Nigar Xanəliyeva, “Ədəbiyyat və incəsənət”
“Mənə "əsəbisən" deyən düz deyir
Mənim nöqsanımı demək istəyir.”
Bəli, mən hirsliyəm, əsəbiyəm, kinliyəm. Və bu artıq 23 ildir ki, belədir.
İnsanın varlığını, həyata baxdığı nəzərləri formalaşdıran iki tip duyğu qrupu var məncə. İlki sevgi, məhəbbət, mərhəmət; İkincisi isə qəzəb, nifrət və kin. Kaş bunu seçmək insanın öz əlində olaydı. Düzdür, dəyişməyə çalışmaq, nəfsi və duyğuları idarə etmək kamilliyi insana Tanrı tərəfindən verilib, lakin bəzən seçə bilmədiyimiz seçimlər bizi daha yaxşı formalaşdırır, daha güclü böyüdür. Bəli, mən əsəbiyəm. Doya-doya yaşaya bilmədiyim, qorxularla dolu uşaqlığıma əsəbiyəm, gələcək qayğısıyla keçən yeniyetməliyimə, qaçaqaçda və iş, təhsil stressi çəkən, yorğun gəncliyimə əsəbiyəm. Amma bu mənə görünən hissədir. Əsəbim hədər olan illərə, yaşana bilməyən anlara deyil, məcburiyyət kimi dərk edib, qəbul etdiyim vəfasızlıqlaradır. Görünməyən hissəyə isə kinli və nifrət doluyam. Vahabzadə düz deyir;
“Bilmədim, nə zaman çıxdım özümdən,
Toxundun könlümə,
üstəlik hələ
Deyirsən, lal olum, qışqırmayım mən?”
Mənim üçün hər şey ölçülüdür. Hər şeyin öz tərəfi, yansıması var. Soyuqqanlılıq mənə yad bir ölkədir, orada bircə addım da ata bilmərəm. Deyərdim ki, nifrəti ən yaxşı mən bacarıram, amma artıq mərhəmət və sevgiyə çox uzağam.
Bəlkə də ilk yaradılmış dünya daşlarla doluydu, amma indi daşlaşmış baxışlarla doludur. Haqq, düzlük, vəfa, qayğı bu və bunun kimi müsbət xarakterik xüsusiyyətlər artıq sadəcə pafoslu nitqlərdə var. Gerçəklik isə ədalətsizliklə sinonimdir. Dünya dəyişməyib, insan dəyişib, ey insanlıq.
Həyat nədir desələr, deyərəm ki, bir nəfəslik ölüm. Artıq ölümə bir nəfəs qədər, ömrə bir həyat qədər uzaqlıqdayam sanki.
Bu aralar sükutdayam. Çünki mənçün o yalan danışmayan yeganə sığınacaqdır. Amma eyni zamanda da ən sərt və amansız hakimdi. Həyatımın bəlkə də ən ağır dilemmasın yaşayıram. Arada öz-özümə deyirəm; “Bu mənlə mən biraz da tək qalsam, yəqin ki, dərviş olub inzivaya çəkiləcəm”.
Mənə mərhəmət etməyənə mərhəmət etməməyi öyrəndim. İnsanlardan, insanlıqdan küsdüm.
İnsan olmaq ulduz olmaq kimidir: yanmaq üçün varsan, qaranlığı işıqlandırmaq üçün, özünü oda verib yox olmaq üçün.
Və beləliklə, məni əslində uğurlara aparan əsas duyğu içimdə hirs və əsəbdir. Mənim olduğu halda məndən alınan hər şeyə qarşı olan əsəbim. Bəli, əsəbiyəm. Məndən əsirgənib gözümün önündə başqalarına qızıl qabda təqdim olunan güzəştlərə. Əlimdən alınan bir igidin ömrünə əsəbiyəm. Daha heç bir qüvvə mənə bu hirslə keçən 23 ili qaytara bilməyəcək. Mən daha nə bir yaşımın, nə də 18 yaşımın baharına qayıda biləcəyəm.
Amma yenə də Tanrının mənə bəxş etdiyi bacarıqlara görə Şükür edib hirslə, əzmlə bu yola davam edirəm. Çünki anama gözündən axan hər damla yaş qədər yaşatmalı olduğum sevinclər var.
Mən əsla qorxmamışam. Heç vaxt gözümün gördüyü heç nədən, heç kimdən qorxmamışam. Mənim qorxum gözümün görmədiyi içimdəki hirsimdi. Nə qandan, nə zülmdən, nə də ölümdən. Mən içimdə danışdırmaqdan qaçdığım uşaqlığımdan qorxuram. Çünki onun boğazında qəhərlə gələn incə sədası içimdə dinməyəcək tufanlar qopara bilər.
İndisə MƏN varam. Hər şeyə və hər kəsə rəğmən. Düşmən olan doğmalara, dost sandığım vicdansızlara rəğmən mən burdayam. Əminəm, Tanrımın nəzəri və sevgisi mənlədi.
Və sonda Vahabzadə demiş;
“Quzuya da bəli?
Qurda da bəli?
Deyirsən, olmasın baxışım mənim?
Nöqsanım budursa əgər...
Deməli,
Ancaq naxışımdır yalnışım mənim.”
“Ədəbiyyat və incəsənət”
(15.09.2025)