ASAN Süni İntellekt platformasının (ASAN AI Hub) açılış mərasimi keçirilib

 

2 dekabr 2025-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin təşəbbüsü ilə yaradılan ASAN Süni İntellekt platformasının (ASAN AI Hub) təqdimetmə mərasimi keçirilib. 

 

“Ədəbiyyat və incəsənət”

portalına ASAN-dan verilən məlumata görə, platformanın (https://asanhub.ai/) əsas məqsədi Azərbaycanda süni intellekt (Sİ) sahəsində  tədqiqatçıları, dövlət qurumlarını, özəl sektoru və fərdi istifadəçiləri vahid rəqəmsal platformada bir araya gətirməkdir. ASAN AI Hub açıq innovasiyanı təşviq edəcək və dövlət qurumları, özəl sektor və universitetlər arasında körpü rolunu oynayacaq. Texnoloji problemlər platformada açıq elan ediləcək və tələbələr, akademiklər, sahibkarlar, eləcə də ictimai təşkilatlar öz həlləri ilə müraciət edərək mükafat fondu uğrunda rəqabət aparmaq imkanı əldə edəcəklər. 

 

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev platformanın ölkənin süni intellekt ekosistemi üçün əhəmiyyətini vurğulayıb.

 

Bildirib ki, ASAN AI Hub Prezident İlham Əliyevin Azərbaycan Milli Elmlər Akademiyasının 80 illik yubileyinə həsr olunmuş yığıncağındakı çıxışı zamanı səsləndirdiyi göstərişinə uyğun olaraq yaradılıb.  Platforma dövlət

xidmətləri sektorunu, biznes subyektlərini, elmi-tədqiqat mərkəzlərini, startap ekosistemini

birləşdirir və süni intellekt əsaslı həllərin hazırlanmasında körpü rolunu oynayır.

 

Sonra Azərbaycan Respublikasının iqtisadiyyat nazirinin müavini Sahib Ələkbərov,

Azərbaycanın Respublikasının rəqəmsal inkişaf

və nəqliyyat nazirinin müavini Samir Məmmədov ASAN AI Hub-ın rəqəmsal transformasiya, iqtisadi inkişaf və elmi potensialın gücləndirilməsi baxımından önəmini qeyd ediblər.

 

14 milyonluq bir icmaya sahib olan, hər kəs üçün əlçatan öyrənmə, tətbiq və böyümə imkanları təqdim edən qlobal süni intellekt platforması “GenAI Works”un Baş direktoru və həmtəsisçisi Steve Nouri isə  “Günümüzdə generativ süni intellekt, 2025” mövzusunda çıxış edərək qlobal trendlər, texnoloji inkişaf və süni intellektin tətbiq imkanları haqqında məlumat verib.

 

Tədbir çərçivəsində ASAN AI Hub ilə "Apolitical", "Breakthrough Social Enterprise" və "GenAI Works" arasında anlaşma memorandumları imzalanıb. Bu əməkdaşlıqlar mərkəzin beynəlxalq innovasiya ekosisteminə inteqrasiyasını gücləndirəcək.

 

Sonra “Süni intellektdə Açıq İnnovasiya: Hər kəs üçün körpü” adlı panel müzakirəsi keçirilib. Panelin spikerləri qismində ASAN AI Hub-ın rəhbəri Ləman İbrahimova, “GenAI Works”un Baş direktoru və həmtəsisçisi Steve Nouri, Edinburq Maliyyə İnnovasiyaları Mərkəzinin həmdirektoru və Edinburq Universitetində maliyyə üzrə müəllimi Xaladdin Rzayev və Tsinghua Universitetinin İnformasiya İncəsənəti və Dizayn fakültəsinin dosenti Fu Zhiyong spikerlər qismində çıxış ediblər. “Apolitical” təşkilatının Partnyorluqlar üzrə direktoru Katherine Miller Weberin moderatorluğu ilə keçirilən paneldə açıq innovasiya modelləri, dövlət–özəl sektor əməkdaşlığı, inklüzivlik və məsuliyyət prinsipləri ilə bağlı müzakirələr aparıblar.

 

“Ədəbiyyat və incəsənət”

(03.12.2025)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.