Habil Yaşar,
“Ədəbiyyat və incəsənət” portalının Ədəbiyyat şöbəsi
İstəkli oxucularımıza daha bir istedadlı gəncimizi tanıtmaq istəyirəm. O, fəaliyyətini Avropada yaşayaraq davam etdirir. Qızlıq soyadı Heybətova olan Ağasıyeva Çınarə 1992-ci ildə Neftçala şəhərinin Kürkənd kəndində anadan olub. 1993-cü ildə ailəsi ilə birlikdə Rusiyaya köçüb. 16 yaşında yenidən Azərbaycana qayıtdıqdan sonra muğam dərslərinə xanəndə kimi başlayıb və ilk səhnə təcrübəsini də həmin musiqi məktəbində qazanıb. Daha sonra Teymur Göyçayevlə birlikdə filarmoniyada keçirilən konsertlərdə iştirak edib və müxtəlif səhnələrdə çıxışlar edib.
2012-ci ildə Dünya TV-də imtahan verərək müəllif və aparıcı kimi fəaliyyətə başlayıb. Onun təqdim etdiyi proqram “Muğam Dünyası” adlanıb. Ailə qurduqdan sonra bir müddət fəaliyyətini dayandırıb.
2019-cu ildə qızları ilə birlikdə Almaniyaya köçən Çınarə Ağasıyeva burada sosial media vasitəsilə fəaliyyətini davam etdirib. TikTok platformasında canlı yayımlar açaraq Azərbaycan musiqisini tanıtmağa başlayıb. Daha sonra həvəskar qiraətçi kimi şeirlər səsləndirib və izləyicilərinin marağını nəzərə alaraq fəaliyyətində şeirə daha çox yer verib. Nəticədə canlı yayımlarını əsasən şeir üzərində qurmağa başlayıb.
Hazırda geniş izləyici kütləsinə malik olan Çınarə Ağasıyeva hər axşam tanınmış şairlərin — Nüsrət Kəsəmənli, Ramiz Rövşən, Musa Yaqub, Nəriman Həsənzadə və gənc qələm sahiblərinin şeirlərini səsləndirir. O, uzun illərdir Avropada yaşayaraq Azərbaycan musiqisini, ədəbiyyatını və şeirini tanıtmaq istiqamətində fəaliyyət göstərir.
Bununla yanaşı, müxtəlif dərs və tədbirlər vasitəsilə də milli irsin təbliği ilə məşğul olur, həm Avropada yaşayanlara, həm də Azərbaycandan izləyən auditoriyaya bu zəngin mədəniyyəti çatdırır. Hər gün keçirdiyi canlı yayımlar vasitəsilə Azərbaycan musiqisinin və poeziyasının gözəlliyini geniş auditoriyaya təqdim edir.
Çınarə Ağasıyeva üçün bu fəaliyyət yalnız yaradıcılıq deyil, həm də vətən sevgisinin ifadəsidir. O, qürbətdə yaşasa da, köklərinə bağlı qalaraq Azərbaycanı dünya səhnəsində tanıtmağa davam edir.
“Ədəbiyyat və incəsənət”
(08.05.2026)


