“Ədəbiyyat və incəsənət” portalının və “Ulduz” jurnalının birlikdə həyata keçirdikləri “Biri ikisində” layihəsində bu gün sizlərə Vaqif Yusiflinin ədəbi tənqidi təqdim edilir.
Layihə ən yaxşı ədəbi nümunələrin təbliğinə hesablanıbdır.
Xoş mütaliələr.
VAQİF YUSİFLİ
ƏDƏBİ FRAQMENTLƏR
Günel Mehridən "Sarmaşıq"
Bütün yazarlar əksər halda ədəbiyyata ya şeirlə, ya da nəsrin kiçik forması adlandırılan hekayə ilə gəlirlər. Amma hamı gələcəkdə şair, ya nasir kimi tanınmır. Burada İSTEDAD amili mühüm rol oynayır.
Doğar ürəkli ağıl,
Ağıllı ürək onu.
Bəzən bu gün itirər,
Tapar gələcək onu.
(Məmməd Araz)
Mənim bir hekayəçi kimi bəyəndiyim, istedadına inandığım Günel Mehri 19 il bundan əvvəl – 2006-cı ildə "Ulduz" jurnalında çap etdirdiyi "Uşaq olmaq istəyirəm" hekayəsi ilə ədəbiyyata gəldi. Ondan əvvəl də Günelin "İncə sənət" adlı ssenari, hekayə və esselərdən ibarət kitabı nəşr olunmuşdu. Amma "Ulduz" jurnalı daha düşərli oldu.
Günel Mehrinin "Sarmaşıq" hekayələr kitabı isə ("Elm və təhsil", 2025) artıq nəsrimizdə yeni bir SƏSin varlığını sübut edə bildi.
Hekayə yazmaqla bu janrda uğur qazanmaq istəyi hamıya müyəssər olurmu? Burada statistik bir lövhə açmaq fikrində deyiləm: kim gəldi, nə yazdı, gələcəyinə ümid qazandımı, ya niyə meydandan tez çəkildi, ya niyə yaza-yaza heç nəyə nail olmadı? Günel Mehrinin "Sarmaşıq" kitabındakı hekayələri oxuyandan sonra öz təəssüratlarımı bildirməyi qərara aldım.
Günel Mehrinin hekayələrini, ilk növbədə, böyük ədibimiz Mir Cəlal müəllimin hekayəyə verdiyi bir xarakteristika ilə səciyyələndirmək istəyirəm: "Xarakterik bir hadisə, yığcam süjet, maraqlı, amma düşündürücü bir əhvalatın təsviri". Günelin "Əncir mürəbbəsi" hekayəsi mənə "Uşaqlığın son gecəsi"ni xatırlatdı. Anar və Nazlı – azərbaycanlı və erməni uşaqları – Qarabağın bir məkanı. Erməni xislətindəki düşmənçilik hələ şiddətlə alovlanmayıb". Məhəllə uşaqları: Fərid, Aşot, Valerik, Slavik, Emil bir yerdə toplaşıb əncir yığırlar. Həmin gecə xoşbəxtəm. Həm bütün həyəti nənəmin ocaqda bişirdiyi əncir mürəbbəsinin ətri bürüyüb, həm də Nazlı ilə ilk yaxınlağımızı ağlımdan çıxara bilmirəm". Amma bu əncir sevinci uzun sürmür. "Aşot, Valerik, Slavik, Mariya xala, Edik əmi, Lyuda xala… Nazlının anası, o da ermənidi. İndi bizə güllə atan onlardı?". Hekayənin düşündürücü məqamları məhz bundan sonra başlayır. Rəmzi məna daşıyan əncir mürəbbəsi. Hekayəni nəql edən uşağın yaşlı çağında təəssüflə söylədiyi bu əhvalatın kədərlə xatırlanması ("bir də o hörüklü qızla qarşılaşmayacağam") gecikmiş bir etirafı səsləndirir: "nəvələrimizi başıma yığıb Qarabağda həmin əncir ağaclarının altında bütün bunları danışacağam".
Günel Mehrinin hekayələrində üç nəzərə çarpan cəhəti xüsusi qeyd etmək istəyirəm. Birincisi: onun təsvir etdiyi bütün obrazlar "xoşbəxtlik iksir"i tapmağa can atırlar, bu "iksir"i əldə etməyə, yaşadıqları dünyada üzlərinə xoşbəxtlik təbəssümünün yayılmasına çalışırlar. Amma bu təbəssüm üzlərinə yayılana qədər sınaqlardan, çətin anlardan keçirlər. "Xoşbəxt gün" hekayəsində xoşbəxt gəlin olmağa hazırlaşan Nargilə toy zamanı o zahiri "xoşbəxtlik iksiri"ndən imtina edir. Onun daxilində nişanlısına qarşı yönələn "müşahidəçi gözü" toyda qətiləşir ("Bura toy məclisindən daha çox karnavala bənzəyir. Sadəcə, karvanaldan fərqli olaraq, maskaları süni mimikalar əvəz edirdi… Soyuq tər axırdı gəlinlik paltarının altından… ona elə gəlirdi ki, ürəyini zərrə-zərrə əzirlər". Və bütün bu süniliklər, "karnaval maskaları" onun içindəki diriliyi ayağa qaldırır, "gəlin taxtından düşüb… özünü restoranın yağışdan islanmış həyətinə atdı, saçından yağış damlaları cığır aça-aça maşın yoluna çıxdı. Qarşısına çıxan ilk taksiyə oturub amiranə səslə dedi: "Xınalığa sür!". Beləliklə, süni rol oynamaqdan bezən Nargilə bu roldan imtina edir. Əlbəttə, bu hekayədə potensial şəkildə bir povest materialının olduğunu hiss edirəm: bəy olası oğlanın süniliyi tamamən açılmadığına, Nargiləni "xoşbəxt qadın obrazı" kimi düşünənlərin özlərinin obrazı ilə qarşılaşmadığıma və bir də nəyə görə məhz "Xınalığa sür!" .
Əlbəttə, bir hekayədə də yazıçı insan taleyinin ən unudulmaz, ən ağrılı və onun həyatındakı dönüş – yeniləşmə – dəyişmə xəttini təsvir edə bilər. "Xoşbəxt gün" hekayəsində bunun kiçik modeli ilə qarşılaşdıq. Amma "Etiraf" hekayəsində bu fikrin doğru olduğunu onda görürük ki, müəllif bir qızın ömrün müəyyən anına qədərki taleyindən söz açır. Atası ailəsini atıb getmiş, anası bütün məhrumiyyətlərə dözmüş bir qız uşağının taleyindən söhbət açan Günel o qızın mənəvi inkişafını, daha doğrusu, "dirilmə" – oyanma, özünü dərk etmə məqamlarını nəzərə çarpdırır. Uşaqlıqda yığdığı daşlarda, şüşələrdə sehr axtaran bu qız xəyallarının gerçək olduğuna inanır, amma halva-halva deməklə xəyallar gerçək olmur. Həyat bu qız uşağını məhrumiyyətlərlə üzləşdirir, qardaşı döyüşlərdə həlak olur, evləri yanır, anası da o yanğından xilas ola bilmir. Üstəlik, qız ağır xəstəliyə düçar olur. Sağalandan sonra anasının məzarına baş çəkir. Artıq bir kimsəsi yox... Amma onu bundan sonra yaşadacaq, darıxmaq hissini birdəfəlik tərk edəcək bir insan var – Fərid. Əbədi tənhalıqdan xilas yolu. Kimsə bu qıza haqq qazandırmasa da, hər halda, sevirsə və sevilirsə...
İkinci nəzərə çarpan cəhət: Günel Mehri "Xoşbəxtlik iksiri" tapmağa can atan qəhrəmanlarının daxili aləmində baş verən prosesləri – bəzən aşıb-daşan hiss və həyəcanları, dramatik və fəci situasiyaları ön plana çəkir. Zahiri hərəkətlər statikdir, amma daxili dünyadan gələn səslər – hiss-həyəcan seli obrazların psixoloji düşüncələrini ehtiva edir. "Düşüncə" anlamı Günelin hekayələrində üçüncü nəzərə çarpan cəhətdir. Günelin həm özü (bir müəllif kimi), həm də qəhrəmanları (müxtəlif səviyyələrdə) düşüncələr aləmində yol gedirlər. Məsələn, mən onun "Sarmaşıq" hekayəsini dialoqlar əsasında qurulan və EŞQin mahiyyətini açıqlayan mühakiməvi bir pritça hesab edirəm. Böyük Füzulinin "Eşqdir ol nəşeyi-kamil kim, ondandır müdam, Meydə təşviri-hərarət, neydə təsiri-səda" beyti EŞQin dahiyanə şərhidirsə, "Ey məni məhrum edib bəzmi-vüsalından müdam Qeyri-xani iltifati üzrə mehman eyləyən" beyti isə EŞQin AYRILIQ məqamına gəlib çatdığından xəbər verir. "Sarmaşıq" hekayəsində də yaşanılan eşq sonda ayrılığa doğru yol gedir. Bu yolun əvvəli sevincdən, nəşədən, sarılmaqdan başlayır. Qarşılaşmadan uzlaşmaya, ilk baxışdan, ilk sözdən, eyni həyəcan, eyni doğmalıqdan doğan bu uzlaşma bəzən cəmiyyət qanunlarına zidd görünür. Eşqin izahı: "Eşq başdan sonadək "sənə təslim oluram" deməkdir, "özümü, ruhumu, qəlbimi, vücudumu sənə verirəm" deməkdir". Əlbəttə, Günelin qəhrəmanının eşq haqqında bu cür düşüncəsi ilə mübahisə etmək də olar, amma bir fərdi düşüncə kimi maraqlıdır. Hekayənin sonu belədir: "Ayrılıq da sevgiyə daxildir. Sevginin bir üzü ayrılıqdır. Sevginin böyüklüyü də bunda imiş". Göründüyü kimi, "Sarmaşıq" hekayəsində müəllif sevgi haqqında ənənəvi süjet modelindən imtina edir, bir sevgi əhvalatını obrazların düşüncə arealında təqdim edir. Qoy qəhrəmanlar hərəkət etdikləri kimi, həm də düşünsünlər. Bu sırada Günelin "Ölmüş" hekayəsini də xüsusi qeyd edirəm. Hadisədən, əhvalatın təsvirindən çox, həmin hadisənin yozumuna daha çox diqqət yetirildiyi bu hekayə insan ölümünün səbəb və nəticəsi haqqında məlum fikirlərdən fərqli düşüncələrə yol açır...
Günel Mehrinin daha bir hekayəsi barədə söz açmaq istəyirəm – "Həyat gözəldir". Bu hekayə dialoqlar üzərində qurulub. İki nəfər – bir-birindən xəbərsiz, heç tanış olmadan… dənizdə, boğulmaq təhlükəsi başlarının üstünü alanda, ölüm onların üzərinə çökəndə tanış olur. Bir-birini acı sözlərlə sancanda və sonra… dalaşmaqdan¬ barışmağa yol alan bu təsadüfü görüş xoşbəxtliyin təməlinə çevrilir. Belə gözlənilməz situasiyalara Günelin hekayələrində tez-tez rast gəlirik. Amma məni bu gözlənilməz situasiyalar yox, hekayənin məğzini ifadə edən "İnsan necə xoşbəxt ola bilər?" sualıdır ki, onun da cavabını bu dramatik hekayədə tapa bilirik. "Həyat iki nəfərin arasındakı körpüdən keçir. Bu iki nəfər həmin körpüylə bir-birinə də doğru gedə bilər, əks istiqamətə də".
Qulu Ağsəs – "Ulduz"un baş redaktoru Günel Mehrinin kitabına yazdığı ön sözdə qeyd edir: "O, hal-hazırda çalışdığı İctimai Televiziyada həm ssenarist kimi Qarabağ mövzusunda müxtəlif sənədli filmlər hazırlayır, həm də Azərbaycan ədəbiyyatını, xüsusən də poeziyanı təbliğ edir". Amma görünən kəndə nə bələdlik. Günel Mehrinin hekayələrindəki arabir ssenarist ştamplarını görməmək mümkünmü? Ssenari yazmaq və onu əməli şəkildə reallaşdırmaq xüsusi bacarıq tələb edir və mən bunu lap bu yaxınlarda ünlü şairimiz Tofiq Bayrama həsr olunan sənədli filmdə izləyə bildim. Ümumiyyətlə, Günel Mehri axtarışçı bir yazardır və elə "Sarmaşıq" kitabındakı "Zərdabilər" oçerki də bunun əyani sübutudur.
Günel Mehriyə nə arzulaya bilərəm? Yaradıcılıq sükuta düşməndir. Bura qədər yazdıqları, çəkdikləri filmlər, axtarış meyilləri 44 yaş üçün normal hesab edilsə də, potensial tükənməyib . Ona görə də Günel Mehrinin ən uğurlu bir əsərinin meydana gəlməsini gözləyək…
P.S. Bu gün Günel Mehrinin "Azərbaycan" jurnalının keçənilki mart-aprel qoşa sayında daha bir hekayəsini ("Doğuluş") oxudum. Bu hekayədə Günel əsl sevgidən söz açır.
Əli Bağışdan "Altı və sıfır"
Əli Bağış... Doğrusunu deyim ki, indiyə kimi mən belə bir yazarı tanımamışam. Qulu Ağsəs onun "Altı və sıfır" kitabını mənə təqdim etdi və o kitabdakı publisistik məqalələri, hekayələri və şeirləri oxuyandan sonra tanımadığımı tanıdım.
Publisistika, nəsr, şeir... Yaradıcı bir adamdan söz açıramsa, mənim üçün bu janrların ən əhəmiyyətlisi hansıdır sualını vermirəm. Çünki bədii istedadın hansı janrda önəmli olması şərtidir, əsas odur ki, müəllif özünü necə ifadə edir... "Dörd tabut" hekayəsi mənim fikrimcə, onun bədii yazıları içərisində xüsusilə seçilir və bu hekayə təkcə məzmununa görə deyil, həm də formasına-təhkiyə tərzinə, təsvir edilən hadisələrin bir-birilə üzvi şəkildə bağlılığına, novellavari sonluğuna görə diqqəti cəlb edir.Və bir də hekayədə təsvir olunan obrazların hər biri ¬ xaraktercə digərindən fərqlənir. "Dörd tabut"da müəllif iki azərbaycanlının və iki erməninin qətlindən söhbət açır və məlum münaqişənin gətirdiyi düşmənçiliyin iki ailəni fəlakətlərə düçar etdiyini nəzərə çarpdırır. Təhkiyə tərzi nağılvaridir, amma bu, çox qəmli bir hekayətdir. Bu hekayətdə iştirak edənlərin hər biri özünəməxsus personaj kimi diqqəti cəlb edir. Əvvəlcə Sona və Səttar hekayətini dinləyirik. "Günlərin bir günü Sona Səttarın evinə gəlin köçdü. Gün günü qovdu, ay ayı qovdu və Sona buz baltası kimi oğul doğdu. Adını Nihad qoydular. Səttar Sona sevgisinin bu gözəl payının gəlişi hamını sevindirdisə də, işsiz-gücsüz Səttarın qaşqabağını heç açmadı. "Heç özümü saxlaya bilmirəm, bu körpəni necə saxlayacam?" Və Səttar üz tutur Rusiyaya, ad-san, pul-para, şan-şöhrət qazanır. O illər üçün bu tipik bir hadisə idi. Minlərlə həmyerlimiz xoşbəxtliyi, səadəti, firavan dolanışığı Rusiyada, başqa ölkələrdə axtarırdılar. Amma anlamırdılar ki, "Hər gün körpəsini tənha ürəyinə sıxıb göz yaşlarını yaz yağışı kimi səpən" Sonalar onların yolunu gözləyir. Və günlərin bir günü: "Səttar gəlməmişdi, Səttarı gətirmişdilər". Məlum olur ki, Səttar həmyerlilərini başına toplayıb "millətin başçısı"na çevrilib. Ona bu yerdə haqq qazandırmaq olarmı? Necə qazanıb o pulları ki, 1 milyon dollar da ölümündən sonra atləsinə çatmalıdır. Sona "Bu pullar nə mənə, nə də körpəmə lazımdır" deyir. Haqlıdır. Amma Rusiyada "millətin başçısı" kimi "şöhrət" qazanan Səttarı Sona bağışlamasa da, biz bağışlayırıq. O, bir erməni dığasının "bizlərə "azərbaran" deyən Surenin bağırsaqlarını qarnından çıxarıb boğazına doladı". Özü də güllələnir. "Səttarın meyidi ata yurduna çatan səhərin axşamı Surenin meyidi də dağ kəndindəki evlərinə çatdı".
Yox, hekayənin məzmununu, hadisələrin bundan sonrakı gedişini söyləmək fikrində deyiləm. Çünki bundan sonra Səttarın və Surenin oğulları da eyni düşmənçilikdən həlak olurlar. Hekayənin ictimai-siyasi mənasına keçid baş verir. Amma sonda bu keçid anaların görüşməsiylə humanizm –bir-birini anlamaq həddinə yetişir. "Dəli Kür... dörd bədbəxt qadından və iki xoşbəxt körpədən xəbərsiz-xəbərsiz axırdı. Anuş suya, iki körpəyə, gəlininə, Sonaya və Sonanın gəlininə baxa-baxa pıçıldadı: "Siz türklərdə su aydınlıqdı. Bəlkə, heç bir-birlərini öldürmədilər".
Əli Bağışın "Dörd tabut" hekayəsini onun bədii yaradıcılığında uğurlu bir hadisə hesab edirəm və çox güman ki, o, hər dəfə hekayə yazmaq istəyəndə "Dörd tabut"u xatırlasın.
"Altı və sıfır"a Əli Bağış səkkiz şeirini daxil edib. Hər hansı bir şairi şeirlərinin hansı mövzuda yazılmasına görə yox, o şeirlərdəki poeziya havasına, bu havanın gətirdiyi bədii təsvir incəliyinə, fikrin ifadəli şəkildə izahına görə qiymətləndirmək lazımdır. V.Q.Belinski yazırdı: "Şeirin poetik olması üçün nəinki təkcə rəvanlıq və ahəngdarlıq azdır, hətta hiss özü də təklikdə hələ kifayət eləməz: burada fikir lazımdır ki, hər cür poeziyanın da elə əsl məzmununu təşkil edən budur. Bu fikir poeziyada həyatın müəyyən bir tərəfinə müəyyən baxış kimi özünü göstərir, şairin əsərlərini ilhamlandıran və yaşadan bir başlanğıc kimi meydana çıxır". Əli Bağış fikir şairidir. Amma onun şeirlərində ifadə etdiyi fikirlər yalın-yalxı və çılpaq fikirlər deyil, ən başlıcası, həyat həqiqətindən doğan fikirlərdir. "Bakıya qar az yağır". Doğrudan da, belədir. Sadə, məlum bir fikir, amma şeirdə bu fikrin poetik təfsirini görürük.
Qar az yağır Bakıya.
Xəsis əlindən zorla qopan manatlar kimi.
Tanrı nəhəng əllərindən
Bir-bir atır qar dənələrini.
Böyük Səhraya dənə-dənə yağdırdığı
yağış damcıları kimi.
Bakıya qar az yağır.
Az yağan qarı gözləri, ürəkləriylə
qorumaq üçün
pəncərələrdə
səhərə kimi
qar keşikçisinə dönür
cocuqlar.
Bakıya qar az yağır.
Bu az yağan qara,
bəlkə də, ən çox
sevinir unudulmuş
şəhid qəbirləri.
Bu şeirdən də görünür ki, Əli Bağış haqqında söz açdığı mətləbi danışmır, o mətləbin izahına da çalışmır, lakin hamının gördüyü mənzərənin şeir diliylə rəsmini çəkir. "Neftçilərə rekviyem" şeiri isə assosiasiyalar doğurur. Neft daşlarında güclü qasırğa üç fəhləni dənizdə batırıb. Onlar çörək uğrunda şəhid oldular. Fikrin assosiativliyi elə buradan doğur. Başqa bir şair, bəlkə də, burada qəhrəmanlıq çaları axtarardı. Amma baxın:
Torpaq üzərində bitən buğdanın çörəyini
dənizin dibində tapmağa getdilər…
Hər zaman Aslan ağzında olan çörək
Bu dəfə Qağayı dimdiyində, Balıq mədəsindəydi.
İndi o qədər rahatdılar ki…
Nə banklar axtaracaq onları,
Nə borc aldıqları qohumları, dostları.
Üç evdə arvad tənələri, uşaq gileyləri
Ünvansız qaldı.
Sərt realizmlə aşılanıb bu şeir. Belə şeirlər çox az yazılır.
Əli Bağış və onun yazıları haqqında söz açan müəlliflərin, demək olar ki, hamısı onun şeirlərindən söz açırlar. Hamı onu şair kimi təqdir edir. Amma, mənim fikrimcə, Əli Bağış bu günün irəlici publisistlərindən biridir. Deyirlər ki, şeir, ya nəsr əsəri bədii, obrazlı, təsvir vasitələrinin zənginliyilə seçilir, publisistika isə bunlarsız da keçinə bilər. Yanlış fikirdir. Publisistik yazıda da bədiilik prinsipi əsas şərtlərdən biridir və bədii publisistika anlayışı burada yerinə düşür. Əli Bağışın bir çox publisistik yazılarını məhz bədii bir yazı kimi oxumuşam.
Əli Bağışın Qarabağ müharibəsi ilə bağlı yazılarını həyəcansız oxumaq olmur. O, bu yazılarda müharibənin içindədir. "Bir söyüşə alınmış kənd", "İki şəkil-iki qətlin tarixçəsi" "İntiqam", "Qədirin qədirsizliyi" və s. bu tipli yazılarda müharibənin onda doğurduğu təəssüratlarla tanış oluruq.
Əli Bağışın publisistik yazılarında keçmişə, tarixi hadisələrə və şəxsiyyətlərə bu günün nöqteyi-nəzərindən aydınlaşdırıcı bir baxış var. Məsələn, "SSRİ niyə dağıldı" yazısını oxuyursan və razılaşırsan onun fikirləriylə. Və Əli Bağış onu düşündürən, narahat edən reallıqlara da münasibətisiz keçinmir. "Müraciət formamız necə olmalıdır?" "Belənçik", "Fərqli dini baxışlarım", "Milçək və fil məsələsi" tipli yazılarda mən publisistin həmin reallıqlara tənqidi münasibətini görürəm.
Təbii ki, Əli Bağışın kitabda toplanan bütün yazıları haqqında söz aça bilmirəm. Amma bu yazıların müəllifinin xeyli dərəcədə məlumatlı, dünya tarixini, görkəmli şəxsiyyətləri, incəsənəti, ayrı-ayrı elm sahələrini öz qədərincə mənimsədiyini ancaq alqışlamaq olar.
O, Ramiz Rövşəni çox sevir. Yazılarında tez-tez onu xatırlayır və şeirlərindən misallar gətirir. Bizi birləşdirən nöqtələrdən biri də budur.
Əli Bağış, səni tanıdım.
Süleyman Muradlıdan "Ayrılığın büstü"
Söylə görüm, hardasan,
Necə keçir günlərin?
Yenə təzə-tərmisən?
Sən məndən ayrılalı
Bir qucaq qazanmısan,
Bir çiyin itirmisən.
Bu şeirin müəllifi Süleyman Muradlıdır. Mənim heç tanımadığım, üzünü görmədiyim belə bir şair. Amma bunrun məsələyə – mənim onu tanıyıb-tanımadığıma heç bir dəxli yoxdur. Şairi şeirlərindən tanıyarlar. Həmin bu müəllifin "Ayrılığın büstü" kitabında 17 şeiri təqdim olunur və dörd dildə (Azərbaycan, rus, türk və ingilis dillərində) oxuculara çatdırılır. Amma əsas orijinalda yazılanlardır. Bu 17 şeirin 14-ü sevginin ayrılıq-hicran motivlərini əks etdirir.
Süleyman Muradlının bu şeirləri barədə söz açmamışdan əvvəl istəyirəm belə bir müqəddimə ilə "bərdaşt" edim. XXI əsrdə "sevgi varmı?" sualını vermək və bu sual üzərində baş sındırmaq çox qəribə səslənər. Bəlkə də, sevgini hicran-vüsal çərçivəsində anlayanlar üçün həmin suala "hə", ya "yox" cavabını vermək mümkün olardı. Ancaq bu gün Sevgi daha geniş anlamları ifadə edir. Sevgi insanın özünü dərk etməsi, mənən durulması, daxilən yeniləşməsi, zənginləşməsi deməkdir. Sevgi Həqiqətdir, Vicdandır, Xoşbəxtlikdir. Sevgi ağılla ürəyin vəhdətidir, daha doğrusu, "ağıllı ürək"dir. Görəsən, müasir poeziyada sevgi öz aliliyini, müqəddəsliyini saxlaya bilibmi? Axı əsrlərdən bəridir sevgi ilə poeziya qoşa qanad kimi dərk olunub, sevən adam ən gözəl hisslərini poeziya vasitəsilə ifadə edib, köksün dar qəfəsindən dünyaya boylanıb. Yaxşı cəhətdir ki, Füzulinin yandırdığı şam hələ sönməmişdir, bu şamın ətrafındakı pərvanələr bir-bir həlak olur, amma o şam hər təzə aşiqin can atdığı, yanmaq istədiyi bir alov kimi işığını əsirgəmir. Sözün Füzuli ucalığına tapınan şairlərimiz sevgi mövzusunda da təzə söz deməyə, öz hisslərini orijinal təsvir vasitələri ilə ifadə etməyə çalışırlar. Mən Azərbaycan poeziyasında, xüsusilə keçən əsrdə yüzlərlə şeir nümunəsi misal gətirə bilərəm. Ancaq bircə misal gətirsəm, kifayətdir. Xalq şairi Bəxtiyar Vahabzadə yazır:
Dərdimin bağrını yararsan, gülüm,
Yoxsa həyat mənə əzab olardı.
Yaxşı ki, dünyada sən varsan, gülüm,
Könlüm işığını hardan alardı?
Burada sevgi insanı ucaldan mənəvi bir qüvvə kimi dəyərləndirilir.
Təbii ki, hər şairin sevgiyə münasibəti eyni ola bilməz. Əgər eynilik olarsa, onda sevgi cütlüyü və onların dünyabaxışı arasında heç bir fərdilikdən söhbət gedə bilməz Ona görə də Bəxtiyar Vahabzadənin bu sevgi şeiri "Sevgi nədir?" sualının min cavabından biri ola bilər.
İndi keçirəm Süleyman Muradlının şeirlərinə. Onun lirik qəhrəmanı bütün varlığı ilə sevir. Amma belə məlum olur ki, ortada ayrılıq küləkləri əsir. Bu da təbiidir. Əksər sevənlərin başına gəlir, onları küskünlüyə, bədbinliyə, hətta mənəvi intihara səsləyir ayrılıqlar. Məgər bütün poeziymızın əsrlər boyu yazılan sevgi şeirlərində AYRILIQ sindromuna azmı təsadüf etmişik? Və sevgi cütlüyündə –Aşiq-məşuq münasibətlərində həmişə hicran alovlarında yanıb-yaxılan aşiqlər olub. Elə XX-XXI əsrdə də: "Gecə də, gündüz də fikrimdə sənsən, Mən kimin fikrində yaşayım, söylə? De, hansı bir ürək qəbul eləyər, Məni sən ünvanlı dərdlə, gileylə?" (Əli Kərim).yaxud: "Yox buna taqətim, yox buna tabım, Əlimi əlindən üzmək əzabım, Sonra bu əzaba dözmək əzabım" (Musa Yaqub). Süleyman Muradlının lirik qəhrəmanı da məhz bu ayrılıq əzabına məhkum olunub.
Getmisən, eybi yox, burda nə var ki,
Heç olmasa danma mənim adımı.
Nə cavab verərsən dosta-tanışa,
Soruşsalar, doğmadımı, yaddımı?
O vaxt bir sən vardın, bir də mən idim,
Bir kimsə çatmırdı dadına onda.
İndi hər tərəfin adamla dolu,
Hamısı yalandı bir ayrı donda.
Bir də soruşsalar, qurbanın olum,
Gəl danma sən məni, burda nə var ki?
Böyük Süleymana heç nə qalmayıb,
Kiçik Süleymana, de, nə qalar ki?!
Aşiqin-lirik qəhrəmanın həsrəti, sevgi yolunda çəkdiyi əzəblar yetərincədir. Görürük, hiss edirik. Burada yalan yoxdu, yanan var.
Hər adın çəkiləndə
"Allah, aman!" deyirəm.
Qorxuram gülüşümlə
Səni nişan verərəm.
Nə gərək, kimsə bilsin,
Mən bilirəm, bəsimdi.
"Gücüm nanə yarpağı,
Ürəyim bir əsimdi"
Əlbəttə, ayrılıq bəzən hədsiz pessimizmə də yol açır. Bunu biz indiyəcən yazılan sevgi şeirlərində də görmüşük. Bu ifrat bədbinlik bəzən Ölüm-İntihar-Məzar qütblərinə də aparır.
Hərdən gəlib xatırla,
Hərdən baş çək könlümə.
Gül çiçəklə qonaq ol,
Bir məzarlıq ömrümə.
Lirik qəhrəmanın "bir məzarlıq ömrü" hədsiz pessimizmin ifadəsidir və əlbəttə, şəxsən mən buna haqq qazandırmıram. "Yaşamağa hazırdım, ölməyə də hazıram indi" etirafına da həmçinin. Niyə? Çünki Süleyman Muradlı lirik qəhrəmanın diliylə deyir: "Şükür ki, axtarıb tapmışam səni... İzn ver, yanında əyləşim bir az. Ruhumu telinin üstünə qoyum". Əgər itkin düşən o sevgili tapılıbsa, o zaman bu ikiliyə son qoymaq… Amma burada günah kimdədir sualı da meydana çıxır. "Adlayıb üstündən qəbahətimin Ürək sındırmırsan… ürək alırsan" etirafı gəlir. Burada lirik qəhrəmanın etirafını da təbii qəbul edək.
Süleyman Muradlının sevgi şeirlərində ayrılığın səbəblərini aramadım, çünki "Niyə ayrıldılar?" sualına cavab yoxdur. Sadəcə, bu ayrılığın bir insan qəlbində necə həyəcanlar doğurduğunun şahidi olduq.
Qoy Süleyman Muradlı yenə sevgi şeirləri yazsın, yenə ayrılıqdan söz açsın, amma bu ayrılığın səbəbləri üzərində düşünsün. Qoy onun lirik qəhrəmanının sevgilisi günlərin bir günü qayıtsın. Və o lirik qəhrəman – o bəlalı aşiq duysun ki, həyat və sevgi təkcə ayrılıqlar üzərində bərqərar olmayıb. Bir də onu arzulayıram ki, Süleyman Muradlı şeirlərinin obrazlı ifadə tərzinə daha çox diqqət yetirsin. UĞURLAR ARZULAYIRAM!
Nadir Yalçının "Lal ev"i
Hekayə yazmaq bu gün sanki hamının görəcəyi, bacaracağı bir işə çevrilib. Amma bu çoxluqda, kəmiyyətin keyfiyyəti üstələdiyi bir prosesdə səni sevindirən, bütün maraq və diqqətini özünə çəkən hekayələr də olur. Və fikirləşirsən ki, nə yaxşı, ənənə hələ davam edir, Mirzə Cəlildən, Əbdürrəhim bəy Haqverdiyevdən, Yusif Vəzir Çəmənzəminlidən, Seyid Hüseyndən, Mir Cəlaldan, Yusif Səmədoğludan, Anardan, Əkrəm Əylislidən, Elçindən, İsi Məlikzadədən sonra bu janrda maraqlı, bədii-estetik cəhətdən baxımlı hekayələrlə rastlaşırıq. Hələ Şahmar Hüseynovu (Allah rəhmət eləsin), Afaq Məsudu, Məmməd Orucu, Seyran Səxavəti, Aqil Abbası, Elçin Hüseynbəylini demirəm. Onlardan xeyli cavan olan Mübariz Cəfərli, Vüsal Nuru, Varis, Tural Rzayev, Təranə Vahid… Deməli, ənənə davam edir. Nadir Yalçını da bu sonuncuların sırasında görürəm.
"Lal ev"də on beş hekayə toplanıb. İddia etmirəm ki, bu on beş hekayənin hamısı janrın tələblərinə cavab verir. Amma onun bir hekayəçi kimi getdikcə formalaşdığını, həyat həqiqətlərini bədii həqiqətlərə ünvanladığını hiss edirsən. Nədir onun hekayələrindəki özünəməxsusluğu, digər hekayəçilərdən fərqliliyi? İlk növbədə, müşahidə qabiliyyəti, həyatın, reallığın onu düşündürən məqamlarına xüsusi diqqət yetirməsi. Nadir Yalçının maraq dairəsi əsasən özü yaşda olan cavanların məktəb illərinə, onların peşəsiylə bağlı həyat tərzinə, şəhər həyatında baş verən müxtəlif hadisələrə, bəzən də ailə-məişət məsələlərinə yönəlir. Amma bütün bunlardan başqa "Lal ev", "Nina Nikolayevna" hekayələrində məkan dəyişir, hadisələr kənddən elmi institutlardan birinə, oradan da şəhərin bir məhəlləsinə yönəlir. Amma hekayə üçün hadisələrin hansı məkanda cərəyan etməsinin bir elə əhəmiyyəti yoxdur. Əsas odur ki, hər hansı hekayədə yığcam bir süjet olsun, ədəbi dilin normalarına riayət olunsun, təsvir olunan hadisə və obrazlar həyatın özündəki kimi təsir bağışlasın. Və xüsusilə həmin hekayədə hadisə də, obrazlar da xarakterik olsun, uydurma təsir bağışlamasın. Mənim fikrimcə, Nadir Yalçının "Nina Nikolayevna" hekayəsi bütün bu söylədiklərimi isbata yetirən bir nümunədir. Nina Nikolayevna azərbaycanlı Ənvərə qoşulub gələn rus qızıdır, onun zövcəsidir… "Əmim Ninanı mənə təqdim edəndə onun yaşla parıldayan gözlərinə zilləndim. Ninanın gözəlliyini, bənzərsizliyini görəndə birdən başa düşdüm ki, o bura gəlməklə səhv eləyib". Səhv ondan başlayır ki, evdə nənədən başlamış, əksər kənd camaatı Ninanı qəbul etmir və "Nina qürbətdə məskən sala bilməyən, köksünün döyüntüləri bədənini silkələyən qaranquşlar kimiydi". Amma bu rus qızı ərinə məhəbbəti üzündən bütün tənələrə, töhmətlərə dözür, hətta müsəlmançılığı da qəbul edir, qaranquşlar kimi uçub getmir… Boynundakı xaçı da gizlədir. Günün birində Nina ölür, amma qeybə çəkilən xaçı tapılır. Nadir Yalçın rəvan dillə bu hekayəni nəql edir, ifadə vasitələrindəki zərifliklə oxucunu ələ alır. Ən başlıcası xarakter yaradır.
"Ayaqqabı" hekayəsi də maraqlıdır. Burada maraq doğuran təkcə təsvir olunan hadisə (iki gəncin sevgisi) deyil, obrazların bir-birinə münasibətindəki baxış bucağıdır. Nadir Yalçın Xanımı – sevilən qızı oğlanın baxış bucağından elə təsvir edir ki: "Xanımın yanağına səpilən açıq-qırmızı çilləri təbəssümü ilə yaranan qəmzələri, sağ tərəf üstə daranıb çiyninin üzərinə səliqəylə sərilən şabalıdıı saçları, nəfəs alarkən xüsusi hərarətlə qalxıb-enən sinəsi heç kimə bənzəmirdi" – doğrudan bir qızın zahiri portreti canlanır.
Nadir Yalçının bütün hekayələri müəyyən hadisələr üzərində qurulub. Amma bu hadisələrin təsvirində obrazların maddi həyatı-onların peşəsi, gündəlik həyat tərzi ilə yanaşı, mənəvi aləmi də unudulmur. Daha doğrusu, obrazın xaricindən daxilinə açılan yol da onun xarakterini tənzimləyir. "Kitabça" hekayəsindəki Həsən müəllim, "Səfər müəllimə nəsə olub" hekayəsindəki Səfər müəllim bu mənada maraq doğuran obrazlardır.
Nadir Yalçın fərqli insan obrazlarına müraciət edir və çalışır ki, hər birinin xarakterindəki fərdilikləri nəzərə çarpdırsın. "Balıqçılar" hekayəsindəki Elxanla Cavid və Ləpir Həsən, "Lal ev"dəki Ayaz – bunlar siravi obrazlar hesab oluna bilməzlər. Olsun ki, onlarda nəsə, hansısa tamamlana biləcək cizgi çatışmır, amma fərdi xüsusiyyətləri ilə seçilirlər. Əlbəttə, biz onun təsvir etdiyi obrazlardan qəhrəmanlıq, müstəsna fövqəladəlik tələb etmirik, hansı obrazı necə görürsə, qoy elə təsvir eləsin.
Məni sevindirən bir də odur ki, Nadir Yalçın Azərbaycan dilini və Azərbaycan məişətini dürüst mənimsəyib. Təhkiyə tərzi maraqlıdır. Həm müəllif dilində, həm də obrazların danışığında, dialoqlarında pintiliyə yol vermir. Şəhəri təsvir edəndə bilgiləri qaneedicidir, kəndi də həmçinin.
Böyük yazıçı Çingiz Aytmatov hekayə janrı ilə bağlı bir müsahibəsində deyirdi: "Hekayəni damla ilə müqayisə etmək olar. Lakin bu damlasız okean ola bilməz. Hekayə dövrün mozaikasıdır. Mozaika isə xırda və zərif hissəciklərdən ibarətdir". Nadir Yalçının bir çox hekayələri də mozaika təsiri bağışlayır. Hələlik o, "xırda və zərif" hissəciklərlə iş görür, amma, mənim fikrimcə, elə bu "xırda və zərif hissəciklərdə" də portret yaratmağa meyli güclüdür. Bu yol getdikcə onu bir bitkin hekayəçi kimi tanıdacaq.
“Ədəbiyyat və incəsənət”
(06.05.2026)


