "qanunla idarəetmə" fikrinin çox qədimdən mövcud olduğunu göstərir.

5. Simvolik və semiotik təhlil

Simvol

İzah

Dövlətçilikdə funksiyası

Qan

İlahi təyinatlı lider

Qutun daşıyıcısı, xalqın atası

Qut

Tanrının verdiyi lütf

Hakimiyyətin legitimliyi

Töre

Ənənəvi hüquq və etik sistem

Qanın əsaslandığı hüquqi baza

Bodun

Xalq, cəmiyyət

Qanın və dövlətin varlıq səbəbi

 

6. Müasir baxış və əhəmiyyəti

Göytürk kitabələrindəki “qan” anlayışı, türk siyasi düşüncəsində ilahi, əxlaqi və milli əsasların birləşməsi kimi ortaya çıxır. Müasir dövlətdə də bu yanaşmaların izlərini görmək olar: dövlət başçısı sadəcə idarə edən deyil, həm də xalqın mənəvi-siyasi simvolu olmalıdır.

Göytürk kitabələri bizə göstərir ki, türk dövlətçilik prinsipi sadəcə gücə və hakimiyyətə əsaslanmır, əksinə, Tanrı iradəsi, əxlaq, qanunxalq sevgisi kimi yüksək dəyərlər üzərində qurulub. “Qan” bu sistemin mərkəzi fiquru olaraq həm hüquqi, həm də mənəvi lider funksiyasını yerinə yetirir. Bu baxımdan, "qan" anlayışı qədim türk dünyagörüşünün və dövlət fəlsəfəsinin ən dəyərli simvollarından biridir.

 

“Ədəbiyyat və incəsənət”

(12.06.2026)

 

Kənan Məmmədli,

“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi

 

Həmin gün insanlar küçələrə çıxıb əliyalın halda azadlığı dişinə kimi silahlanmış rus əsgərləri qarşısında müdafiə etdilər. Soyuq yanvar günü idi, yanvarın 19-dan 20-nə keçən gecə idi...

Qanına qəltan edilənlərdən biri də sovet rejimindən ən çox çəkmiş əslən Qərbi Azərbaycandan olan bir gənc idi...

 

"Bakı müharibədən çıxmış şəhəri xatırladırdı. Anamla indiki "20 Yanvar" dairəsindən keçərkən yerdə bir qan gölməçəsi gördük. Anam dayanıb qana baxdı. Təəccüblə dedi ki, bu nə doğma qandır… Sonradan, lap sonradan öyrəndik ki, bu qan, doğrudan da çox doğma qan imiş…" – bu isə onun qardaşının açıqlamasıdır.

 

Bu gün 20 Yanvar şəhidi İlham Allahverdiyevin doğum günüdür. Bir müddət ölkədə Sevgililər gününü məhz İlamla və onun şəhid olmasına dözməyərək intihar edən sevgilisi Fərizəyə həsr etmək barədə fikirlər dolaşmışdı mediada. Bu, gözəl təklif idi. Amma əfsus ki, dəstəklənmədi…

 

İlham 1962-ci il iyunun 12-də Ağdam rayonunda anadan olmuşdu. Əvvəlcə oradakı 1 saylı, sonradan Bakıdakı 54 saylı orta məktəbdə təhsil almışdı. Atasını çox erkən itirmişdi. Bakıda müəyyən müddət yaşadıqdan sonra Ağdamda yaşayan nənəsinə həyan olması üçün onun yanına göndərilmişdi. İlham Ağdamda həm zavodda işləyir, həm də nənəsinin qayğısına qalırdı.

1980–82-ci illərdə Latviyada hərbi xidmət keçir. Xidmətini başa vurandan sonra Bakıya qayıdan İlham Dadaş Bünyadzadə adına gəmi təmiri zavodunda tornaçı işləyir. İşləyə-işləyə həm də Bakı Texniki Texnikumunu bitirir.

1989-cu ildə subay olan İlhamın evlənməsi məsələsi Allahverdiyevlər ailəsinin gündəminə gəlir. İlham ailəsinin təklif etdiyi qızların heç birinə razı olmayıb, bacısı ilə bir sinifdə oxumuş Fərizənin adını çəkir. 1989-cu il martın 19-da nişanları olur.

İyunun 30-da toyları olur. (Əvvəldə bəhs etdiyim bu cütlüklə bağlı Sevgililər gününün də məhz 30 iyunda keçirilməsi təklif olunurdu).

1990-cı ilin yanvarında alovlu vətənpərvər olan İlham işğalçı sovet qoşununun Bakıya soxulmasını heç cür həzm edə bilmirdi. Yanvarın 19-da o, Fərizəni yaşadıqları evdən götürüb, anasının yanına aparır. Fərizənin təhlükəsizliyinə əmin olandan sonra əyninə qara paltar geyinib, qardaşı oğlu Əjdəri də öpüb, evdən çıxır. Axşama yaxın İlham qardaşı Elxanla "Şamaxinka" deyilən ərazidə görüşürlər. İlham və onun dostları barrikadada qalan soydaşlara yardım üçün gedəndə indiki 20 Yanvar dairəsində atəş aça-aça gələn tanklarla qarşılaşırlar.

 İnsanları qətlə yetirəcəklərini görən İlham silahsız insanlara güllə atmamaları üçün əlini qaldırıb tankın qarşısna çıxır. Sovet ordusunun əsgərləri İlhamı güllələyirlər. Müdaxilə edilsə də onu həyatda tutmaq mümkün olmur, o, 20 yanvar 1990-cı ildə şəhid olur.

 

Səhər tezdən qardaşı Elxan anası ilə birlikdə İlhamın axtarışına çıxırlar. Elxan daha sonra xatırlayacaqdı:

"Bakı müharibədən çıxmış şəhəri xatırladırdı. Anamla indiki "20 Yanvar" dairəsindən keçərkən yerdə bir qan gölməçəsi gördük. Anam dayanıb qana baxdı. Təəccüblə dedi ki, bu nə doğma qandır… Sonradan, lap sonradan öyrəndik ki, bu qan, doğrudan da çox doğma qan imiş… "

Onlar İlhamı həmin günü Respublika Klinik Xəstəxanasında tapırlar.

İlhamın vurulduğunu ilk hiss edən isə Fərizə olur, güllələr atılanda İlhamı vurduqlarını deyir. 

 

İlham və Fərizə 

 

Hər xalqın tarixində unudulmaz səhifələr, qəlbə dağ çəkən günlər olur. Azərbaycanın müasir tarixində bu cür acı dolu, eyni zamanda qürurverici günlərdən biri də 20 Yanvar faciəsidir. Həmin gecə təkcə torpaqlar deyil, könüllər də qan ağladı. Amma bu gecənin ən simvolik və ürəkləri titrədən hekayələrindən biri — İlham və Fərizənin eşq və vəfa dastanı idi. Bu iki gənc, sevginin ölümsüzlüyünü, vətənə olan bağlılığın insan ruhunu necə yüksəldə biləcəyini bütün dünyaya göstərdilər.

 

"Sevgi ilə başlanan ömür"

 

İlham Allahverdiyev — gənc, saf qəlbli bir vətən sevdalısı idi. Bakı Dövlət Universitetində təhsil alır, gələcəyini bu torpağın xoşbəxt sabahlarına həsr edirdi. O, yalnız bilik axtaran bir tələbə deyildi, həm də milli ruhla döyünən bir qəlbin sahibi idi. Hər dəfə "Azərbaycan" deyiləndə gözləri parlayar, ürəyi fəxrlə döyünərdi.

Fərizə Allahverdiyeva isə onun həyatının günəşi idi. Onların sevgisi sanki bir filmdən çıxmışdı — saf, təmiz, səmimi. Qısa zamanda bir-birinə bağlanan bu iki gənc ailə həyatı qurdu. Həyat yeni başlayırdı, arzular kövrək bir yaz səhəri kimi gözəldi. Gələcək planlarla dolu idi. Amma həyatın onlar üçün başqa, daha uca bir yazısı var idi…

 

"Qanlı Yanvar və İlhamın şəhadəti"

 

1990-cı il, yanvarın 20-si — Azərbaycanın qan yaddaşına çevrilən o gecə. Sovet qoşunlarının Bakıya daxil olması ilə şəhər odlara qərq oldu. Silahsız insanlara atəş açılır, qocalı-cavanlı insanlar tankların altına düşürdü. Qaranlığın içində bir millətin qüruru qanla yazılırdı.

İlham da həmin gecə vətənin fəryadını eşidənlərdən idi. O, özünü küçələrə atdı — bir əsgər kimi deyil, bir vətəndaş, bir oğul kimi. Amma bu cəhd onun son nəfəsi oldu. Güllə onun gənc sinəsini parçaladı. İlham Allahverdiyev həmin gecə şəhid oldu — öz torpağının azadlığı üçün canını qurban verən minlərlə igiddən biri…

 

"Fərizə – Eşqin şəhidi"

 

Fərizə İlhamın ölüm xəbərini eşidəndə dünya onun üçün dayanmışdı. Gözlərinin nuru, həyatının mənası, o yeni qurduğu ailə bir anda əlindən alınmışdı. Göz yaşları gözlərinə sığmadı, qəlbinin fəryadı səssizcə içini yandırdı. 

Bir neçə gün sonra, yanvarın 24-də Fərizə də bu dünyanı tərk etdi. Rəsmi səbəb ürək çatışmazlığı olsa da, xalq onu eşq şəhidi kimi qəbul etdi. O, İlhamla birgə bu dünyadan köçməyi seçdi. 

 

"Bir məzarda iki ömür"

 

İlham və Fərizə, sevginin və vətənə bağlılığın ən uca zirvəsinə yüksəldilər. Onlar Şəhidlər Xiyabanında yan-yana dəfn edildilər. Bir tabutda, bir məzarda — bir ömürü paylaşdıqları kimi bir ölümü də paylaşdılar. Qırılmış bir eşqin deyil, əbədiləşmiş bir dastanın qəhrəmanlarına çevrildilər.

Onların məzarı bu gün minlərlə insanın ziyarət yeridir. Hər çiçək, hər dua bir sevginin, bir xalqın vəfa andıdır.

 

"Əbədi sevda, əbədi yaddaş"

 

İlham və Fərizənin hekayəsi təkcə bir eşq hekayəsi deyil — bu, bir xalqın yaddaşına yazılmış əbədi izdir.

Azərbaycan xalqı bu cütlüyü unutmadı. Çünki onların adı sadəcə bir sevda dastanı yox, 20 Yanvarın simvolu, şəhidliyin, vəfanın və milli ruhun canlı təcəssümüdür.

 

“Ədəbiyyat və incəsənət”

(12.06.2026)

 

 

Nemət Tahir,

“Ədəbiyyat və incəsənət” portalının Qarabağ təmsilçisi

 

Yəqin ki, bir çoxunuz fizika üzrə Nobel mükafatı laureatı, danimarkalı alim Nils Borun Nobel qızıl medalını alman nasistlərindən gizlətməsi tarixçəsini eşitmisiniz. Söhbət qızıl medalını ağıllı və elmi şəkildə çar arağında əridərək, onu faşistlərdən gizlətməsindən gedir.

 

Xatırlayaq ki, çar arağı spirtli içki deyil. Bu qatılaşdırılmış azot və xlorid turşularının qarışığından ibarətdir. Çar arağı qızıl və platin də daxil olmaqla bir çox kimyəvi maddələri və elementləri oksidləşdirən və həll edən güclü bir qarışıqdır.

Əslində isə bu hadisə belə olmamışdır.

Bir neçə mənbəyə müraciət edərək əsl həqiqətin necə olduğunu oxuculara çatdırmaq qərarına gəldim.

Birincisi, əridilən bir yox, iki medal olmuşdur. İkincisi, bu medallar Bora aid deyildi. Üçüncüsü isə, onları turşuda gizlədən şəxs şəxsən Bor deyil, onun əməkdaşı olmuşdur. 

Almaniyada façistlərin hakimiyyəti zamanı öz ölkə vətəndaşlarına Nobel mükafatı almağı və gəzdirməyi qadağan etmişdilər. Həmin illər bir çox elm adamları üçün çətin günlər başlayır. Xüsusilə də yəhudi kökləri olan və ya yəhudiləri dəstəkləyənlər üçün.

İki alman fiziki və Nobel mükafatı laureatı – Ceyms Frank (1925-ci il mükafatı) və Maks fon Laue (1914-cü il mükafatı) müsadirə olunmaması üçün qızıl medallarının saxlanmasını Nils Bora həvalə edirlər.

Alimlər mükafatlarını Kopenhagenə göndərirlər.

Xüsusilə qeyd etmək lazımdır ki, professor Borun Kopenhagendəki nəzəri fizika İnstitutu 1933-cü ildən bəri bir çox yəhudi əsilli alman fizikləri üçün sığınacaq olmuşdur.

1940-cı ilin aprelində Almaniya Danimarkanı işğal edir. Və burada saxlanılan medalların təhlükəsizliyi Boru narahat etməyə başlayır. Üstəlik, yəhudi kökləri olan alimlərin özləri də təhlükə altında idi. Nils Borun köməyinə onun əməkdaşı, macar kimyaçısı Georg de Heveşi çatır.

Heveşi sonralar   xatırlayırdı: "Medalları gizlətməyi təklif etdim, lakin bu fikir medalların tapıla biləcəyindən ehtiyat edən Borun xoşuna gəlmədi. Ona görə də onları əritmək qərarına gəldim. Alman işğalçı qoşunları Kopenhagen küçələri ilə keçərkən, mən Ceyms Frank və Maks fon Lauenin medallarını əritməklə məşğul idim." 

Nasistlər Bor institutunu işğal edəndə orada uzun müddət və hərtərəfli axtarış aparırlar. Amma heç nə tapmayırlar. Ola bilsin ki, onlar sarı-narıncı maye olan bir kimyəvi qabı görüblər, lakin xlorun kəskin qoxusu yəqin ki, onlara qabın içindəkilərini anlamaq istəyini dayandırır. 

Müharibə bitdikdən sonra Nils Borun əməkdaşları həmin kimyəvi turşunun məhlulundan qızıl çıxarıb İsveç Kral Elmlər Akademiyasına təhvil verirlər. Orada isə yeni Nobel medalları hazırlanır və Maks fon Laue və Ceyms Franka yenidən təqdim edilir. 

Beləliklə, fizik Nils Bor və kimyaçı Heveşinin sayəsində dəyərli elmi mükafatın ikinci doğuluşu baş verir.

 

“Ədəbiyyat və incəsənət”

(12.06.2026)

 

1 -dən səhifə 2936

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.