Cahangir Namazov,
“Ədəbiyyat və incəsənət” portalının Özbəkistan təmsilçisi
Türk Mədəniyyəti və İrsi Fondunun “Türk ədəbiyyatı ünlüləri” layihəsində bugünki həmsöhbətimiz - yaradıcılığında türkçülük, milli kimlik və azadlıq mövzuları əsas yer tutan, əsərləri ilə türk dünyasında tanınan, çağdaş Azərbaycan poeziyasının görkəmli nümayəndəsi, şair və publisist, Mahmud Kaşqarlı adına medalı, Türk Dünyası Uluslararası Şeir Festivalının qızıl mükafatının laureatı, Türk Dünyası Uluslararası Araşdırmalar Akademiyasının fəxri professoru Rüstəm Behrudidir.
Sentyabrın 12-də ünlü şair özünün növbəti doğum gününü qeyd edibdir.
Sual: — Şeirlərinizdə “xalq ruhunun iztirabları” və tarixin nəfəsi duyulur. Bir şairin qəlbində Vətənin ağrıları hansı ahəngdə əks olunur?
Cavab: — Mənim şeirlərimdə xalqın ağrısı təkcə söz deyil, nəfəsdir. Vətənin yarası şairin ürəyində qan kimi döyünür, hər misrada xalqın göz yaşının izi var. O ağrı mənim içimdə musiqi kimi səslənir – həm ahəngdir, həm də fəryad.
Sual: — Siz öz yaradıcılığınızla çox ürəklərə yol tapdınız. Amma bu yolda ədalətsizlik və inkar halları ilə qarşılaşdığınız oldumu?
Cavab: — Ədalətsizlik mənim yol yoldaşım olub. Kim sözünü düz deyirsə, qarşısında divar görəcək.Mən də gördüm. Amma inkar olunmaqdan qorxmadım – çünki həqiqət qəlblərə yol tapır, divarlar isə bir gün dağılır.
Sual: — Həyatda və ya yaradıcılıqda irəliləmək baxımından sizin üçün “səbir” nə deməkdir?
Cavab:— Səbir mənim üçün lal fəryaddır. Səbir – içində üsyan olan səssizlikdir.O səssizlik olmasa, sözün gücü də olmazdı.
Sual: — Bu gün çağdaş türk ədəbiyyatında sizi sevindirən və narahat edən meyillər nələrdir?
Cavab: — Məni sevindirən çağdaş türk ədəbiyyatında kimlik axtarışı, köklərə dönüşdür. Məni narahat edən isə bayağılıq, ruhsuzluqdur.Ədəbiyyat bazara çevriləndə, şair ruhunu itirir.
Sual:—Sizin üçün “ədəbiyyat – cəmiyyətin ürəyidir” ifadəsi nə məna kəsb edir?
Cavab: — “Ədəbiyyat – cəmiyyətin ürəyidir” – bu o deməkdir ki, xalqın qanı harada axırsa, şairin sözü də orada axmalıdır.Əgər ədəbiyyat yoxdursa, deməli cəmiyyətin ürəyi də dayanıb.
Sual: — Milli kimlik, xalq ruhu və Türk Birliyi kontekstində ədəbiyyat sizcə türkdilli xalqları mənəvi olaraq necə birləşdirə bilər?
Cavab: — Ədəbiyyat türkdilli xalqları Tanrının eyni nəfəsiylə birləşdirə bilər. Dilin gücü ilə, ruhun gücü ilə.Çünki türklərin böyük birliyi qılıncla yox, sözlə baş tutacaq.
Sual:— Sizin yaratdığınız şeirlər təkcə keçmişə deyil, həm də gələcəyə bir məktubdur. Siz hansı gələcək üçün yazırsınız?
Cavab:— Mən şeirlərimi gələcəkdə azad və kimliyini unutmayan bir nəsil üçün yazıram.Gələcəyin türk uşaqları şeirlərimdə öz kökünü tapsın deyə.
Sual: — Sizin fikrinizcə, şeir – dərdi dilləndirməkdirmi, yoxsa dərddən qurtulma vasitəsi?
Cavab: — Şeir dərdi dilə gətirməkdir, amma elə gətirmək ki, onu bölüşən insan dərddən yüngülləşsin. Şeir – həm dərd, həm də dərmandır.
Sual: — Təsəvvüfdə “yox olmaq” (fəna) vasitəsilə “var olmaq” (bəqa) mərhələsinə çatılır. Bir şair kimi siz bu mənəvi mərhələni necə yaşadınız?
Cavab:— Mənim üçün “fəna” – bu dünyadan küsmək, “bəqa” isə sözlə var olmaqdır.Şair ömründə çox ölür, çox doğulur. Mən də hər şeirimdə bir az yox oluram, bir az da var oluram.
Sual: — Mətanətin forması nədir? Həyatınızın hansı ağır günləri sizi bu günkü Rustəm Behrudi şəxsiyyətinə çevirdi?
Cavab:— Mətanət odur ki, sınsan da ayağa qalxasan.Mənim həyatımın ağır günləri – həbs, təqiblər – məni sındırmadı, əksinə içimdəki şairi böyütdü.
Sual: — Sizcə, bu gün Türk dünyası hansı yeni oyanışlara ehtiyac duyur?
Cavab: — Türk dünyası yeni oyanışa – öz köklərinə dönməyə ehtiyac duyur. Dilini, tarixini, mədəniyyətini qoruyub gələcəyə daşımağa. Bu oyanış olmadan millət özünü itirəcək.
Sual:— Bəzən şair öz qəlbini başqalarının ürəklərinə meydan edir. Sizdə ilham və yaradıcı iztirab bir-birinə necə təsir edir?
Cavab:— İlham mənim üçün Tanrı nəfəsidir.Amma o nəfəs gələndə qəlbimdə iztirab da baş qaldırır. Yaradıcı iztirabla ilham bir-birini tamamlayır – biri olmazsa, o biri də olmaz.
Sual:— Sizin yaratdığınız obrazlar – “Ruhsuzluq”, “Göz yaşı”, “Yara”, “Xatirə” – bunların içində hansında daha çox yaşamısınız?
Cavab:— Mən “Yara”da daha çox yaşamışam.Çünki yara sağalmır, şairin ömrü boyu qanayır. “Xatirə” də ordadır, “Göz yaşı” da, amma ən çox məni “Yara” təyin edib.
Sual:— “Millət” sözü sizdə yalnız Vətən sevgisi deyil, həm də yaddaş, iztirab və şərəf hissidir. Sizcə, bu gün gənclər bu duyğunu necə anlayır?
Cavab:— “Millət” mənim üçün torpaqdan əvvəl yaddaşdır. Gənclərin bəziləri bu gün milləti sadəcə bayraq və himnlə anlayır. Amma millət – iztirabdır, qan yaddaşıdır, şərəf yüküdür. Gənclərin bu dərinliyi anlaması üçün sözə, ədəbiyyata ehtiyac var.
Sual:— Rustəm bəy, hazırda xəyallarınızdan nələr keçir, nələrlə məşğulsunuz?..
Cavab:— “Acı Badem” xəstəxanasının pəncərəsindən ağrı içində yarpaqları yenicə saralmağa başlamış çinar ağaclarına baxıram...Adamlar da ağaclar kimidi! Qaçmağa, sığınmağa bir yer yox ki buralarda... “İnsan tək doğulub, tək yaşayıb, tək də ölür” demişdim bir zamanlar! Gəlib indi olan olur! Bir sonbahar sabahı qurd ulayanda doğulmuşdum, qurdlar ulaşanda bitəcək hər şey!
Tanrı mənə bir missiya vermişdi — türk yurdlarından Tanrı dağına gedən yola çıraq tutmaq, o yolun adı–adsız qəhrəmanların şeirlərini oxumaq, “Qızıl alma”nın nurunu anlatmaq! Bunu bacardımmı?Bilmirəm!Bu da belə bir ömürdü yaşadım!
Nə yatmısan, ruhum, oyan,
Bir də vaxt ola-olmaya.
Xəbər var Tanrı dağından,
Dur gedək “Qızıl alma”ya...
“Ədəbiyyat və incəsənət”
(15.09.2025)