Super User
Praqada Müslüm Maqomayevin xatirəsi poeziya və musiqi ilə anılıb
Çexiyanın paytaxtı Praqada yerləşən Lapidarium Qalereyasında dünya şöhrətli müğənni və bəstəkar Müslüm Maqomayevin xatirəsinə həsr olunan “Sonetlər sevginin sinonimləridir” adlı musiqi və poeziya gecəsi keçirilib.
Bu barədə “Ədəbiyyat və incəsənət” portalına Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.
Gecədə görkəmli sənətkar Müslüm Maqomayevə həsr olunan sonet dinləyicilərdə duyğulu anlar yaşadıb. Əsəri Çexiyadakı “Natəvan” Cəmiyyətinin və Praqadakı Azərbaycan Mədəniyyət Evinin rəhbəri, tanınmış şairə Leyla Begim Cəfərova ifa edib. Bu əsər Müslüm Maqomayevin 75 illik yubileyi münasibətilə Düsseldorf və Bakıda keçirilən tədbirlərdə də səsləndirilib.
Gecənin musiqi proqramını Beynəlxalq Antonin Dvorjak və Avropa Qustav Mahler mükafatlarının laureatı, skripkaçı Aleksandr Şonert müşayiət edib. Onun məşhur “Melodiya” əsərini skripkada səsləndirməsi gecənin ən yaddaqalan anlarından olub. Natalya Şonertin fortepiano ifaları isə proqramı daha da zənginləşdirib.
Proqramda, həmçinin tanınmış jurnalist və yazıçı Boris Qoldberq, eləcə də aktrisa və şair Nataliya Volkova öz sonetlərindən parçalar təqdim ediblər.
Poeziya və klassik musiqinin bir-birini tamamladığı gecə Müslüm Maqomayevin əziz xatirəsinə ehtiramın ifadəsi ilə yadda qalıb.
“Ədəbiyyat və incəsənət”
(29.10.2026)
Müşfiq şeiriyyətinin ədəbi qüdrəti
prof. Ramazan Siracoğlu,
“Ədəbiyyat və incəsənət”
Ah, mən gündən-günə bu gözəlləşən
İşıqlı dünyadan necə əl çəkim?..
Poeziya aləminə gəldiyi vaxtdan çağdaş günümüzədək diqqət mərkəzində qalan həmişəyaşar şairimiz Mikayıl Müşfiq o məşum, qanlı-qadalı repressiya illərində, bədxahları tərəfindən nə qədər unutdurulmağa çalışılsa da, Azərbaycan xalqı onu heç zaman unutmadı. 1930 - 1950-ci illərdə məqsədyönlü şəkildə məşhurlaşdırılan, populyarlaşdırılan, fəxri titullara tutdurulan, “bəh-bəh”lə təriflənib göylərə qaldırılan, cəmiyyətimizə “ilahi nemət” kimi təqdim olunan ədiblər içində Müşfiq adını bizə daha doğma və munis qılan, özümüzünküləşdirən, onu ülviləşdirən səbəb nədir görəsən? Azərbaycanın fitrəti şeiriyyətdən yoğrulmuş əbədicavan şair oğlu Mikayıl Müşfiq şeiriyyət kəhkəşanının parlaq dan ulduzudur. O kəhkəşanın ki, orada Nizami, Nəsimi, Füzuli, Sabir, Cavid və Vahid kimi parlaq səyyarələr bərq vurur. Bu yazı gənc yaşında qətlə yetirilmiş şair Mikayıl Müşfiq, adı xalqı vahiməyə salan NKVD-nin— Daxili İşlər Xalq Komissarlığının - 1937-1938-ci illərdəki fəaliyyəti və o quruma canla- başla yardım etmiş bəzi “proletar şairlər” haqqındadır.
4 iyun 1937-ci il gecəsi Bakının Nijno Priyutskaya küçəsindəki 108 saylı evin qarşısında dayanan qara rəngli M-1 markalı maşından çıxan əməliyyat müvəkkilləri Mikayıl Müşfiqin mənzilinin qapısını döydülər. Qapını Müşfiq açdı. Özünü NKVD əməkdaşı olaraq təqdim edən N. Petrunin gənc şairə barəsində həbs qətimkan tədbiri görülməsi təsbit olunmuş 508 saylı orderi göstərib amiranə tərzdə əlavə etdi: - Mənzilinizdə axtarış aparılacaq. N. Petrunin təklif gözləmədən onu müşayiət edən daha iki nəfərlə içəri keçdi və axtarış başladı. NKVD-çilər Müşfiqə aid bütün kitab- dəftərləri ələk-vələk edirdilər. Onlar Türkiyədə və İranda nəşr olunmuş nəşrlərə xüsusi diqqət yetirirdilər. Axtarışda iştirak edən A. Şevçenko adlı əməliyyatçı onunla bərabər çalışan NKVD əməkdaşı M. Mustafayevə ərəb hərfləri ilə yazılmış kitab və dərgiləri göstərib tapşırıqlar verırdi: - Bunlara diqqət et, gör harada çıxıb, adı nədir? M. Mustafayev də həmin nəşrləri nəzərdən keçirib qeyd edirdi: - T. Fikrət- “Rübabi- şikəstə”, Ə. Hamid- “Məqbər”, M. E. Yurdakul- “Cəngə gedərkən”, N. Kamal- “İntibah”, Ö. Xəyyam- “Rübailər”, Sədi Şirazi- “Gülüstan”, Ə. Firdövsi- “Şahnamə”...
Əməliyyat müvəkkilləri N. Petruninə və A. Şevçenkoya bu adlar çox məchul idi. Petrunin Mikayıl Müşfiqə tərəf baxıb donquldandı:
-Mənzilinizdə nə üçün yoldaş Stalinin, Leninin, Marksın, Engelsin, Puşkinin, Qorkinin kitabları olmadığı halda bu lazımsız kitabları dəyərli sərvət kimi xüsusi qayğı ilə saxlayırsınız? Yoxsa, onları bəyənmirsiniz?
Müşfiq gecənin bir aləmində onun mənzilinə basqın etmiş bu qaba və cahil əməliyyat işçisinin anlaya biləcəyi tərzdə cavab verməyə çalışdı:- Sadaladıqlarınızın əsərləri mənim əzbərim olduğuna görə onların kitablarını evdə saxlamağı lazım bilməmişəm.
Axtarış bir neçə saat çəkdi. Əməliyyatçılar gedərkən Müşfiqlə bərabər ona aid olan bütün kitabları, jurnalları, şəkilləri, əlyazmaları və şəxsi əşyaları da özləri ilə apardılar. Müşfiq qapıdan son dəfə çıxarkən gözlənilməz axtarışdan bərk qorxuya düşmüş ömür-gün yoldaşı Dilbər xanıma ürək-dirək verdi: - Qorxma, bu işdə nəsə bir anlaşılmazlıq olub. Dövlət və hökumətə qarşı heç bir cinayət əməlim, qanunsuz hərəkətim olmayıb. İnşallah, şöbədə hər şey aydınlaşar. Məndən nigaran olma, tezliklə qayıdacağam. Özündən muğayat ol.
Dilbər xanım da Müşfiq üçün dua etdi: ALLAHa əmanət ol.
Uydurma ittihamla NKVD təcridxanasına gətirilmiş Müşfiqə çox işgəncə veriblər. Onu nəyin bahasına olursa-olsun sındırmağa, sinfi düşmən olduğunu etiraf etməyə nail olmağa çalışıblar. Müşfiq ilk mərhələdə qeyri- insani işgəncələrə baxmayaraq barəsindəki saxta ittiham qətiyyətlə təkzib edib. NKVD cəlladı müstəntiq Q. Platonov Müşfiqi əvvəlcə inandırmağa çalışıb ki, əgər o, cinayətini etiraf etsə, o zaman ədalətli sovet məhkəməsi onun çox gənc olmasını nəzərə alcaq və maksimum 8 il həbs cəzası verəcək. Müşfiq isə israrla heç bir cinayət əməli törətmədiyini, heş bir gizli antisovet təşkilatın üzvü olmadığını bildirib. İstədiyi cavabları ala bilməyən müstəntiq Müşfiqə çox əzablar verib. Müşfiq uzun zaman ona verilən müxtəlif ağlasığmaz işgəncələrə dözüb dayanıb. İşgəncələrlə şairin iradəsini ram edə bilməyəcəyini anlayan NKVD müstəntiqi Müşfiqi həyat yoldaşı Dilbər xanımla təhdid edib və 1937-ci ilin noyabr ayının 2-də onu da tutuqlayaraq təcridxanaya gətiriblər. Dilbər xanım işgəncəyə məruz qalmış Müşfiqi görəndə ağır ruhi sarsıntı keçirib:
Görəndə Müşfiqinin məhbəsdə Dilbər üzünü,
Qançır olmuş bədənin, qanlar sığanmış gözünü,
Dağınıq saçlarını, qəddi bükülmüş belini
Qışqırıb qəşş elədi, dərhal itirdi özünü…
Müstəntiq Q. Platonov gənc şairi qəbuledilməz seçim qarşısında qoyub: “Əgər etiraf etməsən...” Çarəsiz qalan Mikayıl Müşfiq dünyalar qədər sevdiyi Dilbərini qorumaq naminə "boynuna almışdır" ki, o, sovet dövlətini devirmək istəyən əks-inqilabi təşkilatın üzvü olmuş və o təşkilatın bütün qərarlarını müntəzəm şəkildə yerinə yetirmişdir. 1937-ci ilin noyabr ayının 27-də keçirilən istintaqda İsmayılzadə Mikayıl Müşfiq özünü Azərbaycan SSR cinayət məcəlləsinin 64-cü, 70-ci və 73-cü maddələri ilə təqsirli bilmişdir. 1938-ci il yanvar ayının 5-də SSRİ Ali Məhkəməsinin 20 dəqiqəlik məhkəmə iclası Müşfiq barəsində güllələnmə hökmü vermişdir. Hökm yanvarın 6-sına keçən gecə ( ehtimal ki, Böyük Zirə - Nargin- adasında ) yerinə yetirilmişdir.
Keçmiş SSRİ-də 10 iyul 1934-cü ildən 15 mart 1946-cı ilə qədər fəaliyyət göstərmiş NKVD ( Народный Комиссариат Внутренних Дел ) 1937-1938-ci illərdə keçmiş Sovet İttifaqı ərazisində, o cümlədən Azərbaycan SSR-də, tüğyan etmiş kütləvi repressiyanın birmənalı şəkildə təşkilatçısı və icraçısıdır. Xatırlatmaq lazımdır ki, o illərdə bütün Sovet İttifaqında “staxanovçuluq” adlı gülünc bir kampaniya başlamışdı ( Donbas kömür mədənində işləyən A. Staxanov adlı bir fəhlə, guya, bir iş növbəsində 7 ton əvəzinə 102 ton kömür çıxararaq planı 15 dəfə artıq yerinə yetirmişdi). Bütün sahələrdə olduğu kimi, NKVD işçiləri də “vətənə normada nəzərdə tutulduğundan daha artıq cinayətkarı yaxalayıb zərərsizləşdirmək, kommunist əməyi zərbəçisi” adını almaq üçün canfəşanlıq göstərir, müstəntiqlər daha qısa müddət ərzində “etiraf”lar əldə etməyə səy göstərirdilər. İnsani dəyərlər, əxlaq, humanizm, ədalət onlar üçün heç nə idi. Ona görə də NKVD-yə gətirilənləri nəyin bahasına olursa-olsun “danışdırmağa”, “sındırmağa”, “cinayət əməllərini etiraf”a məcbur edirdilər. SSRİ prokuroru A. Vışinskinin söylədiyi “etiraf bütün dəlillərin şahıdır” ifadəsi NKVD müstəntiqlərinin devizinə çevrilmişdi. Qeyd olunmalıdır ki, bütün təşkilat, idarə, müəssisə və iş yerlərində cani-könüldən NKVD-yə bacardığı “köməyi” əsirgəməyən titullu və ya titulsuz adamlar mövcud idi. Onlar NKVD tərəfindən barəsində həbs qətimkan tədbiri seçilən şəxslər haqqında dərhal “ifşaedici” məlumatlar yazır, mətbuata çıxış imkanı olanlar isə, qəzetlərdə uzun sicilləmə yazaraq dünənə qədər dostluq etdikləri şəxsi ən ağlagəlməz ifadələrlə təhqir edən yazılarla, barəsində ən ağır cəza hökmü çıxarılmasını tələb edirdilər.
Azərbaycanda keçmiş zamanda, 1911-1923-cü illərdə, “Müsavat”, “İttihad”, “Əhrar” və sair partiyalarla bu və ya digər dərəcədə bağlılığı olanların hamısına, birmənalı şəkildə, güllələnmə cəzası verilmişdi. O məhkumların arasında Mikayıl Müşfiq də vardı. İ. O. Matuleviçin sədrliyi ilə SSRİ Ali Məhkəməsi Hərbi Kollegiyasının mütəmadi olaraq yerlərdə təşkil etdiyi səyyar iclaslar məhkumların və vəkillərinin iştirakı olmadan keçirilirdi. Məhkumlara, adətən, güllələnmə hökmü bildirilmirdi. Gecə yarısı onları “etap olunma” bəhanəsilə xüsusi yerə gətirir, həkim müayinəsindən keçirilmək gərəkçəsi ilə soyundurur və əllərini bağlayırdılar. Bir söz soruşmaq istəyəni dərhal “kolotuşka- toxmaq” deyilən iki kiloluq xüsusi çəkiclə və ya tüfəngin qundağı ilə başlarına vurub susdururdular. Məhkumları gecənin qaranlığında üstü brezent örtüklü maşınla dörd silahlı nəzarətçinin müşayiəti ilə sahildə dayanmış gəminin yanına gətirib oradan Böyük Zirə ( Nargin) adasına daşıyırdılar.
Oradakı silahlı nəzarətçilər məhkumları təhvil alıb onları NKVD-nin xüsusi atıcı dəstəsinin ( onlara “çistilşik (чистильщик)-təmizlikçi- deyirlərmiş ) hazır vəziyyətdə gözlədiyi yerə aparırdılar. Məhkumları üzüstə yerə yatırdıqdan sonra hökmün icrasına başlanırdı. Sonra məhkəmə həkimi qətlə yetirilənlərin gözlərini fənərlə nəzərdən keçirib ölüm aktını imzalayırdı. Əksər hallarda məhkumların cəsədlərinə ağır daş bağlayıb dənizə atırlarmış. “Bəxti gətirən”ləri toplu halında basdırırmışlar. Qətlə yetirilənlərin yaxınlarına isə yalan məlumat verir, məhkumun sürgün olunduğunu və on il məktublaşmamaq cəzası aldığını söyləyirdilər. Mikayıl Müşfiq haqqında çıxarılmış hökmün dəqiq olaraq harada icra olunduğunu müəyyənləşdirmək üçün “son dərəcə məxfi” qrifli arxiv sənədlərinin hamısının açılmasına ehtiyac var.
Xalq arasında parlaq şəxsiyyət və nadir istedad sahibi Müşfiq haqqında çox əfsanələr gəzir. Bəzi rəvayətlərə görə, guya, 1938-ci ilin yanvarında M. A. Bağırov telefonla Müşfiqlə bağlı olaraq L. P. Beriyaya zəng edib, o da “artıq gecdir” söyləyib. Xatırladaq ki, L.P. Beriya 22 avqust 1938-ci ilə qədər NKVD sistemində işləməyib və N. Yejovun zamanında fövqəlkomissarlıq olan NKVD-yə heç kim, həm də L. P. Beriya, müdaxilə edə bilməzdi. M. Bağırov və L. Beriya subordinasiyanı yaxşı bilirdilər.
Başqa bir rəvayətə görə isə, Mikayıl Müşfiqi şəxsən M. A. Bağırov özü güllələdib. Guya, Mikayıl Müşfiq ərköyün xasiyyətli, dəliqanlı cavan imiş, istədiyi cür hərəkət edərmiş, yazıçı və şairləri, hətta döyməkdən də qalmazmış. Onun bu cür hərəkət etməsi xəbəri M. Bağırova çatmış, o da əsəbiləşib “onu gözümün önündən yox edin” deyib. Çekistlər də əmri yanlış anlayıblar və Müşfiqi güllələyiblər. Tamamilə məntiqsiz fikirdir. Ali təhsilli, dərin savadlı, ictimai mühitin qayda-qanunlarını gözəl bilən, mərifət və ədəb sahibi Müşfiqi sıradan bir dəliqanlı kimi təqdim etməyə çalışanlar nə qədər də dayaz düşünürlər?! Bu iddianın hüquqi və məntiqi əsası, demək olar ki, yox dərəcəsindədir. Zənnimizcə, bu versiya 1956-cı ildən sonra Sovet dövlətinin o zamankı rəhbəri N. S. Xruşşov, SSRİ-nin baş prokuroru R. Rudenko və onun satrapı A. Çeptsovun göstərişi ilə cəmiyyət arasında M. A. Bağırova qarşı ikrah doğurmaq, onu alçaltmaq və xalqın nəzərini əsl günahkarlardan yayındırmaq məqsədilə uydurulmuşdur.
Mikayıl Müşfiq gənc olmasına baxmayaraq, cəmiyyətdə baş verən dəyişiklikləri, siyasi orientasiyanı, dövrün tələblərini çox yaxşı görür və bütün təfərrüatı ilə dərk edirdi. Onun sosializm realizmi müstəvisində, xalqlar dostluğu zəminində, o dövrün ictimai-siyasi tələbləri ilə səsləşən çox şeiri var. Müşfiqin qələminə məxsus olan “Stalin” poeması o zamankı siyasi lirikanın ən bariz nümunəsi hesab olunurdu:
Bu yeni dünyanın məhvəri sənsən,
Fəcri Lenindirsə, səhəri sənsən!
Əsrin qan qırmızı alovlarından
Qurtaran bu yazıq bəşəri sənsən…
Yaddaqalan uğurlu şeirlərinə görə Mikayıl Müşfiq respublika komsomolu mükafatı laureatına layiq görülmüşdü.
M. A. Bağırovun razılığı olmasaydı, komissiya üzvləri, çətin ki, cürət edib Müşfiqə bu mükafatı verərdilər. Mikayıl Müşfiq “Azərnəşr” kimi çox ciddi bir nəşriyyatda redaktor idi. Respublikada nəşr olunan bütün ciddi siyasi-ictimai əsərlər məhz orada nəşr olunurdu. Müşfiqə etibar edilməsəydi kim onu o vəzifəyə irəli sürə bilərdi? Bizcə, Müşfiqi NKVD qurbanına çevirənlər onun poetik istedadını, gündən-günə artan şöhrətini qısqananlar, paxıllığını çəkənlər, özlərini ona dost kimi tanıdıb ailə sirrini öyrənənlər, “partiya və vətən qarşısında proletar borcunu yerinə yetirməyə çalışanlar”, “orden-medal həvəsinə düşənlər”, “o getsə daha rəqibim qalmaz” düşüncəsiylə hərəkət edənlərdi. Axı Moskvada sovet rəsmiləri hardan bilirdilər ki, Müşfiqin həyat yoldaşı Dilbər xanım Əhməd Cavadın qardaşı qızıdır? NKVD-nin iki-üç sinif təhsili olan soldafon müstəntiqləri “Azadlıq dastanı”ndan, “Səadət nəğməsi”ndən, “Göygöl”dən, “Duyğu yarpaqları”ndan, “Küləklər”dən nə anlayırlardı axı? Məgər onların Müşfiqi oxumaq qabiliyyətləri vardı? “Bizimkilər” isə Müşfiqi NKVD-yə, Moskvaya “Müsavat” ideoloqu Əhməd Cavadın yaxın qohumu, ideoloji varisi, sinfi düşmən kimi tanıtmışdılar.
Yeri gəlmişkən, M. A. Bağırov Əhməd Cavad birinci dəfə həbs olunanda xəbər tutub onu həbsdən azad etmişdi. Bu hadisə M. A. Bağırovun ÇK-da ( Fövqəladə Komissiyada) işlədiyi vaxt olub. Bir məqamı da xatırlatmaq lazımdır ki, M.A. Bağırov bir dəfə NKVD-yə müdaxilə etmək işinə görə Stalindən xəbərdarlıq alıb. NKVD şefi Sumbatov-Topurudze M. A. Bağırovla görüşəndə necə olursa, sözarası Cavid əfəndinin NKVD tərəfindən saxlanıldığını söyləyir. M.A. Bağırov sakit tərzdə, “ailəsinə toxunmayın” deyib. Sumbatov-Topurudze də bu sözləri az sonra onun xələfi olmuş M. Rayevə çatdırır. Azərbaycan SSR NKVD-nin yeni şefi M. Rayev bu məlumatı Moskvaya, baş komissar N. Yejova xəbər verir. SSRİ prokurorluğunda məsul vəzifədə çalışan İ. O. Matuleviçin (İ. Matuleviç SSRİ Ali Məhkəməsi Hərbi Kollegiyasının sədr müavini idi) dəstəyinə arxalanan Azərbaycan NKVD-nin şefi M. Rayev gizli şəkildə N.Yejova M. Bağırov haqqında vaxtaşırı donoslar ötürür, onu məhv etmək üçün məkrli planlar hazırlayırmış.
N. Yejov Kremldə M. A. Bağırov barədə tədbir görülməsi üçün İ. V. Stalinə müraciət edərkən İ.V. Stalin, “bu gedişlə sən, yəqin, mənim də haqqımda kompromat yığırsan” - deyə istehza edib. Stalin də Bağırovla görüşəndə “Yejova bəhanələr verməyin” deyib. 1938-ci ilin 22 avqustunda L. Beriyanın SSRİ NKVD-nin birinci müavini vəzifəsinə gətirilməsi və N. Yejovun həmin ilin noyabrında vəzifədən qovulması M. A. Bağırovu faktik olaraq cəzadan xilas edib.
Mikayıl Müşfiq haqqında böhtan və iftira dolu, tənqid adı altında təhqiramiz ifadələrin baş alıb getdiyi yazıları “Kommunist”, “İnqilab və mədəniyyət”, “Yeni yol”, “Gənc işçi”, “Ədəbiyyat”, “Hücum” qəzetlərinə yazanlar, hər halda, NKVD rəsmiləri deyildi. Onların bunları yazmağa nə dərin savadları, nə də vaxtları çatardı. Müşfiqin şeirlərini öz istədikləri şəkildə yozaraq onu rus dilinə öz bacardıqları şəkildə çevirərək qəti tədbirlər görülməsi məqsədilə Moskvaya göndərənlər də özgəsi deyildi. Müşfiqin “Küləklər” şeirindəki
Ey çılğın küləklər, nəşəniz daşarkən,
Bağların şehindən mey sorub coşarkən,
Nalqıran dağları atlayıb aşarkən,
Məni də alınız, uçayım dağlara,
Könlümdə nə varsa, açayım dağlara!-
bəndinə irad tutmuşdular: “Müşfiq dağlara qaçmaq, ürəyindəki gizli fikirləri orada söyləmək istəyir. Əgər onun gizli qara niyyətləri yoxsa, nə səbəbə dağlara qalxmaq istəyir?”
1930- cu illərdə bütövlükdə muğamata, tara, kamana, qəzələ, qəsidəyə mənfur keçmişin ətalət qalığı kimi baxan, özlərini proletar ədəbiyyatının və mədəniyyətinin qızğın tərəfdarı sayan bir qrup “proletarkult”çu bolşevik ədib Müşfiqin “Oxu, tar” şeirini marksizm ideologiyasına, Lenin- Stalin partiyasına meydan oxumaq kimi anladıqlarından yuxarılara “donos” yazır, gənc şairi susdurmanın zamanı gəldiyini bildirirdi: “Sovet Azərbaycanın şəhər və kəndlərindəki sosialist reallığını görmək istəməyən averbaxçı Müşfiq kontrrevolyusyon düşüncələri ilə oxucuları çaşdırmağa, onları mühafizəkarlığa çağırır:
Gözləri qibləyə açılan hasarlı binalar
dinləmiş əzəldən səsini;
Papaqlı atalar, çadralı analar
ötürmüş sayəndə köksünü.
Düşmüşlər gah şirin, gah acı toruna,
sevinə-sevinə, qoruna-qoruna.”
Müşfiqin “Tozanaq” şeirini təftiş edən “Krıtik” imzalı bir bədxah, oxucuları həmin əsərdə gizli antisovet fikirləri olduğunu inandırmağa çalışmışdı: “Uzun zaman siyasi mənsubiyyətini gizlədərək formaca milli, məzmunca sosialist ədəbiyyatı yaradanların sıralarına daxil olan bu sinfi düşmən, sovet Bakısında baş verən cahanşümul dəyişikliyi görmür, əlindəki mənhus zərrəbinlə onda qüsurlar axtarır, proletar sinfinin çalışdığı fabrik və zavodlardan ucalan tüstünü müzir, zəhərli ünsür olaraq görür:
Yеnə toz... aman, bu toz buludları nə istər
Bilməm səndən, еy Baкı, sən еy atəş diyarı!
Sən birdən dirçəlib, birdən boy atan şəhər,
Üzərindən qovsana bu iynəli ruzgarı!..
O dilbərin... qaşları altındaкı güllər, ah,
Rəvamıdır bulansın zəhərli tozlarınla?”
Başqa bir “vətənsevər” isə Müşfiqin romantik səpkili “Kimidir” şeirində şifrəli məlumat olduğu yazmışdır:
Sevgilim əyninə yaşıl geyinmiş,
Sallanışı sərvi-çəmən kimidir.
Bu bənzətmə bir az üzdən olsa da,
Tamaşa görkəmi səmən kimidir.
“Nədən Müşfiq sevgilisini yaşıl libasda təsvir etmişdir? Bu rəngin islam dininin rəmzi olması məlum deyilmi? Əcəba, başqa rəng yoxdurmu?”
Bədxahları Mikayıl Müşfiqin məharətli təbiət təsviri verilmiş lirik “Buludlar “şeirinə əksinqilabçı çağırış mənası “tapmışdılar”:
Çünki keyfim kökdür, damağım çağdır,
Şimşək çaxdırmaya mən də hazıram,
Buludlar başında partlayacaqdır,
Könlümdə qıvrılan böyük ildırım.
“Uzun müddət maskalanaraq sıralarımıza daxil olmağı bacarmış Müşfiq öz oxucularını “Buludlar” şeirində silahlı üsyana səsləməyə də cəsarət bulmuşdur.”
O zamankı dövri mətbuatda M. Müşfiqin “Dağlar” şeirini təhlil edən bərk gedənlərdən biri məqaləsində bərk əsib-coşmuşdu:
“Dağlara çəkilən yolları müsibət və vəhşət olaraq görən, cəzasız qalacağından əmin olan, cılız düşüncəli bu səadət düşməni öz kontrrevolyusioner fikirləri ilə sovet oxucularında tərəddüd, inamsızlıq yaratmaq istəmiş, staxanovçu sovet fəhlələrini cəllad adlandırmışdır:
Aya, hanкı cəlladın pəncəsinə кеçdiniz,
Niçin böylə qəddiniz sındı, büкüldü, dağlar?...
İnsan oğlu – əzəldən o sinə dağlayandı,
Yoхsa onun хəncəri кöкsünüzə dayandı?!
Başınıza кül oldu, кönlünüz oda yandı,
Onda кi, yеrinizdə raylar çəкildi, dağlar!”
Faktlar sübut edir ki, Müşfiqi şəxsən tanıyan bəzi “həmkarları”nın yorulmaq bilmədən “dəniz kənarına” ( adamlar NKVD adını çəkməkdən ehtiyat etdikləri üçün oranı belə adlandırırdılar) ünvanladıqları məlumatlar ( oxu: donoslar ) əsasında 1937-ci ilin may ayının sonlarında Müşfiqin həbsi üçün artıq “hüquqi zəmin” yaradılmışdı.
Mətbuatda Mikayıl Müşfiqin şəxsən Mircəfər Bağırov tərəfindən həbs etdirilməsi barədə mülahizələr irəli sürülsə də bu iddia bizə inandırıcı görünmür. Zənnimizcə, respublikanın siyasi rəhbəri o qədər iş-gücün arasından Müşfiqin şeirlərini oxumağa nə vaxtı, nə də NKVD-yə onun həbs edilməsi barədə göstəriş verməyə təşəbbüsü olardı. Bəziləri düşünürlər ki, Bağırovun Müşfiqə antipatiyası varmış. Sual yaranır: M. Bağırov qeyri-adi qabiliyyəti ilə könülləri fəth etmiş gənc Müşfiqə qarşı niyə ədavət bəsləməliydi ki? 1936-cı ildə M. A. Bağırovun sədr olduğu dövlət komissiyası Azərbaycanda Sovet hakimiyyətinin qurulmasının 15 illiyi münasibətilə keçirilən şeir müsabiqəsinə Mikayıl Müşfiqin təqdim etdiyi “Səhər” poemasını "Yeddi yaxşı ədəbi əsər" mükafatına layiq görmüşdü.
Mərkəzi Komitənin ideoloji iş üzrə katibliyi respublikanın siyasi rəhbərinə çıxışlar üçün mətn hazırlayırdı. Mətn hazırlanan zaman müxtəlif sahələrin rəhbərlərindən yazılı məlumatlar tələb olunurdu. Müvafiq qurumların rəhbərliyi də tələb olunan məlumatları Mərkəzi Komitəyə təqdim edirdi. Təbii olaraq, yazıçı və şairlərin fəaliyyəti barədə məlumatları da Yazıçılar İttifaqının rəhbərliyi hazırlayırdı. Kimin hansı mövzuda, nə yazdığını, necə yazdığını Yazıçılar İttifaqından daha yaxşı kim biləcəkdi ki?
Müşfiqin şairlik qabiliyyəti qarşısında, söz meydanında aciz qalanlar, çağlayan təbinə duruş gətirə bilməyənlər Mərkəzi Komitəyə və NKVD-yə göndərdikləri məlumatlarla - “donos”larla onu təcrid edə bildilər. Təsəlliverici tərəf budur ki, Müşfiqin günahsız qanı yerdə qalmadı. Cavidi, Müşfiqi, Mümtazı, Sanılını Nəzərlini, Çobanzadəni, Xuluflunu və başqalarını xüsusi qəddarlıqla istintaq etmiş Qalustyan K.B. 22.04.1938-ci ildə Platonov Q.A. 26.08.1938-ci ildə güllələndi; Tsinman L.A. 28.11. 1937-ci ldə tutuldu, 20 il həbs cəzası aldı, 1952-ci ildə dəlixanada öldü; Azərbaycan SSR “üçlüyü”nə 10.01.1938- 11.11.1938-ci il tarixində başçılıq etmiş NKVD şefi Rayev Mixail Qriqorieviç (əsl familiyası və adı Kaminskiy Yakov Semyonoviç imiş, uzun müddət saxta sənədlərlə çalışıb ) 12. 11. 1938-ci ildə həbs olundu və 04.03.1939-cu ildə güllələndi.
1936-cı ilin mayında oxucularla görüşündə Mikayıl Müşfiqdən soruşmuşdular ki, onu ən çox qorxudan nədir? Müşfiq də bir anlığa susmuş, sonra da bu misraları söyləmişdi:
Bağdadda xurmalıqlar,
Su dibində balıqlar.
Ölüm ALLAHın əmri,
Olmaya ayrılıqlar…
4 iyun 1937-ci il gecəsi Müşfiqi Bakıdakı Nijno Priyutskaya, 108 ( keçmiş Kamo, indiki S. Rəhimov küçəsi ) ünvanında yerləşən mənzilindən alıb gedən məhbus maşını istedadlı şairi xalqdan cismən ayırsa da, mənəvi olaraq heç ayıra bilmədi. Qədirbilənlərin qəlbində Müşfiq sevgisi özünə yer tapdı. Onun adını unutdurmağa çalışanların özləri tarixin dolanbaclarında unudulub getdilər. Yazdıqları kitablar makulaturalıq oldu, məddahlıq etdikləri rejimlə bərabər özləri də tarixin tozlu arxivinə gömüldülər, ciblərində “üzvlük vəsiqəsi” gəzdirsələr də şair ola bilmədilər, qafiyəli söz yığınından ibarət olan “ədəbi irsləri” oxucusuz qaldı. Müşfiq isə hər gün daha da doğmalaşdı, daha da məşhurlaşdı. İllər nə qədər gəlib keçsə də özünün “Səməndər” şeirinin qəhrəmanı kimi, yanıb külə döndükdən sonra yenidən öz külündən ehya edən gur saçlı, şux baxışlı Müşfiq elə 29 yaşında, dodaqlarında donmuş təbəssümlə qalacaq, onu sevənlərlə bərabər daha firavan, daha məsud günlərə addımlayacaqdır.
İllər ötüb keçəcək, çevriləcək fəsil- fəsil,
Qalacaqdır yenə də amma əsilzadə əsil.
O illərdə əminəm, hər gələcək şanlı nəsil
Oxuyub yad edəcək şair Müşfiqin sözünü…
“Ədəbiyyat və incəsənət”
(28.10.2026)
Sözdən yaranan incilər – SƏDİ ŞİRAZİDƏN SON KƏLAMLAR
Əziz oxucular!
Tanınmış ictimai-siyasi xadim, yazıçı-publisist, filologiya üzrə fəlsəfə doktoru, mərhum Sadıq Murtuzayev, publisist, Əməkdar hüquqşünas Müzəffər Ağazadə və yazıçı-rejissor, publisist-jurnalist, Əməkdar incəsənət xadimi Ağalar İdrisoğlu səmavi insanların, dünya dahilərinin və Azərbaycan mütəfəkkirlərinin on mindən çox kəlamlarını, sitatlarını, aforizmlərini toplayıb, tərcümə eləyib və “Sözdən yaranan incilər” adlı çox qalın bir kitabı çapa hazırlayırlar.
“Ədəbiyyat və incəsənət” portalı olaraq həmin kəlamları, sitatları, aforizmləri səhifələrimizdə çap edirik.
İnanırıq ki, sözdən yaran bu incilər sizin xoşunuza gələcək və onları öz yaddaşınıza köçürəcək, gündəliyinizə yazacaq, dostlarınızla, yaxınlarınızla bölüşəcəksiniz.
Çünki bu incilər, hər insana lazım olan ən qiymətli sözlərdir. Onun daha yaxşı, mükəmməl kamilləşməsi üçün əvəzsiz bir məktəbdir.
SƏDİ ŞİRAZİ (1203, 1210 arası – 1292-ci illər), şair
- Düşünüb, sonra de sözü müxtəsər,
O qədər danışma “bəsdir” desinlər.
- Döyüş meydanında can versə insan,
Xoşdur, namərdliklə qoyub qaçmaqdan.
- Düzlüyü çox sevər taleyi yazan,
Görmədim düz yolda yolunu azan.
- Yaxşı da, yaman da keçər dünyada,
Çalış yaxşılıqla düşəsən yada.
- Arif ol, söhbəti müxtəsər eylə,
Uzun danışandan qaç, həzər eylə.
- Yüz əyri ox atsan olmaz dəyəri,
Bir ox at, hədəfdən getməsin əyri.
- Zəmanə dərdindən çəkmə qəm-kədər,
Səbr acı olsa da şirin bar verər.
- İnsanın qəlbini göstərməz paltar,
Yazan özü bilər, kağızda nə var.
- Düzlüyü çox sevər taleyi yazan,
Görmədim düz yolda yolunu azan.
- Oxşa könülləri, xalqı sal yada,
Təkcə öz halına qalma dünyada.
- Kim səndən qorxursa, qıl ondan həzər,
Olsan da yüz elə şəxsə bərabər.
Sədi Şirazidən soruşanda ki, “elmdə bu dərəcəyə necə çatdın?”
Cavab verir: - Heç vaxt bilmədiyim şeyi soruşmaqdan utanmadım.
“Ədəbiyyat və incəsənət”
(29.10.2026)
“Bir şair, bir şeir”də – Taleh Mansur və “İlahi xəyal”
“Ədəbiyyat və incəsənət” portalının “Bir şair, bir şeir” rubrikasında bu gün sizlərə gənc şair Taleh Mansurun “İlahi xəyal” şeirini təqdim edirik.
Taleh MANSUR
İLAHİ XƏYAL
Şeir qəlbi şah tutasan, şax qala,
Söz başını düz önündə əyəsən.
Qoşulasan ilahi bir xəyala,
Aradabir gedib ərşə dəyəsən.
Azıb yolu duman-çənə düşəsən,
Qızılgülə, yasəmənə düşəsən,
Dönüb şehə – göy çəmənə düşəsən,
Leysan olub çiçəkləri döyəsən.
Şahlar dönür, qullar dönür Allaha,
Qağayılar, qular dönür Allaha.
Ay göz yaşım, sular dönür Allaha,
Bəs nə üçün qayıtmırsan göyə sən?
Batıb-çıxan Günəş insan, Ay insan,
Toparlanıb il olmadın, ay insan,
Cavab axtar, sual vermə, ay insan,
Sən dünyada ən cavabsız niyəsən.
Doğma cismi özgə bilməz kəfənin,
Dirildəcək səni ölməz kəfənin.
Ölüb geysən, əynə gəlməz kəfənin,
Gərək onu dirigözlü geyəsən.
Yalan oldu düzdə qaçan xəyallar,
Qanad saldı quştək uçan xəyallar.
Yer üzünə ayaq açan xəyallar
Göy üzünü unutdular, deyəsən.
“Ədəbiyyat və incəsənət”
(29.10.2026)
Həm aktrisa, həm kuturoloq, həm də prodüsser
“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi
Həm aktrisa, həm kuturoloq, həm də prodüsser təqdimatı ilə söhbət kimdən gedir? Rada Nəsibovadan. Bir neçə roluna baxmaq kifayət edir ki haqqında ağızdolusu danışasan.
Rada Nəsibova 29 oktyabr 1982-ci ildə Gəncə şəhərində anadan olub. 2001-ci ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin kulturologiya fakültəsinə daxil olub, 2005-ci ildə oranı prodüserlik ixtisası üzrə fərqlənmə diplomu ilə bitirib.
2002-2007-ci illərdə Cəfər Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrında aktrisa vəzifəsində çalışıb. 2007-ci ildən indiyədək Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının aktrisası olaraq fəaliyyət göstərib. İşlədiyi müddət ərzində o, müxtəlif janrlı obrazlar yaradıb. Kinoda 2002-ci ildən fəaliyyət göstərir. 20-ə yaxın filmdə, 10-dan çox teatr tamaşasında rol alıb.
Teatr səhnəsindəki rolları
1 Oqtay Eloğlu - Sevər
2 Nəsrəddin - Pəri
3 Ağa Kərim xan Ərdəbili - Leyla
4 Təklif - Nataliya
5 Tribunal - Nadya
6 Durnalar qayıdanda - Günay
7 Məhəbbət əzabları - Reyhan
8 Kömürçü ailəsi -Mərziyyə
9 Xurşidbanu Natəvan - Təhminə
10 Mesenat - Tələbə qız
Mükafatları
6 may 2023-cü ildə və 9 may 2024-cü ildə Prezident Mükafatına layiq görülüb.
“Ədəbiyyat və incəsənət”
(29.10.2026)
Bədii qiraətin Bəhiyyə Nağıyeva zirvəsi
(Tanınmış bədii qiraətçi Bəhiyyə xanım Nağıyevanın təqdimatı)
İlqar İsmayılzadə,
fəlsəfə üzrə fəlsəfə doktoru, "Həməşəra" mətbu orqanının təsisçisi və baş redaktoru, AJB və AYB-nin üzvü, teoloq, araşdırmaçı, tərcüməçi, yazıçı-publisist.
“Ədəbiyyat və incəsənət”
Odlar Yurdu Azərbaycanın bədii qiraət sahəsində hər zaman xüsusi peşəkarlığa və xüsusilə də bənzərsiz səs tembrinə malik olan bəy və xanım nümayəndələri olmuş, bu gün də var. Heç şübhəsiz müasir dövrümüzdə onlardan xanımlar kateqoriyasına aid olan parlaq simalarından biri də Azərbaycan ədəbi mühitinə tanış, həm də əziz olan peşəkar və ilahi səs sahibi, bədii qiraətçi Bəhiyyə xanım Nağıyevadır. Bu təqdimat yazısında Bəhiyyə xanım haqqında danışacaq, onu əsasən tanımayanlara tanıtdırmağa çalışacam...
Bioqrafik məlumat:
Bəhiyyə Həsənbala qızı Nağıyeva: 1958-ci ilin iyul ayının 13-də Odlar Yurdu Azərbaycanın şimal-qərbində, Böyük Qafqaz dağlarının ətəklərində yerləşən, özünəməxsus memarlığı, qədim tarixi, zəngin mətbəxi və yumoru ilə tanınan füsunkar bir dağ şəhəri olan Şəki şəhərində dünyaya göz açıb.
Bakı şəhərində fəaliyyət göstərən 15 saylı orta məktəbdə təhsil alıb, məktəb illərində istedadı və bacarığı ilə məktəbin nümunəvi şagirdi olmuşdur. Orta məktəbdən məzun olduqdan sonra M.F.Axundov adına Azərbaycan Pedaqoji Universitetinin Rus dili və Ədəbiyyatı İnstitutuna daxil olmuş, ədəbiyyat və incəsənət sahələrinin vurğunu olduğundan Bakı Mədəni-Maarif Texnikumunun dram kollektivinə üz gətirmişdir.
Gənclik və tələbə illərindən etibarən yaradıcılığı və xüsusi istedadı ilə önə çıxmış, nümunə fəaliyyətlərinə görə təqdir edilmişdir.
Bir müddət İnşaatçılar Mədəniyyət Sarayında solist kimi fəaliyyət göstərmiş, daha sonralar xalq teatrı və müxtəlif mədəniyyət evlərinin kollektivlərinin ən fəal üzvü olmuş, dəfələrlə qiraətçi kimi müsabiqə qalibi seçilmişdir. Azərbaycan incəsənətinin Lütfi Məmmədbəyov və Həsən Əbluç kimi tanınmış simaları ilə birgə işləmişdir.
Bəhiyyə Nağıyevanın yaradıcılıq yolu radio və televiziya kanalları ilə də kəsişmiş, müxtəlif kanallarda uğurlu çıxışlar etmiş, bundan əlavə bir çox mədəni-kütləvi tədbirlərin ssenari müəllifi və aparıcısı olmuşdur. Onun ssenari müəllifi və aparıcısı olduğu tədbirlər Ulu Öndər Heydər Əliyev tərəfindən yüksək qiymətləndirilmişdir.
1991-ci ilin mart ayının 1-də Adil İsgəndərov adına Mədəniyyət Sarayında Mədəni-kütləvi şöbənin müdiri vəzifəsində işə başlamış, daha sonra həmin Sarayda Uşaq şöbəsinin müdiri vəzifəsinə təyin edilmişdir.
1999-cu ildə Qurban Abbasov adına Mədəniyyət Sarayına bədii rəhbər vəzifəsinə təyin edilmiş və bu günədək həmin vəzifəni uğurla davam etdirir.
Onun yaradıcılığında hər zaman vətən, dövlət, əsgər və insani duyğuların xüsusi yeri vardır. Tez-tez hərbi hissələrə yollanaraq vətənin və dövlətçiliyin keşiyində dayanmış əsgərlər qarşısında çıxışlar edir və əsgərlərdə ruh yüksəkliyi yaradaraq onlara mənəvi arxa olmuş və bu gün də öz müqəddəs işini uğurla davam etdirir.
Bədii qiraət sahəsinin peşəkarı olan Bəhiyyə xanım indiyədək ölkənin müxtəlif rayonlarında, o cümlədən işğaldan azad edilmiş Füzuli, Horadiz, Ağcakənd, Suqovuşan, Talış kəndi, Ağdam, Ağdərə, Tərtər, Laçın, Xankəndi və s. şəhər və kəndlərdə olmuş, öz füsünkar bədii qiraəti ilə çıxışlar etmişdir.
"Ağsu Yazarları" Ədəbi Birliyi (və ya Yazarlar Klubu)-nun üzvü, "Qoşma" Ədəbi Məclisinin və "Zərif kölgələr" Yaradıcılıq Klubunun, həmçinin, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin üzvüdür.
Rəhbərl olduğu "Xəzər" bədii qiraət dərnəyi dəfələrlə respublika üzrə keçirilən müsabiqələrin qalibi olmuşdur. Onun bədii qiraət sahəsində bir çox istedadlı tələbələri də vardır. Yetirmələri respublika və beynəlxalq səviyyədə təşkil olunan müsabiqələrdə yüksək uğurlar qazanırlar. Ailəlidir, Ramin və Kənan adlı iki vətənpər oğlu var.
Məlumat üçün qeyd etmək laızmdır ki, Bəhiyyə xanım həm də şəhid bacısıdır. Doğma qardaşı Toğrul Nağıyev Vətən Müharibəsi şəhididir. O, 2020-ci il oktyabrın 13-də Ağdərə istiqamətində gedən döyüşlərdə şəhid olmuş, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev tərəfindən ölümündən sonra "Suqovuşanın azad olmasına görə", "Cəsur döyüşçü" və "Vətən uğrunda" medalları ilə təltif olunmuşdur.
Bəhiyyə Nağıyeva bərəkətli ömrünün 50 ilə yaxın müddətini Azərbaycan mədəniyyətinə sərf etmiş ləyaqətli mədəniyyət və incəsənət xadimi olaraq 2020-ci ildəki möhtəşəm Zəfərimizdən sonra Bakı, Şəki və digər bölgələrdə şəhid ailələrinin yanında olur, şəhidlərin anım və doğum günlərinə aid tədbirlərdə fəal çıxış edir.
Mükafatları və ödülləri:
Bəhiyyə xanım indiyədək uğurlu və nümunəvi ədəbi, mədəni-ictimai fəaliyyətinə görə, çoxsaylı fəxri diplom, mükafat və fəxri ödüllərə layiq görülmüşdür. O cümlədən:
1. Azərbaycan Həmkarlar İttifaqları Konfedrasiyasının "Döş nişanı", 2007;
2. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Fəxri Fərmanı, 2011;
3. Azərbaycan Neft və Qaz Sənayesi İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin I dərəcəli Diplomu;
4. Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) Sosial İnkişaf İdarəsi Mədəniyyət və İstirahət İşləri Departamentinin Fəxri fərmanı, 2012;
5. Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin Fəxri Fərmanı, 2017;
6. Laçın bölgəsində yerləşən N saylı hərbi hissənin Fəxri Fərmanı, 2023;
7. Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Fəxri Fərmanı və "Böyük Zəfər" medalı, 2025;
8. Türkiyə Cümhuriyyəti Türk Dünyası Araştırmaları Uluslararası İlimler Akademisinin "Altın yıldız" madalyası", 2026;
9. Türk Dünyası Araştırmaları Uluslararası İlimler Akademisinin "Türk Dünyasının Fahri Kültür Adamı" Uluslararası Ödülü, 2026;
10. "Həməşəra" müstəqil elmi, tarixi, mədəni və ictimai rüblük mətbu orqanın "Həməşəra" Fəxri Diplomu, 2026 və s...
Məlumat üçün qeyd etmək lazımdır ki, bu günlərdə Bəhiyyə xanım haqqında "Ruhun ecazkar səsi: Bəhiyyə Nağıyeva" adlı bibloqrafik kitab da işıq üzü görmüşdür. Həmin kitabda ölkənin tanınmış ziyalılar, yazıçı, şair və jurnalistlərinin Bəhiyyə xanım haqqında fikirləri, ona həsr edilmiş şeirlər və xatirələr yer almışdır...
Subyektiv baxış:
Peşəkar aparıcı və bədii qiraət sahəsinin ustadı, dəyərlimiz Bəhiyyə xanım Nağıyevanın ecazkar səsi ilə səsləndirdiyi klassik və müasir şairlərin şeirləri bir başqa aləmdir. Bu, onun məlahətli və ecazkar səsi ilə yanaşı, həm də bədii qiraət sahəsində malik olduğu xüsusi peşəkarlıqdan irəli gəlir. Öz ecazkar səsi ilə qiraət etdiyi şeirlərə yeni ruh və təravət bəxş etməyi bacarır. Deyərdim ki, Bəhiyyə xanım öz bədii qiraəti ilə kitablar və kağızlar üzərində səssiz qalmış şeirlərin misralarına yeni, həm də təravətli bir can gətirməyi xüsusi ustalıqla bacaran ustad bədii qiraətçidir. "Bəhiyyə" adı ərəb sözü olub, xanımlara verilən addır. Bu ad lüğətdə aydın, parıltılı, gözəl, fəxarətli və əzəmətli (möhtəşəm) mənaları ilə izah edilir. Mənə görə, Bəhiyyə xanım Nağıyeva malik olduğu bütün dəyərləri və bədii qiraət sahəsindəki peşəkarlığı ilə Azərbaycan mədəniyyəti, incəsənəti və çağdaş Azərbaycan ədəbi mühitinə Tanrı tərəfindən bəxş edilmiş əvəzolunmaz, fəxarətli və möhtəşəm bir aydınlıq, həm də bir gözəllikdir.
Unutmayaq ki, bədii qiraət sadəcə şeiri ucadan oxumaq deyil; o, şairin misralara qoyduğu hissi, həyəcanı və ruhu dinləyiciyə ötürmək sənətidir. Bədii qiraətçinin insanı keyfiyyətləri bütün bunlarla birlikdə olanda tamamilə vəsolunmaz bir səhnə yaranır. Bəhiyyə xanım elit-ziyalı və kübar bir xanım-xatın olaraq bunu xüsusi məharət və ustalıqla həyata keçirməyi bacaran bir ustaddır. Onun bədii qiraətlərini dinlədikdə, sanki qiraət etdiklərini bütün hisləri və duyğuları ilə dərk edərək oxuduğunu təsdiq etmək mümkündür.
Bəhiyyə xanım Nağıyeva ruhun dərinliklərinə nüfuz edən ecazkar səs tembri və bənzərsiz bədii qiraət məharəti ilə müasir Azərbaycan mədəniyyətinin seçilən, həm də əvəzolunmaz simalarından biridır. Onun səsindəki ilahi məlahət, büllur və məxməri yumşaqlıq dinləyicini ilk saniyələrdən sehrli bir poeziya dünyasına qərq edir. Sənətkar səsləndirdiyi hər bir əsərin daxili ritmini və şairin keçirdiyi hissləri öz içində yaşayaraq tamaşaçıya böyük ustalıqla ötürür. Onun zərif ifasında klassik qəzəllər, fəlsəfi poeziya və zərif sevgi lirikası tamamilə yeni, canlı bir nəfəs qazanır. Məsuliyyətli yaradıcılıq yanaşması sayəsində onun dilindən səslənən misralar dinləyicilərin qəlbində və yaddaşında silinməz izlər qoyur. Televiziya ekranlarında, regional verilişlərdə və müxtəlif layihələrdəki heyranedici çıxışları geniş tamaşaçı kütləsi tərəfindən həmişə böyük rəğbətlə qarşılanır.
Bəhiyyə xanım həm də öz fəaliyyəti ilə ana dilimizin saflığını, gözəlliyini və zəngin ifadə imkanlarını nümayiş etdirən əsl nitq mədəniyyəti örnəyidir. O, zəngin yaradıcılıq yolu sayəsində milli ədəbiyyatımızın qorunub saxlanılmasına və gənc nəslə sevdilməsinə əvəzsiz töhfələr verir.
Arzu və diləklər:
Təqdimat yazımın başlığında qeyd etdiyim kimi, Bəhiyyə xanım Nağıyeva müasir Odlar Yurdu Azərbaycanda bədii qiraətin zirvəsi sayılır. O, indiyədək gözəl və bərəkətli ömrünün təxminən 50 ilini Azərbaycan mədəniyyəti, ədəbiyyatı və incəsənətinin inkişafına həsr etmiş bir fədakar, eyni halda ləyaqətli və peşəkar xanımdır. Bu baxımdan onun üçün ilk arzu və diləyim tezliklə haqq etdiyi dövlət mükafatları və fəxri adlara layiq görülməsidir. Heç şübhəsiz, bu, onun 50 illik yaradıcılığına veriləcək ən gözəl və mükəmməl qiymət olardı...
Sonda Ulu Tanrıdan əzizimiz və dəyərlimiz Bəhiyyə xanıma uzun, sağlam, mənalı və məsud ömür, yeni-yeni yaradıcılıq uğurları arzulayıram!
“Ədəbiyyat və incəsənət”
(28.10.2026)
“Sürgün sevgi” tamaşası teatra yeni əhval-ruhiyyə, yeni üslub və nəfəs gətirdi
(Tamaşa haqqında düşüncələrim)
Dünyaxanım Ağalarqızı,
yazıçı-dramaturq, jurnalist
Azərbaycan Jurnalistlər Brliyinin üzvü
58 illik maraqlı tarixə malik Sumqayıt Dövlət Dram Teatrı ilə mənim mənəvi bağlarım hələ dörd yaşımdan - 1993-cü ildən başlayır.
O illərdə bu sənət ocağı Sumqayıt Dövlət Musiqili-Dram Teatrı adlanırdı. Məhz həmin vaxt Akif Həsənoğlunun müəllifi olduğu və Əməkdar incəsənət xadimi Ağalar İdrisoğlunun quruluş verdiyi “Yanmış evin nağılı” tamaşasında baş qəhrəmanın Xalq artisti Kazım Abdullayevin qızlarından birini oynadım. Daha sonra digər tamaşalarda da uşaq rolları ilə səhnəyə çıxdım. Valideynlərimin hər ikisinin incəsənət xadimi olması səbəbindən, gözümü açandan evimizdə həmişə teatr, musiqi və sənət haqqında dərin mövzular müzakirə olunub. Uzun illər atamın yolu ilə gedib teatr rejissoru olmaq arzusu ilə yaşasam da, taleyim məni mədəniyyətin digər bir qolu olan musiqi ilə bağladı və mən xor dirijoru oldum. Lakin bu seçim məni teatrdan uzaqlaşdırmadı, teatrla olan sarsılmaz bağlarım heç vaxt qopmadı. Bu gün də atamla birlikdə tamaşaları təhlil etməkdən xüsusi zövq alıram. Fikirlərimizin üst-üstə düşdüyü və ya xırda mübahisələrin yarandığı bu mədəni fikir mübadilələri mənim üçün dünyada ən gözəl və dəyərli müzakirələrdir. Bu kiçik müqəddiməni ona görə qeyd etdim ki, əziz oxucu mənim teatr sənətinə yad bir insan olmadığımı və bu sahədən az-çox anlayışım olduğu bilinsin.
Bu yaxında Xalq şairi Sabir Rüstəmxanlının teatrın səhnəsində canlanan “Sürgün sevgi” milli faciəsi haqqında düşüncələrimi bölüşmək istəyirəm. Xalq şairinin özünün “Akademikin son əsəri” romanının motivləri əsasında qələmə aldığı bu pyes, görkəmli alim Ziya Bünyadovun keşməkeşli və böyük mübarizələrlə dolu həyatına həsr olunub. Əsərin süjet xəttinin mərkəzində ötən əsrin 30-50-ci illərində Azərbaycan xalqının məruz qaldığı amansız repressiya tarixini araşdıran Akademik Ziyad Şıxlının taleyi dayanır. Bununla paralel olaraq, pyesdə 1980-ci illərdən etibarən Ermənistanın ölkəmizə qarşı torpaq iddiaları, alovlanan Milli Azadlıq Hərəkatı və bu hərəkatı qan içində boğmaq məqsədilə 1990-cı ilin yanvarında Sovet ordusunun Bakıya yeridilməsi kimi tarixi hadisələr böyük ustalıqla canlandırılır. Bu qanlı faciə məşhur akademiki Sovet ordusunun zabiti olan doğma oğlu Valodiya ilə qarşı-qarşıya qoyur və alim bu mürəkkəb, çıxılmaz vəziyyətdən xilas yolları axtarır.
Pyesdə həmçinin 1930-cu illərdə Qazaxıstana sürgün edilmiş bir ailənin vətənə bağlılığından bəhs edən maraqlı və təsirli bir tarixçə yer alıb. Əsəri dramaturji baxımdan cəlbedici edən ən mühüm cəhət oradakı kəskin konfliktlərdir. Məlumdur ki, pyes məhz kəskin ziddiyyətlər üzərində qurulanda uğurlu alınır. Digər sevindirici hal isə müəllifin ən kiçik personajı belə dolğun bir obraz səviyyəsində işləməsidir ki, bu da aktyora öz rolunu səhnədə tam dolğunluğu ilə açmağa geniş imkan yaradır.
Tamaşanın məşq prosesini yaxından izləmiş bir şahid kimi, Ağalar İdrisoğlunun necə böyük bir səbirlə işlədiyini, aktyor heyətinin isə necə yüksək yaradıcılıq eşqi ilə məşq etdiyini vurğulamalıyam. Epizodik rollardan tutmuş baş qəhrəmanlara qədər hər kəs öz işinə son dərəcə ciddi yanaşdı və səmimiyyətlə deyə bilərəm ki, bu çətin, məsuliyyətli yaradıcılıq işinin öhdəsindən məharətlə gəldilər. Bir tamaşanın peşəkarlığı rejissorun səhnədə vahid və harmonik bir ansambl yarada bilməsindən asılıdır; bu səhnə əsərində həmin monolit harmoniya özünü tam mənası ilə büruzə verirdi. Məhz buna görə də, bir saat əlli dəqiqə davam edən tamaşanı izləyicilər böyük bir maraq və heyranlıqla izlədilər. Premyerada aktyorları tez-tez alqışlayan və “Bravo!” sədaları yüksələn tamaşaçı sevgisi, bu əsərin rəğbət qazandığının ən bariz sübutu idi.
Tamaşanın uğurlu premyerasından sonra mən quruluşçu rejissor, Əməkdar incəsənət xadimi Ağalar İdrisoğluna müraciət etdim. Ondan düz 29 ildən sonra yenidən bu teatra qayıtmasının tarixçəsini, tamaşanın rejissor üslubunu və bu səhnə əsəri haqqında ümumi təəssüratlarını bölüşməsini xahiş etdim. O, bu barədə fikirlərini mənimlə belə bölüşdü:
-Məni yenidən bu doğma səhnədə tamaşa hazırlamağa teatrın direktoru Samir Şəfiyev dəvət etdi. Düzünü desəm, ilk vaxtlar bu təklifə müəyyən tərəddüdlə yanaşırdım. Çünki tam iyirmi doqquz il əvvəl Mədəniyyət Nazirliyi ilə yaşanan bəzi administrativ konfliktlər səbəbindən öz ərizəmlə bu teatrdan ayrılmışdım. Buradan getdikdən sonra Dağıstana yollanaraq orada Musiqili-Estrada Teatr truppasını təsis etdim və üç il fəaliyyət göstərdim. Daha sonra Azərbaycana qayıdaraq bir müddət Dövlət Gənclər Teatrının quruluşçu rejissoru kimi çalışdım. 2009-cu ildə isə bu sənət ocağı Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrı ilə birləşdirildikdən sonra fəaliyyətimi orada quruluşçu rejissor vəzifəsində davam etdirməyə başladım.
Lakin bütün bunlara rəğmən, Sumqayıt teatrı mənim üçün hər zaman müqəddəs və doğma bir məkan olaraq qalıb. Çünki mənim bu divarlarla bağlarım çox dərindir: 1976–1985-ci illərdə bu teatrda aktyor, 1989–1997-ci illərdə isə bədii rəhbər və direktor vəzifələrində çalışmışam. Teatr ictimaiyyətinə yaxşı məlumdur ki, mənim rəhbərlik etdiyim dövr bütövlükdə Sovetlər Birliyinin süqutuna, xaos və hərc-mərclik illərinə təsadüf edirdi. Həmin çətin günlərdə Sumqayıt Dövlət Musiqili-Dram Teatrının var gücü ilə yaşaması və fəaliyyət göstərməsi üçün bütün bacarığımı, enerjimi səfərbər etmişdim. Təkcə bir faktı qeyd etmək kifayətdir: 1989-cu ildə mən rəhbərliyə gələndə teatrın artıq iyirmi yaşı tamam olmuşdu və bu iyirmi il ərzində cəmi altmış tamaşa hazırlanmışdı. Mənim rəhbərlik etdiyim təxminən on illik dövrdə isə biz kollektivlə birlikdə daha altmış yeni tamaşaya həyat verdik.
Bununla yanaşı, 1991-ci ildə teatrın statusunun yüksəldilərək Musiqili-Dram Teatrına çevrilməsinə nail olduq. Bu mühüm qərarın reallaşmasında Azərbaycanın o zamankı Baş naziri, hörmətli Həsən Həsənovun əvəzsiz dəstəyi oldu. Teatra əlavə səksən ştat vahidi ayrıldı və bununla da kollektivin sayı yüz səksən nəfərə çatdı. Yenilənmiş teatrın ilk musiqili səhnə əsəri dahi Üzeyir Hacıbəylinin “Arşın mal alan” operettası oldu və bu tamaşaya quruluş vermək mənim öhdəmə düşdü. Bəlkə də təvazökarlıqdan uzaq görünə bilər, lakin böyük qətiyyətlə deyə bilərəm ki, mənim rəhbərliyim dövründə teatr özünün əsl intibah dövrünü yaşadı...
Həmin illərdə şərait olduqca ağır idi. 1988-ci idən etibarən Mədəniyyət Nazirliyi tərəfindən teatrın əməkhaqqı fondu cəmi yetmiş beş faiz həcmində maliyyələşirdi; qalan iyirmi beş faizini teatr özü qazanmalı idi. Üstəlik, teatrlar üçün ənənəvi olaraq beş tamaşanın hazırlanmasına ayrılan quruluş xərcləri də tamamilə kəsilmişdi. Bu səbəbdən ölkədəki teatrların demək olar ki, hamısı iflic vəziyyətinə düşmüşdü. Lakin biz ruhdan düşmədik. Sumqayıtın o zamankı rəhbərləri -hamımızın ağsaqqal kimi qəbul etdiyimiz mərhum Zülfü Hacıyev, mənim yaxın dostlarım Eldar İsmayılov və Şakir Abışovun böyük dəstəyi, eləcə də şəhərin nəhəng zavod direktorlarının köməkliyi sayəsində teatrı ayaqda saxlamağı bacardıq. Maddi çətinliklərə rəğmən, hər il nəzərdə tutulan beş tamaşa əvəzinə, böyük fədakarlıq göstərərək altı-yeddi yeni səhnə əsəri ərsəyə gətirirdik. Həmin illərdə yaradıcılıq tempimiz o qədər yüksək idi ki, həftənin ən azı dörd günü axşam tamaşaları ilə izləyicilərin görüşünə gəlir, paralel olaraq beş gün də məktəblilər üçün xüsusi repertuarla çıxış edirdik. Bu işdə bizə Sumqayıt Maarif Şöbəsinin o zamankı müdirləri Əməkdar müəllim Ofelya xanım Babayeva və Vidadi Bağırov böyük dəstək göstərirdilər.
Təəssüf ki, mənim gedişimdən sonra teatr musiqili tamaşaların hazırlanması ənənəsini davam etdirə bilmədi, yaradılmış orkestr və balet truppası zamanla dağıldı. Hamımız bilirik ki, hər hansı bir dəyəri ərsəyə gətirmək, qurmaq nə qədər çətin və zaman tələb edəndirsə, onu məhv etmək, dağıtmaq bir o qədər asandır. Baş verən bu proseslər mənə mənəvi baxımdan çox ağır gəlirdi və məhz bu səbəbdən yenidən bura qayıdıb tamaşa hazırlamağa könlüm yox idi.
Lakin ötən ilin əvvəlində fərqli bir hadisə yaşandı. Tələbəm Rauf Ağakişiyev mənim vaxtilə dilimizə tərcümə etdiyim və hələ 1993-cü ildə səhnələşdirdiyim Geor Xuqayevin “Varlı ev” pyesinə müraciət etmək istədiyini bildirdi. O, əsərin baş qəhrəmanı olan Beçir rolunu canlandırmağı arzulayırdı və mən də aydın görürdüm ki, Rauf bir aktyor kimi artıq bu mürəkkəb obraz üçün tam yetişib. Maraqlıdır ki, əsərin ilk quruluşunda Rauf hələ gənc idi və Beçirin oğlu Uari obrazını böyük uğurla oynamışdı. Həmin ilk tamaşamız o qədər böyük əks-səda doğurmuşdu ki, hətta Azərbaycan Dövlət Televiziyası tərəfindən lentə alınaraq qızıl fonda daxil edilmişdi. O vaxt Beçir rolunu Xalq artisti Məzahir Süleymanov çox ustadlıqla ifa etmişdi. Ümumiyyətlə, həmin tamaşada oynayan truppanın hər bir üzvü öz rolunun öhdəsindən yüksək peşəkarlıqla gəlmişdi.
Sonradan bu pyesə ikinci dəfə Xalq artisti Firudun Məhərrəmov quruluş verdi. Bu quruluşda baş rolu oynayan Rauf Ağakişiyev Beçir obrazını son dərəcə peşəkar və təsirli şəkildə canlandırmağı bacardı. Elə bu mükəmməl ifasına görə də o, Azərbaycan Teatr Xadimləri İttifaqının təsis etdiyii nüfuzlu “Qızıl Dərviş” mükafatına layiq görüldü. Bir ustad kimi tələbəmin bu zirvəyə ucalması mənim üçün ən böyük xoşbəxtlik və qürur mənbəyidir. Üstəlik, teatrın direktoru Samir Şəfiyev bu uğurlu tamaşanın nümayişi ilə sənət ocağında mənim 75 illik yubileyimi də yüksək səviyyədə qeyd etdi. Bu yubiley gecəsi də sənətsevərlər tərəfindən çox böyük rəğbət və istiliklə qarşılandı. Məhz bu mənəvi atmosferdən sonra daxilimdə bir qərar verdim: mən də bu teatra olan mənəvi borcumu qaytarmalı idim. Yəni teatrı düşdüyü bu durğunluqdan, problemlərdən çıxarmaq üçün direktora kömək etməli idim. Beləliklə, direktor Samir Şəfiyevin əvvəlki dəvətini və təklifini qəbul etdim.
Həmin dönəmdə biz Xalq şairi Sabir Rüstəmxanlı ilə eyni vaxtda iki pyes üzərində işləyirdik. Bunlardan biri Qarabağ müharibəsinin ağrılarına həsr olunmuş “Yay tətili”, digəri isə Sabir bəyin “Akademikin son əsəri” romanının motivləri əsasında qələmə aldığı “Sürgün sevgi” pyesi idi. Qeyd edim ki, Sabir Rüstəmxanlı ilə bizim dramaturq-rejissor dialoqumuz, müştərək işimiz hər zaman çox uğurlu alınıb, bədii baxışlarımız tam üst-üstə düşür. Bu səbəbdən biz əvvəllər də onunla iki pyes işləmişdik. “Uzaq əsrlərin həqiqəti” və “Nuhun gəmisi”.
“Uzaq əsrlərin həqiqəti” pyesini mən 1988-ci ilin sonlarında, rəhbərlik etdiyim Ağdam Dövlət Dram Teatrında tamaşaya hazırlayırdım. Lakin 1989-cu ilin əvvəlində rəsmi təyinatla Ağdamdan Sumqayıt Teatrına göndərildim. Mənim gedişimdən sonra tamaşanın quruluş işlərini həmin səhnə əsərində ikinci rejissor olan Cahid Hilaloğlu öz öhdəsinə götürdü.
Cahid Hilaloğlu teatr tariximizin və milli azadlıq hərəkatımızın ən parlaq simalarından biridir. O, hələ 1960-cı illərdə sovet rejiminə qarşı çıxan ilk mücahidlərdən olmuş, üçrəngli milli bayrağımızı Qız qalasının zirvəsindən asmaq cəsarəti nümayiş etdirmişdi. Bu fədakarlığına görə həbs edilmiş və uzun illər həbsxana həyatı yaşamışdı. Azadlığa çıxdıqdan sonra isə o zamankı Azərbaycan Dövlət İncəsənət İnstitutunun rektoru, böyük ziyalı Rahib Hüseynov ona sahib çıxaraq institutun nəzdindəki Tədris Teatrına rejissor ştatına qəbul etmişdi. Mən institutda təhsil aldığım illərdə Cahid müəllimin orada quruluş verdiyi Cəfər Cabbarlının “Aydın” tamaşasını heyranlıqla izləmişdim; baş rolu Xalq artisti Mikayıl Mirzə peşəkarlıqla canlandırırdı. Sonradan Rahib Hüseynovu vəzifəsindən uzaqlaşdırıb həbs etdikdə, Cahid Hilaloğlunu da təzyiqlərlə işdən çıxartdılar. Mən isə onun necə istedada sahib olduğunu bildiyim üçün Mədəniyyət Nazirliyi ilə danışıqlar aparıb, onu Ağdam Dövlət Dram Teatrına quruluşçu rejissor ştatına gətirdim. O, həqiqətən də çox savadlı bir rejissor, dərin dünyagörüşünə malik bir şəxsiyyət idi.
Mən Ağdam teatrından getdikdən sonra kollektiv müəyyən bir yaradıcılıq böhranı yaşadı və Cahid müəllim təkbaşına tamaşanı yekunlaşdıra bilmədi. Yalnız Əməkdar artist Nazir Rüstəmov Ağdam teatrına rəhbər gəldikdən sonra tamaşanın məşqləri yenidən bərpa olundu. Beləliklə, Sabir Rüstəmxanlının “Uzaq əsrlərin həqiqəti” pyesinin premyerası 1990-cı ilin 18 yanvar tarixinə planlaşdırıldı. Biz Sabir bəylə birlikdə premyeraya getməyə hazırlaşırdıq. Lakin həmin günlərdə Bakıda və ölkədə vəziyyət son dərəcə gərgin və ağır olduğu üçün (20 Yanvar hadisələri ərəfəsi), əfsus ki, Ağdama yola düşə bilmədik... Tamaşa həmin gün cəmi bir dəfə oynanıldı. Bu səhnə əsəri Zərdüştlük dövrünə həsr olunsa da, sətiraltı mənalarla Sovet quruluşunun bütün eybəcərliklərini, repressiv mahiyyətini çılpaqlığı ilə ortaya qoyurdu. Məhz bu inqilabi ruhuna görə imperiya məmurları tamaşanın növbəti nümayişlərinə qəti qadağa qoydular. Çox keçmədən Cahid Hilaloğluna qarşı böyük basqılar başladı və bu azadlıq mücahidi müəmmalı bir şəkildə, sifarişli olduğu şübhə doğurmayan avtomobil qəzasında həyatını itirdi, onu vuran sürücü isə tapılmadı. Həmin ağır günlərdə Sabir Rüstəmxanlı mətbuatda ürək ağrısı ilə belə bir cümlə yazmışdı: “Mənim Ağdam Dövlət Dram Teatrında qoyulan “Uzaq əsrlərin həqiqəti” tamaşam da şəhid oldu”. Sonradan, 1996-cı ildə Sabir bəyin 50 illik yubileyi münasibətilə bu pyesdən parçalar, onun “Cavad xan” poeması, digər əsərləri və şeirləri əsasında “Sabir Rüstəmxanlının portret cizgiləri” adlı ədəbi-bədii kompozisiya hazırladım. Böyük rəğbətlə qarşılanan bu tamaşa da Azərbaycan Dövlət Televiziyası tərəfindən lentə alınaraq qızıl fonda daxil edildi.
Bütün bu tarixi yollardan sonra qərara gəldim ki, Sabir bəyin “Sürgün sevgi” milli faciəsini məhz doğma Sumqayıt Dövlət Dram Teatrında səhnəyə hazırlayım. Daxilən tam əmin idim ki, əsərdəki mürəkkəb Akademik obrazını Rauf Ağakişiyevdən daha mükəmməl heç kim oynaya bilməz. Həmin vaxta qədər teatrın beş-altı tamaşasına baxmışdım, oradakı gənc və istedadlı aktyor potensialı da məni məmnun etmişdi. Mənim bu təklifimi həm əsərin müəllifi, həm də teatrın direktoru böyük məmnuniyyətlə bəyəndilər və biz aprel ayının 15-də “Sürgün sevgi”nin məşqlərinə başladıq.
Lakin mən bu teatra təkcə bir pyeslə deyil, bütöv bir yaradıcı komanda, sənətkar heyəti ilə gəldim. Tamaşanın ərsəyə gəlməsi üçün müəllif Sabir bəylə yanaşı, dostum, əvvəllər də bir neçə tamaşama bənzərsiz musiqilər bəstələmiş Əməkdar incəsənət xadimi Cavanşir Quliyevi, vaxtilə Sumqayıt teatrını Musiqili-Dram Teatrı etdiyim illərdə çiyin-çiyinə çalışdığım xor dirijoru, Əməkdar müəllif Firəngiz xanım Xəlilovanı, uşaqlıq illərindən istedadına bələd olduğum baletmeystr Kamil Ağazadəni, rəssam olan tələbəm Nizami Dadaşevi və Rəssamlıq Akademiyasını bitirsə də, teatrda fərqli sahədə çalışan Osman Salmanovu prosesə cəlb etdim. Hətta bu tamaşa haqqında və onun reklamını qurmaq üçün cavanlıq dostum, mənim demək olar ki, bütün tamaşalarımın fotosunu çəkən, videosunu hazırlayan, çox maraqlı fotoqraf-jurnalist, Beynəlxalq səviyyəli “Az. Press Az” saytının yaradıcısı Rasim Sadıqovu da bu işə cəlb elədim. Hamımız böyük bir eşqlə, çiyin-çiyinə verdik. Bu yaradıcılıq marafonunda məni ən çox sevindirən məqam isə direktor Samir Şəfiyev başda olmaqla, bütün teatr kollektivinin bu tamaşanın peşəkar səviyyədə hazırlanması üçün əllərindən gələni əsirgəməməsi və göstərdikləri böyük fədakarlıq oldu.
Azərbaycanın Mədəniyyət naziri, hörmətli Adil Kərimli də bu səhnə əsərinin Xalq şairi Sabir bəyin 80 illik yubileyi münasibətilə dövlət sifarişi kimi hazırlanması barədə müvafiq əmr imzaladı və tamaşaya lazımi maliyyə vəsaiti ayrıldı. Burada bir tarixi həqiqəti mütləq dilə gətirməliyəm: mən bu günə qədər beş fərqli Mədəniyyət nazirinin dövründə çalışmışam, onlarla yaxından təmasda olmuşam. Gənclik illərimdən, hələ mərhum Zakir Bağırovun rəhbərliyi dövründən teatr sahəsində məsul vəzifələr daşımışam. Məhz Zakir müəllimin təkidindən sonra Moskvaya yollanaraq A.V. Lunaçarski adına Dövlət Teatr Sənəti İnstitutuna (indiki Beynəlxalq Teatr Akademiyası) qəbul olundum. Orada təhsil aldığım beş il ərzində bu böyük ziyalı Moskvada maddi və mənəvi çətinlik çəkməməyim üçün əlindən gələn hər köməkliyi göstərdi, maliyyə problemlərimi həll etdi. O, mənim quruluş verdiyim tamaşaları hər zaman böyük maraq və həvəslə izləyirdi. Məhz onun dəstəyi sayəsində 1986-cı ildə Ağdam Dövlət Dram Teatrının həm baş rejissoru, həm də direktoru vəzifələrinə irəli çəkildim. SSRİ Xalq artisti Adil İsgəndərovdan sonra bu iki məsuliyyətli vəzifənin eyni vaxtda bir şəxsə etibar olunması teatr tariximizdə ilk dəfə məhz mənə o zamankı Ağdam rayonunun birinci katibi Sadıq Murtuzayevin və nazir Zakir Bağırovun sayəsində qismət oldu. Digər keçmiş nazirlərimiz məndən inciməsinlər, lakin bir həqiqəti etiraf etməliyəm ki, Zakir Bağırovdan sonra ikinci əsl nazir fədakarlığını mən yalnız cənab Adil Kərimlidə görürəm. Adil müəllim son dərəcə təvazökar, sadə və səmimi bir insandır. O, bütün varlığı ilə çalışır ki, Azərbaycan mədəniyyəti və teatrları uzun illərdir davam edən bu durğunluq zolağından çıxsın, özünün keçmiş şöhrətini və əzəmətini yenidən bərpa edə bilsin. Bax, belə bir Mədəniyyət naziri hər cür alqışa və təqdirə layiqdir. Biz də öz növbəmizdə, peşəkar yaradıcılıq işimizlə əlimizdən gələni etməliyik ki, bu çətin və şərəfli sənət yolunda ona layiqincə dəstək olaq. Beləliklə, gərgin və fədakar məşqlərdən sonra biz “Sürgün sevgi” tamaşasını ərsəyə gətirib tamaşaçıların ixtiyarına verdik. Həm də teatrın çoxlu problemlərini həll etdik. Mən bu tamaşanın quruluşunda sadəcə Konstantin Stanislavski və Vladimir Nemiroviç-Dançenkonun klassik “yaşama məktəbi” prinsipləri ilə kifayətlənməmişəm; eyni zamanda Vsevolod Meyerhold və Bertolt Brextin novator üslublarından da geniş istifadə etmişəm. Məlumdur ki, Meyerholdun əsas qayəsi teatrı həyatın cansız, natüralist bir kopyası olmaqdan xilas etmək, onu hərəkət, ritm, plastika və şərtilik üzərində qurulan canlı, dinamik bir sənət növünə çevirmək idi. O, teatr aləminə yeddi böyük yenilik bəxş etdi: 1. Biomexanika sistemi: Aktyorun bədənini bir musiqiçinin əlindəki mükəmməl alət səviyyəsinə qaldırdı. 2. Səhnə tərtibatı inqilabı: Ənənəvi, statik dekorasiya anlayışını kökündən dəyişdi. 3. Şərtilik və plastika: Aktyor oyununda bədən dilinin və simvolizmin rolunu maksimum dərəcədə gücləndirdi. 4. Rejissor teatrı: Rejissorun səhnədəki bədii və yaradıcı statusunu yeni bir mərhələyə ucaltdı. 5. Dördüncü divarın sındırılması: Səhnə ilə tamaşaçı zalı arasındakı vizual və mənəvi münasibəti yenidən qurdu. 6. Yeni aktyor hazırlığı: Aktyorların fiziki və akrobatik təliminə yeni, elmi yanaşma gətirdi. 7. Avanqardizm: Müasir avanqard teatrın inkişaf yollarını açdı. Çox maraqlıdır ki, dünya teatrının digər bir dühası Bertolt Brext də səhnə sənətinə özünün yeddi unikal üsulunu gətirib: 1. Epik teatr üslubu: Qədim Şərq teatr məktəbinin bədii fəlsəfəsindən qaynaqlanan yeni bir anlayış forması yaratdı. 2. Özgələşdirmə effekti: Tamaşaçının hadisələrə emosional deyil, tənqidi baxmasını təmin etdi. 3. Sosial jest. Tamaşaya dərin ictimai və sinfi məna daşıyan fiziki hərəkət estetikasını gətirdi. 4. Nümayişkar aktyorluq: Aktyordan rolu sadəcə daxilən yaşamağı deyil, həm də onu kənardan tənqidi şəkildə təqdim etməyi tələb etdi. 5. Konstruktiv və sadə tərtibat: Səhnədə minimalizmə, şərtiliyə və funksionallığa üstünlük verdi. 6. Musiqi və zondlar: Tamaşada mahnı və musiqini süjeti kəsən bədii-analitik vasitəyə çevirdi. 7. İctimai və tərbiyəvi missiya: Teatrın cəmiyyəti dəyişdirmək gücünü genişləndirdi. Brext teatrı sosial ədalətsizliyi, müharibələri, istismarı və insan davranışlarını təhlil edən ən kəsərli vasitə hesab edirdi. O deyirdi: “Tamaşaçı zalı təkcə təsirlənərək deyil, həm də dərindən düşünərək tərk etməlidir”. Beləliklə, əgər Meyerhold aktyorun fiziki hazırlığını və səhnə plastikasını yeniləşdirmişdisə, Brext isə teatrın fəlsəfi, ictimai-tənqidi imkanlarını genişləndirmişdi. Bu mənada, Stanislavski və Nemiroviç-Dançenko teatrda emosiyaya və daxili yaşantıya, Brext isə daha çox rasionallığa və intellektual düşüncəyə önəm verirdi. Bunların hər ikisi sənət üçün eyni dərəcədə əhəmiyyətlidir; fərq sadəcə hansı təsir gücünün ön plana çəkilməsindədir. Məhz bu səbəbdən, mən “Sürgün sevgi” tamaşasını bu nəhəng sistemlərin Stanislavski, Nemiroviç-Dançenko, Meyerhold və Brext üslublarının mükəmməl bir sintezi üzərində qurdum. Ola bilər ki, bu polifonik üslub bizim teatrlarımızda yalnız ənənəvi “yaşama məktəbi”ni görməyə alışmış bəzi tamaşaçıların və ya mütəxəssislərin ilk baxışda xoşuna gəlməsin. Lakin bu sistemlərin vəhdəti dünya teatrında çox məşhurdur və qabaqcıl rejissorlar bu üslubdan ustadlıqla istifadə edirlər. Buna ən parlaq nümunə kimi Moskvadakı məşhur Taqanka Teatrını göstərə bilərəm. Teatrın banisi Yuri Lyubimov öz şah əsərlərini, xüsusilə də “Secuandan gəlmiş xeyirxah adam”, “Hamlet” və “Dünyanı lərzəyə salan on gün” tamaşalarını məhz bu sintez üslubunda ərsəyə gətirmişdi. “Lenkom” teatrının bədii rəhbəri Mark Zaxarovun vizit kartı sayılan “Yunona və Avos” və onlarla digər tamaşası da bu üslubun məhsulu idi. Böyük rejissor Georqi Tovstonoqov Sankt-Peterburq teatrında “Atların tarixi” və “Enerjili adamlar” əsərlərini bu estetika ilə hazırlamışdı. Panevejes teatrının yaradıcısı Juozas Miltinis, Gürcüstanda isə Tovstonoqovun yetirməsi Mixail Tumanaşvili bu stildən dahiyanə şəkildə istifadə edirdilər. Tumanaşvilinin sənət davamçıları olan Robert Sturua, Temur Çxeidze və Qoqo Kaftaradzenin də quruluş verdiyi tamaşalar bunun bariz sübutudur. Hətta vaxtilə Robert Sturua haqqında qələmə aldığım məqalələrdə onun özü də bu sintez üslubunun teatra gətirdiyi böyük vizual və dramaturji uğurlardan geniş bəhs etmişdi. Tale mənə elə xoşbəxtlik qismət edib ki, Moskvada təhsil aldığım illərdə Bertolt Brextin rəhbərlik etdiyi “Berliner Ensemble” teatrının repertuarında qorunub saxlanılan, sənətkarın öz quruluşundakı “Kuraj ana və uşaqları”, “Qafqaz təbaşir dairəsi” və “Qalileyin həyatı” kimi əfsanəvi tamaşaları canlı izləmək imkanım olub. Eyni zamanda Yuri Lyubimovun, Mark Zaxarovun ustad dərslərində və yaradıcılıq söhbətlərində yaxından iştirak etmişəm. Mənim bilavasitə rejissorluq müəllimim olmuş Aleksandr Aleksandroviç Barmak da bu zəngin üslubdan istifadə etməklə teatr tarixinə düşən və yaddaşlardan silinməyən unudulmaz tamaşalar hazırlamışdı.
Azərbaycanda isə bu qabaqcıl sintez üsulunun təməlini ilk dəfə mənim dostum və sənət müəllimim Mehdi Məmmədovdan sonra özümə müəllim saydığım rejissor Vaqif Abbasov qoymuşdur. Vaqif Abbasov 1974-cü ildə Moskvada Dövlət Teatr Sənəti İnstitutunun (GİTİS) Musiqili teatr rejissorluğu fakültəsini görkəmli sənətkar İosif Tumanovun sinfini bitirmişdi. Mən də 1986-cı ildə məhz həmin fakültənin məzunu oldum. Bu gün böyük fərəh hissi ilə qeyd edirəm ki, vaxtilə ustadım Vaqif Abbasov haqqında monoqrafik kitab qələmə almışam. O, 1975-ci ildə Şəki Dövlət Dram Teatrının bədii simasını məhz bu fəlsəfi sintez üslubunda formalaşdırmışdı. Sonradan bu mütərəqqi üslubun incəliklərini ondan Hüseynağa Atakişiyev, Rövşən Almuradlı və mən öyrəndik. Vaqif Abbasovun o illərdə Şəki teatrında hazırladığı Vilyam Şekspirin “Kral Lir”, Xalq şairi Nəriman Həsənzadənin “İmzalar içində” və Xalq yazıçısı Anarın “Adamın adamı” tamaşaları məhz bu estetikanın şah əsərləri idi. O, dramaturji mətni olduqca dərin və geniş təhlil etməyi bacaran çox savadlı rejissor idi. Bu maraqlı işi bizə də məhz o öyrətdi. Eyni zamanda, Xalq artisti Mərahim Fərzəlibəyovun Sumqayıt teatrında səhnələşdirdiyi “Poladəridənlər” və “Bütün Şərq bilsin” tamaşaları da bu sintez üslubunun uğurlu nümunələri idi. Maraqlıdır ki, vaxtilə “Bütün Şərq bilsin” pyesinin səhnə variantını Nəriman Həsənzadə ilə birlikdə mən işləmişdim və Mərahim Fərzəlibəyovun quruluşunda rejissor assistenti kimi fəaliyyət göstərmişdim. Mən özüm də bu günə qədərki yaradıcılığımda, quruluş verdiyim onlarla tamaşada bu sintez üslubuna müraciət etmişəm. Sumqayıt teatrında səhnələşdirdiyim Camal Yusifzadənin “Səhər qatarı”, özümün qələmə aldığım “Şah İsmayıl” tarixi faciə, Aleksandr İvaşenkonun “Uşağa bir üç yazın”, Akif Həsənoğlunun “Dünyaxanım ev axtarır”; Ağdam teatrında Alber Kamyunun “Qonaq”, Geor Xuqayevin “Qaqutsa, Babutsa, Danel, Dramanel”, Aleksandr Juxovitskinin “Şahzadə və bacatəmizləyən”; Dövlət Gənclər Teatrında “Haray”, “Tarelikinin ölümü”; Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında “Əcəl atı”, “Dörd əkizin nağılı”; Qusar Dövlət Ləzgi Teatrında “Xırs quldurbasan” və Mingəçevir teatrında “Caninin etirafı” tamaşalarını buna misal göstərə bilərəm. Qusar teatrında 2012-ci ildə quruluş verdiyim “Xırs quldurbasan” tamaşası artıq 14 ildir ki, sənət ocağının repertuarındadır və bu gün də anşlaqla oynanılır. Gənc Tamaşaçılar Teatrında 2013-cü ildə ərsəyə gətirdiyim “Dörd əkizin nağılı” tamaşası da repertuarın bəzəyidir və hər nümayişində azyaşlı tamaşaçıların böyük marağına səbəb olur. Yeni hazırladığımız “Sürgün sevgi” tamaşasında da izləyicilər şahid oldular ki, biz səhnədə ağır dekorasiyalardan imtina edərək, yalnız minimal, rəmzi atributlarla fərqli məkanlar yaradırıq. Tamaşada musiqi vizual təsvir qədər güclü aparıcı qüvvədir; həmçinin lazımi tarixi atmosferi vizual olaraq canlandırmaq üçün böyük ekranda real sənədli xronikalardan istifadə etmişik. Bu pyesdə ənənəvi, xətti dramaturji xətdən uzaqlaşıb, sərbəst və dinamik epizodların vəhdətinə əsaslanmışıq. Məlumdur ki, Bertolt Brextin epik pyesləri də məhz belə sərbəst epizodlardan ibarətdir. Epik-epizodik teatrın üstünlüyü ondadır ki, hər bir şəkil müstəqil ideya yükünə malikdir və bütöv struktur daxilində sənətkar quraşdırmasına (montajına) geniş imkanlar açır.
1977-ci ildən dramaturji fəaliyyətə başladığım ilk dövrlərdən bu üslubda yazmağa üstünlük vermişəm. Bu günə qədər qələmə aldığım 15 pyesin hamısı epizodik quruluşdadı, onlarda ənənəvi "pərdə" və "şəkil" anlayışları yoxdur. Hətta mənim “İnan mənə” adlı pyesim 1985-ci ildə bütövlükdə SSRİ üzrə 48 dramaturqun əsərləri arasından seçilərək üç ən böyük mükafatdan birinə layiq görüləndə, əminəm ki, əsərin kəskin, dramatik mövzusu ilə bərabər, məhz bu modern üslubu da münsiflər heyətinin diqqətini çəkmişdi. Sonradan istedadlı rejissor, Əməkdar artist Xəzər Gəncəli Qazax Dövlət Dram Teatrında mənim iki pyesimə “İnan mənə” və “Teleqram” əsərlərinə məhz bu sintez üslubunda quruluş verdi və hər iki tamaşa uzun illərdir böyük uğurla oynanılır. Əlbəttə, bu cür yenilikləri hər bir tamaşaçı dərhal qəbul etməyə bilər və mən bunu təbii qarşılayıram. Çünki bu forma Sumqayıt Dövlət Dram Teatrının səhnəsi və daimi izləyicisi üçün də tamamilə yeni bir nəfəs, yeni bir mərhələdir.
P. S. Bəli, artıq Sumqayıt Dövlət Dram Teatrının repertuarına Xalq şairi Sabir Rüstəmxanlının “Sürgün sevgi” milli faciəsi qızıl hərflərlə daxil oldu. İnanıram ki, bu tamaşa teatrın repertuarında özünə çox möhkəm və daimi yer tutacaq. Bu əsər təkcə Bakıda və bölgələrimizdə deyil, beynəlxalq festivallarda, xarici ölkə səhnələrində də oynanılmağa layiqdir. Çünki xalqımızın keçmişdə məruz qaldığı tarixi faciələri, repressiya ağrılarını və azadlıq mübarizəsini dünya birliyinin bilməsi olduqca vacibdir. Pyesdə də bu motivlər yüksək peşəkarlıqla öz əksini tapıb. Şübhəsiz ki, bu cür əsərlər xalqımızın milli birlik ruhunu daha da möhkəmləndirəcək, müstəqil dövlətimizi qorumaq üçün hər birimizi bir yumruq kimi sıx birləşdirəcəkdir. Axı biz bu müstəqilliyi asanlıqla qazanmamışıq; bu müqəddəs dövləti qurmaq naminə milyonlarla insanımız qətlə yetirilib, həbs olunub, sürgünlərə göndərilib. Biz bu gün onların yarımçıq qalmış arzularını, ideallarını reallaşdırmalıyıq. Bu isə yalnız sarsılmaz milli birlik sayəsində mümkündür. Biz 44 günlük Vətən müharibəsi dövründə bu milli birliyin, "Dəmir Yumruğ"un canlı şahidi olduq və xalqımız tarix yazaraq parlaq, möhtəşəm bir qələbə əldə etdi. Bu müqəddəs milli ideologiyanın ən böyük təbliğatçıları və carçıları isə məhz bizim yazıçılarımız, dramaturqlarımız və rejissorlarımız olmalıdır. Əgər sənətkarlarımız belə dərin məzmunlu tamaşalar hazırlayıb, təsirli kinofilmlər ərsəyə gətirsələr, xalqımızın milli ruhunu həmişə daha uca və səfərbər saxlamış olarlar.
“Ədəbiyyat və incəsənət”
(29.10.2026)
QUBA XAN SARAYI – mədəni irsimizi tək qorumalı deyil, həm də itirdiklərimizi bərpa etməliyik
“Ədəbiyyat və incəsənət” portalı yazıçı, Milli Məclisin deputatı Əlibala Məhərrəmzadənin olduqca maraqlı yazısını təqdim edir. Söhbət tarixə qovuşmuş Quba Xan Sarayının bərpa edilməsi perspektivləri barədədir.
“Mən çox şadam ki, Azərbaycanın qədim torpağı olan Quba inkişaf edir”.
İlham Əliyev, Azərbaycan Respublikasının prezidenti
Xalqlar min illərdir ki, öz mədəni irsini formalaşdırırlar, hər bir kəsin də ən ümdə vəzifəsi bu irsi qorumaq olur. İmtiyaz sahiblərinin, əlaqədar təşkilatların isə daha bir funksiyası müəyyən səbəblər üzündən tam itmiş, yaxud zədələnmiş, təsirə məruz qalmış artefaktları bərpa etməkdir.
Azərbaycanın ən dilbər guşələrindən biri olan Qubanın əsrlərin sınağına tab gətirə bilməyən və yer üzündən silinən Xan Sarayının aqibəti bir qubalı olaraq uşaqlıqdan məni düşündürüb, zamanəsinin bu möhtəşəm tikilisi barədə ata-babaların ürək ağrısı ilə danışdıqlarından mən də təsirlənmişəm.
Ağlım kəsəndən Qubamızı bu sarayla təsəvvür etmiş, sarayı eyni dövrdə - Xanlıqlar dövründə inşa edilmiş və dəfələrlə baş çəkdiyim Şəki Xan Sarayının ekiz tayı kimi təsəvvür etmişəm.
Quba Xan Sarayını bərpa etməklə tariximizin daha bir şanlı səhifəsini vərəqləmək imkanına malik ola bilərikmi?
Niyə də yox?
1.
Quba Xan Sarayı barədə danışmazdan öncə çox vacibdir ki, sarayın inşa edildiyi dövrə – XVIII əsrin ortalarına nəzər salaq, həmin dövrdə Quba xanlığının iqtisadi-siyasi və mədəni gücü barədə yazılan mənbələrə müraciət edək. Çünki mədəniyyət, o cümlədən də onun bir qolu olan memarlıq və şəhərsalma bilavasitə dövrün siyasi-iqtisadi mənzərəsinin təsiri ilə formalaşır.
Quba xanlığı 1726–1810-cu illərdə Azərbaycanın şimal-şərqində mövcud olmuş ən güclü tarixi feodal dövlətlərdən biri olub. Xanlığın əsasını 1726-cı ildə Hüseynəli xan qoyub. O, əvvəlcə xanlığı hakim kimi, 1747-ci ildə hakimi-mütləq olan Nadir şah Əfşarın ölümündən sonra isə müstəqil idarə etməyə başlayıb.
Xanlığın iqamətgahı əvvəlcə Xudat qalası, 1735-ci ildən Quba şəhəri olub. Quba şərq üsulu ilə divar və qalalarla möhkəmləndirilmiş bir şəhər idi. Xanlıq şərqdə Xəzər dənizi, şimalda Dərbənd və Tabasaran əraziləri, qərbdə Şəki, cənubi-qərbdə Şamaxı, cənubda isə Bakı xanlıqları ilə həmsərhəd idi.
Qubanın yaranma tarixi və Quba toponimi barədə də danışmalıyıq, belə ki, bu mövzular uzun zamanlar mübahisə predmeti olmuşdur.
Quba yaşayış məskəninin tarixi səhvən XVIII əsrin əvvəllərinə aid edilir, Hüseynəli xanın adi ilə bağlanır. Halbuki, Hüsynəli xan, qeyd etdiyimiz kimi, Quba şəhərinin yox, Quba xanlığının əsasını qoyub. Qubanın gerçək tarixi isə miladın 4-cü əsrinə aiddir. Quba rayonu ərazisində aparılan arxeoloji qazıntılar nəticəsində 60-dan yuxarı arxeoloji abidə aşkarlanmışdır. Tanınmış tarixçi, arxeoloq Cabbar Xəlilov indiki Quba şəhəri ilə Nərimanoba kəndi arasında, Ağçayın sol sahilində yerləşən Sandıqtəpə şəhərgahında və qəbristanlığında aparılan qazıntılar zamanı oradan qədim Quba şəhərinin xarabalıqlarını aşkar etmişdir.
Halbuki, yazılı mənbələrdə də “XVIII əsrin əvvəlləri” versiyasını alt-üst edən faktlar az deyildi, sadəcə, alimlərimiz uzun illər inadla real olanı təkzib etməklə məşğul idilər.
Baxın, orta əsrlərdə venesiyalı diplomat Amvrosi Kontarini özünün “Səfərnamə” əsərində yazırdı:
“…Biz Şamaxıdan Dərbənd şəhərinə yola düşdük. Yolumuzun yarısında kiçicik, ancaq sözün doğrusu, gözəl bir şəhər yerləşir. Burada o qədər gözəl meyvələr, xüsusilə alma yetişir ki, baxdıqca öz gözlərinə inana bilmirsən”.
Əlbəttə, aydındır ki, söhbət Qubadan gedir.
1718-ci ildə Rusiya səfirliyinin üzvü A.Lopuxinin hazırladığı icmalda isə Quba haqqında xeyli məlumatla rastlaşırıq:
“Şəhər 600 həyətdən ibarətdir, əhalisi olduqca sərbəstdir, İran hakimiyyətinə tabe olmurlar. Quba xanları şah fərmanı ilə təyin olunsalar da, əvvəlki xanın varisliyi əsas götürülür. Qubada döyüşə hazır 500 döyüşçü də var.”
Quba toponiminə gəlincə, həm A.Bakıxanovda, həm F.Köçərlidə, eləcə də onlarca tarixçidə “Quba” sözünün mənşəyinin “qübbə” sözü olduğu qeyd edilmişdir, hətta böyük satirik şairimiz M.Ə.Sabir “Qübbə şəhəri” ifadəsini işlətmişdir. Bunu opponentlər onunla əsaslandırmışlar ki, Quba Nadir şahın böyük şah çadırınının qübbəsinə bənzəyirmiş. K.F.Qan isə Qubanın qübbəvari yüksəklik üzərində yerləşdiyindən Qübbə adlandırıldığını iddia etmişdi.
Əslində isə Quba sözü Qübbə sözünün şəkildəyişməsi deyildir, bu söz daha qədimlərdən mövcud olmuşdur, bunu ən azından Türkmənistan, Qaraqalpak, Qazaxıstan, Kabardino-Balkar və digər ərazilərdə minlərlə yaşı olan Qubatəpə, Qubasəngər, Qubadağ, Kuba Taş, Kubadalqı kimi toponimlər sübut edir. Səüdiyyə Ərəbistanının müqəddəs Məkkə şəhərində Quba adlı məscidin mövcudluğunu da buraya əlavə etsək, mənzərə tam aydınlaşar.
Quba toponiminin kökündə məhz elə “Quba” kəlməsinin dayanmasını tədqiqatçı Əli Hüseynzadə geniş və ətraflı sübutlarla ortaya çıxarmışdır.
2.
Quba Xan Sarayının aqibətini düşündükcə bir daha etiraf etməli oluruq ki, biz tariximizə çox biganəyik. Mən bunu israrla deyirəm. Günü bu gün də tarixi əhəmiyyət kəsb edən nə qədər abidələrimiz var ki uçulub dağılmaqdadır. Uzun illər onların qeydiyyata alınması, mühafizəyə götürülməsi işlərində natamamlıq hökm sürmüşdür, nəticələr də acınacaqlı olmuşdur. Sadə vətəndaşların da biganəliyi, etinasızlığı bu işdə böyük rol oynayır. Əksər halda biz tarixi abidələrimizə qarşı özümüz vandallıq edir, meşələri kəsib-doğrayır, su hövzələrini çirkləndiririk.
Adi bir faktı deyim. Sovetlər dönəmində - 1974-cü ildə Quba şəhərinin lap mərkəzində yerləşən, böyük tarixi əhəmiyyətə malik əzəmətli Ərdəbil məscidi kimlərinsə səhlənkarlığı üzündən yanıb kül oldu. Düzdür, sonradan Ərdəbil məscidi bərpa edildi, amma bu, əvvəlki məscidin əlbəttə ki, yerini verə bilmədi.
Quba Xan Sarayının gəlib bu günümüzə çatmaması səbəbləri qaranlıqdır, onun tam memarlıq və planlaşdırma xüsusiyyətlərini əks etdirən qrafik materiallar da gəlib dövrümüzə çatmamışdır. Yeri gəlmişkən, internetdə (Wikiwand və s.) Quba Xan Sarayının qalıqları kimi nümayiş etdirilən tikili qalıqları əslində Gəncə Xan Sarayına aiddir.
Amma biz əlimizdə olan tarixi mənbələrə istinad edərək sarayın görünüşü barədə müəyyən bilgilərə malikik, demək, bu möhtəşəm tikilini bərpa etmək yönündə addımlar ata bilərik. Bu addımları isə mən bir qubalı olaraq, bir millət vəkili olaraq atmaqda israrlıyam. Bu, həm də bütün qubalıların arzusudur.
3.
Sarayın tikilmə tarixini 1770-ci ildə Qubaya səfər etmiş Rusiya Elmlər Akademiyasının akademiki S.Q.Qmelin yol qeydləri əsasında müəyyənləşdirə bilərik. O, şəhərin və Xan Sarayının quruluşunun qısa təsvirini vermiş və yerli əhalinin dediklərinə əsaslanaraq, sarayın tikilmə və şəhərin ətrafının daş hasarla hörülmə tarixinin 30 il əvvələ - yəni 1740-cı ilə təsadüf etdiyini göstərmişdir.
Qeyd etdik ki, sarayın inşası Hüseynəli xanla bağlıdır. Sarayla bağlı bir neçə mənbələrdən bilgi almağa müəssər oluruq. Qasi Abdullayevin rus dilində çap edilmiş “Azərbaycan 18-ci əsrdə və onun Rusiya ilə qarşılıqlı münasibətləri”, Tofiq Mustafazadənin “Quba xanlığı” və Şahin Fərzəlibəylinin “Quba Tarixi” kitablarından aldığımız həcmcə çox kiçik olan ümumi bilgilər deməyə əsas verir ki, xanlıq dövrü mədəniyyətinin nümunələrindən biri kimi Hüseynəli xan tərəfindən inşa olunmuş və sələfləri tərəfindən bərpa edilib dekorativ bəzək verilmiş bu saray bişmiş kərpicdən tikilmişdi, tavanı gül şəkilləriylə bəzədilmişdi. Divarlarını zəngin kirəc dekorasiyası və təsvirlər fərqləndirirdi.
Təbii ki, Hüseynəli xanın sələfləri dedikdə, ilk əvvəl 1758-ci ildə o vəfat etdikdən sonra yerinə taxta çıxan oğlu Fətəli xandan söhbət gedir. Böyük ərazilər ələ keçirən, Quba xanlığının dörd ətrafda ən güclü hakimiyyətə və orduya malik olmasını təmin edən Fətəli xan, şübhəsiz ki, oturduğu sarayın daha da gözəlləşməsi və zənginləşməsinin qeydinə qalmışdı.
Sarayın hansı memar tərəfindən inşa edilməsi barədə günümüzə dəqiq bir məlumat gəlib çıxmayıbdır, ancaq fərziyyələr mövcuddur və bu fərziyyələr içində birisi xüsusən inandırıcı görünür: Quba Xan Sarayının memarı Hacı Zeynalabdin Şirazi ola bilər və Quba xanı ilə rəqabət aparan Şəki xanı Məhəmmədhüseyn xan Müştaqın həmin memara Şəkidə Qubadakından daha böyük və daha əzəmətli bir saray inşa etməyi sifariş verməsi, nəticədə Şəki Xan Sarayının ərsəyə gəlməsi reallığa çox yaxındır. Şəki sarayının dəqiq tikilmə tarixi də versiyanın inandırıcı olmasına dəlalət edir: 1762-ci il.
Tarixi mənbələr arasında Quba sarayının adına çox az rast gəlirik. Məsələn, sarayın bir təsviri rus məmuru P. Butkov tərəfindən verilmişdir. O, Qubaya Şeyxəli xanın hakimiyyəti dövründə səfər edərkən Xan sarayını Şeyxəli xanın evi kimi qələmə vermişdi: “Şeyxəli xanın evi zərif kərpiclər və yonulmamış daşlardan tikilməklə üzlənməmişdir: bəzi otaqlar tamamilə üzlənmişdir və onlardakı sənətkar işinə təəccüblənməmək mümkün deyil. Alebastr üzərində oyma işləri isə elə səviyyədədir ki, təqlid edilməyə layiqdir. Plafonlar gül rəsmləri ilə bəzədilmişdir."
Memarlıq abidələrimizi öyrənən rus Şebilkin yazır:”Quba sarayı öz zəngin naxışlarına görə XVIII əsrin başqa saray tikintilərinin xarakterik nümunəsidir”.
Quba Xan Sarayı barədə məlumat verən başqa tarixi mənbə isə rus diplomatı Mixail Markovun Həştərxan qubernatoruna yazdığı məktubdur. Burada qeyd edilir ki, saray İrandan qaçıb gələn bir çox əyanlar üçün sığınacaq rolunu oynamaqdadır. Belə ki, Hüseynəli xan II Təhmasibin oğlu Süleyman Mirzəyə burada sığınacaq verib.
4.
Quba qalasının baş planına görə, qalanın üç qapısına aparan üç əsas küçə öz başlanğıcını Xan Sarayının yerləşdiyi meydandan götürürdü.
Quba xanlığının mövcudiyyəti dövründə yaranmış abidələr arasında Quba Xan Sarayı ən əsas mədəniyyət abidəsi hesab edilir, bu dövrdə yaradılmış digər əhəmiyyətli mədəniyyət abidələri isə Fətəli xanın həyat yoldaşı Tuti Bikə üçün Dərbənddə inşa olunmuş türbə (1787–1788-ci illərdə tikilmiş, ümumi hündürlüyü 4–5 metr olan 8 guşəli mərkəzli zaldan və ona bitişik 4 kiçik otaqdan ibarət olan türbənin interyeri tağlı tavanla örtülüb), bir də zəngin memarlıq üslubuna malik ən qədim məscidlərdən biri olan Quba Cümə məscididir (1802-ci ildə Qazi Nəsrullah əfəndinin oğlu Qazi İsmayıl əfəndinin maddi yardımı ilə tikilib, məscidin mehrab hissəsi Mədinə şəhərində olan Quba məscidində olduğu kimi işlənib, məscid səkkiztinli prizma şəklində olub içəri tərəfdən hündürlüyü 28 m, sahəsi 400 m2-dir. Məscidin tikintisində istifadə olunan zığ kərpiclər, rayonun 8–10 kilometrliyində yerləşən İqrığ kəndində hazırlanıb. Maraqlıdır ki, Quba camaatı həmin kənddən kərpicləri sıraya düzülərək, əlləri ilə bir-birinə ötürə-ötürə məscid tikilən yerə gətiriblər).
Əlbəttə ki, biz Quba Xan Sarayını bərpa etmək istəyiriksə və əlimizdə qeyd etdiyim istinadlardan başqa heç bir tutalqa yoxdursa, yəni, günümüzə sarayın tam memarlıq və planlaşdırma xüsusiyyətlərini əks etdirən qrafik materiallar gəlib çıxmayıbsa, bu o deməkdir ki, biz XVIII əsrin ortalarında – xanlıq dövründə Azərbaycan memarlığının aparıcı xüsusiyyətlərinə istinad etməliyik, çünki Quba Xan Sarayının özündə məhz bu xüsusiyyətləri ehtiva etməsi bir qanunauyğunluqdur.
5.
Bildiyiniz kimi, Azərbaycanın memarlıq sənəti Ümumşərq bədii memarlıq sisteminin məcrasında nəzərdən keçirilir, bu sənətin formalaşmasında milli spesifik çalarlar, eləcə də lokal memarlıq məktəblərinin rolu vardır.
Çoxplanlı inkişaf prosesində regional memarlıq məktəblərinin qarşılıqlı bədii təcrübə mübadiləsi və Şərq ölkələri ilə çoxtərəfli sıx memarlıq əlaqələri rol oynamaqdadır.
XVIII əsrdə Azərbaycan memarlığında Arran memarlıq məktəbi bərqərar idi, Quba Xan Sarayı da bu memarlığın bir nümunəsi hesab edilməlidir. Arran memarlıq məktəbinin səciyyəvi xüsusiyyətləri – əsas inşaat materialının kərpic olması, çaydaşı ilə kərpicin birlikdə naxış şəklində işlədilməsi, hörgüyə ağ daşın da əlavə edilməsi, əlvan, naxışlı hörgü prinsipi - bir sözlə rəngarənglik kəsb edən polixromik hörgü, çox şübhəsiz, Quba Xan Sarayında da dominantlıq təşkil etmişdir.
XVIII əsrdə memarlıqda monumental tikililərin miqyası, böyüklüyü, ifadəli formaların mürəkkəbləşdirilməsi onlarda dekordan gen-bol istifadədən ibarət olmuşdur. Bu dövr Azərbaycan memarlığının ümumi inkişaf kontekstində lokal memarlıq məktəblərinin spesifikası aydın görünür.
Saray memarlığı ənənələri bu dövrdə uğurla davam etdirilib, ona yeni nəfəs verilib. Bura dəbdəbəli bəzəklər vurulmuş ziyafət zalları, çoxsaylı şəxsi otaqlar, sututarlı daxili həyətlər, həyətlərdə güllük, meyvə ağacları, tağlı eyvanlar, qalereyalar, örtüklü balkonlarla dövrələnmə aiddir.
Səfəvilər dövründə formalaşmış saray memarlığı bu dövrdə tam bərqərardır, hakim ideya saray mədəniyyətinin dəbdəbəli, aşıb-daşan atmosferidir.
Xanlıqlar dövrü mədəniyyətinin bir səciyyəvi cəhəti də sarayların füsunkar təbiət mənzərələri ilə əhatələnməsidir ki, Quba Xan Sarayı dəniz səviyyəsindən 642 metr yüksəklikdə, Qudyalçayın yaratdığı terrasda, çay sahilindən 33–34 metr yüksəklikdə, Qaraçaya kimi sıx meyvə bağları ilə əhatələnmiş, Qərb tərəfdə Şahdağa açılan misilsiz mənzərə fonunda qərarlaşmışdı.
“Azərbaycan memarlığı XV-XIX əsrin əvvəllərində” adlı tədqiqat işində Rayihə Əmənzadə XVIII əsr Xanlıqlar dövrü Azərbaycan memarlığının xarakteristik xüsusiyyətlərini göstərəkən memarlıq abidələrində mütləq şəkildə rast gəlinən bir element olaraq Qurani Şərifdən xəttatlıq yazılarının olmasını qeyd edir. Kaşılarda, daşda, gəcdə, mərmərdə icra edilmiş inşaat epiqrafikası qurğuların eksteryer və interyerində kompozisiya baxımından bütöv, rahat oxunan halda divara hörülürmüş.
Ənənəvi olaraq epiqrafika portalların tağlarının arxivoltlarında, giriş aşırımlarının üst pannosunda, timpanlarda п-şəkilli çərçivələrdə yer alırdı. Demək, Quba Xan Sarayında da bu elementlərə rast gəlinirdi.
Monumental boyakarlıq özündə çoxrəngli rəsmlərin harmoniyasını, bitki, antropomorf və zoomorf təsvirləri, çoxfiqurlu kompozisiyaları ehtiva edir. Xatırladaq ki, P. Butkov Quba Xan Sarayındakı gül rəsmlərindən bəhs etmişdi, Şebilkin də Quba sarayının zəngin naxışları olduğunu vurğulamışdı.
6.
Beləliklə, bütün bu ipucuları bizim peşəkar bərpaçı rəssamlarımıza Quba Xan Sarayının eksteryer və interyerinin orijinala yaxın görüntülərini hazırlamağa yardımçı ola bilər.
İşin ikinci mərhələsində isə əl-ələ verib XVIII əsr Azərbaycan memarlığının ən möhətşəm abidələrindən olan Quba Xan Sarayını bərpa edərik.
Bu nəcib işdir, gözəl missiyadır, Zəfər qazanmış Azərbaycanın qürurlu bugününə veriləcək layiqli bir töhfədir. Və mən inanıram ki, Quba Xan Sarayı Simurq quşu kimi yanıb kül olduqdan sonra küldən yenidən doğulacaq, Qubamızın ən əsas mədəniyyət abidələrindən birinə çevriləcək.
“Ədəbiyyat və incəsənət”
(28.10.2026)
Mütaliə saatında Nüşabə Babayeva-Vəkilova, “Mən sənin yuxunam”
XALQ ŞAİRİ VAQİF SƏMƏDOĞLUYA İTHAF OLUNUR
“Ədəbiyyat və incəsənət” portalı Nüşabə Babayeva-Vəkilovanın həyat yoldaşına – mərhum Xalq şairi, milyonların sevimlisi Vaqif Səmədoğluna ithaf etdiyi “Mən sənin yuxunam” əsərini hissə-hissə təqdim edir.
Burada onların tanışlıq səhnəsindən başlayaraq bir ömür qədər uzun görünən dolu-dolu yaşadıqları birgə günlər və əli xəncərli gələn amansız ayrılıq barədə hər şey var.
Əsərdə Vaqif Səmədoğlu ilə yanaşı Nüşabə Babayeva-Vəkilova özü də qəhrəman qismindədir. Onların hər birinin birgə hekayətlərindən başqa, həm də ayrı-ayrılıqdakı hekayətləri də əsərdə dolğun şəkildə yer alıb.
28—Cİ DƏRC
Kislovodski özünün “Narzan” sularıyla Sovet dövründə ən məşhur, ən sevilən istirahət ocaqlarından idi. Oraya ailəliklə bir neçə aylıq dincəlməyə gedirdilər. Oradan da Yessentukiyə, Pyatiqorskiyə. Kislovodsk Sənin uşaqlıq şəhərindir. Mənim də uşaqlıq yaddaşımda bu şəhərin öz yeri var. Sən ora getməyə çox can atırdın. Kislovodskiyə qatarla yox, təyyarəylə getdik. Qış vaxtı, yanvarda gəldik uşaqlığımızla görüşə. Qar yağmışdı, xəfif şaxta vardı. Sanki heç nə dəyişməmişdi burada. Parkda tək-tük adamlar gözə dəyirdi. Narzan qalereyası da öz yerində dururdu. Bağlı idi. Biz Parkda, tanış küçələrdə gəzdikcə ayaqlarımızın altında qar kimi xırçıldayan donmuş uşaqlıq xatirələrimiz ləpir-ləpir əriyirdi...
- Nuşa, danışmışdım sənə, bir dəfə Kislovodskidə az qala ölmüşdüm, 13 yaşım olardı onda.
- Bu, necə olmuşdu?
- Futbol oynayanda yerə bərk dəydim, üst dodağım partladı. İndiyə kimi çapıq yeri durur, üstünü bığ örtüb. Yeri çirk eləməyə başladı. Çirk də beyinə yerisə, bu ölüm deməkdir. Qızdırmam yüksək idi. Həkimlər heç nə edə bilmirdilər. Qonum-qonşu, hərə bir çarə deyirdi. Ağlaşma düşmüşdü. Yəqin mən ölürdüm. Qızdırma içində atamın anama dediyi sözləri eşitdim: “Atam, anam Allaha inanan olublar, mən də inanıram, əlimizdən tutacaq...”. Mən sag qaldım. Mehdi Hüseynin arvadı Fatma xala xilas etdi məni. Onlar da Kislovodskidə istirahət edirdilər. Xəbəri eşidən kimi özünü bizə çatdıran Fatma xala anamdan soruşdu:
- Uşağa “Sulfadin” vermisiz?
- Yox.
Kimsə aptekə dərmançün qaçdı. Mən bir tabletka “Sulfadin” içdim, səhər ayağa qalxdım. Qızdırmam düşdü, çirk çəkildi. Bəlkə də böhranlı vaxtı keçdi. Ancaq onda atam da, anam da, mən də əmin idik ki, məni “Sulfadin” xilas etdi...
Bakıya Yessentukidə aldığın tünd-boz rəngli yarım metrlik, üzünü yuxarı tutub ulayan canavar heykəliylə qayıtdıq.
– Nuşa, boz qurd türk xalqlarının müqəddəs heyvanıdır deyə aldım.
Nə vaxtsa Səndən soruşmuşdum: “Hansı heyvana çevrilmək istərdin?”
- Canavara...
Mənə şeir yazmaq öyrət,
öyrət, canavar izi.
Bilinsin ki, hardan gəlib,
hara gedir sözlərim.
Yaşamağa,
torpaqda sənin kimi qalmağa
haqqı olsun şeirlərimin,
olsun, canavar izi...
Ən çox sevdiyin TV verilişləri “Heyvanlar aləmində”, “Ovçuluq və balıqçılıq” idi. Gecələr baş-başa qalırdın təbiətlə. Deyirdin ki, ruhum dincəlir bu verilişlərə baxanda...
Gündəlikdən: “Yer üzündə bircə adama paxıllıq edirəm, o da fransız Jak Kusto zalımdır. Alim, səyyah, qətiyyətli və mədəni, işgüzar və dincəlməyi sevən bir insan. Necə həsəd aparmayasan ona?”
Heyvanları çox sevirdin. Fərqi yox idi ördək, it, pişik olsun, ya canavar, ilan. Bu sevgi uşaqlıqdan gəlirdi, atandan gəlirdi. Şüvəlandakı bağınızda ev quşları, itlər, pişiklər olub. Poynter cinsindən olan Reks atanın sevimli iti idi. Olduqca ağıllı heyvandı. Onunla ova gedərdi Səməd Vurğun.
- Bir dəfə bağda nahar zamanı papa boşqabından ən yaxşı sümüklü ət parçasını götürüb, itə vermək istəyəndə Aybəniz ət parçasını ona verməsini istədi: “Onu mənə ver də”. O isə: “Yox, bu, Reksin payıdır”, - dedi. Aybəniz pərt halda: “Sən bu iti bizdən çox istəyirsən”, - deyəndə, papa ciddi bir görkəmlə: “Yox, hamınızı bir istəyirəm”, - deyə cavab verdi. Hamımız gülüşdük.
- Vaqif, Xavər xanım atanın Məstan pişik zarafatı haqqında danışmışdı.
- Atam Varşavadan Vroslava, Sülh tərəfdarları Konqresinə getmişdi (Konqresdə Pol Robsonun çıxışının təsiri altda “Zəncinin arzuları” poemasını yazmışdı). Bakıya nə vaxt qayıdacağıyla bağlı vurduğu teleqramı nə mamanın, nə bizim, birbaş Məstan pişiyimizin adına göndərmişdi: Bakı, Fioletov küçəsi 6, Vəkilov Məstan Səmədoviçə.
Sən də bağımızda iki it saxladın. Biri ağır təbiətli Alabay cinsindən olan Topaş, o biri cılız, qatışıq cinsli, tülküyəbənzər Rembo. “Qazaxdan gələndə yolüstü Ağdaş pavilyonunda çörək yeyəndə qapının ağzında balaca tüklü it gördüm. Bir lüləkabab verdim, yedi. İçəri girdi. Xidmət göstərən oğlana 10 şirvan verib, dedim, bunu qutuya qoy. Yoldan bağa gətirdim. Adını Rembo qoydum”.
Topaşla tez dil tapdılar. Ayrılmaz dost oldular. Rembo çox acgöz idi. Görünür, yetimlikdə çox aclıq çəkmişdi, gözü doymurdu. Topaş sahib kimi Səni qəbul edirdi. Sənin gəlməyini qabaqcadan hiss edir, darvazanın ağzında yolunu gözləyirdi. Etibarlı Topaş Sən xəstələnəndən yarım il qabaq xəstələndi və öldü. Rembo tək qalmasın deyə ona dişi Bolonka aldın. Onların balaları oldu, ancaq Sən görmədin...
Sən torpağa, təbiətə sıx bağlısan. “Adamın ayağı yuxudan duranda torpağa dəyməlidir... Yaşıllıq istəyir ürəyim. Ağaclarla bir yerdə nəfəs almaq istəyirəm. Yarpaq havası həsrətindədir ciyərlərim. Təbiət qoynunda, bir bağ yerində yaşamaq istəyirəm...”, – deyirdin.
- Nuşa, dünyada ən çox sevdiyim rəngdir yaşıl... yaşıl təbiətin rəngidir.
Kaş bir bağım olaydı,
Hovuzu da dəyirmi,
Çox yox, ağac əkərdim,
5-10-15-20...
Şükür, oldu bağımız. Xudmani. Ləhiş bağlarında. Hovuzu dördbucaq. 15-20 yox, çoxlu ağac əkdin. Meyvə ağacları, ikimizin də sevdiyi şam ağacları. Çox sevirdin o bağı. Çin olan arzunu. Böyük zəhmətin hesabına başa gəlmişdi o bağ Sənə. Bağ sahəsi veriləndə ora düzənliyin düzü idi, hər yan qumluq. Saxara səhrası kimi. Ətrafda nə ins vardı, nə cins. Sakinləri tülkü, ilan, əqrəb. Sözün əsl mənasında ürəyini qoydun o bağa. Hər gəlişimizdə məndən “Bura nə yaxşıdır!” tərifini eşitmək istəyirdin ki, cavabında: “Yaratdım!”, – deyəsən.Həqiqətən, Sən bu bağı yaratdın. Onunçün də Sənə əziz idi o bağ.
Hər bağ mövsümü qurtaranda ürəyim sıxılır, qəmlənirdim. Bağ da bizimçün darıxırdı. Gülüş, qışqırıq səslərini elə bil quyumuz udur, uşaq, böyük izlərini narın qum içində gizlədib itirirdi, küləklər boş qalmış yelləncəkləri qışqırdır, hovuzun suyu bizsizlik xiffətindən bulanır, itlərin ulaşması lap zilə qalxırdı. Yağan yağışlar gedən yay üçün payızın axıtdığı göz yaşlarıydı sanki. Balaca Ayla: “Ağlama, dəniz, ağlama, Topaş, yayda yenə gələcəm”, – deyəndə, inanmaq istəyirdim ki, mütləq belə də olacaq, gələn yay ailəlikcə ora qayıdacağıq...
Gələn yayı oturub,
Gözləyək düz doqquz ay,
O doğulan günəcən
Əlvida, qurtaran yay...
1995-ci ildə yazdığın şeirdəndir bu bənd. Onda nə bağımız vardı, nə Ayla, nə Topaş. Bacımgilin Pirşağıdakı bağında on günlük istirahətdən sonra yazmışdın bu şeiri. Bacımın əri Arif Fərəczadəyə minnətdarlığını özünəməxsus tərzdə bildirdin: “...bilməzdim susuz dünyada.... bacanağın bağı varmış...”. Uzun illər AzTV-də və Lider TV-də musiqi şöbəsinin baş rejissoru olmuş nurlu, saf insan Arif Fərəczadə bu ilin may ayında 81 yaşında dünyasını dəyişdi.
O zaman Sən gedən yaya “əlvida” desən də inanırdıq ki, qarşımızda neçə-neçə sabahlı, ümidli illər durur. 2014-cü il Səninlə birgı keçirdiyimiz S O Nuncu yay oldu... Sənsizləşmiş bağa gedə bilmirəm, Vaqif... Bağın hər daşı, qumu, torpağı... hər ağacı, yarpağı, gülü-çiçəyi... Sənin adınla bağlıdır...
Evlənəndən sonra bizim quşlu günlərimiz başladı. “Aşkar gözəllik quşlarda və balıqlardadır. Açıq rəngarənglik, əlvanlıq”. Sən əvvəllər balıq saxlamısan. Bir neçə akvariumun da olub. Deyirdin, onlar evdə xüsusi mikroiqlim yaradır. Ancaq ...bir qış gecəsi dondu balıqlar... Dedin: “Qorxuram, birdən yenə də düşməz mənə balıq saxlamaq”. Ancaq tez də əlavə etdin: “Yox, Səninlə nəsə saxlamaqdan qorxmuram...”. Ancaq taleyi sınamamaqçün quş saxlamaq qərarına gəldik. Halbuki, onun da düşər-düşməzliyi olur. Yəqin mənim “quş saxlamaq sahəsində təcrübəmi” də nəzərə aldıq...
8 yaşım olanda atam mənimçün Professor ləqəbli bülbül almışdı. O, çox gözəl cəh-cəh vurduğuna görə bu ada layiq görülmüşdü. Onun zildə məharətlə ifa etdiyi zəngulələri ən zilxan xanəndə belə edə bilməzi. Evdə tozsoran işləyəndə, radio, televizorda musiqi səslənəndə, xüsusən də böyük bacım violada çalanda quş elə bil onlarla yarışa girir, dil boğaza qoymurdu. Quşla yarışda bacımın bəzən əsəbləri tab gətirmir: “O, mənə mane olur”, – deyərək çalmağı dayandırırdı. Bülbül isə səsinin bütün imkanlarından istifadə edərək, bu yarışdan qalib çıxırdı. Havalar isinəndə biz onu küçə eyvanına qoyurduq. Səhərlər günəşin şüaları eyvana düşəndə, bu şüaların istiliyi ilə cuşa gələn bülbül təbiətə öz minnətdarlığını gözəl oxumasıyla bildirirdi. Bu zaman onun vurduğu zəngulələr hər dəfə yeni çalar qazanırdı. Bu cəh-cəh qarşısında küçədən keçənlər də biganə qala bilmir, ayaq saxlayıb, onun oxumasını dinləyirdilər. Öz oxumağından həzz alan bülbülün duruşunda bir möhtəşəmlik, həm də ona yaraşan təkəbbür vardı. Tünd-boz rəngli bülbülə atamın aldığı gümüşü qəfəs çox yaraşırdı. Quşa atam qulluq edirdi. Sonradan bu öhdəliyi mənim boynuma qoydu. Atam dəqiq adam olduğundan quşun yeməyini eyni vaxtda verilməsini tələb edirdi. Hətta ezamiyyətdə olanda belə atam ilk növbədə quşu soruşur, yeyib-yemədiyi ilə maraqlanırdı (eyni xüsusiyyəti Səndə də gördüm). Bülbül bütöv bir quş ömrünü bizimlə yaşadı, qocaldı və öldü. Atam onu həyətimizdəki əncir ağacının dibində basdırdı.
İlk dəfə tutuquşu almağa Yusiflə getdin. O da evində Kakadu cinsindən olan tutuquşu saxlayırdı. Kitab da vermişdi tutuquşular haqda. Maarifləndirmək üçün bizi. Quşlarla evimizə yeni nəfəs gəldi. Ən əsası, onlar Sənə sevinc gətirirdilər. Onlara qulluq etmək, nazlarını çəkmək xoşuna gəlirdi. Quş bazarına tez-tez gedirdin. “Orada gözlərim dincəlir, ruhum təzələnir... Nuşa, adam bəzən heç ölmək istəmir”, – deyirdin. Mənə də Sənin sevincindən pay düşürdü, çünki çalışırdım ki, hər şey Sənin ürəyincə olsun...
Sənin kimi azad ruhlu bir insanın qəfəsdə quş saxlamasına təəccüblənənlər də tapılırdı. Sənin məntiqli cavabın aydınlıq gətirirdi bu suallara: “Əgər o quşları buraxsam, heç bircə saat da yaşaya bilməzlər. Çünki onlar neçə nəsil qəfəsdə yetişmiş quşlardı. Onlar özləri-özlərinə su, yem tapmaq, özlərini təhlükələrdən qorumaq instinktini artıq çoxdan unudublar. Adi sərçənin bildiyini bunlar bilmir. Sərçədən dərrakəli, ağıllı olsalar da. Sərçəyə nə var, o azaddır, təbiətin balasıdır. Uzun illər köləlikdə, əsirlikdə yaşayan millətlərdə də bu “qəfəs” instinkti yaranır”.
Evimizdə üç qəfəs, üç müxtəlif növ tutuquşu saxladıq. Rozella, Korella, Dalğavari. Səndən xahiş etdim ki, qəfəslərin sayı artmasın. Üç müxtəlif cinsli, müxtəlif təbiətli quş. Onların içində ən mehribanı, ilk gündən ələ öyrətdiyimiz balaca, yaşıl rəngli, dalğavari cinsindən tutuquşu idi. Diribaş olduğundan Sən ona Cinbala deyirdin, mən Çika. Ona bir neçə söz və bir neçə söyüş də öyrətmişdik. Onun bu sözləri təkrarlamasının başqa ləzzəti vardı. Rozella nəinki öz rəngarəngliyi ilə fərqlənirdi, həm də çox qaraqabaq idi. Bizdə olduğu 3-4 ay ərzində nə bizə, nə də o biri quşlara alışdı. Sən onun “adamayovuşmazlığı” ilə barışa bilmədin, zoomağazaya təhvil verdin. Ancaq arada zoomağazaya gedib, quşa baş çəkirdin. Bir neçə vaxtdan sonra Rozellanı bir amerikalının alıb, özüylə Amerikaya apardığını öyrəndin.
İlk aldığın tünd-boz rəngli Korellaya Moşu adını qoydun. Onu Yusifin verdiyi boyük gümüşü rəngli qəfəsə saldın. Quş çox aktiv idi. Əmin Mehdixanın nəvəsi bioloq Sevinc xanım bizə dedi ki, ələ öyrəşdirmək üçün hər gün qəfəsdən çıxarın, əlinizdə saxlayın. Sən dedin: “Yox, tələsməyək, əvvəl bizə alışsın, sonra ələ”. Səni eşitmədim. İstədim “quş təlimatçısı” kimi Səni təəccübləndirim, tərifləyəsən məni. Hər gün Sən evdən çıxan kimi, Sevinc xanımın məsləhətiylə əlimə əlcək geyinib, Moşunu “ələ öyrətmə planı”mı həyata keçirməyə çalışırdım. Biçarə quş əlimdə çırpınır, qışqırır, mən isə o ümidlə ki, onu ram edirəm, 5-6 gün öz təlimimi davam etdirdim. İnadkarlığımın uğurla nəticələnəcəyinə inanırdım. Yazıq Moşu o dərəcədə aqressivləşmişdi ki, qəfəsin yanından keçə bilmirdik, bizə qışqırır, səs-küy salırdı. Onun bu hərəkəti Səni təəccübləndirdi:
- Düz-əməlli quş idi, bunun niyə bizdən zəhləsi getsin axı?
Dinmədim. Susmağım Səndə şübhə oyatdı. Birdən soruşdun:
- Nuşa, onu qorxutmamısan ki?
- Yox...
Növbəti dəfə Sən yenə evdən çıxan kimi əlimə əlcək geyib, qəfəsə yaxınlaşdım. Qəfəsin qapısında böyük qıfıl gördüm... Sən evə qayıdanda, qapını açmışdım ki, gülməyimi saxlaya bilmədim.
– Nədi, elə bildin, hiss etməyəcəm quşun günü-gündən sərtləşdiyini, bu işdə sənin əlinin olduğunu?
Beləliklə, mənim “quş təlimçisi” olmaq arzum puça çıxdı. Sənin dediyin kimi, səbr, vaxt lazım imiş... Biçarə quşu zoomağazaya qaytarmaq məcburiyyətində qaldın. Əvəzində aldığın Korella dinməz-söylənməz çıxdı. Durduğu yerdən tərpənmirdi. Xavər xanım ona Abidə adı qoydu. Al-qırmızı yanaqlı bu Korellanın məxmər kimi sarı, qara rəngli tükləri var idi. Ona Sədəfrəngli Korella da deyirlər. Sən ona Çil-çil adı qoydun. Bir-birinizə tez alışdız.
“Bayaq Çil-çilin başını qaşıdım. Xoşhallanıb, iki dəfə dərindən əsnədi, birdən yuxuya gedib az qaldı tirdən yıxılsın. Canını yeyim onun. Bu tutubala daha mənsiz qala bilməz. Yaman öyrəndi əlimə, iyimə, səsimə. Quşlar da ünsiyyətsiz yaşaya bilmirlər. Mənim ağlıma gəlməzdi quş bu dərəcədə insana həyan ola bilər”.
Bu quşcuğaz mənimdir,
Tək inamım, dinimdir,
İki gözüm solubdur,
Quş səsiylə dolubdur...
Quşlar ailəmizin üzvlərinə çevrilmişdilər. Sən onlara vitaminlər, oyuncaqlar alırdın. Hətta xarici səfərdə də onları unutmurdun. Bir gün Çikaya dişi tayı almaq qərarına gəldin. “Günahdı, – dedin, tək qalmasın”. Bu məqsədlə zoomağazaya getdin. Gələndə: “Nuşa, zoomağazada kimi görsəm yaxşıdı?” – dedin.
- Kimi?
- Alim Qasımovu. Biləndə ki, sarı quşu evdəki Çika üçün gəlin alıram, dedi, onu öz maşınımda əsl gəlin kimi aparacam. Bizi evə “Sarı gəlin” havasını oxuya-oxuya gətirdi.
Çikanı evləndirdik. Yuva aldın. Səbirsizliklə yumurtadan çıxacaq balanı gözlədik ailəlikcə. Yumurtadan çıxan balanın sevincini yaşadıq. Hamımızdan çox Sən sevinirdin...
Nigar bizə Dalğavari cinsindən mavi rəngli tutuquşu bağışladı. Onu da o birilər olan qəfəsə qoyduq (Bu bizim səhvimiz oldu). Sən demə, quşlar da eynən biz insanlar kimi imiş. Xoşxasiyyət, rəhmdil, qəzəbli, hirsli... Yeni quş çox aqressiv və qısqanc çıxdı. Bizim Çikanı dişiyə qısqandı, gözümçıxdıya saldı. Dimdik müharibəsinə qalxdı. Dimdiyi ilə Çikanın başından vurduğu zərbə onu öldürdü. Yersiz gəldi, yerli oldu, buna deyirlər. Sən dedin: “Buna dözə bilmərəm”. Onu pəncərədən buraxmaq istədin, mən qoymadım. Səhəri zoomağazaya qaytardın. Bir müddət sonra Sənin sevimli Çil-çilin və onun erkək tayı da quş ömürlərini başa vurdular. Qəfəs boş qalmasın deyə, 2014-cü ildə sarı, yaşıl tüklü, dalğavari tutuquşu aldın. Bu son aldığın quş oldu... Çox mehriban çıxdı. Bir-iki söz öyrəndi. Amma Səndən sonra əvvəlki həvəs qalmadı, Vaqif... Yemini-suyunu mən, hərdən də Ayla verir. Əlbəttə, Sənin kimi baxılmır...
“Ədəbiyyat və incəsənət”
(29.10.2026)
Köhnə Bakıda geyim zövqü ölçü ilə biçilmirdi – şəhərin dərzi mədəniyyəti
Xanım Aydın,
“Ədəbiyyat və incəsənət”
Bir vaxtlar Bakıda gözəl geyinmək istəyən adamın yolu əvvəlcə parça mağazasından, sonra dərzi dükanından keçərdi. İndiki kimi mağazaya girib asılqandan hazır paltar götürmək, ölçüsünü yoxlamaq, bəyənmədikdə başqasına keçmək dəbdə deyildi. Ən azı, gündəlik geyimdən tutmuş bayram libasına, toy paltarına qədər bir çox geyim belə hazırlanırdı: əvvəl parça seçilir, sonra dərzinin qapısı döyülürdü.
Bakılı qadın parça almağa gedəndə əvvəldən gələcək libasının rəngini, biçimini, yaxasının formasını, ətəyinin uzunluğunu, qollarının kəsimini xəyalında canlandırırdı. Bəzən mağazada uzun-uzadı baxır, bir parçanı əlinə alıb o birinə tutuşdurur, rəngini işığa verir, toxumasını yoxlayırdı. Parça onun əlinə yaraşmalı, rəngi üzünə getməli, naxışı isə zövqünü əks etdirməli idi.
Bir sözlə, paltar hələ tikilməmişdən əvvəl onun sahibi haqqında danışmağa başlayırdı.
Parçanın da öz dili vardı
Köhnə Bakı qadınlarının parça seçiminin öz qaydaları vardı. Kimi zərif ipəyə üstünlük verərdi, kimi məxmərin əzəmətini sevərdi, kimi də sadə, amma keyfiyyətli parçadan tikilmiş libasın gözəlliyinə inanardı. Gündəlik geyim üçün seçilən parça ilə toyda, nişanda, bayramda geyiniləcək libasın parçası, təbii ki, eyni olmazdı.
Parçanın rəngi də təsadüfən seçilmirdi. Elə qadın vardı ki, tünd rəngləri özünə yaraşdırırdı, eləsi də vardı ki, açıq rənglərdə tamam başqa cür görünürdü. Naxışın böyüklüyü, parçanın bədənə düşümü, hətta onun işıqda necə parlaması belə nəzərə alınırdı.
Bakı qadını bilirdi ki, gözəl paltar təkcə bahalı parçadan tikilmir. Əsas məsələ parçanın insana yaraşması, biçimin düzgün seçilməsi, tikişin səliqəsi idi. Elə buna görə də bəzən sadə parçadan tikilmiş bir libas ən bahalı hazır geyimdən daha zövqlü görünürdü.
Dərzinin qapısı döyüləndə...
Parça seçiləndən sonra növbə dərziyə çatırdı. Bakıda qadın dərziləri də vardı, kişi dərziləri də. Hərəsinin öz müştərisi, öz iş üsulu, öz dəsti-xətti olurdu.
Qadın dərzisi müştərisinin ölçülərini götürür, parçanı biçimə hazırlayır, modelin necə olacağını dəqiqləşdirirdi. Bəzən müştəri öz istədiyi biçimi izah edir, bəzən dərzi məsləhət verirdi: bu yaxa sizə yaraşar, bu qol daha yaxşı durar, ətəyi bir qədər uzun olsa, libas daha gözəl görünər...
Dərzi ilə müştəri arasında qəribə bir anlaşma yaranırdı. Bir tərəfdə öz zövqünü ifadə etmək istəyən qadın, o biri tərəfdə isə parçanın imkanlarını, bədənin ölçülərini və biçimin incəliklərini bilən usta dayanırdı. Nəticədə ortaya sadəcə tikilmiş paltar yox, ikisinin ortaq qərarından doğan bir geyim çıxırdı.
Kişi kostyumu da ayrıca söhbət idi
Kişilərin də dərzi mədəniyyəti vardı. Kostyumluq parça seçmək, onu kişi dərzisinə aparmaq, ölçü götürdürmək, pencəyin çiyində necə dayanacağını, şalvarın uzunluğunu, yaxaların formasını müəyyənləşdirmək adi bir iş sayılmırdı. Xüsusilə toy, nişan, bayram və mühüm məclislər üçün tikilən kostyumlara xüsusi diqqət yetirilirdi.
Yaxşı kişi dərzisi parçanı elə biçməli idi ki, pencək çiyinə düzgün otursun, bel xətti səliqəli görünsün, şalvarın balağı ayaqqabının üzərinə uyğun düşsün. Kostyum kişinin bədən quruluşuna uyğun tikiləndə onun görkəmi də dəyişirdi. Dərzinin məharəti elə burada üzə çıxırdı: parça insanın bədənini gizlətməməli, onun üstün cəhətlərini vurğulamalı idi.
Bu səbəbdən kişi dərziləri də öz işinin ustası kimi tanınır, müştərilər çox vaxt bir-birinə məsləhət görürdülər: “Get filankəsin yanına, yaxşı tikir”.
Hamı eyni dəbdə, amma heç kim eyni görünüşdə deyildi
İndi geyim mağazalarında eyni modelin müxtəlif rənglərini, eyni biçimin yüzlərlə nüsxəsini görmək mümkündür. Bir model dəbə düşür, ardınca hamı ona üz tutur. Sosial şəbəkələrdə bir geyim diqqət çəkirsə, az sonra onun oxşarlarını küçələrdə görməyə başlayırıq. Bəzən adamın ağlına belə bir fikir gəlir: görəsən, bu qədər insanın zövqü necə oldu ki, eyni asılqanda görüşdü?
Əlbəttə, hazır geyimlərin öz üstünlükləri var: vaxta qənaət edir, seçim imkanlarını artırır, hər kəsin dərziyə müraciət etməsinə ehtiyac qalmır. Ancaq kütləvi istehsalın bir xüsusiyyəti də var: geyim müəyyən standart ölçülərə uyğun hazırlanır, halbuki insanların bədən quruluşu standart qəliblərə həmişə uyğun gəlmir.
Dərzinin üstünlüyü isə burada idi. O, paltarı insanın özünə uyğunlaşdırırdı. Geyim təkcə bədəni örtmür, insanın fərdi cizgilərini də nəzərə alırdı.
Dərzi dükanları həm də xatirə ünvanları idi
Dərzi dükanları şəhərin gündəlik həyatının bir hissəsi idi. Orada parça ölçülür, qayçı işləyir, tikiş maşını cırıldayır, müştərilər libaslarının hazır olacağı günü gözləyirdilər. Bəzən bir paltarın tikilməsi üçün bir neçə dəfə gedib-gəlmək lazım gəlirdi. Hər gedişdə geyimin yeni bir detalı ortaya çıxır, sahibinin səbirsizliyi bir az da artırdı.
Bayram yaxınlaşanda, məktəb başlayanda, toy hazırlığı görüləndə dərzilərin işi çoxalırdı. Uşaqlar üçün paltarlar, qızların bayram libasları hazırlanır, nişan və toy üçün xüsusi geyimlər sifariş edilirdi. Bəzi qadınlar bəyəndikləri modeli jurnal şəkillərindən seçir, bəziləri isə öz fikirlərini dərziyə izah edirdilər. Hər bir paltarın öz hekayəsi olurdu.
Zövqün ölçüsü olmur
Dərziyə getmək, parça seçmək, ölçü götürdürmək, hazır libası ilk dəfə geyinib güzgüdə özünə baxmaq — bütün bunlar bir zamanlar geyim mədəniyyətimizin təbii hissəsi idi. Dərzi qadının bədən ölçüsünü bilməklə yanaşı, onun nəyi sevdiyini də öyrənirdi. Yaxşı usta müştərisinin zövqünü zamanla tanıyır, onun üçün hansı biçimin daha münasib olduğunu anlayırdı.
Bu gün həyat daha sürətlidir. Hazır geyim almaq rahatdır, seçim çoxdur, dəb isə əvvəlkindən daha tez dəyişir. Ancaq bütün bu sürətin içində bəzən bir şeyi unuduruq: gözəl görünmək həmişə dəbin ardınca qaçmaq demək deyil. Bəzən insanın özünə yaraşanı tapması, başqalarından fərqlənməsi və öz zövqünə sadiq qalması daha vacibdir. Köhnə Bakı dərzilərinin bizə qoyduğu ən maraqlı miras elə budur: paltarın qiyməti onun etiketində deyil, insana necə yaraşmasındadır...
“Ədəbiyyat və incəsənət”
(29.10.2026)


