ƏDƏBİYYAT VƏ İNCƏSƏNƏT - Super User
Super User

Super User

 

“Ədəbiyyat və incəsənət” portalının Hekayə saatı rubrikasında bu gün sizlərə Nurlana Məmmədovanın “Qazinin qızı” hekayəsi təqdim edilir.

 

 

                    

         Həmin il çox uşaq atasının yolunu gözləmişdi. Atası qayıtmayan uşaqların isə gözləri  yol çəkirdi...

         – Qızım, otağını səliqəyə sal, sonra hazırlaş, bu gün atanın xəstəxanadan çıxan günüdür. Onu qarşılamağa birlikdə gedirik.

         Aydan karandaşlarını qutuya yığaraq başını qaldırmadan dedi:

– Ana, atam necə gələcək bəs? Axı onun ayaqları yoxdur...

Ananın ilk cümləsi sərt olsa da, sonra səsi biixtiyar zəiflədi:

– Necə yəni yoxdur?! Həkimlər ona süni ayaqlar qoyublar, atan həmişəki kimi gəzə biləcək, qızım.

Qadın otaqdan çıxdı, bir neçə saniyə qapının arxasında dayandı, göz yaşlarını silib oğluna səsləndi.

– Turan, hazırsan?

– Çoxdan, ana.

Qaş qaralanda ailə evə yığışmışdı, onların gözlərindəki qürur  evə qəribə ab-hava gətirmişdi. Ən çox da Turan sevincindən yerə-göyə sığmırdı. O, həyətə düşüb dostlarına atasından danışmaq üçün həyəcanlanırdı. Ailənin kiçiyi – Aydanın  ağzını bıçaq açmırdı. Gizlin- gizlin  atasının hərəkətlərinə göz qoyurdu. Yeməkdən sonra qızcığaz atasının kənara qoyulmuş protezlərini qucağına aldı, atasının ona baxdığını görüb dedi:

– Ata, bunu necə geyinirlər?

– Gətir, göstərim.

Balaca  qız protezləri incə çiyinlərindən aşırıb atasının oturduğu divanın yanına gəldi.

Qazi yeni ayaqlarını bir daha nəzərdən keçirib geyinməyə başladı.

– Bax belə...

Aydan maraqla prosesi izlədi, sonra atasının ayaq barmağını basıb dedi:

– Ata, indi sənin hansı barmağını basdım?

– Baş barmağı.

– Bəs indi?

– Ortadakı.

– Ata, axı sən necə bilirsən? Bu ki sənin öz ayağın deyil.

Qazi sadəcə gülümsədi, amma bu gülüşdəki közərən yaraları balaca qızı hiss etmədi.

Günorta həyət uşaqlarla qaynayırdı. Qonşuların əkdiyi çinar ağacları təzə gəlinlər kimi başlarını aşağı sallamışdılar. Onların çətirinin altında üç qızcığazın şən-şux səsi ətrafı canlandırırdı. Sərçələr civiltisini kəsərək budaqlardan asfalta enib onları çoxdan tanıyırmış kimi yan-yörələrində arxayın-arxayın hoppanırdılar. Qızlar torbalarından çoxlu  oyuncaq qab-qaşıq çıxarıb ortalığa tökmüşdülər. Hərəsinin də bir gəlinciyi vardı. Oğlanlar isə səs-küylə futbol oynayırdılar. Turan  yorulub oyundan çıxmışdı, tərli saçlarını əliylə sığallayaraq gəlib skamyanın arxasından qızlara baxa-baxa nəsə düşünürdü.

         Bu zaman qızlardan biri başını qaldırıb, tellərini yana atıb acıqlı-acıqlı dedi:

– Bizə baxma, get  futbolunu oyna.

– Evcik-evcik oynayırsız? – Turan soruşdu.

– Yox, piknikə gəlmişik. Ey, sənə nə var?

– Baxıram da, maraqlı gəlir.

         Hirslənmiş qız nə qədər israr etsə də, hətta qulpu qırıq çaydandakı suyu oğlanın ayağı tərəfə töksə də, o, yerindən tərpənmədi. Bu zaman Turan küncə atılmış, ayağı olmayan, üz-gözü göy qələmlə yazılmış Lolo adlı çəhrayı saçlı kuklanı gördü.  

– Bəs onu niyə oyuna qatmırsız?

         Qızlardan balacası candərdi, bir az da acıqla cavab verdi:

         – Çünki ayağı sınıb, özü də çirklidir…

          – Həm də çirkindir, –  qızların sarışını əlavə etdi, – çirkini neynirəm, bax gül kimi uşağım var,  – əlindəki təzə gəlinciyi əzizlədi.

         Turan  köks ötürdü:

– Yazıq kukla…

         Qızların bəstəboyu sakitcə dedi:

– Bizim öz balalarımız var, bunu çox istəyirsənsə, götür, sənin olsun. Qız bu söhbətdən bir az da cılızlaşmış  Lolonu oğlanın qoynuna qoydu.

         Nədənsə Turana elə gəldi ki, bu bəstəboy qızın adı Lalədir. Belə yumrusifətli, balacaboy qızın adı mütləq Lalə olmalı idi. O, məhləyə təzə köçmüşdü. Turan ondan adını soruşmağa utanırdı. Oğlan qızların Lolo adlandırdığı gəlinciyi  xəyalında Lalə adlandırdığı qızdan sakitcə alıb oradan uzaqlaşdı.

         Turan axşam yeməyində atasına Lolonu göstərib soruşdu:

– Ay ata, bunun ayağına da sənin protezindən düzəltmək olar?

– Ay Allah, nə gözəldir, – bacısı gəlinciyi alıb dağınıq saçlarını oxşadı.

– Yeməyi soyutmayın, – ana sözü dəyişdirib gizlincə oğluna göz ağartdı. Qadın ayağı olmayan gəlinciyin Qarabağ qazisi olan ərini kədərləndirəcəyini düşündü.

Ata masadan qalxdı, yeməyini bitirməmişdi. Pəncərəni açıb çölə boylandı. Kim bilir, bu yaralı gəlincik müharibənin hansı dəhşətli anını onun yadına saldı. Qazi çevrilib masa arxasından ona izləyən ailəsinə   dedi:

– Onu əsl gəlinciyə çevirmək olar! Hər kəsin üzündə ümidin əsl sevinci parladı.

– Mən ona  tül parçadan təzə don tikərəm, – ana nəvazışlə balalarına baxdı.

– Çox sağ ol, anacan, onu bacıma bağışlayacam, – Turan sevindi.

Ancaq qazinin qızı onları dinləmirdi,  o, Lolonu qucağına alıb nəsə mızıldana-mızıldana sakitcə yırğalanırdı.

Qardaşı:

– Hə, bacı, bəyəndin ideyamızı?

Bayaqdan səssiz qalan qızcığaz böyük adamlara xas amiranəliklə dedi:

– Heç nə lazım deyil, mən onu  belə də çox sevəcəyəm…

 

“Ədəbiyyat və incəsənət”

(13.11.2025)

 

 

  

 

 

 

 

 

 

 

 

 

Cümə axşamı, 13 Noyabr 2025 10:26

Bu gün Ümumdünya Yaxşılıqetmə Günüdür

Kənan Məmmədli, “Ədəbiyat və incəsənət”

 

Bu günə təsadüf edən əlamətdar hadisələri diqqətinizə çatdırırıq:

 

13 noyabr. Beynəlxalq gözdən əlillər günü

1745-ci ilin 13 noyabrında Fransada tanınmış pedaqoq Valentin Qayui doğulub. O, Parisdə və Peterburqda korlar üçün bir neçə məktəb yaradıb. Məhz həmin tarix də görmə məhdudiyyətləri olan insanların günü kimi götürülüb. Qayui relyefli şrift yaradaraq görməyənlərin əllərini toxundurmaqla oxumalarını təmin edib. Ta ki 1829-cu ildə Lui Braylın relyefli altınöqtəlik şriftinin kəşfinə qədər görmə məhdudiyyətli insanlar Qayuinin dərslikləri ilə elm alıblar.

Hazırda dünyada təxminən 124 milyondan çox gözdən əlil yaşayır. Azərbaycanda gözdən əlillərin ictimai birliyi 1929-cu ildən, Gözdən Əlillər Cəmiyyəti isə 2002-ci ildən fəaliyyət göstərir. Bu gün gözdən əlil insanlar diqqət mərkəzində duracaqlar, onlara qayğı və nəvaziş göstəriləcək. Gözdən əlil olmaq bir tale işidir, bir fiziki qüsurdur. Vay o hala ki, insan gözləri görə-görə kor ola. Bax bu əsl faciədir.

 

13 noyabr. Ümumdünya Yaxşılıqetmə Günü

Nə gözəl bir gün. Xüsusən indiki bu qəddar durumda, mənəvi gözəlliklər deqradasiyaya uğradığı bir zamanda, yaxşılıq edənlər qırmızı kitaba salınanda belə bir günün təqvimə salınması necə də gözəldir. Nə olar, bu gün hər bir kəs yaxşılıq eləsin, imkanı nəyə çatırsa həmin civarda imkansıza əl tutsun. Yaxşılıq tək maddiyyat deyil ki. Darda olana məsləhətiylə, təskinliyi ilə kömək eləmək də yaxşılıqdır. Bəzən bir məsləhət bir küp qızılın edə bilmədiyini edə bilir.

 

“Ədəbiyyat və incəsənət”

(13.11.2025)

 

 

 

 

Xalq yazıçısı, akademik Kamal Abdullanın əsərlərindən seçilmiş bir sıra qranula – cövhər sayıla biləcək məqamları “Ədəbiyyat və incəsənət” oxucularına təqdim edir.

 

Kamal Abdulla özü seçilmiş bu cövhərlər barədə yazır: “İllərdən bəri yazdığım müxtəlif şeirlərin, esselərin, pyeslərin, hekayə və romanların, publisistik məqalələrin və elmi əsərlərin, verdiyim intervülərin hər birinin içində yer almış və bu gün də öz məzmunu, tutumu, forması ilə diqqətimi çəkən misralar, cümlələr günlərin bir günü sanki dil açıb mənə dedilər ki, bizim bir-birimizdən zaman və məkanca ayrılığımıza son qoy və bizi bir-birimizin yanında yerləşdir. Sən görəcəksən ki, bu zaman biz tamamilə yeni bir cazibədə zühur etmişik. Onlar qeyri-səlis məntiq dili ilə desək, içində olduqları mətnin qranulaları (ilkin vacib hissəcikləri) idi. Qranula, başqa cür ifadə etsək, cümlədən (mətndən) bütün artıq hissələri siləndən sonra yerdə qalan cövhərdir.”

Beləliklə, hər gün Kamal Abdulladan 7 qranula:

 

1.

“ Pərdə açılır, bu, bir səhnədir...

Tamaşaçılar, nə qədər çiçək...

Kimsə əl çalır, kimsə əl edir,

Hər şey tanışdır köhnə nağıl tək.”

2.

“... Pərdə bağlanır, bitir sevgimiz

 Biz getməliyik, xoş qalın sizi.

Pərdə bağlanır, bəs nə üçün biz

Yenə sevirik bir-birimizi?!”

3.

Ölüm həyatın içində deyil, ölüm həyatın davamı deyil, həyat ölümün içində, həyat ölümün davamıdır.

4.

“ Geriyə baxma, daş olarsan. Nə edirsənsə et, amma geriyə baxma.”

Azərbaycan ədəbiyyatının möhtəşəm siması İlyas Əfəndiyev cəsarətlə və çəkinmədən geriyə baxdı və əsərinin adını “Geriyə baxma, qoca!” qoydu. Bu əsər daşa dönməkdən qorxmayan, inam və ümidlə geriyə baxan bir adamın peşman-peşman dərindən köks ötürməsidir. Hamıda olmur. Onun geriyə baxmaq səlahiyyəti vardı.

5.

T.Kantor: “Sonsuz çoxluqdan sonsuz çoxluğu çıxsan, yerində yenə də sonsuz çoxluq qalacaq.”
Sonsuzluğu dərk və qəbul etməyin əvəzsiz üsulu!

6.

Bilmədiyin barədə qorxmadan və çəkinmədən “bilmirəm” demək səlahiyyətin olmalıdır. Bilməməkdən utanmamaq biliyə doğru aparan ən qısa və doğru yollardan biridir.

7.

Ədəbiyyatda metafizika “iki üstəgəl iki”-nin “dörd” olmadığı yerdən başlayır.

 

“Ədəbiyyat və incəsənət”

(13.11.2025)

 

 

 

 

Cümə axşamı, 13 Noyabr 2025 12:09

33 ildən sonra haqq yerini tapdı

 

Nemət Tahir, “Ədəbiyyat və incəsənət” portalının Qarabağ təmsilçisi

 

Məlum olduğu kimi, Prezident İlham Əliyevin 7 noyabr 2025-ci il Sərəncamı ilə Azərbaycan Respublikasının müstəqilliyinin, ərazi bütövlüyünün qorunub saxlanılmasında xüsusi xidmətlərinə və döyüş tapşırıqlarını yerinə yetirərkən göstərdiyi igidliyə görə baş leytenant Qurbanov Vaqif Bəxtiyar oğlu “Azərbaycanın Milli Qəhrəmanı” (ölümündən sonra) adı ilə təltif olunub.

Bu məqaləmüstəqil Azərbaycanın ilk qırıcı hərbi təyyarəçisi, Birinci Qarabağ müharibəsi şəhidi, Milli Qəhrəmanın həyatı və döyüş yoluna həsr olunub.  

 

Hərbi pilot

 

Vaqif Qurbanov 30 dekabr 1967-ci ildə Bakıda anadan olub. Əslən Tovuz rayonunun Qovlar kəndindəndir. 1989-cu ildə Rusiyanın Borisoqlebsk şəhərində Ali Hərbi Aviasiya Məktəbini bitirib. Təhsilini başa vurduqda sonra SSRİ Hərbi Hava Qüvvələrində, daha dəqiq Əfqanıstan müharibəsi zamanı təşkil edilmiş və “Su-25” təyyarələri ilə komplektləşdirilmiş, Sitalçaydakı Aviasiya polkunda zabit kimi xidmətə başlayıb. Daha sonra isə Azərbaycan ərazisindəki aviasiya alaylarından birində xidmət edib. Gəncə, Yevlax, Kürdəmirdə hərbi alayların yaradılmasında yaxından iştirak edib. O, hərbi pilot kimi misilsiz rəşadət göstərən qəhrəmanlarımızdan biri olub.

 

İgid təyyarəçi

 

Məlumdur ki, Qarabağ müharibəsinin ilk dövründə Azərbaycanın döyüşqabiliyyətli hərbi aviasiyasından, qırıcı təyyarələrdən danışmaq mümkün deyildi. 1990-cı illərin ölkəni bürümüş siyasi xaos və düşmən işğalı şəraitində xarcdən təyyarə almaq imkanları da məhdud idi. 1992-ci il aprelin 8-də Qarabağ səmasına qalxıb, erməni işğalçılarının istehkamlarına raket zərbəsi endirən “Su-25” tipli qırıcı təyyarə və onun şturvalı arxasında əyləşən baş leytenant Vaqif Qurbanovun şəxsiyyəti barədə az məlumat var idi. Gənc zabit hərbi aviasiyamızın tarixində ilk olan bu qırıcını hansı yolla əldə etmişdi?

Qarabağ torpaqları işğala məruz qalandan, xüsusən Xocalı faciəsi baş verəndən sonra gənc təyyarəçi Azərbaycanda hərbi təyyarə dəstəsi yaratmaq, vətənin qisasını almaq hissi ilə alışıb-yanırdı. O, ürək qızdırdığı təyyarəçi yoldaşlarını başına yığıb, müxtəlif planlar cızırdı. Nəhayət, bu planlardan biri baş tutdu.

Vaqif Qurbanov 80-ci dislokasiya olunmuş aviapolkun yerləşdiyi keçmiş sovet hərbi hava qüvvələrinə məxsus Sitalçay hərbi aerodromundan “Su-25” təyyarəsini qaçırması ilə yadda qalıb. Hadisə Qarabağ müharibəsinin ən gərgin dövründə, 8 aprel 1992-ci ildə baş verib. Təyyarəçi baş leytenant V.Qurbanov burada xidmət edən azərbaycanlı hərbçilərin – həmyerliləri, təyyarənin texniki leytenant Fuad Məmmədovun və baş aviamexanik çavuş Akif Quliyevin köməyi ilə “Su-25” markalı hərbi təyyarəni Azərbaycanın Hərbi Hava Qüvvələrinə gətirib.

Hadisədən dərhal sonra “Su-25” təyyarəsi axtarılıb. Rusiya hökuməti təyyarənin qaytarılmasını tələb etsə də, istəyinə nail olmayıb.

Vaqif Qurbanov ilk döyüş tapşırığına “Su-25” təyayrəsinin gizlədildiyi Şəkidən qalxıb. Şuşanın işğalı günündən sonra Vaqif Qurbanov bu təyyarə ilə döyüş uçuşlarını həyata keçirməyə başlayıb və düşmən mövqelərinə çoxsaylı zərbələr endiribV. Qurbanov çox aşağı məsafədən uçduğundan təyyarədən atılan mərminin qəlpəsi təyyarənin mühərrikini zədələyib. Mayın 8-i və 9-u Qurbanovun reydləri nəticəsində Qarabağdakı erməni silahlı qruplarının 30 nəfər döyüşçüsü öldürülüb, 120 nəfər yaralanıb. 9 may 1992-ci ildə Vaqif Qurbanov Xankəndidən İrəvana uçan “Yak-40” erməni təyyarəsinə hücum edərək onu vurub. Təyyarə Sisianda təcili eniş edib. 12 iyunda Vaqif Qurbanovun idarə etdiyi “Su-25” təyyarəsi Goranboy istiqamətində düşmənin müdafiə xəttini yarıb və nəticədə 20-dək yaşayış məntəqəsi erməni hərbi birləşmələrindən azad edilib. Qurbanov həmçinin Xocavənd və Əsgəran istiqamətində döyüşlərdə iştirak edib. Nəticədə düşmən tərəf ağır itkilər verib.

13 iyun 1992-ci ildə Vaqif Qurbanov Goranboy–Ağdərə istiqamətində üç döyüş uçuşu keçirib. Qurbanovun idarə etdiyi “Su-25” təyyarəsi Əsgəran yaxınlığında “Şilka” deyilən qurğu ilə vurulub. Şahidlərin söylədiyinə görə, həmin anlar Vaqif Qurbanov paraşütlə atıla bilib, lakin düşmən onu yerdən atəşlə vurub. Onun paraşütü düşmənin nəzarət etdiyi əraziyə düşüb.

 

Vaqif Qurbanovun yaralı halda ermənilərin əlinə keçdiyi barədə müxtəlif xəbərlər yayılıb. Əsir, İtkin və Girov Düşmüş Vətəndaşlarla İş üzrə Dövlət Komitəsi Vaqif Qurbanovla bağlı araşdırma aparılıb. Amma araşdırmalar nəticə verməyib. 1992-ci ildə Nizami rayon məhkəməsinin qərarı ilə V.Qurbanov ölmüş elan edilib.

2014-cü ildə Vaqif Qurbanovun döyüş yolundan bəhs edən “Mən evə qayıdıram” filmi çəkilib.

 

“Atam mənim üçün xüsusi bir qəhrəmandır”

 

Vaqif Qurbanovun 33 ildən sonra Böyük Zəfərin 5 -ci ildönümü ərəfəsində Milli Qəhrəman adına layiq görülməsi xəbəri ölkəmizdə böyük sevinclə qarşılanıb. Vətən yolunda həyatını fəda edərək şəhidlik zirvəsinə yüksəlmiş igid təyyarəçinin xidmətləri dövlətimiz tərəfindən yüksək qiymətləndirilib.

V.Qurbanov 20 aprel 1991-ci ildə ailə həyatı qurmuşdu. Onun Sevinc adlı bir qızı yadigar qalıb. Atası vətən uğrunda Qarabağda şəhid olanda Sevinc dörd aylıq olub. O, Bakı Dövlət Universitetini bitirib.

Milli Qəhrəmanın qızı İTV-yə müsahibəsində atasının yolunu davam etdirdiyini bildirib: “Uşaqlıqdan həmişə arzum olub ki, onun yolunu davam etdirim. Çünki o, mənim yeganə atamdır. Həmişə qəlbimdə qəhrəman kimi yaşayıb. Qızlar üçün atası hər zaman qəhrəmandır, amma mənim atam mənim üçün başqa cür, xüsusi bir qəhrəmandır. Ona görə də onun yolunu davam etdirmək hər zaman arzum olub”.

Şəhid Milli Qəhrəman Vaqif Qurbanov təkcə 33 il əvvəl ərazilərimizə qəsd edən düşmənə qarşı göstərdiyi döyüş şücaiəti ilə deyil, həm də torpaq, vətən yolunda qəbul etdiyi və həyatını təhlükədə qoyaraq həyata keçirdiyi cəsarətli qərarla yaddaşlara qəhrəman kimi əbədi həkk olunub.

Allah rəhmət eləsin!

 

(Azərbaycanmüəllimi qəzetində çıxan material əsasında hazırlanıbdır).

 

“Ədəbiyyat və incəsənət”

(13.11.2025)

Cümə axşamı, 13 Noyabr 2025 12:28

Yeniliklərlə dolu teatr mövsümü

İlhamə Məhəmmədqızı, “Ədəbiyyat və incəsənət”

 

Bu günlərdə Sumqayıt Dövlət Dram Teatrının hazırkı fəaliyyəti ilə maraqlandıq. Sözügedən qurumun mətbuat xidmətinin rəhbəri Turan Etibaroğlu bizə məlumat verdi ki, Sumqayıt Dövlət Dram Teatrı 57-ci teatr mövsümünü yazıçı Elşən Sərxanoğlunun “Ölməz” əsəri əsasında səhnələşdirilən eyniadlı monotamaşa ilə açdı.

 

 “Heç nə unudulmur, heç nə yaddan çıxmır” layihəsi çərçivəsində hazırlanan bu səhnə əsəri tamaşaçılar tərəfindən böyük maraqla qarşılandı. Tamaşanın müəllifi Elşən Sərxanoğlu, quruluşçu rejissoru Xalq artisti Firudin Məhərrəmov, rejissoru Ümid Abbaszadə, quruluşçu rəssamı isə Elşən Sərxanoğludur. Monotamaşada gənc aktyor Elay Xasıyev çıxış edir.

Bu tamaşanın xüsusi əhəmiyyəti ondadır ki, biz “Ölməz”i yaxın zamanda Milli Qəhrəmanın boya-başa çatdığı Mingəçevirdə və digər bölgələrdə nümayiş etdirməyi planlaşdırırıq. Tamaşanın əsas məqsədi qəhrəmanlıq, vətənpərvərlik ruhunu regionlarda da yaşatmaqdır.

Hazırda teatrımızda iki yeni səhnə əsərinin məşqləri davam edir. Onlardan biri dünya dramaturgiyasının incilərindən sayılan Jan Batist Molyerin “Jorj Danden, yaxud Aldanmış ər” komediyasıdır. Dövlət sifarişi ilə hazırlanan bu tamaşanın bədii rəhbəri Xalq artisti Firudin Məhərrəmov, quruluşçu rejissoru Ümid Abbaszadə, rəssamı Osman Salmanov, bəstəkarı Vüsal Namazlı, xoreoqrafı Kamil Ağazadə, rejissor assistentləri isə Fazilə Rzayeva və Ləman Məmmədlidir. Əsəri Azərbaycan dilinə Xalq yazıçısı Elçin tərcümə edib.

Digər tamaşamız görkəmli yazıçı Mirzəağa Atəşin “Şərəfin sandığı” pyesi əsasında səhnələşdirilən “Gəlinlərin savaşı” komediyasıdır. Quruluşçu rejissor Xalq artisti Firudin Məhərrəmov, rejissorlar Ümid Abbaszadə və Ləman Məmmədli, rəssam Osman Salmanov, musiqi tərtibatçısı Telman Qəniyev, rejissor assistenti isə Fazilə Rzayevadır.

Yaxın günlərdə teatrımız paytaxt tamaşaçıları ilə görüşəcək. Rus Dram Teatrının səhnəsində Xalq yazıçısı Anarın “Qaravəlli” əsəri əsasında hazırlanan eyniadlı tamaşamızın premyerası keçiriləcək. Quruluşçu rejissor Abdulla Elşadlı, quruluşçu rəssam Nizami Dadaşov, musiqi tərtibatçısı Elay Xasıyev, rejissor Rəvan Hüseynzadədir. Səhnə əsərində ritmika Ramazan Xanlarova, musiqilərin ifası isə “Dərviş” qrupuna məxsusdur.

Dekabr ayında isə Akademik Milli Dram Teatrının səhnəsində növbəti qastrol çıxışımız baş tutacaq. Bu dəfə tamaşaçılara gürcü dramaturqu Georgi Xuqayevin “Varlı ev” faciəsini təqdim edəcəyik. Quruluşçu rejissoru Xalq artisti Firudin Məhərrəmov, əsərin tərcüməsi Əməkdar incəsənət xadimi Ağalar İdrisoğluna, bədii tərtibatı Əməkdar rəssam Nabat Səmədovaya, musiqi tərtibatı isə Şəmistan Muradxanlıya məxsusdur.

Əlbəttə, biz balaca tamaşaçılarımızı da unutmuruq. Yeni il ərəfəsində rejissor Fuad Kazımovun quruluşunda “Donmuş saat” adlı şou-tamaşanın məşqlərinə start veriləcək.

Sumqayıt Dövlət Dram Teatrı üçün bu mövsüm yaradıcılıq baxımından dinamik, sınaqlarla və yeniliklərlə dolu bir mərhələ kimi yadda qalır. Hər bir səhnə işimizdə əsas məqsədimiz tamaşaçılara həm estetik zövq bəxş etmək, həm də dərin mənalı sənət mesajları çatdırmaqdır.

 

“Ədəbiyyat və incəsənət”

(13.11.2025)

 

 

Murad Vəlixanov, “Ədəbiyyat və İncəsənət”

 

Dünən ölkəmizdə Konstitusiya günü qeyd edilirdi. Eləmədim tənbəllik, ətrafdakı bir neşə şəxsdən bu gün nə günüdür deyə sorğu etdim. Tən yarısının sualıma cavab tapa bilmədiyini görüb, düzü duruxdum. Tələbələr, dövlət işində işləyənlər bilir, şəxsi biznesi olan, habelə işsiz olanlar isə bilmirdi.

Dünən belə əhəmiyyətli bir günün təyinatını bilməyən tanışlarıma söz vermişdim ki, adınızı açıqlayıb sizi biabır edəcəyəm. Ancaq bu gün etik qaydalara görə fikrimdən daşındım. Bununla belə, Konstitusiya günü barədə geniş yazı yazıb qəflət yuxusunda yatanları oyatmaq fikrinə düşdüm. Vallah ayıbdır, yaşadığın ölkənin dövlət bayramlarını bilməmək suçdur, qəbahətdir.

 

Ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə hazırlanan müstəqil Azərbaycanın ilk Konstitusiyası 1995-ci il noyabrın 12-də keçirilmiş ümumxalq səsverməsi (referendum) yolu ilə qəbul edilib. Dövlətin Əsas Qanunu 1995-ci il noyabrın 27-də qüvvəyə minib.       

Konstitusiyanın qəbulu müstəqillik tariximizin ən mühüm hadisələrindən biri olmaqla yanaşı, ümummilli lider Heydər Əliyevin Azərbaycan dövlətçiliyi qarşısındakı böyük xidmətlərindən biridir. Bu Konstitusiya müstəqil dövlət quruculuğu prosesini tənzimləyən, demokratik inkişafa təminat yaradan, cəmiyyətin siyasi, sosial, mədəni, iqtisadi sferalarında köklü dəyişiklikləri özündə ehtiva edən, qanunvericiliyin təkmilləşdirilməsində hüquqi baza rolunu oynayan mükəmməl və mütərəqqi sənəd idi.        

Böyük Öndərimiz əmin idi ki, demokratik dəyərlərin üstünlüyünü qəbul edən, azadlığın, haqq və ədalətin bərqərar olunduğu dövlət qurmaq istəyən hər bir ölkə, hər bir xalq üçün Konstitusiya birinci dərəcəli əhəmiyyət daşıyır. Siyasi, iqtisadi, hüquqi sistemin köklü şəkildə dəyişdiyi, cəmiyyətdə keçid dövrünün başlandığı bir vaxtda Konstitusiyanın – Əsas Qanunun rolu qat-qat artır. Bu bir həqiqətdir ki, müstəqil dövlətimizin ilk Konstitusiyasının qəbul olunması ilə Azərbaycanın tarixi inkişafının yeni bir mərhələsi başlandı.

Heydər Əliyev deyirdi: “Biz elə bir layihə hazırlamalı və nəhayət, elə bir Konstitusiya qəbul etməliyik ki, o, müstəqil Azərbaycan Respublikasının demokratik prinsiplər əsasında uzun müddət sabit yaşamasını təmin edən Əsas Qanun, tarixi sənəd olsun. Hakimiyyət bölgüsü – ali icra, qanunvericilik, məhkəmə hakimiyyəti - bunlar hamısı xalqın iradəsinə söykənməli, seçkilər yolu ilə təmin olunmalıdır.”       

Konstitusiya qəbul edilən gün - noyabrın 12-də respublika parlamentinə ilk dəfə çoxpartiyalı sistem əsasında demokratik seçkilər də keçirildi. İlk Konstitusiyanın milli dövlətçilik tarixində müstəsna əhəmiyyəti nəzərə alınaraq, 1996-cı il 1 noyabr tarixli Fərmana əsasən hər il noyabrın 12-si Konstitusiya Günü kimi qeyd edilməyə başlandı.       

Müstəqil Azərbaycan Respublikasının Konstitusiyası ölkəmizdə demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu prosesinə hüquqi baza yaratdı və onun inkişafına güclü təkan verdi, hakimiyyət bölgüsünün əsas prinsiplərini müəyyənləşdirdi. İnsan və vətəndaş hüquqlarının, azadlıqlarının müdafiəsini qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanları üzərinə ümdə vəzifə olaraq qoydu.      

Təsadüfi deyil ki, şəxsiyyətin toxunulmazlığı, insan həyat və sağlamlığının qorunması, layiqli həyat səviyyəsinin təmin olunması, humanizm və insanpərvərlik prinsipləri Azərbaycan Konstitusiyasının başlıca mahiyyətini təşkil edir. 5 bölmə, 12 fəsil, 158 maddədən ibarət Konstitusiyada insan hüquq və azadlıqlarına geniş yer verilməsi ölkəmizin demokratiya ideallarına sadiqliyinin göstəricisidir.    

 Azərbaycan Respublikasının Konstitusiyası qəbul edilərkən hüquqi dövlət quruculuğunun müasir meyillərinə istinad olunmuş, ölkəmizin hüquq sistemi üçün yeni bir təsisatın – konstitusiya ədalət mühakiməsi orqanının yaradılması nəzərdə tutulmuş, bu təsisatın dövlət hakimiyyəti sistemində yeri və rolu müəyyənləşdirilmişdir.

 Dəyişilən sosial-siyasi reallıq səbəbindən və əldə olunan uğurların möhkəmləndirilməsi məqsədilə Azərbaycan Konstitusiyasında bir neçə dəfə dəyişikliklər edilib və əlavələr olunub. 2002-ci il avqustun 24-də referendum yolu ilə Konstitusiyanın 24 maddəsində 29, 2009-cu il martın 18-də isə 25 maddəyə 30-dan artıq əlavə və dəyişiklik olunub. Bu dəyişikliklər Azərbaycan dövlətinin sosial-iqtisadi bazasının daha da güclənməsindən, vətəndaşların hüquq və azadlıqlarına daha etibarlı təminat verilməsindən, sosial dövlət prinsiplərini təsbit etmək imkanlarının daha da genişlənməsindən irəli gəlirdi. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü ilə 2016-cı il sentyabrın 26-da keçirilmiş referendumla Konstitusiyada üçüncü dəfə əlavələr və dəyişikliklər edilib. Konstitusiyanın 29 maddəsində edilən 41 əlavə və dəyişiklik müxtəlif sahələri əhatə etməklə, ali dövlət hakimiyyəti, məhkəmə hakimiyyəti orqanlarının və bələdiyyələrin işinin təkmilləşdirilməsinə, insan hüquqları və azadlıqlarının daha səmərəli təmin edilməsinə, hüquq və azadlıqların müdafiəsində dövlət və bələdiyyələrin məsuliyyətinin artırılmasına yönəlmişdir. Son dəyişikliyə əsasən idarəetmə sistemində yeni təsisat - Birinci vitse-prezidentlik institutu yaradıldı. Müstəqil Azərbaycanda bu yeni təsisat dövlət və hakimiyyət idarəetmə mexanizmində funksional institut olaraq yenilənən respublikanın yeni idarəetmə modeli oldu.

Sevindirici haldır ki, Möhtərəm Prezidentimiz Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Müzəffər Ordumuz tərəfindən əzəli Azərbaycan torpağı olan Dağlıq Qarabağ 44 Günlük Vətən müharibəsində erməni işğalçılarından azad edilərək ölkəmizin ərazi bütövlüyü təmin olunmuş,  ata-baba yurdundan didərgin salınmış bir milyondan çox soydaşımızın konstitusion hüququ bərpa edilmişdir.

Xalqımızın düşmən üzərində Möhtəşəm Zəfəri Suverenliyimizin tam bərpa olunması sayəsində 12 noyabr Konstitusiya Günü ölkəmizin hər bir vətəndaşı tərəfindən daha sevinclə, qürurla və iftixar hissi ilə qeyd edilir.

Kimlər də ki, bu günün mahiyyətini bilmirdi, indi yəqin ki bildilər.

 

“Ədəbiyyat və incəsənət”

(13.11.2025)

Cümə axşamı, 13 Noyabr 2025 15:40

Tovuz elinin ustad aşığı

İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”

 

Azərbaycanın qərb bölgəsi həqiqətən də aşıq musiqisinin mərkəzidir. Burada Göyçə, Qazax və Tovuz aşıq məktəbləri xüsusən ad çıxarıblar. Bu gün Tovuza güzar edəcək, ustadlar ustadı Aşıq Hüseyn Bozalqanlının yad edəcəyik. Bu gün onun anım günüdür.

 

Aşıq Hüseyn Bozalqanlı 1863-cü ildə Tovuz rayonunda Bozalqanlı kəndində anadan olub. Kənddə yeni açılan dini məktəbdə, molla Səməd Axundun məktəbində üç il təhsil alıb, ərəb və fars dillərini mükəmməl öyrənib. Çox kiçik yaşlarından şeirə, sənətə bağlanıb, hələ on iki yaşında olarkən şeir yazmağa başlayıb. Toylarda, məclislərdə aşıqlara qulaq asıb, aşıq sənətinə də uşaqlıqdan valeh olub. Cəmi üç ay aşıq Məmmədquluya şagird olub. Fitri istedada malik olan Hüseyn toylarda, ziyafətlərdə bacarıqlı aşıq kimi şöhrət qazanıb.

 Bu, təsadüfi olmayıb, Hüseyn haqq aşığı olub, dərsi də ona möcüzələr yaradan Allah verib. Aşıq Hüseyn Bozalqanlı həmişə hazırcavab, özünə inamlı olub. Atası Məşədi Cəfərqulu kimi comərdliyi, qəhrəmanlığı ilə seçilən nadir şəxsiyyətlərdən biri hesab edilib. O, həmişə üstündə sazla yanaşı, mauzer də gəzdirib… Aşıqlarla deyişmədə heç vaxt sözünü birinci deməyib, öz rəqibinə fürsət verib və nəticədə təmkini ilə qalib gəlib.

Görkəmli sənətkar Qurbani, Abbas Tufarqanlı, Vaqif kimi sənətkarların irsi ilə tərbiyələnən, aşıq poeziyasının bütün formalarında yaratdığı şeirlərlə — gözəlləmələr, qoşmalar, təcnislər, dodaqdəyməzlər, divanilər, gəraylılar, dastanları ilə aşıq və şairlər içərisində həmişə seçilib. Azərbaycan xalq yaradıcılığının inkişafında da Aşıq Hüseynin böyük xidməti olub. O, "Qara Tanrıverdi", "Nəriman", "Xanlar", "Hacı Tağı" dastanlarının yaradıcısıdır.

 "Koroğlu" dastanının ən kamil bilicisi məhz Aşıq Hüseyn hesab edilib. Dastanın bir neçə qolu — "Koroğlunun Toqat səfəri", "Bağdad səfəri", "Həmzənin Qıratı aparması", "Koroğlunun vuruşması" və.s. qolları Aşıq Hüseynin dilindən yazılıb. Bu böyük sənətkar dövrünün görkəmli tarixi şəxsiyyətləri ilə qarşılaşıb və həmişə də onların məhəbbətini qazanıb. 1917–1922-ci illərdə Həmid Sultanovun tapşırığı ilə tez-tez Aşıq Hüseyn, Aşıq Mirzə və Xəyyam Mirzədən ibarət aşıq məclisi təşkil olunub...

Metex qalasında həbsdə olarkən N. Nərimanovla yaxından tanış olub və sonradan "Qoca Şərqin Nərimanı gəlirmi?" şeirini və "Nəriman" dastanını yazıb. Bədahətən söz deməkdə də Aşıq Hüseynin əvəzi olmayıb. Buna görə də sevimli xalq şairimiz Səməd Vurğun onu "əli qılınclı şair" adlandırıb və həmişə ona dərin məhəbbət bəsləyib. "Geri dur" müxəmməsi və digər şeirlərindən aydın olur ki, Hüseyn Bozalqanlı Sədi, Firdovsi, Füzuli kimi klassiklərin əsərlərinə dərindən bələd olub.

Satira isə onun yaradıcılığında xüsusi yer tutub. Müxəmməslərində satirik poeziyamızın novatoru Sabir duyğuları duyulur. 1937-ci il noyabrın 13-də aşıq Hüseyn Bozalqanlı Azərbaycan Yazıçılar İttifaqının üzvü və ittifaq nəzdində olan aşıqlar bölməsinin rəhbəri seçilib. Ustad sənətkar I və II Aşıqlar qurultaylarının, eləcə də, Moskvada keçirilən Azərbaycan ədəbiyyatı və incəsənəti ongünlüklərinin iştirakçısı olub. Şairin əməyi dövlət tərəfindən çox yüksək qiymətləndirilib. O, "Şərəf nişanı" ordeni və fəxri fərmanla mükafatlandırılıb.

1941-ci il oktyabrın 16-da isə ən yüksək fəxri ada — Azərbaycanın əməkdar incəsənət xadimi adına layiq görülüb. Ölməz sənətkarın on dörd şagirdi olub. O, müasirləri məşhur Aşıq Ələsgər, Növrəs İman, Aşıq Ağacan, Xəyyam Mirzə, Qazaxlı Mirzə Səməd, şair Vəli, şair Nəcəf və başqaları ilə deyişib. Hüseyn Bozalqanlı 1941-ci il noyabrın 13-də vəfat edib. Qəbri Bozalqanlı kəndinin el qəbiristanlığındadır.

Allah rəhmət eləsin!

 

“Ədəbiyyat və incəsənət”

(13.11.2025)

 

Cümə axşamı, 13 Noyabr 2025 13:04

Gülüş yarada bilən Məşədi İbadımız

 

İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”

 

Köhnə lent yazılarına baxıram. Elə görünüşü ilə gülüş yarada bilir bu aktyor. Siması, mimika və jestləri, danışıq tərzi – hamısı yumora xidmət edir. İndi belə aktyorlar nə gəzirlər. İndi çığırtıyla, biədəb spzlərlə gülüş yaratmağa çalışırlar müasir komedik aktyor zümrəsi.

 

Komediya aktyorluğunun parlaq simalarından olan, səhnəyə hər tamaşada ilk gəlişindən milli teatr tariximizdə bir kimsədə görünməmiş duzlu, cəlbedici və qeyri-adi səsi ilə tamaşaçıları ovsunlayan Əliağa İsmayıl oğlu Ağayev 22 mart 1913-cü ildə Bakıda doğulub. Erkən yaşlarından atasını itirib.

 1930-cu ildə yeddinci sinfi bitirərək Paris kommunası adına gəmi təmiri zavodu nəzdindəki sənət məktəbində oxuyub. İki il sonra oranı bitirərək zavodun özündə gəmi çilingəri işləyib. Bəm və şirin zümzüməli səslə işdə də dodaqaltı oxuyan Əliağa zavodun dram dərnəyinə yazılıb. İlk rolu Mirzə Fətəli Axundzadənin "Hacı Qara" komediyasında Hacı Qaradır.

Əliağa Ağayev 1936-cı ildə Gənc Tamaşaçılar Teatrının (əvvəlki adı Fəhlə Uşaqlar Teatrı idi) kollektivinə daxil olub. Peşəkar teatrda səhnəyə ilk dəfə Jül Vernin "Kapitan Qrantın uşaqları" dramının tamaşasında Dlk rolunda çıxıb. Qısa müddətdə fitri istedadı ilə teatrın yaradıcılıq iqlimini mənimsəyən Əliağa Ağayevə tədricən repertuarın əksər tamaşalarında rollar tapşırılıb. Aktyor GTT-də müasir dramaturqların əsərlərində, klassik milli və tərcümə əsərlərində koloritli silsilə rollar yaradıb.

Müxtəlif çeşidli rolları, xüsusən "O olmasın, bu olsun" bədii filmindəki Məşədi İbad obrazı ilə respublikadan kənarda da şöhrətlənən Əliağa Ağayev 1961-ci ilin payızında Akademik Milli Dram Teatrının kollektivinə qəbul olunub. Bu teatrda ilk orijinal rolu Şıxəli Qurbanovun "Əcəb işə düşdük" komediyasında (2 dekabr 1961) Abış Surxayeviç obrazıdır.

 

İyirmi iki il Akademik teatrda işləyən sənətkar bu səhnədə Vasin ("Tanya", Aleksey Arbuzov), Allanəzər ("Kimdir müqəssir?", Hüseyn Muxtarov), Qulaməli, Alışov, Nağı ("Közərən ocaqlar", "Kəndçi qızı" və "Yaxşı adam", Mirzə İbrahimov), Birinci məzarçı, Stefano ("Hamlet" və "Fırtına", Uilyam Şekspir), Rista Podoroviç ("Nazirin xanımı", Branislav Nuşiç), Pişta Orbek ("Füsunkar qız", Mikolaş Dyarfaş), Keşiş Bazilo ("Bu qadın mənimdir", Raymonda Juniyor), Çakan Yemelyan ("Daşqın", Anatoli Safronov), Anatoli Novoseltsov ("Sevgi… sevgi…", Emil Braginski və Eldar Ryazanov) və digər filmlərdə yaddaqalan epizod surətlərə də çəkilib.

Əliağa Ağayev ilk növbədə komik xarakter aktyoru olub və buna görə də komizmi zahiri əlamətlərdə deyil, surətin təbiətində, daxili varlığında, düşüncə tərzində canlandırmağa üstünlük verib. Həm zahiri əlamətlər cəhətdən, həm də daxilən rolun ifasında istifadə etdiyi vasitələrin məntiqi ahəngdarlığına çalışıb. Həyatda da şuxluğu xoşlayan Əliağa Ağayev 13 noyabr 1983-cü ildə pərəstişkarları və dostları ilə süfrə arxasında lətifə söyləyib güldüyü yerdəcə gözlərini əbədi qapayıb. Məzarı Bakıda, Yasamal qəbiristanlığındadır.

Allah rəhmət eləsin!

 

“Ədəbiyyat və incəsənət”

(13.11.2025)

Cümə axşamı, 13 Noyabr 2025 11:34

Bu gün Oqtay Ağayevin anım günüdür

 

Onun nostalji mahnıları indiki yaşlı və orta nəsli keçmiş dönəmə aparır. Əlbəttə ki mahnılar qədər adama keçmişini xatırladan başqa nəsnə yoxdur. Amma gənc nəsil də onu dinləyir. Səsindəki həzinlik, şirinlik, axıcılıq çoxlarını cəlb edir.

Mən Oqtay Ağayev barəsində danışıram. Cəmi 6 gün öncə də onun barəsində danışmışdım. Onda ad gününün ildönümüydü. İndisə vəfatının ildönümüdür.

 

Oqtay Ağayev 1934-cü il 7 noyabrda Bakıda dünyaya gəlib. Babası Ədalət Partiyasının sədri olub. 1937-ci ildə partiyanın digər üzvləri kimi o da SSRİ-nin Komi bölgəsinə sürgün edilib. Digər "xalq düşmənləri" kimi onun da ailəsinin başına müsibətlər gətirilib. Bütün var-dövlətləri, evləri əllərindən çıxandan sonra Bəhram Ağayevin ailəsi babalarının İçərişəhərdəki evində qalmalı olublar.

O.Ağayevin uşaqlıq illəri müharibə dövrünə təsadüf etdiyi üçün çox çətin keçib. Sənətkar musiqini uşaqlıqdan sevib. 1953-cü ildə Asəf Zeynallı adına Musiqi texnikumuna daxil olub. Müəllimi Sofya İvanovna Xalfen olub. Təxminən 78 yaşlı bu qadın özü də müğənnilik edib. O, Oqtaya vokalın sirlərini öyrədib, onun vokalist kimi inkişafında böyük zəhmət çəkib.

Əsgərlikdən qayıdandan sonra Oqtay Ağayev Firudin Mehdiyevin sinfində təhsilini davam etdirib. Firudin Mehdiyev konservatoriyada ölməz Bülbülün sinfini bitirib və texnikumda dərs deməyə başlayıb. Oqtay Ağayev Azərbaycanda olan iki böyük estrada orkestrinin hər ikisində solist kimi fəaliyyət göstərib. 1970-ci ilə qədər Rauf Hacıyevin, 1984-cü ilədək isə Tofiq Əhmədovun rəhbərliyi ilə Radio və Televiziya Estrada Orkestrinin solisti olub.

Dünyanın bir sıra xarici ölkələrində (Əlcəzair, Mərakeş, Polşa, Çexoslovakiya, Bolqarıstan, Rumıniya və s.), keçmiş SSRİ-nin bütün respublikalarında qastrol səfərlərində olub, Kreml Sarayında 11 konsert verib.

Kino sənətində də fəaliyyət göstərib. Vaqif Mustafayevin ""Yapon" və yaponiyalı" filmində milis rəisi rolunda çəkilib. "O qızı tapın", "Dağlarda döyüş" və başqa filmlərdə mahnılar ifa edib. Oxuduğu mahnıların 200-dən çoxu lentə yazılıb. Ürək-damar xəstəliyindən əziyyət çəkən xalq artisti Oqtay Ağayev 2006-cı il, noyabrın 13-də vəfat edib. Rəşid Behbudov adına Dövlət Mahnı teatrında vida mərasimi keçiriləndən sonra Yasamal qəbirstanlığında torpağa tapşırılıb.

 

Filmoqrafiya

1. Abşeron ritmləri

2. Bakı bağları. Buzovna

3. Dağlarda döyüş

4. Xatirələr sahili

5. Mahnı qanadlarında

6. O qızı tapın

7. Oqtay Ağayev. Ötən günlər

 

Allah rəhmət eləsin!

 

“Ədəbiyyat və incəsənət”

 

(13.11.2025)

Cümə axşamı, 13 Noyabr 2025 09:03

İrəvanda nə qaldı ki?

 

İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”

 

Qərbi Azərbaycanda nəyimiz qaldı? Yurdumuz, ev-eşiymiz, yüz illər yaratdığımız maddi və mənəvi irsimiz... Həm də teatrımız... Düzdür, adını bura daşıdıq, amma özü yağılarda qaldı, yoxa çıxardılar...

 

Elmira İsmayılova 13 noyabr 1945-ci ildə İrəvanda ziyalı ailəsində anadan olub. 1968-ci ildə Ermənistan Respublikasının X.Abovyan adına Pedaqoji İnstitutunu bitirib. Elə həmin ildən etibarən o, C.Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrında aktrisa kimi çalışıb.

O dövrdə bu teatr düşmən əhatəsində yaşayan həmyerlilərimizin bir birlik, dirəniş rəmziydi həm də.

Elmira İsmayılova aktrisa kimi fəaliyyət göstərdiyi illər ərzində bir çox müxtəlif janrlı obrazlar yaradıb. Onun Humay (S.Rəhman, "Əliqulu evlənir"), Afət (M.Şamxalov "Qaynana"), Qrafinya (U.Şekspir, "Axırı xeyir olsun"), Dilarə (Anar, "Şəhərin yay günləri"), Dilbər xanım (N.Vəzirov, "Hacı Qəmbər"), Oqudalova (A.Ostrovski "Cehizsiz qız"), Smeraldina (K.Qoldoni, "İki ağanın bir nökəri"), Böyükxanım (C.Cabbarlı, "Aydın"), Xala (Ü.Hacıbəyov, "Arşın mal alan"), Nazik (S.Rəhman, "Ulduz") və s. rolları tamaşaçı rəğbətini qazanıb. Elmira İsmayılova "Ömürdən uzun gecə" (Hidayət), "Əkizlərin nağılı" (P.Pançev) kimi televiziya filmlərində çəkilib.

 

Teatrın İrəvandakı fəaliyyəti dövründə

1. Oqudalova («Cehizsiz qız», Aleksandr Ostrovski)

2. Smeraldina («İki ağanın bir nökəri», Karlo Haldoni)

3. Qrafinya («Axırı xeyir olsun», Vilyam Şekspir)

4. Polina («Tribunal», Aleksandr Makayonok)

5. Dilşad («Atayevlər ailəsi», İlyas Əfəndiyev)

6. Dilarə («Şəhərin yay günləri», Anar)

7. Böyük xanım («Solğun çiçəklər», Cəfər Cabbarlı)

8. Şərəbanı («Aydın», Cəfər Cabbarlı)

9. Gülnisə («Yaşar», Cəfər Cabbarlı)

 

Teatrın Bakıdakı fəaliyyəti dövründə

- Fena («Mənim qaynanam», Georgi Xuqayev)

- Ana («Didərginlər», Zəlimxan Yaqub)

- Sənəm («Allah onlara rəhmət eləsin», Süleyman Rəşidi)

- Gülnar («Abbasqulu bəy Şadlınski», İnqilab Vəlizadə)

- Mehriban («Məhəbbət yaşayır hələ», Hidayət)

- Harayxanım («Durnalar qayıdanada», Hidayət)

- Ballı («Sehrli alma», Şahin Cəbrayılov)

 

Filmoqrafiya

- Ömürdən uzun gecə

- Bəsdir, ağlama!

- Bir anın həqiqəti

- 3 bacı

 

Mükafatları

1. Azərbaycan SSR Ali Sovetinin Fəxri fərmanı

2. "Əməkdar artist" fəxri adı

3. "Xalq Artisti" fəxri adı

4. Azərbaycan Respublikası Prezidentinin mükafatı

5. "Sənətkar" medalı (Azərbaycan Teatr Xadimləri İttifaqının medalı)

 

“Ədəbiyyat və incəsənət”

(13.11.2025)

 

58 -dən səhifə 2595

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.