ƏDƏBİYYAT VƏ İNCƏSƏNƏT - Super User
Super User

Super User

Çərşənbə axşamı, 11 Noyabr 2025 13:03

Gənc yazarlar üçün nəzəriyyə dərsi

 

“Ədəbiyyat və incəsənət” portalı tanınmış ədəbiyyatşünas Məti Osmanoğlunun gənc yazarlar üçün növbəti nəzəriyyə dərsini təqdim edir. Bu dəfə Məti Osmanoğlunun obyekti Oldos Hakslidir.       

 

OLDOS HAKSLİ VƏ İSTEDADIN ÖLÇÜ VAHİDİ

 

İngilis yazıçısı və filosofu Oldos Hakslinin (1894-1963) əsərləri ictimai proseslərə kəskin tənqidi münasibəti ilə seçilir.  O, dünya ədəbiyyatında antiutopik fantastikanın nümunəsi hesab edilən “Cəsur yeni dünya” (1932) romanı ilə daha çox tanınıb.

 

İngiltərə tarixində adı hörmətlə anılan ziyalı ailənin övladı olan Oldos Haksli – gənc yaşlarından görmə qabiliyyətində ciddi çətinliklər yaransa da – 1916-cı ildə kollec təhsilini tamamlayıb və həmin il ilk kitabını nəşr etdirib.  

İntellektual əsərlər kimi səciyyələndirilən “Sarı boya” (1921), “Təlxəklər dövrəsi” (1923) və “Kontrapunkt” (1928) romanları o zamanın ideoloji və mənəvi böhranından bəhs edir. Hakslinin bu romanlarında insanlığın fəlakəti olan Birinci Dünya müharibəsinin dərin yaraları göynəməkdədir. Bu əsərlərdə müharibənin insanların içində yaratdığı mənəvi böhranın, ruhi sarsıntıların əks-sədası duyulur.  

Oldos Hasklinin nəsrində reallıq ən müxtəlif xarakterlərin ərintisi kimi, fərqli qütblərə aid dəyərlərin qarışığı kimi göstərilir. Roman qəhrəmanlarının düşüncəsində müharibənin ağrılı xatirələri, yeni həyatın sarsıntıları, qorxu dolu gözləntilər həyat eşqi ilə qarışdırılır. Yazıçının təsvir etdiyi dünyada kədər, ruh düşkünlüyü ilə laqeydlik, mənəvi yadlıq iç-içədir. Zahirən xaotik təsir bağışlayan təfərrüatların montaj poetikası ilə bir araya gətirildiyi bu əsərlədə satirik gülüş nifrətlə müşayiət olunur.

Oldos Hakslinin “Cəsur yeni dünya” (1932) və “Meymun və varlıq” (1948) antiutopik romanları  totalitarizmə qarşı yazılıb. Bu satirik əsərlər “istehlak cəmiyyətinin” standartlaşdırılmış həyat tərzini əks etdirir. Yazıçının fəlsəfi və sosioloji görüşləri “Cəsur yeni dünya” (1932) antiutopik romanında daha bariz şəkildə təcəssüm olunub. Rus yazıçısı Zamyatinin “Biz” romanındakı ədəbi eksperimentin davamı olan bu əsər sonradan C. Oruellin yaradıclığına da təsir göstərəcəkdi. Bu mütəfəkkir yazıçılar insanlara iki təhlükə barədə xəbərdarlıq etmək məqsədi güdürdülər və roman janrını bu xəbərdarlıq üçün ən təsirli vasitə hesab edirdilər. Bir əsr bundan öncə onlar bəşəriyyətin iki böyük təhlükə qarşısında olduğundan narahat idilər: birincisi, sürətlə inkişaf etməkdə olan texnikanın həyata müdaxiləsi, ikincisi, dövlətin gücyetməz zorakılığı. 

Hakslinin utopiyası, əslində, ironik utopiyadır, parodiyadır, başqa sözlə desək, antiutopiyadır. Bu antiutopiyanın əhatə dairəsinə düşən cəmiyyəti  idarə edən dövlətin əsas hədəfi xoşbəxtliyin yeganə mənbəyi olan  insan fərdiyyətini məhv etməkdir. Oldos Haksli bununla  xoşbəxtlik və azadlığın bir-biri ilə uzlaşa bilməyəcəyini göstərmək istəyir, azadlığa, sənətə, sevgiyə, mənəvi dəyərlərə, insan münasibətlərinə önəm verdiyini vurğulayır. Yazıçının düşüncəsinə görə, azadlıq, sənət, sevgi, mənəvi dəyərlər olmayan yerdə yaşamağın da mənası qalmır.

Oldos Hakslinin 1955-ci ildə nəşr etdirdiyi “Dahi və ilahə” romanında da insanlığın gələcəyi sarıdan narahatlıq, sosial tərəqqiyə və fərdin mənəvi potensialına inamsızlıq daha qabarıq nəzərə çarpmaqdadır. Yazıçı yaradıcılığının son dövründə mistisizmə meyillənib. Qədim Hindistan filosoflarının görüşlərindən və  buddizm fəlsəfəsindən aldığı qənaətlərin təsiri ilə 1962-ci ildə “Ada” romanını yazıb.

Yaradıcılığa şeirlə başlayan Oldos Haksli romanlarla  yanaşı, fəlsəfi əsərlərin və ədəbi-nəzəri səciyyə daşıyan esselərin də müəllifidir. Təqdim etdiyimiz “Sənətdə səmimiyyət” essesinin Azərbaycan oxucuları üçün də maraqlı olacağının düşünürük.

                                                                       Məti Osmanoğlu

 

Oldos HAKSLİ

SƏNƏTDƏ SƏMİMİYYƏT

 

Ədəbiyyat agenti[1] Maykl Cozef ədəbiyyatın biznes tərəfi haqqında son kitabında bestsellerdən bəhs edir. Kitab necə olmalıdır ki, “Ford” maşını, sabun və ya yulaf əriştəsi kimi satılsın? Yəqin ki, hamımızı bu sualın cavabı maraqlandırır. Əgər pula dəyən bir sirrimiz olsaydı, dərhal dəftərxana dükanına gedib, altı quruşa bir bağlama kağız alıb, həmin sirri sehrli hərflərlə yazıb altı min funta satardıq. Kağızdan faydalı material yoxdur. Bir pud dəmiri saat mexanizminə çevirəndə qoy bir neçə yüz dəfə, lap minlərlə dəfə bahalaşsın; lakin populyar romana çevrilən bir pud kağızdan, həqiqətən də, milyonlarla gəlir götürülə bilər. Bircə kağızı populyar ədəbiyyata çevirməyin reseptini bilsən, yetər! Amma heyif ki, bu resept heç cənab Cozefə də bəlli deyil. Yoxsa cənab Cozef, əlbəttə ki, bestsellerlər yazacaqdı, çünki bu, onun hazırkı işindən, yəni kitab satmaqdan daha sərfəlidir. Bestseller səmimi olmalıdır – cənab Cozefin deyə biləcəyi söz budur. Bu tamamilə doğrudur, faydasının az olduğu dərəcədə qeyd-şərtsiz doğrudur. Hər cür ədəbiyyat, hər cür sənət, yaxşı, ya da pis satılmasından asılı olmayaraq, səmimi olmalıdır. İstər Çarlz Harvisi[2], istərsə də Şellini[3] təqlid et, qərəzli saxtakarlıq çoxlu sayda insanı çoxlu sayda illər uzunu aldada bilməz. Müəllif yalnız özü olmaqla uğur qazanır. Bu, aydındır. Yalnız “Azad olmuş Prometey”i yazan Şellinin ağlı kimi bir ağıl bestseller yazacaq. Saxta əsərlərin yaradıcısı öz müasirlərini aldada bilər, gələcək nəsilləri isə şübhəsiz ki, aldada bilməyəcək.

Düzdür, ədəbiyyat tarixində bilərəkdən edilmiş saxtakarlığa az rast gəlinir. Saxta əsərlərin yaradıcıları arasında Yelizavet dövründə yaşamış Qrin də var. O, Marlonun pyeslərini və Lilinin[4] romanlarını alqışlayan publikanın rəğbətini qazanmaq ümidi ilə “Evfues” əsərini və Marlonun poetik üslubunu mənimsəyib öz adına çıxdı. Öz üslubundan istifadə edərkən Qrinin öz üslubu valehedici və şirindir. Amma onun öz adına çıxdığı başqasının qələmi kimdəsə təəssürat yaradacaq qədər inandırıcı deyil.

Sonrakı dövrdə adı ədəbi saxtakarlıqda hallandırılan daha bir müəllif fransız Katyul Mendesdir[5]. Onun şablon əsasında tikilmiş, iyrənc qırışlı əsərlərini oxuyanda bu əsərlərin bu qədər insanı necə aldatdığına təəccüblənirsən – onun qızılının parıltısı belə ucuzdur, brilyantları isə teatr rekvizitlərinə oxşayır. Mendes kimilər insanları nə ilə maraqlandıra bilər? Onların yazdıqları sənət nöqteyi-nəzərindən heç nədir, ya da heç nə kimidir, bu üzündən o üzü görünən bu əsərlər  psixoloqu maraqlı və incə araşdırmalara həvəsləndirməyə qadir deyil. Bu insanlar pul üçün rəsm əsərlərlərinin və ya qədim mizlərin saxta surətlərini çıxardanlara bənzəyirlər. Amma qeyri-səmimi sənət bilərəkdən deyil, təsadüfən qeyri-səmimidirsə, müəllifin səmimi olmaq istəyinə baxmayaraq, qeyri-səmimidirsə, psixoloqun diqqətinə layiqdir.

Gündəlik həyatda səmimiyyət insanın iradəsindən asılıdır. Səmimi olub-olmamağa biz qərar veririk. Onda müəllifin səmimi olmaq istəyinə baxmayaraq, sənət əsərinin qeyri-səmimi ola biləcəyi barədə mübahisə etmək paradoks deyilmi? Əgər müəllif səmimi olmaq istəyirsə, mənə deyəcəklər, buyurun, ona burada öz bəd niyyətindən başqa heç nə mane olmur. Amma bu belə deyil. Sənətdə səmimi olmaq üçün təkcə səmimi olmaq istəyi yetərli deyil.

Həyatda səmimiyyət nümunəsi olsalar da, əsərləri qeyri-səmimi olan bir sıra sənətkarların adını çəkmək çətin deyil. Məsələn, Kitsin[6] və Şellinin dostu, nəhəng və təmtəraqlı dini rəsmlərin yaradıcısı Bencamin Robert Haydon belədir. Naşirlərin axmaqlığı ucbatından yarım əsrdir nəşr olunmayan tərcümeyi-halı bu qəbildən olan ən yaxşı kitablardan biridir, Haydonun həyatdakı səmimiyyətindən, nəcib idealizmindən, ilhamının çalxantılarından və oxucu üçün əziz olan saysız-hesabsız uğursuzluqlarından xəbər verir. Bununla belə, onun həyatını və ehtirasını əks etdirən rəsmlərə nəzər salın. Əgər tapa bilsəniz, bu rəsmlərə baxın, onlar qalereyaların divarlarında olmadığı üçün muzey zirzəmilərində saxlanılır. Buradakı ehtişam saxtadır, ehtiras soyuq və şərtidir, hiss parodiyadan və ritorikadan ibarətdir. Haydonun rəsmləri “qeyri-səmimidir” – istər-istəməz ağıla gələn bu söz olur.

Belçika rəssamı Virts də insan ilə rəssam arasındakı heyrətamiz təzadı göstərir, şəhərdəki təsviri incəsənət qalereyası ilə müqayisədə Vertsin Brüsseldəki emalatxanasına onun rəsmlərinin estetik dəyərə malik olduğuna və ruhu həyəcana gətirdiyinə görə deyil, əndazəsiz ölçüsünə və dəhşətli dərəcədə sentimentallığına görə daha çox insan gəlir. Bu əsərlərin Mikelancelonun xəyallarının daşıyıcısı olan müəllifi rəssamlığın Barnumu[7] oldu, onun muzeyinə sanki dəhşətli görüntülər otağına gəlirmiş kimi gəlirlər.

Əsərləri qeyri-səmimi və köntöy olan Alfyeri[8] də səmimi və dərin insanlar kateqoriyasına aiddir. Onun tərcümeyi-halı ilə bu küt, təmtəraqlı, basmaqəlib faciələrin eyni adam tərəfindən yazıldığına inanmaq çətindir.

İş bundadır ki, sənətdə səmimiyyət insanın iradəsindən, düzlüklə vicdansızlıq arasında mənəvi seçimindən asılı deyil. Bu, əsasən, istedaddan asılıdır. İnsan bəzən səmimi, dərin kitab yazmağı bütün qəlbi ilə istəyir, amma buna istedadı əl vermir. Niyyətinin əksinə olaraq, kitab cansız, yalançı çıxır, şərtiliklər və teatrallıqla dolu olur; yazdığı faciə poza verməyə və faqqılığa, yazdığı dram isə şümal melodrama çevrilir. Bütün bunları oxuyan tənqidçi əsnəyir, üzünü turşudur. Kitab qeyri-səmimidir, qərarı tənqidçi verir. Əsəri ən xoş niyyətlə yazan müəllif tənqidçinin ilk baxışda onun ədəb-ərkanını, mənəvi ləyaqətini şübhə altına alan, əslində isə intellektual qabiliyyətlərini ləkələyən hökmündən hiddətlənir. Çünki sənət dilində “səmimi olmaq” “psixoloq olmaq, düşüncə və hissləri təcəssüm etdirmək vergisinə sahib olmaq” deməkdir.

Bütün insanlar, əsasən, eyni hissləri yaşayır, lakin çox az adam nə hiss etdiyini dəqiq bilir və ya başqalarının hisslərini təxmin edə bilir. Psixoloji müşahidə riyaziyyat və ya musiqi qabiliyyəti kimi xüsusi bir istedaddır. Buna sahib olan azsaylı insanların da cəmi iki və ya üç faizi müşahidələrini bədii formada ifadə edə bilmək qabiliyyəti ilə doğulur. Bunun aydın nümunəsi. Çoxları – bəlkə də, demək olar ki, hamı – həyatında nə vaxtsa ehtiraslı eşqə tutulur, lakin bir qayda olaraq, heç də hamı öz hisslərini başa düşə bilmir və bu hissləri ifadə etməyi bacaran tək-tük insanlar olur. Boşanma məhkəmələrində və ya romantik intiharların araşdırılması zamanı oxunan sevgi məktubları əksər kişilərin və qadınların bədii cəhətdən köməksiz olduqlarını sübut edir. Onlar həyəcan keçirir, əzab çəkir, səmimi hisslərlə nəfəs alırlar, amma bunu yaza bilmirlər. Adi bir sevənin təmtəraqlı, şablon sözlər, oxşar ifadələr və ölü ritorika ilə dolu bir məktubuna romanda rast gəlinsə, çox qeyri-səmimi görünər. İntihar edən insanların həqiqi intihar məktublarını oxumuşam, bu məktublara resenziya yazmalı olsaydım, onları tamamilə qeyri-səmimilikdə ittiham edərdim. Halbuki, hisslərin səmimiliyinə insanın o hisslər ucbatından özünü öldürməsindən inandırıcı dəlil varmı? İntihar edənlərin yalnız istedadlıları bədiilik baxımından “səmimi” məktub yazırlar. Digərləri isə yaşadıqlarını ifadə edə bilməyərək, istər-istəməz ikinci dərəcəli romanın bayağı “qeyri-səmimi” ritorikasına qapılırlar.

Sevgililərdən gələn məktublar da belədir. Kitsin məhəbbət məktubları bizi heyran edir, burada əzabını tam dərk edən bir qəlbin canlı, güclü bir dildə əzabı təsvir edilir. Məktubların “səmimiliyi” (müəllif dahiliyinin bəhrəsidir) onları maraqlı edir; bu, Kitsin məktublarını bədii cəhətdən onun poeziyası qədər, bəlkə də, daha çox əhəmiyyətli edir. İndi o dövrün başqa bir gəncinin, əczaçı köməkçisinin sevgi məktublarını təsəvvür edin. O öz sevgilisi Fanni Bronu Kits kimi ümidsizcəsinə sevə bilərdi, amma yazdığı məktublar boş, darıxdırıcı, ümidsiz, “qeyri-səmimi” olacaqdı. O dövrün səssiz-səmirsiz unudulmuş sentimental romanlarının qəhrəmanları ondan daha yaxşı yazardılar.

Elə buna görə də sənət əsərini “qeyri-səmimi” kimi təyin edərkən bilmək lazımdır ki, o əsər sözün hərfi, etik mənasında qeyri-səmimidir ki, Qrinin və ya Mendesin saxta əsərləri kimi şüurlu şəkildə təqlid və ya stilizasiyadır. Əksər hallarda isə “qeyri-səmimi” sənət yalnız müəllifin qabiliyyətsizliyindən, psixoloji istedadının olmadığından, düşüncə və hissləri ifadə etmək üçün sənətkara lazım olan verginin çatışmadığından xəbər verir.

 

“Ədəbiyyat və incəsənət”

(11.11.2025)

 



[1]Ədəbiyyat agenti – nəşriyyatla yazıçı arasında vasitəçi

[2]Çarlz Harvis (1833-1920) – dedektiv əsərlə yazan Amerika yazıçısı

[3] Persi Biş Şelli (1792-1822) İngiltərə yazıçısı. Britaniya romantiminin klassiklərindən biri

[4] Con Lili (1554-1606) – İngiltərə yazıçısı, “Evfuos və ya hazırcavablığın anatomiyası”, “Evfuoa və onun İngiltərəsi” romanlarının müəllifi

[5] Katyul Mendes (1841-1909) – Fransa yazçısı

[6] Con Kits (1795-1821) – İngiltərə şairi, romantizmin nümayəndəsi, bir müddət əczaçı olub

[7]Финиас Тейлор Барнум (1810-1891) – Amerika şoumeni, sirk ustası

[8] Vittorio Alfyeri (1749-1803) – İtaliya şairi, faciə, komediya, sonet, satiralar, eləcə də “Astili Vittorio Alfyerinin özünün söylədiyi həyatı” kitabının müəllifi

 

Çərşənbə axşamı, 11 Noyabr 2025 18:10

Azərbaycan kinosu - inkişaf və sosial refleksiya

 

Kübra Quliyeva, “Ədəbiyyat və incəsənət”

 

Azərbaycan kinosu zamanın əks-sədası kimi hər bir dövrün çətinlikləri, sevincləri və kədərini özündə cəmləyən bir sənət növüdür. 

 

Tarixin müxtəlif mərhələlərində çəkilən filmlər, yalnız əyləncə vasitəsi deyil, həm də cəmiyyətin psixologiyasını, ideallarını və sosial dinamikalarını izah edən bir gücə sahibdir. Bu, filmlərin yalnız vizual təsirini deyil, həm də onların düşüncə və hiss dünyamızla necə əlaqə qurduğunu göstərir. 

Azərbaycan kinosu, sosial məsuliyyəti, xalqın dərdlərini, sevinclərini və ümidlərini özündə yaşadaraq bəşəriyyətin zəngin mənəvi xəzinəsinə qatılıb.

 

Azərbaycan kinosunun inkişafı və sosial refleksiyası

 

Azərbaycan kinosunun əsas inkişaf mərhələləri, xüsusilə Sovet dövründən sonra, dərin tarixi və sosial dəyişikliklərə əsaslanır. İlk dəfə 20-ci əsrin ortalarında çəkilən "Arşın Mal Alan" kimi filmlər, cəmiyyətin mədəniyyətini və gündəlik həyatını əks etdirərək, sosial təbəqələşməni, insan münasibətlərinin kompleksliyini və dövrün romantikləşdirilmiş idealını özündə birləşdirib. Film, bir tərəfdən klassik Azərbaycan musiqisinin bədii tərcüməsi, digər tərəfdən isə kiçik bir kəndin ictimai həyatına dair dərin bir analizdir. O dövrün özünəməxsus vəhdətini, inkişafa olan ehtiyacı, hətta özünə dönük ideallarını müəyyənləşdirir.

 

Sovet dönəmində Azərbaycan kinosu

 

Bu dönəm, xüsusən 60-70-ci illər həqiqətən milli kinomuzun çiçəklənməsi, intibahı dövrü olub. O dövrdə çəkilmiş bir çox film kinomuzun qızıl fondunu təşkil edir. (“Bəxtiyar”, “O olmasın, bu olsun”, “Arşın mal alan”, “Ögey ana”, “Ulduz”, “Əhməd haradadır”, “Şərikli çörək”, “Bizim Cəbiş müəllim”, “Yeddi oğul istərəm”, “Tütək səsi”, “Onu bağışlamaq olarmı”, “Uzaq sahillərdə” kimi filmlər heç vaxt dəbdən düşmür, yenə də milyonlarla insanın bezmədən izlədiyi filmlərdir. 

Bu sırada “Nəsimi” (1973) filmi də yer alır. 

“Nəsimi" filmi, təkcə bir şairin həyatını deyil, həm də ideallar uğrunda mübarizənin əhəmiyyətini tərənnüm edir. Bu film, zəmanə vi cəmiyyətin müxtəlif təbəqələri və həyat tərzləri arasında bir bağ quraraq, insanın mənəvi dəyərlərinin universallığını göstərir. Film, şair Nəsiminin həyatından daha çox, insanın öz kimliyini tapmağının və azad düşüncə uğrunda mübarizənin obrazıdır.

 

Müstəqillik dönəmində Azərbaycan kinosu 

 

Müstəqil Azərbaycan kinosu, özünü yalnız mədəni təmsilçiliyi ilə deyil, həm də sosial və tarixi məqamları ilə göstərir. 

Ən yeni filmlərdən biri "Vətəndaş A" (2024) filmidir. Bu film gənclərin öz mövqeyini tapmaq, hüquqlarını qorumaq və mühafizəkar, mürtəce cəmiyyətə qarşı mübarizə aparmaq əzmini təmsil edir. Həyatın müxtəlif çətinlikləri ilə üzləşən bu gənclər mübarizənin ruhunu yaşadır və gəncliyin sosial təzyiqlərə qarşı baş qaldırmasında daha çox fərdiliklərini qorumağa çalışır. Cəmiyyətin zamanla təkrarlanan, monotonlaşdırılmış problemlərini əks etdirən bu film, xüsusilə sosial və mədəni dəyişikliklərə dair bir çağırışdır.

 

Tarixi mövzulara yönəlmiş nümunələr

 

Azərbaycan kinosunun başqa bir gücü, tarixə olan bağlılığıdır. 1990-cı illərdə müharibə və sosial gərginliklərlə dolu dövrün izlərini çəkən "Tütək Səsi" filmi Azərbaycanın ən ağrılı dövrlərindən birinin tarixi və şəxsi anlarını açır. Film, yalnız ölkənin müharibə illərindəki dövrünü əks etdirmir, həm də insanın müharibə qarşısındakı ruh halını və psixoloji vəziyyətini göstərir.

Bu nöqtədə, tarixə müraciət edən filmlər, Azərbaycanın keçmişinə olan bağlılığını və cəmiyyətin bu keçmişdən necə öyrəndiyini açır. Həm "Koroğlu", həm də "Bütün yollar kəndə aparır" kimi filmlər, müxtəlif dövrlərin sosial və mədəni aspektlərini təqdim edərək Azərbaycanın kino tarixində əvəzsiz yerlərini qoruyurlar.

 

Ümumi refleksiya

 

Azərbaycan kino sənayesi, çoxşaxəli mövzularda özünü göstərir. "Arşın mal alan", "Nəsimi" və "Vətəndaş A" kimi filmlər arasındakı keçidlər, kinosal sənətin yalnız əyləncə məqsədini güdmədiyini, eyni zamanda ictimai məsuliyyət daşıdığını ortaya qoyur. Azərbaycan kino sənayesinin irəliyə doğru atdığı addımlar, həm də cəmiyyətin özünü tanıması və müasir dövrün cəmiyyətinin qarşısında duran sosial və mənəvi məsələlərin dərin təhlilini verir. Hər bir film, öz dövrünün, cəmiyyətinin və insanın dünyaya olan münasibətinin özünü təzahür etdirən bir aynasıdır.

Şübhə yoxdur ki, ot öz kökü üstündə bitdiyindən, kinomuz da öz çoxillik zəngin ənənələrinə istinad edərək inkişaf edəcək, sabahın kinosu müvəffəqiyyətlə çəkiləcək. 

 

“Ədəbiyyat və incəsənət”

(11.11.2024)

 

Çərşənbə axşamı, 11 Noyabr 2025 11:30

“Deyim, niyə o gün yağış yağdı?” – Varisin essesi

Varis, “Ədəbiyyat və incəsənət                                          

 

 Berjeron və Findayzen.

 Çox qəribədir, hətta hər gün üz-üzə gəldiyim əksər qonşumun belə adını yadımda saxlaya bilmirəm, amma bu iki şəxsin soyadları nədənsə beynimin dərinliklərinə yazılıb.

   

Martın 15-də yaz yağışı qəfildən başla. Yağışın növləri çoxdur: narın yağış, leysan yağışı, qarlı yağış, kor yağış... İndi yağansa şıdırğı yağışdır.

Küçənin prospektlə kəsişən tinində görürəm onları. Oğlanla qızı. İnzibati binanın girişindəki çıxıntının altında sığınacaq tapıb üz-gözlərindən su süzülə-süzülə bir-birinə tamaşa edirlər. Oğlan necə də ovaxtkı mənə və qız necə də o vaxtkı ona bənzəyir. Ayaq saxlayıb matdım-matdım onlara tamaşa etməyə başlayıram. Xatirələr məni necə götürüb illər öncəyə aparırsa yağışın altında dayanıb islandığımın fərqinə varmıram.

Universitetdən çıxardıq, heç kəs sezməsin, söz-söhbət olmasın deyə bura kimi bir-birimizdən aralı gələr, bu tində əl-ələ tutub hey baxışar, söhbətləşərdik. Səsimiz necə titrəyərdi, ürəklərimiz necə döyünərdi...

O vaxt həmin o sevgi dolu anların necə dəyərli, insan həyatının bəlkə də ən qiymətli hissəsi olmasını duymurduq. Yalnız indi, keçən illərin yüklərini çiynimə yüklədikdən sonra anlayıram ki, düz deyirlər, insanın ən böyük xoşbəxtliyi gəncliyi, sevib sevildiyi anlarıdır. Deməzsənmiş, insan uzun müddət sevmək arzusuyla, qısa müddət sevərək və daha uzun müddət sevgi xatirələriylə yaşayırmış.

 

...Deyəsən islanmağa başlayıram...

Onlar necə də bəxtəvər-bəxtəvər baxışırlar. Oğlan çeçələ barmağıyla qızın yanağındakı yağış damcısını necə nəvazişlə silir. Qız necə incə gülümsəyir.

Təsadüfə bax. Bir qədər öncə Stiv Cobsun ölüm yatağında ikən yazdıqlarını oxuyub təsirlənmişdim. Anlamışdım ki, sevginin əsl həqiqətdə nə olduğuna ən gözəl tərifi məhz o kişi verib.

Bura bizim daimi görüş yerimiz idi. Burada qovuşub bir-birimizdən ayrı qaldığımız müddətin hesabatını verdikdən sonra prospektlə üzüaşağı düşərdik. O, yanımca elə yüngülcə addımlayardı, sanki ayaqlarını asfalta yox, pambığa basır. Haçan diqqət edirdimsə, görürdüm addımlarımızı eyni vaxtda, eyni ayaqla atırıq. Hətta arada bu eynilikdən bezib bir addım ləngiyib ayağımı dəyişirdim, ahəngi pozurdum. Amma sonra başım nəyəsə qarışırdı, yenidən ayaqlarımıza fikir verəndə görürdüm ki, yenə də addımlarımız eyniləşib...

Yol boyu başını əsla qaldırmazdı, sanki oğlanla yanaşı gəzdiyinin suçunu duyardı... Bizi kiminsə görməsindən elə ehtiyat edərdi ki...

Oğlan qıza nəsə pıçıldayır, o da gülümsəyir. Gözləri neçə parıldayır qızın. Yəqin sevgi etirafını eşidir. Qızlar sevgi etirafını eşidəndə çiçək kimi açır, ayrılığın gəlişindən xəbərdar olanda isə saralıb solurlar.

Əslində, 25 ildə sevgi prosesində ən əsas dəyişən şey bilirsiniz nədir? O vaxt oğlan 2 qəpiklik tapanda, rastına telefon avtomatı çıxanda, bu telefon avtomatında novbəylə qarşılaşmayanda, qızın evdə danışmaq imkanı olanda – yəni böyük çətinliklər bahasına, 3 – 4 gündən bir qızla danışmaq imkanı əldə edərdi. Amma indi mobil telefon bu 3 – 4 gün intervalını haradasa 3 – 4 dəqiqə edib, ünsiyyət xoşbəxtliyini urvatdan salıb.

Stiv Cobs nə yazmışdı?

    ...

Hə, yazmışdı ki, hazırda xəstəxana çarpayısında uzanaraq bütün həyatımı xatırlayıram. Başa düşürəm ki, həyatım boyu qürur duyduğum bütün tərif və zənginlik indi olduğum qaçılmaz ölüm ayağında çox cılız görünür. Ömrüm uzunu qazandığım sərvəti özüm ilə apara bilmirəm. Özümlə apara biləcəyim yeganə şey – sevgi dolu xatirələrimdir.

Düzü, çox kövrəlmişdim bunları oxuyanda. Hətta gözlərim yaşarmışdı da.

Bu nədir, lap islandım ki.

Yağışın altında key-key durmağım yoldan keçənləri təəccübləndirir. Ayaq saxlayıb, bəlkə də, ağlını itirmiş birisi hesab etdikləri mənə diqqət yetirməyi özlərinə borc bilirlər.

Hərəsi başına bir şey keçirib. Ancaq çətir tutanı yoxdur.

Hətta oğlanla qız da maraqla mənə baxmağa başlayırlar.

Oğlan dəri gödəkcə geyinib. Qız plaşdadır. Mən də 25 il əvvəl dəri gödəkcə geyinməyi xoşlayardım. O isə plaş da geyinərdi, sırıqlı gödəkcə də.

Yağış – bütün bədii ifadə vasitələrini bir qırağa qoysaq, əslində buluddan damcı şəklində tökülən mayedir. Yağış damcılarının diametri 0,5 kvadrat millimetrdən 7 kvadrat millimetrədək olur. Su damçılarının yuxarısı enli, aşağısı nazikdir. Ən böyük damcılar paraşüt formasına malikdir. Damcıların düşmə sürəti isə ölçülərindən asılıdır. Xırda damcılar 2 – 6 metr/saniyə, böyüklər isə 9 – 30 metr/saniyə sürətə malik olur.

Bizim bir görüşümüz də eynən belə bir yağışlı gündə olmuşdu...   Prospektlə islana-islana düz avtovağzalacan getmişdik.   Həmişə dilotu yeyibmiş kimi danışan mən hey susurdum. Bu halım onu öncə təəccübləndirmiş, sonra qorxutmuşdu. Etiraf edim ki, qorxusu özünü doğrultdu. Həmin görüş bizim son görüşümüz oldu. Ertəsi gün ona dama-dama dəftər vərəqinə yazdığım şeirimi göndərdim. Vəssalam. Dörd il uzanan sevgi yolumuz beləcə qırıldı.

Kim bilir, indi haradadır, həyatı necə keçir. Heç bilmirəm də ki, əlləri yenə buztək soyuqdurmu, güləndə yenə yanaqlarında çökəklər əmələ gəlirmi, utancaqlığından yenə dəqiqəbaşı qulaqlarının dibinəcən qızarırmı, saçının şampun ətri yenə valehedicidirmi.

Həmin o bizi ayıran gündən düz iki gün öncə prospektdəki iri baqqaliyyə mağazasının qarşısında (indi yerində yapon restoranıdır) bizi dama-dama paltarlı bir qaraçı yaxalamışdı, əlindəki Borya adlı tutuquşu ilə falımıza baxmağa cəhd eləmişdi. Mən əyləncə sevənəm, «baxsın» demişdim, amma qız qorxmuşdu, əlimdən çəkib «gedək» söyləmişdi. Tutuquşunun biclik yağan muncuq gözlərindən baxışımı qoparanda qızın xeyli aralandığını görüb qaraçıya üzrxahlıq edərək qızın ardınca götürülmüşdüm. Soruşmuşdum ki, niyə axı qoymadın gələcəyimizi bilək. Qəribə bir fikir bildirmişdi. Demişdi ki, fal – falçının əhval-ruhiyyəsindən asılı olaraq ağlına gələni söyləməsidir. Təəssüf ki, zaman aldanaraq bu söylənilənləri gec-tez reallaşdırır...

Buna deyərlər, təpədən dırnağa qədər islanmaq. Amma heç bir narahatlıq duymuram. Hətta əllərimi kənara açıb, başımı arxaya əyib lap uşaq kimi üzümü yağışın altına tuturam.

 

Yağış – 0 dərəcə C-dən aşağı temperaturda soyudulmuş damcılar və buz kristarlarından ibarət olan qarışıq buludlardan tökülür. Yağış buludlarının yaranması müxtəlif temperaturlu iki hava kütləsinin qarşılaşmasından, habelə rütubətli havanın yerin soyuq qatı ilə təması nəticəsində baş verir.

Stiv Cobsun bayaq oxuduqlarımın içində nöqtə-vergülünü, tiresini belə heç vaxt unutmayacağım bir cümləsi var, yazır: «Hər birinizin həyatında pərdələrin  enəcəyi gün gələcək, yalnız həmin gün başa düşəcəksiniz ki, sizin tək xəzinəniz – sevginizdir».

Qoyun görüm, o uzaq illərdə yazdığım və dama-dama dəftər vərəqinə köçürüb ona yolladığım şeiri xatırlaya bilirəmmi...

    ...

Hə, xatırladım.

 

    Bir gün yeri-göyü başına alan

    selləmə bir yağışın

    ucundan tutub

    gəlsəm, gəlsəm,

    sənə çata bilərəmmi?

    Yağışa qarışaraq

    yanağın boyunca axan

    göz yaşlarını

    tapıb silərəmmi?

    Biz axı yağış dəlisiydik.

    Yağış təki

    küçələr boyu axardıq,

    Sonra da üz-gözümüzdən su süzülə-süzülə

    bəxtəvər-bəxtəvər

    baxışardıq.

    «...Baxışında soyuqluq...»

    «Ürəyində yadlıq...»

    «Dilində yalan...»

    Nə bilim daha nə, daha nə,

    yüz cürə uydurma,

    yüz cürə əfsanə

    ...Təkcə sənə yox,

    özüm özümə də yükəm.

    Neynəyim, gülüm,

    Başıma haranın daşını töküm?

    Əzəli bizsiz yazılan,

    sonu bizsiz pozulan

    ömür deyilən yükü çəkə-çəkə

    düşmüşük qarğışa.

    Sən Allah, çətir tutma,

    sən Tanrı,

    çətir tutma yağışa...

 

Yox, bu yağış kəsənə oxşamır. Navalçalardan şırıltı ilə gələn su daş döşənmiş səkinin üzəri ilə yürüş edir. Kontur kağızları, siqaret kötükləri qayıqlara, gəmilərə çevrilib limanlarına doğru üzməkdədirlər.

Dabanlarımı yerə sıxıb pəncələrimi qaldırıram ki, ayaqqabımın içinə su dolmasın.

Nədirsə bu mart bizim Abşerona dalbadal yağışlar yağır. Gözlənilməzdir.

 

Ən çox yağışlar rütubətli küləklərlə yüksək dağ silsilələrinin qarşılaşdığı ərazilərdə olur. Dünyada yağışın ən çox yağdığı yer Hindistandadır – Benqal körfəzinin şimalı və Kxasi dağının cənub silsiləsi.

Mərkəzi Amerikanın bir hissəsi, Zond adaları, Amazonka düzənlikləri, Çin və Yaponiya da yağışın çox yağdığı yerlərdir. Ən az yağış yağan yerlər isə Saxara, Ərəbistan, İranın əksər hissəsi, bir də Aral – Xəzər çökəkliyidir.

Yüz faiz bu belədir. Biz – dünyanın ən az yağış yağan qurşağındayıq. Amma, sən gəl, indi bu yağışın yağmağına bax da.

   

Oğlan bir əlini cibinə qoyub, bir ayağını divara dirəyib. Ara-sıra dikəlir, sinəsini qabağa verir. O biri əlini də tez-tez telinə çəkir.

İnsan da insana bu cür oxşayarmı?

25 il əvvəli görürmüş kimi həsədlə, qibtəylə oğlanla qıza baxıram. Anlaşılmaz hisslər keçirirəm. Hərdən hansısa qüvvə məni onlara tərəf çəkir. Çəkir ki, adlarını öyrənim. Adlarını soruşanda və öz adlarımızı eşidəndə dəli olmarammı?

Elə bu vaxt gəlib beş addım aralıda bir qoca kişi dayanır. Təəccübümə səbəb olaraq mənə baxmağa başlayır, köks ötürür. Yağışdan islanmasın deyə ovcunda gizlətdiyi siqaretdən dərin qullab vurur.

Tanrım, bu qoca da eynən mənə bənzəyirmiş ki. 25 il sonramı görürmüş kimi qüssəylə, ümidsizliklə onun azacıq əyilmiş vücuduna tamaşa etməyə başlayıram.

Nəyə deyirsinizsə and içərəm, bu qoca düz 25 il əvvəl gəlib bax burada eynən mənim kimi dayanıb daha 25 il əvvəlki özünə və sevdiyi qıza bənzər cütlüyə – bizə tamaşa edib.

Hətta görüşlərimizi təsəvvürümdə canlandırmağa çalışıram ki, görüm ətrafdakı insanlardan diqqətimizi çəkən olmuşdumu...

Ay yağış, sən kəsəcəksən, ya yox?

Qabaqlar çətir gəzdirmək bir dəb idi. Göyün üstündə kiçicik bir qara bulud göründümü, kişilər qara, qadınlar alabəzək çətirlərini götürərdi.  Günəş yandırıcı şüalarını səpələməyə başladımı, yenə hamı çətirə sarılardı. Amma indi az-az adamda çətir görərsən. Biri başına sellofan torba keçirir, biri portfelini tutur, biri qəzet bürüyür.

Onun çətirlərini heç unutmuram. Tanışlığımızın ilk iki ilində üstündə çəhrayı-mavi rəngli xırda gülləri olan ağ çətir götürərdi. Sonrakı il dayısı oğlu ona əskərlik çəkdiyi Polşadan tüng qırmızı rəngli, iri qızılı butaları olan əntiqə bir çətir gətirmişdi, onu götürürdü. Əvvəlki yerli istehsaldan olan çətiri yalnız yağışda götürdüyü halda bunu günəşdə də götürürdü. Bu çətir ayrı aləm idi, hamının diqqətini cəlb edirdi. Altına girəndə mən də qürurlanırdım.

Hansısa əli qırılmış metroda oğurladı o çətiri. Yazıq qız, növbəti il yenidən yerli çətir götürəsi oldu. Adicə saya qırmızı...

Bəlkə elə bu da tale işidir, bu səhər heç yağış yağacağı ehtimalı yox idi, amma mənim gözümə internetdə çətir barədə məlumat sataşmışdı: çətirlər sintetik, su keçirməyən neylon və poliamid materialdan düzəldilir, bu material metal məftillərdən ibarət karkasa bərkidilir. Eramızdan əvvəl XI əsrdə artıq çətirlərə rast gəlinirdi. Çətirin vətəni Çin və Misir hesab olunur. O vaxtlar çətir hakimiyyət simvolu sayılırdı, yalnız fironlar və imperatorlar, bir də onların ən yaxın ətrafı çətirdən istifadə etmək hüququna malik idi...

Oğlanla qız telefonlarının kamerasıyla yağışı çəkməyə başlayırlar. Oğlan çəkir, qıza göstərir. Qız çəkir, oğlana göstərir. Çox nikbindirlər, çox şəndirlər.

 

Yeri gəlmişkən, yağışın yağması yalnız atmosferdə müəyyən temperatur şəraitində mümkündür ki, bu şəraitə də yalnız Yer kürəsində rast gəlinir. Və bu şərait atmosferin aşağı qatlarında hava cisimlərini aqreqat halında qoruya bilən suyun hesabına mümkündür. Su yağışı yalnız bizim planetdə mövcuddur. Saturnda metan, Venerada isə sulfat turşusu yağışı yağır...

 

Oğlanla qız və qoca mənə, mən isə həm oğlanla qıza və həm də qocaya baxmaqdayıq.

Keçmiş, bu gün və gələcək. Bu gündən keçmişə, sonra gələcəyə... Bu gün sanki bir qatar platformasıdır. Oradan gah keçmişə, gah gələcəyə saysız-hesabsız qatarlar yollanır...

Qəfildən içimdə əminlik yaranır ki, düz 25 il bundan sonra eynən bu cür yağışda hansısa gənc oğlan və qız indi yağışdan daldalanan bu sevişən cütlüyün yerini tutacaq, indi mənə təəccüblə baxan bu sevən oğlan yaşlaşacaq, mənim bax bu indiki yerimdə dayanıb yağışdan islanaraq gənc oğlanla qızı süzəcək, mən də qocanın yerində qərarlaşıb qırışmış üz-gözümün suyunu silə-silə sevişən cütlüyə həsədlə baxan yaşlaşmış oğlana baxacaq, köks ötürəcəyəm...

Bəlkə də həmin gün yağış indinkindən daha güclü, yaxud daha zəif yağacaq. Və bəlkə də, həmin gün damcıların şırıltısına həzin bir səs də qoşularaq pıçıldayacaq:

 

    Sən Allah, çətir tutma,

    sən Tanrı,

    çətir tutma yağışa...

   

Və az qala unudacaqdım.

Berjeron və Findayzen...

Yağış damcılarının tökülməsi yalnız bir halda – su damcıları buz kristalında donanda baş verir, bu proses olmasa yağış yağmaz. Su damcılarının buz kristalında donması prosesi də məhz Berjeron – Findayzen prosesi adlanır.

Yağış lap şiddətlənir. Məni gərək oğlanla qız da, qoca da bağışlasınlar, evə qaçmaq zorundayam.

Lənət şeytana, ayaqlarım nə yaman islanıb...

Paltarım ağırlaşıb, bədənimə elə kip yapışıb ki...

    ...

Görəsən, hər halda, o vaxt üzərində iri qızılı butaları olan tünd qırmızı rəngli çətiri kim oğurladı axı?

                    (mart, 2016)

 

“Ədəbiyyat və incəsənət”

(11.11.2025)

 

Xalq yazıçısı, akademik Kamal Abdullanın əsərlərindən seçilmiş bir sıra qranula – cövhər sayıla biləcək məqamları “Ədəbiyyat və incəsənət” oxucularına təqdim edir.

 

Kamal Abdulla özü seçilmiş bu cövhərlər barədə yazır: “İllərdən bəri yazdığım müxtəlif şeirlərin, esselərin, pyeslərin, hekayə və romanların, publisistik məqalələrin və elmi əsərlərin, verdiyim intervülərin hər birinin içində yer almış və bu gün də öz məzmunu, tutumu, forması ilə diqqətimi çəkən misralar, cümlələr günlərin bir günü sanki dil açıb mənə dedilər ki, bizim bir-birimizdən zaman və məkanca ayrılığımıza son qoy və bizi bir-birimizin yanında yerləşdir. Sən görəcəksən ki, bu zaman biz tamamilə yeni bir cazibədə zühur etmişik. Onlar qeyri-səlis məntiq dili ilə desək, içində olduqları mətnin qranulaları (ilkin vacib hissəcikləri) idi. Qranula, başqa cür ifadə etsək, cümlədən (mətndən) bütün artıq hissələri siləndən sonra yerdə qalan cövhərdir.”

 

Beləliklə, hər gün Kamal Abdulladan 7 qranula:

 

1.

“ Mən kiməm?” sualı “mən kim deyiləm?” sualının o biri üzündən başqa bir şey deyildir.

2.

“Mənə ağlayan gözləriniz olaydı,

 Məni sevən ürəyiniz.

 Mən elə sizəm, siz.”

3.

Dostoyevski: “Gözəllik dünyanı xilas edəcək.”

Bəs niyə etmir?!

4.

O.Mandelştam:

“Yuxusuzluq. Homer. Bir də tarım yelkənlər.

Yarıyacan ancaq saydım - sonu yox gəmi.

 Elladanın göylərində durnalar kimi Süzüb,

süzüb hara üzür onlar bu səhər?!”

Tərcümədə son təcrübələrdən.

5.

Mənim həyatım?! Boş şeydir – bir neçə (bəlkə də bir çox) adama yaxşılıqlar eləmək və bunun “ağır” nəticəsini görmək üçün həyata keçirdiyim müəyyən zaman və məkan işğalıdır.

6.

Dünyaya gələndən sonra gəldiyin yerdə nə vardısa, nə olmuşdusa, hamısı yaddan çıxır.

7.

Əli Kərim: “Nə xoşbəxt imişəm bir zaman, Allah...”

Misra bütün əlacsızların himni kimi.

 

“Ədəbiyyat və incəsənət”

(11.11.2025)

 

 

 

 

Çərşənbə axşamı, 11 Noyabr 2025 14:04

Hər gün kitablar haqqında 5 qeyri-adi fakt

 

Könül, “Ədəbiyyat və incəsənət”

 

“Ədəbiyyat və incəsənət” portal insanlarda mütaliəyə maraq oyatmaq üçün ən müxtəlif yollara əl atır. Effekt doğuran bir yol da mütaliə barədə maraqlı faktların dərc edilməsidir. LitRes ədəbiyyat dərgisindən kitablar barədə maraqlı faktları sizinlə bölüşürəm. Üç gün ərzində hər gün 5 maraqlı fakt.

 

 

Aleksandr Düma məşhur müəllifə "Üç muşketyor" və "Qraf Monte — Kristo" yazmağa kömək etmək üçün romançı Augusta make-"ədəbi zənci"ni işə götürmüşdür.

 

Franz Kafka ölümündən əvvəl bütün işlərini yandırmaq üçün dostu Max Broddan xahiş etdi. "Qala"," proses "və" Amerika " yazıçının iradəsinə qarşı nəşr olundu.

 

"Guinness Rekordlar Kitabı" nın versiyasına görə ən məhsuldar müəllif Barbara Kartland romanı üzrə hər iki həftə yazırdı.

 

Lev Tolstoyun "müharibə və sülh" romanının adına "sülh" sözü "dünya" sözü "ətraf aləm" (inqilabdan əvvəlki "Mir") mənasında deyil, antonim müharibəsi kimi işlədilir. Romanın bütün çap edilmiş nəşrləri məhz "müharibə və sülh" adı altında buraxılır, lakin müxtəlif vaxtlarda müxtəlif nəşrlərdə yazıların səhvlərinə görə, sözün "MIR" kimi yazıldığı bu günə qədər adın əsl mənası ilə bağlı mübahisələri dayandırmır.

 

Məşhur müasir müəlliflərdən birinin — Paolo Koelonun yaradıcılığı İranda tamamilə qadağandır. Və niyə, yerli hakimiyyət orqanları izah etməkdən çəkinmirlər.

 

“Ədəbiyyat və incəsənət”

(11.11.2025)

 

 

 

 

 

 

 

Çərşənbə axşamı, 11 Noyabr 2025 10:29

Bütöv Azərbaycan amalından güc alan poeziya

 

 

Təranə Turan Rəhimli, filologiya elmləri doktoru, dosent. “Ədəbiyyat və incəsənət” üçün

 

Balaş Azəroğlu deyəndə, ilk olaraq Güney Azərbaycanda yaşayan qan qardaşlarımızın azadlıq mübarizəsi və 21 Azər hərəkatı yada düşür. Milli azadlıq mücadiləsini boğmaq istəyən, o tay-bu taylı Vətənin nəfəsini tıxayan qanlı əlləri qoparıb atmaq yolunda hər cür təzyiqə mərdliklə sinə gərən azadlıq mücahidlərindən biri idi Balaş Azəroğlu. Bu gün onun doğum günüdür.

 

Yaradıcılığı boyu bütöv Azərbaycan amalına sadiq qalan, qələminə sarılıb mübarizəsini davam etdirən şair millətinin səsini bütün dünyaya duyurmaq istəyirdi. “Elə oğul istəyir vətən...” adlı şeirindəki kimi:

 

İndi elə oğul istəyir vətən

düşmənlərin başına 

alov töksün dilindən!

Qalxıb Savalan dağına

bir millətin dərdini 

bütöv Şərqə bağırsın,

Qoy qoca Şərq eşitsin

dili bağlı,  

qolu bağlı,

Sinəsi çarpaz dağlıların 

səsini!  

 

Təsadüfi deyil ki, Balaş Azəroğlunun bu şeiri 1960-cı ildə dərc olunandan dərhal sonra Xalq yazıçısı və böyük tənqidçi Mehdi Hüseyn “Şair Azəroğluya açıq məktub” ünvanlı məqalə yazmış, siyasi lirikanın gözəl örnəyi olan bu əsərin doğurduğu sevinci ədəbi ictimaiyyətlə bölüşmüşdü. Mehdi Hüseyn bu şeirdə “sərrast atəşə bərabər tutula biləcək iti və kəsərli parçalar”ın təsirindən doğan həyəcanla yazırdı: “Mən sənin əsərini oxuyanda həm sevinir, həm də qəzəblənirdim, sevinirdim ona görə ki, sən xalqımızın ən görkəmli şairlərindən biri kimi Səməd Vurğun ənənələrinə sadiq qalaraq mənə Vurğunun səsini və nəfəsini xatırladırsan, aktual-siyasi məsələləri həqiqi şeir dili ilə yazmağı bacarırsan; qəzəblənirdim ona görə ki, sənin odlu misralarını oxuduqca başı min bəla çəkmiş Azərbaycan xalqının qəddar düşmənləri ilə sanki bir daha üz-üzə dururam”.   

Balaş Azəroğlu poeziyası sərhədlərlə, tikanlı məftillərlə Güney və Quzey Azərbaycanı ayıranların bir milləti bütövlük amalından, milli ruhundan, mənəvi dəyərlərindən ayıra, qopara bilmədiklərinin isbatıdır. O, bütöv Azərbaycanın şairidir. Şairin yaradıcılığını azərbaycançılıq kontekstində nəzərdən keçirəndə bu əzəmətli poeziyanın başdan-başa milli düşüncə həmrəyliyinin, bütövlüyün, milli təəssübkeşlik və vətənpərvərliyin tərənnümünə həsr olunduğunu müşahidə edirik. Şair SSRİ-nin mövcudluğu, həmin dövrün siyasi gerçəklikləri və sovet ideologiyasının hakim olduğu dövrdə milli birlik, milli bütövlük ideyasını şeirlərinin mərkəzi mövzusuna çevirmişdi. Tənqidçilərin Güney mövzusu kimi təhlil etdiyi, siyasi lirika örnəkləri kimi dəyərləndirdiyi bu şeirlərdə böyük bir millət sevgisi, milli tarixi kimliyə, yüzilliklərdən gələn dəyərlərə, əzəmətli keçmişə, dünənə sahib çıxmaq ideyası son dərəcə qüvvətli səslənir. Həsrət, nisgil qoxulu bu şeirlərdə həm də vətəndaşlıq qürurundan güc alan cəsur bir azadlıq çağırışı var. “Susmaq mənə ağır gəlir” deyən sənətkarın bu çağırışını əks etdirən bir çox misralar bədii təsir gücü ilə oxucunu dərindən düşündürür, onun ruhuna sirayət edir:

 

Səadət vətəndədir, məncə, 

Torpağı, göyü, 

suyu, sərvəti azad vətəndə!

Oğlu, qızı, 

dili, sənəti azad vətəndə.  

 

Balaş Azəroğlu 1921-ci il noyabrın 11-də Bakıda anadan olmuş, orta təhsilini burada almış, ədəbiyyat müəllimi Cəfər Rəmzinin təsirilə qəlbində ədəbiyyat sevgisi cücərmişdi. Valideynləri İran təbəəsi olduqlarından 1938-ci ildə ailəcə Güney Azərbaycanın Ərdəbil şəhərinə sürgün edilərkən bu ədəbiyyat sevgisini də qəlbində götürüb aparan gəncin həyatında yeni bir yol başlamışdı. Bu yol onu fars ibtidai məktəbindən milli azadlıq hərəkatı mücahidliyinə, 21 Azər hərəkatına qədər aparıb çıxarmışdı. İran Xalq Partiyasının üzvü, “Azərbaycan zidd faşist cəmiyyəti”nin Ərdəbil vilayəti şöbəsinin sədri, həmin cəmiyyətin orqanı “Yumruq” qəzetinin redaktoru, Azərbaycan Demokratik Firqəsi Ərdəbil vilayət komitəsinin şöbə müdiri, “Cövdət” qəzetinin redaktoru, “Şairlər məclisi”nin Ərdəbil şöbəsinin rəhbəri, Təbrizdə Azərbaycan Dövlət Radio Verilişləri Komitəsinin sədr müavini, “Yazıçılar və Şairlər Cəmiyyəti”nin idarə heyətinin üzvü kimi səmərəli siyasi, ədəbi və jurnalistik fəaliyyəti illərində (1941-1946) Balaş Azəroğlu bütün gücü ilə bütöv Azərbaycan amalının gerçəkləşməsi məramına xidmət edib. Güney Azərbaycanda milli mübarizənin öndəri Səttarxana həsr etdiyi şeiri ilə müsabiqə qalibi və mükafatçısı olduğu vaxtdan başlayaraq azadlıq mübarizəsini tərənnüm edən poeziyası ilə ədəbi mühitin diqqətini öz üzərində toplayıb.

“Dnepr” (1937) adlı ilk mətbu şeirini hələ Bakıda ikən yazsa da, həqiqi sənət yolu, qələmini bir ömürlük savaşa – milli mübarizəyə həsr edəcəyi yol Ərdəbildən başlamış, ilk şeir kitabları Ərdəbildə və Təbrizdə nəşr olunmuşdu. Keşməkeşli ömür isə qarşıdaydı. İranın getdikcə mürəkkəbləşən siyasi həyatı, milli azadlıq hərəkatı mücahidləri və milli hökümət tərəfdarlarına amansız divan tutulması, Seyid Cəfər Pişəvəri başda olmaqla Azərbaycan Milli hökümətinin qurucularının böyük işgəncələrə məruz qalması, sonu görünməyən siyasi təzyiqlər onun mənsub olduğu Abizadələr ailəsini də yenidən öz el-obasından ayrılmaq məcburiyyəti qarşısında qoyur. Ailə Bakıya qayıdır. Beləliklə, Balaş Azəroğlunun Azərbaycan Dövlət Universitetindən başlayan təhsil yolu onu müxtəlif məsul vəzifələrdə elmimizi, ədəbiyyatımızı layiqincə təmsil etməsinə qədər gətirib çıxarır.

Həyatının, yaradıcılığının, fəaliyyətinin zirvəsində isə həmişə Güney mövzusu yer alır. Güney Azərbaycan Yazıçıları Cəmiyyətinin sədri kimi fəaliyyəti, Güneyli şair Məhəmməd Əmani yaradıclığından namizədlik dissertasiyası müdafiə etməsi, Saib Təbrizi yaradıcılığını doktorluq dissertasiyası mövzusu kimi seçməsi də bu faktı bir daha təsdiqləyir. O, “Azərbaycan” qəzetinin redaksiyasında ədəbi-bədii şöbənin müdiri və məsul redaktoru işlədiyi illərdə ədəbi-publisistik yazılarında Güney mövzusu xüsusi aktuallıq qazanır. 

Elmlər Akademiyasının Nizami adına Ədəbiyyat İnstitutunun “Orta yüzillər ədəbiyyatı” şöbəsinin baş elmi işçisi işlədiyi vaxtlar Güney şairlərinə son dərəcə təəssübkeş münasibətlə yanaşır, onların ədəbi irsinin öyrənilməsi, əsərlərinin fars dilindən Azərbaycan dilinə tərcüməsi, kitablarının tərtibi işinə böyük əmək sərf edir. Məhəmməd Hüseyn Şəhriyarın farsca şeirlərinin tərcüməsi, “Məhəmməd Əmani” adlı monoqrafiyası, bir çox Güneyli klassik şairin, eləcə də Saib Təbrizinin “Seçilmiş əsərləri”nin (Bakı, Yazıçı, 1980) tərtibi, qəzəl, qəsidə, təkbeytlərinin fars dilindən tərcüməsi, ön söz, çıxarış və şərhlərinin yazılması bu əməyin nəticəsidir. Azərbaycan Yazıçılar Birliyinin Güney Azərbaycan ədəbiyyatı üzrə baş müşaviri kimi xidmətləri də öz ədəbi amalına həyatının sonunadək sadiq qalmağın örnəyidir.

Güneyli şairlər içərisində məhz Balaş Azəroğlunun Azərbaycanın həm Güneyində, həm də Quzeyində böyük nüfuz qazanmasını şərtləndirən amillər vardı. Tənqidçi Məsud Əlioğlunun yazdığı kimi, “Azəroğlu, İran Azərbaycan poeziyasının yeni mərhələsində – şeirin müasirlik hissi ilə get-gedə qüvvətləndiyi, mühüm hadisələri əks etdirməyə qabil olduğu əlamətdar bir vaxtda şair kimi məşhur olmuşdur. Onun qələmə aldığı mövzular, toxunduğu və canlandırdığı həyat həqiqətləri, Səttarxan, Xiyabani və Pişəvəri kimi mərd mübarizlərin, xalq hərəkatı qəhrəmanlarının döyüş əzmini, vətənpərvərlik ideallarını və şəxsi-ictimai fədakarlığını əks etdirən müasir İran Azərbaycan şeirinin ən yaxşı, qabaqcıl ənənələrinin davamı kimi diqqəti cəlb edir”.  

Azərbaycanın həm quzeyində, həm də Güneyində yaşayıb yaratdığı üçün Balaş Azəroğlunun ədəbi yenilikləri Güney şeirinə gətirmək imkanları vardı. Əruzdan başqa vəzn tanımayan, xalq şeiri vəzni olan hecaya belə xor baxan Təbriz şairlərinin sərbəst vəzni qəbul etməsində şairin önəmli rolu olub. Yeni fars şeirinin banisi Nima Yuşicin və Xalq şairi Rəsul Rzanın Balaş Azəroğlunun yenilik axtarışlarına təsiri onunla nəticələnib ki, o, Güney Azərbaycan şeirinə sərbəst vəzni gətirməklə yanaşı, bu poeziyada hecanın mövqeyini də möhkəmlədib. Xalq yazıçısı Anarın “O taylı-bu taylı şeirimizin ağsaqqalı” məqaləsində müşahidə etdiyi kimi, “onun bu tarixi xidməti Güney Azərbaycan ədəbiyyatına yeni bir ab-hava gətirməklə bərabər, ümumazərbaycan şeirində də mühüm və parlaq bir səhifədir”. 

89 illik bir ömrün Güney harayını, bütöv Azərbaycan sevgisini Balaş Azəroğlunun bütün şeirlərində görmək mümkündür. Ərdəbildə, Təbrizdəykən Bakının həsrətini çəkən şair Bakıda yaşadığı illərdə də Güney Azərbaycanın nisgilinə dözə bilmirdi. Ömrünün ahıl yaşlarında yazdığı şeirlərdə Təbriz arzusunu dua kimi dilə gətirirdi. 2001-ci ildə qələmə adığı “Ulu Tanrım” adlı şeirində Tanrıya üz tutub dualarında “Qismət ola, bir də görəm Təbrizi” deyir. “Təbriz yuxuma gəlir”, “Mən istəyən zaman ola”, “Nigarançılıq”, “Niyə qoydun gəldin?!”, “Şeyx Səfi küçəsi” kimi şeirlərində bu nisgil daha qabarıq görünür. Xudafərinə həsr etdiyi “Vüsal körpüsü” şeirində də Vətənlə bağlı ən müqəddəs arzusunu dilə gətirir: 

 

Bir körpü olmaq istəyirəm,

Hicran daşlarından hörsünlər onu,

Daha hicran olmasın,

Kəsməsin insanların yolunu.

Adı “vüsal körpüsü” olsun.

İnsanlar keçsin üstündən

Vətəndən Vətənə.

Gəlib çatmamış ömrümün sonu

Kaş o körpüdən keçmək

Qismət ola bir gün mənə...

 

Onun “sevgilim” ünvanlı, ömür-gün yoldaşı Mədinə Gülgünə yazdığı şeirlərdən də Təbriz, Ərdəbil qoxusu gəlir. Şair Mədinə xanımı adi həyat yoldaşı yox, Təbrizlə bağlı ən ülvi xatirələrin şəriki, milli azadlıq yolunda qoşa addımladığı məslək yoldaşı, qələm, fikir, amal dostu kimi yüksək dəyərləndirir. “Unuda bilmirəm” şeirində Mədinə Gülgünün vəfatından doğan acı kədəri, tənhalığı ifadə edərkən bu duyğuları daha qabarıq görürük.

Dönüb çiyninin üstündən gəldiyi yollara baxanda nə qədər təlatümlü illər yaşadığını görən şair buna əsla peşman olmur, çünki bu həyəcanların hamısı vətənlə bağlıdır, insana şərəf verən, baş ucalığı gətirən təlatümlərdir. “Ömrüm mənim” şeirində yazdığı kimi: 

 

Keşməkeşdə keçdi gəncliyim, 

Təəssüf etmirəm yenə.

O illəri yenidən qaytarsalar mənə

İnan, beləcə yaşayaram

Başı uca, üzü ağ.

Ömrün payızına qədəm qoyub

Tökülsəm də yarpaq-yarpaq,

Qəm yemə sevgilim.

Bir də ki, nə qəm,

Mən ki, gəncliyimi itirməmişəm.

Hələ qışa da çox var...

Nə üçün yaşadığını duyan

Ömrün payızın, qışın da

Üzü ağ yaşayar. 

 

“Ana Vətən” adlı şeirinin ovqatı da belədir. “Hər şey isidə bilməz, Həyatı bahar kimi, insanı Vətən kimi!” deyən şairin hər bir şeirində vətən var, azadlıq arzusu var. “Qızıl balıq” adlı şeirində hovuza atılan böyük bir qızıl balığın sıçrayıb özünü hovuzdan kənara atmasını belə şair azadlıq üsyanı kimi görüb mənalandırır:

 

– Ey insan, vurma əllərini!

Toxunma!  

Onu dalğası adam boyu qalxan 

dənizə aparmayacaqsan əgər!

Əl vurma nahaq!

Sənin beş addımlıq hovuzunda 

o qalmayacaq.

...Əl vurma!

O balığa ey insan!

Əl vurma, əgər onu 

azadlığa çıxartmayacaqsan!

 

Balaş Azəroğlu vətənin hər iki tayında azadlıq mübarizəsinin şəhid qanları bahasına başa gəldiyini öz gözləriylə görüb, həmin üsyanların bilavasitə iştirakçısı və ya şahidi olub. “Azadlığa qəsd olundu” şeirində şair iki fərqli zamanda – 1946-cı ilin 12 dekabrında Təbrizdə axıdılan qanı və 1990-cı ildə Bakıda 20 yanvar faciəsini xatırladır. Hər iki milli faciədə “qar üstündə qırmızı laləyə bənzəyən” insan qanını Balaş Azəroğlu “azadlığın qanı” hesab edir, istiqlal yolunun bu qanın içindən keçdiyini vurğulayır:

 

Əvvəl Təbrizdə qəsd oldu azadlığa,

Sonra Bakıda.

Fəqət ölmədi azadlıq,

Güneydə batan günəş

Quzeydə doğuldu.

Azadlıq ilahi nemətdir,

İstər gülləyə tut, istər dardan as,

Onu boğmaq olmaz,

Öldürmək olmaz.

 

Şeirlərindən birində şairi bal arısına bənzədən Balaş Azəroğlu şairlərin fikri, arzunu, sözə çevirib misra-misra düzdüyü şeirin çalarlarını yaratdığı ovqata görə belə fərqləndirir: 

 

Şeir var, qulaq asanda yatırsan,

Şeir var ayağa qaldırır yatanları.

 

Bu misra onun bütövlükdə yaradıcılıq yolunu, poeziyasının başlıca məramını ifadə edir. Balaş Azəroğlu poeziyası Vətənin azadlıq mübarizəsi üçün milləti ayağa qalxmağa səsləyən Vətən fədaisinin, Ərk qalası kimi əzəmətli İnsanın bir ömürlük üsyanıdır. Bu üsyanda saç ağardan şairin vətənləşən həyat xronikasında bütöv Azərbaycan görünür.

 

“Ədəbiyyat və incəsənət”

(11.11.2025)

 

 

 

 

8 Noyabr 2025-ci ildə Bakı şəhəri Xətai Sənət Mərkəzində Mirvarid Dilbazi Poeziya Məclisinin təşəbbüsü və təşkilatçılığı ilə "Konstitusiya və Suverenlik ili" çərçivəsində "Kəlağayı Günləri - 2025" layihəsi çərçivəsində "Xarıbülbüllü kəlağayım" adlı tədbir keçirildi.

 

“Ədəbiyyat və incəsənət” portalına Mirvarid Dilbazi Poeziya Məclisindən verilən məlumata görə, tədbir zəfərimizin 5 illiyinə və Zəfər gününə həsr olunub. Tədbirdə "Kəlağayı Ev Muzeyi"nin eksponatlarına baxış keçirildi.

Vətən uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi anıldı.

Tədbirdə Xətai Rayon Ağsaqqallar Şurasının sədri , şəhid atası Mürvət Əsgərov, şəhid bacısı Aybəniz Camalova,  Xətai Rayon Ağsaqqallar Şurasının müavini Nizami Gülzalı oğlu,, QHT rəhbəri Mehriban Abdullayeva,  KİV  nümayəndələri, qazilər çıxış etdilər.  Vətənpərvərvərlik mövzusunda mahnılar oxundu, şeirlər səsləndi.

Polad Ağanın təqdimatında "Rüfət Əsgərovların cənnətdə görüşü" tamaşası təqdim olundu. "Kəlağayı Ev Muzeyi"ndən başlanan layihənin  davamı bu gün də Bakı Xətai Sənət Mərkəzində keçirildi. Davamı Gəncə, Qazax, Tovuz, Biləsuvar, Şəki, Astara, Sumqayıt və digər bölgələrimizdə keçiriləcək.

Sonda Mirvarid Dilbazi Poeziya Məclisinin sədri, Kəlağayı Ev Muzeyinin direktoru, layihə rəhbəri  Güllü Eldar Tomarlı Bakı Xətai Sənət Mərkəzinin rəhbərliyinə və  tədbir iştirakçılarına təşəkkürünü bildirdi.

 

“Ədəbiyyat və incəsənət”

(11.11.2025)

Çərşənbə axşamı, 11 Noyabr 2025 13:33

İlk azərbaycanlı... Zaman beyində işləyir

Elman Eldaroğlu, “Ədəbiyyat və incəsənət”

 

Zaman beyində işləyir…

 

İntervensional nevrologiya tibbin ən həssas sahələrindən biridir. Ölkəmizdə bu sahə üzrə demək olar ki, ixtisaslaşmış həkim yoxdur. Bildiyiniz kimi bədəndəki digər damar sistemlərindən fərqli olaraq, beyin damarları olduqca nazik strukturlardır, diametri cəmi bir neçə millimetr, hətta bəzi nahiyələrdə bir millimetrdən də az olur. İnsult zamanı laxtanın çıxarılması, həmin nahiyəyə stent yerləşdirilməsi və ya anevrizmanın bağlanması kimi həyati əhəmiyyətli müdaxilələrin kateterlə bu damarlarda hərəkət etməklə aparılması həkimdən yüksək qayğı, qabaqcıl texniki bacarıqlar və lazımi avadanlıq tələb edir.

 

Haqqında söhbət açmaq istədiyim Vüqar Cəfər məhz tibbin bu sahəsi üzrə uzmandır. Zarafat deyil, o, İstinye Universitetində bu sahədə ixtisasartırma təhsili alan ilk azərbaycanlı və Türkiyədə yalnız 40 nevroloqdan biridir…

“Sol tərəfim tamamilə iflic olmuş halda onun yanına getdim və sağalacağıma heç bir ümidim yox idi. Onun sayəsində indi əllərimi və ayaqlarımı hiss edirəm. Çox şanslıyam ki, işini mükəmməl bilən uzman doktor Vüqar Cəfər kimi birinə rast gəldim. O, çox nadir hallarda rastlaşdığım azsaylı uzmanlardan biridir. Mən deyərdim ki, o, təkcə həkim deyil, ürəyinizi asanlıqla aça biləcəyiniz gözəl insanlardan biridir. Allah ona uzun ömür versin!”- bu kəlmələr onun şəfa verdiyi insanlardan birinə məxsusdur…

Vüqar Gülhüseyn oğlu Cəfər 1991-ci ilin may ayının 13-də Cəlilabad rayonunun Göytəpə şəhərində anadan olub. Əslən Yardımlının Arus kəndindəndir. Orta təhsilə Göytəpədə yiyələnib. Elmə və insan sağlamlığına olan dərin marağı, onu Azərbaycan Tibb Universitetinə gətirib. Universitetin üçüncü kursunda oxuyarkən Prezident təqaüdünə layiq görülüb və Türkiyəyə göndərilib. Orada o, təhsilini Ondoqquz Mayıs Universitetinin Tibb Fakültəsində davam etdirərək 2015-ci ildə məzun olub. Daha sonra Dicle Universitetinin Nevrologiya kafedrasında ixtisas təhsilini başa vurub və 2020-ci ildə Nevrologiya Mütəxəssisi adına layiq görülüb. Lakin, o yalnız klassik nevrologiya ilə məhdudlaşmayıb. Nevrologiyanın ən qabaqcıl və nadir hallarda tətbiq olunan sahələrindən biri olan İnvaziv Nevrologiyaya üzrə uzman kimi yetişib…

...Çox yaradıcı insandır, estetik istedadlıdır. Hərəkətlərində çox diqqətlidir. Kiməsə zərər vurmaqdan uzaqdır. Öhdəliklərini yerinə yetirmək üçün yorulmadan, o cümlədən gecələr də işləyə bilir. Fəaliyyətində sakit və dinc mühitə üstünlük verir. Romantikdir, hadisələrdən tez təsirlənir. Son dərəcə cəlbedici, ləyaqətli və xarizmatikdir. Təbii olan hər şeyə meyllidir. Səmimi davranışı, yüksək mədəniyyəti ilə ətrafındakılara nümunə olmağı bacarır. İnsanlara qarşı yumşaq və mehribandır. İstər iş, istərsə də adi həyatda hər şeyin ən yaxşısını etməyə çalışır…

Deyir ki:- “Təsəvvür edin ki, apardığım əməliyyatlar heç bir kəsik olmadan, hətta bir millimetr ölçülü damarlar üzərində olur. Buna görə də, intervensional nevroloq radioloq kimi damar girişini izləyir, cərrah kimi əməliyyat aparır və nevroloq kimi beyin funksiyasını qoruyuram. Bu sahə ən yüksək risk, bacarıq və texnologiya səviyyəsini birləşdirir…”

O, 2022-ci ildə Türkiyənin İstanbul şəhərində qapalı prosedur texnikalarına malik “Medicana Beynəlxalq Xəstəxanası”nda VGR İnsult Bölməsini quraraq və öz komandası ilə fəaliyyətə başlayıb və dünyada nevrologiyanın ən sürətlə inkişaf edən sahələrindən biri olan invaziv insult müalicəsini tətbiq edən ilk həkimlərdən biridir. Onun  rəhbərliyi altında qurulan VGR İnsult Bölməsi, çoxsahəli yanaşması ilə bu sahədə aparıcı mərkəzlərdən biridir. Bu müalicələrə aşağıdakılar daxildir: Beyin arteriyasının tıxanması üçün angioplastika (trombektomiya), karotid arteriya stenozu üçün stent yerləşdirilməsi və beyin anevrizmalarının qapalı dövr müalicəsi (spiral və ya axın yönləndiricisi tətbiqi. Dünyada yalnız bir neçə mərkəzdə istifadə edilən bir texnika olan karotid arteriya vasitəsilə kök hüceyrə terapiyası üzərində işləyən Dr. Cəfər bu texnikanı Türkiyədə tətbiq edən ilk nevroloqlardan biridir. Bu müalicə, insultdan sonra zədələnmiş beyin toxumasının bərpasına töhfə verməyi hədəfləyən gələcəyin tibbi texnologiyalarından biridir…

...Cəmiyyət içərisində ön planda olmağı, seçilməyi xoşlamır, sakit yaşamağı və özünü səbirli aparmağı bacarır. Dostluqda çox sadiqdir.  İncə və səmimi yumoru yaxşı duya bilir. İşlərində daimi və stabildir. Bəli, stabil olması da onun ən müsbət xüsusiyyətlərindən biridir. Yalanı, xəyanəti qəti sevmir və bağışlamır. Hətta qarşısındakı insanın yalan danışdığını dərhal hiss edə bilir. İntizamlı, nəzakətli və nəcibdir. Elə bu xüsusiyyətlərinə görə də uğur ondan yan ötmür. Demək olar ki, bir çox işdə müvəffəqiyyət əldə etməyi bacarır…

Vüqar Cəfər yalnız insult müalicəsində mövcud metodlara diqqət yetirmir, həm də regenerativ tibb sahəsində tədqiqatlar aparır. Onun bu sahədəki vizyonu, insultdan sonrakı reabilitasiyadan kənara çıxmaq və beyin hüceyrələrinin canlandığı bir dövrün başlanğıcıdır. O, təkcə öz sahəsini mükəmməl bilən uzman deyil, həm də elmi biliklər yaradan bir akademikdir. Ümumdünya İnsult Təşkilatının və Avropa İnsult Təşkilatının fəal üzvü olaraq, qlobal elmi ictimaiyyətlə daim qarşılıqlı əlaqədədir. O, müntəzəm olaraq dünyada və Türkiyədə keçirilən insult konqreslərində çıxış edir və milli və beynəlxalq ekspert rəyi almış tibbi jurnallarda dərc olunan məqalələri ilə elmi ictimaiyyətə töhfə verir. Bütün bunlara görə də,  haqqında qürurla bəhs etdiyim uzman doktor Vüqar Cəfər həm işlədiyi klinikada, həm də akademik sahədə "məhsuldar və aparıcı nevroloq" kimi seçilir. O, həmçinin Türkiyədəki Azərbaycan Həkimlər Assosiasiyasının təsisçisi və prezidentidir. Bu assosiasiya vasitəsilə o, iki ölkə arasında tibbi əməkdaşlığı gücləndirir və gənc Azərbaycan həkimlərinə mentorluq edir, onların peşəkar inkişafına töhfə verir. İnsult müalicəsində hər saniyənin bir həyat demək olduğunu bilən Vüqar həkim nevrologiyanı təkcə bir ixtisas kimi deyil, həm də həyat xilas etməyin ən incə forması kimi görür.

Onun uzaqgörənliyi beynin mürəkkəb damar yollarında həyatı yenidən canlandırmaq və bu möcüzəni hər bir xəstədə yenidən yazmaqdır. Axı, zaman beyində işləyir…

 

“Ədəbiyyat və incəsənət”

(11.11.2025)

Çərşənbə axşamı, 11 Noyabr 2025 14:29

“Maraqlı söhbətlər”də nigeriyalı oğlan

 

Nemət Tahir, “Ədəbiyyat və incəsənət” portalının Qarabağ təmsilçisi

 

O, bir zamanlar Laqosun (Nigeriya) tozlu küçələrində dolaşan balaca bir oğlan idi. Arıq, yorğun, ac. Evi yox, əlindən tutacaq biri yox, onu gözləyəcək bir qapı da yox idi. Uşaqların adətən oynayıb-güldüyü yaşda,o, həyatda sağ qalmağı öyrənirdi.

 

Bir tikə çörək üçün kimə yaxınlaşmağı və kimdən qaçmağı isə yaxşı bilirdi. Gecələr isə şəhərin səs-küylü olduğu bağlı mağazaların yanında və ya körpünün altında yatırdı. Bununla belə həyatda qalmaq üçün içində kiçik bir qığılcım vardı.

Günlərin birində isə güclü tropik yağış altında qarşısına Britaniyadan olan bir qadın çıxır. Qadın burada könüllü kimi çalışırdı və küçə uşaqlarına kömək edirdi. Qadın həmin gün ona yemək verir. Ertəsi gün, yenidən qayıdır. O biri gün yenə də gəlir...

Bir dəfə qadın ona yumşaq, lakin qətiyyətlə deyir: “Sən artıq küçələrdə yaşamalı deyilsən. İstəyirsənsə, mənimlə gedək”.

Uşaq sadəcə sakitcə başını tərpədir. Beləliklə, onun həyatında yeni dövr başlayır.

Keçmişin yaraları tez keçib getmir.  Həmin illər yuxusuz gecələr, qorxulu anlar idi. Amma indi hər şey fərqli idi: stolun ətrafında gülüş, İlk dərslik, ilk məktəb günü. O, öz gələcəyini qurmaq üçün inadkarlıqla oxudu və çalışdı. Və o gün gəlib çatdı:

O, məzun kimi məktəbin buraxılış mərasiminə qatılır. Adı ucadan səslənir. Səhnəyə çıxır. Çiynində isə mantiya xalatı. Onun anası olmuş qadın isə bu səhnəni görəndə, sevincdən ağlayırdı.

Bu heç bir qan, qohumluq və ya borc tələb etməyən bir sevgi hekayəsidir.

 

“Ədəbiyyat və incəsənət”

(11.11.2025)

“Ədəbiyyat və incəsənət” portalının Tələbə yaradıçılığı rubrikasında Ağdam Sosila-İqtisad kollecinin tələbəsi Ayşən Cəfərlinin “İkinci məktub” hekayəsi təqdim edilir.

 

Səidə xala dağlıq bir kənddə yaşayırdı. Kəndin ən ucqarındakı tənha ev ona məxsus idi. Burada nə telefon vardı, nə də siqnal — sanki müasir dünya bu evin qapısından içəri keçə bilmirdi. Sakitlik yalnız küləyin səsi ilə bölünürdü. Oğlu Təbriz isə Vətənin keşiyində dayanan igidlərdən biri idi. Səidə xala yaxşı bilirdi ki, sərt soyuqda əllər necə çatlayır, ayaqlar necə buz kəsir. Toxuduğu corabları poçtla əsgərlərə göndərir, hər göndərişdə ürəyindən bir parça da yola salırdı.

Bu günlərdə nigaranlığı daha da artmışdı. Müharibənin otuz dördüncü günü idi. Təbrizdən son məktubu alandan düz bir ay keçmişdi. Hər gün köhnə radiodan xəbərləri dinləyir, “bəlkə bu gün məktub gələr” ümidi ilə yaşayırdı.

Günorta ev işlərini bitirib həyətə düşdü. Səssizlik kənd havasından da soyuq idi. Heç kimin gəlmədiyini görəndə üzündəki yorğun gülüş bir az da soldu. Yelləncəyin yanına keçib yeni aldığı iplərlə yarımçıq qalan corabları toxumağa başladı. Hər ilmə — bir dua. Oğluna, oğlu kimi əsgərlərə.

Elə bu vaxt bir neçə kənd sakini onu ziyarətə gəldi. Səidə xala həm onlarla söhbət edir, həm də corab toxumağa davam edirdi. Təbrizin uşaqlıq xatirələrindən danışdıqca gözləri dolur, dodağının kənarındakı o titrək gülüş özləmə qarışırdı. Dağlıq ərazinin soyuğu içəriyə qədər işləyirdi. Evdə təkcə onun incə səsi, küləyin uğultusu və sobadakı odunların çatırtısı eşidilirdi.

Söhbət bir anda kəsildi. Qapı döyüldü. Səidə xala qapını açanda qarşısında Əbülfət kişini gördü. Onun əlində tutduğu zərf Səidə xalanın gözünə ilk toxunan şey oldu. Adətən məktub gətirəndə sevinirdi, amma bu dəfə kişinin baxışları qəribə idi — ağır və dolu.

   Salam, Səidə bacı, — dedi Əbülfət kişi, səsi titrəyirdi.

   Salam Əbülfət qardaş, məktub var?

Əbülfət kişi başını yavaşca tərpətdi və açıb oxumağa başladı:

“Salam, anacan. Necəsən? Hava necədir orada? Bilirəm, sən yenə çöldə oturub corab toxuyursan. Amma etmə, canım anam. Soyuqdur oralar. Neçə dəfə demişəm, kəndə en, Məryəm xalagildə qal. Yanında adam olsun. Sən məndən, mən də səndən nigaranam. Narahat olma, hər şey qaydasındadır. İnan, bu torpaqlar üçün dəyər. O üçrəngli bayrağı ən uca zirvədə dalğalanan görmək var ha… bax, o mənzərə hər şeyə dəyər. Qələbə bizim olacaq. Səni çox sevirəm, anam. Özündən muğayat ol.”

Səidə xala məktubu dinlədikcə göz yaşlarını saxlaya bilmədi. Əbülfət kişinin səsi titrəyib kəsildi. Qadın başını qaldırıb ona baxdı:

— Başqa nə yazır? Niyə susdun?

Əbülfət kişi dərindən nəfəs aldı.
— Bu məktub on gün əvvəl yazılıb… bu gün çatıb. Amma… bu gün başqa bir xəbər də gəldi, Səidə bacı.

Səidə xalanın ürəyi sanki yerindən qopdu.
— Nə xəbəri? — dedi, səsi güclə çıxaraq.

Kişi gözlərini gizlətməyə çalışdı, amma alınmadı.
— Başın sağ olsun, Səidə bacı. Vətən sağolsun.

Dünya bir anlığa səssizləşdi. Rənglər soldu, nəfəs yarım qaldı, döyüntülər qulaqlarında ağır bir gurultu kimi səsləndi. Dizləri boşaldı. Qorxu böyüdü, böyüdü… keçməyəcək kimi. Çünki gedənlər heç vaxt geri dönməyənlərdi.

Əllərində tutduğu çərçivəyə baxdı. Gözündən süzülən yaş şəklin şüşəsinə düşdü. Şəkli bərk-bərk qucaqladı. Çöldə yağış sel kimi yağırdı. Hər damcı evin içində sanki daha gur eşidilirdi. Radio cızıltılı səslə xəbərlər verirdi, sobadakı od isə alovlanmağa davam edirdi.

Səidə xala indi tamamilə tək idi. Tək övladı vardı. Onu da Vətənə qurban vermişdi. Şam işığının zəif sarı işığında böyük guşənin qarşısına keçdi. Oğlunun şəklini divardakı digər şəklin — yoldaşının şəhid olduğu illəri yazan çərçivənin yanına asdı.

— Bir oğlum daha olsaydı… — pıçıldadı, — Onu da Vətənə qurban verərdim…

Əvvəl 1967–1992 yazan yoldaşının şəklinə, sonra 1991–2020 yazan oğlunun simasına baxdı. Əlləri ilə oğlunun gülən üzünə toxundu. Dodaqları titrədi:

— Mən onu qoruya bilmədim… Sən onu qoruyarsan, elə deyilmi?

Sobanın alovu yüksəldi, kölgələr iki şəklin üzərində rəqs etdi.

Bu evə iki dəfə qara xəbər düşmüşdü. İki dəfə bayraq gətirilmişdi. İki dəfə “dözümlü olun” deyilmişdi. Amma o heç vaxt diz çökməmişdi. O, iki canını torpağa vermişdi. Və yenə də ayaqda idi.

Bu ev də hüsnündə dalğalanmış iki bayrağa görə qürurluydu.

 

“Ədəbiyyat və incəsənət”

(11.11.2025)

 

63 -dən səhifə 2595

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.