Super User
RƏSM QALEREYASI: Katrin Lazurye, “Balaca çoban”
Cəmi 28 iı yaşamış fransalı xanım rəssam Katrin Lazuryenin “Balaca çoban” əsəri 1778-ci ildə çəkilib.
2020-ci ildə rəsm əsəri Cothebys auksionunda 150000 usd-yə satılıbdır.
“Ədəbiyyat və incəsənət”
(11.11.2025)
GÜNÜN FOTOSU: Tehranda su qıtlığı kritik həddə çatıb
İranda son 100 ilin ən quraq yayından sonra su mənbələrinin quruması paytaxt Tehranda ciddi su böhranı yaradıbdır. Hətta paytaxtın köçürülməsi məsələsinə də baxılır.
Məbə: Euronews
“Ədəbiyyat və incəsənət”
(11.11.2025)
Azərbaycanın turizm imkanları Körfəz Əməkdaşlıq Şurası ölkələrində tanıdılır
Azərbaycanın turizm imkanları Körfəz Əməkdaşlıq Şurası (KƏŞ) ölkələrində tanıdılır. Azərbaycan Turizm Bürosunun təşkilatçılığı ilə noyabrın 13-dək davam edəcək “Roadshow 2025” tədbiri çərçivəsində bu gün əl-Küveyt şəhərində ölkəmizin turizm potensialı təqdim olunub.
“Ədəbiyyat və incəsənət” portalı AzərTAC-a istinadən xəbər verir ki, Azərbaycanın turizm şirkətlərinin, otellərin nümayəndələri, Turizm Bürosunun əməkdaşları əl-Küveytdə, həmçinin yerli turizm şirkətləri ilə ikitərəfli görüşlərdə iştirak ediblər. Eyni zamanda, 100-ə yaxın yerli şirkətin nümayəndələri ölkəmizin turizm məhsulları və imkanları, eləcə də bu istiqamətdə aparılan məqsədyönlü tədbirlər barədə məlumatlandırılıblar. Bundan başqa, ölkəmizə turistlərin gəlişini asanlaşdırmaq üçün görülən işlərdən də danışılıb.
“Roadshow 2025” çərçivəsində növbəti tədbirlər Doha, Məsqət, Əbu-Dabi və Dubay şəhərlərində keçiriləcək.
Tədbirdə iştirak edən Azərbaycanın “Zakher Travel” şirkətinin rəhbəri Cəfər Qarayev AZƏRTAC-ın müxbirinə müsahibəsində KƏŞ ölkələri ilə turizm sahəsində əməkdaşlığın əhəmiyyətini vurğulayıb. Qeyd edib ki, şirkəti Azərbaycanın malik olduğu böyük yay və qış, müalicə, sağlamlıq turizm potensialını KƏŞ ölkələrinin yerli şirkətlərinə təqdim edir.
Tədbirdə Azərbaycanın Küveytdəki səfirliyinin müşaviri Mirdavud Sultanov iştirak edib.
“Ədəbiyyat və incəsənət”
(11.11.2025)
ARKA 2025-ci il üzrə animasiya film layihələrinin qaliblərini açıqlayıb
Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən Azərbaycan Respublikasının Kino Agentliyi (ARKA) 2025-ci il üzrə “Dövlət dəstəyi ilə istehsal ediləcək film layihələri müsabiqəsi”nin qaliblərini elan edib.
“Ədəbiyyat və incəsənət” portalı ARKA-ya istinadən xəbər verir ki, müsabiqə çərçivəsində 7 animasiya filmi layihəsi dövlət dəstəyinə layiq görülüb.
ARKA-nın dəstəyini alan animasiya layihələri bunlardır: “Eyni yağışın altında”, “Oyun”, “Kölgəsiz Adamlar”, “Qayıtmışam”, “Hipotez”, “Fazzi: oyanış” və “İşquzların bilgi çanağı”.
Qeyd edək ki, müsabiqənin məqsədi yerli kino istehsalını təşviq etmək, gənc rejissorların və animasiya sahəsində fəaliyyət göstərən yaradıcıların layihələrini dəstəkləməkdir.
“Ədəbiyyat və incəsənət”
(11.11.2025)
Kolumbiya Universitetində şanlı Zəfərimizin beşinci ildönümü qeyd olunub
ABŞ-nin nüfuzlu Kolumbiya Universitetində şanlı Zəfərimizin beşinci ildönümünə həsr olunan tədbir keçirilib. Tədbir Azərbaycan Amerika Gənclər Federasiyasının təşkilatçılığı, Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə baş tutub.
“Ədəbiyyat və incəsənət” portalına Komitədən verilən məlumata görə, əvvəlcə Azərbaycan və ABŞ-nin Dövlət himnlərinin səsləndirilib, şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Amerika Gənclər Federasiyasının rəhbəri Leyla Aslanova çıxış edərək Zəfər tarixi haqqında geniş məlumat verib.
Diasporla İş üzrə Dövlət Komitəsinin şöbə müdiri Səlhət Abbasova Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun igidliyi sayəsində qazanılan tarixi qələbənin siyasi əhəmiyyətini diqqətə çatdırıb, Zəfərimizin dünya azərbaycanlılarının qürur mənbəyinə çevrildiyini, soydaşlarımızı informasiya müharibəsində daha əzmkar olmağa sövq etdiyini bildirib.
Azərbaycan Respublikasının BMT yanında daimi nümayəndəsi, səfir Tofiq Musayev Zəfər Gününün xalqımızın tarixində xüsusi yerini vurğulayıb, 30 illik işğala son qoyulması prosesini xatırladaraq hadisələri beynəlxalq hüquq aspektindən təhlil edib.
“Koloradoda Azərbaycan Diasporu" təşkilatının rəhbəri Nigar Şıxsəfiyeva, Azərbaycan-Amerika Gənclər Assosiasiyasının prezidenti Nabat Eminova, yerli ictimaiyyətin nümayəndəsi Con Teylor, “My Way” Uşaq və Gənclər İnkişaf Mərkəzinin təmsilçisi çıxışlarında Azərbaycan xalqını Zəfər günü münasibəti ilə təbrik edib, Müzəffər Ali Baş Komandan İlham Əliyevin bu qələbədə əvəzsiz xidmətlərini, qəhrəman Azərbaycan oğul və qızlarının fədakarlıqlarını nəzərə çatdırıblar.
Sonra qələbəyə aparan yolu tərənnüm edən “Vətən” İncəsənət və Mədəniyyət Mərkəzinin və “ElTV production” şirkətinin birgə layihəsi çərçivəsində komitənin dəstəyi ilə ərsəyə gələn “Dəmir Yumruq” filmi, eləcə də “Şəhidə məktub” qısa filmi göstərilib.
Tədbir bədii hissə ilə davam edib. Milana Nabiyeva, Dana və Aline Zoabi bacıları, Emili Məmmədova, eləcə də "My Way" Uşaq və Gənclər İnkişaf Mərkəzinin rəqs qrupunun ifa etdikləri Azərbaycan milli rəqsləri tədbir iştirakçılarının sürəkli alqışları ilə qarşılanıb.
Tədbir zamanı həmçinin "My Way" Mərkəzinin gənc rəssamlarının əsərlərindən ibarət sərgi də nümayiş olunub.
“Ədəbiyyat və incəsənət”
(11.11.2025)
Əl-Fərabi medalını, mükafatını həmyerlimiz aldı
Dünyaxanım Ağalarqızı, “Ədəbiyyat və incəsənət”
Bu yaxınlarda Orta Asiya əsilli görkəmli Şərq filosofu və aliminin (870-950-ci illər) adını daşıyan, Aristotel və Platondan sonra ikinci müəllim hesab edilən Əl-Fərabi medalının təqdimat mərasimi keçirildi. Bu nüfuzlu mükafat elm, mədəniyyət və fəlsəfənin inkişafına, eləcə də beynəlxalq əməkdaşlıq və humanitar əlaqələrin möhkəmləndirilməsinə verdiyi əhəmiyyətli töhfələrə görə verilir.
2025-ci ildə həmyerlimiz, fəlsəfə doktoru, professor, Azərbaycan Yazıçılar Birliyinin üzvü və Beynəlxalq Professorlar Akademiyasının (ABŞ) üzvü Rafiq Yəhya oğlu Əliyev millətlərarası və regionlararası münasibətlərin, fəlsəfi düşüncənin və müasir cəmiyyətin inkişafına verdiyi əhəmiyyətli töhfələrə görə Əl-Fərabi medalı ilə təltif edildi.Professor Rafiq Əliyev fəlsəfə, din və sosial düşüncə sahələrində fəal elmi və jurnalist fəaliyyəti ilə məşğuldur. O, həm Azərbaycanda, həm də xaricdə Azərbaycan, rus və ingilis dillərində nəşr olunmuş, müasir dünyada insanların mənəvi və mədəni dəyərlərinin formalaşmasında dinin, ideologiyanın və fəlsəfənin roluna həsr olunmuş çoxsaylı əsərlərin müəllifidir. Alim ölkələr və xalqlar arasında mədəni və humanitar dialoqun gücləndirilməsinə yönəlmiş beynəlxalq layihələrdə fəal iştirak edir. Bu mövzularda yazdığı 30 kitabdan 10-u Amerika Birləşmiş Ştatlarında vəərəb dünyasında ingilis və ərəb dillərində nəşr olunub. Bu, çox böyük uğurdur.Mərasim təşkilatçısı, Beynəlxalq Xalq Diplomatiyası Birliyi İctimai Birliyinin prezidenti Baxıt Rüstəmov öz çıxışında belə qeyd edib: “Əl-Fərabi medalı hər bir laureatın elmi düşüncənin, təhsilin və beynəlxalq əməkdaşlığın inkişafına verdiyi şəxsi töhfənin tanınmasını simvolizə edir. Bu mükafat təkcə peşəkar nailiyyətləri deyil, həm də xalqlar və dövlətlər arasında qarşılıqlı anlaşmanı gücləndirmək istəyini əks etdirir”. Batır Rüstəmovun sözlərinə görə, medalın verilməsi böyük mütəfəkkir Əl-Fərabinin fəlsəfi və humanitar ənənələrinin davamı kimi xidmət edir və biliyə, müdrikliyə və insan tərəqqisinə doğru hərəkatın simvoludur.
P. S. Qeyd etmək istərdik ki, bu, böyük Əl-Fərabinin bizə miras qoyduğu fəlsəfi və humanitar ənənələrin davamı kimi xidmət edir. Onun irsi biliyə, müdrikliyə doğru hərəkatın və elmin inkişafına və beynəlxalq əməkdaşlığın gücləndirilməsinə yönəlmiş səylərin simvoludur. Belə bir Beynəlxalq səviyyəli mükafatı bizim həmyerlimiz professor Rafiq müəllim Əliyevin alması da təkcə onun üçün yox, məmləkətimiz üçün də böyük töhfədir. Onu da vurğulamaq istəyirik ki, Rafiq Əliyevin elə mükəmməl əsərləri var ki, onları dünya səviyyəsinə çıxartsaq, dünya xalqları tərəfindən də çox marala qarşılanar və məmləkətimizə böyük baş ucalığı gətirər. Biz, böyük filosf Rafiq Əliyevin vasitəsilə dünya xalqlarına bir daha millətimizin böyüklüyünü, belə dünya səviyyəli insanlarımızın olduğunu sübut eləyə bilərik. Axı dünya gör-götür dünyasıdır. Qarabağdakı böyük qələbəmizdən sonra biz elmimizi, təhsilimizi, ədəbiyyatımızı, tibbimizi, incəsənətimizi, idmanımızı da lazım olan səviyyədə dünya xalqarına çatdırmalıyıq. Bu, bizim müqəddəs borcumuz olmalıdır.
Bir daha çoxminli oxucularımız adında professor Rafiq müəllim Əliyevi təbrik edirik.
“Ədəbiyyat və incəsənət”
(11.11.2025)
Vətən əmanəti adlı konsert keçirilib
"Bizi Birləşdirən Mədəniyyət" İctimai Birliyinin təşkilatçılığı ilə Şəhriyar adına Mədəniyyət Mərkəzində 44 günlük Vətən Müharibəsində qazanılan Zəfərin 5 illiyinə həsr olunmuş Şahin Musaoğlunun mahnılarından ibarət “Vətən əmanəti” adlı konsert baş tutub. Bu barədə “Ədəbiyyat və incəsənət” portalına İctimai Birlikdən məlumat verilib.
Əvvəlcə Vətən müharibəsi şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni səsləndirilib.
Tədbiri giriş sözü ilə açan "Bizi Birləşdirən Mədəniyyət" İctimai Birliyinin sədri Ramil Qasımov tariximizə qızıl hərflərlə yazılan 2020-ci ilin 44 günlük Vətən müharibəsində qazandığımız şanlı Zəfərdən söz açıb. O, tədbirdə iştirak edən şəhid ailələri və qazilərə dərin minnətdarlığını bildirib.
Zəfər Gününə həsr olunmuş gecədə Şahin Musaoğlunun 90-cı illərin əvvəllərindən etibarən gənclərə vətənpərvərlik ruhunu aşıladığı mahnıları, şeirləri - "Cənab Leytenant", "İgid əsgər", "Vətən əmanəti", "Şuşa marşı", "Çağırır Vətən" və digər mahnıları səsləndirilib.
Gecədə Xalq artistləri Nurəddin Mehdixanlı, Samir Cəfərov, İlqar Muradov, Əməkdar artist Ramil Qasımov, həmçinin Ülkər Əliyeva, Nəsibə Bədəlbəyli, Ayaz Qasımov, İlkin Fuad, Vüqar Əliyev, Rəşad İsmayıl, Saleh Nəzərov və Orxan Mövlan iştirak ediblər.
“Ədəbiyyat və incəsənət”
(11.11.2025)
O dövrün rejissoru balaca Ərəblinski
İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”
Vaxt tapan kimi gedib baxdığı tamaşalar onda dərin təəssürat oyadırdı. Uşaqlıqdan canında olan aktyorluq həvəsi gündən-günə qüvvətlənirdi. Gənc həvəskar aktyor az keçmir ki, "balaca Ərəblinski" adı ilə şöhrətlənir. O vaxt sənətə gələn gənclərin əksəriyyətini bu adla çağırırdılar.
Hüseyn Ərəblinskinin təsiri altına düşən gənclər hər vəclə ona oxşamağa, səhnədə onu təqlid etməyə çalışırdılar. İsmayıl Hidayətzadə də belə gənclərdən biri idi..
İsmayıl Hidayətzadə 1901-ci ildə Bakıda dənizçi ailəsində anadan olub. İsmayıl 1909-cu ildən etibarən "İttihad" məktəbində oxuyub. Burada oxuduğu illər İsmayıl Hidayətzadənin gələcək həyatını müəyyənləşdirib.
İsmayıl, eyni zamanda rejissorluq sənətinə də maraq göstərib. Azərbaycan teatrında çalışan rus rejissorlardan olan İvanovun yanında müavin işləyib. 1926-ci ildə arabir özünü rejissorluqda sınayıb. Bu sınaqlar onu teatr ictimaiyyətinə rejissor kimi tanıdıb. 1934-cü ildə "Siyavuş" əsərini səhnələşdirmək ona tapşırılıb. Teatr tənqidçilərinin bəyəndiyi "Siyavuş"dan sonra Opera və Balet Teatrında "Koroğlu" və "Karmen" operalarını səhnələşdirib. Rus Dram Teatrında "1905-ci ildə", "Vaqif" tamaşalarını qoyub.
İsmayıl Hidayətzadənin Azərbaycan mədəniyyəti qarşısında xidmətləri yalnız yaratdığı zəngin rol qalereyası və uğurlu rejissor işi ilə tamamlanmır. O, ilk milli baletimizin — "Qız qalası"nın librettosunu yazıb. Opera studiyası da onun səyi ilə yaradılıb.
Bütün ömrü boyu teatrda çalışan sənətkar "Qız qalası", "Almaz" və "Altıncı duyğu" filmlərində də çəkilib. 2001-ci ildə altyorun 100 illik yubileyi təntənəli şəkildə qeyd edilib.
Təltif və mükafatları
1. "Azərbaycan SSR xalq artisti" fəxri adı
2. "Azərbaycan SSR əməkdar artisti" fəxri adı
3. "Qırmızı əmək bayrağı" ordeni
4. "Şərəf nişanı" ordeni
Filmoqrafiya
1. Qız qalası əfsanəsi
2. Bismillah
3. Altıncı hiss
4. Almaz
Sənətkar 11 noyabr 195-ci ildə vəfat edib. Allah rəhmət eləsin!
“Ədəbiyyat və incəsənət”
(11.11.2025)
Uşaq ədəbiyyatının görkəmli nümayəndəsi
İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”
Azərbaycan Sovet uşaq ədəbiyyatının ən görkəmli nümayəndələrindən biri olubdur. Jurnalistika, nəçriyyat işi, ictimai fəaliyyət, digər fəaliyyətlər onu uçaq şeirləriyazmaqdan çəkindirməyibdir.
Azərbaycan şairi, Azərbaycan Yazıçılar İttifaqının üzvü Mirmehdi Seyidzadə 1907-ci il noyabr ayının 11-də Türkmənistanın Aşqabad şəhərində dənizçi ailəsində anadan olub. İbtidai təhsilini İranda Məşhəd şəhərində alıb. 1920-ci ildə ailəliklə Bakıya köçüb, burada 1921–1925-ci illərdə Pedaqoji texnikumda təhsil alıb. 1926–1930-cu illərdə Qubadlı və Şəmkir rayon komsomol komitələrində bir il işlədikdən sonra Bakıda kitabxana müdiri olub. 1930–1932-ci illərdə isə Maarif işçiləri kitabxanasına rəhbərlik edib. Azərbaycan Pedaqoji İnstitutunun qiyabi şöbəsində 2 il təhsil alan yazıçı 1932–1939-cu illərdə Azərnəşrdə redaktor, şöbə müdiri işləyib.
1938–1939-cu illərdə yenidən təşkil olunan "Uşaqgəncnəşr"də bədii ədəbiyyat şöbəsinə rəhbərlik edib. 1941-ci ildə Sovet ordusunun tərkibində İranda "Qızıl əsgər" qəzeti redaksiyasında xüsusi müxbir isl6. Xəstəliyinə görə ordudan tərxis olunub, Azərbaycan Radio Verilişləri Komitəsində məsul redaktor, bir ildən sonra 1944-cü ildə Azərnəşrdə şöbə müdiri təyin olunub.
Ədəbi yaradıcılığa 1925-ci ildə "Şərq qadını" jurnalında çap etdirdiyi "Kənd qızı" adlı ilk şeiri ilə başlayıb. Seyidzadə 1927–29-cu illər uşaq şeirləri "Zirək Səməd" mənzum nağılını, "Şanlı gün" poemasını yazıb, "Nərgiz", "Ayaz", "Qızılquş", "Elsevər" və şairə mənzum pyesləri tamaşaya qoyulub, bir neçə şeirlərinə isə mahnılar bəstələnib.
1932-ci ildə mükafata layiq görülən "Şanlı gün" poeması ayrıca kitab şəklində nəşr edilib. Bakıda onun bir sıra başqa kitabları, o cümlədən "Balaca təyyarəçi", "Ceyran", "Neft haqqında", "Kim güclüdür", "And" kitabları çıxıb. Mirmehdi Seyidzadə yaradıcılıqdan əlavə A. S. Puşkin, Jukovski, Krılov, Ömər Xəyyam və digər sənətkarların əsərlərindən tərcümələr edib.
1. Keçəl Səməd
2. Şanlı gün
3. Kiçik təyyarəçilər
4. Neftə doğru
5. Pinti Həsən
6. Uşaq şeirləri
7. Qızıl quş
8. Nərgiz
9. Pilotlar
10. Kiçik pyeslər
11. Şeirlər və poemalar
Mirmehdi Seyidzadə 1966-cı ildə "Əmək veteranı" medalı, "Şərəf nişanı" ordeni, 1958-ci ildə Lenin komsomolu mükafatı, Azərbaycan Ali Soveti Rəyasət heyətinin Fəxri Fərmanı, 1975-ci ildə "Lenin" ordeni ilə təltif edilib.
1976-cı il avqust ayının 30-da vəfat edib.
2017-ci ildə Azərbaycan Dövlət Pedaqoji Universitetində Mirmehdi Seyidzadənin 110 illik yubileyi qeyd olunub.
“Ədəbiyyat və incəsənət”
(11.11.2025)
Bu gün İslan Rzayevin doğum günüdür
İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”
Azərbaycan musiqisi xəzinəsinə nə qədər muğam, təsnif bəxş edən, olduqca gözəl səs tembrinə malik olan müğənnilərimizdən olan İslam Rzayevin bu gün doğum günüdür. Anadan olmasının 91-ci ildönümüdür.
İslam Rzayev 11 noyabr 1934-cü ildə Füzuli rayonunun Sərdarlı kəndində dünyaya gəlib. Qarabağ xanəndəlik məktəbinin layiqli davamçılarından biri olub. Onun səsini ilk dəyərləndirən Seyid Şuşinski olub. Peşəkar musiqi təhsilini Bakıda Asəf Zeynallı adına Azərbaycan Dövlət Musiqi Texnikumunda alıb, Seyid Şuşinskinin sinfində muğam dəstgahlarını mükəmməl öyrənib. Həmçinin Zülfü Adıgözəlovdan və Həqiqət Rzayevadan muğam dərsləri alıb, sənətini təkmilləşdirib. Daha sonra 1976-cı ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunu bitirib.
1958-ci ildən ömrünün sonunadək Azərbaycan Dövlət Akademik Filarmoniyasının solisti kimi fəaliyyətə göstərib. Pedaqoji işlə də məşğul olub, yetirdiyi tələbələr xanəndəlik məktəbinin layiqli davamçıları kimi tanınıblar. İslam Rzayevin təşəbbüsü ilə 1989-cu ildə Bakıda ilk Dövlət Muğam Teatrı yaradılıb. Həyatının sonunadək Muğam Teatrının bədii rəhbəri vəzifəsində çalışıb.
Onun oxuduğu "Çahargah", "Bayatı-Kürd", "Mahur–Hindi", "Rast" muğam dəstgahları AzTV-nin fonduna daxil edilib. Bir sıra mahnılar da bəstələyib, onlardan "Gəl inad etmə", "Dağlar başı", "Almadərən" mahnıları geniş yayılıb. Öz yaradıcılığında bəstəkar əsərlərinə də müraciət edən, Cahangir Cahangirovun "Nəsimi", "Aşıq Alı" və s. kantatalarında solo partiyanı ifa edib.
Filmoqrafiya
1. Azərbaycan elləri
2. Bakı bağları. Türkan
3. "Hacı Mail" nağılı...
4. Havalansın Xanın səsi
5. Sevil
Mükafatları
1. Azərbaycan SSR əməkdar artisti
2. Azərbaycan SSR xalq artisti
3. Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü
4. "Şöhrət" ordeni
Xanəndə 26 yanvar 2008-ci ildə Bakı şəhərində vəfat edib. Fəxri Xiyabanda dəfn olunub. Allah rəhmət eləsin!
“Ədəbiyyat və incəsənət”
(11.11.2025)


