ƏDƏBİYYAT VƏ İNCƏSƏNƏT - Super User
Super User

Super User

Bazar, 09 Noyabr 2025 10:12

9 Noyabr Dövlət Bayrağı Günüdür!

Murad Vəlixanov, “Ədəbiyyat və İncəsənət”

 

Bayraq mənliyimdir, bayraq kimliyim,

Mənim öz yurduma öz hakimliyim!

 

9 Noyabr günü hər il Dövlət Bayrağı günü kimi qeyd edilir. O bayraq ki, uğruna neçə-neçə igidlər canını, qanını tərəddüd etmədən verdi. O bayraq ki, layiq olduğu zirvədən enməsin deyə, hər an azad şəkildə dalğalansın deyə, uğruna tankların, mərmilərin önünü kəsdiyimiz bayrağın günüdür. O bayraq ki, Məmməd Əmin Rəsulzadənin “Bir kərə yüksələn bayraq bir daha yerə enməz!” sözündən güc alaraq Xankəndidə, Şuşada, Laçında, Kəlbəcərdə, Ağdamda zirvələrə qalxdı.  

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2009-cu il noyabrın 17-də imzaladığı Sərəncamla hər il noyabrın 9-u ölkədə Dövlət bayrağı günü kimi qeyd edilir. Tarixə nəzər salsaq, Dövlət bayrağı gününün qeyd olunması Azərbaycan Xalq Cümhuriyyətinin tarixi ilə bağlıdır.  Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli Dövlət bayrağı ilk dəfə 1918-ci il noyabrın 9-da Bakıda, hökumətin iclasında qəbul edilib və iclasın keçirildiyi Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının binası üzərində qaldırılıb, 1920-ci ilin aprel ayınadək dövlət statusuna malik olub. Dövlət bayrağındakı üç rəngin ifadə etdiyi və XX əsrin əvvəllərindəki milli istiqlal ideologiyamızın üç təməl prinsipini təşkil edən “Türkçülük, müasirlik və islamçılıq” düsturunun müəllifi görkəmli Azərbaycan mütəfəkkiri Əli Bəy Hüseynzadədir. Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı olan bu bayraq bizim azadlıq məfkurəsinə, milli-mənəvi dəyərlərə və ümumbəşəri ideallara sadiqliyimizi nümayiş etdirir. 

Bayraq bizim kimliyimiz, bayraq bizim varlığımızdır. Azərbaycanın Respublikasının Dövlət bayrağı milli suverenliyin simvoludur.

Azadlıq yağışından doğan Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli Dövlət bayrağı Sovet dönəmində ləğv edildi, onu kommunistlər tarixin arxivinə atdıqlarını zənn etdilər, amma o, 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri, xalqımızın ümummilli lideri Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə keçirilən sessiyada Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı olaraq təsdiq edildi.

Daha sonra Naxçıvan Muxtar Respublikasının Ali Məclisi Azərbaycan SSR Ali Soveti qarşısında üçrəngli bayrağın Azərbaycanın rəsmi dövlət rəmzi kimi tanınması haqqında vəsatət qaldır. 1991-ci il fevral ayının 5-də həmin vəsatətə baxıl və Azərbaycan Respublikasının Ali Soveti “Azərbaycan Respublikasının Dövlət bayrağı haqqında” Qanun qəbul edərək onu yenidən Dövlət bayrağı elan etdi.    

1991-ci il oktyabrın 18-də “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktı ilə Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin varisi kimi onun dövlət rəmzlərini, o cümlədən Dövlət bayrağını bərpa elədi.

Azərbaycan Respublikası Konstitusiyasının 75-ci maddəsinə əsasən hər bir vətəndaş Azərbaycan Respublikasının dövlət rəmzlərinə - bayrağına, gerbinə və himninə hörmət etməlidir. Dövlət rəmzlərinə hörmətsizliyin nümayiş etdirilməsi qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur.  

2004-cü il iyunun 8-də “Azərbaycan Respublikası Dövlət bayrağının istifadəsi qaydaları haqqında” Azərbaycan Respublikasının Qanunu ilə bu sahədə qanunvericilik bazası təkmilləşdirilmişdir. Həmin Qanunla Azərbaycan Respublikasının Dövlət bayrağına hörmət göstərilməsi ilə bağlı vəzifələr, Dövlət bayrağının qaldırılmalı və yerləşdirilməli olduğu yerlər, təsvirinin istifadəsi, həmçinin rəsmi tədbirlər zamanı, matəm günlərində və matəm mərasimlərində istifadəsi, digər bayraqlarla birgə qaldırılması (asılması) və ya yerləşdirilməsi, habelə Dövlət bayrağının istifadəsinə dair tələblər və məhdudiyyətlər müəyyən edilmişdir.  

Dövlət bayrağı respublikamızın dövlət qurumlarının və diplomatik nümayəndəliklərinin binaları üzərində ucalır, mühüm beynəlxalq tədbirlər, mötəbər mərasimlər və məclislərlə yanaşı, irimiqyaslı ictimai-siyasi toplantılarda, mədəni tədbirlərdə və idman yarışlarında qaldırılaraq milli birliyi təcəssüm etdirir.

Ən müqəddəs rəmzlərdən olan bayraq millətin varlığının, mövcudluğunun sübutu, müstəqil dövlətə sahib çıxmaq bacarığının ən əsas göstəricilərindəndir. Bu gün Prezident İlham Əliyevin rəhbərliyi və rəşadətli Azərbaycan ordusunun qəhrəmanlığı sayəsində 44 günlük Vətən müharibəsi və antiterror əməliyyatı nəticəsində erməni separatçılarının qalıqları tamamilə məğlub edilərək ölkəmizin suverenliyi tam təmin olundu. Bununla da üçrəngli şanlı bayrağımızın Xocalıda, Əsgəranda, Ağdərədə, Xankəndidə və digər torpaqlarımızda qürurla dalğalanır. 9 Noyabr Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü tarixi torpaqlarımızda böyük qürur və fərəh hissi ilə qeyd olunur.

Tanrı birlik və həmrəyliyimizi qorusun. Bayrağımız daim ucalarda dalğalansın!

 

“Ədəbiyyat və incəsənət”

(09.11.2025)

Sahibə Yusif, “Ədəbiyyat və incəsənət” üçün

 

Hər bir xalqın tarixində elə günlər var ki, illərin yaddaşına yalnız tarix kimi deyil, nəfəs kimi yazılır. 8 noyabr bizim üçün belə bir gündür. O, sadəcə qələbənin tarixi deyil həm də səbrin, haqqın, duaların və göz yaşlarının zirvəyə çevrildiyi gündür. Uzun illər boyu torpaq dilsiz bir dərd daşıdı. Yurd adları xəritələrdə qara kölgələr  kimi qaldı. Biz bu həsrəti yaşadıq ... amma heç vaxt qəbul etmədik. Torpaq bizim onuuntmamağımız üçün, sanki inildəyirdi. Biz də unutmadıq.

 

VƏTƏN UNUDULMAZ ki.

Zəfərin özü isə səssiz gəlmir.

Onun arxasında anaların gecəyarısı pozulan yuxuları, ataların içindən çıxa bilmədiyi ahlar, bacıların gizlətdiyi göz yaşları, nişan üzüyü payızda masanın üzərində soyuq qaldığı qızların susqunluğu var.Və bir də — əsgər addımı.

Ən ağır yükləri çiyninə qoyub, ən çətin sözləri içində saxlayıb irəli gedən bir addım.

Torpaq, mən qaytardım səni, deyən o addım.

Və bu təkcə sevinc deyil həm də başımızı aşağı salıb əbədiyyətə köçənlərin adını pıçıldamaqdır. Şanlı əsgərin bir də məqamı uca Şəhidin zəfəridir o gün.

Onlar getməsəydi, bu gün bu torpağın küləyi belə başqa cür əsəcəkdi.

Torpaq azad olanda yalnız sərhədlər dəyişmir ... insanın içində də bir çox şey dəyişir. Hər şey öz yerinə dönür. Sanki ruh nəfəs alır, sanki ağaclar budaqlarını daha məğrur açır, sanki günəş bu torpağın üzərinə daha isti doğur.

Biz bəzən “Qələbə bizimdir” deyirik.

Amma əslində qələbə bizi seçdi.

Çünki biz ona layiq idik.

Dalğalan mənim üç rəngli Bayrağım!

Yaşa mənim Şanlı Əsgərim.

İndi dağların başı dumana yox, bayrağa bürünüb... bunu sən etdin mənim məğrur ŞƏHİDiM

İndi yollar geri yox, irəli aparır bizi.

İndi bu torpaq yalnız torpaq deyil — şəhid nəfəsi, qazi izi, əsgər addımının səsidir.

ZƏFƏRİN MÜBARƏK AZƏRBAYCAN!!!

 

“Ədəbiyyat və incəsənət”

(08.11.2025)

 

 

 

Rəqsanə Babayeva, “Ədəbiyyat və incəsənət” üçün

 

8 Noyabr — Azərbaycan xalqının yaddaşına əbədi həkk olunmuş bir tarixdir. Bu gün təkcə hərbi qələbənin deyil, həm də milli ruhun, birliyin və 30 ilə yaxın davam edən nisgilin sonunun simvoludur. Zəfər Günü Azərbaycanın müasir tarixində yeni mərhələnin başlanğıcıdır — ədalətin, qürurun və dövlətin gücünün təntənəsidir.

Tarixin Dönüm Nöqtəsi

2020-ci ilin payızında baş verən Vətən müharibəsi yalnız torpaqların azad edilməsi uğrunda mübarizə deyildi. Bu savaş illərlə içimizdə yanıb qalan ədalət hissinin, doğma yurd həsrətinin hayqırtısı idi. Hər kəndin, hər dağın, hər qayanın azadlığı – bir xalqın azad nəfəsi demək idi.

8 Noyabrda Şuşanın azad edilməsi ilə Azərbaycan ordusu təkcə strateji üstünlüyü deyil, həm də mənəvi qələbəni qazandı. Çünki Şuşa — Azərbaycan mədəniyyətinin, muğamın, poeziyanın beşiyidir. Şuşanın azadlığı, bir növ, millətin ruhunun yenidən doğulması idi.

Mədəni İrsin Qələbəsi

Zəfər təkcə cəbhədə qazanılmadı. O, həm də xalqın yaddaşında, musiqisində, ədəbiyyatında, sənətində yaşadı. Qələbədən sonra yazılan mahnılar, çəkilən filmlər, səhnələşdirilən əsərlər bu tarixi hadisəni xalqın mədəni yaddaşına köçürdü.
Bu gün Zəfər Günü münasibətilə ölkənin müxtəlif bölgələrində keçirilən tədbirlər, sərgilər, teatr tamaşaları və sənət layihələri göstərir ki, bu qələbə yalnız silahla deyil, ruhla da qazanılıb.

Birliyin Gücü

Zəfər Günü həm də milli birliyin, dövlət və xalq həmrəyliyinin rəmzidir. Müharibə zamanı hər kəs öz yerində idi — əsgər cəbhədə, həkim hospitalda, sənətkar isə sözün və musiqinin gücü ilə xalqın ruhunu ucaldırdı.
Bu birliyin nəticəsində Azərbaycanın müasir tarixi yazıldı. Dövlətin dəstəyi, xalqın iradəsi, gənclərin fədakarlığı və şəhidlərin qanı ilə yoğrulmuş bu qələbə hər birimizin ürəyində müqəddəs bir əmanət kimi yaşayır.

Gələcəyə Baxış

Zəfər Günü bizə yalnız keçmişi xatırlatmaq üçün deyil, həm də gələcəyə daha inamla baxmaq üçün bir səbəb verir. Azad edilmiş torpaqlarda qurulan yeni şəhərlər, bərpa olunan abidələr, yenidən doğulan həyat göstərir ki, qələbə yalnız bir günün sevinci deyil, uzunmüddətli dövlətçilik iradəsinin təcəssümüdür.
Bu gün Zəfər ruhu yeni nəsillərin tərbiyəsində, təhsilində, mədəniyyətində öz yerini tapır. Hər bir uşaq, hər bir gənc bilir ki, bu torpaq necə böyük qəhrəmanlıqla qorunub.

Şəhidlərə İthaf

Bu zəfərin hər səhifəsində bir igidin adı, bir ananın duası, bir övladın göz yaşı var. Zəfər Gününü qeyd edərkən, xalqımız ən çox da şəhidlərin ruhu qarşısında baş əyir. Onların qanı ilə yazılan bu qələbə, Azərbaycan torpaqlarının azad nəfəsini təmin etdi.

Hər bir şəhidin adı bu torpağın daşına, suyuna, ağacına yazılıb. Qarabağın yenidən qurulan küçələrində, tikilən məktəblərində, səslənən muğamlarında onların izi var.
Onlar torpaq uğrunda deyil, gələcək nəsillərin azadlığı, milli kimliyimizin qorunması uğrunda canlarını verdilər. Bu səbəbdən Zəfər Günü həm də şəhidlərə səssiz minnətdarlıq günüdür — onların ruhuna çevrilmiş bir dua, bir təşəkkür.

Sənətkarın Gözündən Zəfər

Zəfər, sənət üçün tükənməz bir ilham mənbəyidir. Qələbədən sonra çəkilən filmlər, yazılan poemalar, bəstələnən marşlar bu tarixi hadisənin ruhunu yaşadır. Hər bir rejissor, rəssam, bəstəkar və şair bu mövzunu öz baxış bucağından təqdim etsə də, hamısını birləşdirən ortaq hiss — Vətən sevgisidir.

Teatrlarda səhnələşdirilən “Şuşa dastanı”, “Qarabağ salnaməsi” kimi tamaşalar, Zəfər marşları və sənət sərgiləri göstərir ki, bu qələbə artıq mədəniyyətin də mövzusuna çevrilib.
Sənət bu gün Zəfərin yaddaşını qoruyan, onu gələcək nəsillərə çatdıran ən güclü körpüdür. Hər yeni bədii əsər, hər səhnə işığı altında bir daha səslənir: bu torpaq azaddır, bu xalq qalibdir.

Zəfər Günü – təkcə hərbi tarix deyil, milli kimliyimizin, dövlətçiliyimizin və mənəvi gücümüzün təntənəsidir. Hər il noyabrın 8-də səslənən “Qarabağ Azərbaycandır!” nidası artıq təkcə bir şüar deyil – bu, xalqın birliyinin, dövlətin əzəmətinin və mədəniyyətin dirçəlişinin ifadəsidir.

Bu gün hər bir azərbaycanlı bu qələbənin məsuliyyətini və qürurunu daşıyır. Çünki Zəfər — bir xalqın ruhundan doğan, tarixin öz axarını dəyişən müqəddəs bir səfərdir.

 

“Ədəbiyyat və incəsənət”

(08.11.2025)

 

İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”

 

Bəli, ad günü 8 noyabra düşənlər özlərini çox qürurlu və xoşbəxt hesab edirlər, bayramları bayrama qarışır. Bu siyahıda Namiq Qaraçuxurlunun da adı vardır. Onun meyxanaçı, yaxud müğənni olması daim mübahisə predmetidir. Amma nə olsa da, böyük pərəstişkar auditoriyası vardır, əsas da budur.

 

Namiq Qaraçuxurlu 8 noyabr 1978-ci ildə Bakı şəhərində anadan olub. İlk meyxanasını 1993-cü ildə deyən meyxanaçı sonralar müəyyən səbəblərdən bir neçə il sənətinə fasilə verib. 1997-ci ildə Şəhriyar adına mədəniyyət sarayında keçirilən meyxana müsabiqəsində ikinci yer tutub, laureat olub. Fəaliyyəti ilə o gündən mütəmadi məşğul olan meyxanaçının 1999-cu ildə ilk kaseti işıq üzü görüb.

2001-ci ildə "And içmişdik" adlı albomu çıxandan sonra meyxanaçının və meyxana sənətinin həyatında böyük rol oynayan "Rəvayət" klipi çəkilib. Klipinin təqdimatı bir vaxtlar meyxanaçının laureat olduğu Şəhriyar adına mədəniyyət sarayında konsert şəklində səsləndirib. Azərbaycanın müxtəlif bölgələrində konsert verən meyxanaçı 7900 nəfərlik tamaşaçı tutumu olan "Şəfa" stadionunda solo konsert verib.

 Mütəmadi olaraq Hollandiya, Almaniya, İran və Rusiyanın bir çox şəhərlərində və o cümlədən paytaxt Moskvada konsert verib. Uzun müddət Aygün Kazımova ilə duet oxuyub. Sözləri Namiq Qaraçuxurluya aid olan "Yenə Tək" mahnısını Türkiyənin məşhur sənətcisi Ajda Pekkan ifa edib.

Son illərdə populyar ifalarından olan "Bir arzu tut" adlı mahnısı bir çox sənətçi tərəfindəndə ifa olunub. Bununla yanaşı "Soyuqdur" və "Ürəyimin oğrusudur" mahnıları bir çox ölkələrdə sevilib və YouTube trendinə daxil olub. Son aylarda "Tez elə" adlı mahnısına Türkiyədə klip çəkdirib və bir daha ölkə trendində yer tutub.

 

Duet ortaqları:

- Könül Kərimova

- Aygün Kazımova

- Rəhim Rəhimli

- Sevil-Sevinc

- Xəyyam Quliyev (meyxanaçı)

- Əhməd Mustafayev

- Əminə Şirinqızı

 

“Ədəbiyyat və incəsənət”

(08.11.2025)

Prezident İlham Əliyev Cəbrayıl rayonunun Horovlu kəndinin sakinləri ilə görüşündə Azərbaycan xalqının 44 günlük Vətən müharibəsindəki qəhrəmanlığına diqqət çəkdi, bununla bağlı maraqlı fikirlər səsləndirdi. Müzəffər Ali Baş Komandan bildirdi ki, 8 Noyabr Zəfəri Azərbaycan tarixinin ən parlaq səhifəsidir.

 

Bunu “Ədəbiyyat və incəsənət” portalına açıqlamasında Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri polkovnik Cəlil Xəlilov söyləyib, o, 8 Noyabr Zəfərinin yalnız hərb tariximizdə deyil, bütövlükdə dövlətçilik tariximizdə ən unikal hadisə olduğunu vurğulayıb.

O deyib ki, 8 Noyabr Zəfəri xalqımızın həyatında mühüm yer tutan, dövlətimizin və dövlətçiliyimizin yalnız bu gününə deyil, həm də gələcəyinə bilavasitə təsir göstərən böyük bir zəfər, misilsiz bir qələbədir: “Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Silahlı Qüvvələrimizin 44 gündə əldə etdiyi bu tarixi Zəfər ərazi bütövlüyümüzü təmin etməklə yanaşı, milli-mənəvi dəyərlər sistemimizə, xalqımızın özünə, gücünə və qəhrəmanlığına olan inamını hifz etdi. Prezident İlham Əliyevin rəhbərliyi ilə qəhrəman Azərbaycan əsgər və zabitlərinin əldə etdikləri bu Qələbə göstərdi ki, Azərbaycan yalnız Ermənistana deyil, ona dəstək verən, onun işğalçılıq siyasətini təqdir edən bütün anti-Azərbaycan qüvvələrinə qalib gəlməyə, bu şər ittifaqını darmadağın etməyə qadirdir.

Prezident İlham Əliyevin Cəbrayıl rayonunun Horovlu kəndinin sakinləri ilə görüşündə 8 Noyabr Zəfərini Azərbaycan tarixinin ən parlaq səhifəsi adlandırması da bu böyük Qələbənin zamana sığmayan önəmindən xəbər verir”.

8 Noyabr Zəfərinin 5-ci ildönümünün yaxınlaşdığını xatırladan Cəlil Xəlilov deyib: “Əminliklə vurğulayıram ki, veteranlarımız bu günə qədər olduğu kimi, bundan sonra da dövlətimizin və Prezidentimizin ətrafında sıx birləşməkdə davam edəcək, bütün antimilli, anti-Azərbaycan qüvvələrinin hər bir təxribatına layiqincə cavab verəcəklər”.

 

“Ədəbiyyat və incəsənət”

(08.11.2025)

 

Nail Zeyniyev, “Ədəbiyyat və incəsənət”

 

AMEA-nın Mərkəzi Elmi Kitabxanasında keçirilən tədbir bir daha göstərdi ki, 44 günlük Vətən müharibəsində qazanılmış Qələbə təkcə hərbi zəfər deyil, eyni zamanda milli kimliyin, elmin və mədəniyyətin yeni mərhələsidir.

 

Dövlət Himninin təntənəli səsləri altında başlayan və şəhidlərimizin xatirəsinə həsr olunan sükutla davam edən lektoriya iştirakçılarını dərin düşüncələrə qərq etdi. Belə tədbirlərin əhəmiyyəti ondadır ki, burada yalnız qələbənin hərbi aspekti deyil, onun mədəni-mənəvi dəyərləri də diqqət mərkəzinə çəkilir.

Kitabxana direktoru Hüseyn Hüseynov haqlı olaraq qeyd etdi ki, elm və mədəniyyət ocaqları bu Qələbəni gələcək nəsillərə çatdırmaqda xüsusi məsuliyyət daşıyır. Məhz bu məsuliyyətlə MEK-in hazırladığı biblioqrafik göstəricilər və təşkil etdiyi tədbirlər tarixi yaddaşın qorunmasında əvəzolunmaz rol oynayır.

Sənan Həsənovun məruzəsi isə bizə bir daha xatırlatdı ki, bu Qələbənin kökləri Ulu Öndər Heydər Əliyevin qoyduğu möhkəm təməllərə dayanır. 1993-cü ildən başlanan dövlətçilik strategiyası Prezident İlham Əliyevin rəhbərliyi altında öz məntiqli sonucuna möhtəşəm qələbəyə çatdı.

Xüsusilə təsirlə izlədiyim məqam şəhid Babək Səmidlinin bacısı Röksanə Səfərzadənin çıxışı oldu. Onun hər sözündə qürur, kədər və eyni zamanda inam hiss olunurdu - o inam ki, şəhidlərimiz boşuna can verməyib.

Lektoriyanı müşayiət edən kitab sərgisi də diqqətəlayiqdir. Bu cür sərgilər gənclərimizi mütaliəyə, tariximizi daha dərindən öyrənməyə sövq edir. Necə ki, Sənan Həsənov da tədbirdə vurğuladı ki, gənclər elm və mədəniyyət ocaqlarının imkanlarından maksimum istifadə etməlidirlər.

Ədəbiyyat və incəsənət sahəsində çalışan biz hər birimiz üçün bu cür tədbirlər ilham mənbəyidir. Çünki Qələbə yalnız cəbhədə deyil, qələmdə, sənətdə, elmdə də davam edir. Bu Zəfəri sənət dili ilə anlatmaq, onu ədəbi əsərlərdə, tədqiqatlarda əbədiləşdirmək bizim borcumuzdur.

Mərkəzi Elmi Kitabxana bu istiqamətdə atdığı hər addımla nümunə göstərir ki, elm və mədəniyyət müəssisələri milli dəyərlərin qorunması və təbliğində aktiv rol oynamalıdırlar.

 

“Ədəbiyyat və incəsənət”

(08.11.2025)

 

 

 Dünyaxanım Ağalarqızı, “Ədəbiyyat və incəsənət” üçün

 

Qarabağdakı şanlı qələbəmizdən sonra hər il Azərbaycan Mədəniyyət Nazirliyi və Azərbaycan Teatr Xadimləri İttifaqı birlikdə bədii qiraət müsabiqəsi keçirir. Bu müsabiqə çox böyük təqdirəlayiq işdir. Belə ki, həm sənət adamlarını və həm də tamaşaçıları uğurlu qələbəmizin tarixi anlarını yaşamağa, bu böyük qələbəmizin necə müqəddəs olduğunu bir daha hamıya göstərməyə, əbədilik yaddaşımızda yaşatmağa stimul verir.

 

Bu il  də Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və Azərbaycan Teatr Xadimləri İttifaqının təşkilatçılığı ilə  03, 04 noyabr 2025-ci il tarixlərdə 44 günlük Vətən müharibəsində qələbənin 5-ci ildönümünə həsr olunmuş “XARIBÜLBÜLÜN TƏNTƏNƏSİ” bədii qiraət müsabiqəsi çox böyük təntənə ilə keçirildi.

Belə ki, Azərbaycan Teatr Xadimləri İttifaqının Mustafa Mərdanov adına səhnəsində keçirilən müsabiqəni Xadimlər İttifaqının sədri, Xalq artisti, “Şöhrət” ordenli  Hacı İsmayılov açdı. Sonra şəhidlərin ruhu bir dəqiqəlik sükutla və milli himnimizlə yad olundu. O, iştirakçılara və tamaşaçılara keçmiş müsabiqələr haqqında qısa məlumat verdi. Həm də bu qələbəmizin dünyada necə böyük coşqu ilə qarşılandığını vurğuladı. 44 günlük Vətən müharibəsində ölkə rəhbərliyi, ordu və xalqın birliyi haqqında böyük həvəslə danışdı. Sonra sözü iştirakçılara verdi.

Beləliklə, tədbirin birinci  günü Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı, Akademik Rus Dram Teatrı, Milli Gənc Tamaşaçılar Teatrı, Sumqayıt Dövlət Dram Teatrı, Bakı Bələdiyyə Teatrı, Naxçıvan Dövlət Milli Musiqili -Dram Teatrı, Naxçıvan Dövlət Kukla Teatrı, Füzuli Dövlət Dram Teatrı, Şuşa Dövlət Musiqili- Dram Teatrı, Ağdam Dövlət Dram Teatrı, Qazax Dövlət Dram Teatrı, Qusar Dövlət Ləzgi Dram Teatrı, Lənkəran Dövlət Dram Teatrı, Salyan Dövlət Kukla Teatrı, Şəki Mədəniyyət Mərkəzi və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetini təmsil edən iştirakçılar öz çıxışlarını təqdim  etdilər.

Münsiflər heyətinin üzvləri - Əməkdar artist Azad Şükürov (sədr), Xalq artistləri Hacı İsmayılov və İlham Namiq Kamal, aktyor-pedaqoq Məhəmməd Verdizadə və mədəniyyətşünas Aidə Qafarova Şanlı Zəfər tariximizə həsr olunmuş nümunələri canlı şəkildə dinləyib və sonda yekun qərarı verdilər.

Münsiflər heyətinin qərarına görə “XARIBÜLBÜLÜN TƏNTƏNƏSİ bədii qiraət müsabiqəsinin aşağıda adları qeyd olunan iştirakçıları diplom və pul mükafatı ilə təltif olundular:

 

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının aktyoru Kənan Hüseynov;

Azərbaycan Dövlət Akademik Rus Dram Teatrının aktyoru Mirzəağa Axundzadə;

Azərbaycan Dövlət Akademik Rus Dram Teatrının aktrisası Fidan Ağaverdiyeva;

Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrının aktrisası Xalidə Şərifova;

Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrının aktrisası Nəsibə Canəliyeva;

Bakı Bələdiyyə Teatrının aktrisası Günel Həmidova;

Şuşa Dövlət Musiqili- Dram Teatrının aktrisası Rəhimə Məmmədova;

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin tələbəsi Tamilla Həsənova;

Naxçıvan Dövlət Milli- Dram Teatrının aktyoru Nəsimi Məmmədzadə;

Naxçıvan Dövlət Kukla Teatrının aktrisası Əfqanə Ələsgərova;

Füzuli Dövlət Dram Teatrının aktrisası İntizar Quliyeva;

Sumqayıt Dövlət Dram Teatrının aktyoru Rauf Ağakişiyev;

Sumqayıt Dövlət Dram Teatrının aktyoru Əjdər Zeynalov;

Salyan Dövlət Kukla Teatrının aktrisası Mirxədicə Mirzəyeva;

Salyan Dövlət Kukla Teatrının aktyoru Nurlan Məlikov;

Ağdam Dövlət Dram Teatrının aktyoru Ramil Hüseynzadə;

Qazax Dövlət Dram Teatrının aktrisası Məlahət Vəliyeva;

Qusar Dövlət Ləzgi Dram Teatrının aktrisası Ramella Rzayeva;

Qax Dövlət Gürcü Dram Teatrının rejissoru Leri Sioşvili;

Lənkəran Dövlət Dram Teatrının aktyoru  Allahverən Babayev;

Mirzə  Fətəli Axundzadə adına Şəki Mədəniyyət Mərkəzinin bədii rəhbəri Elvin Nüsrətoğlu;

Mirzə  Fətəli Axundzadə adına Şəki Mədəniyyət Mərkəzinin mədəni təşkilatçısı Sələmə Məhərrəmova,

Azərbaycab Respublikası Müdafiə Nazirliyinin Mətbuat xidməti, “Azərbaycan Ordusu” qəzetinin müxbiri Şəlalə Camal qalib elan olundular.

 

04 noyabr 2025-ci il tarixində müsabiqə iştirakçıları mükafatlandırıldılar.

Azərbaycan Teatr Xadimləri  İttifaqın sədri Hacı İsmayılov iştirakçıları bir daha salamladı, təbrik etdi və müsabiqədə iştirak etdiklərinə görə onlara təşəkkürünü bildirdi. Çıxış edənlər - Hacı İsmayılov, Azad Şükürov, İlham Namiq Kamal və Məhəmməd Verdizadə 44 günlük Vətən müharibəsində Şanlı qələbəmizdən, keçirilən müsabiqənin əhəmiyyətindən bir daha ətraflı  danışdılar. Diplomların təqdimatından sonra xatirə şəkilləri çəkildi.

Bəli. Bu  böyük tarixi qələbə həmişə xalqımızın yaddaşında olmalı və bununla bağlı bədii əsərlər, pyeslər, ssenarilər  yazılmalı, tamaşalar hazırlanmalı, kinofilmlər çəkilməli, musiqilər bəstələnməli, rəsm əsərləri çəkilməli, konsert proqramralı keçirilməlidir. Axı biz otuz ildən çox müddətdə bu qələbəni səbirsizliklə gözləmişik. Bu, Azərbaycan xalqının 230 ildən sonra olan ən böyük tarizi  qələbəsidir. Əlbəttə, bu qələbənin əldə olunmasında qəhrəman ordumuzla birlikdə, Ali Baş Komandanımız cənab İlham Əliyevin də çox böyük xidməti var. Gərək xalqımız bunu heç vaxt unutmasın. Gərək bundan sonra Qarabağ xalqımızın ziyarət edəcəyi ən müqəddəs yer olmalıdır. Məkkə kimi, Mədinə kimi, Kərbəla kimi. Əgər belə olsa, onda biz Vətənimizi daha çox sevib, onu göz bəbəyimiz kimi qoruyacağıq.

 Ulu Şah İsmayıl Xətai deyib ki, “Vətən iman əsəridir. Vətəni sevməyən anasını da sevməz”. Gəlin hər birimiz Vətənimizi öz canımız qədər sevək. Vətənimizin dünyada tanınması üçün hər birimiz əlimizdən gələni edək. Böyük Abbas Səhət deyən kimi: “Vətəni sevməyən insan olmaz, Olsa da o şəxsdə vicdan olmaz”...

 

“Ədəbiyyat və incəsənət”

(08.11.2025)

 

 

“Ədəbiyyat və incəsənət” portalı sevimli şairimiz, sevimli jurnalımız “Ulduz”un baş redaktoru Qulu Ağsəsin Zəfər günümüzlə səsləşən, Xankəndiyə ithaf edilmiş yeni şeirini təqdim edir.

 

Xankəndi və M.Zəkiyə

 

Tavanı – göy şüşəli,

Döşəməsi – meşəli...

Ovçunun yuxusunda

Marala bənzəyir o.

Dağların yaxasında

Medala bənzəyir o.

Burda bahar payızı,

Qış yayı məst eləyir.

Bu yerlərin havasın,

Bu göylərin yağışın

Üzeyir bəstələyir.

Burda doğulmur adam

Əkilir şitil kimi.

Adladım yurddan yurda

Şütüyən sətir kimi.

Gəzdim düzü, dunyanı

Bu düz – dünya tükəndi.

Sənə dönmüşəm, Xanım,

Sənə dönmüşəm, kəndim.

Dünyada nələr gördük

Həyatımız baş-ayaq:

Yaşamaq vaxtı öldük,

Ölmək vaxtı yaşayaq!

Tavanı – göy şüşəlim,

Döşəməsi – meşəlim...

 

“Ədəbiyyat və incəsənət”

(08.11.2025)

İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”

 

Onun səhnəmizdə xüsusi yeri olubdur, yoxluğunda belə həmin yer qorunub qalmaqdadır. Yaratdığı çoxsaylı, müxtəlif xarakterli obrazlarda, yetişdirdiyi tələbələrdə, yaratdığı Bələdiyyə teatrında, qazandığı nüfuz və mükafarlarda adı böyük hərflərlə keçir.

 

Amaliya Pənahova 1945-ci ildə Gəncə şəhərində anadan olub. 1966-cı ildə M.A.Əliyev adına Azərbaycan Dövlət Teatr İnstitutunun Dram və kino aktyorluğu ixtisasını bitirib. 1964-cü ildən ömrünün sonunadək teatr və kino sahəsində beş yüzdən artıq obraz yaradıb. Onlardan Tomris, Natəvan, Medeya, Burla Xatun, Məhsəti, Larisa, Ofeliya, Linza kimi rolları qeyd etmək olar.

1968-ci və 1972-ci illərdə Azərbaycan Lenin Komsomolu və Azərbaycan SSR Dövlət mükafatı laureatı fəxri adlarına layiq görülüb. Teatr və kino sənətinin inkişafındakı böyük xidmətlərinə görə ona 1974-cü ildə Azərbaycan SSR əməkdar artisti, 1985-ci ildə isə Azərbaycan SSR xalq artisti fəxri adı verilib.1982-ci ildə ilin aktrisası elan edilib, 1998-ci ildə isə türk dünyasının birinci kino festivalında türk dünyasının altı populyar aktyoru sırasında adı qeyd olunub.

Aktrisa həmçinin bacarıqlı rejissor kimi də özünü sınayıb. 43 illik sənət fəaliyyəti dövründə 12 televiziya və teatr tamaşasına quruluş verib, bunların çoxu lentə alınıb, hazırda televiziyanın Qızıl fondunda saxlanılır. Bunlardan İ. Əfəndiyevin "Mənim günahım", M. Muradın "Təkan", M. Qurbanovun "Sənsiz", O. Altunbayın "Tomris", A. Məmmədovun "Dəli Domrul" və s. xüsusi qeyd etmək olar.

1992-ci ildə Bakı Bələdiyyə Teatrını yaradıb və bu teatra orta və yaşlı nəsillə yanaşı, gənc istedadlı aktyorları da cəlb edib və onların yaradıcılıq qabiliyyətinin inkişafı üçün hər cür lazımi şərait yaradıb. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinə dərs demək üçün dəvət olunub və universitetin professorudur. Dərs dediyi tələbələrin əksəriyyəti Bakı Bələdiyyə Teatrında onunla birgə çalışıb.

 

Filmoqrafiya

1. Əhməd haradadır?

2. Cazibə qüvvəsi

3. İstintaq davam edir

4. Sən niyə susursan?     

5. Qanun naminə

6. Bizim Cəbiş müəllim 

7. O qızı tapın

8. Ən vacib müsahibə     

9. Gün keçdi

10. Var olun qızlar

 

Bir müddət xərçəng xəstəliyindən əziyyət çəkən Amaliya Pənahova 8 noyabr 2018-ci ildə Bakıda vəfat edib.

Allah rəhmət eləsin!

 

“Ədəbiyyat və incəsənət”

(08.11.2025)

Şərəf Cəlilli,

Filologiya üzrə fəlsəfə doktoru, “Ədəbiyyat və incəsənət” üçün

 

2020-ci il noyabrın 8-də biz bir millət, məmləkət olaraq tarixin ən qüdrətli səhifəsini yazdıq. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə 44 gün davam edən Vətən müharibəsində əldə edilən tarixi Qələbə yalnız ərazi bütövlüyümüzü bərpa etmədi, eyni zamanda xalqın milli ruhunu, dövlətin siyasi iradəsini, ordunun gücünü dünyaya nümayiş etdirdi.

 

Bu Qələbə yalnız hərbi zəfərlə yekunlaşmadı. Yeni bir mərhələnin əsasını qoydu. Qarabağın və Şərqi Zəngəzurun dirçəlişi, “Böyük Qayıdış” prosesi və regional sülhün qurulması dövrü başladı. Son beş ildə bu torpaqlarda həyata keçirilən layihələr, beynəlxalq əməkdaşlıq və diplomatik təşəbbüslər Azərbaycanın qlobal miqyasda nüfuzunu daha da möhkəmləndirdi. 2020-ci ildən bəri Qarabağda görülən bərpa işləri misilsiz miqyas aldı. Prezident İlham Əliyev hələ müharibədən sonra “Biz bu torpaqları dirçəldəcəyik, Qarabağı cənnətə çevirəcəyik” demişdi. Bu gün həmin kəlamlar gerçəyə çevrilib. Artıq 1400 kilometrdən çox yeni avtomobil yolu, 300 kilometrə yaxın dəmir yolu, üç beynəlxalq hava limanı Füzuli, Zəngilan və Laçın istifadəyə verilib. Bu limanlar Qarabağın “hava qapısı” kimi xidmət edir, həm humanitar yüklərin daşınmasında, həm də xarici investorların bölgəyə gəlməsində mühüm rol oynayır.

 

Ağıllı kəndlərdən Ağıllı şəhərlərə

 

Beş il əvvəl sükutun hökm sürdüyü, hər addımda mina təhlükəsinin hiss olunduğu Qarabağ torpaqları bu gün həyat səsi ilə doludur. Küləyin səsi indi tikinti maşınlarının, uşaqların gülüşünün, məktəb zənglərinin səsinə qarışır. Azadlıqdan sonra başlayan “Böyük Qayıdış” proqramı artıq reallığa çevrilib, yurd həsrəti bitir, həyat yenidən doğulur. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən bu proqram təkcə köç prosesi deyil, həm də tarixi ədalətin bərpası, milli ruhun dirçəlişi deməkdir.

Bərpa prosesi çərçivəsində Şuşa, Ağdam, Füzuli, Cəbrayıl, Zəngilan və Laçın şəhərlərinin baş planlarının təsdiqlənməsi Qarabağda müasir şəhərsalmanın yeni mərhələsini açdı. Bu planlar sadəcə tikinti sənədi deyil, həm də azad olunmuş torpaqlarda həyatın yenidən təşkili konsepsiyasıdır. Yeni baş planlar üzrə hər şəhərin memarlıq ruhu həm milli kimliyi, həm də müasir urbanizasiyanı əks etdirir. Füzuli şəhərinin planında “ağıllı nəqliyyat sistemi”, “yaşıl enerji ilə işləyən küçə işıqlandırması” və “ekoloji park zolaqları” nəzərdə tutulub. Şəhərin mərkəzi meydanında yerləşəcək “Zəfər Kompleksi” isə azadlıq və yenidənqurmanın rəmzinə çevriləcək. Cəbrayıl şəhərində sənaye və logistika zonası qurulur. Bu istiqamətdə “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkı təsis edilib və onun əsas məqsədi regionu istehsal və ticarət mərkəzinə çevirməkdir. Eyni zamanda, şəhərin cənub hissəsində “Yaşıl Texnopark” layihəsi reallaşdırılır. Burada günəş panelləri, elektrik avtomobilləri üçün enerji doldurma məntəqələri və aqrotexnologiya laboratoriyaları fəaliyyət göstərəcək. Laçın şəhərinin baş planı isə dağ ekosisteminə uyğun, təbiətlə harmoniya içində planlaşdırılıb. Burada dağ turizmi, ekoloji kənd təsərrüfatı və qış idmanı infrastrukturu əsas inkişaf istiqamətləridir. Prezident İlham Əliyevin sözləri ilə desək, “Laçın Azərbaycan dağ turizminin paytaxtına çevriləcək.”

Bu konsepsiyaların ən parlaq nümunəsi isə Zəngilanın Ağalı kəndidir. Bu kənd artıq “ağıllı kənd” modelinin gerçək simasına çevrilib. Burada enerji tam bərpa olunan mənbələrdən günəş panelləri və bioenerji sistemlərindən əldə olunur. Kənddə ağıllı idarəetmə sistemi fəaliyyət göstərir: hər evdə “ağıllı sayğac”, “ağıllı suvarma”, “enerji monitorinqi” və rəqəmsal kənd idarəetmə mərkəzi mövcuddur.

Eyni zamanda, Qarabağın mədəni paytaxtı – Şuşa şəhəri yenidən qurulur. Azərbaycanın musiqi və ədəbiyyatının beşiyi olan bu qədim şəhər, hər daşında tarix, hər küçəsində mədəniyyət nəfəsi ilə canlanır. Xarıbülbül festivalı, Vaqif poeziya günləri, Xurşidbanu Natavan və Üzeyir Hacıbəyli irsinə həsr olunmuş tədbirlər, Bülbülün ev-muzeyi Qarabağın dirçəlişinin, mədəni zənginliyinin göstəricisidir. Beləcə, Qarabağda kənd və şəhər həyatı bir-birinə inteqrasiya olunur: burada texnologiya, davamlı inkişaf, mədəni irs və təhsil bir araya gəlir. Kəndlər müasir imkanlarla, şəhərlər isə tarixi və mədəniyyət zənginliyi ilə seçilir. Bu sintez Qarabağın gələcəyinin həm dayanıqlı, həm də mədəni baxımdan zəngin olacağını göstərir. Şuşada yalnız mədəniyyət deyil, həyatın bütün sahələri yenidən canlanır. Burada yaşayış kompleksləri inşa edilir, tarixi memarlıq abidələri bərpa olunur, məscidlər və çeşmələr sakinlər və turistlər üçün yenidən açılır. Yaradıcı mərkəzlər, konfrans və turizm infrastrukturu şəhəri gənclərin yaradıcılığı və regional iqtisadi inkişaf üçün də cəlbedici məkana çevirir. Təhsil də regionun gələcəyində mühüm rol oynayır. Regionun universitet və musiqi məktəbləri, o cümlədən Qarabağ Universiteti və Ağdam Musiqi Məktəbi gəncləri yalnız biliklə təmin etmir, onları gələcək nəsillərə dayanıqlı bacarıqlar ötürməyə hazırlayır. Hər tələbə, hər musiqi ifası, hər elmi araşdırma Qarabağın dirçəlişinə bir işıq qatır. Şuşa indi həm tarix, həm mədəniyyət, həm də müasir həyatın harmoniyasını əks etdirir. Burada qədim qala divarları ilə yeni yaşayış kompleksləri, tarixi məscidlər ilə innovativ təhsil müəssisələri bir-birinə qarışır. Bu şəhər Azərbaycanın zəfərinin, Qarabağın dirçəlişinin nişanəsidir.

 

Qarabağ, Şərqi Zəngəzur “yaşıl enerji zonası”

 

Bu iki nəhəng layihə Azərbaycanın gələcək iqtisadi simasını formalaşdırır. Prezident İlham Əliyevin təşəbbüsü ilə Qarabağ və Şərqi Zəngəzur “yaşıl enerji zonası” elan edilib. Bununla da bölgədə yeni bir dövr - “yaşıl dirçəliş dövrü” başlayıb. Bu, Azərbaycanın enerji strategiyasının növbəti mərhələsidir.

Cəbrayıl və Zəngilanda BP, Masdar və ACWA Power kimi beynəlxalq şirkətlərin iştirakı ilə günəş və külək stansiyaları tikilir. Bu layihələr həm enerji ixracını artırır, həm də ekoloji baxımdan dayanıqlı inkişaf modelini formalaşdırır. 240 meqavat gücündə Cəbrayıl Günəş Elektrik Stansiyası, Zəngilan - Cəbrayıl Enerji Korridoru, Laçın və Kəlbəcərdə yeni hidroqovşaqları Azərbaycanın enerji xəritəsini yenidən yazır.

Bu yenidənqurmanın ikinci nəfəsi isə Zəngəzur Dəhlizidir. Bu dəhliz Azərbaycanı Naxçıvan, Türkiyə və daha sonra Avropa və Orta Asiya ilə birləşdirən yeni tranzit xəttidir. Prezident İlham Əliyevin sözləri ilə desək, “Zəngəzur Dəhlizi XXI əsrin əsas nəqliyyat arteriyası olacaq.” Horadizdən Qarsa uzanan bu strateji yol Azərbaycanın qitələri birləşdirən logistika sisteminə çevrilir. Artıq 80 kilometrlik Horadiz-Ağbənd dəmir yolunun əsas hissəsi hazırdır, Zəngəzur magistralında tunellər və körpülər yüksəlir. Bu dəhliz Naxçıvanı və Türkiyəni birləşdirməklə, Asiyadan Avropaya uzanan yeni “İpək Yolu”nu reallığa çevirir. Bu marşrut yalnız Azərbaycanın deyil, bütövlükdə Türk dünyasının iqtisadi və logistik birliyini möhkəmləndirir. Təsadüfi deyil ki, Türk Dövlətləri Təşkilatının son Zirvə görüşündə bu layihə “Türk birliyinin arteriyası” adlandırıldı.

 

Qarabağdan  Türküstana...

 

2020-ci ilin payızında baş verən Qarabağ Zəfəri yalnız bir müharibənin qalibiyyəti deyildi. Bu, həm də Türk dünyasının birliyinin, ortaq ruhunun oyanışı idi. Həmin günlərdə bütün türk dövlətlərinin ürəkləri bir döyünürdü. Azərbaycan bayrağı ilə Türkiyə və Pakistan bayraqları yanaşı dalğalanarkən, bu qardaşlıq hissi təkcə duyğu deyil, yeni bir siyasi, iqtisadi və mənəvi ittifaqın təməldaşı kimi formalaşırdı. Bu gün artıq həmin birlik sarsılmaz strateji müttəfiqliyə çevrilib.

2021-ci ilin 15 iyunu günü tarixə qızıl hərflərlə yazıldı. Azərbaycan mədəniyyətinin beşiyi, müqəddəs Şuşa şəhərində Prezident İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Şuşa Bəyannaməsini imzaladılar. Bu sənəd təkcə iki dövlətin dostluq rəmzi deyil, bütün Türk dünyasının birliyinin strateji əsasnaməsi kimi dəyərləndirilir. Bəyannamə ilə Azərbaycan və Türkiyə münasibətləri “strateji müttəfiqlik səviyyəsinə” yüksəldi. Sənədin hər bəndi müdafiə, iqtisadiyyat, enerji, nəqliyyat, təhsil və mədəniyyət sahələrində birgə addımların yol xəritəsini müəyyənləşdirdi. Bu birliyin əyani təzahürü artıq Qarabağ torpağında görünür. 50-dən çox türk şirkəti Şərqi Zəngəzur və Qarabağın yenidən qurulmasında iştirak edir. Onların hər biri yalnız inşaat deyil, sülhün, dostluğun və sabitliyin memarlarıdır.

2023-cü ilin iyulunda Şuşada keçirilən Türk Dövlətləri Təşkilatının Zirvə Görüşü də bu mənada simvolik idi. Zəfər torpağında toplanan türk liderləri “Türk Dünyası 2040 Baxış Sənədi” üzrə gələcək yol xəritəsini müəyyən etdilər. Nəqliyyat, enerji, rəqəmsal iqtisadiyyat, müdafiə və mədəni inteqrasiya kimi sahələrdə vahid türk stratejisi artıq reallığa çevrilir.

 

Azərbaycanın qlobal gücünün təsdiqi -  “Tramp Memorandumu”

 

2025-ci il avqustun 8-də Vaşinqtonda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Tramp arasında tarixi əhəmiyyətə malik “Strateji İşçi Qrupunun yaradılması haqqında Anlaşma Memorandumu” imzalandı. Bu sənəd Azərbaycan ilə ABŞ arasında münasibətləri yeni strateji tərəfdaşlıq mərhələsinə daşıyaraq iki ölkənin enerji, təhlükəsizlik və innovasiya sahələrində birgə fəaliyyətini sistemli şəkildə genişləndirməyi nəzərdə tutur. Prezident İlham Əliyev qeyd etdi ki, bu razılaşma “Azərbaycan diplomatiyasının çoxvektorlu və müstəqil kursunun növbəti uğurudur.”

Memoranduma əsasən iki dövlət arasında yaradılan Strateji İşçi Qrupu qarşıdakı altı ay ərzində Strateji Tərəfdaşlıq Xartiyasını hazırlayacaq və əməkdaşlığın əsas istiqamətlərini müəyyən edəcək. Enerji və tranzit - Cənub Qaz Dəhlizinin genişləndirilməsi, enerji ixrac marşrutlarının təhlükəsizliyinin təmin edilməsi və Xəzər - Qara dəniz bağlantılarının inkişafı, İqtisadiyyat və innovasiya, rəqəmsal infrastruktur və yüksək texnologiyalar üzrə birgə layihələrin icrası, Təhlükəsizlik və müdafiə - Müdafiə sənayesi məhsullarının satışı, sərhəd təhlükəsizliyinin gücləndirilməsi və terrorizmə qarşı mübarizədə əməkdaşlıq kimi sahələr məhz bu anlaşmanın əsas istiqamətlərini müəyyən edir. Qarabağda aparılan bərpa və enerji layihələri, xüsusən də Zəngilan–Laçın istiqamətində tətbiq olunan “Sərhəd Texnologiyaları Layihəsi” ABŞ ilə strateji əməkdaşlığın praktiki təzahürü hesab olunur. Bu layihə çərçivəsində müasir müşahidə sistemləri, enerji təhlükəsizliyi infrastrukturu və kibermüdafiə texnologiyaları bölgədə tətbiq ediləcək, enerji sektorunda,rəqəmsal diplomatiya sahəsində yeni imkanlar açacaq. Layihə çərçivəsində  həmçinin ABŞ şirkətlərinin Azərbaycanın yaşıl enerji layihələrinə sərmayə yatırması, süni intellekt və innovasiya sahəsində birgə mərkəzlərin yaradılması məsələləri də nəzərdə tutulur. Bu sənəd bir daha sübut edir ki, Azərbaycan artıq regionda təkcə enerji ixracatçısı deyil, həm də sabitliyin və tərəqqinin etibarlı qarant, tərəfdaşıdır.

 

Azərbaycan – İpək Yolunun mələk donlu elçisi

 

Bu gün qədim İpək Yolunun nəfəsi yenidən dirçəlir, lakin bu dəfə onun ritmi müasir Bakıdan gəlir. Azərbaycanın qapılarından keçən ticarət karvanları artıq yalnız tarixin deyil, həm də gələcəyin xəritəsini cızır. Şərqdən – uzaq Çindən başlayan bu yol Qafqazın ürəyinə - Bakı limanına qədər uzanır və buradan Avropaya səmərəlilik, sürət və etibar daşıyır.

“Bir Kəmər, Bir Yol” təşəbbüsünün ən mühüm tranzit qovşaqlarından birinə çevrilən Azərbaycan bu gün Avrasiyanın logistik nəbzini əlində tutur. Bakı–Tbilisi–Qars dəmir yolunun istismara verilməsi ilə Çin yüklərinin bu marşrut üzrə həcmi son illərdə 20 faiz artıb. Bu rəqəmlər sadəcə iqtisadi göstərici deyil  bu, Azərbaycanın beynəlxalq etimad və etibar körpüsünə çevrildiyinin sübutudur.

Hazırda Bakı ilə Pekin arasında “Yaşıl Ticarət Dəhlizi” üzrə yeni saziş layihəsi hazırlanır. Bu sənəd həm də ekoloji məsuliyyətin də sərhədlərini genişləndirəcək. “Rəqəmsal İpək Yolu” konsepsiyası ilə Azərbaycanın coğrafiyası yenidən bir mədəni və iqtisadi qovuşma məkanına çevrilir. Burada Şərqin zəngin təcrübəsi Qərbin innovasiyası ilə birləşir. Azərbaycan diplomatiyası üç istiqamətdə Türk dünyası, Qərb və Şərq arasında incə, amma möhkəm bir tarazlıq yaradır. Şuşadan Astanaya, Vaşinqtondan Pekinə qədər uzanan bu diplomatik xəritənin mərkəzində Bakı – sabitliyin və tərəqqinin paytaxtı dayanır.

Bu çoxşaxəli siyasət Azərbaycanın geosiyasi nüfuzunu artırmaqla yanaşı, ölkəni enerji, logistika və təhlükəsizlik baxımından regionun əsas dayağına çevirib. Əsrlər öncə karvan yolları ilə daşınan ipək indi rəqəmsal məlumat, enerji və ideyalar şəklində Azərbaycan torpağından keçir. Beləcə, qədim İpək Yolunun müasir nəfəsi bu torpaqlarda yenidən duyulur  lakin bu dəfə karvanların başında Azərbaycan dayanır: müstəqil, güclü və qlobal nizamın etibarlı dayağı kimi.

 

 

Ulu Öndərin müqəddəs amallarının gerçəyə çevrilməsi

 

Tarixi Zəfərin beş ili, bu ifadə artıq Azərbaycan tarixində qürur, fərəh və milli dirçəliş rəmzinə çevrilib. 2020-ci ilin şanlı 44 günlük Vətən müharibəsi Azərbaycan xalqının birliyi, əzmi və iradəsi sayəsində tarixi ədalətin bərpası ilə nəticələndi. Bu möhtəşəm Qələbə Azərbaycanın Ali Baş Komandanı, Prezident İlham Əliyevin müdrik rəhbərliyinin, strateji düşüncəsinin və sarsılmaz iradəsinin bəhrəsidir. İlham Əliyevin rəhbərliyi altında ordumuz düşməni darmadağın edərək torpaqlarımızı azad etdi, Azərbaycanın ərazi bütövlüyünü təmin etdi və dövlətimizin suverenliyini bərpa etdi. Bu Zəfər, eyni zamanda, Ulu Öndər Heydər Əliyevin illərlə arzuladığı müqəddəs amalların gerçəkləşməsi, onun siyasi kursunun və milli ideyalarının real nəticəsidir. Ulu Öndər Heydər Əliyevin “Azərbaycanın müstəqilliyi əbədidir, sarsılmazdır, dönməzdir” kəlamı artıq təkcə ideya deyil, müzəffər ordumuzun qanı, xalqımızın birliyi ilə təsdiqlənmiş tarixi həqiqətdir. Prezident İlham Əliyev bu böyük missiyanı – ata vəsiyyətini – ləyaqətlə, şərəflə yerinə yetirdi. Lakin Zəfər təkcə hərbi güc və qələbə ilə ölçülmür. Bu qələbənin mənəvi dayağı xalqın birliyi, dövlətin xalqına olan diqqəti və qayğısıdır. Hər bir qəhrəmanın, hər bir ailənin arxasında bir mələk dayanır – mərhəmətin, şəfqətin və dəstəyin simvolu olan Azərbaycan qadını. Bu mənada Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva xalqımızın milli birliyinin, humanizmin və vətənə sevginin təcəssümüdür.

Mehriban xanım Əliyevanın şəhid ailələrinə, qazilərə göstərdiyi mənəvi dəstək, onların həyatına işıq saçan qayğı və diqqəti hər bir vətəndaş üçün nümunədir. Onun rəhbərlik etdiyi Heydər Əliyev Fondu ölkəmizdə sosial məsuliyyətin, mərhəmətin və insanlığa xidmətin rəmzinə çevrilib. Fondun həyata keçirdiyi çoxsaylı layihələr şəhid ailələrinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması, qazilərin reabilitasiya və müalicə proqramları, təhsil, mədəniyyət və idman sahəsindəki təşəbbüslər dövlətin və cəmiyyətin bir məqsəd uğrunda birləşməsinin bariz göstəricisidir. Heydər Əliyev Fondu təkcə yardımlar paylamır, o, insanlara ümid verir, həyatlarını dəyişir, gələcəyə inam bəxş edir. Fond tərəfindən həyata keçirilən "Yeniləşən Qarabağ", "Şəhid ailələrinə dəstək", "Qazilər üçün reabilitasiya mərkəzləri" kimi layihələr bir millətin öz qəhrəmanlarına göstərdiyi dərin hörmətin ifadəsidir. Hər bir tədbir, hər bir yardım paketi, hər bir reabilitasiya proqramı həm də bir mesaj daşıyır – “Siz Vətən üçün döyüşdünüz, Vətən də sizin üçün var.” Bu mesaj xalqla dövlət arasında sarsılmaz bağın, etimadın və qarşılıqlı sevginin rəmzidir. Zəfərin beşinci ili münasibətilə biz bir daha anlayırıq ki, bu Qələbə yüzillərlə formalaşmış milli kimliyimizin, iradəmizin və birliyimizin təntənəsidir. Qarabağ artıq dirçəlişin, quruculuğun, bərpa və yenidən doğuluşun məkanıdır. Azad edilmiş torpaqlarda tikilən məktəblər, xəstəxanalar, mədəniyyət ocaqları və məscidlər Azərbaycanın gələcəyə doğru inamla irəlilədiyini göstərir. Bu gün Azərbaycan xalqı Zəfər bayramını qeyd edərkən həm qəhrəman şəhidlərimizin ruhuna ehtiramını bildirir, həm də dövlətimizin gücünə, xalqımızın birliyinə inamını bir daha nümayiş etdirir.

 

Güclü dövlət – güclü ordu prinsipi

 

Ötən beş ildə Azərbaycan Ordusu keyfiyyətcə yeni mərhələyə qədəm qoydu. Hərbçilərin peşəkarlığı artdı, şəxsi heyətin döyüş ruhu yüksəldi, mənəvi-psixoloji hazırlığı gücləndi, ordumuz ən müasir silah və texnika ilə təchiz olundu. Bu səylər Azərbaycan Silahlı Qüvvələrini regionun ən qüdrətli ordularından birinə çevirdi. Ali Baş Komandanın uzaqgörən strategiyası “Güclü dövlət – güclü ordu” prinsipi üzərində qurulmuşdu və ilk məqsəd torpaqlarımızı düşmən tapdağından xilas etmək, ərazi bütövlüyümüzü təmin etmək idi. Dövlət büdcəsində hər il müdafiə xərclərinə böyük vəsait ayrıldı, ölkənin müdafiə sənayesi yaradıldı, ordu modernləşdirildi. Bu qüdrət beynəlxalq səviyyədə də tanındı və Azərbaycan Ordusu dünyanın ən güclü 50 ordusu sırasına daxil oldu. 2011-ci il iyunun 26-da Bakıda keçirilən Silahlı Qüvvələr Günü və müstəqilliyin bərpasının 20 illiyi münasibətilə keçirilmiş hərbi parada bu güc və peşəkarlıq ilk dəfə açıq nümayiş etdirildi. Ordumuz 2016-cı ilin Aprel döyüşləri və 2018-ci ilin Günnüt Zəfəri ilə uğurlu əməliyyatlar həyata keçirdi. Bütün bu nailiyyətlərdən sonra isə tarixi an yetişdi: 2020-ci il sentyabrın 27-də düşmənin təxribatına cavab olaraq Azərbaycan Ordusunun Haqq yürüşü başladı. 44 gün davam edən Vətən müharibəsi zamanı ordumuz sarsıdıcı zərbələr endirdi, 5 şəhər, 4 qəsəbə və 300-dək kəndi işğaldan azad etdi. Ermənistan cəmi 44 gün tab gətirə bildi və kapitulyasiya aktını imzalamağa məcbur oldu. Qarabağ Zəfəri xalqımızı həsrətində olduğu torpaqlara qaytardı, vətəndaşların ürəyində qürur,  sevinc yaratdı.

2020-ci il dekabrın 10-da Bakının Azadlıq meydanında keçirilən möhtəşəm Zəfər paradı bu Qələbənin və Ordumuzun gücünün dünyaya nümayişi oldu.

 

 Ordunun Qüdrəti, Xalqın Birliyi, Dövlətin Əzəməti

 

Ordumuzun qəhrəmanlığı 2020-ci ilin şanlı Qələbəsi ilə tamamlanmadı. Azərbaycan əsgəri, Ali Baş Komandanın əmrlərini dəqiqliklə yerinə yetirərək, daim ayıq-sayıq mövqedə dayandı, ölkəmizin suverenliyinin və təhlükəsizliyinin keşiyində mətin dayanmağı davam etdirdi.

2023-cü il sentyabrın 19–20-də həyata keçirilən uğurlu əməliyyatla Azərbaycanın suverenliyi bərpa edildi, dövlətin bayrağı Xankəndidə, Xocalıda, Ağdərədə, Xocavənddə qürurla dalğalandı.

Bu tarixi hadisə bir daha göstərdi ki, Azərbaycan Ordusu regionda sülhün, ədalətin və sabitliyin qarantıdır. Onun qarşısında heç bir qüvvə dayana bilməz, çünki bu ordu xalqın iradəsindən, dövlətin qüdrətindən, Ali Baş Komandan İlham Əliyevin müdrik rəhbərliyindən güc alır. 2023-cü il noyabrın 8-də Xankəndidə keçirilən Zəfər paradı bu möhtəşəm tarixi yekunlaşdırdı. O gün Xankəndidə dalğalanan üçrəngli bayraq suveren Azərbaycanın rəmzinə çevrildi.

Parad bir daha sübut etdirdi ki, Azərbaycan Ordusu məğlubedilməzdir, qalibdir və bu qalibiyyət əbədi olacaq! Şəhidlərimizin müqəddəs xatirəsi xalqımızın qəlbində ən uca, ən müqəddəs duyğu kimi daima yaşayacaqdır. Onların canı, qanı bahasına qazanılan bu Qələbə hər bir azərbaycanlının qürur mənbəyidir. Onların ruhuna ehtiram əlaməti olaraq Bakıda və Gəncə ucaldılan Vətən Müharibəsi Memorial Kompleksi, Zəfər Muzeyi, 10 hektara yaxın ərazini əhatə edən Zəfər Parkı, Zəfər Tağı dediklərimizə əyani sübutdur!

 

“Ədəbiyyat və incəsənət”

(08.11.2025)

 

66 -dən səhifə 2595

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.