Niderland Krallığının Haaqa şəhərində 8 Noyabr – Zəfər Gününə həsr olunan “Mənim Azərbaycanım: Odlar Yurdunun ritmləri” adlı tədbir keçirilib. Tədbir Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi, Azərbaycan Diasporuna Dəstək Fondu, Azərbaycanın Niderlanddakı Səfirliyi və Azərbaycan-Niderland “Odlar Yurdu” Cəmiyyətinin birgə təşkilatçılığı ilə Milli Teatrda (Het Nationale Theater) baş tutub.
“Ədəbiyyat və incəsənət” portalına Diasporla İş üzrə Dövlət Komitəsindən verilən məlumata görə, komitənin sədr müavini Vaqif Seyidbəyov, Azərbaycanın Niderlanddakı səfiri Məmməd Əhmədzadə, Niderlanddakı diplomatik korpusların, dövlət qurumlarının nümayəndələri, yerli siyasi və ictimai xadimlər, media təmsilçiləri, Azərbaycan icmasının üzvləri tədbirdə iştirak edib.
Əvvəlcə 2021-ci ildə “Xarıbülbül” musiqi festivalında Kənan Bayramovun ifa etdiyi “Bayatı-Şiraz” muğamının videosu nümayiş olunub.
Prezident İlham Əliyevin “Əziz Şuşa, sən azadsan! Əziz Şuşa, biz qayıtmışıq! Əziz Şuşa, biz səni dirçəldəcəyik! Şuşa bizimdir! Qarabağ Azərbaycandır!” sözlərini xatırladan səfir Məmməd Əhmədzadə bu fikirlərin Azərbaycan xalqının qürur salnaməsinə həkk olunduğunu vurğulayıb.
Tədbir konsert proqramı ilə davam edib. Azərbaycanın “Ritm” rəqs qrupu “Qaytağı”, “Sarı gəlin”, “Vağzalı”, “Çay”, “İgidlər”, “İnnabı”, “Nağara”, “Uzundərə”, “Fantaziya” və “Yallı” kimi rəqslər ilə tamaşaçılara milli musiqimizin ritmlərini, oyun havalarımızın coşqusunu və enerjisini yaşadıb. Səhnədə həm Niderlandda yaşayan azərbaycanlı ifaçılar, həm də Azərbaycandan gəlmiş musiqiçilər bir araya gəlib. Bəstəkar və müğənni, Azərbaycan-Niderland “Odlar Yurdu” Cəmiyyətinin sədri Firəngiz Bağırova “Bulaq üstə gedən gözəl”, “Doğma diyar, Azərbaycan”, istedadlı sənətçi Nemətəğa Əliyev “Şuşanın dağları”, “Azərbaycan oğluyam”, gənc musiqiçilər - müğənni Orxan Cəlilov və pianoçu Vasif Hüseynli “Azərbaycan”, “Ana”, “Ay Laçın”, “Qalalı”, “Bu gecə”, “Şən Azərbaycan”, “Küçələrə su səpmişəm”, “Çırpınırdı Qara dəniz” kimi sevilən mahnıları səsləndiriblər. Onların dərin emosiya və vətənpərvərlik duyğuları zəngin çıxışları tamaşaçıların böyük rəğbəti ilə qarşılanıb.
Bütün musiqiçilərin və rəqqasların səhnəyə çıxaraq birlikdə “Ey Vətən” mahnısını ifa etməsi zalda sevinc və qürur dolu anlar yaşadıb.
“Ədəbiyyat və incəsənət”
(12.11.2025)


