Super User

Super User

Fatimə Məmmədova,

"Ədəbiyyat və İncəsənət" portalının Xəbərlər və Təqvim şöbəsi

 

Deyirlər, insan tərbiyəni ailədən alır. Anadan, atadan, böyüdüyü evdən, gördüyü münasibətdən öyrənir insan olmağı. Elə isə bir sualım var: bəs bu qədər qəddarlığı kim öyrədir insanlara? Bir canlının ağrı içində çapalamasına baxıb yoluna davam etməyi kim öyrədir? Özündən zəifin həyatını heçə saymağı, bir canın ölümünü adi hadisə kimi görməyi kim öyrədir?

 

Bir gün yolda gedirdim. Bir maşın pişiyin üstündən keçdi. Pişik iki dəfə çapaladı. İki dəfə... Sonra hərəkətsiz qaldı. Öldü.  Əminəm ki, sürücü üçün bu, sadəcə, yolun üstündə rast gəldiyi bir pişik idi. Dayanmadı, yoluna davam etdi, gündəlik həyatına davam etdi.

Bilirsiniz, o pişik danışa bilmirdi. Ağrısını sözlə ifadə edə bilmirdi. Heç kimdən kömək istəyə bilmirdi. Onun nə günahı vardı? Harasa gedirdi, bəlkə yemək axtarırdı, bəlkə də tapacağı bir balaca yeməyi balalarına aparacaqdı. O da bu dünyanın içində özünə balaca bir yer tapmağa çalışan canlı idi. Amma bir maşının təkərləri altında həyatı sona çatdı.

Mən burada hər bir heyvanın vurulmasını qəsdən törədilmiş hadisə kimi təqdim etmirəm. Yolda qəza baş verə bilər. Bəzən sürücü həqiqətən də heyvanı görməyə bilər. Amma söhbət qəzanın özündən sonra nə etdiyimizdən gedir. Söhbət insanın bir canlının əzab çəkdiyini gördükdə hansı münasibəti göstərməsindən gedir. Dayanmaq mümkündürmü? Kömək çağırmaq mümkündürmü? Ən azı, baş verənlərə biganə qalmamaq mümkündürmü?  Əgər mümkündürsə, bəs niyə bəziləri bunu etmir? Hətta deyərdim ki, o pişiyin yerinə insan olsa idi,  cəld kömək edərdi.

Deyirlər, tərbiyə ailədən başlayır. Razıyam. Uşaq anasının küçədəki heyvana necə davrandığını görür. Atasının zəif bir canlıya təpik vurduğunu, yaxud onu qorumaq üçün əyildiyini görür. Evdə heyvanlara qarşı deyilən sözləri eşidir. Böyüklərin mərhəmətini də öyrənir, qəddarlığını da. Uşağa yalnız insanları sevməyi öyrədib, başqa canlıların ağrısını hiss etməməyi öyrədiriksə, deməli, tərbiyənin bir tərəfini yarımçıq qoyuruq. Amma gəlin, hər şeyi ailənin üzərinə atmayaq. Çünki insanın davranışına təsir edən təkcə ailə deyil. Məktəb var, cəmiyyət var, müəllim var, qanun var. Uşağa düsturları, tarixləri, qaydaları öyrədirik. Onun gələcəkdə hansı universitetə qəbul olacağını, hansı peşəyə yiyələnəcəyini düşünürük. Bəs onun vicdanlı insan olub-olmayacağını nə vaxt düşünəcəyik? Mən istəyirəm ki, məktəblərdə VİCDAN DƏRSİ də keçirilsin.

Bəli, məhz vicdan dərsi... Uşaqlara yalnız doğru cavabı tapmağı deyil, doğru davranmağı da öyrədən bir dərs. Küçədə yaralı heyvan görəndə nə etmək lazım olduğunu, zəifə güc göstərməyin qəhrəmanlıq olmadığını, başqasının ağrısına gülməyin insanı böyütmədiyini öyrədən dərs. Bir canlını incitməyin, onu qorxutmağın, əzabına tamaşa etməyin nə demək olduğunu izah edən dərs.

Amma bu dərs yalnız uşaqlar üçün olmamalıdır. Çünki bəzən ən çox ehtiyacı olanlar elə özünü çoxdan tərbiyəli hesab edən böyüklərdir. Diplomları olan, vəzifə tutan, cəmiyyətdə hörmət qazanan, amma özündən zəif bir canlının ağrısına qarşı daşlaşan insanlar var. İnsanın savadı arta bilər, vəzifəsi yüksələ bilər, cibindəki pul çoxala bilər. Ancaq daxilində mərhəmət yoxdursa, bütün bunlar onun vicdanlı insan olduğunu sübut etmir. Hətta düşünürəm ki, vicdan dərsi qəddar insanların ən çox çəkinəcəyi dərslərdən biri olmalıdır. Çünki bu dərsdə insan başqasının arxasında gizlənə bilməz. Nə pul köməyə çatar, nə vəzifə, nə də gözəl danışmaq bacarığı. Burada insanın özünə verməli olduğu bir sual var: Mən gücüm çatanı etdim, yoxsa gücsüzün başına gələnə tamaşa edib keçdim?

Əlbəttə, bir dərs keçməklə bütün qəddarlığın aradan qalxacağını düşünmürəm. Vicdan kitabdan əzbərlənən bir mövzu deyil. Onu davranışla öyrətmək, nümunə ilə göstərmək, mərhəməti gündəlik həyatın bir hissəsinə çevirmək lazımdır. Məktəb bu işə başlamalı, ailə onu davam etdirməli, cəmiyyət isə biganəliyi normal qəbul etməməlidir. Çünki bu gün bir pişiyin ağrısına gülən uşaq sabah başqa bir zəifin əzabına da laqeyd qala bilər. Bu, hər kəsin mütləq belə olacağı demək deyil. Amma qəddarlığı əyləncə, laqeydliyi isə adi davranış kimi təqdim etdikcə, mərhəmət hissinin böyüməsinə özümüz mane oluruq.

Bir dəqiqə düşünün: o pişik sizin evinizdə böyütdüyünüz heyvan olsaydı, onun ağrı içində çapaladığını görmək sizə nə edərdi? Onun ölümünü eşidəndə ürəyiniz necə ağrıyacaqdı? Mənim ürəyim indi də ağrıdı. Bəs küçədə yaşadığına görə onun canı daha az dəyərlidir? Sahibinin olub-olmaması bir canlının ağrısını dəyişirmi? İnsan əli ilə bəslənən heyvanın həyatı qiymətlidir, küçədə doğulanınkı yox?

Mən o pişiyi xilas edə bilmədim. Bu fikir məni incidir. Kaş ki, o maşın dayanardı. Kaş ki, pişik çapaladığı o son saniyələrdə kimsə ona kömək edə bilərdi. Kaş ki, bu yazını yazmaq əvəzinə, həmin pişiyin sağ qaldığını danışa biləydim. Amma indi heç olmasa, bu hadisənin üstündən sakitcə keçmək istəmirəm. Çünki susduqca, belə hadisələri adiləşdirdikcə, sanki hər şey normal imiş kimi yaşadıqca, özümüzdəki mərhəməti də bir az itiririk.

 

Mən heç kimdən bütün heyvanları evinə aparmasını istəmirəm. Hər kəsin buna imkanı çatmaya bilər. Mən heç kimdən özünü qəhrəman kimi göstərməsini də istəmirəm. Mən sadəcə, bir canlının ağrısını görüb bunu əhəmiyyətsiz saymamağı istəyirəm. Yol qəzası baş veribsə, təhlükəsiz şəkildə dayanmaq, vəziyyəti yoxlamaq, lazım gəldikdə baytar və ya heyvanlara yardım göstərən qurumla əlaqə saxlamaq da insanlıqdır. Bəzən kömək etmək üçün böyük imkanlar yox, kiçik bir məsuliyyət hissi lazımdır.

Ay analar, atalar, uşaqlarınıza vicdanı da öyrədin. Onlara yalnız insanlarla necə danışmağı deyil, danışa bilməyənlərə necə davranmağı da göstərin. Müəllimlər, şagirdlərinizə yalnız imtahandan yüksək qiymət almağın yollarını deyil, həyat qarşısında məsuliyyət daşımağı da öyrədin. Məktəblər, proqramlarınızda mərhəmətə, heyvanlara münasibətə və məsuliyyətə yer ayırın. Cəmiyyət, qəddarlığı görəndə susmağı tərbiyə hesab etməyin. Bir daha deyirəm: VİCDAN DƏRSİ DƏ KEÇİLSİN!

Analar da keçsin bu dərsi, atalar da. Məktəblərdə də keçirilsin, universitetlərdə də. Həyatda hər şeydən dərs çıxarmağı bacaran insan öz qəddarlığından da dərs çıxarmağı öyrənsin. Çünki biz uşaqlara yalnız necə yaşamağı deyil, başqasının yaşamaq haqqına necə hörmət etməyi də öyrətməliyik. Bir gün elə bir cəmiyyətə çevrilməliyik ki, yolda can verən bir pişiyin qarşısından keçən insanın yadında yalnız tələsdiyi yer qalmasın. O, heç olmasa, bir anlıq dayansın və özündən soruşsun: Mənim insanlığım haradadır?

 

“Ədəbiyyat və incəsənət”

(30.10.2026)

Murad Vəlixanov,

"Ədəbiyyat və incəsənət" portalının İncəsənət şöbəsi

 

Azərbaycanın zəngin kino tarixi son illərdə milli və bəşəri dəyərləri ehtiva edən irimiqyaslı layihələrlə yenidən dünya miqyasında diqqət mərkəzinə gəlmişdir. Bu ekran əsərləri arasında ən böyük rezonans doğuran layihələrdən biri, Bakı Media Mərkəzi tərəfindən istehsal olunan və dörd hissədən ibarət tarixi silsilənin yekun fəsli sayılan "Tağıyev: Məktəb" tammetrajlı bədii filmidir.

 

Rejissor Zaur Qasımlının ərsəyə gətirdiyi bu tarixi dram mühüm uğura imza ataraq, Amerika Kino Sənəti və Elmləri Akademiyasının təşkil etdiyi 99-cu "Oskar" mükafatlarında "Ən Yaxşı Beynəlxalq Bədii Film" kateqoriyası üzrə Azərbaycanın rəsmi namizədi seçilmişdir. Ekran əsəri rəsmi seçimdən sonra bu mötəbər mükafat uğrunda dünyanın 100-dən çox ölkəsinin iddialı filmləri ilə rəqabət aparmaq hüququ qazanmışdır.

Filmin süjet xətti xalqımızın yaddaşında dərin iz qoymuş böyük sənayeçi, neft maqnatı və dahi xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin ömür yolunun ən çətin, lakin ən şərəfli mərhələsinə işıq tutur. Ekran işində əsas diqqət Tağıyevin XX əsrin əvvəllərində, xüsusilə 1905-ci ildə bütün çətinliklərə, dini və feodal xurafatın yaratdığı maneələrə sinə gərərək müsəlman Şərqində ilk dünyəvi qızlar məktəbini təsis etməsi prosesinə yönəlib. Ekran əsəri savadsızlığa qarşı mübarizə aparan, qadın təhsilinin bir millətin tərəqqisində və gələcəyində oynadığı fundamental rolu anlayan cəsarətli bir şəxsiyyətin iradəsini ön plana çıxarır. Təhsilin insan həyatını və bütöv bir cəmiyyəti dəyişdirmək gücü filmin əsas fəlsəfi fərziyyəsini təşkil edir.

Layihənin bədii keyfiyyəti və tarixi atmosferinin mükəmməlliyi güclü idarəçi və yaradıcı heyətin birgə əməyinin nəticəsidir. Heydər Əliyev Fondu, Mədəniyyət Nazirliyi və ARKA-nın dəstəyi ilə çəkilən filmin baş prodüseri Arzu Əliyeva, prodüseri isə Orman Əliyevdir. İsmayıl İman, Asif İsgəndərli və Zaur Qasımlının ssenari müəllifi olduğu filmdə tarixi personajları olduqca böyük ustalıqla canlandıran peşəkar aktyor heyəti yer alıb. Baş rolda – Hacı Zeynalabdin Tağıyev obrazında Xalq artisti Pərviz Məmmədrzayev çıxış edir. Onun canlandırdığı təmkinli, müdrik və sarsılmaz xeyriyyəçi obrazı filmin dinamikasını yüksək səviyyədə saxlayır. Filmdə həmçinin Xalq artisti Qurban İsmayılov, Əməkdar artistlər Rasim Cəfər, Elşən Rüstəmov, Natəvan Hacıyeva və digər tanınmış sənətkarlar rol alıblar.

"Tağıyev: Məktəb" filminin "Oskar" platformasına namizəd irəli sürülməsi təkcə rejissor Zaur Qasımlının üst-üstə ikinci il Azərbaycanı bu yarışmada təmsil etmək uğuru deyil, həm də ölkə mədəniyyətinin qlobal müstəvidə təbliği baxımından böyük əhəmiyyət kəsb edir. Milli tariximizin ən mühüm maarifçilik hərəkatını Hollivud səviyyəsinə daşıyan bu film, Şərqlə Qərbin kəsişməsində yerləşən Azərbaycanın mütərəqqi keçmişini və mədəni potensialını dünya kino ictimaiyyətinə nümayiş etdirmək üçün ən layiqli ekran əsərlərindəndir.

 

“Ədəbiyyat və incəsənət”

(30.10.2026)

“Ədəbiyyat və incəsənət” portalının “Bir şair, bir şeir” rubrikasında bu gün sizlərə fəlsəfə üzrə fəlsəfə doktoru, "Həməşəra" mətbu orqanının təsisçisi və baş redaktoru, AJB və AYB-nin üzvü, teoloq, araşdırmaçı, tərcüməçi, yazıçı-publisist İlqar İsmayılzadənin sırf Azərbaycan türkcəsində qələmə alınmış, heç bir beyt, bənd və misrasında ərəb və fars sözlərindən istifadə edilməmiş şeiri təqdim edilir.

 

İlqar İsmayılzadə
TANRI İLƏ PIÇILTI...

Ey Tanrım, varlığın aydındır mənə,
İnancsız deyiləm ölməzliyinə.

Sən yaratdın məni bu aydın sudan,
Bu oddan, küləkdən, həm də torpaqdan.

Sən mənim görənim, eşidənimsən,
Sən mənim böyüyüm, tək güvənimsən.

Sən mənə əl tutub, bağışlayanım,
Çətin günlərimdə sənsən dayağım.

Mənə dəyər qatan, uğurlar verən,
Səninlə olmuşam düşünən, görən.

Sən güvənli Tanrım, mənsə bir kölən.
Etmə yaşamımı pisliyə dönən.

Hər bir yaranmışın yardımı sənsən,
Bir an əl götürməm mən ətəyindən.

“Ədəbiyyat və incəsənət”

(30.10.2026)

 

XALQ ŞAİRİ VAQİF SƏMƏDOĞLUYA İTHAF OLUNUR

 

“Ədəbiyyat və incəsənət” portalı  Nüşabə Babayeva-Vəkilovanın həyat yoldaşına – mərhum Xalq şairi, milyonların sevimlisi Vaqif Səmədoğluna ithaf etdiyi “Mən sənin yuxunam” əsərini hissə-hissə təqdim edir.

 

Burada onların tanışlıq səhnəsindən başlayaraq bir ömür qədər uzun görünən dolu-dolu yaşadıqları birgə günlər və əli xəncərli gələn amansız ayrılıq barədə hər şey var.

Əsərdə Vaqif Səmədoğlu ilə yanaşı Nüşabə Babayeva-Vəkilova özü də qəhrəman qismindədir. Onların hər birinin birgə hekayətlərindən başqa, həm də ayrı-ayrılıqdakı hekayətləri də əsərdə dolğun şəkildə yer alıb.

 

29—CU DƏRC                                                          

                        

Pozulmaz sonsuz tarazlıq,

Düz gələr Allahın sözü, 

Bir bu dünya, bir o dünya,

Tərəzinin iki gözü.

Biri ömür, biri ölüm...

Mən bilmirəm həyat bir ağrıdır, yoxsa həvəs. Bəlkə hər ikisinin birliyidir. Tərəzinin iki gözü... 

 

Sən ayaqlarından şikayət edirdin. Ayaqların ağırlaşır, yerimək çətin olurdu Sənə. Bizə dedilər ki, Bakıya alman cərrahı gəlib, Leyla Şıxlinskaya Klinikasında qəbul edir. Qəbuluna gəldik. Ayaqlarını müayinə etdikdən sonra alman həkim dedi ki, ayaq damarların təcili əməliyyat olunmalıdır. Əməliyyatı ya Almaniyada, ya da Türkiyədə etməyi məsləhət gördü. Gündə nə qədər siqaret çəkməyinlə maraqlandı. Biləndə ki, gündə iki qutu yarım siqaret çəkirsən, dedi bir qutu azaldın, heç olmasa. Dedin ki, çalışacam, bunun mümkün olmadığını bilirdim. “Siqareti tərgitmək asandır, özüm 100 dəfə atmışam”. Mark Tvenin bu fikriylə yəqin siqareti tərgitmək istəyən hər bir kəs razılaşar. Deyirdin ki, özüm də ata bilmədiyimçün əziyyət çəkirəm. Bunu mən də görürdüm, ona görə susurdum.

Ev, aldığın müxtəlif markalı siqaret, tütün, siqarlarla dolu idi. Ürək əməliyyatından sonra da ata bilmədin. Keçdin elektron siqaretə (Əslində, onun zərəri daha çoxdur). O da müvəqqəti. Yadındadı, Tel-Əvivə uçanda elektron siqaretə asma aparatı deməyin? Həm gülməli, həm də çox kədərli bir vəziyyət... Təyyarə havaya təzə qalxmışdı, Sən elektron siqareti çıxardıb, bir-iki qullab vurdun, tüstü qalxdı, yanımızdan keçən gənc stüardessaya elektron siqareti göstərib: “Qızım, mən asma xəstəsiyəm, nəfəs ala bilmirəm, bu, nəfəs aparatımdır”, – dedin. Biçarə qız özünü itirmiş halda: “Əlbəttə, Vaqif müəllim, istifadə edin”, – dedi. Yaxşı ki, nə o stüardessa qız, nə də ki, salondakılar elektron siqaretin spesifik iyini duydular. Bəlkə də duyub, üzünə vurmadılar. Xəstəliyin bilinəndən sonra isə siqaretin birini söndürməmiş o birini yandırırdın, siqareti siqaretə calayıb çəkirdin. Əmziksiz dura bilməyən körpə kimi Sən də siqaretsiz dura bilmirdin. Buna baxmaq lap üzücü olurdu. Son günə kimi, “oynadın” siqaretlərlə, markalarını dəyişdin, başını qatdın. Bu siqaret yanğısı xəstəliyinin acısını unutdurmaq üçün idi, bilirəm. Son günlər mən yandırırdım siqaretini.

- Nuşa, birdən öyrəşdirərəm səni...

-  Öyrəşmərəm.

- Amma yaraşır sənə, – deyib, üzümə gülümsündün.

Bir məqam axtarırdın elə bil mənə bir xoş söz deməyə. Demədiklərini bəzən həsrətli baxışların deyirdi...

Ayaq damarlarının əməliyyat olunmasıyla bağlı Azərbaycan Səhiyyə Nazirliyinə müraciət etdikdən sonra Səni Ankaradakı Türkiyə Yüksək İxtisas və Araşdırma Sağlıq Xəstəxanasına göndərdilər. Və 2011-ci ilin iyun ayından 2014-cü ilin sonuna kimi bizim Bakı, Ankara, Tel-Əviv xəstəxanalarından imdad dilədiyimiz dövr başladı...   

2011-ci il iyun ayının 18-də biz Ankaraya gəldik. Türkiyədə bizi Azərbaycan səfirliyinin nümayəndəsi Dursun Həsənov qarşıladı. Xəstəxanada bizi Türkiyə Səhiyyə Nazirliyinin nümayəndəsi gözləyirdi. Böyük, işıqlı bir otaqda yerləşdirdilər bizi. Çarpayıdan əlavə böyük dəri bir divan da vardı otaqda. Sən bir sanitar oğlan tapıb, ona pul verdin. Yaxınlıqdakı bazardan elektrik çaydanı, iki fincan, çay, qəhvə, qənd aldırdın. Çay, qəhvə çox içdiyindən, həm də rahatlıq sevdiyindən lazım olan əşyalar əlinin altında olmalı idi.       

Həmin gündən Sənin müayinən başlandı. Dopler, qan analizi... 

Səhəri gün bazar idi. Xəstəxanaya mənim Türkiyədəki qohumum, atamın xalası oğlu Altay gəldi. Bizim Ankarada olduğumuzu Altaya Ankarada yaşayan bacım Esmiranın kiçik qızı Əzizə xəbər vermişdi. Bakıda Dillər Universitetinin İngilis dili fakültəsini bitirmiş İbrahim Tarpıcı ilə ailə qurduqdan sonra ərinin təyinatıyla Türkiyənin bir neçə əyalətini gəzib-dolaşdıqdan sonra Ankarada məskunlaşmışdılar. Səni Altayla tanış etdim. Uzun illər hüquqşünas kimi çalışmış 77 yaşlı Altay artıq təqaüddə idi. İki il idi arvadını itirmişdi. Sən Altayçün dedin: “Qluboko odinokiy çelovek...” (Çox yalqız adamdır). O, bizi maşınında Əzizəgilə apardı. Gəlişimizə çox sevinirdi Əzizə, İbrahim, onların iki oğlu: Arif və Cəmil. İbrahim Sənin şeirlərini sevir, gözəl təhlil edir.

Altayın maşını ilə xəstəxanaya döndük. Xəstəxananın həyətində bizi mənim vəfalı, mehriban dostum,  Şərqşünaslıq İnstitutunun Cənubi Azərbaycan şöbəsində birgə çalışdığımız dövrdən tanıdığım, xeyli müddətdir Türkiyədə işləyib ailə quran Səriyyə Gəncəliyeva və onun alicənab həyat yoldaşı Adil Tamer gözləyirdi.    

Səhəri ağır gün oldu. Ayağında anju etdilər. 3-4 saat bir yerdə uzanmaq çətindir. Ürəyində problem var, dedilər. Şəkərin yüksəkdir. Sabah ürəyini də anju etməlidirlər. 

Ürəyini anju etdilər. Əziyyət çəkirsən səssiz-səmirsiz.

Səriyyəylə Adil gəldilər. Səriyyə dedi ki, Gülhanə Klinikasında Anar Əmrahov adında  həmyerlimiz işləyir. Gənc, istedadlı kardioloqdur. Axşam onunla gələcəyini bildirdi. Anar həkim və türk həkimi anjunun nəticəsiylə gəldilər. Anar həkim dedi ki, açıq ürək əməliyyatı olunmalıdır. Şuntlama... Ayağın üçün gəldik, ürək problemin tapıldı. Anar həkim əməliyyatın təxirə salınmadan yerinə yetirilməli olduğunu dedi. Klinikanın türk həkimləri də gəlib çıxdılar. Onlar da əməliyyatın vacibliyini vurğuladılar. Sən boyun qaçırdın bu xəstəxanada əməliyyat edilməkdən. Anar həkim Səni Gülhanəyə keçirib, əməliyyatın orada keçirilməsini təklif etdi. Bütün edilən təkidlərə baxmayaraq, Səni fikrindən döndərmək mümkün olmadı. “Bakıya qayıdıram, - dedin, - müayinəyə qürbət ölkə, əməliyyata vətən yaxşıdır...”.  

Sonradan mənə orada əməliyyata razılıq verməməyinin səbəbini dedin: “Nuşa, sənə yazığım gəldi. Təsəvvür et ki, əməliyyat vaxtı mən ölürəm və məni qoyurlar morqa. Sən morqun qabağında ağlayıb, özünü öldürürsən, ancaq buna türk həkimləri məhəl qoymurlar. Dərdinlə baş-başa qalırsan başqa ölkədə...”.

Türk həkimlərinin peşəkarlığına söz ola bilməz, ancaq bizim həkimlərdən fərqli olaraq onlar soyuqqanlıdırlar. Sən də bunu hiss edib, o nəticəyə gəlmişdin. Xəstəxanada olduğun müddətdə bir gün siyasətçi Hikmət Çətin, səhəri gün Türkiyənin o zamankı baş nazirinin müavini Cəmil Çiçək Sənə baş çəkdilər. Onların Sənin xəstəxanada olduğundan hardan xəbər tutduqları bizə məlum olmadı. Xəstəxana ab-havasından çıxmaq üçün 2-3 gün Ankarada qalmaq istədin. Xahiş etdin, Dursun şəhərin mərkəzində, xudmani “Tunalı” hotelində bizə yer bron etdi. Uzun illərdir Ankarada çalışan mənim məktəb və tələbəlik illərimin can dostu Rəhilə Şükürova (Süleymanova) bizim Ankarada olduğumuzdan xəbər tutan kimi, özünü hotelə çatdırdı. Ona xəstəxanada olduğumuzu demədiyim üçün umu-küsü etdi. Bir yerdə nahar edib, şəkillərimizi çəkdikdən sonra Sən bizi tək buraxıb, hotelə dincəlməyə getdin. 2013-cü ilin yayında Rəhilə kiçik oğluna Bakıda toy etdi. Bizi də çağırdı. O bilirdi Sənin xəstə olduğunu. Dedi: “Nuşa, sən mənim atalı-analı günlərimin, gənclik illərimin yadigarısan, heç olmasa özün gəl”. Sən də dedin: “Get, eynin açılsın”. Dedim: “Baxarıq”. Ancaq bilirdim ki, getməyəcəm. Toya bir həftə qalmış Rəhiləyə toya gələ bilməyəcəyimi dedim. O, incik halda: “Heç olmasa bir saatlıq gəl...” – dedi. Gedə bilmədim. Sənə toya getməyəcəyimi deyəndə sevindin: “Hə, getmə, yanımda ol...”.               

Bir müddət sonra Rəhilə ilə Bakıda görüşdük. O, toyun necə gözəl keçməsindən danışdı və mənim orada iştirak etmədiyim üçün təəssüfləndiyini dedi. Səni xəstə vəziyyətdə qoyub, toy məclisində rahat otura bilməyəcəyimi anlatmağa çalışdım. Amma Rəhilə məni başa düşmək istəmədi. “Heç olmasa, bir saatlıq gələ bilərdin”, – dedi.  

Sənin çox qabaqlar yazdığın şeirdəki bu bənd mənim haqlı olduğumu göstərmirmi?        

                   ...Kaman süzüb, tar oynayıb,

                       Mən xəstəykən yar oynayıb.

                       Aramızda  qar oynayıb,

                       Qaralanıb, de neyləyim?      

2018-ci ilin aprelində Ankaradan Rəhilənin ölüm xəbərini almaq həm gözlənilməz, həm də çox üzücü oldu. O, Bakıda atasının, qardaşının yanında torpağa tapşırıldı. Rəhiləylə yaddaşımın bir küncünə sığınmış məktəb, tələbəlik çağlarının dadı, duzu da getdi. Onunla birgə dəfn etdim o gözəl, qayğısız illərin xatirələrini...

İyunun 25-də biz Ankaradan vətənə döndük.  

2011-ci il 30 iyun. Neftçilər Xəstəxanasındayıq. Sənə Rəşad Mahmudovun əməliyyat etməsini məsləhət görüblər. İkiotaqlı palatadayıq. Hər rahatlığı var. Müayinələr başlandı. Pankreatitdən bir həftə müalicə olunmalısan. Əməliyyat qabağı əhval-ruhiyyən yaxşıdır. Bu məni sevindirir. Sənin məsuliyyətli anlarda özünü tez bir zamanda toplamağın, qətiyyətli olmağın mənə də güc verir. 12 iyul səhər saat 10:00-da əməliyyatdır. Bir gün qabaq əməliyyata hazırlıq oldu. Sanitar hamamda döş qəfəsindəki tükləri qırxdı. Zarafat etmək üçün fürsəti qaçırmadın, o saat dedin: “Oldum lap broyler toyuğu...”.

Əməliyyatın haqda ancaq yaxın qohumlar bilirdi. Palatada oturub, nəticəni gözləyirdik. Əməliyyatı Rəşad Mahmudov və Seymur Musayev etdilər. Uğurlu keçdi əməliyyat. Rəşad doktor palataya gəlib, bizə gözaydınlığı verdi. Tel-Əvivdə müayinə olunduqda dünyaca məşhur kardioloq (adını unutmuşam) ürək əməliyyatının harada olunmasıyla maraqlandı. “Bakıda”, – dedik. Kardioloq: “Çox uğurlu olunub”, – dedi.

Sən reanimasiya otağındasan. Mən palatada Sənin narkozdan ayılmağını gözləyirəm. Sanitar gəlib, Sənin özünə gəldiyni, məni görmək istədiyini dedi. Məni görən kimi su istədin. Çox su içməyə qoymurdular, ağciyərlərinə su yığılmasın deyə. Əziyyət çəkirdin. Səhər eyni mənzərə. Daima su içmək istəyin. Rəşad doktor müayinədən sonra Sənə su içməyə icazə verib, deyib ki, dəyməyin onun xətrinə. İki gün sonra Səni palataya keçirtdilər. Əməliyyatdan sonrakı mərhələ çox ağır, əzablı keçdi. Narkozun təsiri davamlı oldu. Ancaq şükür edirdik, çəkdiyin fiziki, mənəvi əziyyətlər arxada qalır. Yavaş-yavaş özünə gəlirdin, həyata qayıdırdın. Sən demə, bu çəkəcəyimiz iztirabın, əziyyətin hələ əvvəli imiş... sonu görünmyən əzabın əvvəli... 

2012-ci il həyatımızın xoş məqamı kimi Sənin haqda (həyatın, yaradıcılığın, taleyin haqda) “Posle menya ostanetsya more” (“Məndən sonra dəniz qalacaq”) adlı kitabın işıq üzü görməsi oldu. Kitabın müəllifi filoloq Şövkət Keramovadır. Kitabın redaktoru şair-tərcüməçi Siyavuş Məmmədzadənin etdiyi əlavələr bu əsəri daha da zənginləşdirmişdi.

Kitabın təqdimatı Nizami küçəsindəki “Əli və Nino” kafesində keçirildi. Yer balaca, adam çox, səmimi, isti ab-hava. Kimsə dedi: “60-cı illərin ruhundadır bu təqdimat...”. Anar kitabı belə səciyyələndirdi: “Posle menya ostanetsya more” kitabı çox dəyərli kitabdır. Çünki bizim ədəbiyyatda yazıçının sağlığında yazılan ilk sənədli-bədii əsərdir...”. Kitabın redaktoru şair-tərcüməçi Siyavuş Məmmədzadə dedi ki, Vaqif Səmədoğlu polifonik şəxsiyyətdir. Mən hətta deyərdim o, orkestr adamdır... Mehriban Zəkinin qopuzla Sənin “Heç kəsə demə...” şeirini fərqli, düşüncəli, duyğulu səsləndirməsi gecəyə xüsusi ab-hava qatdı. Rüstəm İbrahimbəyov Moskvadan olan rusiyalı telereportyor Mixail Deqtyarla gəldi. O, Bakı haqda çəkdiyi sənədli filmə bu təqdimatdan da süjet daxil edəcəyini bildirdi.

Həmin ilin yaddaqalan günlərindən biri Norveç səfirliyinin təşkil etdiyi gecə oldu. Norveç səfirliyi ilk dəfə azərbaycanlı şairlə – Səninlə görüş keçirmək istədiyini bildirdi. İngiliscə şeirlərinlə internetdən tanış olublar. Sentyabra planlaşdırılan görüşü Sən çox nəm-nüm edəndən sonra noyabra təyin etdilər. Əvvəl səfirin gənc, məlahətli xanımı Astrid və tərcüməçi ilə bir kafedə görüşdük. Gecənin təfərrüatlarını dəqiqləşdirdik. Görüş noyabrın 30-da onların oturduqları evdə təşkil olundu. “Azərbaycan” kinoteatrının yanında yerləşən bu evdə vaxtıyla Azərbaycanın birinci katibi İmam Mustafayev yaşayıbmış. Səni uşaqlıq, gənclik xatirələrinin qoynuna atdı bu ev...  Gecədə  Avstriya, Yaponiya, Rumıniya, Mərakeş, Gürcüstan səfirləri, başqa səfirlik nümayəndələri iştirak edirdi. Həmin gecədə xanımıyla iştirak edən Səlim Babullaoğlu xatırlayır: “...Vaqif müəllim giriş çıxışı elədi. Bu çıxış təkcə Vaqif Səmədoğlunun şair kimliyinin təqdimatı deyildi, həm də çağdaş Azərbaycan poeziyasının təqdimatı idi... Bu qısa çıxış ədəbiyyat tarixindəki onlarla şairin Nobel nitqindən daha maraqlı idi. Müasir Azərbaycan insanının nitqini poetik həddə qaldırmışdı, yaxud şeiri gündəlik və daha səmimi nitq qədər alçaqkönüllü eləmişdi Vaqif Səmədoğlu. Şair üçün isə bundan böyük nailiyyət yoxdur”.

21 dekabrın 2012-ci il dünyanın sonu deyilən gün. Bəşəriyyətin qorxuyla, həyəcanla gözlədiyi gün. Yemək-içmək tədarükü görənlər çox idi. Bakıda da alhaal idi, ət, toyuq, balıq konservi, şam, suxarı, su tədarükü görülürdü. Son gələndə bir göz qırpımında, ani bir vaxtda hər şey bitir. İnsanlar bunu bilsələr də, yenə də ümüdlərini xilas ola biləcəklərindən üzmək istəmirlər... Səhəri gün Olqa Moskvadan zəng etdi. Dünyanın dağılmaması münasibətilə bir-birimizi təbrik etdik. Olqa dedi ki, biçarə, yaşlı anası axşam düşdükdə göy üzünün qızarmasını dünyanın axırı zənn edib, qorxmuş halda qızına zəng edərək: “Olqa, naçinaetsya. Nebo krasnoe, çto delat?”, – deyib. (Olqa, başlayır. Göy üzü qırmızı rəngdədir, neyləyim?)  

Bəlkə də Yaradan o ümidlə biz insanlara yaşamaq haqqı verdi ki, dəyişək, mənən yüksələk...

2013-cü il – Qara ilan ili...

İlin əvvəlində beş günlük Qəbələyə getdik. “Qafqaz Resort Hotel”də qaldıq. Ağırlaşmısan... Qayıdandan sonra USM, qan analizi etdik. Hər şey normal çıxdı.

2013-cü ilin aprel ayında Sənin ad günün üçün bir albom çıxartmaq istəyirdim çəkdiyin fotolardan. Bu istəyimi Sənə bildirəndə, dedin: “Bəlkə deyimlərimdən ibarət bir kitab çıxardasan?”   -Yadımdadı, Sənin “Azadlıq”qəzetində (1989-1991-ci illərdə qəzetin baş redaktor müavini idin), “Oğuz eli”ndə (1992-1994-cü illərdə qəzetin baş redaktoru idin) Təmkin Səbirli adıyla dərc etdirdiyin ictimai-siyasi məzmunlu satirik, yumoristik zərb - məsəllərin, maraqlı deyimlərin.Tez bir zamanda deyimlərini, hikmətli ifadələrini yığıb, ön söz də yazdım. Aydın Abdullazadəyə çap üçün verdim. Adını “Müdriklərlə üz-üzə” qoydum. Aydından xahiş etdim ki, kitabın nəşrini Sənin ad gününə kimi çatdırsın. Aydın söz verdi və sözünə əməl etdi. 5 iyuna, ad gününə bir neçə gün qalmış kitab artıq evdə idi. Ancaq onun sevincini yaşaya bilmədik. Qapımızı dərd döydü... 

 

“Ədəbiyyat və incəsənət”

(30.10.2026) 

İnci Məmmədzadə,

“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi

 

Mədəniyyət və İncəsənət Universitetində dərs deyir, tələbələr ona böyük sevgi ilə yanaşırlar. Tetarlarda pyesləri qoyulur, böyük maraq doğurur. "İldırımötürən" povesti ədəbi ictimaiyyət və oxucular tərəfindən böyük rəqğbətlə qarşılanıb. Ziyalı kimi də böyük hörmət və ehtirama malikdir. Söhbət Əli Əmirlidən gedir. Bu gün doğum günüdür, 78 yaşı tamam olur.

 

Əli Əmirli 1948-ci il oktyabrın 30-da Ağdam rayonunun Novruzlu kəndində anadan olub. Ağdam şəhərində 1 saylı orta məktəbi bitirdikdən sonra Bakıda Elektrik maşınqayırma zavodunda fəhlə işləyib, eyni zamanda Azərbaycan Dövlət Universitetinin fılologiya fakültəsinin axşam şöbəsində təhsil alıb. Fəhlə işlədiyi 4 il ərzində zavodun çoxtirajlı "Elektrik" qəzetində oçerk və hekayələri ilə çıxış edib.

 1971-ci ildə "Qızıl Şərq" mətbəəsində korrektor vəzifəsində işləyib. 1971-ci ildən 2006-cı ilədək Əli Əmirli Azərbaycan Dövlət Plan Komitəsinin Elmi-tədqiqat, elmi-texniki informasiya institunda əvvəl ədəbi redaktor, sonra redaksiya-nəşriyyat şöbəsinin müdiri, daha sonra direktor müavini vəzifələrində çalışıb. 1974–1975-ci illərdə ali təhsili başa vurduqdan sonra əsgəri xidmətdə olub, leytenant rütbəsi ilə tərxis edilib.

Əli Əmirli əmək fəaliyyəti ilə paralel olaraq ədəbi yaradıcılıqla məşğul olub, hekayə, povest və romanları ilə "Azərbaycan", "Ulduz", "Literaturnıy Azerbaydjan" jurnallarında çap olunub, kitabları dövlət nəşriyyatlarında nəşr edilib. 1981-ci ildən Azərbaycan Yazıçılar İttifaqının (AYB) üzvüdür. Yeddi il Birliyin dramaturgiya seksiyasına rəhbərlik edib. 2021-ci ildən Birliyin idarə heyətinin üzvüdür.

1990-cı ildən başlayaraq Əli Əmirli yaradıcılığını dramaturgiyaya yönəldib. Onun 30-dan çox səhnə əsəri ölkənin, demək olar ki, bütün teatrlarında və 10-a yaxın xarici ölkə teatrında tamaşaya qoyulub. Ölkənin baş teatrı olan Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının son 30 illik repertuarında Əli Əmirli imzası görünməkdədir. Dramaturq 2003-cü ildən Azərbaycan Teatr Xadimləri İttifaqının üzvüdür.

2000-ci ildən başlayaraq Əli Əmirli Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində elmi-pedaqoji fəaliyyətə başlayıb, əvvəl müəllim, baş müəllim, dosent, professor vəzifələrində çalışıb, gələcək kinoşünaslara və kinodramaturqlara dramaturgiyanın sirlərini təlim edib. 2018-ci ildən Kinoşünaslıq və ekran dramaturgiyası kafedrasının müdiri, professorudur.

Əli Əmirli 1971-ci ildən ədəbi yaradıcılıqla məşğul olur. Bu illər ərzində onun onlarla hekayəsi, povest və romanları dövri mətbuatda, o cümlədən "Azərbaycan", "Ulduz", "Literaturnıy Azerbaydjan" jurnallarında dərc edilib. "İldırımötürən", "Axirətdən qabaq gəzinti", "Haram", "Meydan", "Sonalar gölü", "Bir il", "Ərizə", "Tapança", "Ölü doğan şəhər" kimi roman və povestlərin və iyirmidən yuxarı hekayənin müəllifidir.

 

Kitabları

1. Bir qış günü (hekayələr)

2. Yeddi hekayə

3. İldırımötürən (povest)

4. Axirətdən qabaq gəzinti (roman)

5. Haram (roman və povest)

6. Meydan (roman)

7. Ölü doğan şəhər (roman)

 

Pyesləri

1. Ərizə

2. Meydan

3. Tiran və aktyor

4. Ağqoyunlular və Qaraqoyunlular

5. Bala bəla sözündəndir?

6. Xoşbəxt gün

 

Əli Əmirli 13 dekabr 2023-cü ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin 100 illiyi münasibətilə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünə layiq görülüb.

 

“Ədəbiyyat və incəsənət”

(30.10.2026)

Şərəf Cəlilli,

Filologiya üzrə fəlsəfə doktoru.

“Ədəbiyyat və incəsənət”

 

Milli dövlətçilik yaddaş saxlancı: imperiyalar, sülalələr və varislik

 

Ağa Məhəmməd şah Qacar: "Bütün cahan Adəm və Həvvadan gəlir və əgər Turanlı xaqanlara həşəmətlə öyünmək xasdırsa, bizim budağımız da həmin kökdən gəlir. Qacar soyu Noyonun nəsli Manğıtdan aşağı deyil. Bizim şanlı və hörmətli tayfamız hətta Sulduz, Cəlayir və Özbəkdən də üstündür. Şükürlər olsun Yaradana ki, Turan və İran, Bizans və Rusiya, Xatay, Xotan və Hindistan mülklərini Ulu Türk sülalələrinə bəxş etmişdir".

Qüdrətli Sərkərdə-xaqanları, fikir və düşüncə sahibləri, təbib-filosofları, mütəfəkkir şairləri ilə dünyaya səs salan Odlar Yurdu Azərbaycan tarix boyu, qüdrətli dövlətlər qurdu. Həmin dövlətlərin əsas qurucuları türklər olsa da, digər xalqların qüdrəti, əzəməti ilə həmin dövlətlər qəhrəmanlıq salnamələri yaratdı. Tarixi mənbələrə istinad edərək qeyd edə bilərik ki, Azərbaycan türkləri tarix boyu əsasən Azərbaycan Respublikası, Güney Azərbaycan, Türkiyənin şərqi, Kürdüstanın cənubu, cənub-şərqi və mərkəzi bölgələrində, eləcə də Borçalıda və Dağıstanın cənubunda-Dəmirqapı Dərbənddə yaşamışlar. Azərbaycan türklərinin bir hissəsi olan qaşqayılar Güney Azərbaycanının cənubunda, türkmənlər Suriyada və İraqda, səfəvilər-qızılbaşlar adı altında tanınan millətimizin başqa bir hissəsi Xorasanda və Əfqanıstanda, "irani" adı altında tanınan daha bir hissəsi isə Özbəkistanın Səmərqənd bölgəsində məskunlaşmışlar.

Oğuzların Səlcuqların başçılığı altında XI əsrdə indiki İran, Azərbaycan və Anadolu ərazilərinə axını Oğuz türklərinin bu regionlarda hökmranlığının başlanması ilə nəticələndi. Bizans tarixçisi Nikita Xoniat yazır ki, “sürüləri ilə zəngin olan səlcuqlar ərazi ehtiyacı ilə rastlaşıb öz yurdlarını tərk edərək bütün ailələri ilə Rum ərazilərinə daxil olmağa başladılar”. Novoseltsev, Paşuto və Çerepninin "Puti razvitiya feodalizma" adlı kitabında isə bu cür yazılır: Səlcuq İmperiyasının yaranmasından başlayaraq oğuzlar indiki bütün İran ərazisinə yayıldılar, lakin əsasən Kiçik Asiya və Azərbaycanda məskunlaşdılar.

 

 

 

Yılmaz Öztuna: “Oğuzların qərbə axınından öncə Qazaxıstan ərazisində Oğuz Yabğu dövləti adında bir Oğuz dövləti mövcud idi”

 

Tanınmış türkoloq alim Nikolay Baskakov "Voprosı klassifikatsii tyurkskix yazıkov" adlı kitabında əski osmanlı dilini, müasir Türkiyə türkçəsini, Azərbaycan türkçəsini və səlcuq dilini Oğuz-Səlcuq altqrupuna, türkmən dilini isə Oğuz-Türkmən altqrupuna aid edir. Fransız tarixçisi Klod Kaen (Claude Cahen) Azərbaycan ərazisinin Səlcuq İmperiyasındakı rolunu bu cür qiymətləndirir: "İrəli, türklərin az sayda məskunlaşdığı ərazilərə gedən türklər üçün iqtisadi baza Azərbaycan qalır... İran və Anadolu türklərinin arasında olan əlaqə xətti əsasən Azərbaycandan və Diyarbəkirdən keçir."

Tarixi mənbələrə istinad edərək qeyd edə bilərik ki, “Oğuzların qərbə axınından öncə Qazaxıstan ərazisində Oğuz Yabğu dövləti adında bir Oğuz dövləti mövcud idi. Türkiyəli tarixçi Yılmaz Öztunanın qeydləri də dediklərimizə əyani sübutdur. Əgər XI əsrdə Oğuz Yabğu dövlətində 24 şəhər və bir neçə milyon əhali var idisə, XIII əsrdə bu dövlətin ərazisində yalnız 4 şəhər qaldı. Çünki Oğuzların mühüm hissəsi Anadoluya və Yaxın Şərqə köç etdi.”

 

Atabəylər dövləti 90 ilə yaxın varlığını sürdürüb, Cəlaləddin Xarəzmşahla savaşın nəticəsində süqut edib

 

Səlcuqlardan sonra Azərbaycan ərazisini əhatə edən növbəti türk dövləti Eldənizlər və ya Azərbaycan Atabəyləri dövləti kimi tanınan dövlət olub. Bu dövlətin qurucusu Şəmsəddin Eldəniz qıpçaq köklü bir qul olub və Səlcuq İmperiyasındakı əhəmiyyətli xidmətlərindən sonra öz dövlətini qurub. Azərbaycan Atabəylər dövləti 90 ilə yaxın varlığını sürdürüb və Orta Asiya türklərindən olan Cəlaləddin Xarəzmşahla savaşın nəticəsində süqut edib. Atabəylər dövlətinin paytaxtları Naxçıvan, Təbriz, Ərdəbil və Həmədan şəhərləri olub.

 

Mikluxo-Maklay: "Sonradan qızılbaş adlanan tayfalar Azərbaycanda hökmranlıq edən Ağqoyunlu və Qaraqoyunlu dövlətlərini yaradan tayfalarla dil və mənşə baxımından qohum idilər"

 

Atabəylər dövlətindən sonra iki güclü Oğuz tayfa birliyi olan Qaraqoyunlu və Ağqoyunlu dövlətləri gəlir. Bu dövlətləri yaradan tayfalar haqqında tarixçi Mikluxo-Maklay belə yazır: "Sonradan qızılbaş adlanan tayfalar əvvəllər ardıcıllıqla Azərbaycanda hökmranlıq edən Ağqoyunlu və Qaraqoyunlu dövlətlərini yaradan tayfalarla dil və mənşə baxımından qohum idilər."

Bu qənaəti təsdiq edən Minorski isə Qaraqoyunlu hökmdarlarından olan Cahanşahın şeirlərinin dilinin Azərbaycan türkçəsi olduğunu qeyd edərək deyir: "Bütövlükdə götürdükdə, Cahanşahın şeirlərinin dili bu gün Azərbaycan türkçəsi adlanan Güney Türkmən dialektləri qrupuna aiddir." Hindistan ərazisində Qütbşahilər sülaləsinin banisi olan Sultanqulu Baharlı da Qaraqoyunlulardan idi. Bunu daha ətraflı şərh edən Minorski onu da qeyd edir ki, "Bizə Cahanşahın böyük qardaşı İsgəndərin soyunu nəzərdən keçirmək qalır. İsgəndərin digər oğlu Əlvənd Mirzə Həmədana köçdü və üç nəsil sonra nəvəsi Sultanqulu Hindistana, Bəhmənilər sarayına qaçdı. Sonradan o, onların varisi elan edildi və yeni şiə Qolkonda Qütbşahilər sülaləsinin banisi oldu. Onun haqqında rəvayət edilir ki, o, 12 imamlıq əqidəsinin əsasının Səfəvilər tərəfindən qoyulmadığını deyir və ailəsinin bu əqidəyə hətta Qara Məhəmmədin və Qara Yusifin dönəmində belə etiqad etdiyi ilə öyünürdü."

 

 

Dövlətin hökmdar sülaləsi Oğuzların Bayandur tayfasından çıxmışdı

 

Qaraqoyunlulardan sonra siyasi səhnədə onlarla qohum olan Ağqoyunlular meydana gəldi. Dövlətin hökmdar sülaləsi Oğuzların Bayandur tayfasından çıxmışdı və Qaraqoyunlu türkmənlərindən fərqli olaraq, Ağqoyunluların üst təbəqəsi sünni idi. Bunun sübutunu Fəzluallah ibn Ruzbihan Xuncinin əsərində tapmaq olar: "Onlar pis hərəkətləri və mülhidlərlə ünsiyyəti üstündən cəhənnəmin qapısına çatan bir çox Qaraqoyunlulardan fərqli olaraq heç vaxt səhv inanclara qapanmamışdılar. Heç bir Bayandur ilhadın, rəfzin və mötəzililiyin qurbanı olmamışdır."

 

“Ədəbiyyat və incəsənət”

(30.10.2026)

İmran Verdiyev,

Azərbaycan Respublikasının Əməkdar müəllimi.

“Ədəbiyyat və incəsənət” portalının Oğuz təmsilçisi

 

Molla Kərim Kəşfi XIX əsrdə Oğuz (keçmiş Vartaşen) rayonunun indiki Kərimli (keçmiş Vardanlı) kəndində yaşayıb-yaratmış el şairlərindəndir. Öz əsərlərində əsasən “Kəşfi Vardani” və “Molla Kəşfi” təxəllüslərindən istifadə etmişdir.

 

Molla Kərim Kəşfinin yaradıcılığı regional ədəbi məclislərlə (xüsusilə Şirvan və Qarabağ təsəvvüf mühiti ilə) sıx bağlı olmuşdur.

Onun adı bəzən həmin əsrdə eyni kəndə yetişmiş məşhur şair Mücrim Kərim Vardani ilə qarışdırılır. Halbuki görkəmli tədqiqatçı, hər iki şairin şeirlərini toplayıb, nəşr etdirmiş S.Mümtaz bunların tamamilə fərqli insanlar olduğunu qeyd etmişdir. Bir də ki, M.K.Vardani heç bir əsərində və heç bir yerdə “Kəşfi” adı çəkməmişdir.

S.Mümtaz 1927-ci ildə nəşr etdirdiyi “El şairləri” (II cild) kitabında Molla Kərim Kəşfinin bədii dil baxımından çox zəngin olan, klassik üslubda və əruz vəznində yazılmış “Çaynamə” və “Suxtalar” adlı iki şeirini xüsusi olaraq qeyd etmişdir. “Çaynamə” əsəri “Kəşfi Vardani” (“Gərəkdir qismətə razı olaq, ey Kəşfi Vardani”), “Suxtalar” əsəri isə “Molla Kəşfi” (Molla Kəşfi, böhtan ilə xəlqi zəmm etməz yəqin”) təxəllüsləri ilə qələmə alınmışdır.

Molla Kərim Kəşfi Vardani tərəfindən qələmə alınan "Çaynamə" şeiri, Azərbaycan ədəbiyyatında özünəməxsus yeri olan və sufi-rəmzi xarakter daşıyan maraqlı mənzum əsərlərdən biridir. Azərbaycan poeziyasında "Çaynamə" ənənəsi geniş yayılmışdır. Molla Kərim Kəşfi bu mövzuya müraciət edərkən həm dövrün ədəbi mühitindən, həm də mürşidi Mir Həmzə Nigarinin məşhur "Çaynamə" məsnəvisindən ilham almış və bu sufi ənənəsini davam etdirmişdir.

Şeir ilk baxışda çayın, samovarın və çay məclisinin təsviri kimi görünsə də, əslində dərin təsəvvüfi (sufi) mənalar daşıyır. Bu janrdakı əsərlərdə çay məclisi – ilahi eşq məclisini, çay – mənəvi feyzi, samovarın qaynaması servesi isə aşiqin qəlbinin ilahi eşqlə coşub-daşmasını simvolizə edir.

 “Suxtalar” (mədrəsə oxuyan, lakin adətən avara gəzən, elmdən uzaq olub müxtəlif hoqqalaradan çıxan tələbələr) şeiri isə ədəbiyyatımızda içtimai-bədii tənqidi əks etdirən mühüm satirik nümunələrdəndir. Şeir dövrün mədrəsə mühitini, tələbələrin davranışını və cəmiyyətdəki nüqativ halları tənqidi dillə təsvir edir.

Molla Kərim Kəşfi Vardaninin həyat və yaradıcılığının ətraflı öyrənilməsi öz tədqiqatçılarının yolunu gözləyir.

 

“Ədəbiyyat və incəsənət”

(30.10.2026)

 

 

                                                                                           

 

Cümə, 30 Oktyabr 2026 12:35

Xalxın uşağı – TƏRBİYƏVİ MÖVZUDA

Şəmil Sadiq,

dəyər yaradıcısı.

“Ədəbiyyat və incəsənət”

 

Bizim ailələrdə öz uşaqlarımızdan başqa, bir uşaq da böyüyür, xalqın uşağı. Süfrəmizdə oturmur, çörəyimizi bölüşmürük, evimizdə yaşamır, amma adı dilimizdən düşmür. Dərslərini yaxşı oxuyur, yarışlarda qalib gəlir, valideyninin sözündən çıxmır. Hələ bir neçə dil də bilir. Nədənsə, bu uşağın nə tənbəlliyini görürük, nə səhvini, nə də qapını çırpıb otağına çəkildiyini. Çünki biz sadəcə onun-xalqın uşağının uğurunu görürük.  

 

Başqasının övladını bizə təqdim edilən bir nəticə ilə tanıyırıq. Öz övladımızın yorğunluğunu da görürük, həvəssizliyini də, uğursuzluğunu da. Sonra həmin bu nəticə ilə bütöv bir uşağı müqayisə edirik: - Gör filankəsin uşağı nələr eləyir! Bəs sən? Bu “bəs sən?” sualının içində valideynin arzusu da var, narahatlığı da, bəzən özünün həyata keçirə bilmədiyi istəklər də. Ancaq uşaq həmin sualda başqa bir məna eşidə bilər: “Sən olduğun kimi məni qane etmirsən”.

Düzdür, burada valideyni anlamaq çətin deyil. Kim istəməz ki, övladı bacarıqlı, çalışqan, uğurlu olsun? Başqa bir uşağın nailiyyətini görəndə öz övladının da bunu bacarmasını arzulamaq təbiidir. Sözsüz ki, problem arzunun özündə yox, onun uşağa necə çatdırılmasındadır. Övladımızı həvəsləndirmək istəyərkən bəzən ona özündən narazı qalmağı aşılayırıq.

Məncə, burada nümunə göstərməklə müqayisə edib kiçiltməyin sərhədini ayırmaq lazımdır. Başqasından öyrənmək həyatın təbii bir hissəsidir. Bir uşağın zəhməti, məşq üsulu, başladığı işi sona çatdırması başqa uşağa da yol göstərə bilər. “Bax, o, hər gün məşq edərək bu nəticəni qazanıb. Sən də istəyirsənsə, necə edəcəyimizi düşünək” deməklə “O bacarır, sən niyə bacarmırsan?” demək eyni deyil. Birinci cümlə yol göstərə, İkinci cümlə uşağı özünü müdafiə etməyə məcbur edə bilər.

Xüsusilə yeniyetməlikdə bu söhbətlər asanlıqla qarşıdurmaya çevrilir: - Bəsdir məni başqaları ilə müqayisə etdiniz! Mən buyam! Niyə kiməsə oxşamalıyam? Valideynsə bunu ərköyünlük, tərslik, sözə baxmamaq kimi qəbul edir. Bəzən bu etirazın içində məsuliyyətdən yayınmaq da olur. Amma hər etirazı ərköyünlük saymaq düzgün deyil. Çünki Uşaq sadəcə öz yerini qorumağa çalışır: “Məni də görün. Mənim də nə istədiyimi soruşun”.

Kiçik yaşlı uşaq isə narazılığını bu qədər açıq ifadə etməyə bilər. O, valideyninin kimə, nəyə sevindiyini çox yaxşı müşahidə edə bilir.  “Bunu etsəm, məni də tərifləyərlər” düşüncəsi ilə davranmağa başlayır. Valideyninin rəğbətini qazanmaq istəyi təbiidir. Ancaq hər addımını yalnız bu rəğbətə görə atmağa başlayanda öz maraqlarına yer qalmır. Nəyi sevdiyini anlamaq əvəzinə, nə etsə bəyəniləcəyini hesablamağa alışır. Bu isə insanı özü olmaqdan çıxarır, ətraf mühitə görə yaşamaq çərçivəsinə salır.

Düşünün, evdə gözəl rəsm çəkən uşağımız var, biz qonşunun riyaziyyat nəticəsindən danışırıq. Futbol oynamağı sevən övladımıza “topun dalınca qaçmaqla nə olacaq?” deyirik, sonra xaricdə bir uşağın futbol bacarığını göstərən videonu heyranlıqla paylaşırıq. Öz uşağımızın nəzakətini, qayğıkeşliyini adi hal sayır, başqa bir uşağın eyni davranışını uzun-uzadı tərifləyirik.

Bəzən uzaqdakı istedada heyran olmaq, yaxınımızdakı istedada şərait yaratmaqdan daha asandır. Birincisi üçün videonu paylaşmaq kifayətdir. İkincisi vaxt, səbir və zəhmət istəyir.

Məncə, bu münasibətin yalnız uşaq tərbiyəsi ilə bağlı olmayan bir tərəfi də var. Biz bəzən özümüzə aid olanın dəyərini görməkdə çətinlik çəkirik. Yaxınımızda olduğu üçün adiləşdirir, başqasına məxsus olduğu üçün böyüdürük.

Bir dəfə Türkiyədən olan bir dostum mənə zarafatla demişdi: - Şamil, para qazanmaq istəyirsənsə, şirkət aç, bir də üstünə “gavur ismi” qoy, pul tıkır-tıkır gələcək. Zarafat idi, amma düşündürücü tərəfi çoxdu. Bəzən eyni xidmət yerli adla təqdim olunanda sadə, xarici adla təqdim olunanda daha səviyyəli görünür. “Çayxana” sözündə köhnəlik axtarır, eyni məkanın lövhəsində ingiliscə ad görəndə müasirlik tapırıq. Sanki keyfiyyət əvvəlcə xidmətin özündə yox, adının hansı dildə yazılmasındadır. Bunu bütöv bir millətin dəyişməz xüsusiyyəti və ya “milli sindrom” adlandırmaq, yəqin ki, həddindən artıq ümumiləşdirmə olar. Məncə özümüzdə gördüyümüz bu vərdiş haqqında dərindən düşünməliyik: niyə bəzən bir şeyin qiymətini bilmək üçün əvvəlcə başqasının ona dəyər verməsini gözləyirik?

Eyni sualı övladlarımız haqqında da verə bilərik. Uşağımızın bacarığını görmək üçün mütləq kimsə onu alqışlamalıdırmı? Müəllimi tərifləmədən, yarışda yer tutmadan, sosial şəbəkədə videosu yayılmadan da onun zəhməti bizim üçün qiymətli ola bilməzmi?

Əlbəttə, öz övladına dəyər vermək onun hər hərəkətinə “əla”, hər cızığına “möhtəşəm”, hər cavabına “dahiyanə” demək deyil. Mən səbəbsiz və ölçüsüz tərifi də doğru saymıram. Uşaq nəyi yaxşı etdiyini, harada çətinlik çəkdiyini bilməlidir. Hər işinə eyni heyranlıqla cavab veririksə, tərifimiz də bir müddət sonra mənasını itirir.  “Sən dahisən” deməkdənsə, “Bu işə vaxt ayırdın, əvvəlkindən daha yaxşı alındı” demək daha dürüstdür. “Səndən heç nə olmaz” deməkdənsə, “Bu dəfə hazırlaşmadın, nəticədə də bunu görürük. Nəyi dəyişə bilərsən?” soruşmaq daha faydalı deyilmi?

Dəyər vermək həm uğuru görməkdir, həm də nöqsanı uşağın şəxsiyyətini alçaltmadan demək. Övladımız bilməlidir ki, səhvini düzəltməsini istəyirik, amma sevgimizi hər dəfə yaxşı nəticə göstərməklə qazanmağa məcbur deyil. Bu, tələbkarlıqdan imtina etmək də deyil. “Mən beləyəm” cümləsi bütün məsuliyyətlərdən azad edən vəsiqəyə çevrilməməlidir. Hər uşağın yerinə yetirməli olduğu öhdəliklər, öyrənməli olduğu davranışlar var. Fərdiliyinə hörmət etmək onun zəhmətdən yayınmasına göz yummaq demək deyil. Sadəcə, tələbi başqa uşağın həyatına görə yox, öz övladımızın yaşına, imkanlarına və ehtiyaclarına görə müəyyənləşdirməliyik.

Uşağımızı tanımaq üçün onun qiymətlərindən başqa mövzularla da maraqlanmalıyıq: nəyi sevə-sevə edir, nədə çətinlik çəkir, hansı işə başlayanda vaxtı unudur, harada köməyə ehtiyacı var? Bu sualların cavabını bilmədən ondan uğur gözləmək, tanımadığımız bir yolun sonunda bizi qarşılamasını istəməyə bənzəyir.

Müqayisəyə ehtiyac duyuruqsa, onun öz inkişafına baxaq: dünən nəyi bacarmırdı, bu gün nəyi öyrənib? Harada daha səbirli, daha məsuliyyətli olub? Nəticəsi hələ görünməsə də, hansı zəhməti çəkib? Bunlar gurultulu nailiyyətlər deyil, amma böyüməyin mühim hissəsidir.

Xalqın uşağının uğuruna sevinək. Onu təbrik edək, zəhmətindən öyrənək. Ancaq həmin uğuru öz övladımızın başına qaxmayaq. Başqasını alqışlamaq üçün öz uşağımızı kiçiltməyə ehtiyac yoxdur.

Gəlin bu dəfə “Gör xalqın uşağı nə edir!” demək istəyəndə bir anlıq dayanaq və özümüzdən soruşaq: Bəs mən uşağımın nə etdiyinin nə qədər görürəm?

 

“Ədəbiyyat və incəsənət”

(30.10.2026)

 

Murad Vəlixanov,

"Ədəbiyyat və incəsənət" portalının İncəsənət şöbəsi

 

Azərbaycan muğam sənətinin ən parlaq və sevilən nümayəndələrindən biri, Xalq artisti Könül Xasıyevanın sənət yolu nə qədər zəngindirsə, şəxsi həyatı da bir o qədər ağır sınaqlar və ağrılarla doludur. Onun ifalarındakı dərin hüzn və emosionallıq, əslində təbiətin ona bəxş etdiyi istedadla yanaşı, yaşadığı real həyat acılarının musiqidəki əks-sədasıdır.

 

Könül Xasıyeva hələ uşaq yaşlarından məsuliyyət yükünü çiyinlərində daşımağa başlamışdır. O, cəmi 11 yaşında olarkən ailəsinə maddi cəhətdən kömək etmək və dəstək olmaq məqsədilə el şənliklərində, toylarda çıxış etməyə qərar verir. Bu erkən yaşda başlayan sənət fəaliyyəti onun gələcəkdə böyük muğam ustadı kimi yetişməsində mühüm rol oynasa da, uşaqlıq illərini zəhmətlə keçirməsinə səbəb olur.

Sənətçinin həyatını və səhhətini kökündən dəyişən hadisə isə 2000-ci ildə Bakıda baş vermiş dəhşətli zəlzələ olur. Həmin təbii fəlakət zamanı keçirdiyi güclü qorxu və sarsıntı xanəndənin sağlamlığında dərin izlər buraxır. Mhz bu hadisədən sonra onun sinir sistemində və səhhətində ciddi fəsadlar yaranır. Könül Xasıyeva gecələr yata bilmir, ürək döyüntülərinin hədsiz dərəcədə yüksək olması səbəbindən hər gecəni yuxusuz keçirməyə məhkum olur. Bu bitmək bilməyən yuxusuzluq onun həm fiziki, həm də mənəvi gücünü tükədir.

Lakin taleyin xanəndəyə hazırladığı ən ağır sınaq hələ irəlidə idi. Bir müddət sonra onun yeganə oğlu da ağır xəstəliyə yaxalanır. Övladının ağrıları qarşısında öz canını unudan fədakar ana, dərhal öz müalicələrini yarımçıq saxlayır. O, bütün diqqətini, enerjisini və imkanlarını övladının sağalmasına xərcləyir. Öz səhhətini tamamilə arxa plana atan Könül Xasıyeva, övladı üçün canını sipər edərək böyük bir ana fədakarlığı nümayiş etdirir.

Bütün bu dözülməz fiziki ağrılara, ailə qayğılarına və ağır xəstəliklərə rəğmən, o, sənətdən və musiqidən əsla qopmur. Yaradıcılığının vizit kartına çevrilən və dinləyənlərin qəlbini sarsıdan "Gecələr" mahnısı da elə bu ağrıların məhsuludur. Xalq artistinin özünün də etiraf etdiyi kimi, o, bu mahnıda başqasının yox, məhz özünün keşməkeşli taleyini, yuxusuz qaldığı o uzun gecələri və çəkdiyi acıları oxuyur. Könül Xasıyevanın ifasındakı "Gecələr" sadəcə bir musiqi deyil, bir sənətkarın real həyat dramıdır.

 

“Ədəbiyyat və incəsənət”

(30.10.2026)

Rəqsanə Babayeva,

”Ədəbiyyat və incəsənət” portalının Beyləqan və İmişli təmsilçisi

 

İnsan özünü bir gündə itirmir. Bunun üçün böyük bir faciə, sarsıdıcı bir ayrılıq, ağır bir məğlubiyyət də lazım deyil. Bəzən insan özündən hər gün bir az vaz keçir; kiminsə xətrinə dəyməmək üçün demədiyi bir həqiqətdə, qəbul edilmək naminə dəyişdirdiyi bir fikirdə, sevilmək ümidi ilə gizlətdiyi bir hissdə, başqaları narahat olmasın deyə udduğu bir etirazda... Sonra bir gün güzgünün qarşısında dayanır və üzünü tanıdığı halda, içindəki insanı tanımadığını anlayır. Ən qəribəsi də budur: ətrafındakıların hamısı onun kim olduğunu bildiklərini düşünür, yalnız özü bunu izah edə bilmir.

 

Bəlkə də insanın ən böyük faciəsi bədbəxt olması deyil, bədbəxtliyinə belə başqalarının gözündən baxmağa başlamasıdır. Artıq nə hiss etdiyini deyil, hiss etdiklərinin necə görünəcəyini düşünür. Nə istədiyini deyil, istədiyinin kimlərisə narahat edib-etməyəcəyini hesablayır. Hətta susanda belə öz sükutunun başqaları tərəfindən necə yozulacağını düşünür. Beləcə, həyat yaşanan bir həqiqət olmaqdan çıxır, idarə edilən bir görüntüyə çevrilir. İnsan öz ömrünün içində yaşamaq əvəzinə, başqalarının yaddaşında necə qalacağını qurmağa başlayır.

Bizə uşaqlıqdan yaxşı insan olmağı öyrədirlər. Böyüklərə hörmət etməyi, insanları incitməməyi, səbirli olmağı, güzəştə getməyi, çətinliklərə dözməyi deyirlər. Bunların hamısında həyatın mühüm həqiqətləri var. Ancaq çox vaxt bir şeyi deməyi unudurlar: yaxşı insan olmaq özünə qarşı ədalətsiz olmaq demək deyil. Başqasını incitməmək naminə özünü davamlı incitmək, münasibətləri qorumaq üçün şəxsiyyətindən vaz keçmək, ailəni, dostluğu, sevgini itirməmək üçün öz həqiqətini boğmaq fəzilət kimi təqdim edildikdə, insan yaxşılıqla özünü inkar etmək arasındakı sərhədi itirir. O sərhəd itəndən sonra isə hamıya çatan mərhəmət insanın özünə çatmır.

Ən təhlükəli dəyişikliklər insanın özündə hiss etmədiyi dəyişikliklərdir. Əvvəlcə bir dəfə susursan, sonra susmaq vərdişə çevrilir. Əvvəlcə bir nəfəri itirməmək üçün fikrini gizlədirsən, sonra fikirlərini açıq deməkdən çəkinirsən. Əvvəlcə kiminsə sevgisini qorumaq üçün özünü bir qədər dəyişirsən, sonra hansı hissənin sənə, hansı hissənin başqalarına aid olduğunu ayırd edə bilmirsən. Bir vaxtlar səni incidən davranışlara etiraz edirdin, indi onları izah etməyə çalışırsan. Sənə verilən dəyərsizlik hissini qarşı tərəfin yorğunluğu ilə, laqeydliyini çətinlikləri ilə, haqsızlığını keçmiş yaraları ilə əsaslandırırsan. Başqalarını anlamaq qabiliyyətin artır, amma özünü qorumaq qabiliyyətin azalır.

Və bir gün görürsən ki, sən hamının səbəblərini bilirsən, yalnız öz ağrının səbəbini danışmağa utanırsan.

Bəlkə də buna görə bəzi insanlar yaşlandıqca deyil, çox şeyə dözdükcə yorulurlar. Onların yorğunluğu yuxusuzluqdan, işdən, gündəlik qayğılardan ibarət deyil. Bu, uzun müddət özünə şahidlik edə bilməməyin yorğunluğudur. Hər dəfə haqlı olduğu halda susan, hər dəfə incindiyi halda anlayış göstərən, hər dəfə köməyə ehtiyacı olduğu halda “mən yaxşıyam” deyən insanın daxilində səssiz bir məsafə yaranır. O məsafə insanla dünya arasında deyil, insanla özü arasındadır. Kənardan hər şey qaydasında görünür. İşə gedir, insanlarla danışır, gülür, məsuliyyətlərini yerinə yetirir, bəzən başqalarının problemlərini də həll edir. Amma gecə hər şey sakitləşəndə içində izah edə bilmədiyi bir boşluq oyanır. Çünki gün ərzində hamı ilə əlaqə saxlayıb, özünə çatmağa vaxt tapmayıb.

Müasir insanın qəribə bir paradoksu var: heç vaxt olmadığı qədər ünsiyyətdədir, amma bəzən heç vaxt olmadığı qədər təkdir. Telefonunda yüzlərlə insanın adı, ekranında saysız-hesabsız həyat, mesajlarında gündəlik söhbətlər var. O, başqalarının nə yediyini, haraya getdiyini, kimlə görüşdüyünü, nəyə sevindiyini bilir. Hətta heç vaxt üz-üzə gəlmədiyi insanların həyatına belə münasibət bildirir. Amma öz daxilində baş verənləri anlamağa gələndə sözləri tükənir. Çünki məlumat çoxluğu insanı mütləq şəkildə özünüdərkə aparmır. Bəzən insan başqalarının həyatını izləməklə öz həyatından uzaqlaşır. Özünü başqaları ilə müqayisə etdikcə nə istədiyini deyil, nəyə sahib olmadığını görür. Başqasının xoşbəxtliyinə baxıb öz həyatını yarımçıq hesab edir, başqasının uğurunu görüb öz yolunu uğursuzluq kimi qiymətləndirir. Halbuki heç kimin həyatı bütöv şəkildə görünmür. Biz insanların nəticələrini izləyir, onların görünməyən mübarizələrini isə çox vaxt təsəvvür belə etmirik.

Bəs insan nə vaxtdan öz həyatının şahidi olmaqdan çıxıb, özünü başqalarının gözü ilə qiymətləndirən hakimə çevrildi?

Bəlkə də cavab qəbul edilmək ehtiyacımızda gizlənir. İnsan sosial varlıqdır. Sevilmək, aid olmaq, anlaşılmaq istəyirik. Bu ehtiyac zəiflik deyil; insan təbiətinin ən dərin qatlarından biridir. Ancaq qəbul edilmək arzusu həyatımızın əsas meyarına çevrildikdə, seçimlərimizi daxili dəyərlərimiz deyil, başqalarının reaksiyası müəyyən etməyə başlayır. Artıq bir işi sevdiyimiz üçün etmirik, bəyəniləcəyimiz üçün edirik. Bir münasibətdə xoşbəxt olduğumuz üçün qalmırıq, ayrıldıqda nə deyəcəklərindən qorxduğumuz üçün qalırıq. Bəzən hətta öz uğurumuzu belə özümüz üçün deyil, vaxtilə bizə inanmayanlara nəyisə sübut etmək üçün istəyirik. Beləcə, həyatımızın istiqamətini müəyyənləşdirən insanlar yanımızda olmasalar belə, qərarlarımızın içində yaşamağa davam edirlər.

 

İnsan başqalarına nəyisə sübut etmək üçün yaşadıqda, zahirən qalib gələ bilər. Uğur qazana, hörmət görə, hətta vaxtilə onu kiçik hesab edənlərin heyranlığını da qazana bilər. Amma bir sual qalır: bütün bunlar bitəndən sonra o, həqiqətən öz istədiyi yerdədirmi? Yoxsa illərini başqalarının ona verdiyi qiyməti dəyişdirməyə sərf edib, öz həyatını yaşamağı təxirə salıb? Bəzən ən böyük uğur hesab etdiyimiz şey, əslində, vaxtilə bizi incidən bir insanın qarşısında məğlub görünməmək istəyidir. Bəzən ən böyük inadımız öz arzumuz deyil, kiminsə yanıldığını sübut etmək ehtiyacıdır. Və bəzən bir gün əldə etdiyimiz hər şeyə baxıb özümüzdən soruşuruq: “Mən bunu həqiqətən istəyirdim, yoxsa sadəcə bacara bildiyimi göstərmək istəyirdim?”

Bu sualın cavabı həmişə xoş olmur. Çünki insanın özünə söylədiyi yalanlar çox vaxt onu qorumaq üçün yaranır. Biz bəzən istəmədiyimiz münasibətdə qalmağımızı sədaqət adlandırırıq, qorxduğumuz üçün dəyişməməyimizi səbir, özümüzü müdafiə edə bilməməyimizi anlayış, tükəndiyimiz halda davam etməyimizi güc hesab edirik. Çünki həqiqəti qəbul etmək bəzən sadəcə bir fikri dəyişdirmək deyil, illərlə qurduğumuz mənanı dağıtmaqdır. Əgər sədaqət dediyimiz şey bizi məhv edirsə, əgər səbir bizi özümüzə yadlaşdırırsa, əgər güclü görünmək üçün hər gün içimizdəki zəifliyi cəzalandırırıqsa, onda bəlkə də həmin anlayışları yenidən nəzərdən keçirməyin vaxtıdır.

İnsan hər dözdüyü şeyə görə güclü olmur. Bəzən dözmək gücdür, bəzən isə insanın başqa çıxış yolu görməməsinin nəticəsidir. Bəzən bağışlamaq azadlıqdır, bəzən isə yenidən tək qalmaq qorxusudur. Bəzən susmaq müdriklikdir, bəzən isə öz haqqını müdafiə etməkdən imtina etmək. Həyatın çətinliyi ondadır ki, bu davranışların heç biri hər şəraitdə eyni məna daşımır. Onları müəyyən edən yalnız zahiri hərəkət deyil, həmin hərəkətin arxasında dayanan niyyətdir. İnsan özünə qarşı dürüst olmadıqda isə qorxularını mənəvi üstünlük, məcburiyyətlərini seçim, yaralarını xarakter kimi təqdim edə bilir.

Bəlkə də insanın özünü tanıması məhz burada başlayır: özünə verdiyi adların arxasına baxanda. Mən səbirliyəm, yoxsa etiraz etməkdən qorxuram? Mən sədaqətliyəm, yoxsa tək qalmağa dözə bilmirəm? Mən bağışlamışam, yoxsa yaşananları unutmağa məcburam? Mən sakitəm, yoxsa danışsam hər şeyin dəyişəcəyindən qorxuram? Mən həqiqətən xoşbəxtəm, yoxsa ətrafımdakı insanları narahat etməmək üçün xoşbəxt görünməyi öyrənmişəm?

Bu sualların hər biri insanı bir az narahat edir. Çünki özünü tanımaq həmişə özünü bəyənmək demək deyil. Bəzən özündə görmək istəmədiyin qorxaqlığı, başqasını itirməmək üçün etdiyin güzəştləri, haqlı çıxmaq naminə uzatdığın mübahisələri, sevilmək naminə qəbul etdiyin dəyərsizlikləri etiraf etməlisən. Özünə qarşı dürüstlük insanın özünü ittiham etməsi deyil. Əksinə, özünü ittiham etmədən həqiqəti görə bilməsidir. İnsan keçmişdəki seçimlərini anlayanda onların hamısını doğru hesab etməyə məcbur deyil; amma onları yalnız özünü cəzalandırmaq üçün xatırlamağa da ehtiyacı yoxdur. O vaxtkı insan bəlkə də bugünkü qədər bilmirdi, bəlkə daha çox qorxurdu, bəlkə sevilmək üçün başqa yol tanımırdı. Özünü anlamaq keçmişə bəraət qazandırmaq deyil, keçmişin gələcəyini idarə etməsinə son qoymaqdır.

Ancaq insan özünü itirdiyini necə anlayır? Bunun üçün mütləq böyük bir böhran yaşamalıdırmı? Xeyr. Bəzən bu, çox kiçik anlarda üzə çıxır. Kimsə səndən nə istədiyini soruşur, sən isə dərhal başqalarının nə gözlədiyini düşünürsən. Bir qərar verməlisən, amma öz arzundan əvvəl hamının münasibətini hesablayırsan. Səni incidən bir söz eşidirsən və öz ağrını hiss etmək əvəzinə, həmin insanın niyə belə danışdığını izah etməyə başlayırsan. Uzun müddətdir etmək istədiyin bir şey var, amma onu təxirə salırsan, çünki kimsə səni anlamayacaq. Sonra bütün bunları adi həyatın bir hissəsi hesab edirsən. Özündən uzaqlaşmaq həmişə qapının çırpılması ilə baş vermir; bəzən insan özündən sakitcə ayrılır və heç kim bu ayrılığın şahidi olmur.

Ən ağrılı tərəfi budur ki, insanın özündən uzaqlaşması çox vaxt başqalarının rahatlığı ilə müşayiət olunur. Sən daha az etiraz etdikcə münasibətlər sakitləşir. Daha çox güzəştə getdikcə səni “anlayışlı” adlandırırlar. Öz ehtiyaclarını geri plana keçirdikcə səndən daha çox şey gözləməyə başlayırlar. Bir gün sərhəd qoymaq istəyəndə isə sanki dəyişən sən olursan. Halbuki sən dəyişməmisən; sadəcə əvvəllər gizlətdiyin həqiqəti üzə çıxarmısan. İnsanların sənin haqqında formalaşdırdığı fikir bəzən sənin kim olduğuna deyil, onların yanında hansı rolu oynadığına əsaslanır. Sən həmişə kömək edən insan olmusansa, bir dəfə kömək istəməyin təəccüb doğurur. Həmişə susmusan, bir dəfə danışanda səni aqressiv hesab edirlər. Həmişə güzəştə getmisən, bir dəfə “yox” deyəndə səni eqoist adlandırırlar.

Buna görə insanın özünə qayıdışı hər kəs tərəfindən alqışlanmaya bilər. Çünki sən özünü dəyişəndə yalnız öz daxilindəki tarazlığı deyil, başqalarının sənə münasibətindəki alışılmış qaydaları da dəyişdirirsən. Amma bu o demək deyil ki, insan hər münasibətdə mübarizə aparmalı, hər kəsə özünü sübut etməli, hər anlaşılmazlığı münaqişəyə çevirməlidir. Özün olmaq başqalarını incitmək azadlığı deyil. Sərhəd qoymaq qəddarlıq, fikrini bildirmək hörmətsizlik, fərqli seçim etmək nankorluq demək deyil. İnsan həm mərhəmətli, həm də qətiyyətli ola bilər. Həm başqasını anlaya, həm də onun davranışını qəbul etməyə bilər. Həm sevə, həm də özünü qorumaq üçün məsafə saxlaya bilər. Yetkinlik bu ziddiyyətlərdən birini seçməkdə deyil, onların arasında öz həqiqətini itirmədən yaşamağı öyrənməkdədir.

Bəlkə də bizə ən çox lazım olan cəsarət dünyaya qarşı çıxmaq deyil, başqalarının gözündə pis görünmək ehtimalına dözməkdir. Hər kəsin bizi anlamayacağını qəbul etmək, hər kəsin həyatımızdakı qərarları bəyənməyəcəyini bilmək, özümüzü izah etdikdən sonra belə anlaşılmaya biləcəyimizi görmək. Çünki insan nə qədər doğru danışsa da, onu dinləyən hər kəs həqiqəti eşitməyə hazır olmur. Bəziləri sənin sözlərində öz səhvlərini görür, bəziləri öz qorxularını, bəziləri isə dəyişməsini istəmədiyi münasibətləri. Bu səbəbdən insan bütün ömrünü özünü izah etməyə sərf edə bilməz. Bəzən danışmaq lazımdır, bəzən susmaq, bəzən də həqiqəti dedikdən sonra onun qəbul olunması üçün yalvarmamaq.

İnsanın özünə qayıtması böyük və təntənəli hadisə olmaya bilər. Bəlkə də bu, illərdir istəmədiyi bir şeyə ilk dəfə sakitcə “yox” deməsidir. Bəlkə, içindəki ağrını kiçiltmədən “mən incimişəm” söyləməsidir. Bəlkə, başqalarının uğuruna baxıb öz həyatını dəyərsiz hesab etməyi dayandırmasıdır. Bəlkə də heç kimə sübut etməyə ehtiyac duymadan, ürəyindən keçən bir işi görməyə başlamasıdır. İnsan özünə qayıdanda bütün problemləri həll olunmur, bütün münasibətlər düzəlmir, keçmişdəki itkilər geri dönmür. Sadəcə bir şey dəyişir: o, həyatında baş verənlərin içində özünü də görməyə başlayır. Öz ehtiyaclarını başqalarının ehtiyaclarından aşağıda yerləşdirmir, amma onları dünyanın yeganə həqiqəti də hesab etmir. Özünü nə qurban, nə də qəhrəman elan etmədən, yaşadıqlarına və seçimlərinə məsuliyyətlə baxır.

Bəlkə də azadlıq elə budur: istədiyin hər şeyi edə bilmək deyil, etdiyin seçimlərin hansı hissəsinin həqiqətən sənə aid olduğunu bilmək. İnsan başqalarının gözləntilərindən tamamilə kənarda yaşaya bilməz. Biz bir-birimizə bağlıyıq, seçimlərimiz başqalarına təsir edir, münasibətlər məsuliyyət tələb edir. Ancaq bağlı olmaq özündən imtina etmək deyil. Sevgi insanın şəxsiyyətini yox etməməlidir; əksinə, onun özünü daha sərbəst ifadə edə bildiyi bir məkan yaratmalıdır. Dostluq insanın hər fikrini təsdiqləmək deyil, fərqli düşündükdə də onu dinləyə bilməkdir. Ailə bağları insanın bütün ömrü boyu eyni rolda qalmasını tələb etməməlidir. İnsan dəyişə, böyüyə, fikrini yenidən nəzərdən keçirə, əvvəllər qəbul etdiyi şeyləri artıq qəbul etməyə bilər. Dəyişmək xəyanət deyil. Bəzən dəyişməmək insanın özünə etdiyi ən böyük haqsızlıqdır.

Və bir gün insan anlayır ki, hamının gözündə doğru insan olmaq mümkün deyil. Kiminsə hekayəsində qəhrəman, kiminsə xatirəsində günahkar, kiminsə həyatında təsadüf, kiminsə yaddaşında isə unudulmuş bir ad olacaqsan. Sən nə qədər yaxşı niyyətlə yaşasan da, hər kəs sənin niyyətini görə bilməyəcək. Nə qədər səmimi danışsan da, hər kəs sənin sözlərini eyni cür anlamayacaq. Bu, insanın dəyərsizliyini deyil, həyatın mürəkkəbliyini göstərir. Biz başqalarının yaddaşına tam nəzarət edə bilmərik. Amma özümüz haqqında hansı həqiqətlə yaşadığımıza, hansı səhvlərimizi düzəltməyə çalışdığımıza, hansı dəyərlərimizi qoruduğumuza müəyyən qədər təsir edə bilərik.

Buna görə bəlkə də bir gün özümüzdən soruşmalıyıq: əgər heç kim məni mühakimə etməsəydi, mən necə yaşayardım? Əgər heç kim məndən razı qalmağa məcbur olmasaydı, hansı qərarı verərdim? Əgər heç kimə güclü olduğumu sübut etməli olmasaydım, nəyin qarşısında dayanıb dincələrdim? Əgər sevilmək üçün özümü dəyişməli olmasaydım, hansı tərəflərimi gizlətməyi dayandırardım? Bu sualların cavabı bizi dərhal başqa insana çevirməyəcək. Ancaq bəlkə də çoxdan bağladığımız bir qapının yerini göstərəcək.

Çünki insanın özünə qayıtması üçün bəzən yeni bir həyat qurması yox, öz həyatında uzun müddətdir eşitmədiyi səsi yenidən eşitməsi lazımdır. O səs başqalarının fikirlərindən, qorxularından, gözləntilərindən daha sakit ola bilər. Bəlkə illərdir susduğu üçün əvvəlcə onu eşitmək də çətin olacaq. Amma bir dəfə eşidəndən sonra insan özünə başqa cür baxmağa başlayacaq. Artıq hər kəsin onu anlamasını gözləmədən danışacaq, hər kəsin onu bəyənməsini gözləmədən seçim edəcək, hər itkinin qarşısında özünü günahlandırmayacaq. Hər şeyə nail olmayacaq, hər kəsi yanında saxlaya bilməyəcək, hər suala cavab tapmayacaq. Sadəcə öz həyatında iştirak etməyə başlayacaq.

Və bəlkə də insanın bütün ömrü boyu axtardığı şey elə budur: hamının tanıdığı insan olmaqdan yorulub, bir dəfə də olsun özünün tanıdığı insana çevrilmək.

Çünki bir gün hamı səni necə tanıdığını danışacaq. Kimi yaxşılığından, kimi səhvlərindən, kimi sədaqətindən, kimi susqunluğundan söz açacaq. Hər kəs sənin haqqında öz gördüyü qədərini deyəcək. Amma bütün bu səslərin arasında bir sual qalacaq və ona heç kim sənin əvəzinə cavab verə bilməyəcək:

Sən bütün ömrün boyu başqalarının gözündə kim olduğunu sübut etməyə çalışdın. Bəs öz gözündə kim ola bildin?

 

“Ədəbiyyat və incəsənət”

(30.10.2026)

2 -dən səhifə 3169

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.