“Ədəbiyyat və incəsənət” portalının Tələbə yaradıçılığı rubrikasında Ağdam Sosila-İqtisad kollecinin tələbəsi Ayşən Cəfərlinin “İkinci məktub” hekayəsi təqdim edilir.
Səidə xala dağlıq bir kənddə yaşayırdı. Kəndin ən ucqarındakı tənha ev ona məxsus idi. Burada nə telefon vardı, nə də siqnal — sanki müasir dünya bu evin qapısından içəri keçə bilmirdi. Sakitlik yalnız küləyin səsi ilə bölünürdü. Oğlu Təbriz isə Vətənin keşiyində dayanan igidlərdən biri idi. Səidə xala yaxşı bilirdi ki, sərt soyuqda əllər necə çatlayır, ayaqlar necə buz kəsir. Toxuduğu corabları poçtla əsgərlərə göndərir, hər göndərişdə ürəyindən bir parça da yola salırdı.
Bu günlərdə nigaranlığı daha da artmışdı. Müharibənin otuz dördüncü günü idi. Təbrizdən son məktubu alandan düz bir ay keçmişdi. Hər gün köhnə radiodan xəbərləri dinləyir, “bəlkə bu gün məktub gələr” ümidi ilə yaşayırdı.
Günorta ev işlərini bitirib həyətə düşdü. Səssizlik kənd havasından da soyuq idi. Heç kimin gəlmədiyini görəndə üzündəki yorğun gülüş bir az da soldu. Yelləncəyin yanına keçib yeni aldığı iplərlə yarımçıq qalan corabları toxumağa başladı. Hər ilmə — bir dua. Oğluna, oğlu kimi əsgərlərə.
Elə bu vaxt bir neçə kənd sakini onu ziyarətə gəldi. Səidə xala həm onlarla söhbət edir, həm də corab toxumağa davam edirdi. Təbrizin uşaqlıq xatirələrindən danışdıqca gözləri dolur, dodağının kənarındakı o titrək gülüş özləmə qarışırdı. Dağlıq ərazinin soyuğu içəriyə qədər işləyirdi. Evdə təkcə onun incə səsi, küləyin uğultusu və sobadakı odunların çatırtısı eşidilirdi.
Söhbət bir anda kəsildi. Qapı döyüldü. Səidə xala qapını açanda qarşısında Əbülfət kişini gördü. Onun əlində tutduğu zərf Səidə xalanın gözünə ilk toxunan şey oldu. Adətən məktub gətirəndə sevinirdi, amma bu dəfə kişinin baxışları qəribə idi — ağır və dolu.
— Salam, Səidə bacı, — dedi Əbülfət kişi, səsi titrəyirdi.
— Salam Əbülfət qardaş, məktub var?
Əbülfət kişi başını yavaşca tərpətdi və açıb oxumağa başladı:
“Salam, anacan. Necəsən? Hava necədir orada? Bilirəm, sən yenə çöldə oturub corab toxuyursan. Amma etmə, canım anam. Soyuqdur oralar. Neçə dəfə demişəm, kəndə en, Məryəm xalagildə qal. Yanında adam olsun. Sən məndən, mən də səndən nigaranam. Narahat olma, hər şey qaydasındadır. İnan, bu torpaqlar üçün dəyər. O üçrəngli bayrağı ən uca zirvədə dalğalanan görmək var ha… bax, o mənzərə hər şeyə dəyər. Qələbə bizim olacaq. Səni çox sevirəm, anam. Özündən muğayat ol.”
Səidə xala məktubu dinlədikcə göz yaşlarını saxlaya bilmədi. Əbülfət kişinin səsi titrəyib kəsildi. Qadın başını qaldırıb ona baxdı:
— Başqa nə yazır? Niyə susdun?
Əbülfət kişi dərindən nəfəs aldı.
— Bu məktub on gün əvvəl yazılıb… bu gün çatıb. Amma… bu gün başqa bir xəbər də gəldi, Səidə bacı.
Səidə xalanın ürəyi sanki yerindən qopdu.
— Nə xəbəri? — dedi, səsi güclə çıxaraq.
Kişi gözlərini gizlətməyə çalışdı, amma alınmadı.
— Başın sağ olsun, Səidə bacı. Vətən sağolsun.
Dünya bir anlığa səssizləşdi. Rənglər soldu, nəfəs yarım qaldı, döyüntülər qulaqlarında ağır bir gurultu kimi səsləndi. Dizləri boşaldı. Qorxu böyüdü, böyüdü… keçməyəcək kimi. Çünki gedənlər heç vaxt geri dönməyənlərdi.
Əllərində tutduğu çərçivəyə baxdı. Gözündən süzülən yaş şəklin şüşəsinə düşdü. Şəkli bərk-bərk qucaqladı. Çöldə yağış sel kimi yağırdı. Hər damcı evin içində sanki daha gur eşidilirdi. Radio cızıltılı səslə xəbərlər verirdi, sobadakı od isə alovlanmağa davam edirdi.
Səidə xala indi tamamilə tək idi. Tək övladı vardı. Onu da Vətənə qurban vermişdi. Şam işığının zəif sarı işığında böyük guşənin qarşısına keçdi. Oğlunun şəklini divardakı digər şəklin — yoldaşının şəhid olduğu illəri yazan çərçivənin yanına asdı.
— Bir oğlum daha olsaydı… — pıçıldadı, — Onu da Vətənə qurban verərdim…
Əvvəl 1967–1992 yazan yoldaşının şəklinə, sonra 1991–2020 yazan oğlunun simasına baxdı. Əlləri ilə oğlunun gülən üzünə toxundu. Dodaqları titrədi:
— Mən onu qoruya bilmədim… Sən onu qoruyarsan, elə deyilmi?
Sobanın alovu yüksəldi, kölgələr iki şəklin üzərində rəqs etdi.
Bu evə iki dəfə qara xəbər düşmüşdü. İki dəfə bayraq gətirilmişdi. İki dəfə “dözümlü olun” deyilmişdi. Amma o heç vaxt diz çökməmişdi. O, iki canını torpağa vermişdi. Və yenə də ayaqda idi.
Bu ev də hüsnündə dalğalanmış iki bayrağa görə qürurluydu.
“Ədəbiyyat və incəsənət”
(11.11.2025)


