Bu, ruhun səssizcə acından ölməsidir - ESSE Featured

Harun Soltanov, “Ədəbiyyat və incəsənət”

 

Yenə də tavana baxdığım gecələrdən biridir. Otaq səssiz, hava tərpənmir, köhnə divar saatı fırlana-fırlana zamanı öldürür. Həyat isə tək bir sualın ətrafında fırlanır.. Bura niyə gəldim? Mən demirəm haraya, sadəcə bura. Həyat deyilən yerə, bu coğrafiyaya, bu zamana, bu toplumun arasına...

 

Heç kim məndən soruşmadı, gəlmək istəyirsənmi deyə. Mən bu sistemə yazılmadım. Qəbul imtahanı vermədim. Amma artıq buradayam. Və bu "burada olmaq" hissi bir tək oturub nəfəs almaq deyil. Bu, sanki bir gözəgörünməz miqyasa salınmaqdır, ölçülürəm, çəkilirəm, uyğun gəlib-gəlmədiyimə baxılır. Bəzən hiss edirəm, bu dünya mənə dar deyil, sadəcə mən bu dünyanın əlinə yatmıram.

 Yaxşı bəs, nə üçün varam? Bu sualı soruşmaq sadəcə bir intellektual məşq deyil. Bu sual nəfəs almaq kimidir, alınmasa, içimdə bir şey yavaşca boğulmağa başlayır. Yuxudan oyanırsan, gedirsən bir işin arxasınca, qayıdırsan, yeyirsən, yatırsan. Sabah yenə təkrar. Bir az gülürsən, bir az yazırsan, bir az göz gəzdirirsən. Amma içində elə bir səssizlik var ki, heç bir səs onu batıra bilmir. Mənə deyirlər, həyat elə budur. Mən isə içimdən soruşuram, bəs o zaman nəyə görə bu qədər narahatam? Mən artıq yaşamaq deyil, hiss etmək istəyirəm Çox adam yaşamaqdan danışır. Amma onların dediyi yaşamaq, sanki bir növ proqramdır, oxu, işlə, ailə qur, pul qazan, yaşa. Amma mən bu proqramda deyiləm. Mən yaşamaq deyil, hiss etmək istəyirəm. Hər şeyi. Özümü, səmanı, torpağı, onun səsini, gözəlliyini, mənanı.. Amma bəzən hiss etdikcə daha çox əzilirəm, çünki bu hisslərin qarşısında boşluq var. Heç nə cavab vermir. Və bu vaxt başa düşürəm ki, boşluq əslində qaranlıq deyil, cavabsızlıqdır.

 Bəzən küçədə dayanan bir gənc görürəm. Sakitdir, telefona baxır. Heç nə demir. Amma mən onun içində öz sualımı hiss edirəm. O da bilir, bu sistemin quruluşu onun içinə toxunmur. O da gözləyir, bir səs, bir işarə, bir mənzərə... nə olursa olsun, sadəcə bir şey olsun ki, ona desin: "Sənin burda olmağın boşuna deyil." Çünki insan varlığını doğrultmaq üçün yalnız yaşamalı deyil, tanınmalı, görünməli, hiss edilməlidir. Əks halda yaşamaqla yox olmaq arasında fərq qalmaz.

 Və ən dəhşətlisi nədir bilirsən? Həm var olmaq, həm olmamaq. Gündəlik həyatla axıb gedirsən, amma içində hər şey dondurulub. Qəlbinin bir yerində sanki kimsə hələ də səni oyatmağa çalışır, amma sən çoxdan yorulmusan. Niyə oyanaq ki, dünya yenə eyni olacaq. Mən tavanın çatlarını saydıqca bu düşüncə də çat verir, ya bu varlığın içində özümü tapmalıyam, ya da bu varlığın heç biri mənim deyil. İnsan buraya niyə gəlir bilmir, amma buradan necə gedəcəyini sorğulamağa başlayanda artıq var olmaq deyil, varlığı aşmaq istəyir. Mən hələ burdayam. Gözləyirəm ki, bu tavandan nə vaxtsa bir səs düşəcək... və deyəcək,  "gəl, indi sən başlayırsan."

Bu səhər çay içərkən pəncərədən baxdım. Birisi lüks maşında siqaret çəkirdi, digəri zibil qutusunu eşələyirdi. Eyni küçədə. Eyni havada. Eyni dildə danışan, eyni ölkədə doğulan iki insan. Amma biri üçün həyat seçimdir, digəri üçün isə məcburiyyət. Və içimdə sual qalxır. Hansı ədalət bu qədər fərqə izn verib? Əgər hər şey bu qədər təsadüfi və zalımdırsa, onda niyə bizə doğruluq öyrədilir? Niyə məktəbdə "yaxşı insan olun" deyirlər, sonra isə yaxşı olanlar arxa sırada qalır? Bəzən elə gəlir ki, bu düzümdə vicdan ayaq altında qalan bir səhv düymədir.

 Burda bir oyun var. Hamı oynayır. Bəziləri qaydalara əməl edir, digərləri isə qaydaları yazır. Ədalət, bir çox hallarda zəiflər üçün nəzərdə tutulub. Güclülər üçün isə alternativ yollar var. Bu o qədər gözəgirəndir ki, artıq gənclər ədalətə inanmır. Onlar uzaqdan izləyir, başını aşağı salır, ya da qəzəblə susur. Sual budur ki, əgər doğru olmaqla heç nə qazanmayacağıqsa, niyə doğru olaq? Və bu sual verilməyə başlayıbsa, cəmiyyət artıq ruhunu itirib deməkdir. Bəzən gecə oturub oxuyursan, çalışırsan, zəhmət çəkirsən. Amma sabah birisi gəlir, heç nə etmədən səndən qabağa keçir. Ya onun tanışı var, ya pulu, ya da sadəcə şansı. Əziyyətin nəticə ilə əlaqəsi itəndə, insanın içindəki səbəb nəticə hissi ölür. Həmin an artıq nə məqsəd qalır, nə motivasiya. Sadəcə yorğunluq qalır. Və səssiz bir sual.

"Bütün bunlar niyə idi?" Ən qəribəsi budur ki, bu oyunu oynamaq istəməyənlər bu torpağı tərk etmək istəyir. Deyirlər, "burda yaşamaq olmur."Amma bəlkə də problem yaşamaqda deyil, problem yaşamağın bu qədər ləyaqətsiz formada təqdim olunmasındadır. Bəzən mən də fikirləşirəm. Getmək, bu qədər bəsit olmamalıdır. Amma bəzən qalmaq da özünə qarşı zorakılıq kimidir. Düşünürsən ki, bəlkə başqa yerdə həyat səninlə danışar, sənin əziyyətini tanıyar.

 Bir çox adam sakitdir. Küçədə, sosial şəbəkədə, ailədə. Sakit görünür. Amma bu sükut məmnunluqdan yox, öyrəşməkdəndir. Hamı düzümün belə olduğunu qəbul edib. Və heç kim dəyişməyə çalışmır, çünki dəyişmək istəyənlər artıq dəyişib və getmişdir. Ədalət olmayanda, insanlar bir nöqtədən sonra öz kiçik dünyalarında öz şəxsi qanunlarını yaradır. Və bu cəmiyyət, çoxlu kiçik qapalı "mən"lərdən ibarət xaotik bir yerə çevrilir. Əgər yaxşılıq artıq nəticə vermirsə, biz yaxşı qalmağı necə bacaraq? Əgər səbr axırda yox olmaqla nəticələnirsə, səbr fəzilət olmur, sadəcə susdurma üsuluna çevrilir.

Bu gecə də bir pəncərə arxasında düşünürəm, bəlkə də, bu sistemdə ədalət yoxdu, sadəcə ümid saxlayanlara "ədalət" adı verilmiş bir illüziya var. Bəzən elə hiss edirəm ki, bu torpaq məni sevmir. Bunu demək təkəbbür deyil. Sadəcə... burda bir şey qırılıb. Sanki bu yerin ruhu ilə mənim ruhum arasında ünsiyyət pozulub. Nə o danışır, nə mən eşidirəm. Hiss etmədiyim bir torpaqda necə kök sala bilərəm? Çöldə dayanıram. Səssiz bir küçə, boş bir baxış və mən.. Bir yerdə olub, oraya aid olmayan bir varlıq.

Onlar deyir: "bura sənin vətənindir, torpağındır, anandı..."Amma bu torpaqla münasibət yalnız coğrafi olmamalıdır. Bir yerin sənə doğma olması üçün o da səni qəbul etməlidir. Yolunda gedərkən əzilməməlisən, sənə "get" deyən baxışlarla qarşılaşmamalısan. Bura doğrudursa, niyə bu qədər yad hiss edirəm? Əgər doğulduğum yer mənim yerim deyilsə, onda yerim hardadır?

 Biz nə kəndin uşaqlarıyıq, nə də şəhərin. Kənd bizə "unutdun bizi" deyir, şəhər isə "sən bizdən deyilsən." Arada qalmışıq. Ən təhlükəli yer, ikisi arasında, heç birinə aid olmadan yaşamaqdır. Bu hiss, köksüzlükdən daha ağırdır. Çünki sən bilirsən, hər yer var, amma sənin yerin yoxdur. Yatmağa yastıq var, dayanmağa yer yox. Bəzən bir kəndə gedirəm. Uzaqda. Çaylar axır, ağaclar titrəyir, səssizlik doludur. Amma o səssizlik illərlə unutmağa məcbur edilmiş nələrinsə susqunluğudur. Bu torpaqda bir zamanlar danışan çox şey vardı. İndi isə danışmaqdan yorulmuş kimi görünür. Bu torpağın özü belə susubsa, gənc insan burada necə danışsın?

Gedirik, çünki... Bəziləri deyir, gənclər niyə gedir? Cavab sadədir, çünki çağırılmırlar. Bu torpaq "qal" demir. Burda qalmaq təkcə fiziki mövcudluq deyil, qalmaq üçün ruhun da yer tapmalıdır. Əgər sənə lazım olan məktəb yoxdursa, sənət yoxdursa, söz yoxdursa, insan bir gün yorulur. Və yavaşca gözlərini sərhədlərə dikir. Bəzən qürbət bir yerdə doğma hiss edirsən. Sadəcə ona görə yox ki, səni anlayırlar. Ona görə ki, orada kim olduğunla maraqlanırlar. Burda isə çox vaxt kim olduğun önəmli deyil, sən sadəcə bir rol oynamalısan. Ailənin gözündə nə olmalısansa, dövlətin gözündə kim görünməlisənsə, məhəllənin gözündə necə davranmalısansa... Bu yer mənə deyir ki, "olma". Mən isə içimdən pıçıldayıram, amma mən artıq olmuşam...

 Bəzən insan bir torpaqda doğular, amma onun ağacına çevrilə bilməz. Sular onu sulamaz, küləklər onu oxşamaz, insanlar onu sezməz. Belə torpaqda qalmaq, sadəcə fiziki olaraq mövcud olmaqdır. Və mövcud olmaqla yaşamaq arasında, bəzən ölmək qədər fərq var. Bu gün bir yerdə səsimi qaldırdım, heç kim eşitmədi. Bəlkə də eşitdilər, sadəcə qulaq asmaq istəmədilər. Çünki bu cür səslər çoxalanda düzümün balansı pozulur. Və düzüm yalnız bir şeyi sevir, səssizliyi. Ancaq içimdəki səssizliklə çöldəki səssizlik eyni deyil. Mənim içimdəki, qışqırığın boğulduğu bir boşluqdur. O səslə bir yeri dəyişmək istəyirsən. Amma bilirsən ki, səsin divara dəyib geri qayıdacaq.

 İnsan elə-belə üsyan etmir dostum.  Əgər bir gənc sükutu dağıdırsa, demək ki, əvvəl çox uzun müddət susub. Bu qəzəb, sadəcə qəzəb deyil, tanınmaq istəyidir, dəyər görmək istəyidir, aid olmaq istəyidir. Yəni içində qaranlıq yox, əslində işıq axtarışı var. Amma sən bu qəzəbi ifadə etdikcə, insanlar susdurmaq üçün ya səni lağa qoyur, ya da "səbr elə"deyirlər. Əgər səbr sonsuzdursa, insan özü yox olur. Və bu yoxluğun içindən... başqa biri doğulur.

 Bir yerdə oturursan. Gözlərin ekranda, qulaqların musiqidə, əlin telefonda. Amma özün hardasan? Sənin içində iki nəfər var, biri bu qaydaları qəbul edən, digəri isə hər şeyi yandırmaq istəyən. Biri susur, digəri qışqırır. Biri təhlüklədir, digəri qorxaq. Biri uyğunlaşır, digəri gizlincə içindən qaçır. Bəzən hiss edirəm, içimdə nə qədər çox adam yaşayırsa, mən bir o qədər təkəm.

 Dəyişmək istəyirəm. Hər şeyi. Özümü, ətrafımı, düzümü, dili, mövqe anlayışını. Amma hara gedəcəyimi bilmirəm. Bu bir labirintdir, çıxış olduğunu hiss edirsən, amma heç bir divarın arxasında yol yoxdur. Və sən bu boşluqda ayaqda qalmağa çalışırsan. Yıxılmamaq üçün hərəkət edirsən, amma hara gedirsən bilmir, sadəcə yerində dövr edirsən. Bunu görənlər sənə "cəld fırlanırsan" deyir, amma sən bilirsən, çevrəndəki torpaq hələ də eyni yerdədir.

 İçimdə bu qədər enerji var. Yandırmaq, qurmaq, uçurmaq, yaratmaq, qoparmaq, dəyişdirmək.. Amma yön yoxdur. Və insan yönsüz gücə sahib olanda ya özü partlayır, ya da ətrafını dağıdır. Bu şəhərdə hər gün içində partlayan, lakin səssizcə yoluna davam edən neçə nəfər var görəsən? Hərəsi bir gün bir qığılcımla ya ucalacaq, ya da tam yanacaq. Bəzən hiss edirəm, içimdəki qəzəb, bir gün məni öz yerimdən qoparıb atacaq. O gün ya özüm olacam, ya da heç kim. Çünki bu qədər üsyan, bu qədər qaranlıq, bu qədər sorğu boşluqda qalmaz. Ya birinə çevrilər, ya da hamını dağıdar. Mən sadəcə istəyirəm ki, bu dağıntının içindən bir yol açılsın. Yolun haraya getdiyini bilmirəm, amma getmək istəyirəm. Çünki artıq burda qalmaq qaranlığa çevrilib. İnsan yalnız çörəklə yaşamazmış.

Səhər yeməyi yeyirəm, amma doymuram. Nə yeməyə, nə içməyə, nə də istirahətə ehtiyacım vardı o saat. İçimdə fərqli bir aclıq var, sözlərlə ifadə olunmayan, amma daim sızlayan bir hiss. Sanki nəsə çatışmır. Əlimdə olan hər şey tamamdır, amma həyatın özü natamamdır. Boşqab doludur, ruh isə boş. Bax budur bu dövrün aclığı.

 İnsanın aclığı bəzən mədəsində olmur ki. Bəzən bir cümləyə acırsan, bir baxışa, bir anlayışa, bir mənzərəyə. Bəzən tək bir sual var içində, "bütün bunların mənası nədir?" Əgər səhər oyanırsansa, gün boyu işləyirsənsə, axşam isə yatağa girib növbəti günü gözləyirsənsə və bütün bu dövrə bir cümləlik izah tapmırsansa, bu, sadəcə yorğunluq deyil. Bu, ruhun səssizcə acından ölməsidir.

 Bu günlərdə ümumiyyətlə çox danışırıq. Hər yerdə səs var, amma eşidiləcək söz yoxdur. Təhsil var, amma məna yox. Mədəniyyət var, amma ruh yox. Sistem var, amma məqsəd yox. Texnologiya var, amma niyə yaşadığımız bilinmir. İnsanlar canlıdır, amma sanki içlərində nəsə ölüb. Bir vaxtlar şeir yazırdıq, indi bloq. Bir vaxtlar sorğu vardı, indi "trendlər". Bir vaxtlar ruh danışırdı, indi sosial şəbəkə bağırır. Qurtuluşsa yalnız mənada var. Əgər həyatın mənası yoxdursa, zənginlik də, vəzifə də, münasibət də, mükafat da sadəcə üstü bəzədilmiş boşluqdur. Ruh yalnız öz yerində olarkən doyur. O yer isə, nə rəsmi kürsüdür, nə də diplom kağızı. O yer, səni sən edən şeyin yaşadığı məkandır. Əgər sən bu həyatda iz qoymaq istəmirsənsə, demək ki, artıq içindəki nəsə sönüb. İstəmək, ruhun sağ qalmasıdır.

İstəmək, mənaya toxunmaq istəyidir.

 Bu torpaqda bəziləri tarix tərəfindən unudulub. Amma daha qorxulusu odur ki, bəziləri özünü özü unutmaq məcburiyyətində qalıb. Çünki bu sistemdə mənanı axtarmaq çox vaxt "bədbəxtlik" sayılır. Sənə deyirlər ki, "çox düşünmə, özünü yorma, başını aşağı sal." Amma başını aşağı saldıqca, ruh da aşağı enir.

Ruhum acdır. Çünki bu həyat təkcə yeməklə, içməklə, çalışmaqla dolmur. İnsan nəsə gözləyir. Təsdiq, ilham, sevilmək, görülmək, hiss edilmək… Amma ən çox, mənanı hiss etmək istəyir. O mənanı tapmadıqca, bu yer ona tanış olmur. Tanımadığın yerdə isə insan həmişə qonaq kimi yaşayar. Bəzən bir sual, bir musiqi, bir cümlə yetər… Yetər ki, ruh öz evini tanısın.

O zaman, bəlkə də... qalmaq istəyə bilərik.

 

“Ədəbiyyat və incəsənət”

(15.09.2025)

 

 

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.