Super User

Super User

Cümə axşamı, 29 Oktyabr 2026 09:36

Dilək ağacları – fanatizm, yoxsa qədimi mərasim?

İmran Verdiyev,

Azərbaycan Respublikasının Əməkdar müəllimi.

“Ədəbiyyat və incəsənət” portalının Oğuz təmsilçisi

 

Dilək ağacı – insanların öz arzu və diləklərinin həyata keçəcəyinə inanaraq müəyyən ağaclara parça, sap, lent bağladıqları, ağacın yanında dua etdikləri və niyyət tutduqları ənənəvi inanc məkanıdır.

 

Bu cür dilək ənənələri İslamdan çox-çox əvvəlki dövrlərə – Şamanizm və qədim türk tayfalarının Ağac kultuna gedib çıxır. Qədim inanclara görə, uca və qocaman ağaclar yerlə göyü birləşdirən vasitəçidir – Həyat ağacıdır. O, həyatın, ömrün davamlılığının, təbiətin yenilənməsinin və görünməyən qüvvələrlə əlaqənin rəmzi sayılırdı. Və onların xüsusi qoruyucu ruhları (onqonları) varmış. Ona görə də insanlar bu ağacların başına dolanaraq və ya budaqlarına rəngli parçalar bağlayaraq arzularının çin olacağına hələ də inanırlar.

Ağaclara dilək bağlamaq mədəniyyəti Azərbaycana qədim Şamanizm köklərindən gəlmiş və sonradan yerli İslami inanclarla sintez olunaraq qorunub indiyə kimi saxlanmışdır.

Bu yazıda niyyətimiz heç də prosesin tarixindən uzun-uzadı bəhs etmək deyil. Əsas məqsədimiz Azərbaycanın digər bölgələrində olduğu kimi Oğuzda da həmin adətin müqəddəs sayılan ağacların, pir və ziyarətgahların ətrafında indiyə kimi yaşamasına diqqəti cəlb etməkdir.  

Oğuz sakinləri ilə aparılan sorğular da bu ənənənin davam etdiyini sübut edir. Həmin sorğuların nəticəsinə görə, rayonun əksər kəndlərində (Xaçmaz, Filfilli, Zərrab, Xalxal, Muxas, Kərimli, Sincan, Qarabaldır, Bucaq, Tərkeş, Padar, Qarabulaq, Bayan və s.) hələ də dilək ağacları var və əhali vaxtaşırı bu məkanları ziyarət edir.

Maraqlıdır ki, bu ağacların çoxu uzunömürlü çinar, palıd, dağdağan, çökə, cağan və digər ağaclardır. Həm də əksəriyyəti ziyarətgahların və ya müqəddəs şəxslərin qəbirlərinin yaxınlığında bitən ağaclardır.

Bəzi ağaclar pir, ziyarətgah və müqəddəs şəxslərlə bağlı rəvayətlərə görə, xüsusi ehtiram qazanır. Məsələn, rayonun Qumlaq kəndindən Xalxal kəndinə gedən yolun kənarındakı palıd ağacı burada dəfn olunan müqəddəslərə (Mikayıl və Cəbrayıl əfəndilərə), Qarabaldır kəndinin yuxarı hissəsindəki palıd ağacı burada dəfn olunmuş bir şeyxin, Sincanda türk əsgərinin məzarının başındakı çinar ağacı Tahir əfəndi adlı həmin igid əsgərin sayəsində daha da müqəddəs olmuşdur.

Bəs bu ağaclara parça, sap, lent bağlanması nə anlama gəlir? Bəri başdan deyək ki, bu adətin arxasında sadəcə bir parça bağlamaq hərəkəti deyil, minilliklər ərzində formalaşmış mürəkkəb inanclar, təbiətə münasibət və insanın ümid axtarışı dayanır. İnsan ağacın budağına bir parça bağlayarkən ürəyindəki arzusunu ifadə edir, onun gerçəkləşəcəyinə ümid bəsləyir. Bağlanmış parça, sap, lent bu halda insanın diləyini maddi şəkildə ifadə edən bir nişanəyə çevrilir.

Bu adət-ənənə dini ayin deyil. Bunu fetişizm hesab etmək də düz olmaz. Ağaca parça bağlayıb, nə isə diləməyi Allaha şərik qoşmaq adlandırmaq da doğru deyil.  

Bu, əsasən müəyyən bölgələrdə yaşadılan xalq adətidir, həm də müxtəlif xalqlarda müşahidə olunur. Onun mənası yerli inanclardan və ənənələrdən asılıdır. Əski bağlama adətini insanın təbiət qarşısında özünü, qorxularını və ümidlərini ifadə etməsinin qədim formalarından biri kimi qiymətləndirmək daha doğrudur.

Sorğuda iştirak edən Oğuz sakinləri  öz müşahidələrinə əsasən bildirirlər ki, insanlar ağaclara parçaları əsasən şəfa və sağlamlıq arzusu ilə bağlayırlar. Xəstələr və onların yaxınları müqəddəs sayılan ağaclara müraciət edir, şəfa diləyirlər. Beləliklə, xalq təsəvvüründə ağaca bağlanan parça ilk növbədə xəstəlikdən qurtulmaq ümidini təmsil edir.

Bəziləri isə bunu övlad arzusu ilə edirlər. Övladı olmayan qadınlar da pir-ağacları ziyarət edib, dua söyləyir və ağacların budaqlarına əski bağlayırlar. Bu ənənənin arxasında isə ağacın doğum, artım və nəslin davamı ilə əlaqələndirilməsi dayanır.

Niyyət və nəzir edənlər də diləklərinin həyata keçməsi üçün əhd edir, müqəddəs sayılan yerə parça bağlayır, arzusuna çatdıqdan sonra isə verdiyi sözü yerinə yetirməyi öhdəsinə götürür.

Beləliklə, budaqda yellənən kiçik və rəngli əskilər bəzən dilə gətirilməyən dərdin, bəzən bir ailənin övlad həsrətinin, bəzən də xəstə yaxınının sağalacağına dair ümidin nişanəsi olur.

Burada mühüm bir məqam da var: əski bağlamaqla arzunun gerçəkləşməsi arasında elmi cəhətdən sübut edilmiş səbəb-nəticə əlaqəsi yoxdur. Lakin bu, həmin adətin xalqın mənəvi tarixindəki və mədəni yaddaşındakı əhəmiyyətini azaltmır. Çünki bu işlər ən azından insana psixoloji və mənəvi rahatlıq gətirir.

Müasir psixologiyada bu tür rituallar xurafat kimi qiymətləndirilmir, bunlara həm də psixoloji rahatlama (katarsis) mexanizmi kimi baxılır. Ümid vizuallaşır. İnsan daxili narahatlığını, arzularını və ya çarəsizliyini bir fəaliyyətə yönəldəndə qismən də olsa, rahatlaşır. Parçanı bağlamaq "mən öz addımımı atdım" hissi yaradıb, təskinlik gətirir.

Stress azalır. Təbiət qoynunda gəzinti zamanı edilən bu ritual insanı gündəlik qayğılardan uzaqlaşdırır, daxili dinclik bəxş edir.

Meşədə və ya bir ziyarətgahda başqalarının bağladığı parçaları görmək onda yalnız olmadığını, başqa insanların da oxşar ümidlər, arzular və çətinliklərlə yaşadığını xatırladır. Bu, isə bir növ gizli kollektiv həmrəylik duyğusu yaradır.

Dilək ağacları insanoğlunun səmimi ümidlərinin, dualarının və təbiətlə bölünməz birliyinin meşələrdə və ziyarətgahlarda ucalan səssiz şahididir.

 

“Ədəbiyyat və incəsənət”

(29.10.2026)

 

 

 

Bakıda “Ortaq gələcək naminə dialoq” mövzusunda VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimi keçirilib. Açılış mərasimində Azərbaycan Respublikasının Prezidenti  İlham Əliyev çıxış edib.

 

Azərbaycan Prezidenti çıxışında qeyd edib ki, ötən 15 il ərzində Forum mədəniyyətlərarası dialoq və qlobal məsələlərin müzakirəsi üçün mühüm beynəlxalq platformaya çevrilib. Dövlət başçısı beynəlxalq tərəfdaşların, xüsusilə BMT-nin Sivilizasiyalar Alyansının dəstəyini yüksək qiymətləndirib.

 

“Ədəbiyyat və incəsənət” portalına Türk Mədəniyyəti və İrsi Fondundan verilən məlumata görə, Fondun prezidenti, professor Aktotı Raimkulova Beynəlxalq təşkilatların 3-cü yüksək səviyyəli görüşü və Bakı Prosesi çərçivəsində nazirlərin 6-cı görüşünün xüsusi birgə sessiyasında çıxış edib.

Professor Aktotı Raimkulova çıxışında türk dünyasının ortaq mədəni irsinin qorunub saxlanılmasının və təbliğinin əhəmiyyətini vurğulayaraq, bu istiqamətdə rəqəmsal texnologiyaların və süni intellektin roluna diqqət çəkib. Fondun prezidenti, həmçinin təşkilatın mədəni irsin rəqəmsallaşdırılması sahəsində həyata keçirdiyi təşəbbüs və layihələr, xüsusilə Türk Mədəniyyəti və İrsi Fondunun üzv dövlətlərinin mütəxəssisləri ilə birgə hazırlanan “TurkicHeritage” rəqəmsal platforması haqqında məlumat verib.

Professor Aktotı Raimkulova mədəniyyətlərarası dialoqun təşviqinə göstərdiyi davamlı dəstəyə görə Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə, Forumun yüksək səviyyədə təşkilinə və beynəlxalq mədəni əməkdaşlığın inkişafına verdiyi töhfəyə görə isə Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinə təşəkkürünü bildirib.

Tədbirdə 100-dən çox ölkədən 500-dən artıq qonaq iştirak edir. İştirakçılar arasında Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələri, beynəlxalq təşkilatların rəhbərləri və təmsilçiləri, müxtəlif ölkələrin dövlət və hökumət nümayəndələri, parlament üzvləri, siyasətçilər, dini xadimlər, elmi və akademik dairələrin təmsilçiləri, mədəniyyət xadimləri, beynəlxalq qeyri-hökumət təşkilatlarının nümayəndələri, kütləvi informasiya vasitələrinin təmsilçiləri, ekspertlər, tədqiqatçılar, eləcə də gənclər və özəl sektorun nümayəndələri yer alırlar.

 

“Ədəbiyyat və incəsənət”

(28.10.2026)


 

 

 

 

28 oktyabr 2026-cı tarixində Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri, hərbi-siyasi ekspert, polkovnik Cəlil Xəlilov Sumqayıt şəhərində Yeni Azərbaycan Partiyasının (YAP) inzibati binasında sumqayıtlı veteranlarla görüşüb.

Bu barədə “Ədəbiyyat və incəsənət” portalına Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatından məlumat verilib.

 

Veteranlarla birgə, şəhər ziyalılarının, dövlət qurumları nümayəndələrinin qatıldığı görüşdə öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ümummilli Lider Heydər Əliyevin və respublikamızın ərazi bütövlüyü, suverenliyi uğrunda döyüşlərdə canlarını qurban verən şəhidlərin əziz xairəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş nitqi ilə açan Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Sumqayıt Şəhər Təşkilatının sədri Sovet Şükürov veteranların ölkəmizin ictimai həyatındakı rolundan bəhs edib, Prezident İlham Əliyevin tövsiyyə və çağırışlarının veteranlar tərəfindən hər zaman qətiyyətlə dəstəkləndiyini vurğulayıb.

Tədbirdə çıxış edən Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri polkovnik Cəlil Xəlilov ilk öncə 8 Noyabr zəfərinə, bu zəfərin tarixi əhəmiyyətinə toxunub, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Silahlı Qüvvələrinin 44 günlük Vətən müharibəsindəki qəhrəmanlıqlarından danışıb:

“Heç kimə sirr deyil ki, 8 Noyabr zəfəri yalnız müasir dövrümüzün deyil, bütün dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qalibiyyətidir. Bizə bu zəfəri yaşadan Azərbaycan xalqının Prezidenti, Silahlı Qüvvələrimiz, şəhid və qazilərimiz, xalqımızın birliyi və həmrəyliyi olub.

44 günlük Vətən müharibəsində fərqli dini inanclara malik olan, müxtəlif etnik qrupları təmsil edən vətəndaşlarımız azərbaycanlılarla birlikdə erməni faşizminə qarşı fədakarcasına mübarizə aparıb, tarixi qələbəmizə böyük töhfə veriblər. Lakin bu gün görürük ki, xalqımızın birliyi, həmrəyliyi bəzi kənar qüvvələri narahat edir. Onlar Azərbaycandakı sabitiyi pozmağa, cəmiyyətdə süni şəkildə qarşıdurma yaratmağa çalışırlar. Bütün bu təxribatların qarşısını almaq üçün biz öz həmrıyliyimizi göz bəbəyi kimi qoruyub saxlamalı, Prezidentimizin ətrafında sıx birləşməkdə, Azərbaycanın maraq və mənafelərini bütün platformalarda qətiyyətlə müdafiə etməkdə davam etməliyik. Biz Prezidentimizin hər bir çağırışını dəstəkləməli, onun tövsiyyələrinə ciddi şəkildə əməl etməliyik. Unutmamalıyıq ki, əldə etdiyimiz qalibiyyətin baş memarı Müzəffər Ali Baş Komandanımızdır. Bu gün Azərbaycandakı sabitliyə, inkişaf və tərəqqiyə görə məhz ona borcluyuq”.

Cəlil Xəlilov öz çıxışını çağırışla başa çatdırıb:

“Biz bundan sonra da cəmiyyətimizdəki əmin-amanlığı qorumaq, dinamik inişafımızı təmin etmək, yeni nailiyyətlər əldə etmək istəyiriksə, Ulu Öndər Heydər Əliyev siyasi kursunu uğurla davam etdirən Prezidentimizi qorumalı, ona dəstək verməli, hər addımda Müzəffər Ali Baş Komandanımızla həmrəy olduğumuzu nümayiş etdirməliyik. Bizim gələcək təhlükəsizliyimizin və inkişafımızın yeganə yolu məhz budur”.

Sumqayıt Şəhər Ağsaqqallar Şurasının sədri Eldar İsmayılov Prezident İlham Əliyevin YAP-ın VIII Qurultayındakı çıxışından, bu çıxışdan irəli gələn vəzifələrdən danışıb. Prezident İlham Əliyevin 2020-ci ilə qədər qurucu lider kimi tanındığını bildirən Eldar İsmayılov, 2020-ci ilin 44 günlük Vətən müharibəsindən sonra Müzəffər Ali Baş Komandanın xilaskar liderə çevrildiyini vurğulayıb.

YAP-ın Sumqayıt şəhər təşkilatının sədri Ramiz Hüseynov partiyanın VIII Qurultayında Prezident İlham Əliyevin çıxışına, bu çıxışdakı əsas müddəalara diqqət çəkib. Dövlət başçısının qurultaydakı çıxışı ilə bağlı Sumqayıtda da çoxsaylı tədbir və görüşlərin keçirildiyini bildirən Ramiz Hüseynov Müzəffər Ali Baş Komandanın çıxışının dövlət siyasətimizin strateji istiqamətlərini müəyyənləşdirdiyini bildirib.

Sumqayıt Şəhər İcra Hakimiyyəti yanında İctimai Şuranın sədri Hümbət Quliyev Qurultayla bağlı ictimai münasibətlər mövzusunda çıxış edib, eyni zamanda, dövlətimizə qarşı kənar güclər tərəfindən həyat keçirilən təxribatların Azərbaycan xalqı və Prezident İlham Əliyev tərəfindən qətiyyətlə dəf edildiyini bildirib.

Sumqayıt Şəhər İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər sektorunun müdiri Fərman Kazımov Qurultay nümayəndəsi kimi dövlət başçısının nitqindən irəli gələn məsələlərə toxunub, həmçinin, ideoloji təhlükəsizliyin önəmindən bəhs edib. Fərman Kazımov qeyd edib ki, son aylar bəzi kənar qüvvələrin ölkəmizə təzyiq göstərmək cəhdləri ideoloji təhlükəsizliyin nə qədər önəmli olduğunu bir daha ortaya qoymuş oldu.

Maraqlı çıxış və müzakirələr şəraitində keçən tədbirin sonunda xatirə şəkli çəkdirilib.

 

“Ədəbiyyat və incəsənət”

(28.10.2026)

 

 

Bakı Ekspo Mərkəzində F. Köçərli adına Respublika Uşaq Kitabxanasının təşkilatçılığı ilə “Rəqəmsal dövrdə uşaq ədəbiyyatı və süni intellekt” adlı elmi-nəzəri konfrans keçirilib. Bu barədə “Ədəbiyyat və incəsənət” portalına Kitabxanadan məlumat verilib.

 

“Həyat ekrandan böyükdür: Bir uşaq, bir kitab, bir gerçək dünya” şüarı ilə keçirilən XII Bakı Beynəlxalq Kitab Sərgisi çərçivəsində təşkil olunan konfrans uşaq ədəbiyyatının müasir inkişaf tendensiyalarının, kitabxanaların rəqəmsal transformasiyasının, elektron resursların uşaq və yeniyetmələrin mütaliə vərdişlərinə təsirinin, eləcə də süni intellektin uşaq ədəbiyyatı və kitabxana xidmətlərində yaratdığı imkanların  müzakirəsinə həsr olunub.

Konfransın açılışında Respublika Uşaq Kitabxanasının direktoru Şəhla Qəmbərova çıxış edərək süni intellektin inkişafı şəraitində insan düşüncəsinin, yaradıcılığının, mənəvi dəyərlərin və canlı ünsiyyətin qorunmasının vacibliyini vurğulayıb, müasir kitabxanaların rəqəmsal transformasiyaya uyğunlaşmasının, uşaqların etibarlı informasiya resurslarına çıxışının təmin edilməsinin və cəmiyyətdə mütaliə mədəniyyətinin formalaşdırılmasının əhəmiyyətini qeyd edib.

Konfrans müxtəlif elmi məruzələrlə davam edib. Tədbirdə Bakı Dövlət Universitetindən pedaqogika üzrə fəlsəfə doktoru, dosent Knyaz Aslan, t.ü.f.d,dosent  Solmaz Sadıqova, müəllim Namiya Xəlilova, Azərbaycan Dillər Universitetindən f.ü.f.d, dosent Pakizə Əliyeva, AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutundan f.ü.f.d, dosentlər İlhamə Ağazadə, Gülnar Qəmbərova və Səadət Bayramova, Bakı şəhəri 12 nömrəli internat tipli xüsusi ümumtəhsil məktəbinin loqopedi Günel Həsənova, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin İqtisadiyyat İnstitutundan t.ü.f.d Şəfəq İslamova, həmçinin AMEA Mərkəzi Elmi Kitabxanasının baş mütəxəssisi Günel Hüseynova çıxış ediblər.

Məruzələrdə uşaq ədəbiyyatının müasir cəmiyyətdə rolu, mütaliənin uşaqların intellektual və mənəvi inkişafına təsiri, rəqəmsal mühitin oxu vərdişlərində yaratdığı dəyişikliklər, kitabxanaların innovativ fəaliyyət istiqamətləri və süni intellekt texnologiyalarının ədəbiyyat, təhsil və informasiya xidmətlərində tətbiqi imkanları ətrafında fikir mübadiləsi aparılıb. Eyni zamanda, rəqəmsal texnologiyalardan məqsədyönlü istifadənin, uşaqların informasiya savadlılığının artırılmasının, onların yaş xüsusiyyətlərinə uyğun və etibarlı rəqəmsal məzmunla təmin edilməsinin əhəmiyyəti diqqətə çatdırılıb.

Konfransın gedişində alimlər, gənc tədqiqatçılar və sahə mütəxəssisləri mövzu ilə bağlı elmi yanaşmalarını bölüşüb, uşaq ədəbiyyatının təbliği, müasir dövrdə mütaliəyə marağın artırılması, ənənəvi kitab mədəniyyətinin rəqəmsal imkanlarla uzlaşdırılması və süni intellektdən məsuliyyətli istifadə məsələləri ətrafında müzakirələr aparıblar. Səsləndirilən fikirlər uşaq ədəbiyyatının inkişaf perspektivlərinin, kitabxanaların dəyişən informasiya mühitində rolunun və uşaqların mütaliə mədəniyyətinin formalaşdırılmasının aktuallığını bir daha önə çıxarıb.

Konfransın əsas məqsədi rəqəmsal dövrdə uşaq ədəbiyyatının inkişaf perspektivlərini elmi müstəvidə araşdırmaq, süni intellektin uşaq ədəbiyyatı və kitabxana fəaliyyətinə təsirini qiymətləndirmək, rəqəmsal texnologiyaların uşaqların mütaliə mədəniyyətinin formalaşdırılmasında yaratdığı imkanları müəyyənləşdirmək, həmçinin alimlər, tədqiqatçılar, kitabxanaçılar və digər mütəxəssislər arasında elmi fikir mübadiləsini və əməkdaşlığı təşviq etməkdən ibarət olub.

Tədbirin sonunda məruzələrlə çıxış edən və konfransın elmi proqramında iştirak edən iştirakçılara sertifikatlar təqdim olunub.

 

“Ədəbiyyat və incəsənət”

(28.10.2026)

Mərakeş-Azərbaycan Dostluq Assosiasiyasının nümayəndə heyəti Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə ölkəmizə səfər edib. Nümayəndə heyətinin tərkibində Dostluq Assosiasiyasının prezidenti Mohamed Faquiri, baş katibi İlham Meftah, müşavirlər Hayate Znig, Raşid Harrath, Mourad Daoudi, El Boukili Abderrahim və digər şəxslər yer alıb.

 

“Ədəbiyyat və incəsənət” portalına Diasporla İş üzrə Dövlət Komitəsindən verilən məlumata görə, qonaqlar əvvəlcə Fəxri xiyabanda Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin əziz xatirəsini ehtiramla yad edib, məzarı önünə gül dəstələri düzüblər. Daha sonra Şəhidlər xiyabanını ziyarət edən qonaqlar Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsini anıblar.

Dostluq Assosiasiyasının üzvləri Hərbi Qənimətlər Parkında və Vətən Müharibəsi Memorial Kompleksində Azərbaycanın ərazi bütövlüyü uğrunda apardığı mübarizə, 44 günlük Vətən müharibəsi və qazanılmış tarixi Zəfər barədə məlumatlandırılıblar.

Heydər Əliyev Mərkəzinə ekskursiya zamanı isə qonaqlar Ulu Öndərin həyat və fəaliyyəti, eləcə də Azərbaycanın tarixi və mədəniyyəti haqqında zəngin ekspozisiya ilə tanış olublar.

Səfər proqramına Azərbaycanın qədim tarixini, mədəni və elmi irsini əks etdirən məkanlarla tanışlıq da daxil olub. Qonaqlar "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğunu və Azərbaycan Milli Xalça Muzeyini ziyarət ediblər.

Daha sonra qonaqların işğaldan azad olunan  torpaqlarımıza səfəri təşkil edilib. Onlar əvvəlcə Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimovla görüşüblər. Görüşdə Şuşanın işğaldan azad olunmasından sonra şəhərdə aparılan bərpa və yenidənqurma işləri, eləcə də gələcək inkişaf perspektivləri haqqında ətraflı məlumat verilib. Həmçinin qədim tarixə və zəngin mədəni irsə malik Şuşa və Mərakeşin Fes şəhərləri arasında qardaşlaşma əlaqələrinin yaradılması təklif olunub.

Daha sonra Cıdır düzü, Güllələnmiş heykəllər, Şuşa qalası, Gəncə qapısı və Yuxarı Gövhərağa məscidi ziyarət edilib. Ermənilərin tarixi və mədəni abidələrimizə qarşı törətdiyi vandalizmi qətiyyətlə pisləyən mərakeşli qonaqlar Şuşada aparılan genişmiqyaslı quruculuq və bərpa işlərini yüksək qiymətləndiriblər. Şuşadan Xankəndi şəhərinə yola düşən nümayəndə heyəti Zəfər Parkını və Qarabağ Universitetini ziyarət ediblər.  Şəhərdə həyata keçirilən yenidənqurma işləri, yaradılan müasir infrastruktur və bölgədə formalaşan yeni inkişaf mühiti ilə tanış olublar.

Bununla yanaşı, qonaqlar Azərbaycan Dövlət Neft və Sənaye Universitetində olub rektor Rüfət Əzizovla görüşüblər. Görüşdə universitetin Tarix muzeyi və Mineralogiya muzeyi, Bərpaolunan enerji laboratoriyaları mərkəzi, eləcə də Rəqəmsal energetika laboratoriyası ilə tanışlıq olub. Qonaqlara universitetin tarixi, elmi-tədqiqat imkanları və müasir laboratoriya infrastrukturu barədə məlumat verilib. Qeyd edək ki, heyətə daxil olan Raşid Harrath bu təhsil ocağının məzunudur.

Səfərin Azərbaycan ilə Mərakeş arasında dostluq münasibətlərinin daha da möhkəmlənməsinə, xalqlar arasında əlaqələrin genişlənməsinə və diaspor sahəsində əməkdaşlığın inkişafına mühüm töhfə verəcəyi gözlənilir.

 

“Ədəbiyyat və incəsənət”

(28.10.2026)

İslam Əməkdaşlıq Təşkilatının baş katibi İsmayıl Ould Şeyx Əhməd “ASAN xidmət” mərkəzinin fəaliyyəti ilə tanış olub.

 

“Ədəbiyyat və incəsənət” portalına ASAN-dan verilən məlumata görə, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev qonağa Prezident İlham Əliyevin təşəbbüsü əsasında yaradılmış “ASAN xidmət” mərkəzləri və innovasiyalar sahəsində həyata keçirilən layihələr barədə ətraflı məlumat verib.

Qonağa “ASAN xidmət” modelinin intellektual məhsul kimi ixracı istiqamətində 50-dən çox ölkə ilə əməkdaşlıq edildiyi diqqətə çatdırılıb.

İsmayıl Ould Şeyx Əhməd dövlət xidmətlərinin vətəndaşlara daha əlçatan, çevik və innovativ formada təqdim olunmasında “ASAN xidmət” modelinin əhəmiyyətini vurğulayaraq, bu qabaqcıl təcrübənin İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrdə də tətbiqinin dövlət xidmətlərinin keyfiyyətinin yüksəldilməsinə və vətəndaş məmnunluğunun artırılmasına mühüm töhfə verə biləcəyini qeyd edib.

Qonaq həmçinin “INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzinin, Səyyar ASAN xidmətin və “ABAD” publik hüquqi şəxsin fəaliyyəti ilə tanış olub.

 

“Ədəbiyyat və incəsənət”

(28.10.2026)


 

26 oktyabr 2026-cı il tarixində 12-ci Bakı Beynəlxalq Kitab Sərgisi çərçivəsində Türk Mədəniyyəti və İrsi Fondunun “Türk dünyasının elmi inciləri” kitab seriyasından növbəti nəşri və filologiya elmləri doktoru, professor Nizami Tağısoyun müəllifi olduğu “Qazax ədəbiyyatı tarixi” kitabının təqdimatı keçirilib.

 

“Qazax ədəbiyyatı tarixi” kitabı ədəbiyyatşünaslar, türkoloqlar, müqayisəli ədəbiyyat tədqiqatçıları, ali təhsil müəssisələrinin tələbələri, magistrantları və doktorantları, eləcə də qazax xalqının bədii-estetik irsi ilə maraqlanan oxucular üçün nəzərdə tutulub.

 

“Ədəbiyyat və incəsənət” portal xəbər verir ki, Azərbaycan Yazıçılar Birliyinin Gənclər Şurasının sədri Fərid Hüseynin moderatorluğu ilə keçirilən təqdimat mərasimində  Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti, professor Aktotı Raimkulova, kitabın müəllifi Nizami Tağısoy, Azərbaycan Dillər Universitetinin “Azərbaycan ədəbiyyatı” kafedrasının müdiri, akademik Muxtar İmanov, filologiya üzrə fəlsəfə doktoru, şair Adil Cəmil, filologiya elmləri doktoru, professor Seyfəddin Rzasoy çıxış edərək nəşrin elmi və ədəbi əhəmiyyətindən bəhs ediblər.

Açılış nitqi ilə çıxış edən Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti, professor Aktotı Raimkulova nəşrin qazax ədəbiyyatının sistemli şəkildə öyrənilməsi və Türk dünyasının ortaq ədəbi-mədəni irsinin təbliği baxımından vacibliyini vurğulayıb.

Aktotı Raimkulova qeyd edib ki, professor Nizami Tağısoyun müəllifi olduğu “Qazax ədəbiyyatı tarixi” kitabında qazax xalqının ədəbiyyat tarixi və görkəmli söz ustalarının həyat və yaradıcılığı qədim dövrlərdən müasir günümüzədək ardıcıl şəkildə araşdırılır. Nəşrdə, həmçinin qazax mədəni düşüncəsinin müxtəlif aspektləri, jırau və akın yaradıcılığı sistemli və konseptual şəkildə təqdim olunur.

Fondun prezidenti belə elmi nəşrlərin türk xalqlarının ədəbiyyat tarixinin daha dərindən öyrənilməsi üçün mühüm mənbə olduğunu diqqətə çatdırıb.

Kitabın ərsəyə gəlməsi istiqamətində müəllifin 40 illik elmi əməyinə ehtiramını ifadə edən Fondun prezidenti nəşrin işıq üzü görməsi münasibətilə Nizami Tağısoya təbriklərini çatdırıb. Daha sonra Türk Mədəniyyəti və İrsi Fondu adından Nizami Tağısoya qazax xalqının milli geyimi olan çapan hədiyyə edilib.

Kitabın müəllifi, professor Nizami Tağısoy çıxışında nəşrin məzmunu, elmi məqsədi və əsas tədqiqat istiqamətləri barədə məlumat verib. O, qazax ədəbiyyatının tarixi inkişaf mərhələlərinin, görkəmli nümayəndələrinin yaradıcılığının və xalqın bədii-estetik düşüncəsinin öyrənilməsinin əhəmiyyətinə toxunub.

Tədbirin bədii hissəsində Serik Nurmoldayev və Jadra Musrepovanın ifasında dombra və jetigen alətlərinin müşayiəti ilə qazax musiqi nümunələri səsləndirilib.

Tədbirin sonunda iştirakçılara müəllifin imzası ilə yeni nəşr təqdim olunub və xatirə fotoları çəkdirilib.

 

“Ədəbiyyat və incəsənət”

(28.10.2026)


 

 

26 oktyabr 2026-cı il tarixində 12-ci Bakı Beynəlxalq Kitab Sərgisi çərçivəsində Türk Mədəniyyəti və İrsi Fondunun nəşr etdirdiyi “Birinci Türkoloji Qurultay” kitabının təqdimat mərasimi keçirilib.

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 22 oktyabr 2025-ci il tarixli “Birinci Türkoloji Qurultayın 100 illik yubileyinin keçirilməsi haqqında” Sərəncamına uyğun olaraq nəşr olunan kitabın müəllifləri akademik Nizami Cəfərov, professor Mahirə Hüseynova və filologiya elmləri doktoru Aysel Qəriblidir. “Türk dünyasının tarixi inciləri” kitab silsiləsi çərçivəsində hazırlanan nəşr Azərbaycan, qazax və rus dillərində işıq üzü görüb.

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, təqdimat mərasimində Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti, professor Aktotı Raimkulova, Azərbaycanda Atatürk Mərkəzinin direktoru, akademik Nizami Cəfərov, Azərbaycan Dövlət Pedaqoji Universitetinin prorektoru, professor Mahirə Hüseynova, Azərbaycan Respublikası Milli Məclisinin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri, professor Hicran Hüseynova, Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinin dekanı Aydan Xəndan, Azərbaycan Milli Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutunun Türk dilləri şöbəsinin əməkdaşı, filologiya elmləri doktoru Qətibə Vaqifqızı, eləcə də elm və mədəniyyət xadimləri iştirak ediblər.

Tədbirdə çıxış edən Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti, professor Aktotı Raimkulova Birinci Türkoloji Qurultayın 100 illik yubileyinin Türk dünyasının ortaq elmi və mədəni irsinin öyrənilməsi baxımından xüsusi əhəmiyyət daşıdığını vurğulayıb. O bildirib ki, Fondun fəaliyyətində Türk dünyasının əlamətdar tarixi hadisələrinin araşdırılması, təbliği və gələcək nəsillərə çatdırılması mühüm yer tutur.

Fondun prezidenti qeyd edib ki, Birinci Türkoloji Qurultayın yubileyinə hazırlıq çərçivəsində 2025-ci ildə “BakuTV” telekanalı ilə birgə televiziya layihəsi həyata keçirilib. Layihə çərçivəsində Qurultayın tarixinə həsr olunan verilişlər bir neçə ay ərzində həm televiziya efirində, həm də “YouTube” platformasında yayımlanıb.

Yeni nəşrin əhəmiyyətindən bəhs edən Fondun prezidenti bildirib ki, kitabda Birinci Türkoloji Qurultayın tarixi missiyası hərtərəfli araşdırılıb, Qurultayda müzakirə olunan əlifba, dil, terminologiya və ədəbiyyat məsələləri geniş şəkildə işıqlandırılıb. O, nəşrin Türk dünyasının tarixi, dili və mədəni özünəməxsusluğunun öyrənilməsinə mühüm töhfə verəcəyinə əminliyini ifadə edib.

Təqdimat zamanı kitabın həmmüəllifləri və digər çıxışçılar Birinci Bakı Türkoloji Qurultayının elmi əhəmiyyətinə, türkologiyanın inkişafındakı tarixi roluna və onun ideyalarının müasir dövrdə qorunub saxlanılmasının vacibliyinə toxunublar.

Tədbirin sonunda qonaqların və iştirakçıların maraq doğuran sualları cavablandırılıb, “Birinci Türkoloji Qurultay” kitabı tədbir iştirakçılarına təqdim olunub və xatirə fotoları çəkdirilib.

 

“Ədəbiyyat və incəsənət”

(28.10.2026)


 

 

“Ədəbiyyat və incəsənət” portalı gənc istedadların şeirlərini təqdim etməkdədir.

Sırada Ərtoğrul İsmayılovdur.

Onun 28 yaşı var, Bakı şəhərində yaşayır, ali təhsillidir, ADNSU-nu bitirib.

 

 

ƏRTOĞRUL İSMAYILOV,

 

MƏNİ

 

Etiraf eyləyək, olaq səmimi,

Necə əlinizdə yoğurduz məni?

Sanki əlinizdə oyuncaq kimi,

Necə istəyirdiz, qururduz məni.

 

Siz guya xətrimi istəyirdiniz?

Yalandan məhəbbət bəsləyirdiniz.

Ehtiyac olanda səsləyirdiniz,

Ehtiyac bitəndə qovurduz məni.

 

Qəlbimin bağından çiçək dərirdim,

Düzürdüm, siz gələn yola sərirdim.

Sizə əllərimlə sevgi verirdim,

Həmin o əllərlə boğurduz məni.

 

Təkliyin içində tək sıxılanda,

Durmadan qəlbimə qəm yığılanda,

Ayağım büdrəyib mən yıxılanda,

Hansınız əyilib tuturduz məni?

 

İnanıb hər kəsin yalan sözünə,

Bir dəfə düşmədim düzün izinə.

Sizi qaldırırdım göyün üzünə,

Siz yerin dibinə soxurduz məni.

 

Mən sizə hər zaman sevgi saçırdım,

Siz məndən qaçanda, sizə qaçırdım.

Mən sizə güvənib ürək açırdım,

Siz də ürəyimdən vururduz məni.

 

Siz çəkən dağları artıq aşmışam,

Siz hardan biləsiz, dolub-daşmışam.

Mən sizdən məcburən uzaqlaşmışam,

And ola Allaha, yorurduz məni.

 

 

OLMUSAN

 

Mən sənə işıqlı, böyük bir cahan,

Sən mənə qaranlıq qəfəs olmusan.

Mən qəfəs içində alışıb yanan,

Sən məni söndürən nəfəs olmusan.

 

Sən mənim duymaqdan sıxılmadığım

Bir nəğmə olmusan, bir səs olmusan.

Sən idin hər kəsdən fərqli saydığım,

İndisə hər kəsə hər kəs olmusan.

 

Mən elə bilirdim, dəyər səninçün,

Dəyməzmiş sən demə, əbəs olmusan.

Elə sən də mənim qədər mənimçün,

Sadəcə üç bəndlik həvəs olmusan.

 

 

QƏMLİ XƏYALLAR

 

Bitmişdi hekayə “bitdi” sözündə,

Bilsən də sevmirəm qəmli sonları.

Sənli xəyallarım qalıb gözümdə,

İnsafın olsun, gəl, apar onları.

 

Rəsmlər, küçələr, keçən xoş anlar,

Bitibsə, günahı bil ki, sənindi.

O qədər puç olmuş xəyallarım var,

Mən xəyal qurmağa qorxuram indi.

 

Susmasa xəyallar, danışsa, dinsə,

Nə cavab verərəm soruşsa səni?

Siz məni yaşaya bilmirdinizsə,

Bəs niyə boşuna qururduz məni?

 

Susardım önündə xəyallarımın,

Deməzdim getməyi, o özü seçib.

Sayardım olmayan günahlarımı,

Getdiyin yollara gözümü dikib.

 

Hələ də o yolun tam ortasında,

Dayanıb susmuşam hamıdan xəlvət.

Mən hazır durmuşam yolayrıcında,

Qismətdə var isə, görüşərik əlbət..

 

 

ADAM

 

Gəlməyən birinin baxıb yoluna,

Hər gecə qəlbini dağlayar adam.

Kənardan gülərüz görünər, amma

Daxilən içində ağlayar adam.

 

Nə yağan yağışdan, nə yağan qardan,

Nə yazdan, nə qışdan, nə də bahardan,

Bir şəkil qalıbdır yadigar yardan,

Ondan da ətrini qoxlayar adam.

 

O rəsmi gözünün önündən asar,

Baxıb yarasına yenə duz basar.

O qədər danışmaz, o qədər susar,

Səssizlik içində çağlayar adam.

 

Gələnin getdiyin bilsəydi əgər,

Hər gəlib gedənə verməzdi dəyər.

Elə ki, o getməz dediyi gedər,

Həmin gün qapını bağlayar adam.

 

Unuda bilməkçün yol alıb gedər,

Başqa bir ünvanda məhəbbət güdər.

Amma o qadından ölənə qədər,

İçində bir parça saxlayar adam…

 

“Ədəbiyyat və incəsənət”

(28.10.2026)

 

 

“Ədəbiyyat və incəsənət” portalının “Bir şair, bir şeir” rubrikası bu gün də  sizlərə çağdaş türk dünyasının gənc şairlərinin  şeirlərini təqdim etməkdədir.

                   

Mehrinaz AB­­BAS

(Özbəkistan)

 

1995-ci il­­də Öz­­bə­­kis­­ta­­nın Nə­­mən­­qan vi­­la­­yə­­ti­­nin Çar­­taq ra­­yo­­nun­­da ana­­dan olub. Şa­i­­rə­­nin “Mən gənc­­li­­yəm”, “Ul­­duz­­rəng mah­­nı” ad­­lı şe­­ir ki­­tab­­la­­rı çap edi­­lib.

 

HƏVƏS

 

Kədərlər dünənki, hisslər sahibsiz,

Taleyinə dözüb çəkilir geri.

Ağaclar bir kübar xanımlar kimi,

Əlini sallayır, süstdür hissləri.

 

Yetim yarpaqları sürüyür külək,

Ev-eşiksiz yağış təntik küçədə.

Ədalətdən imiş payız – dərd fəsli,

Heç dözmək olarmı bu ədalətə?!

 

O payız ağaclar gözləməz şəfqət,

Bəzən həvəslərə dolar bu könlüm.

Nə çoxmuş itkinin haqqı-hörməti,

Necə gözəl imiş siz tapan ölüm.

 

Uyğunlaşdırdı: Rəhmət Babacan

 

“Ədəbiyyat və incəsənət”

(28.10.2026)

 

6 -dən səhifə 3169

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.