TƏLƏBƏ YARADICILIĞI – Ayşən Cəfərlinin hekayəsi Featured

 

“Ədəbiyyat və incəsənət” portalının Tələbə yaradıcılığı rubrikası yay tətilindən qayıdıb bugündən fəaliyyətini davam etdirir. Bu gün sizə Ağdam Sosial İqtisad Kollecinin tələbəsi Ayşən Cəfərlinin “Araf” adlı hekayəsini təqdim edirik.

 

“ARAF”

AYŞƏN CƏFƏRLİNİN HEKAYƏSİ

 

Dərin bir nəfəs alıb gözlərimi açanda ilk öncə harada olduğumu düşünməyə başladım. Böyük, geniş bir zalda idim. Burada o qədər çox insan var idi ki, niyə belə bir yerdə olduğumu və yenə niyə burada yatıb qaldığımı fikirləşirdim. Nə qədər düşündümsə, bir cavab tapa bilmədim. Başımı bulayıb ayağa qalxdım. Sonra ətrafa bir də göz gəzdirdim. Bura sərgi salonuna oxşayırdı. Hər tabloda bir şəkli var idi və hər şəklin qarşısında bir nəfər dayanıb uzun-uzadı ona baxırdı. Qaşlarım çatıldı. Böyük bir tablonun qarşısında bir qadınla balaca bir uşaq dayanmışdı. Qarşılarında durduqları tabloda onların da yer aldığını gördüm. Sonra digər bütün tablolarda da qarşılarında dayanan adamların şəkilləri olduğunu fərq etdim.

Bir az irəliləyib içərini gəzmək və eyni zamanda çıxışı tapmaq istədim. Sonra yadıma düşdü ki, oğlum və qızım məni gözləyirlər. Evə tələsirdim. Niyə bura gəlmişdim? Bəlkə bir tanışımın sərgisi idi və məcbur, ayıb olmasın deyə gəlmişdim? Bəs onda niyə yatıb qalmışam?

Çıxışı axtararkən, elə qapının yanında gördüyüm tabloyla bərabər addımlarım dayandı. Böyük, çərçivəsi gümüşdən olan tabloda mənim də şəklim var idi.

Yaxşı, artıq işlər istədiyim kimi getmirdi. Ətrafa baxıb: – Bu sərginin sahibi kimdir? – deyə soruşdum.

Lakin heç kim mənə cavab vermədi. Dahası, kiminsə məni eşitdiyindən şübhəli idim. Qaşlarım bir daha çatıldı. Təkrar-təkrar soruşdum hamıdan. Amma nə qədər eləsəm də, kimsədən səs çıxmadı. Evdəkilərdən kimdənsə icazə almış ola bilərdimi sərginin sahibi? Çünki mən belə bir şeyə icazə verməzdim. Başımı iki yana buladım.

Oğlum və qızım məni gözləyirdi. Evə tələsirdim.

Oradan necə çıxdığımı xatırlamıram. Eləcə də evə necə gəlib çatdığımı. Yol boyu o qədər çox düşünmüşdüm ki! Harda idim, o sərgiyə necə getmişdim və niyə orada mənim şəkilim var idi? Dərin bir iç keçirdim. Bizim evin olduğu küçəyə çatanda, hər səhər çörək aldığım Əhməd kişiyə salam verdim. Amma o salamımı almadı. Qaşlarım çatıldı. Bəlkə nə isə olub inciyib məndən? Yaxud da eşitməyib? Üstündə çox dayanmadım.

Oğlum və qızım məni gözləyirdi. Evə tələsirdim.

Küçəni dönüb ən sondakı evə doğru irəlilədim. Kaş çörək alaydım. Yüz faiz indi evdə çörək yox idi. Simuzər mənim əliboş qayıtmağıma görə danlayacaqdı. Ona neçə dəfə demişdim ki, evdə nəsə əskik olanda qabaqcadan zəng etsin, xəbər versin. Evə çatanda isə o başlayırdı bütün əskikləri sadalamağa. Mən də məcbur qalıb bu uzun yolu geri dönürdüm. Nəysə... Gedək görək, bu gün hansı əskikləri sadalayıb məni geri göndərəcək.

Özümü qəribə hiss edirdim. Yanından keçdiyim insanlar dönüb mənə baxmırdılar belə. Halbuki mən harada olsam diqqət çəkərdim. Salam verdiyim adamlar belə salamımı almırdı. Küçəni dönüb evə yaxınlaşanda çoxlu adam gördüm. Daha diqqətlə baxanda onların fərqli geyimlərinə rəğmən, hamısını tanıdım. Sol tərəfdə başı aşağı gedən kişi Sabir idi. Zavodumuzda operator işləyirdi. Yanında Mustafa vardı. Fazili də gördüm. Demək olar, zavodun bütün işçiləri bizim küçədə idi.

Heyrətlə onlara baxdım. Addımlarım onlara tərəf yönəldi.
           – Sabir? – dedim, mənə baxması ümidi ilə.

Lakin o məni görmədi, elə bil. Dərin kədər içində baxışlarını yerə dikmişdi. Görəsən nə olub?
           – Mustafa? Fazil? –

Heç biri mənə baxmadı. Düzü, bu, məni artıq əsəbiləşdirirdi. Boğazım düyünləndi. Onların yanından keçib evə irəlilədim.

Küçənin sonunda idi bizim ev. Beş dəqiqəlik yol idi. Amma bu gün o beş dəqiqə mənə beş saat kimi gəlmişdi. Addımlarım qarşımda gördüyüm mənzərə ilə yenidən dayandı. Küçənin sonunda bir məclis qurulmuşdu. Gözü yaşlı bir neçə insan məclisdən çıxıb bir tərəfə yönəlirdi. Qarşıda kişilər yığılmış, samovarlar qalanmışdı. Qaşlarım çatıldı. Kiminsə yas mərasimi olduğu aydın idi. Lakin bizim küçədə kimə nə olmuş ola bilərdi ki? Addımlarım ağlıma gələnlərlə bərabər sürətləndi. Çoxdan gec qalmışdım. Yəqin bu yas xəbərini eşidəndə mənim üçün narahat olublar. Tələssəm yaxşı olar. Əslində bu vaxtlar mən işdə olmalıydım. Niyə evə gəldiyimi, ya da o sərgiyə necə getdiyimi xatırlamırdım. Bildiyim tək şey – tələsdiyim idi. Küçənin sonundakı ayracdan dönüb bizim evə irəlilədim. Darvazalar iki yandan açılmış, qara paltarlı qadınlar içəri keçirdi. Yoxsa qonşu Firuzə xala rəhmətə gedib?

“Bizə niyə gəlirlər onda? Yəqin Firuzə xalaya nə isə olub. Yazıq, yaxşı qadın idi. Allah günahlarını bağışlasın…” – düşündüm.

Solmazgilin evi balaca olduğuna görə qonaqları bəlkə də bizdə qəbul edirdilər. Simuzər qonşuluq bağlarına xüsusi önəm verirdi. Onun üçün qonşu ən yaxın qohumdan da yaxın idi.

Qapıdan içəri girdim. Balaca nəvələrimdən birini görüb səsləndim:
– Gültəkin! Gültəkin, bala, bəri gəl görüm!

Amma o məni eşitmədi. Əlində dəsmal tuturdu. İçəridən çıxan gözü yaşlı qadınlar əllərinə su tökür, sonra da dəsmalla qurulayırdılar. Nəvəmin yanına qədər gəlib qarşısında dayandım. O isə məni görmürdü.

– Gültəkin? – əlimlə qolunu tutmaq istədim, amma əlim boşluğa düşdü.

Dəhşətə gəldim. “Axı bu necə ola bilər?!” Sözlərimi tamamlamadan qonaq otağından bir qışqırıq, bir fəryad eşidildi. Simuzərin səsi idi. Qaçaraq qonaq otağına girdim. Amma... bir dəqiqə. Bura niyə bu qədər izdihamlı idi? Simuzər niyə ən öndə oturub ağlayırdı? Yanındakı qızım Zibər niyə saçlarını yolurdu?

– Cavan yaşında bizi tək qoyub getdin, ay bacı!
– Məni niyə tək qoydun, Kübra?!

Dəhşət. Hiss etdiyim tək şey dəhşət idi.

– Simuzər! – çığırdım. – Simuzər, dəlisən sən? Mən buradayam! –

Onun yanına gedib çiyinlərindən tutmaq istədim ki, özünə gəlsin. Amma əllərim yenə boşluğa düşdü.

– Bu zarafatdır? Kameralar hanı? Rizvanın işidir bu? Ay dəli! Elə bildiniz qorxacam? –

Səsimi eşitdiyindən şübhələndim. Əllərim boşluqda sallanmağa davam edirdi.

– Ana… məni niyə tək qoydun?.. –

Əsəbləşməyə başladım.
– Mən burdayam, qızım! Yanınızdayam! –

Sonra gözlərim Simuzərin əlində tutduğu çərçivəyə çevrildi. Mənim şəklim idi. Sərgidə gördüyüm şəklin eynisi. Geriyə doğru bir addım atdım. Yer adamla dolu idi, hamısı ağlayırdı. Amma buna baxmayaraq, ayaqlarım onlara ilişmədi, boşluqda itdi.

Bu gün olanları düşündüm. Dərin bir nəfəs aldım. İşə getmişdim. İşə getmək üçün evdən çıxmışdım. Sonra... sonra…

Oğlum və qızım məni gözləyirdi. Evə tələsirdim.

Sonra Sərdar mənə zəng vurmuşdu. Rizvan hərbidə idi. Görüşə gedə biləcəyimiz günü öyrənmişdi. İşdən tez qayıtmağımı istəmişdi ki, yubanmadan yola çıxaq. Alınacaqları alaq…

Sonra... sonra mən sərgidə oyandım. Necə oldu axı? Telefonla danışdıqdan sonra nə olduğunu niyə xatırlamıram?

Evdən tələsik çıxdım. Balaca nəvəmə baxmadan yanından keçib getdim. Küçə boyunca mağarın olduğu tərəfə addımladım. Mağardan içəri keçəndə orada da öz şəkilimi gördüm. Başımı iki yana buladım. O şəkil ölü insanlar üçün idi. İnsanlar öldükdə mağar qurular və mağarın başında o ölünün şəkli asılardı. Udqundum, amma boğazımda iri bir yumru vardı. Gözlərim insanları süzdü. Hamısı tanıdığım adamlar idi. Kişilərin çoxunu tanımırdım, amma qadınları tanıyırdım. Və o balaca uşaqları — öz tələbələrimi. Qaşlarım çatıldı. Yəni mən ölmüşəm? Ölmüşəmsə niyə buradayam? Ölümdən sonra insanlara bu mu olurdu?

Arxaya doğru bir addım atdığımda, birinə dəyib səndələdim. Bu məni təəccübləndirdi, çünki bayaqdan kimə toxunsam boşluq olurdu, amma indi yox. Qarşımda bir adam dayanmışdı — uzunboylu, qara saçlı, qara qaşlı. İri-yarı, heybətliydi. Gözlərinin rəngini tam seçə bilmədim.

– Sən? — dedim bir ümidlə. — Məni görürsən? — deyə soruşdum.

Başını yellədi.

– Əlbəttə. Sizi görürəm. Necə ki, siz də məni görürsünüz, — deyə güldü. Ətrafa baxan həyəcanlı gözləri mənim gözlərimdə dayandı.

– Adınız necə idi? Kəmalə? — deyə soruşdu.
– Kübra. Adım Kübra. Məni necə tanıyırsan? — cavab verdim.

– Bu ərazidə hamı bir-birini tanıyır. Ən azından qalxandan içəri yeni bir adam girəndə onun haqqındakı hər şeyi bilirik.

Qaşlarım çatıldı. İçimdəki qorxunun yerini maraq aldı.
– Sən kimsən? Ya nəçisən? Qalxan nədir və başqaları da varmı sənin kimi? Bizə nə olub? Ölmüşük yoxsa yox? — sual etdim.

– İnsanam. Sizin kimi. Adım Turandır. Hə, təəssüf olsun ki, ölmüsünüz. Qalxan — ölümdən sonra ruhunun bədənini tərk etməsi nəticəsində gəldiyin bu yerin sərhədidir. Belə izah edim: siz öləndə, bədəninizdən ayrılan ruh digər tərəfə keçir. Bədən insanların dünyasında qalır, ruh isə ölülərin dünyasındadır.

– Necə yəni? Heç nə başa düşmürəm. Mən necə ölə bilərəm? — dedim çaşqınlıqla.

– Hər insan ölümə məhkumdur. Əcəli gəlib çatdıqda, buna mane ola bilməzsən. İnsan oğlu hər şeyi xatırlayır, amma ölümün ani və qaçınılmaz olduğunu unudur.

– Mənimlə belə danışma. Başa sal məni. Nələr olub mənə? — istəklə soruşdum.

– Siz bu gün günorta saatlarında, işdən evə qayıdarkən maşın qəzasında həyatınızı itirmisiniz. Çoxlu qan itirdiyiniz üçün öldünüz. Bu da sizin dəfn mərasiminizə hazırlıqdır.

– Elə bu gün öldüm? — soruşdum.
– Aha, elədir.

– Bəs bu mağar? Daha... bu gün ölmüşəmsə, bədənim haradadır? —
– Bədəninizi dəfn üçün sabaha qədər burada saxlayırlar. Artıq gecdir. Bu mağar isə baş sağlığı üçün toplaşanlar üçün bir saat əvvəl sizin oğlunuz tərəfindən qurulub.

– Axı oğlum əsgərdədir. Gəlməsi mümkün deyil. — dedim itirilmiş halda.
– Anasının öldüyünü öyrəndi. İcazə alması çətin olsa da, dəfn üçün burada olmaq onun haqqı idi, — dedi Turan.

– Başa düşürəm, — dedim zəifcə.

– Yəqin ki qorxursunuz.

– Yox, sadəcə... Axı ölmüşəmsə necə belə danışa bilirəm və onları görürəm?

– Ehh, başa qayıtmaq istəmirəm. Sadəcə bir müddət gözləyin. Onda hər şeyi başa düşəcəksiniz.

– Bəs o gün gələnə qədər nə edəcəm? Hara getməliyəm? O sərgi yeri nə idi?

– Ora bu dünyanın girişi idi. Sizinlə birlikdə bu gün ora 40 ruh daxil oldu. Ya da sizin deyişinizlə ölü insanlar.

– Başa düşürəm.

– Başa düşmədiyinizi bilirəm. Yenə də, dəfn mərasiminin dadını çıxardın. Mən ən çox qırx günlərini sevirəm. Təbii ki, o günə qədər qalan biriləri olarsa, onları izləmə şansım olur.

O bir anda yox olanda, mən çaş-baş qaldım. Yenə də onun dediyini etdim. Geriyə dönüb baxdım. İndi bu mənim dəfn mərasimim idi? Başa gələn çəkilər... Deməli mən ölmüşəm? Həmişə qarşıdan qarşıya keçəndə çox səhlənkar davranırdım. Bir gün sonum olacağını bilirdim, amma bu şəkildə... İç çəkdim.

 

***

Günlər keçdi. Gəlib-gedənlərin sayı azalmır, daha da çoxalırdı. Öz yasıma yad bir insan kimi gəlirdim və iştirak edirdim. Öz əlimi, bədənimi rahatca görürdüm. Normal insan bədənindən heç bir fərqi yox idi. Bu məni təəccübləndirirdi. Biraz keçəndən sonra öldüyümü qəbul etmişdim. Təbii ki, bu qəbul asan deyildi. Mən özümü aldadırdım. Amma yenə də əlimdən heç nə gəlmirdi. Bu gün ölümümün dördüncü günüydü. Bir gün gec basdırıldığım üçün üç mərasim bu gün idi: iş yoldaşlarım, Sərdarın iş yoldaşları, ailəmin tanıdıqları — hər kəs gəlirdi. Qardaş-bacılarımın, qapı qonşularına qədər hər kəs.

          Gözlərimi küçənin ağzına çevirdim və oradan gələnləri izlədim. Qısacası, bütün yaxınlarım, tanışlarım, məni tanıyan hər kəs burada idi. Dünyadan silinməyimə baxmayaraq buradaydılar. Həyatlarından çıxsam da, bir gün məni unudacaqdılar. Sabirlə bir neçə gün əvvəl bir yerdəydik. Bu gün yanlarında yoxam və onlar yenə də həyatlarına davam edirlər. Sözsüz, bunun üçün onlara küsməyə, inciməyə haqqım yox idi. Sadəcə hər insanın fərqli hekayəsi var. Mən onların hekayəsindəki öz rolumu oynamışdım. Vaxtım dolmuş və həyatlarından çıxmışdım. Bir gün səhər açılacaq və onlar məni tamam unudacaqdılar.

Aradan yeddi gün daha keçdi. Simuzərin acısı ilk günkü qədər olmasa da gözlə görünən şəkildə böyük idi. Qızım artıq ağlamırdı; göz yaşları sanki qurumuşdu. Yoldaşım Sərdar kədər içindəydi. Oğlum hərbiyə geri çağrılmışdı. Amma arada onun olduğu yerə də gedə bilirdim — ruh olmanın üstünlükləri. İşin tərs tərəfi odur ki, bunu sevməyə başlamışdım. O adamı — Turanı — artıq çox görmürdüm. Yeddimə gələnlərin çoxu üçə gələnlər və dəfn mərasiminə gəlməyənlər idi; çoxu isə hər bir mərasimdə iştirak etmişdi. Bu gün gələnlər arasında çox sevdiyim bir neçə nəfər vardı: tələbələrim. Zavodda işləməyimə baxmayaraq rayondakı ən güclü ədəbiyyat müəllimlərindən biri sayılırdım. Özümü tərifləyirəm, çünki... niyə də olmasın? Artıq dünyada yoxam — tərifləməyin bir mənası da yoxdu, amma bunu deyəndə özümü yaxşı hiss edirəm. Düşünürəm ki, dünya üçün o qədər də pis insan olmamışam. Buraya gələn o qədər adamın birinin belə dilindən haqqımda pis söz çıxmamışdı. Arxamca yaxşı sözlər deyirdilər. Dəfn mərasimimlə yeznəm məşğul olurdu. Hər şeyi o təşkil edirdi: hər yerə qaçır, hər yerə yetişməyə çalışırdı.

Eyni anda qızımla da məşğul olur, onu tək qoymurdu. Bəzi gecələr qızımın fəryadlarını eşidirdim. Yanına qaçır, onu sakitləşdirir və təsəlli edirdi. Onun bu halını görəndə qızımın necə də doğru seçim etdiyini də görmüşdüm.

Küçənin ağzında tələbələrimə gülümsədim. Aylin, Lamiyə, Şahin və Nihad birlikdə addımlayaraq bura gəlirdi. Aylin hər zamanki kimi tək deyildi; yanında bir vaxtlar tələbəm olan bacısı Firəngiz də vardı. İkisi digərlərindən kənarda irəliləyirdi. Lamiyəni ilk dəfə makyajsız görürdüm. Eh, bu qızı makyajsız görmək mümkün deyildi. Gülümsədim. Şahin yanındakı Nihada sataşırdı. Bəzən hazırlıq zamanı ikisi arasında böyük davalar olardı. Nihad hamıyla dalaşardı, amma onun da içində çox yaxşı bir uşaq vardı. Bunu bilirdim. Müəllim olanda istər-istəməz şagirdlərin içini görmək imkanınız olurdu: nəyi niyə etdilər, hansı düşüncə ilə hərəkət edirdilər. Qısaca, hamısını bilirdiniz.

Aylinin gözləri dolu doluydu. Firəngiz isə sol yanağından axan bir damla yaşı kimsə görmədən sildi. Şahin ilk dəfə bu qədər səssiz idi. Tək bir sözlə, içlərində ölümümün kədərini yaşadıqlarını görürdüm. Aylinin addımları geri geri getdi.

– Mən inanmaq istəmirəm. Axı necə ola bilər, Şahin? –  üzünü ona tutdu.

– Şahin, Kübra müəllimə. Bizim Kübra müəllimə. Bu... –  baxışlarını qarşıda duran mağaraya çevirdi.

– Biz nə edirik? Geri dönək, –  dedi. Şahin iç çəkdi. Firəngiz bacısının qoluna toxundu, dəstək verərcəsinə. Lamiyə dedi:

– Düşünün, içəri giririk və Kübra müəllimə orada oturmuş olur.

Hamısı qısa bir an bunu düşündü.

            – Allah eləsin, elə olsun, – dedi Şahin. Hər biri tələbə adını qazanmış iki-üç ilin məzunu idi. Məni unutmayıb gəlmələri belə mənim üçün böyük bir şey idi.

             – Öldüyü gündən bir gün əvvəl onunla danışmışdım, – deyə başladı Şahin. – Görüş təyin etmişdi, ondan alacağım kitablar var idi. –  Gözlərinin dolduğunu gördüm. Lamiyə ona anlayışla baxdı. Aylinin gözləri hələ də mağarada idi. Nihad Şahinə baxdı:

           – Gedək keçək? Yoxsa elə burada dayanacaqsınız? – deyə soruşdu. Onların sözləri üzərinə addımlamağa başladılar.

Elə bu vaxt, mağardan çıxan qadınlardan birinin halı pisləşdi. Ah, bu bizim Mələk xanım deyilmi? Bir müddət, uzun bir müddət məktəbdə müəllim kimi fəaliyyət göstərmişdim. Sonra işlər düz getmədi və pambıq zavodunda işə düzəldim. Bu qadın, mənim məktəbdə ən yaxın sirdaşım olmuşdu. İnsanlar onun başına yığışanda, bizim uşaqlar olduğu yerdə donub qaldılar. Yeznəm qaçaraq su gətirdi və sudurğa keçirən qadına kömək edənlər arasına qarışdı. Mən də təlaşa qapıldım, amma heç nə edə bilmirdim. Onlara toxuna bilmirdim, səsimi duyura bilmirdim.

Aylin bərəltdiyi gözlərini bu mənzərədən tez uzaqlaşdırdı. Digərləri də bərabər evə doğru addımladılar.

– Siz ikiniz burada qalın, biz içəri keçək. Bacısı Simuzər xala bizi tanıyır. Görünüb qayıdacağıq, – dedi Lamiyə. Şahin və Nihad ikisini başlarıyla təsdiqlədi.

Mən də qızların ardınca içəri, evə keçdim. Bir küncdə dayandılar üçü də. Evdəki ağlaşma səsləri onlara yad idi. Daha 18-20 yaşında yeni yetmələr idilər. Təbii ki, ölümü görmüşdülər, amma yaşları balaca olduğundan ilk dəfə ölümü bu qədər yaxından hiss edirdilər. Ən azından Aylin ilk dəfə ölümü hissetmişdi. Küncdə durub, nəvəmə qaçaq baxışlar atırdı. Gözləri doldu, üzünü divara çevirdi.

Qadınlar arasından biri dedi:

– Qoyun uşaqlar gəlsin, tələbələri gəlib.

Qızları içəri aldılar. Onlar nə olduğunu anlamadan bir anda ağlaşmanın ortasında, hətta ən başında yer aldılar. Simuzər və qızımın qarşısında oturan Aylin baxışlarını yerə zillədi. Saatlardır tutduğu gözyaşlarını saxlaya bilmədi. İlk dəfə bu evə, mən olmadığım bu evə gəlirdi və evin yadlığını hiss edirdi. Balaca qız, əlindən ən sevdiyi əşyanı almışcasına ağladı. Lamiyə və Firəngiz qorxdular, çünki bunu gözləmirdilər. Aylin o qədər möhkəm ağlayırdı ki, orada oturan qadınların hər birinə əsəbləşdim. Uşaq idilər, burada olmamalı idilər. Ağlaşmalar artdıqca hər birinin ifadəsi dəyişdi. Lamiyə və Firəngiz də ağlamağa başladı. Aylin ayaqlanıb otaqdan sürətlə çıxdığında, digərləri arxasınca gəldi.

Çıxışda əllərində su və dəsmal tutan nəvəmə baxdı. Bir şeylər demək istədi, amma o an nə deyəcəyini bilmədi sanki. Bütün sözlərin kifayətsiz qalacağını bilirdi. Ovucuna azca su alıb oradan çıxdı. Ayaqqabılarını geyinib sürətlə küçəyə qaçdığında, az qalsın ona çatdıra bilmirdim. Şahin və Nihad tərəfindən dayandırıldığında, üzünün rəngi ağlamaqdan qıp-qırmızı olmuşdu.

– Ey! Yaxşısan? Otur. Nihad su gətir, –  Şahin onu dəmir durpanın üzərinə otuzdurdu.

– O mənim ən sevdiyim insan idi, –  dedi hönkürtülərinin ardından. – Mənə ədəbiyyatı sevdirən insan. Yazmağa onun sayəsində başlamışdım. Mənə qaranlıqdan çıxış yolunun sadəcə yazmaq olduğunu o öyrətmişdi. O mənim ən böyük dəstəkçimdi. Mən... Mən... – Sanki nəfəs ala bilmirdi.

Şahin qızın bu halını görüb təlaşlandı.

– İnsan ölümü qaçınılmazdır, Aylin, – dedi səssizcə. – Sırf biz çox sevirik deyə, sevdiklərimiz ölməyəcək deyə bir qanun yoxdur.

O anlarda Nihad gəldi. Əlindəki suyu Aylinə uzatdı. Qız yanlarına gəldikdə, az da olsa sakitləşmişdi. Onu izləyərkən gülümsədim. O görməsə də...

– Pul yazılıb, gedək. Halı daha da pisləşmədən buradan ayrılaq,” dedi Firəngiz.

Cumalarım verilmiş, qırxım çıxmışdı. Elə qırxım olan günü Turan yenidən qarşıma çıxmışdı.

– Salam, – dedim onu görəcək.

          – Salam. Hələ də buradasınız? Bax, bu məni təəccübləndirdi, –  dedi düşüncəli şəkildə.

– Niyə? – deyə soruşdum.

– Vaxtı gələndə görərsiniz, – deyib getdi.

Aradan bir il keçdi. Hər şey və hər kəs öz həyatına qaldığı yerdən davam elədi. Tək əksik mən idim, və mənim yoxluğum o qədər də bilinmirdi. Artıq ruh halındakı bədənim biraz solğunlaşmışdı. Ağır-ağır hərəkət edirdim. Cəld deyildim. Tez yorulurdum. Bütün bunların səbəbini öyrənmək istəyirdim, amma Turanı bir ildə heç görməmişdim. Ən azından dünən gələr deyirdim, çünki dünən ölümümün bir ili tamamlanmışdı. Amma gəlməmişdi. Deyəsən o da məni unutmuşdu.

Unudulmaq, bu günlərdə ən çox başıma gələn şey olmuşdu.

Evə gedən yoldakı böyük tut ağacının altında oturmuşdum. Bu yollardan deyib gülərək, bəzən də ağlayaraq keçmişdim. Bir il əvvəl isə bir tabutun içində, başqalarının, mənə tanış olanların çiyinində, son mərasimimə yola salınmışdım.

– Hələ də buradasınız? – Gözlərimi səsin sahibinə çevirdim.

– Səni görmək xoş oldu.

– Sizi də.

– Bilmirsən, nə vaxta qədər burada qalacam? –  deyə soruşdum.

– Bilirəm.

– Yəni mənə açıqlayacaqsan?

– Aha, vaxtı gəldi.

– Səni dinləyirəm.

– Bu dünya, insanların dünyasından fərqlidir. Orada bir bədənə sahipsən, lakin burada ruh halında yaşayırsan. Heç bir insani ehtiyacın olmur. Həyatda qalmaq üçün sadəcə bir şeyə ehtiyacın var: unudulmamaq.

– Burada sonsuz bir həyat keçirə bilərsən. Amma sadəcə yaxınların səni unuduncaya qədər. Səni xatırlayan nəfəs alan son insan səni unutduqda, bu dünyadan ömürlük silinib yox olursan.

– Özümü yorğun hiss edirəm. Bu silinmənin bir işarəti ola bilər? Elə bil rəngimdə solub.

– Elədir ki var. Çox təəssüf edərək bildirirəm ki, unudulursunuz, Kübra müəllimə.

– Bunu bilirəm. Onları izləyəndə bunu gördüm. Əvvəl evdəki izlərim silindi, kitablarım atıldı, paltarlarım ehtiyac sahiblərinə verildi. Sonra məzarıma kimsə gəlməz oldu. Oradakı qırmızı qərənfillər artıq gün işığından bozarmış bir toz parçasına dönüb. Yavaş-yavaş xatirələrindən silindim. Dünən ölümümün birinci ili tamam oldu, amma kimsə məni xatırlamamışdı. Balaca nəvəmin telefonuna mesaj gəldi və o zaman xatırlayıb tələm-tələsik hazırlıq gördülər.

– Deyəsən bu sizi incidib.

– Elədir ki var. Amma məni unutduqları üçün onlara inciməyə haqqım yoxdur.

– Düzdür.

– İndi mən silinəcəm? Yoxsa yox?

– Əslində silinməyəcəksiniz. Bura ona görə gəldim. Heç vaxt unudulmayacaq olan insanlar, qalxanın bir digər sərhədinə keçiş haqqı qazanır.

– Axı az əvvəl dedim ki, onlar məni unudublar.

– Biri sizi unutmayıb, Kübra müəllimə.

– Kim?

– Aylin adlı bir qız. Üçüncü kurs ədəbiyyat müəllimliyi oxuyur.

– Aylin? Həqiqətən məni unudmayıb?

– Elədir.

– Bəs necə əminsiniz ki, o məni heç vaxt unutmayacaq?

– Bax, bu yerində bir sual oldu. Belə izah edim: O, sizin ruhunuzun unudulmayacağı bir şey yaratdı.

– Ona görə siz daim yaşayacaqsınız. Oxuduğu bütün kitab sətirlərində sizin izləriniz olacaq. Yazdığı bütün yazılarda, kitablarında, keçdiyi bütün dərslərdə sizdən bəhs edəcək. Ruhunu bir kitabda yaşadacaq. İndi isə ayaqlanın, gecikmədən gedək.

Öz dəfn mərasimimi addım-addım izləyərkən çox şey öyrənmişdim. Hər şey bir neçə saniyəlik idi. O qapıdan içəri girənə qədər hamı deyib gülürdü. O qapıdan içəri girəndə isə ölünün ailəsinə dəstək olurdular, onu yad edirdilər. Elə ki, yenidən qapıdan çıxdılar, daha evdən ayrılmadan o ağlaşma otağından çıxdıqları an söhbətə başlayırdılar. Hər şey bir andan ibarət idi. Mən buradakı bütün insanların o qısa anı idim. Bir anlıq xatırlanıb ömürlük unudulurdum. Sonum qaçınılmaz idi, çünki öz ailəm belə məni unutmuşdu. İndi isə balaca bir qız işığım olmuşdu. Ruhumu bir kitabda yaşadırdı.

– Sən nə qədər müddətdir bu haldasan?

– On ildən çox olur.

– Necə bəs bu qədər tünd rəngdəsən? Olduqca gümrah görünürsən.

– Məni xatırlayanlar çoxdu.

– Sənin adına sevindim. Ölümün... necə olub?

– Mən şəhid olmuşam. Turan Muradov. 2015.

              Şəhid Turan Muradov. Şagird Turan Muradov.

          – Məni xatırlayanlardan biri də siz idiniz. Öləndən sonra məni tanıya bilməməniz məni çox heyrətləndirmişdi.

          – Çox üzr istəyirəm, Turan. Mən... sən olduğunu bilmirdim.

          – İnsanlar məni bir bayraqda, bir formada, hər hansı bir tarix kitabında, bir şəkildə, sosial mediada və ya başqa bir şeydə yaşadırlar. Unudulmuram. Bir an belə. Mənim kimi olan onlarca, hətta yüz milyonlarla şəhid var. Aylin sizi bir kitabda yaşadır, xalq isə mənim kimiləri mavi səmada dalğalanan üçrəngli bayraqda.

           Aradan neçə illər keçdi. Kübranın ailəsi onu tamamilə unuttu. Ölümünün səbəbi –  övladları üçün tələsməsi nəticəsində qarşıdan qarşıya keçərkən maşının altında qalması olsa da, –  onu ilk unudan övladları oldu. İllər keçdi. Ömürünü bərabər keçirdiyi adam, həyat yoldaşı da onu unuttu. Ruhu isə başqa bir dünyada, insanların dünyasında, bir kitabda yaşadığı üçün hələ də sağ idi. Görüntüsünün solmadığı, ruhunun ağırlaşmadığını hiss etmədiyi hər gün, bir az daha şükür etdi. Solğun görüntüsü isə günü-gündən tündləşdi, çünki tələbəsi, qarşısına çıxan hər şagirdinə onun haqqında danışırdı.

          Artıq bir kitabda yaşayan ruhu, yüzlərlə insanın zehnində bir kənarda var oldu.

 

 

Mənə ədəbiyyatı sevdirən, yazılarımda dəstək olan qadının artıq bu dünyada olmadığı neçənci gündü bilmirəm, artıq saymıram. Zaman və dünya o qədər qəribədir ki. Dünən yanımızda olan insanın varlığı bu gün yox olur. Bir daha dünyanın nə qədər ani olduğunu, bəzi şeyləri gecikdirməməyi öyrəndim. Kitab oxuyan insanlar ölmədən öncə, sayısız həyat yaşayar deyirlər. İnanıram ki sizin ruhunuz, bir kitabda, hər hansısa bir sətir aralığında yaşayır. Yazdığım bütün sətirlərdə artıq sizin gülümsəyən üzünüzün siması var.

 C.

“Ədəbiyyat və incəsənət”

(15.09.2025)

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.