5 may tarixində F.Köçərli adına Respublika Uşaq Kitabxanasının təşkilatçılığı ilə Bakı Modern Sağlamlıq Mərkəzinin “İnklüziv cəmiyyətə hüquqi və mental dəstək” adlı maarifləndirici tədbiri baş tutub.
“Ədəbiyyat və incəsənət” portalına kitabxanadan verilən məlumata görə, tədbirdə qonaq qismində mərkəzin rəhbəri, psixoloq-konsultant Həcər Soltanova, həkim-mama-ginekoloq Firuzə İmanova, həkim-genetik Azadə Əliyeva, həkim-pediatr Nübar Dəmirli, vəkil Rəsul Hüseynov, yazıçı-naşir Çinarə Köçərli, defektoloq-loqoped Mahizər Eyvazova, psixoloqlar Vüsalə İbayeva və Milan Quliyeva, loqoped Fidan Həmidov, MBT mütəxəssisi Elnur İsmayılov iştirak ediblər.
Kitabxananın rəhbəri, Əməkdar mədəniyyət işçisi Şəhla Qəmbərova sözə başlayaraq bildirib ki, uşaqların inkişafına dəstək məqsədilə bu cür tədbirlərin keçirilməsi vacibdir. O, həmçinin oxu terapiyası metodlarından istifadə edilməsinin zəruriliyini vurğulayıb. Vəkil Rəsul Hüseynov çıxışında Uşaq Hüquqları Haqqında Konvensiyanın əsas prinsipləri – ləyaqət və bərabərlik, ailənin rolu, xüsusi müdafiə, habelə sağlamlıq imkanları məhdud uşaqların təhsili məsələləri barədə ətraflı məlumat verib. Həkim-genetik Azadə Əliyeva isə “Autizm Nədir?” mövzusunda çıxış edərək autizmli uşaqların cəmiyyətdəki fərqliliyi, onların qəbulu və dəstəklənməsi yollarını müzakirəyə çıxarıb.“Ting” nəşriyyatının rəhbəri, yazıçı-naşir Çinarə Köçərli autizmli uşaqların ev şəraitində təliminə dair kitablar təqdim edərək bu sahədəki mövzulara toxunub.
Tədbir maarifləndirici xarakter daşıyıb, iştirakçılar tərəfindən inklüziv cəmiyyətin qurulmasında hüquqi, psixoloji və pedaqoji dəstəyin əhəmiyyəti vurğulanıb.
“Ədəbiyyat və incəsənət”
(07.05.2026)


