Super User
ŞEİR SAATI – Aysel Xanlarqızının şeirləri ilə
“Ədəbiyyat və incəsənət” portalının Şeir saatı rubrikasında bu gün sizlər Aysel XANLARQIZInın şeirləri ilə tanış olacaqsınız.
***
Sən cəsur döyüşçüm, mən əsir yurdun,
Bir Turan arzulu türküm, boz qurdum.
O taylı-bu taylı Xudafərinim,
Qoynuna tələsən Təbriz hayqırtım...
Ayrı qitələrdə həsrət yanğısı ,
Dərviş səbrindəki təklik ağrısı.
Mövlanəm, üləmam, sufim, zahidim,
Eşqə təsəvvüfüm,Tanrı çağrısı...
Bu şəhid ruhumun azad şəhəri,
Sən Laçın sabahım, Şuşa səhərim...
Köksü səcdəgahım, ocağım, pirim,
Acı taleyimin xoşbəxt zühuru...
Gəl, sənsiz vəhşətdə xaraba ruhum,
Qiyamət ömrümün İsrafil suru...
***
Mən yorğun yolların
sinəsi üstündə
həsrətini qucaqlayan
tənha bir
yer adamı ,
gözlərimdəki
bayram sabahı
yalnızlığıdır
səni gözləmək.
Duyğularım
minarələrdən dağılan
səcdə çağırışına
tələsən
səs qədər həssas,
al saçlarımı,
qoynunun ən rahat bir küncündən as...
Hər gün
azan səsini
ilahi bir eşqlə gözləmək kimidir
səni gözləmək,
cismimdə
nə hiss varsa,
sevginlə şifrələnib...
Bütün dinləri
yanıma alıb
sən gələn yollara diz çökmüşəm,
gözlərinə təzimdəyəm,
mən
Allahın yuxusuz gözündəyəm...
YAĞIŞA DUA
Sən – bir az əsəbi, bir az qayğılı,
Bu yorğun şəhərin tıxacı kimi.
Mən – payız gününün səhər yağışı,
İllərin sevincə möhtacı kimi.
Göy üzü başıma çətir tutmayır,
Nə dərdi varsa da, üstümə yağır.
Deyəsən, buludda hadisə olub,
İslanıb bu sabah yerin qucağı.
Gözünün çamuru yerə bulaşıb,
Küçələr, hönkürür ayağım altda.
Bu eşqi ruhuma çətir tutmuşam,
Ömrümü qurmuşam sən gələn vaxta.
Xəritə ucunda yorğun düşübdür,
Sən olan nöqtəyə qonur barmağım.
Bu sabah göylərə tilov atmışam,
Bir "uçaq" tutarsa, bəlkə, qarmağım...
İçində sən olan o uçağı da
Dartıb gətirərəm öz limanıma.
Bu şəhər yağışa dua edirəm –
Göylərdən düşürsün səni yanıma.
O, SƏNSƏN
Qollarına avar çəkən gözlərin,
Qucağındır səcdə yeri, and yeri.
Həsrətinə yorğun düşən şəhərin
Yanağında biri var ki… o, sənsən.
Dan yerinin saçlarını saraldan,
Qayıdış yox, qürub adlı bir yoldan.
Ürəyimi götürdüyün vağzalda
Gecikdiyim bir qatar ki… o, sənsən.
Bahar qollarımda, payız saçımda,
Şehli baxışların kirpik ucunda.
Şirin görüşlərin titrək ovcunda,
Bir xatirə yeri var ki… o, sənsən.
Ulduzların gecə rəngli gözündə,
Vücudumun hər sətirlik izində,
Bir şeirin közə dönmüş sözündə
Misraları darıxar ki… o, sənsən.
Nəfəsinə qurban etdim zamanı,
Kitab-kitab sözə dönən insanım.
Bu dunyada sevgi adlı unvanım,
Hardan bilsin adamlar ki… o, sənsən.
DAŞ DÜŞSÜN BAŞINA
Kədər qatarlanıb hava xəttində,
Ruhum bir təyyarə qanadı üstə.
Yenə həsrətimi möhür vururlar,
Eh…yorğun bir pasport sənədi üstə.
İndi xatirələr çox yüksəklikdə,
Göyün səs-küyündən batır qulağı.
Xəyalım – göy donlu stüardessa,
Yalnızlıq – uzanan uçuş zolağı.
De, necə yuxuya verim göz yaşın?
Bu yalqız ömrümü necə qurtarım?
Getmə! – deyəcəkdim,
dilim qurudu...
Daş düşşün başına ayrılıqların.
“Ədəbiyyat və incəsənət”
(12.11.2025)
HEKYƏ SAATI - Nemət Mətinin 3 hekayəsi
“Ədəbiyyat və incəsənət” portalının Hekayə saatı rubrikasında bu gün sizlərə Nemət Mətinin 3 hekayəsi təqdim edilir.
İnsan ömrü boyu yük daşıyır. Kimi ailə yükünü, kimi vicdan yükünü, kimi də çiyinlərinə aldığı hansısa bir yükü... N də iri anbarlardan birində yükdaşıyan işləyirdi. Artıq bir il idi ki, bu ağır işi görürdü. Baxmayaraq ki, iki diplomu vardı, amma bir çox gənclər kimi universitet illərində avaraçılıqla başını qatmışdı. Gənclik şirin şeydir. Adamı nə günlərə salır. Çılğın gənclik havası adamı evdə oturmağa qoymur. N də belə gənclərdən idi. Gəncliyini yelə vermişdi. O, “dolu” yaşamağı sevirdi. Qrup yoldaşları dərs oxuyanda N qız sevirdi. Dəli-divanə olub çöllərə düşmüşdü...
Yük daşımağı sevmirdi N. Kim sevər axı? Amma ümidi vardı ki, nə vaxtsa vəzifəsi qaldırılar, ali təhsilli olmağına önəm verilər. Bu minvalla düz bir il işlədi. Danışığını, hərəkətini bilməyən adamların içində itib-batdığını görmürdü. Lakin içlərində dosent, hərbçi, usta, idmançı da vardı. Tale hamını ovcuna yığıb həmin anbara atmışdı...
Qocalı-cavanlı hər bir yükdaşıyanın üzündən zəhrimar yağırdı. Kir-pasın, çirkin içində cırıq-cırıq olmuş əlcəklərlə irili-xırdalı yükləri sağdan sola, soldan da sağa daşıyırdılar. Kimi deyinir, kimi söyür, kimi də qarğış edirdi...
Bir gün gecə növbəsində o qədər gərgin iş gedirdi ki, bir işçinin ürəyi getmişdi. Bədbəxt hadisə də az olmurdu. Elə yeni ildə də işə düşmüşdülər. Gecə saat on ikini gözləyirdilər. Hər kəs evdən gətirdiyi yeməkləri stola düzməyə tələsdiyi vaxtda yük maşınları anbarın ağzına düzüldü. Dilxor olan işçilər maşınlara doğru addımladılar. N də digərləri kimi yükləri daşıdıqca telefonla bayram təbriki yazırdı. Saat on iki tamam olanda alınlarından axan tər damcılarını silə-silə, gözləri işıldaya-işıldaya uzaqda görünən atəşfəşanlığa tamaşa elədilər. N-in dostu K-nın başı mesaj yazmağa bərk qarışmışdı. Üstünə gələn yük maşınını görmədi. Maşını görəndə artıq gec idi. O, yerə yıxıldı və sağ ayağı təkərin altında qaldı. Bağırtısı aləmi başına götürdü, N qaça-qaça onun yanına gəlsə də, artıq iş işdən keçmişdi...
N bir il işləyəndən sonra əsgərlik dövründə oxuduğu kitabları xatırladı. Görünür, necəsə monoton həyatını dəyişmək istəyirdi. Ona elə gəldi ki, təkcə kitab oxuyanda özünü xoşbəxt hiss edib. Yenidən kitab oxumaq istədi və o gündən telefonuna kitablar yükləməyə başladı. İşdə vaxt tapan kimi oxuyurdu. Şekspirin “Romeo və Culyetta”sını, Kamyunun “Yad”ını, Kafkanın “Çevrilmə”sini oxuduqca ürəyinə fərəh hissi doldu. Özünü azad, güclü hiss etdi. Kitabların mistikası onu ələ aldı. Zaman ötdükcə daha çətin əsərlərə baş vurdu. Don Kixotun macəralarına həm güldü, həm ağladı. Robinzonla adada “yaşadı”. İvan İliçlə “öldü”. Sergi ata ilə “oyandı”. Dorian Qreyin portretini “çəkdi”. Martin İdenlə səyahətə yollandı. Qulliverlə “balacalaşdı”, “böyüdü”.
Artıq işlədiyi yerdə anbardar vəzifəsinə yüksəlmişdi. Fiziki işinin azalacığını düşünsə də, elə olmadı. Əksinə, yükdaşıyanlara kömək etməli idi. Həmişə nəsə, kimsə çatmırdı. Adam, texnika, vaxt... Üstəlik bütün gördüyü işləri kompüterdəki proqramlara yazmalı və rəhbərliyə göndərməli idi. İşi başından aşırdı. Son zamanlar işdə oxumağa vaxt tapmasa da, evdə, yolda oxuyurdu. Oxumayanda həyat N-ə mənasız gəlirdi. Sanki oxuyanda fikirlər beynində daha tez formalaşırdı. O qədər oxudu ki, bir gün məqalə yazdı. Yazıçıların həyatından maraqlı hadisələrə istinad etdi. Beynindəki yükü vərəqlərə boşaltdıqca ürəyindəki yükdən də azad olduğunu hiss etdi. Tibet buddistləri haqqında məqalə yazdı, işə Milarepa ilə başladı. Bir çox balladaların, şeirlərin müəllifi aydınlanmaq barədə tez-tez düşünərdi. O qərara gəlmişdi ki, bu barədə tanımadığı insanlardan soruşsun. Çoxundan soruşmuş, hər kəs fərqli şeylər demişdi. Bir gün o, dağ cığırında ağır yük daşıyan qəribə rast gəlmiş, eyni sualı ona da vermişdi. Qərib isə kürəyindəki yükü yerə atmış, dərindən nəfəs almışdı. Milarepa qışqırmışdı:
– Anladım! Bəs, aydınlanmadan sonra nə baş verir?
Qərib gülümsəmiş və yükünü götürüb yoluna davam etmişdi.
N növbəti bir il ərzində xeyli məqalə yazdı. Kitab çap etdirmək istəyirdi. Dostu K bunu öyrənəndə sevindi. N daha da həvəsləndi. Kitab çap etdirmək üçün B nəşriyyatının baş redaktoruna müraciət etdi. Həyəcanlı idi. Amma onu narahat edən bir şey vardı. İşdən bezmişdi. Özünü aqressiv aparırdı. İş yoldaşları onu heç vaxt belə görməmişdilər. N-in uzun illər ərzində ürəyinə yığılan qəzəbi vukan kimi partlayırdı. Artıq qəti qərara gəlmişdi. O gün səhər “İşləmək istəmirəm!” – deyə çığırmışdı...
İşə çatan kimi bunu rəisə bildirdi. Göygöz, bəstəboy rəis belə məsuliyyətli işçini itirmək istəmirdi. Üstəlik N-dən incimişdi. Onu otağına təkrar çağırıb dedi:
– Elə bilirsən, bu anbarda Tolstoyu yalnız sən oxumusan? Tolstoyun səni xilas edəcəyini düşünürsən?
N sadəcə gülümsədi. Gözləri par-par parıldayırdı.
– Mən rus dilində Tolstoyun külliyyatını oxumuşam...
Rəisin uzun-uzadı pafoslu çıxışını N artıq dinləmirdi. Axırda rəis ona belə bir təklif etdi:
– Bu anbarın harasında hansı vəzifəni istəyirsənsə, götür.
N-in cavabı qısa, amma ağır oldu:
– Mən sizinlə işləmək istəmirəm!
N çiynindəki ağır yüklərdən birini yerə qoysa da, qarşıda onu xeyli ağır yüklər gözləyirdi...
QISA HƏYAT TARİXÇƏSİ
Saleh yeddi aylıq doğulmuşdu. Yaşayacağına dair ümid olmasa da, anası onu gözünün işığı kimi qoruyub cana gətirmişdi. Yenə də cılız idi. Yaşıdlarından azı iki dəfə balaca olsa da onlarla ayaqlaşmağa çalışırdı. Qaçırdı, yıxılırdı, ağaca dırmaşırdı...
Zaman keçdikcə Saleh də böyüyürdü, inkişaf edirdi. Boksa getdi, aldığı zərbədən burnu qırıldı. Güləşdə üç gün keçməmiş qulaqları əzildi. Karatedə sol ayağı zədələndi. Sonunda əsgərliyə apardılar. Komandirin sevimli əsgəri idi. Əmrə müntəzir, sadiq əsgər oldu. Hara buyurulurdusa, canla-başla yüyürdü. Tərxis olunanda ürəkdən sevinmişdi. Onsuz hər işə saf ürəklə yanaşırdı. Mülki həyata gec öyrəşdi. Bir qız gördü, bir könüldən min könülə o qıza vuruldu. Ürəyi quş olub uçdu. Onu görəndə otuz iki dişinin otuz ikisi birdən görünürdü. Belə sevirdi Saleh o qızı, lap ürəkdən. İşlə məşğul olmurdu, bir işin qulpundan yapışmırdı, heç düşünməyə də macalı olmurdu. Qızın qardaşları onu döyəndən sonra da ağıllanmadı. Ağzı açıq qızın kölgəsində süründü.
Özünü qıza göstərmək üçün maşın almalıydı. Heç bu fikir də öz ağlına gəlməmişdi. Məhəllədəki başından qız əskik olmayan oğlanın elədiklərini yamsılayacaqdı. Əmisinin köməyi ilə zavodda işə düzəldi. Fikri-zikri ancaq pul yığıb maşın almaq idi. İşdə tər-su dabanından axsa da, xəyallara dalırdı. Xalidə onun qara maşınına baxıb sevinəcəkdi. Uzun saçlarını naz ilə yelləyib Salehə göz süzəcəkdi...
Vaxt-vədə yetişdi. On üç min manat pul yığan kimi özünə maşın aldı. Min manata da sürücülük vəsiqəsini qırx günün içində düz-qoş elədi. Artıq onun da maşını vardı, lap elə istədiyi kimi. Düzdü, maşını ona alverçilər sırımışdı, dörd min də xərci vardı maşının. Amma Saleh bütün bunları görməzdən gələrək qızın qaldığı məhəlləyə doğru şütüdü. Qızı görcək əli ayağına dolandı, əyləci səhv saldı. Sükanı əlindən çıxan maşın qabaqdakı maşına necə çırpıldısa, ələ gəlmədi. Alnı partlamışdı, amma yenə də gülümsəyirdi. Dünya-aləm onun üçün təkcə o qızdan ibarət idi. Yuxuda belə adını sayıqlayırdı, Xalidə... Xalidə... Xalidə...
Hələ uşaqlıqdan bizim kimi deyildi Saleh. Onu siqaret dalınca kim göndərsəydi, etiraz etməzdi. Sevinə-sevinə qaçardı. Otuz yaşı var, nə olsun, yenə də elədir. Saf ürəyi tozlu ağlına hakimdir. Keçən həftə futbol oynamağa getmişdik. Salehin bizi görcək elə bil gözlərinə işıq gəldi.
– Hara gedirsiz?
– Futbola. Gəlirsən?
– Bəs nə.
– Ay səni, canavar. Gəl!
– Nə götürüm?
Bu sualı eşidən məhəllə ağsaqqalı dedi:
– Saleh, bint, yod və dərmanları apar. Birdən kimsə yıxılar. Kömək edərsən.
Saleh gözdən itdi. Onu gözləmədən futbola yollandıq. Saleh oyun başlanandan on dəqiqə sonra təngnəfəs stadiona çatdı. Əlində bir sellofan dərman, bint və yod vardı. Bunu görəndə qarnımızı tuta-tuta gülməkdən uğunduq, qıpqırmızı qızardıq.
Salehin on yaşı olanda faciə yaşamışdı. Bacısı qış günlərinin birində soba kənarında yatıb qalır. Hörüyü alışıb yanan qızı xilas etmək olmur. O gündən Salehin ürəyi yaradır. Qızlara qarşı həssasdır.
Yeniyetmə olanda yaşıdlarının biriylə sözü çəp gəlmişdi. Qarşısındakı oğlan ondan olduqca zəif idi. Söhbət davaya çevriləndə Saleh onu döymədi. Sadəcə yaxasından tutub dayandı. Oğlan nə qədər əl-qol atsa da, ona dəymədi. Əksinə, oğlanın köynəyi cırıq-cırıq oldu. Davadan sonra ondan soruşdum:
– Saleh, nə üçün onu vurmadın?
– Özümdən zəifləri vurmuram, – dedi və gözləri sulandı...
Saleh harada adam görürsə, yaxınlaşır. “Əmi, salam. Bibi, necəsiz? Dayı, verin mən aparım. Qonşu, nə var, nə yox?”
Hər səhər arabayla zibil atmağa gedir. Həmişə düşünürdüm ki, hər gün bir ailə bu qədər zibili necə yığır? Sən demə, Saleh özü arabayla gedirmiş. Qonum-qonşuda nə zibil vardısa, atmalıydı.
Hər söhbətə girişərək mənasız fikirlərini deməsəydi, ürəyi partlayardı. Onu acılayanlara belə gülümsəyirdi. Ürəyini istəsən, çıxarıb verərdi. Heç kimi incitməyən, heç kimin toyuğuna kış deməyən Salehi dünən bıçaqladılar. Narkoman qonşusu ondan borca pul istəyəndə sözləri çəp gəlmişdi. Narkomanın da gözlərinə qan gəldisə, damarı qaşındısa, nəyə desən, əl atar. Dünyanın ən saf adamını da bıçaqlayar.
Həmin gündən saflıq məhəlləmizdən birdəfəlik itdi. Hətta Salehin aşiq olduğu qız da daha ürəkdən gülümsəmir...
YALAN
İdris qocalıb əldən düşmüşdü. Həyat yoldaşı Nazilə dəli olandan sonra onun başına ütü vurmuş, dəfələrlə onu söymüşdü. Bir dəfə məhəllədə yalan danışan yeniyetməni, nadinc oğlanı acıladı. Oğlan əsəbindən İdrisin əsasına bir təpik vurdu. Müzavinətini itirən İdrisin başı beton bardura dəydi. Beləliklə, İdris, gözlərini nakam həyata birdəfəlik yumdu. İyirmi il öncəyə qayıdaraq İdrisin həyatına baş vuraq. Film lentini geriyə çevirməyin əsl vaxtıdır. İdris hər zaman yalan danışmağı sevərdi. Məhəllədə dama oynayanda da cığallıq edirdi. Uşaqlara, böyüklərə, dostlarına, tanışlarına, tanımadıqlarına yalan danışmaqdan həzz alardı. Ancaq bu yalanlar heç kimin xətrinə dəyməzdi. Çünki yalanın kökündə gülüş vardı. İnsanların kefini açmaq üçün İdris gecə-gündüz çalışardı. İş yerində Elnur adlı oğlana bir dəfə dedi:
– Eh, mən günlər görmüşəm. Günlərin bir günü prezident zavoda gəlmişdi. Məni görüb ayaq saxladı. İşlətdiyim dəzgaha baxıb gülümsədi. Keyfi kök idi. Mənə dedi ki, qardaş, yeməyə nə var? Beləcə söhbətimiz açıldı. Mənə bütün həyatını danışdı. Kotlet-çörək yeyə-yeyə danışıb-gülürdü. Arabir doğranmış göyərtidən də ağzına atırdı.
Elnur inanmışdı. Kimə danışırdısa, uğunub gülməkdən gedirdilər. Çünki hamı gopçu İdrisi tanıyırdı. Elnur üç nəfərə danışandan sonra nə baş verdiyini anladı. Üzü qıpqırmızı oldu. Hər dəfə onu görəndə gülümsəyirdi. Ürəyinə xoş ovqat yayılırdı. İdris hər gün işdən sonra məhəlləyə çıxıb dama, şahmat, nərd oynayanlarla günü başa vururdu. Səhərə kimi samovar çayı içib gülüşürdülər. Əsl məclis adamı idi. Bir az içəndən sonra yalanın dərəcəsi artırdı. Məclisdəkilər əylənirdilər. Sinəsində Stalinin və Leninin döymələri var idi. Əsgərlikdən yadigar qalmışdı.Yayda isti olduğu üçün köynəyinin yuxarı üç düyməsini açıq saxlayırdı. Yaş öz sözünü deyirdi. Artıq İdrisin dişləri tökülmüşdü. Yay günlərindən biri idi. Məhəllədə hər gün futbol oynayırdıq. Təngnəfəs topun arxasınca o yana-bu yana qaçırdım. İdrisə o vaxt baba deyirdik. Məni yanına çağırıb dedi:
– Nahid, sənə yaxşı təklifim var. Ala bu beş yüz manatı, get dükana. İki dənə marojna al gətir, yeyək. İstidir, nəfəsimiz kəsilir.
– Yaxşı, baba. Yerimdən götürüldüm. İki dəqiqədən sonra ikimiz də taxta oturacaqda oturub dondurma yeyirdik. Sərinlik bədənimizi soyudanda özümüzə gəldik. Həmişəki kimi kefimi açmaq istədi.
– Bilirsən, o vaxt, hardasa on il öncə qapımız döyüldü. Açanda kimi görsəm yaxşıdır? Suala cavab verməyə məfər verməyib, davam etdi:
– Polis əməkdaşı. Məndən xahiş etdi ki, onunla gəlim. Razılaşmaqdan başqa çıxış yolum yox idi. Maşında tər məni aparmışdı. Hara getdiyimizi bilmirdim. Böyük bir villanın qarşısında polis əməkdaşı maşını saxladı. Evə daxil olduq. Ev nə ev. Uzan, tamaşa elə! Başdan-başa çilçıraqlar, italyanski mebel və daha nələr, nələr. Sən demə, deputatın evi idi. Məni görmək istəyirdi.
İdris babanın sözlərinə inanmışdım. Evə gedəndə atama danışdım. Uğunub özündən getdi. Sonra heç kimə işi olmayan İdris haqqında xatirə danışdı:
– Bir dəfə İdris xəstələnmişdi. Yaxınlıqdakı xəstəxanada yatırdı. Xəstəxananın qoxusundan insan daha da xəstələnir. Dərmanların qoxusu, xəstələrin iniltilərinə qoşulub rəqs edir. İdris orada sağala bilməzdi. Bir az cavan olsaydı arağa istiot səpib, içərdi. İndi isə qocalıb. İynə-dərmanlarla, sistemlərlə yaşayır. Özü kimi yalançı dostları onu görməyə gəlmişdilər. Zöhrab və İlkin alma, armud alıb yanına keçmək üçün tibb bacısının cibinə bir şirvan basdılar. Dostları dərman iyi verən otağa daxil olanda İdrisin gözlərinə işıq gəldi. Üç saat dayanmadan danışıb-güldülər. Zöhrab və İlkin İdrisin uşaqlıq dostları idilər. Zöhrab həmişə kimisə tüfənglə vururdu, İlkin isə basdırırdı. Yalan dünyalarının kriteriyaları bundan ibarət idi. Birinci Zöhrab sözə başladı: – O gün lotka(qayıq) ilə quş ovlamağa getmişdim. Gördüm vurduğum quşlar suya düşüb dibə enirlər. Ağlıma bir ideya gəldi. Xalçanı suyun üzünə sərdim. Hər dəfə quş vuranda xalçanın üstünə düşürdü. İdris güldükcə bunlar danışırdılar. Sanki əzələlərinə güc gəlirdi. Ardınca İlkin başladı nə başladı:
– O gün Zöhrabla işdə söhbət edirdik. Kənar şəxslər zavoda daxil oldular. Zöhrabın beyni çöndü. Tüfəngi götürüb alnından nişan aldı. Bir atışa yad insan yerə uzandı. Rəis xəbər tutmasın deyə, onu aparıb zavodun arxasında basdırdım. Üç saat ərzində İdris o qədər güldü ki, çənəsi ağrayırdı. O, dostlarından geri qalmamaq üçün Hindistan səfirinin evində qonaq olmağından, onunla tut arağı içməyindən danışdı. Beləcə üç saatdan sonra üç dost xəstəxananı tərk etdilər. Həkimin son diaqnozu belə olmuşdu:
– Xəstə turp kimidir. Buraxın getsin. Amma yaman zarafatlar edirdi. Onsuz darıxacağıq. Siz hələ bir onun yalanına baxın. Mənə deyir ki, bağıma oğru girmişdi. Yerkökü oğurlayırdı. Arxadan ona yaxınlaşdım. Boynundan yapışdım. Ayağa qaldıranda üzü göründü. Səməd Vurğun imiş. Dedim ki, nə edirsən, şair? Dedi, – nə edək, aclıqdı. Tibb bacılarını gülmək tutdu. Ağzını tutub gülən kim, at kimi kişnəyən kim...
Ölüm ayağında bütün hadisələri xatırlayan İdris xoş hal ilə göz qapaqlarını əbədi yumdu. Onun haqqında müxtəlif rəvayətləri bu günə kimi atalar uşaqlarına danışırlar.
“Ədəbiyyat və incəsənət”
(12.11.2025)
İSMAYIL BƏY QUTQAŞINLI haqqında iki rəvayət
İmran Verdiyev, Azərbaycan Respublikasının Əməkdar müəllimi. “Ədəbiyyat və incəsənət” portalının Oğuz təmsilçisi
Bu günlərdə qədim Qəbələ şəhərində oldum. Şəhərlə ətraflı tanış olub, görkəmli yazıçımız İ.Qutqaşınlının abidəsini və ev-muzeyini ziyarət etdim.
Dostlarla söhbət zamanı söz A.Dümanın “Qəbələ xurması” adlandırdığı şabalıddan düşdü. Düz deyiblər ki, söz vaxtına çəkər. Hazırda şabalıd mövsümüsür. Dostlardan şabalıdla bağlı maraqlı söhbətlər, rəvayət və əfsanələr eşitdim. Belə əfsanələrdən biri də görkəmli yazıçımız İ.Qutqaşınlı ilə əlaqələndirilir. Üstəlik, İsmayıl bəyin ölümü və ölüm səbəbi barədə dostlarımın nənə-babalarından eşitdikləri rəvayətləri də dinlədim.
Maraqlı olacağını güman edərək həmin rəvayətləri oxucularımızın da nəzərinə çatdırmaq istərdim. Əvvəlcə, şabalıdla bağlı rəvayət barədə.
Deməli, belə söyləyirlər ki, İ.Qutqaşınlı şabalıdı çox sevirmiş. Ən çox da Qəbələ şabalıdını. Həcc ziyarətinə gedən general geri qayıdarkən bir müddət İstanbulda qalır. Şəhər onun çox xoşuna gəlir. Bir gün şəhəri gəzərkən küçədə şabalıd satıldığını görür. Maraqlanıb qiymətini soruşur. Satıcı ona deyir ki, sənlik deyil, bahalı şeydir, çəkil kənara.
İsmayıl bəy pərt olsa da, üzə vurmur. Qəbələyə xəbər yollayır ki, təcili ona şabalıd göndərsinlər. Buradakı dostları çaparla ona iki xaral təmizlənmiş seçmə Qəbələ şabalıdı göndərirlər.
İ.Qutqaşınlı qəsdən bazarda həmin lövğa tacirin yanında yer alır. Bazara hay düşür, camaat şabalıd almaq üçün sıraya düzülür. Lakin İsmayıl bəy heç kimdən pul almır. Hamını şabalıda qonaq edir.
Beləcə, lovğa tacir dərsini alır.
Söylənilən rəvayətlərdən biri də İsmayıl bəyin ölümü və ölüm səbəbi ilə əlaqədardır. Maraqlı orasıdır ki, onlar söylədiklərinə heç bir rəsmi mənbə göstərmir və bunları ulu babalarının və nənələrinin dilindən eşitdiklərini bildirirdilər.
Amma söylədikləri tədqiqatlarda göstərilənlərlə tamamilə üst-üstə düşür. Bu isə mövcud ehtimalı daha da qüvvətləndirir.
Söylədiklərindən belə məlum olurdu ki, böyük ədibimizin ölümü xüsusi olaraq planlaşdırılmışdır. Çünki o, öz xalqını və Vətənini sevən, onun azadlığını arzulayan" paqonlu maarifçilər"dən idi. Ona görə də istefaya çıxdıqdan sonra, 1847-ci ildən Şamaxıda "Bəy kommissiyası"nda işləməsinə baxmayaraq, xalqın maariflənməsində və oyanmasında aktiv fəalliyyətə başlamışdır. Sözsüz ki, bu da çar hökumətinin maraqlarına cavab vermirdi. Ona görə də Qutqaşınlını tezliklə aradan götürmək üçün planlar cızılır, fürsət axtarılırdı. Belə ehtimal olunur ki, 1854-cü ildə ona ünvanlanmış, Anadolu ordusunun baş komandanı Mustafa Zərif Paşadan Azərbaycan və Dağıstanda üsyanlar təşkil etməyə çağıran məktub erməni polkovniki M.T. Loris-Məlikovun casuslarının əlinə keçib. Onlar da məktubu təcili çar idarəsinə yetirmişlər. Nəticədə İ.Qutqaşınlı 1855-ci ildən nəzarət altında alınmışdır. Onun 1861-ci ildə Ağdaş mahalında karvansarada yemək yeyərkən çar Rusiyasınin əli ilə ermənilər tərəfindən suyuna zəhər qatılmaqla həyatına son qoyulmuşdur. Eləcə, həyat yoldaşı Tutu xanım Bikə də onunla birgə zəhərlənərək öldürülmüşdür.
“Ədəbiyyat və incəsənət”
(12.11.2025)
“Mənim Azərbaycanım: Odlar Yurdunun ritmləri”
Niderland Krallığının Haaqa şəhərində 8 Noyabr – Zəfər Gününə həsr olunan “Mənim Azərbaycanım: Odlar Yurdunun ritmləri” adlı tədbir keçirilib. Tədbir Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi, Azərbaycan Diasporuna Dəstək Fondu, Azərbaycanın Niderlanddakı Səfirliyi və Azərbaycan-Niderland “Odlar Yurdu” Cəmiyyətinin birgə təşkilatçılığı ilə Milli Teatrda (Het Nationale Theater) baş tutub.
“Ədəbiyyat və incəsənət” portalına Diasporla İş üzrə Dövlət Komitəsindən verilən məlumata görə, komitənin sədr müavini Vaqif Seyidbəyov, Azərbaycanın Niderlanddakı səfiri Məmməd Əhmədzadə, Niderlanddakı diplomatik korpusların, dövlət qurumlarının nümayəndələri, yerli siyasi və ictimai xadimlər, media təmsilçiləri, Azərbaycan icmasının üzvləri tədbirdə iştirak edib.
Əvvəlcə 2021-ci ildə “Xarıbülbül” musiqi festivalında Kənan Bayramovun ifa etdiyi “Bayatı-Şiraz” muğamının videosu nümayiş olunub.
Prezident İlham Əliyevin “Əziz Şuşa, sən azadsan! Əziz Şuşa, biz qayıtmışıq! Əziz Şuşa, biz səni dirçəldəcəyik! Şuşa bizimdir! Qarabağ Azərbaycandır!” sözlərini xatırladan səfir Məmməd Əhmədzadə bu fikirlərin Azərbaycan xalqının qürur salnaməsinə həkk olunduğunu vurğulayıb.
Tədbir konsert proqramı ilə davam edib. Azərbaycanın “Ritm” rəqs qrupu “Qaytağı”, “Sarı gəlin”, “Vağzalı”, “Çay”, “İgidlər”, “İnnabı”, “Nağara”, “Uzundərə”, “Fantaziya” və “Yallı” kimi rəqslər ilə tamaşaçılara milli musiqimizin ritmlərini, oyun havalarımızın coşqusunu və enerjisini yaşadıb. Səhnədə həm Niderlandda yaşayan azərbaycanlı ifaçılar, həm də Azərbaycandan gəlmiş musiqiçilər bir araya gəlib. Bəstəkar və müğənni, Azərbaycan-Niderland “Odlar Yurdu” Cəmiyyətinin sədri Firəngiz Bağırova “Bulaq üstə gedən gözəl”, “Doğma diyar, Azərbaycan”, istedadlı sənətçi Nemətəğa Əliyev “Şuşanın dağları”, “Azərbaycan oğluyam”, gənc musiqiçilər - müğənni Orxan Cəlilov və pianoçu Vasif Hüseynli “Azərbaycan”, “Ana”, “Ay Laçın”, “Qalalı”, “Bu gecə”, “Şən Azərbaycan”, “Küçələrə su səpmişəm”, “Çırpınırdı Qara dəniz” kimi sevilən mahnıları səsləndiriblər. Onların dərin emosiya və vətənpərvərlik duyğuları zəngin çıxışları tamaşaçıların böyük rəğbəti ilə qarşılanıb.
Bütün musiqiçilərin və rəqqasların səhnəyə çıxaraq birlikdə “Ey Vətən” mahnısını ifa etməsi zalda sevinc və qürur dolu anlar yaşadıb.
“Ədəbiyyat və incəsənət”
(12.11.2025)
ANAR, “Dedim, dedi...”
Azərbaycan Ədəbiyyat Fondunun “Yazıçı” nəşriyyatında Xalq yazıçısı Anarın “2=3+4, yaxud iki ailədə üç Xalq yazıçısı, dörd Xalq şairi” adlı kitabı işıq üzü görüb. Nəfis tərtibatlı, illüstrasiyalı kitab Azərbaycan ədəbiyyatı irsinə böyük töhfələr vermiş iki nəsildən, onlar barədə həqiqətlərdən və onların ədəbi nümunələrindən ibarətdir.
608 səhifəlik bu unikal kitabı tərtib edən Xalq yazıçısı Anar uzun illər ərzində təkcə öz yazdıqlarını yox, qəhrəmanlarının – Səməd Vurğun, Rəsul Rza, Nigar Rəfibəyli, Vaqif Səmədoğlu, Ənvər Məmmədxanlı və Yusif Səmədoğlunun yazdıqlarını eyni ideya-estetik yaradıcılıq məcrasına qoşaraq, onları eyni axında birləşdirərək ən yeni ədəbiyyatın ən milli paradiqması olaraq təqdim edibdir.
“Ədəbiyyat və incəsənət” portalı kitabdan hissələri oxucularına təqdim edir. Anar qəhrəmanlarının ən populyar əsərlərini bir daha yaddaşlarda təzələyir:
ANAR, ŞEİRLƏR
“Dedim, dedi...”
Dedim: inci nədi? Dedi: Dişimdi,
Dedim: qələm nədi? Dedi: Qaşımdı.
Dedim: on beş nədi? Dedi: Yaşımdı,
Dedim: Daha varmı? Söylədi: Yox-yox.
Ərzurumlu Əmrah
Dedim: iyirmi bir, Dedi: Yaşımdı,
Dedim: qələm nədi? Dedi: Qaşımdı.
Dedim: gözündəki... Dedi: Yaşımdı,
Dedim: qoy silim mən. Söylədi: Yox-yox.
Dedim: alma nədi? Dedi: Yanağım,
Dedim: cənnət nədi? Dedi: Qucağım,
Dedim: yaqut nədir? Dedi: Dodağım.
Dedim: qoy öpüm mən. Söylədi: Yox-yox.
Dedim: yolun… Dedi: Haqqın yoludu,
Dedim: qolun… Dedi: Onun qoludu.
Dedim: bəs ürəyin? Dedi: Doludu,
Dedim: Boşaltsana. Söylədi: Yox-yox.
Dedi: Başdan-başa dərdəm, kədərəm,
Dedim: nə istəsən, istə, edərəm.
Dedi: Bir gün gələr, köçüb gedərəm,
Dedim: aman, getmə. Söylədi: Yox-yox.
“Ədəbiyyat və incəsənət”
(12.11.2025)
“Biri ikisində” – Gülnaz Fayzullanın şeiri ilə
“Ədəbiyyat və incəsənət” portalının “Ulduz” jurnalı ilə birgə Biri ikisində layihəsində bu gün Şeir vaxtıdır, sizlərə çağdaş türk dünyasının gənc şairlərinin şeirləri təqdim edilir.
Gülnaz FAYZULLA
(Qazaxıstan)
21 sentyabr 1980-ci ildə Güney Qazaxıstan vilayətinin Otrar rayonunda anadan olub. Dünya Gənc Türk Yazarlar Birliyinin Məsləhət Şurasının üzvüdür.
AĞ BULUDLAR
Ağ buludlar xəyalımda uçuşur.
Sirlərimi kürəyində daşıyaraq
Üzür göylərdə.
Ağ bulud
çəkişir yad küləklərlə.
Yağdırası yağışı yox,
yağmadan yol alıb gedir.
Mənim dərin sirlərimi
bulud karvanı
önünə qataraq
aşır təpədən.
Ağ buludlar,
mənim bəxtim sizə aiddir.
“Əlvida!” deməyə dilim gəlmir.
Sirlərimi yaxşı-yaxşı saxlayın,
ağ buludlar, saxlayın.
Əgər insan oğluna bir faydası olarsa,
istəyimi yerə səpin yağmurla.
Ağ buludlar bir-birini qovsalar,
mənim böyük istəyimi
Yer üzünə bərəkəttək səpərlər.
Uyğunlaşdırdı: Gülnar Səma
“Ədəbiyyat və incəsənət”
(12.11.2025)
1-ci işçi, 7-ci qardaş və 3-cü kafir
İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”
Obrazların adları hər şeyi açıb deyir. Baxın: 1-ci işçi, 7-ci qardaş və 3-cü kafir. Bunlar, epizodik rollar deməkdir. Bəli, o. Çox zaman bu cür epizodik rollar aldı. Amma bununla belə, bu xırda obrazlara böyük həyat verdi, onları canlandırmağı bacardı. Bu da onun ustalığından xəbər verir.
Söhbətv bu gün 75 illik yubileyini qeyd etdiyimiz Pərviz Bağırov barədədir.
Pərviz Bağırov 12 noyabr 1950-ci ildə Bakı şəhərində anadan olub. 1972-ci ildə M. A. Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram və kino aktyorluğu fakültəsini bitirib. Təyinatla Akademik Milli Dram Teatrına gələn aktyor teatrın səhnəsində bir çox rollar oynayıb
Həmin rollar : 7-ci qardaş ("Yatmış gözəl və yeddi qardaş", Aleksandr Puşkin), 1-ci işçi ("Knyaz", Hüseyn Cavid), Dustaq ("Qılınc və qələm", Məmməd Səid Ordubadi), Həsrət ("Gölgələr pıçıldaşır", Seyfəddin Dağlı), Rasim ("Şəhərin yay günləri", Anar), Hacı Bağdad ("Dəli yığıncağı", Cəlil Məmmədquluzadə), Əyyar ("Fitnə", Abdulla Şaiq), Kamal ("Əliqulu evlənir", Sabit Rəhman), Lennoks ("Maqbet", Uilyam Şekspir), 3-cü zabit ("İblis", Hüseyn Cavid), Mahmud ("Atabəylər", Nəriman Həsənzadə), Altay ("Od gəlini", Cəfər Cabbarlı).
Pərviz Bağırov Ağadadaş Nəcəfov ("Dəlilər və ağıllılar", İlyas Əfəndiyev), Çar Uluz ("Pompeyin Qafqaza yürüşü", Nəriman Həsənzadə), Şeytan ("Özümüzü kəsən qılınc", Bəxtiyar Vahabzadə), 1-ci kafir ("Burla Xatun", Nəbi Xəzri), Talap ("Sokratı anma gecəsi", Çingiz Aytmatov), Qonşu ("Mənim ərim dəlidir", Elçin), Kamran Qızılsəs ("Köhnə ev", Əli Əmirli), Minas ("Hələ sevirəm deməmişdilər", Ramiz Novruz), Dadaşzadə və Sarvan ("Bu dünyanın adamları", Hidayət), Qəhrəman ("Eloğlu", Abdulla Şaiq) rollarını da ifa edib.
Pərviz Bağırov 2002-ci ildə Azərbaycan Respublikasının Əməkdar Artisti fəxri adına layiq görülüb. 9 may 2012-ci ildə Prezident Mükafatına layiq görülüb.
Filmoqrafiya
1. Həyat bizi sınayır
2. Dədə Qorqud
3. De ki, məni sevirsən!
4. Qərib cinlər diyarında
5. Şəki
“Ədəbiyyat və incəsənət”
(12.11.2025)
Əsərləri Moskva, Kiyev, Hyuston, Los-Anceles kimi şəhərlərdə sərgilənib
İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”
Dünyaşöhrətli rəssamlarımızın adları dillərdə əzbərdir. Amma tək onları bilməklə iş bitmir. Çox istedadlı, görkəmli, unudulmaz rəssamlarımız var, gənc nəslə onlar barədə məlumat vermək, sanırıq ki borcumuzdur.
Mirnadir Zeynalov 12 noyabr 1942-ci ildə Bakının Buzovna kəndində doğulub. 1963-cü ildə ilk peşə təhsili olan Əzim Əzimzadə adına Rəssamlıq Məktəbini, daha sonra isə 1973-cü ildə Moskva Poliqrafiya İnstitutunun Qrafika fakültəsini bitirib. Azərbaycan Rəssamlar İttifaqının və "Yeni Era" Ümumdünya Sənət Akademiyasının həqiqi üzvü olub.
Mirnadir Zeynalovun peşəkar boyakarlıq karyerası 1970-ci illərdən başlayıb. O, Abşeron rəssamlıq məktəbinin görkəmli nümayəndələrindən, xüsusilə, Cavad Mircavadov, Qorxmaz Əfəndiyev, Kamal Əhmədov, Ənvər Əsgərov, Nazim Rəhmanov, Fərhad Xəlilov kimi rəssamlardan təsirlənib. Rəssamın əsərlərində doğulub böyüdüyü Abşeronun sərt təbiətinin, mənzərələrinin əks olunması mühüm yer tutur. Bunlardan "Tək ağac" (1974), "Köhnə kənd" (1989) əsərlərini xüsusilə fərqlənirlər.
Rəssam öz karyerasının ilk illərində realizm üslubunda, sonralar abstrakt tablolar yaratmağa başlayıb. Realist üslubda işlədiyi zamanlarda ailə üzvlərinin və digər insanların portretləri və naturadan işlər çəkib. Mirnadir Zeynalovun yaradıcılığının əsası başlıca olaraq spektrin əsas rəngləri əsasında qurulub.
Onun kompozisiyalarında kollaj və instalyasiya elementləri ayrılmaz hissəyə sahibdir. Onun yaradıcılığında realizm üslubunda çəkilən portretlərə, lirik mənzərə əsərlərinə, həmçinin, yalnız müxtəlif rəng çalarlarının istifadə edildiyi abstrakt həllərədək fərqli janr və üslublara rast gəlmək mümkündür.
Mirnadir Zeynalovun dəfələrlə fərdi sərgiləri keçirilib. Rəssamın əsərləri Moskva, Kiyev, Hyuston, Los-Anceles və başqa şəhərlərdə sərgilənib, 2013-cü ildə Londondakı "Sothbeys" auksionunda dəyər qazanıb. Onun dəyərli əsərləri Azərbaycan Milli İncəsənət Muzeyinin və Azərbaycan Dövlət Rəsm Qalereyasının fondunda qorunub saxlanılır.
Mirnadir Zeynalov 4 mart 1992-ci ildə "Azərbaycan Respublikasının əməkdar rəssamı", 29 dekabr 2006-cı ildə isə "Azərbaycan Respublikasının xalq rəssamı" fəxri adlarına layiq görülüb. Həmçinin 1976-cı ildə Moskva şəhərində keçirilən ümumittifaq sərgisində SSRİ Rəssamlıq Akademiyasının diplomunu alıb, 1989-cu ildə Bakıda keçirilən "Xəzəryanı ölkələri rəssamlarının bienallesi"ndə "Yaz bağı" əsəri bürünc medala layiq görülüb.
Rəssam 10 mart 2021-ci ildə 78 yaşında vəfat edib.
Allah rəhmət eləsin!
“Ədəbiyyat və incəsənət”
(12.11.2025)
Şair İbrahim Göyçaylının 89-u
İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”
Uzaq haraylara isinmir ürək!
Əlbəttə ki, halına yanan nə qədər yaxında olsa bir o qədər təsəllisi də güclü olar.
Ümiddən uzun gecə.
Bu dünyada ən uzun nəsnədir ümid, boşuna demirlər ki ümid sonda ölür. Amma ayrılıq adlı bir kabus var ki, xüsusən onu gecələr çəkmək ağır dərddir. Ümiddən uzun gecə ibarəsi də buradan yaranıbdır.
Şair İbrahim Göyçaylının şeirlərində ədəbi tənqidin fikrincə lirika çox dərindir. Bu da həmin şeirləri oxucuya sevdirir.
İbrahim Göyçaylı 1936-cı il, noyabrın 12-də Göyçay rayonunun Alıkənd kəndində anadan olub. Yəni, Göyçaydan çıxmış böyük şairlər sırasında Rəsul Rza, Əli Kərimlə yanaşı İbrahim Göyçaylının da adı vardır.
1943-cü ildə o, Göyçay şəhərində orta məktəbə gedib. 1953-cü ildə məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Universitetinin Filologiya fakültəsində təhsil alıb.
O, ümumilikdə, Azərbaycan Dövlət Radiosunda 40 ilə yaxın müddətdə fəaliyyət göstərib, radionun formalaşmasında xüsusi xidmətləri olub.
Əmək fəaliyyətinə qəzetdə müxbir kimi başlayıb. Sonra Azərbaycan Dövlət Nəşriyyatında redaktor, "Mədəni ticarət", "Za kulturnuyu torgovli" qəzetlərində baş redaktor, Azərbaycan Televiziya və Radio Verilişləri Şirkətində redaktor, şöbə müdiri, baş redaktor kimi vəzifələrdə çalışıb. 1983-cü ildən 2007-ci ilə qədər baş redaktor müavini vəzifəsində fəaliyyət göstərib.
2006-cı ildə Prezident İlham Əliyevin Sərəncamı ilə Əməkdar mədəniyyət İşçisi fəxri adına layiq görülüb. Yüzdən çox şerinə mahnılar bəstələnib, tanınan sənətkarlar tərəfindən ifa olunub.
Kitabları
1. Dalğalar qoynunda
2. Yadigar sözlər
3. Gözlərinin işığında
4. Qərənfil işığı
5. Ulduzlar nədən danışır
6. Uzaq haraylara isinmir ürək
7. Ümiddən uzun gecə
İbrahim Göyçaylı 2007-ci il, fevral ayının 24-də, uzun sürən xəstəlikdən sonra 70 yaşında vəfat edib.
Allah rəhmət eləsin!
“Ədəbiyyat və incəsənət”
(12.11.2025)
Qərbi Azərbaycan icmasının beynəlxalq hüquq müstəvisində fəaliyyəti
Nigar Xanəliyeva “Ədəbiyyat və İncəsənət”
Qərbi Azərbaycan mövzusunda növbəti söhbətimiz Qərbi Azərbaycan icmasının beynəlxalq hüquq müstəvisində fəaliyyəti barədə olacaqdır.
Materialın hazırlanmasında göstərdiyi köməyə görə Qərbi Azərbaycan icması Sumqayıt nümayəndəliyinə minnətdarlıq bildiririk.
Əsas fəaliyyət istiqamətləri
•İcma 2023 cü ildə qəbul edilmiş "Return Concept of Western Azerbaijan Community" adlı sənədi yanvar ayında təsdiq etmiş və bu sənədin United Nations Secretariat tərəfindən rəsmi olaraq United Nations Security Council, United Nations General Assembly və United Nations Economic and Social Council nun gündəminə daxil edildiyini bildirmişdir.
•İcma 28 Mart 2023 cü il tarixində bu sənədin beynəlxalq hüquqa, insan haqlarına, sülhün qurulmasına və s. dair çoxsaylı dillərdə yayıldığını açıqlamışdır.
•İcma 2024 cü ilin noyabrında Cenevrədə keçirilən 17th Session of the United Nations Forum on Minority Issues (28 29 noyabr 2024) sessiyasına təmsilçi ilə qatılmışdır.
•İcma Ermənistan hökumətinə müraciətlər göndərmişdir, həm üçüncü tərəf dövlətlərə, həm də BMT nın Baş katibi və Ermənistanın Baş naziri səviyyəsinə. Məqsəd: azərbaycanlıların (Qərbi Azərbaycanlıların) təhlükəsiz və ləyaqətlə öz doğma torpaqlarına qaytarılması və onların kollektiv və fərdi hüquqlarının bərpasıdır.
•İcma beynəlxalq hüquq normlarına istinad edir: məcburi köçkünlük, qayıdış hüququ, etnik təmizləmə, soyqırım və insan hüquqları çərçivəsində fəaliyyət göstərdiyini vurğulayır.
Beynəlxalq hüquq baxımından əsas məsələlər
•İcma iddia edir ki, Ermənistan Qərbi Azərbaycanlıların öz torpaqlarına qayıtmasını təmin etməyərək beynəlxalq hüququ, xüsusilə sığınacaq, köçkünlük və qayıdış hüquqları çərçivəsində pozur.
•İcmanın sənədlərində qeyd olunur ki, məcburi köçkünlük, torpaqların boşalması, mədəni irsin məhv edilməsi kimi hallar “etnik təmizləmə və ya insanlığa qarşı cinayət” çərçivəsində qiymətləndirilə bilər.
•İcma həmçinin beynəlxalq təşkilatlara — BMT, OİC və s. çağırış edir ki, Ermənistanla dialoqa girilsin və Qərbi Azərbaycanlıların hüquqları təmin edilsin.
•Qərbi Azərbaycan İcmasının fəaliyyəti beynəlxalq səviyyədə “qaytarılma hüququ” (right of return) və məcburi köçkünlük kontekstində geniş müzakirə olunur. Bu, dövlət dövlət münasibətindən çıxaraq diaspor və icma səviyyəsində beynəlxalq təşkilatların gündəminə daxil olur.
•İcma öz fəaliyyətini beynəlxalq hüquq qaydalarına bağlayaraq məsələn, BMT sənədləri, insan hüquqları konvensiyaları, köçkünlük hüququ həm normativ əsas yaradır, həm də hüquqi dayanaq, diplomatik bəyanat və müraciətlər formalaşdırır.
•Lakin müvəffəqiyyətlərə baxmayaraq bir sıra çətinliklər mövcuddur: Ermənistanla dialoq problemləri, torpaqların azərbaycanlılara qayıdışı mövzusunda praktiki addımların olmaması, beynəlxalq təşkilatların bu məsələni daha geniş və müxtəlif kontekstlərdə müzakirə etməsi zərurəti.
•Bu fəaliyyətdə həm hüquqi, həm siyasi diplomatik elementlər bir biri ilə sıx bağlıdır: məsələnin yalnız hüquqi “hüquq pozuntusu” kimi deyil, həm də milli mədəni identiklik, etnik hüquq və tarixi ədalət prizmasında təqdim olunması vacibdir.
“Ədəbiyyat və incəsənət”
(12.11.2025)


