Azərbaycan Ədəbiyyat Fondunun “Yazıçı” nəşriyyatında Xalq yazıçısı Anarın “2=3+4, yaxud iki ailədə üç Xalq yazıçısı, dörd Xalq şairi” adlı kitabı işıq üzü görüb. Nəfis tərtibatlı, illüstrasiyalı kitab Azərbaycan ədəbiyyatı irsinə böyük töhfələr vermiş iki nəsildən, onlar barədə həqiqətlərdən və onların ədəbi nümunələrindən ibarətdir.
608 səhifəlik bu unikal kitabı tərtib edən Xalq yazıçısı Anar uzun illər ərzində təkcə öz yazdıqlarını yox, qəhrəmanlarının – Səməd Vurğun, Rəsul Rza, Nigar Rəfibəyli, Vaqif Səmədoğlu, Ənvər Məmmədxanlı və Yusif Səmədoğlunun yazdıqlarını eyni ideya-estetik yaradıcılıq məcrasına qoşaraq, onları eyni axında birləşdirərək ən yeni ədəbiyyatın ən milli paradiqması olaraq təqdim edibdir.
“Ədəbiyyat və incəsənət” portalı kitabdan hissələri oxucularına təqdim edir. Anar qəhrəmanlarının ən populyar əsərlərini bir daha yaddaşlarda təzələyir:
ANAR.
“VAQİF OLMAQ”
“Hər oxuyan Molla Pənah olmaz”, – deyiblər. Hər şair də Vaqif olmur – nə Molla Pənah Vaqif, nə Səmədoğlu Vaqif... Vaqif Səmədoğlu yaradıcılığı poeziyamızda da, dramaturgiyamızda da təkrarsız, unikal hadisədir. Qırx-qırx beş il bundan qabaq Vaqifin ilk şeirləri meydana çıxanda bunu çox az adam başa düşürdü. İndi müqayisəolunmaz dərəcədə çox adam başa düşür, gün gələcək, bunu başa düşməyən qalmayacaq, qalsa da, üç cüt-bir tək cahil...
Böyük sənətkarlar çox vaxt yaşadığı dövrün yetimi, ögeyi, gələcək zamanların ərköyünü olur. İndi hansı şairin şeirlərini oxuyursan, oxşar mövzulara rast gəlirsən – Allah, Ölüm, Tənhalıq. Vaqif yaradıcılığa başlayanda bu mövzularda yazan bir-iki şairdən biriydi.
İlk şeirlərindən o, ədəbiyyatımıza əyalətçilik çəpərlərini aşaraq gəldi. Əyalətçilik – yalnız coğrafi anlayış deyil, əyalətçilik zamanın ucqarında qalmaq, dövrün nəbzini duymamaq, dünyanın dərdinə, Füzuli demiş, “qəmi-aləmə” biganə qalmaqdır.
Ən uzaq əyalət insanın öz içindədir: planetin ən azman şəhərlərində yaşayıb, mahiyyət etibarilə əyalət adamı ola bilərsən. Vaqif şəhərlidir, amma şəhər şairi deyil, kənd şairi də olmadığı kimi. O, dünyanın bütünlüklə – küll halında hər üzünə – şəhərinə, kəndinə, keçmişinə, indisinə, gələcəyinə, ağrısına, acısına, sevincinə – bir sözlə, hər sirrinə vaqif olan sənətkardır. Vaqif Səmədoğlunun vaqifliyi bundadır.
Bir para şair və yazıçılarımız var ki, ömürlərinin bir yarısını kənddən, rayondan Bakıya köçmək cəhdlərinə həsr edirlər, ikinci yarısını şəhəri burunlamağa. “Ah, şəhər nə qədər pis, yad, iyrəncdir, doğma kəndim nə qədər gözəl, füsunkardır” – bir çox şeirlərin, hekayələrin əsas pafosu budur. Soruşan gərək, şəhərə bu qədər nifrət bəsləyirsənsə, niyə bitib qalmısan burda? Kənddən, rayondan çıxıb Bakıda məskunlaşmış ən istedadlı şair və nasirlərimiz belə ovqatdan uzaqdırlar. Fikrət Qoca da, Mövlud Süleymanlı da, Ramiz Rövşən də. Təbii ki, şəhərdə doğulub boya-başa çatan Vaqif Səmədoğlu da.
Vaqifin nisgili, gileyi hansısa coğrafi məkanla deyil, dünyanın varoluşuyla, zamanın gərdişiylə bağlıdır. Onun haqqında yazılarımdan birində demişdim ki, “Vaqif zamanın yaraladığı şairdir”.
Onun ağrılı-əzablı müasirliyi də bundadır. O, salxım söyüdün seyrinə dalıb zövq almır, çünki bilir ki:
Söyüd kölgəsitək,
Sərindir
Krematoriy kölgəsi.
Bizim əsr kölgələrin cərgəsinə krematoriy – konslagerlərin insanyandırma məntəqəsinin kölgəsini də əlavə etdi. Çağdaş Qərb mütəfəkkirlərindən birinin fikri Vaqifin misralarıyla həmahəng səslənir: “Osvensimdən sonra sevgi şeirləri yazmaq müşkül işdir”.
Şərq və Qərb şairlərinin əsrlər boyu vəsf etdikləri Ay da Vaqifin poeziyasında gözlənilməz bir bənzətməylə təqdim olunur.
Aya baxıram...
Üzü ləkə-ləkə
Rentgendə görünən
Vərəmli ciyər təki...
Təbiət öz-özlüyündə neytraldır, şairlər onu rəmzlərə, təşbehlərə, obrazlara çevirir. Quzey və Güney Azərbaycanı ayıran Araz çayı haqqında saysız-hesabsız şeirlər yazılıb – onların arasında əlaları da var, babatları da, dəyərsizləri də. Bu şeirlərin çoxunda Arazı qınayırlar ki, “zalımdır, insafsızdır, amansızdır”, xalqımızı, torpağımızı iki yerə bölüb. Vaqif Araza ilk anlamını qaytarır:
Araz nədir?
Adi çay.
Saysız çaylar ordusunda
kiçik, sadə, piyada.
Arazı söyməkdən nə fayda?
Vaqif şeirində obrazların əyaniliyi gözümüz qarşısında son dərəcə möhtəşəm mənzərə yaratmağa qadirdir:
Nəhəng bürünc xaç kimi
Yırğalanır sinəmdə
Aramızda qalmış buludlar,
Təyyarənin uğultusu,
Məsafə.
Qəflətən şamları keçmiş
Kilsədir
Qara dəniz
sənsiz...
Yaxud başqa bir gözlənilməz obraz:
Batan
Gəmilərdən atılan
Yük kimi
Kənara atıram
Ümidlərimi.
Ömrün divarında yenə
Kəndir görürəm
qapı yerinə.
Vaqif poeziyasının gözlənilməz keçidləri bəzən oxucunu çaşdıra bilər. “Tərcümeyi-halım” şeiri qəribə bir etirafla başlayır:
Doğuldum 1939-da,
1937-də tutuldum.
Bu necə olur, görəsən, 39-da doğulan adam iki il qabaq tutula bilərmi? Bunu başa düşməyənlər onu da başa düşmürlər ki, poeziya elementar məntiqin əsiri deyil və insanın bioqrafiyası onun doğulduğu gündən, ildən başlanmır, bu tərcümeyi-hal zamanın tərcümeyi-halıdır, dövrün özəllikləri, məqamlarıyla bağlıdır.
“Tərcümeyi-halım” şeirində belə misralar da var:
48-də nənəm öldü.
Ömrümdə ilk dəfə
Ölüyə ağladım.
Balıqlar saxladım
akvariumda.
Açıq qaldı pəncərəm
bir qış gecəsi,
Dondu balıqlar.
Şairin fikrincə, tərcümeyi-halının ən vacib məqamları bunlardır. Əlbəttə, ömründə başqa hadisələr, başqa itkilər, ölümlər də olub, amma qəlbin bioqrafiyası üçün ən vacib olan ilk sarsıntı ilk itki, ilk ölüm, yoxluqla ilk tanışlıqdır və bu qəlb sarsıntıları sırasında insanın – nənənin ölümüylə bir cərgədə akvariumda donub qalan balıqların da ölümü var, çünki bu balıqların tələf olmasında günahkardır, qış gecəsi pəncərəni açıq qoyubmuş. Bəlkə vicdan əzabı deyilən anlayış da gələcək şairin həyatına məhz bu günahıyla birgə daxil olub. Çox vaxt insanın, xüsusən də şairin içəri həyatının müxtəlif keçidləri zahiri ömrünün hər hansı hadisəsindən daha vacib olur.
İnsanın içəri dünyasının qaranlığında, zülmətində işıq axtarır şair. Ümumiyyətlə, qaranlıq və işıq, gecə və gündüz, zülmət və aydınlıq Vaqifin şeirlərində fərqli çalarlarla qələmə alınır.
Şikəst pencəyinin boş qolu
Gecəylə dolu
Ürəyin yeganə yeridir
İçimizin gecəsi.
İnsan səsi qaranlıqdan çıxır
Bulaq yer altının gecəsindən axır
Qarı süd sağır
İnək döşünün qaranlığından.
Ana bətninin gecəsindən
dünyaya gəlir insan.
Beləliklə, insan səsi, inək südü, bulaq, insanın özü belə qaranlıqdan işığa çıxır və dünyanın bu gərdişi əbədidir. Bu gərdişdə hər gün, hər an sonuncudur və hər gün, hər an yenidən təkrarolunandır.
Vaqif Səmədoğlunun çox sevdiyim şeirlərindən biri elə bu barədədir:
Son gecədir bu gün yenə,
Sabah yenə son səhər
Son yel dolur son yelkənə,
Qayıq üzür birtəhər.
Axırıncı ağacdır bu,
Əsir sonuncu külək
Bağlayıb sonuncu yolu
Yenə sonuncu fələk.
Bu şeir bədbin təsir bağışlaya bilərdi: son gecə, son səhər, axırıncı ağac, sonuncu fələk... dünyanın axırıymış sanki. Bədbin təsir bağışlaya bilərdi, amma bağışlamır, çünki şeirdə bir açar sözü var: “yenə” sözü. “Yenə” sözü hər şeyi izah edir. Bizə sonuncu kimi görünən hər şey yenidən təkrar olunur, yenidən qayıdır, hər gün yenidən son gündür, hər gecə yenidən son gecə...
Vaqif ən adi şeylərdən poeziya cövhəri çıxara bilir. Hətta adicə toz da şeir predmetinə çevrilir:
Dünən adını yazdım
Qara royalımın üstünü örtmüş
Bomboz tozun üzündə.
Bu sözlərdən sonra gələn misralar həm bu adi detala böyük miqyas verir, həm də təsirli bir ovqat yaradır:
Gah Şimaldan,
gah Cənubdan baxdım adına
Adın günəşlə dolurdu,
Kölgədə qalırdı.
Mənimləydin sən.
Aramızda bir yol vardı: dünən!
Bu gün o da kəsildi,
Vasvası anam
Royalın tozunu sildi...
Yox oldu Şimal,
Cənub da yoxdur indi.
İndi nə sən varsan,
nə mən
günəşə kölgə endi
Dünənimlə bugünümün əhvalatı belədi...
İndi külək
pəncərənin pərdəsini
sənsizlik üzərində
bayraq kimi yellədir...
Vaqifin başqa unudulmaz misraları da yadıma düşdü:
Uzaqda bir külək var,
Küləyin üstdə bayraq.
Az sözlə, xəsis ifadələrlə dolğun, çoxanlamlı obraz yaratmaq, bax, budur!
Vaqif poeziyasına impressionist rəssamların əsərləri kimi xəfif, yüngül duman, bu dumanda güclə sezilən mənzərələr xasdır:
Eşidirsənmi?
Amma necə eşidəsən...
İki il yeddi ayın ayrılığıyla
tutulub qulaqlarım,
Bir yandan da bu yağış...
Görürsənmi?
Amma necə görəsən...
Qurtarmayıb hələ də
Aramızdan keçən qatarın vaqonları,
Bir yandan da bu yağış...
O vaxtlar yazılmış, amma təbii ki, çapı mümkün olmayan bir şeirində Füzuliyə həsr olunan misralar var, böyük şairə müraciətlə deyilir: Axı yuxuna girmirdi rus çarının tankları.
Aydındır ki, çar vaxtında tanklar yox idi, Vaqifin işarə vurduğu – 1968-ci ildə Praqa baharını tırtılları altında əzib darmadağın edən Brejnev tankları idi.
Elə həmin şeirdə məşum bir xəbərdarlıq da vardı:
Yenə kəsib ümid keçən yolları
Tikilməmiş türmələrin hörülməmiş hasarı.
Beş-on babat şeir yazıb, özünü dahi sayanlardan fərqli, Vaqif bəlkə də öz şeirlərinin qədrini lazımınca bilmir. Çoxlu nəğmələri var, amma onları şeir kitablarına salmır, “bunlar nəğmə sözləridir” deyir. Halbuki Emin Sabitoğlunun musiqi yazdığı “Uzaq yaşıl ada” da, “Bir axşam taksidən düşüb payıza” da yüksək poeziya nümunələridir, Adil Bəbirovun yazdığı gözəl bir mahnıdakı misralar:
Gəzdiyimiz şəhərləri,
Sevdiyimiz şeirləri,
Kölgən düşən divarları
ürəyimdən qopar, qopar,
özünlə apar... –
misralarının Vaqifin başqa gözəl şeirlərindən nəyi əskikdir?
Vaqifin şeirləri haqqında az yazılmayıb. Mən də dəfələrlə yazmışam. Onun şeirləri qədər bənzərsiz dramaturgiyası isə, təəssüf ki, hələ də layiq olduğu qiymətini almayıb. Vaqifin yubileyi ərəfəsində məhz onun dramaturgiyası haqqında yazmaq istəyirdim, amma vaxt qıtlığından pyeslərini, əlbəttə ki, əvvəllər səhnələrdə və TV ekranlarında gördüyüm pyesləri – “Yayda qartopu oyunu”, “Generalın son əmri”, “Yaşıl eynəkli adam”ı bir də təzədən oxuyub fikirlərimi toparlaya bilmədim. Bircə onu deyə bilərəm ki, “Bəxt üzüyü” pyesi və onun əsasında Ramiz Əzizbəylinin çəkdiyi film milli dramaturgiyamızın və kinomuzun ən maraqlı örnəklərindəndir. Filmdə istedadlı aktyorlarımız tərəfindən yaradılan sırf milli xarakterlər qalereyası unudulmur. Bu filmin personajları, ayrı-ayrı deyimləri “Hacı Qara”nın, “Məşədi İbad”ın obrazları, ifadələri kimi ağızdan-ağıza dolaşır, hafizələrə zərbülməsəllər kimi həkk olunur. Hələ onu demirəm ki, Moşu Göyəzənli teatr maskası kimi ekrandan həyata adlayıb, mətbuat səhifələrinə qayıdıb.
Bu yazıda Vaqifin poeziyasından danışarkən əsasən uzaq gənclik illərinin şeirlərinə müraciət etdim. Ona görə yox ki, sonrakı şeirləri daha böyük marağa və diqqətə layiq deyil. Yox, bu poeziya ildən-ilə kamilləşən, püxtələşən, yeniləşən sənət hadisəsidir. İntəhası, mən Vaqifin sonrakı dövr poeziyası haqqında “Allahla söhbət” adlı geniş esse yazmışam və bu mətn şairin Bakıda və İstanbulda çıxan kitablarında Ön söz kimi verilib. Özümü təkrar etmək istəmirəm.
Əsasən gənclik şeirlərinə müraciətimin ikinci səbəbi odur ki, yeni oxucu nəsilləri o uzaq illərin ədəbiyyatını yetərincə tanımırlar və bəzən tanımaya-tanımaya ona ağız büzürlər. O dövrün bütün şeir, nəsr örnəklərini ucdantutma ideoloji meyarlarla ölçmək elə sənətə yalnız siyasi açıdan baxan bolşevik təfəkkürünün təzahürüdür. İnsan yaşadığı zamanı özü seçmir, amma yaşadığı hər hansı zamanda İnsan kimi yaşamaq onun özündən asılıdır. Bu, ilk növbədə sənətçilərə aiddir. Elə ancaq burda misal gətirdiyim şeirlər kifayətdir ki, Vaqif poeziyası, eləcə də başqa həqiqi nəsr və şeir örnəklərimizin nə qədər siyasətdən, ideoloji buxovlardan azad və uzaq, bəşəri, əbədi, insani motivlərlə nə qədər zəngin olduğunu aydın dərk edəsən.
Bir də Vaqifin gənclik şeirləri mənim yaddaşımda yaşayır, onları kağıza köçürmək üçün heç bir kitaba baxmağa ehtiyac qalmır. Bu şeirlər Vaqifin gəncliyi olduğu kimi, mənim də gəncliyimdir...
Vaqifin 70 yaşı tamam olan gün yubilyara ən səmimi təbriklərimi yetirirəm və yazımı onun daha bir gənclik şeiriylə bitirirəm (bu da lap qafiyə çıxdı ki!). Bu gənclik şeiri nigaran suallardan ibarətdir:
Nəyin istisindən yananlar
Arzulayacaqlar kölgəmi?
Doğrudan da, görəsən, hansı istidən yanacaqlar insanlar planetdə – qlobal meteoroloji istidən, kosmik hərarətdən, ya hərbin alovlarından?
Sətiraltı mənası olan coğrafi sual:
Hansı rənglə çəkəcəksən
xəritədə ölkəmi?
Şəxsi maraq:
Şeirlərimi sevəcəklərmi
divarlar arxasında?
İqtisadi duruma, dolanışığa aid sual:
Bazarda
Ətin qiyməti düşəcək,
Yoxsa meşə cəngəlliyinin
qoyduğu qiymətlər qalacaq?
Adi insani sual:
Öpüşəcək, öldürəcək,
düşünəcəklərmi yenə qaranlıqda?
Eləcə də adi bir məişət sualı:
Qatarlarda
axşamüstü
çay paylayacaqlarmı içməyə?
Və çox mühüm siyasi-inzibati sual:
Pasport, viza gərək olacaqmı
sərhədləri keçməyə?
Ədəbi maraq:
Andersenin nağıllarını oxuyacaqlarmı,
Əlifba biləcəkmi hamı?
Bir-birindən narahat suallar:
İnsan bir ömrü boyu
öləcək neçə kərə?
Yol azacaqlarmı?
Məzar qazacaqlarmı?
Məsciddə yuyacaqlarmı meyitləri?
Bütün bu sualları biz hamımız verə bilərdik. Amma şeir sonuncu bir sualla tamamlanır ki, onu ancaq çox uzaq gələcək haqqında fikirlərə dalan şair verə bilər:
Kim sulayacaq bulvarda söyüdləri?..
1-2 iyun, 2009
“Ədəbiyyat və incəsənət”
(03.12.2025)


