ƏDƏBİYYAT VƏ İNCƏSƏNƏT - Super User
Super User

Super User

Çərşənbə, 12 Noyabr 2025 17:10

Türk dünyası məşhurları – Fəraqi

 

Nigar Xanəliyeva, “Ədəbiyyat və incəsənət”

 

Türk Mədəniyyəti və İrsi Fondu ilə Azərbaycan Ədəbiyyat Fondunun “Ədəbiyyat və incəsənət” portalında yayımlanan Türk dünyası məşhurları layihəsində bügünkü təqdimat Məhtimqulu Fəraqi barədədir.

 

Məhtimqulu Fəraqi (təxminən 1733–1790) — XVIII əsr Türkistan ədəbi-mədəni düşüncəsinin ən parlaq simalarından biri, klassik türkmən poeziyasının banisi və bütövlükdə türk dünyasının mənəvi irsini formalaşdıran böyük mütəfəkkirdir. O, yalnız bir şair deyil, həm də millətinin oyanışına, birliyinə və mənəvi azadlığına çağıran xalq filosofu kimi tarixə düşmüşdür.

Məhtimqulu Fəraqi, Qarluq–Oğuz türk mədəniyyəti mühitində, Etrek çayı sahilində, Hacı Əzədi (tanınmış sufi şair və müəllim) ailəsində dünyaya gəlmişdir. İlk təhsilini atasından alan Məhtimqulu daha sonra Buxarada, “Miri-Ərəb” və “Şirqazi” mədrəsələrində oxumuş, ərəb-fars dillərini, islam elmlərini, məntiq, fəlsəfə və təfsiri dərindən öyrənmişdir. Onun intellektual formalaşmasında həm İslam sufizmi, həm də türk xalq hikməti əsas rol oynamışdır.

Fəraqi təxəllüsü ilə yazan Məhtimqulu, sufi poetikasının dərin mənəvi qatlarını xalq dili ilə birləşdirərək, türkmən ədəbi dilinin əsasını qoymuşdur. Onun yaradıcılığı ilə türkmən dili uzun müddət ərəb və fars təsirindən azad olaraq milli poetik forma qazanmışdır. Məhtimqulu bu mənada yalnız bir şair deyil, həm də türkmən milli özünüdərkinin memarı olmuşdur.

Onun poeziyası mövzu baxımından çoxşaxəlidir, belə ki, dini-mənəvi düşüncə, vətən və xalq sevgisi, ictimai ədalətsizliklərə qarşı etiraz, humanizm və hikmətli həyat fəlsəfəsi onun şeirlərində mərkəzi mövqe tutur. “Eý dost, gel bir söz aýdaýyn”, “Bir gün bolar”, “Döwletli bolmaz” kimi əsərlərində həm sufi təvazökarlığı, həm də sosial ədalət idealları dərin bədii forma ilə ifadə olunur.

Məhtimqulu Fəraqi öz dövründə parçalanmış türkmən tayfalarının birləşməsi ideyasını ilk dəfə poetik dillə ortaya qoymuşdur. Onun “Birleşeli türkmənler” misrası bu gün də türkmən milli şüurunun ideoloji şüarı kimi qəbul edilir. Bu baxımdan Məhtimqulu yalnız bir şair deyil, həm də milli ideoloq, mənəvi rəhbər idi.

Şairin fəlsəfi düşüncəsində insanın daxili kamilliyi əsas yer tutur. O, dünya həyatını fani, əbədi olanı isə mənəvi aləmdə axtaran bir sufi kimi çıxış edir. Onun şeirlərində Yunus Əmrə, Əhməd Yəsəvi və Nəsimi kimi türk sufi ənənəsinin davamı açıq görünür. Fəraqi üçün kamillik  nəfsin cilovlanması, haqqı tanımaq və insanlara xeyir verməkdən keçir.

Məhtimqulunun dil üslubu sadə, xalq danışığına yaxın, lakin mənaca dərin və çoxqatlıdır. O, folklor poetikasını – atalar sözləri, məsəllər, ritmik paralelizmlər və xalq hikmətlərini, klassik qəzəl və qoşma formaları ilə birləşdirərək, həm xalq, həm də elitar poeziyanı vəhdətdə təqdim etmişdir.

Fəraqi həm də türk dünyasının ortaq bəşəri dəyərlərini ifadə etmişdir. Onun poeziyasında vətən anlayışı yalnız coğrafi deyil, mənəvi bir dəyərdir xalqın dili, dini və birliyi ilə eyniləşir. “Vatan” kəlməsi onun yaradıcılığında ilahi sevgi ilə bərabər mənəvi azadlıq simvoluna çevrilmişdir.

O, təxminən 1790-cı illərdə vəfat etmiş, indiki Türkmənistan ərazisində, Etrek vadisində dəfn olunmuşdur. Məhtimqulu Fəraqi bu gün Türkmənistanın milli şairi, eyni zamanda UNESCO tərəfindən “bəşəri irsə daxil olan şəxsiyyətlərdən biri” kimi tanınır. Onun əsərləri təkcə türkmən xalqının deyil, bütün türk dünyasının ortaq mənəvi sərvətidir.

 

“Ədəbiyyat və incəsənət”

(12.11.2025)

 

İlhamə Məhəmmədqızı, “Ədəbiyyat və incəsənət”

 

Vahid ƏZİZ

YAMAN GECİKDİN...

 

Şirin bir xəyalsan, acı xatirə,

Gələrsən könlümü duman alanda,

Dedin “Qayıdaram bahara qədər,

Durna qatarlanıb haray salanda”.

 

Durnalar da gəldi, uçub qayıtdı,

Gödəlib səbrimtək daraldı günlər,

Düşündüm: “ömrünün dolaylarından

Dönərsən soyuqlar düşənə qədər.”

 

Yağar zirvələrə qar narın-narın,

Çiskinə bürünər payız bağları,

Budaqda qalmaqdan gülöyşə narın da

Çatladı bağrı, yaman gecikdin,

Yaman gecikdin…

 

Vahid Əzizin “Yaman gecikdin” şeirini oxuyanda sanki havada bir payız qoxusu, bir az da keçmişin dumanı dolaşır. Həm melodik, həm də emosional baxımdan çox zərif bir əsərdir. Təsadüfi deyil ki, Elza İbrahimovanın musiqisi, Flora Kərimovanın səsi ilə birləşəndə bu şeir artıq sadəcə mətn deyil, yaşanmış bir həyat duyğusuna çevrilir.

“Şirin bir xəyalsan, acı xatirə...” Elə ilk misradaca Vahid Əziz bütün şeirin tonunu qoyur: burada şirinliklə acılıq bir-birinə sarılıb. Sevgi var, amma o sevgi artıq xatirəyə çevrilib.

Bir vaxtlar yaşanan o gözəl duyğular indi yalnız “şirin bir xəyal” kimi qalır. Və insan onları xatırladıqca həm sevinir, həm də yanır. Sizcə, elə deyilmi? Bəzən ən şirin xatirələr ən çox yandırır...

“Dedin, qayıdaram bahara qədər, Durna qatarlanıb haray salanda...” Burada müqəddəs bir gözləmə motivi var. Baharı gözləmək həm sevginin, həm ümidi təzələməyin simvoludur. Amma bu “bahar” həm təbiətin, həm də insanın ruh baharıdır. Sevən adam üçün sevgilinin gəlişi baharın özü deməkdir.

“Durnalar da gəldi, uçub qayıtdı...” Bu misra sadəcə təbiət hadisəsi deyil, zamanın keçməsi, ümidin tükənməsi deməkdir. Sanki bir nəfəsdə ömrün keçməsini təsvir edir.

Ən acısı odur ki, o gözlənən insan gəlmədi... Və durnaların hər uçuşu bir az daha ayrılıq demək oldu.

“Gödəlib səbrimtək daraldı günlər...” Bu, çox incə, poetik bir bənzətmədir. Səbr - vaxt kimi tükənən bir şey kimi təqdim olunur. Artıq hər gün bir az daralır, bir az sıxılır... Sanki günlər bir qəlibə salınıb, içində nəfəs almaq çətinləşir. Bu, həm emosional yorğunluq, həm də daxili yanğı metaforasıdır.

“Yağar zirvələrə qar narın-narın...” Bu səhnədə artıq təbiət də dəyişir. Bahar ümidinin yerini payızın, qışın sükutu tutur. Qar yağır, bağlar çiskinə bürünür, hər şey sanki “səssiz kədər” pərdəsinə bürünür. Bu, həm fəsillərin keçidi, həm də ürəyin soyumasının təsviridir. Gözləyən insanın iç dünyası kimi əvvəl istidir, sonra sərinləyir, sonda donur...

“Budaqda qalmaqdan güleyşə narın da, Çatladı bağrı, yaman gecikdin, yaman...” Bu final heyrətamizdir. Nar burada insanın özü kimi təqdim olunur: içində sevgi dolu, gözəl, canlı. Amma gözləməkdən partlayıb. “Çatladı bağrı” ifadəsi həm fiziki, həm emosional ağrını daşıyır. Sanki gözləməyin özü bir növ ölümə çevrilib. Və sonra o son sözlər:

“Yaman gecikdin, yaman...” Burada qınaq da var, amma o qınağın içində sevginin hələ də sönmədiyi bir istilik var. İnsan o qədər gözləyib ki, artıq inciyə bilmir. Sadəcə yorulmuş bir sevginin ahı kimi səslənir. Burada ağrı da zərifdir. Şairin kədəri sanki musiqiyə çevrilir, oxuduqca yanmırıq, isinirik. Bu şeir sevginin ağrısını incə bir nəvazişlə danışır. Vahid Əziz burada “gözləmək” hissini o qədər insani, o qədər sakit bir dildə deyir ki, oxucu həm kədərlənir, həm də bir növ ruh rahatlığı tapır.

Üç sənətkarın sintezindən yaranan “Gecikdin” mahnısı nə qədər dinlənilsə də köhnəlmir. Çünki bu təqdimatda sevgi xatırlanır, yaşanır.  Vahid Əziz hissi dil ilə, Elza İbrahimova not ilə, Flora Kərimova isə nəfəs ilə ifadə edib. Beləcə, bu əsər mədəni yaddaşımıza bir müqəddəs gözləmə kimi hopub. Sevgi gəlməsə də, hiss gəlir. Və o hiss. heç vaxt geçikmir...

 

“Ədəbiyyat və incəsənət”

(12.11.2025)

Çərşənbə, 12 Noyabr 2025 09:06

“Maraqlı söhbətlər”də Demosfenin əhvalatı

 

Nemət Tahir, “Ədəbiyyat və incəsənət” portalının Qarabağ təmsilçisi

 

Bir dəfə qədim yunan afinalı dövlət xadimi və natiqi Demosfen bir mühüm məsələ barədə insanlar qarşısında çıxış edirmiş. Lakin meydana toplanmış adamlar filosofa məhəl qoymayaraq, öz aralarında danışırdılar. Vəziyyəti belə görən filosof:” Sizə bir hekayə danışacağam, sonra gedəcəyəm” deyir...bütün diqqəti cəlb edir və danışmağa başlayır:

 

“Bir zamanlar bir gənc Afinadan Meqara getmək üçün bir eşşək icarəyə götürür. Eşşəyi icarəyə verən adamın da Meqarada bir işi var imiş. Ona görə də onlar birlikdə yola düşürlər. Onlar söhbət edə-edə günortaya kimi yol gedirlər və istiyə düşürlər. Həm bir az dincəlmək, həm də ki, nahar etmək üçün onlar bir su quyusunun yanında otururlar. Amma təəssüf ki, quyunun yanında kölgəlik yox idi. Buna görə eşşəyin sahibi yeməyini götürüb, eşşəyin kölgəsinə sığınır. Bunu görən eşşəyi icarə götürən gənc qəzəblənir və deyir: “Çəkil burdan! Kölgədə mən oturacağam”. Eşşəyin sahibi etiraz edir: “Mən oturacağam, çünki eşşək mənimdir”. Gənc oğlan: “Amma mən eşşəyi icarə götürmüşəm” dedikdə, eşşəyin sahibi: “Mən sizə eşşəyi icarə vermişəm, onun kölgəsini yox” deyir və aralarında mübahisə başlayır”.

Bu yerdə Demosfen hekayəni yarımçıq qoyaraq, oradan uzaqlaşmağa başlayır. Bu zaman ona maraqla və diqqətlə qulaq asan kütlə: “Bu işin axırı nə oldu? İşin sonunu anlat!” – deyə qışqırmağa başlayırlar. Demosfen yenidən çıxış etdiyi yerə qayıdaraq deyir: “Mən sizə çox vacib bir şey söyləməyə çalışdım, amma qulaq asmadınız. İndi isə eşşəyin kölgəsi ilə maraqlanırsınız. Mən nə fikrimi söyləyəcəyəm, nə də eşşəyin kölgəsinin başına nə gəldiyini anladacağam!..."

böyük filosof oradan uzaqlaşır.

 

“Ədəbiyyat və incəsənət”

(12.11.2025)

“Ədəbiyyat və incəsənət” portalı psixoloq Fazil Cəfərovun Ülviyyə Əbülfəzqızının “Payızı niyə sevirəm, niyə sevmirəm?” essesi barədə yazdığı “Bir essedəki təzadlar, metaforalar və fəlsəfi düşüncələr” məqaləsini təqdim edirik.

Giriş: Payızın Poetik Dilemması

Ülviyyə Əbülfəzqızının "Payızı niyə sevirəm, niyə sevmirəm?" adlı esseistik mühakimələri, ilk baxışdan mövsümi təəssüratların lirik ifadəsi kimi görünsə də, öz dərinliyində insan ruhunun fundamental ziddiyyətlərini sorğulayan, varlığın əsas suallarına cavab axtaran çoxşaxəli fəlsəfi-poetik diskurs formalaşdırır. Bu mətn sadəcə xəzəlin və sərin yağışların təsviri deyil; sevgi və kədər, itki və ümid, son və başlanğıc kimi universal anlayışların bir fəslin simasında cəmləşdiyi mürəkkəb düşüncə məkanıdır. Müəllif payıza olan ambivalent münasibətini təsvir edərkən, əslində insanın öz daxili aləmindəki əbədi mübarizəni, duyğuların sərhədində dayanmağın gərginliyini və bu təzadlardan doğan mənəvi kamillik prosesini tədqiq edir. Bu təhlilin əsas məqsədi, Ülviyyə Əbülfəzqızının payıza yüklədiyi simvolik mənaları, onun fəlsəfi dərinliyini və bu fəslin timsalında həyatın dialektik təbiətini necə ustalıqla təsvir etdiyini araşdırmaqdır.

1. Duyğuların Sərhədində: Sevgi və Kədərin Ziddiyyəti

Əsərin əsas psixoloji inkişaf xətti  və fəlsəfi gərginliyi müəllifin payıza qarşı bəslədiyi bir-birinə tamamilə zidd duyğulardan qaynaqlanır. Bu ziddiyyətin təhlili mətnin dərin qatlarına enmək üçün açar rolunu oynayır və təhlilimizin dialektik əsasını – tezis və antitezis qarşıdurmasını təşkil edir. Müəllif bu daxili mübarizəni "Bəzən duyğuların sərhədində ilişib qalırıq" cümləsi ilə başlayaraq, "Sevmək, ya sevməmək, bu təzad..." sualı ilə kulminasiya nöqtəsinə çatdırır. Bu qarşıdurma sadəcə emosional tərəddüd deyil, eyni zamanda ruhda "daxili boşluq" yaradan, insanı öz varlığı ilə üz-üzə qoyan ekzistensial bir prosesdir.

Bir tərəfdən müəllif, payızın dağıdıcı-melanxolik atributlarını qabarıq şəkildə təsvir edir. Bu təsvirlər sistemli şəkildə fəslin qaranlıq üzünü ortaya qoyur: Günəşin "küsüb uzaqlaşması" ilə istiliyin və həyat enerjisinin itirilməsi hissi yaradılır; külək "yaralı yarpaqlara balta çalan" amansız, şüurlu bir qüvvə kimi təqdim olunur; tökülən yarpaqlar "insanların ölmüş arzuları" ilə eyniləşdirilərək hər bir xəzəl parçasına faciəvi məna yüklənir; yağışlar isə "səmaların yarpaqlara saxladığı yas" olaraq ümumi kədər atmosferini tamamlayır. Bütün bu ünsürlər müəllifi "melanxoliya məclisinə" dəvət edərək onu payızın antitezisi ilə, yəni onun dağıdıcı mahiyyəti ilə üzləşdirir. Lakin bu kədərli mənzərəyə baxmayaraq, müəllif payıza olan sevgisini – təhlilimizin tezisini – qətiyyətlə müdafiə edir. "Mən sarışın payızı sevirəm axı" və "Mənim sevgim yenilməz, ölməzdir axı" kimi bəyanatlar, onun bu fəslin tərəfində durduğunu və bütün mənfi cəhətlərinə rəğmən ondan imtina etmədiyini göstərir. Müəllif bu qarşıdurmanı daha da dərinləşdirərək payızı bir sınaq vasitəsi kimi görür və ritorik sualla bu fikri təsdiqləyir: "Bəlkə, elə bizi- sevgimizi sınayır." Bu ziddiyyətli münasibət, əsərin sadəcə emosional bir təsvirdən daha dərin, fəlsəfi bir axtarış olduğunu ortaya qoyur.

2. Payızın Metaforik Dünyası: Canlanan Təbiət və Simvollar

Ülviyyə Əbülfəzqızı payızı təsvir etmək üçün son dərəcə zəngin metafora və personifikasiya sistemindən istifadə edir. Bu bədii ifadələr fəslin sadəcə təbiət hadisəsi kimi deyil, eyni zamanda canlı, düşünən, mürəkkəb xarakterə malik bir varlıq kimi qavranılmasına xidmət edir. Müəllif payızı "sarışın", "ərköyün" və "şıltaq" bir obrazla eyniləşdirir. Bu personifikasiya payıza həm cazibədarlıq, həm də gözlənilməzlik və mürəkkəblik qazandıraraq ona insani bir xarakter bəxş edir; o, həm sevilən, həm də çətin anlar yaşadan bir varlıqdır.

Əsərdə təkcə payız deyil, onunla bağlı digər təbiət ünsürləri də canlandırılaraq, bütöv bir simvolik dünya yaradılır. Bu, payızın təqdim etdiyi mənzərəni daha dramatik və təsirli edir, oxucunu müəllifin daxili mübarizəsinin birbaşa iştirakçısına çevirir.

Əsərdə təbiət ünsürləri müəllifin daxili aləminin güzgüsü rolunu oynayır:

  • Günəş: Onun "isti nəfəsi" həyatı, sevgini və təravəti simvolizə edir. Günəşin "küsüb uzaqlaşması" isə məhrumiyyət və soyuqluq hissini yaradır.
  • Külək: Külək dağıdıcı, amansız bir qüvvə kimi təsvir edilir. Onun yarpaqlara "balta çalması" itkilərin qaçılmazlığını və həyatın sərt reallıqlarını vurğulayır.
  • Yağış: Yağışlar sadəcə təbii bir hadisə deyil, yarpaqların ölümünə tutulan "yas" mərasimidir. Bu, kədər və hüzn atmosferini dərinləşdirən güclü bir metafordur.

Bu bədii təsvirlər sadəcə mətnin atmosferini dərinləşdirmir, həm də onun fəlsəfi yükünü artırır. Küləyin sadəcə əsməsi deyil, "balta çalması" təsviri ona təsadüfi bir təbiət hadisəsi deyil, şüurlu və qəddar bir hərəkət mənası verir. Bu, yarpaqların (ölmüş arzuların) ölümünü daha faciəvi və qaçılmaz edir. Günəşin "küsməsi", səmaların "yas saxlaması" bütün kainatın bu kədərli dramda iştirak etdiyini göstərir. Beləliklə, metaforik dünya vasitəsilə müəllif, təbiəti insanın daxili aləminin və taleyinin güzgüsünə çevirir. Payız bu simvolik aləmdə təkcə bir fəsil deyil, həm də həyat dərsləri verən sərt, lakin müdrik bir müəllim rolunu oynayır.

3. Düşündürən Fəsil: Payızın Öyrətdiyi Həyat Dərsləri

Ülviyyə Əbülfəzqızının yaradıcılığında payız sadəcə kədər və melanxoliya mənbəyi deyil, həm də insan həyatının mərhələləri, qaçılmaz reallıqlar və mənəvi yetkinlik haqqında dərin dərslər verən bir müəllimdir. Müəllif bu fəlsəfi yanaşmanı "Sən kədərləndirmirsən, düşündürürsən" ifadəsi ilə aydın şəkildə ortaya qoyur. Məhz əvvəlki bölmədə təhlil edilən metaforik qəddarlıq ("balta çalan" külək, "yas tutan" səmalar) bu dərslərin emosional zəminini hazırlayır və onlara dərin təsir gücü verir. Müəllifin təqdimatında payız, üç fundamental ekzistensial dərsin daşıyıcısına çevrilir:

1.     Gəncliyin və Canlılığın Dəyəri: Payızın ən bariz əlaməti yaşıl yarpaqların xəzələ çevrilməsidir. Müəllif bu prosesdə dərin bir həyat fəlsəfəsi görür: "Yaşıl yarpağı xəzələ çevirirsən. Anladırsan ki, yaşıl olanda qədrini bil, ömrünü boşa xərcləmə". Bu, həyatın müvəqqətiliyi, gəncliyin və enerjinin bir gün sona çatacağı və bu səbəbdən hər anın dəyərini bilməyin vacibliyi haqqında güclü bir xəbərdarlıqdır.

2.     Çətinliklərə Hazırlıq: Payız özü ilə sərinlik və soyuqluq gətirir. Müəllif bunu insan münasibətlərinə metaforik olaraq tətbiq edir: "Anladırsan ki, həmişə isti münasibət sənə sarılmayacaq, soyuğun da dadını bil". Bu fikir, həyatın yalnız xoş anlardan ibarət olmadığını, enişlərin və yoxuşların, isti münasibətlərlə yanaşı, soyuqluğun və xəyanətin də qaçılmaz olduğunu anlamaq üçün bir dərsdir. Payız insanı mənəvi cəhətdən möhkəmlənməyə və çətinliklərə hazır olmağa çağırır.

3.     Qürurun Əbəsliyi və Təvazökarlıq: Mətndə yer alan şeir parçası payızın verdiyi ən dərin fəlsəfi dərslərdən birini ifadə edir. "Uca budaqlarda taxt quran" yarpağa müraciət, əslində yüksəlişin, qüdrətin və qürurun müvəqqəti olduğunu vurğulayır:

Bu dərslər sayəsində müəllifin payıza olan münasibəti sadəcə emosional qavrayışdan çıxaraq intellektual və mənəvi bir anlayış səviyyəsinə yüksəlir. O, anlayır ki, payız bir son deyil, həyatın təbii dövranının zəruri bir keçid mərhələsidir.

4. Xəzəldən Bahara: Yenidən Doğuş və Ümidin Təsdiqi

Əsərin sonunda müəllif payızın dağıdıcı və kədərli obrazından uzaqlaşaraq, onu həyat dövranının ayrılmaz, hətta yaradıcı bir parçası kimi qəbul edir. Bu bölmə, əvvəldə qoyulan tezis (sevgi) və antitezisin (kədər) dialektik mübarizəsinin nəticəsi olan sintezi təqdim edir. Bu sintez, ziddiyyətlərin aradan qalxması deyil, onların daha yüksək səviyyədə dərk edilərək barışdırılmasıdır. Müəllif payızı artıq sadəcə bir fəsil kimi deyil, "YARADANIN yaratdığı bu möcüzə" kimi qiymətləndirir və bu səbəbdən onu "sevməyə bilmərəm" deyərək qəti bir mövqe nümayiş etdirir. Bu baxış, əvvəlki "sevmək, ya sevməmək" tərəddüdünü tamamilə aradan qaldıraraq yeni bir anlayış səviyyəsinə keçidi təmin edir.

Müəllif payızın bir son deyil, əksinə, yaz üçün bir hazırlıq olduğu fikrini inkişaf etdirir. O, payızın əsl məqsədinin ölümü deyil, yenidən doğuşu təmin etmək olduğuna inanır: "Bəlkə də, adını dəyişib yaza çevrilirsən, mən buna inanıram". Bu düşüncə payızın funksiyasını yenidən mənalandırır. Müəllifin qeyd etdiyi kimi, payız "elə yaşılı daha da sevdirmək üçün sarıya çevirib həsrət çəkdirəndən sonra yenə də yaşıla boyayır". Bu, itkinin və həsrətin əslində varlığın qədrini bilmək üçün zəruri olduğu fəlsəfəsini ifadə edir.

Əsərin son cümləsi – "Mənim sarışın PAYIZIM, ərköyün, şıltaq olsan da, səni sevirəm!" – bütün əvvəlki şübhələri, ağrıları və tərəddüdləri geridə qoyan səmimi bir sevgi etirafıdır. Bu, payızı bütün qüsurları və ziddiyyətləri ilə birlikdə qəbul etməyin, onu olduğu kimi sevməyin təntənəsidir. Bu nöqtədə müəllif payızın simasında təbiətin və həyatın dialektik təbiətini – hər sonun yeni bir başlanğıc üçün zəruri şərt olduğunu tam mənası ilə qəbul edir.

Nəticə: Payız – Ruhun Güzgüsü

Yekun olaraq, Ülviyyə Əbülfəzqızının "Payızı niyə sevirəm, niyə sevmirəm?" əsəri payız fəsli haqqında yazılmış lirik bir essedən çox daha dərin məna kəsb edir. Burada payız sadəcə bir fəsil deyil, insan ruhunun ən mürəkkəb duyğularını – kədər və sevgini, itki və ümidi, düşüncə və mənəvi oyanışı əks etdirən simvolik bir güzgüdür. Müəllif, payızın ziddiyyətli təbiətini təhlil edərək, əslində insanın öz daxili aləmindəki əbədi mübarizəni, təzadların harmoniyasını axtarır. Onun təfəkkürü kədərli müşahidədən (antitezis) başlayıb fəlsəfi düşüncəyə, oradan isə həyatın dövranını və yenidən doğuşu qəbul edən mənəvi sintezə yüksəlir. Beləliklə, müəllifin bu təzadlı fəsli bütün mürəkkəbliyi ilə qəbul etməsi, əslində həyatın dialektik mahiyyətini dərk etməsinin bədii təcəssümüdür.

 

“Ədəbiyyat və incəsənət”

(12.11.2025)

 

 

 

 

"Ədəbiyyat və İncəsənət” portalının media dəstəyi ilə Azərbaycan Ədəbiyyat Fondunun Bakı Şəhəri Üzrə Təhsil İdarəsi ilə birgə keçirdiyi “Bir direktor və bir şagird” adlı layihəsinin məqsədi nümunəvi məktəblərimizi, istedadlı şagirdlərimizi üzə çıxarmaq, onların ədəbiyyata olan marağına diqqət yönəltməkdir.

Hazırda təqdimatda Bakı şəhəri 84 nömrəli tam orta məktəbdir.

 

Layihəni təqdim edir: Ülviyyə Əbülfəzqızı

 

DİREKTOR:

İslamova Röya Sərvər qızı 03.02.1986-cı ildə anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra 2004-2008-ci illərdə Azərbaycan Dövlət Pedaqoji Universitetində Azərbaycan dili və ədəbiyyat ixtisası üzrə bakalavr, 2008-2011-ci illərdə isə Azərbaycan Dövlət Pedaqoji Universitetində Azərbaycan ədəbiyyatı ixtisası üzrə magistr təhsili almışdır. Müəllimlərin işə qəbul müsabiqəsində iştirak edərək 15.09.2012-ci il tarixdə 262 nömrəli tam orta məktəbə Azərbaycan dili və ədəbiyyat müəllimi təyin olunmuşdur.

2015-2021-ci illərdə Cəbrayıl rayon C.Əhmədov adına şəhər tam orta məktəbdə təlim-tərbiyə işləri üzrə direktor müavini işləmişdir. Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən keçirilən "Direktor müavinlərinin işə qəbulu " müsabiqəsində uğur qazanaraq 15.09.2021-ci il tarixindən Bakı şəhəri 146 nömrəli tam orta məktəbə təlim-tərbiyə işləri üzrə direktor müavini təyin olunmuşdur. Pedaqoji fəaliyyəti dövründə yüzə yaxın seminar, təlim, konfranslarda iştirak etmişdir. 2014-cü ildə Azərbaycan Respublikası Təhsil Problemləri İnstitutunun təşkil etdiyi Azərbaycan dili və ədəbiyyat fənn kurikulumlarının tətbiqi ilə əlaqədar "Öyrədənlərin öyrədəni" kursunun,2022-ci ildə Azərbaycan Respublikasının Təhsil Nazirliyi və Azərbaycan Dövlət Pedaqoji Universitetin Strateji İnkişaf Mərkəzinin birgə layihəsi olan "Məktəb liderliyi" proqramının iştirakçısı olmuşdur. 2025-ci ildə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi və “ORT İsrail” məktəblər şəbəkəsinin birgə əməkdaşlığı ilə Təhsil İnstitutu tərəfindən həyata keçirilən “İnnovativ məktəb” layihəsində uğur qazanaraq  İsraildə keçirilən “Təhsildə liderlik” mövzusunda təlimlərdə iştirak etmişdir. 2022-ci ildə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin "Direktorların işə qəbulu" müsabiqəsində uğur qazanaraq 01.12.2022-ci il tarixindən Bakı şəhəri 84 nömrəli tam orta məktəbə direktor vəzifəsinə təyin edilmişdir. Hal-hazırda Azərbaycan Dövlət İqtisad Universitetinin “Dövlət və bələdiyyə idarəetməsi” fakültəsində təhsil alır.

 

ŞAGİRD:

Mən, Həbibli Aydan, 2013-cü il may ayının 27-də Bakı şəhərində anadan olmuşam. Kiçik yaşlarımdan öyrənməyə, araşdırmağa və öz üzərimdə işləməyə böyük maraq göstərmişəm. 4 yaşımda məktəbə hazırlığa başlamış və bu dövrdən etibarən oxumağa olan sevgim daha da artmışdır.

Boş vaxtlarımda bədii kitab oxumağı, yeni biliklər kəşf etməyi və müxtəlif sahələrdə özümü inkişaf etdirməyi sevirəm. Riyaziyyat fənnini çox sevirəm. Edulife tədris mərkəzində mental aritmetika kursunu uğurla başa vuraraq sertifikat əldə etdikdən sonra Nirvana Beynəlxalq Təhsil və Tədris Akademiyasında təhsilimi davam etdirərək, bu sahə üzrə ən azyaşlı beynəlxalq təlimçi kimi diplomla təltif olunmuşam.

Hazırda Bakı şəhəri 84 nömrəli tam orta məktəbin 7 “C” pilot sinfində təhsil alıram. Məktəbimdə keçirilən müxtəlif layihə və tədbirlərdə fəal iştirak edir, həmyaşıdlarımla birlikdə komanda ruhu ilə çalışmağı sevirəm.

Məktəbimi, müəllimlərimi və mənə bilik verən hər kəsi böyük hörmət və minnətdarlıqla sevirəm. Gələcəkdə elmə və təhsilə töhfə verən, biliklərini paylaşan və öyrətməkdən zövq alan bir şəxsiyyət olmaq istəyirəm.

 

ESSE:

Kitab Sevgisi

Mən kitab oxumağı çox sevirəm. Hər dəfə yeni bir kitab açanda elə bil başqa bir dünyaya addım atıram. Bəzən nağıllardakı qəhrəmanlarla birlikdə sehrli meşələrə gedirəm, bəzən də tarix kitablarında qədim şəhərləri gəzirmişəm kimi oluram. Hər kitab mənə fərqli hisslər yaşadır — birində gülürəm, digərində kədərlənirəm, amma hər dəfə bir az da böyüyürəm.

Kitablar mənim üçün sadəcə kağız və hərflər deyil. Onlar sirr dolu dostlardır. Mənə elə gəlir ki, kitabların ürəyi var, amma onlar səssiz danışırlar. Oxuduqca sanki o səssiz səsi eşidirəm. Bəzən qəhrəmanların yerinə özümü qoyuram və düşünürəm: “Mən olsaydım, nə edərdim?” Bu düşüncə mənə həyatda qərar verməyi, daha anlayışlı olmağı öyrədir.

 

Bəzən günüm yorucu keçir, bəzən də kədərlənirəm. Amma bir az kitab oxuyanda sanki ruhum dincəlir, dünyam işıqlanır. Kitablar mənə bilik, təsəlli və ilham verir. Onların sayəsində mən çox şey öyrənirəm — təkcə dərs deyil, həm də insanlıq, dostluq və mərhəmət kimi dəyərləri mənimsəyirəm.

Mən inanıram ki, kim kitab oxumağı sevirsə, o, heç vaxt tənha olmaz. Çünki hər kitabın içində səni gözləyən bir dost var. Kitablar həyatımın ən gözəl hissəsidir. Mən böyüsəm də, kitab sevgimi heç vaxt itirmək istəmirəm.

Mənə kitab oxumağın gözəlliyini, hər səhifənin arxasında bir xəzinə gizləndiyini sevdirən, oxumağın həyatımı necə dəyişdirə biləcəyini göstərən Röya müəllimimə dərin təşəkkürümü bildirirəm. Onun sayəsində kitablar mənim üçün sadəcə dərs vəsaiti deyil, ruhuma işıq saçan dostlara çevrilib.

 

“Ədəbiyyat və incəsənət”

(12.11.2025)

Kənan Məmmədli, “Ədəbiyyat və incəsənət”

 

Bu günə təsadüf edən əsas hadisələri diqqətinizə çatdırırıq:

 

Ümumdünya pnevmaniya ilə mübarizə günü

Ümumdünya Səhiyyə Təşkilatı və YUNİSEF 2009-cu ildə bu günü təqvimə saldırmaqla pnevmaniya, xüsusən uşaq pnevmaniyası əleyhinə kütləvi kampaniyaya başlayıb. Əsas görülən iş isə Asiya və Afrikanın inkişaf etməkdə olan ölkələrində - o ölkələrdə ki pnevmaniya tüğyan edir, insanları xilas etmək üçün böyük vəsaitlərin toplanmasıdır. Ekspertlərin qənaətinə görə 5 yaşa qədər olan uşaqların əsas ölüm səbəbi məhz pnevmaniyadır. Hər il bu xəstəlik iki milyon can alır.

 

Təhlükəsizlik üzrə mütəxəssis günü

Bu günün təşəbbüskarı təhlükəsizlik üzrə nəhəng internet portal olan Sec.ru-dur. Təntənəli gündə “Təhlükəsizlik missi” müsabiqəsinin qalibi də elan edilib mükafatını alır. Axı bu sistemdə xanımlar da az deyil. Mən bizim moll-arda kürəyinə “security” yazılmış o qədər zəif cins nümayəndəsi görmüşəm ki. Bu sferada bir obyektlərin, bir də şəxslərin mühafizəsi nəzərdə tutulur. Şəxslərin mühafizəçiləri, el təbirincə desək teloxranitellər (cangüdənlər) barədə Uitni Xyustonun rol aldığı məşhur filmi hamımız görmüşük. Bu gün Azərbaycanda təhlükəsizlik üzrə mütəxəssislər – bax bu teloxranitellər qorunması zəruri olan, dövlət baxımından xüsusi əhəmiyyət kəsb edən insanlardan daha çox özünü xırda padşah elan edib 5-10 maşınlıq karteclərlə hərəkət edən və ən azı 5-10 nəfər cangüdənin əhatəsində gəzən pullu görməmişləri – gədaları mühafizə etməkdədirlər. Bu da çox zərərli tendensiyadır.

 

Gənc oxucular günü

Onsuz da bizdə oxucuların əksəriyyəti gənclərdir. Bu gün hamı əlində kitab ictimai nəqliyyatda, parklarda, iaşə obyektlərində görünməlidir, mütaliə təbliğ edilməlidir. Axı mənəvi zənginlik mütaliə olmadan mümkün deyil. Hər bir gənc kitabdan ilan vuran ala çatıdan qaçan kimi qaçan bir şəxsə bu gün kitabların faydaları barədə moizə oxusa, inanın ki, böyük tərəqqi əldə etmiş olarıq.

 

Ançous niyə qəzəbə gəlib?

Antibiotiklər barədə məlumatlanmaq üzrə ümumdünya həftəsi başlayır. Antibiotiklərin faydası və zərəri haqda məlumatları hamı mənimsəməlidir, əks halda böyük ziyan çəkmək istisna olunmur; Yeni Zelandiyada Kenterberi günüdür, Kenterberi əyaləti sakinləri öz diyarları ilə qürur duyaraq sevinib şənlənəcəklər; Çində və Tayvanda Mədəni Renessans günüdür. Mədəni-kütləvi tədbirlər önə çəkiləcək; Kanadada rəqəmsal sağlamlıq, İndoneziyada ümumən sağlamlıq, Qərbi Timorda gənclər günüdür; Amerikada mətbəxsevərlər birdən-birə iki bayramı qeyd edəcəklər: milli toyuq şorbası gününü, bir də milli ançousdan başqa istənilən içliklə pitsa gününü. Siz bir təyinata baxın. Yəni bu gün hamı pitsa yeməlidir, istənilən pitsadan yemək olar, təkcə ançouslu içliklidən başqa. Ançous – balıq növüdür. Görəsən bu ançous yazıq nə günahın sahibidir belə?

1933-cü ildə Şotlandiyanın Lox-Ness gölündə yaşayan əcaib varlığın – Nessinin ilk fotosu çəkildi; 1893-cü ilin bu günündə “San Francisco Morning Call” qəzetində “Yapon sahillərində tayfun” adlı gənc yazarın ilk hekayəsi dərc edildi, dərhal hekayə böyük əks-səda doğurdu. Müəllif Cek London idi; 12 noyabr günü həm də dünya rəngkarlığında və memarlığında uğursuz bir gün kimi səciyyələndirilir. Belə ki üç böyük sənətkar məhz bu gün dünyalarını dəyişiblər: Bunlar 1903-cü ildə fransız impressionist rəssamı Kamil Pissarro, 1680-ci ildə italyan heykəltaraşı Lorenso Bernini (məşhur “Apollon” heykəlinin müəllifi) və 1662-ci ildə Qızıl dövr Holland rəngkarlığının nümayəndəsi Adrian Van de Vennedir.

 

“Ədəbiyyat və incəsənət”

(12.11.2025)

 


 

“Ədəbiyyat və incəsənət” portalının Güney Azərbaycan Poeziyası Antologiyası layihəsində Təbriz təmsilçimiz Əli Çağlanın növbəti təqdim etdiyi yazar Təbrizdən Fəriba Mürtəzayidir.

 

Fəriba Mürtəzayi

Təbriz

 

BAL BAXIŞLAR

 

Gözlərinin rəngini,

Bal baxışlarını yalamışam.

Dilim boğazıma yapışıb

Sevginin ölçüsü olmaz

Bilirəm,

Gəl bağrıma

Son ölçüdür,

Danışa bilmirəm!

 

“Ədəbiyyat və incəsənət”

(12.11.2025)

 

Çərşənbə, 12 Noyabr 2025 09:33

Hər gün kitablar haqqında 5 qeyri-adi fakt

Könül, “Ədəbiyyat və incəsənət”

 

Ədəbiyyat və incəsənət” portal insanlarda mütaliəyə maraq oyatmaq üçün ən müxtəlif yollara əl atır. Effekt doğuran bir yol da mütaliə barədə maraqlı faktların dərc edilməsidir. LitRes ədəbiyyat dərgisindən kitablar barədə maraqlı faktları sizinlə bölüşürəm. Üç gün ərzində hər gün 5 maraqlı fakt.

 

 

 "Alisa möcüzələr ölkəsində" kitabı orada danışan heyvanlardan bəhs edilməsi olması səbəbindən Çində qadağan edilib. Sən demə bu, Çində kommunistin əxlaq kodeksinə, hakim ideologiyaya ziddir.

 

R. R. Tolkin "Üzüklərin hökmdarı" trilogiyasının bütün mətnini kompüterdə ikicə barmaqla yığıb.

 

 “1001 gecə" nağıllarında sehirli çırağı olan Ələddin əvvəlcə çinli olub, sonradan onun vətəndaşlığını dəyişiblər.

 

 "Hamlet" in rus dilinə ilk tərcüməsini yazıçı Aleksandr Sumarokov yerinə yetirib və əsəri "Hamlet - Danimarka şahzadəsi" adlandırıb.

 

Harvard Universitetinin kitabxanasında 4 qeyri-adi kitab qorunub saxlanılır. Bu hüquqi kitablar insan dərisində yazılıbdır.

 

“Ədəbiyyat və incəsənət”

(12.11.2024)

 

 

 

“Ədəbiyyat və incəsənət” portalının 1 şair, 1 şeir rubrikasında bu gün şair Zülfi Vellidağın «Ömür daimi deyil” şeiri təqdim edilir.

 

Zülfi Vellidağ Cəlilabad ədəbi mühitinin görkəmli nümayəndəsi, Cəlilabad Rayon Ağsaqqallar Şurasının üzvü, ədəbiyyatşünas və şairdir.

 

ÖMÜR DAİMİ DEYİL

 

Ötən aylar, fəsillər,

Köçüb getmiş nəsillər,

Qərinələr, əsrlər

Pıçıldayır elə bil:

-"Ömür daimi deyil".

 

Çərçivədən boylanan,

Baxan o dilsiz şəkil,

Susuzluqdan soluxmuş

Güldandakı qərənfil

Sükut dililə deyir:

-Ömür daimi deyil".

 

Ömür sanki gəmidir,

Dünya adlı sahilə

o bir müddət yan alır.

Gəmi köç edib gedir,

Sahil yerində qalır.

Dalğalar ötür dil-dil:

-"Ömür daimi deyil,

Ömür daimi deyil!"

 

“Ədəbiyyat və incəsənət”

(12.11.2025)

Çərşənbə, 12 Noyabr 2025 08:33

Bu gün Konstitusiya Günüdür

Kənan Məmmədli, “Ədəbiyyat və incəsənət”

 

Türklər buna Anayasa deyirlər. Biz Konstitusiya. Hər iki halda söhbət dövlətin əsas qanunlar, hüuqu və azadlıqlar toplusundan gedir. 12 noyabr xüsusi gündür. Belə ki Azərbaycan Respublikasında Konstitusiya Günü hər il 12 noyabr tarixində qeyd olunur. Bu gün ölkəmizin müstəqillik dövründə qəbul olunmuş ilk əsas qanunu — Azərbaycan Respublikasının Konstitusiyasının qəbul olunduğu tarixdir.

 

Azərbaycan Respublikasının hazırkı Konstitusiyası 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi - referendum yolu ilə qəbul edilib. Bu sənəd Azərbaycan xalqının suveren iradəsini, dövlətin demokratik, hüquqi və dünyəvi prinsiplər üzərində qurulmasını təsdiqləyib.

Konstitusiya — dövlətin əsas qanunu olmaqla:

  • Azərbaycanın dövlət quruluşunu,
  • hakimiyyət bölgüsünü (qanunverici, icra və məhkəmə),
  • vətəndaşların hüquq və azadlıqlarını,
  • dövlətin atributlarını (bayraq, gerb, himn)
    müəyyənləşdirir.

Bu sənəd həm də insan hüquq və azadlıqlarının üstünlüyü, hakimiyyətin xalqdan qaynaqlanması, qanunun aliliyi kimi prinsipləri təsbit edir.

Müstəqil Azərbaycan Respublikasının Konstitusiyasının hazırlanmasına Ümummilli Lider Heydər Əliyev rəhbərlik etmişdir. Onun təşəbbüsü ilə xüsusi Konstitusiya Komissiyası yaradılmış, sənəd geniş ictimai müzakirələrdən sonra referendumda xalqın səsverməsinə çıxarılmışdır.

1996-cı ildə Prezident Heydər Əliyevin fərmanı ilə 12 noyabr – Konstitusiya Günü rəsmi dövlət bayramı elan edildi. Bu gün ölkədə müxtəlif:

  • rəsmi tədbirlər,
  • elmi konfranslar,
  • məktəblərdə maarifləndirici dərslər və müzakirələr keçirilir.

Azərbaycan Konstitusiyası — dövlət müstəqilliyimizin, hüquqi dövlət və vətəndaş cəmiyyətinin əsasını qoyan sənəddir. O, xalqın iradəsini və milli suverenliyi əks etdirən, ölkənin inkişaf yolunu müəyyənləşdirən ən ali hüquqi sənəddir.

***

Bu isə Azərbaycan Respublikasının Konstitusiyasının 1-ci maddəsidir:

I fəsil – Ümumi müddəalar

Maddə 1. Azərbaycan xalqının suverenliyi

1.     Azərbaycan Respublikasında dövlət hakimiyyətinin yeganə mənbəyi Azərbaycan xalqıdır.

2.     Azərbaycan xalqı öz suveren hüququnu birbaşa ümumxalq səsverməsi (referendum) vasitəsilə, habelə öz nümayəndələri — Azərbaycan Respublikasının seçkili orqanları vasitəsilə həyata keçirir.

3.     Azərbaycan xalqı öz taleyini sərbəst müəyyən edir və dövlətin gələcək inkişaf istiqamətlərini azad şəkildə təyin edir.

Bu maddə xalqın hakimiyyətin yeganə mənbəyi olduğunu təsbit edir. Yəni bütün hakimiyyət xalqdan qaynaqlanır və xalqın iradəsinə zidd heç bir dövlət qərarı qanuni sayılmır.

 

“Ədəbiyyat və incəsənət”

(12.11.2025)

 

61 -dən səhifə 2595

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.