“Təsviri incəsənətdə Qərbi Azərbaycan hekayəsi” mövzusunda rəsm müsabiqəsinin yekun sərgisinin açılışı olub

 

Qərbi Azərbaycan İcması, Azərbaycan Rəssamlıq Akademiyası və “QGallery” Qalereyasının birgə təşkilatçılığı ilə “Təsviri incəsənətdə Qərbi Azərbaycan hekayəsi” mövzusunda rəsm müsabiqəsinin yekun sərgisinin açılışı olub.

 

“Ədəbiyyat və incəsənət” portalı AzərTAC-a istinadən xəbər edir ki, rəsm müsabiqəsinin və onun yekun sərgisinin keçirilməsi ideyası Qərbi azərbaycanlıların Vətənə qayıdış istəyi və yurd həsrətindən qaynaqlanır.

 

Azərbaycan Rəssamlıq Akademiyasının rektoru, Xalq rəssamı professor Natiq Əliyev jurnalistlərə açıqlamasında bildirib ki, sərginin ekspozisiyasında rəssamlar Qərbi Azərbaycanda olan memarlıq abidələrini işğalçılar tərəfindən dağıdılmış vəziyyətdə çəkiblər. O, sərgidə, həmçinin Qərbi Azərbaycanda yaşamış mütəfəkkirlərimiz və şairlərimiz haqqında bəhs edən işlər də nümayiş olunduğunu bildirib. Mirzə Qədim İrəvaninin 200 illiyinin bu il qeyd olunduğunu diqqətə çatdıran rektor əlavə edib ki, bu yaxınlarda ona aid sərginin açılışı nəzərdə tutulur.

 

İdeya müəllifi və layihənin rəhbəri, sənətşünaslıq üzrə fəlsəfə doktoru Qalib Qasımov jurnalistlərə müsahibəsində gənc rəssamların Qərbi Azərbaycan həqiqətləri, tarixi, coğrafiyası, ədəbiyyatı, ziyaları haqqında məlumatlandırıldığını qeyd edərək oraya deportasiya olunmuş insanların qayıdış hüquqları mövzusunda əsərlər işlədiklərini bildirib.

 

"Sərginin mahiyyəti Qərbi Azərbaycan məsələsi ilə bağlı görülən işlərə bir daha ictimaiyyətin diqqətini cəlb etmək, rəssamların yaradıcılığında bu mövzuya xüsusi yer ayrılması üçün şərait yaratmaqdır", - deyə Q.Qasımov əlavə edib.

 

Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli jurnalistlərlə söhbət zamanı gənclərimizin mövzuya bu qədər həssaslığının tarixi torpaqlarımıza, qayıdışımıza çox böyük dəstək olduğunu bildirib. O, Qərbi Azərbaycandakı mədəni irsimizin gənc nəslə ötürülməsi üçün əlindən gələni edəcəyini vurğulayıb.

 

Qərbi Azərbaycan İcması, Azərbaycan Rəssamlıq Akademiyası və “QGallery” Qalereyası bu layihə çərçivəsində Ermənistanda məhv edilmiş Azərbaycan mədəni irsinin bərpası məsələsini yenidən gənc rəssamların və mədəni ictimaiyyətin diqqət mərkəzinə, gündəminə gətirməyi hədəfləyir.

 

Qeyd edək ki, layihədə 45 tələbə Qərbi Azərbaycan mövzusunda rəsm əsərləri hazırlayıb. Sərgidə 300-dən çox eskiz arasından seçilən 47 əsər nümayiş olunur.

 

“Ədəbiyyat və incəsənət”

(03.12.2025)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.