ƏDƏBİYYAT VƏ İNCƏSƏNƏT - Super User
Super User

Super User

Hafiz Ataxanlı, “Ədəbiyyat və incəsənət” üçün

 

Epiqraf: 

 

“Mənim niyyətlərimin məqsədi həqiqət və namuslu həyatdır”           

Horatsi

 

                                                                  

PROLOQ

 

2002-ci il ildə Lider televizyasında Vüqar Qaradağlının rəhbərliyi altında əməkdar incəsənət xadimi Rafiq Quliyev, rejissor İqbal Məmmədəliyev, jurnalist İxtiyar Hüseynli, operatorlar Rüfət Süleymanov və Rəşad Nuriyevlə birgə cənab İlham Əliyevin Qaradağdan seçilmiş millət vəkili kimi fəaliyyətini özündə ehtiva edən sənədli filmə ad seçərkən mənim təklif etdiyim “İlham Əliyev” “Ümidlərin gerçəklik məqamı” versiyası rəhbərlik tərəfindən bəyənildi.

 

 

“Siyasət dağıtmaq yox, qurub-yaratmaqdır. Xalqa elə siyasət lazımdır ki, onun təhlükəsizliyini təmin etsin və normal yaşayış üçün şərait yaratsın”

Prezident İlham Əliyev.

 

YOL

 

Yol-təkcə coğrafi məfhum, məsafə göstəricisi deyil, həm də doğru istiqamətdə, dürüst strategiyada hədəfə doğru əzmlə irəliləmək rəmzidir.

Dünyaya bioloji varlıq kimi gələn insan əxlaqi-intellektual tərbiyə, mənəvi-pisxoloji mühit, mətin iradə, konseptual fəlsəfi düşüncə, müsbət fəzilətli davranış tərzi sayəsində öz yollarını və yolçuluq missiyalarını müəyyənləşdirir. Ürəyinin həniri ilə zillətləri aydınlatmağı fəaliyyət kredosuna çevirənlər söz və əməl vəhdətinin təsdiq təntənəsini yaşadanlardır. Ulu yolun qayım-qədimliyində yeni dünya nizamını modifikasiya etməyi bacarmış siyasi xadimin fəaliyyəti zəka sahibi Nəsrəddin Tusinin təsnifatı ilə xarakterizə olunur.

 

“Ölkə sahibində mətinlik olmalıdır. Bu qətiyyəti, fitri iradəni, dərin mühakiməni, böyük təcrübəni özündə ehtiva edir.”

 

“Əxlaqi-Nasir

3-cü məqalə, 4-cü fəsil.

 

 

“Mən indiyədək siyasi...konyuktura ilə məşğul olmamışam. Gücümü yalnız real işlərə sərf etmişəm.”

Prezident İlham Əliyev

 

Ali baş Komandan İlham Əliyev İstiqlal yolunda səbr və təmkinlə irəlilədi, gerçək situasiyanı, mövcud imkanları analitik təfəkkür tərzindən keçirdi, hazırlıqları mükəmməl səviyyəyə çatdırdı, mənəvi-pisxoloji döyüş ruhunu, qalibiyyət təşnəsini yetkin fiziki-texnoloji nəticə ilə birləşdirdi və Zəfər yolunun inşasına başladı. Zəngəzur yolu ilə birləşəcək müqəddəs yola çıxdı.

30 il ərzində dilimizin ümümişlək sözləri sırasına daxil olmuş “qaçqın”, “köçkün” ifadələri Qələbə dilinin içində əridi, assimlasiyaya uğradı.

Dünya 21-ci əsrin müharibə taktikasını gördü. İkili standartlar metydançasında oynayanlar Azərbaycan həqiqətləri qarşısında susmaq məcburiyyətində qaldılar.

Azərbaycan Ordusunun şöhrəti dillərdə dastan oldu.

“Canım Vətənə fəda” deyib hayqıranların cəsarəti, döyüş əzmi düşmənin canına qorxu saldı.

Hərbirazərbaycanlıköksününaltındaürəkyerinə Azərbaycanbayrağının çırpıntısını eşitdi.

Müzəffər Ali Baş Komandan, qüdrətli ordu, qalib xalq  epitentlərindən fərəhimiz dağa döndü.

Paralel olaraq informasiya cəbhəsində də döyüşmək gərəkirdi və Ali Baş Komandan bu yöndə də ikibaşlı siyasət dəllallarının əlindən su içmiş qərəzli jurnalistlərin qəzəbli suallarına məntiqli, lakonik cavabı ilə onların arzularını ürəklərində qoydu, siyasi jurnalistikadan ustad dərsi keçdi. “Haqq-ədalət” yolunun düzlüyünə cığırlar kölgə sala bilməz” mesajını verdi. Və “Biz Qarabağı cənnətə çevirəcəyik” niyyətli dövlət başçısının göstərişi ilə dərhal quruculuq prosesinə start verildi.

 

 

Sumqayıt – Ağdam yolunda

 

 

Yazıçı- publisist, şair Süleyman Hüseynovun dəvəti ilə sentyabrın 25-də mənim də Qarabağa getmək arzum gerçəkləşdi.

“Az press” saytının rəhbəri, tanınmış video-fotomüxbir S.Rasim də bizimləydi. Yolumuzu Ağdamdan saldıq. Qələbədən sonra Qarabağa ilk kəs yollanan hər soydaşımız kimi mənim də ürəyim həyəcandan çırpınırdı.

 

 

İşıqlı yurd.

 

 

1930-cu ildə Azərbaycanın inzibati ərazi vahidi kimi rəsmiləşən Ağdam Qoşqar və Xaçın çaylarının zümzüməsini dinləyir. Üçoğlantəpədə aparılmış arxoloji axtarışlar nəticəsində ərazinin 6-8 min il əvvəl mövcudluğu və Qafqazın ilk şəhər tipli yaşayış məskəni sayıldığı isbatlanıb.

Ağdamın etimologiyası- işıqlı ev deməkdir. 

Muğam- tarixin ağlı-qaralı səhifələrinin ruhun havacatında çatdırılmasıdır, ovqatın ladıdır.

Muğam – katarsisdir. Qarabağ deyəndə düşüncədə muğam assosasiya olunur. İlk ziyarətimiz Ağdam Muğam Mərkəzində gerçəkləşdi. Mərkəz memarlıq üslubu ilə göz oxşayır. Muğam sənətinin inkişafı, böyük tədbirlərin düzənlənməsi, gənc nəslin sənətin incilərinə dərindən bələd olması üçün gərəkən bütün şərait yaradılıb.

1868-70-ci illərdə Kərbəlayı Səfixan Qarabağinin memarlığı ilə ərsəyə gəlmiş, 2 minarəli, 1 günbəzli Ağdam Cümə məscidindən artıq azan səsi eşidilir, burda namaz qılınır, dualar oxunur. Məscidin həyətindəki seyid qəbirlərini də ziyarət etməyi özümüzə borc bildik.

Hər tərəfdən yaşıllıqla əhatə olunmuş İmarət kompleksi Ağdamda ən çox ziyarət olunan məkandır. Xan ailəsinin və yaxınlarının məzar abidələri, iqamətgah ocaqları müasir texnoloji imkan və mütamadi verilən muğam ifaları ilə maraq doğurur. Dəyərli şair, rus istilası, siyasi çəkişmələr üzündən, Xanlığın mənafeyi naminə şəxsi həyatını ağrı-acı ilə keçirmiş xeyriyyəçi Xurşudbanu Natəvanın ruhu bu gün cənnətə dönən azad Qarabağda dinclik tapıb. 

1751-52-ci illərdə hərbi müdafiə məqsədi ilə tikilmiş, Qarabağ Xanlığının ikinci paytaxtına çevrilmiş Şahbulaq qalasının ərazisi buz kimi çeşməsi, yaşıllığı, estetik görünüşü ilə dəyərlidir. Bir az aralıda tarix elminin fədakarları- arxeoloqlar çalışırlar.

Ağdam otelində 3-cü mərtəbənin balkonundan günəşin zərrin şəfəqləri ilə salamlaşmaq alayı bəxtiyarlıq bəxş edir adama. Səhər yeməyindən sonra terasa qalxdıq. Yenidən qurulan, tikinti meydançasına çevrilən Ağdam buradan ap-aydın görünür. Bir tərəfdə erməni xislətinin, vəhşi təfəkkürünün göstəricisi olan dağılmış, yağmalanmış evlər, digər tərəfdə sürətlə tikilən çoxmərtəbəli binalar, sosial obyektlər, texnikanın səs-küyü, Ağdam konfrans zalı, Hilton oteli, yaşayış evləri. Zaman dağıdıcı şüurla qurub-yaratmaq təşnəli zəkanın fərqini aydınladır sanki. Və bu yerdə filosof Falesin deyimini xatırlayıram.

-Məkan hər şeyi əhatə etdiyindən, o hər şeydən üstündür.

-Ağıl hər şeyi ötüb keçdiyindən o, hər şeydən sürətlidir.

-Zərurət hər şeyin üzərində hökmran olduğundan o, hər şeydən güclüdur.

-Zaman hər şeyi aşkar etdiyindən o, hər şeydən müdrikdir.

 

Füzulidə həyat qaynayır.

 

Bu ərazi 1827-ci ilə qədər Qarabulaq adlandırılıb. Sonradan rus polkovniki Karyağinin şərəfinə adını dəyişiblər. Sadəcə, Qarabağ ləhcəsinə uyğun olaraq “K” “Q” ilə əvəzlənib, “Qaryağin” olub.

1959-cu ildə dahi şairin adını əbədiləşdirmək məqsədi ilə Füzuli adı verilib. Füzuli 1993-cü il, avqustun 23-də işğal olunmuşdu. 27 sentyabr, 2020-ci ildə ilk qələbə xəbərini də Füzuli istiqamətindən aldıq.

İşğal dövründə ən çox erməni vəhşiliyi ilə üzləşmiş Füzulinin yaraları sağalmaq üzrədir. Şəhərin mərkəzində tikilmiş yaşayış evləri sakinlərin ixtiyarına verilib, iaşə obyektləri, istirahət mərkəzləri istifadəyə verilib. İndi kiçik Qafqazın Çaxmaq silsiləsinin şərq yamaclarından mənbəyini götürən Köndələnçay Füzuli kəndlərinin suvarma sisteminə yenidən həyat verir.

 Quruçay mədəniyyətinin tərkib hissəsi, Füzulidən 14 km şimal-şərqdə yerləşən, paleolit və mezolit dövrlərini əhatə edən Azıx mağarasında arxeoloqlarımız şövqlə yeni axtarışlar aparırlar.

 

 

Yeri gəlmişkən

 

1969-cu ildə aşkara çıxarılan Azıx mağarası qədimliyinə görə dünyada 4-cü, SSRİ- də 1-ci yaşayış məskəni sayılırdı. Ulu Öndərin göstərişi ilə mağara kompleksi haqqında sənədli film çəkildi. Xarici ölkələrdə keçirilən Azərbaycan mədəniyyəti günlərində həmin film mütləq yer alırdı. Həmçinin ötən əsrin 70-ci illərində Respublika rəhbərinin göstərişi ilə Azərbaycan Dövlət Universitetinin tarix fakultəsinin tələbələri arxeoloji praktika keçmək üçün Azıxa göndərilirdi.

 

Arzu

 

Ötən əsrin 70-ci illərində dahi şair Məhəmməd Füzuli ilə bağlı milli təəssubkeş Heydər Əliyev böyük cəfalara qatlaşıb. İraqın Kərbala şəhərində Füzulinin məqbərəsinin tikilməsi ilə bağlı təşəbbüs göstərən dövlət başçısı qarşıya çıxan əngəllərə baxmadan məqsədə doğru irəliləyib. Sov.İKP MK-nın İraqla əlaqələrə məsul şəxsi Neçkindən gələn arayışda yazılırdı:

“İraqın əlverişsiz daxili vəziyyəti ucbatından bu məsələni İraq höküməti qarşısında qaldırmaq mümkün deyil”. Amma Ulu Öndər israr edir. Azərbaycan Xarici İşlər Nazirliyinə və AMEA- ya tapşırıqlar verir. İş o yerə çatır ki, 1976-cı il, iyulun 21-də İraq konsulu Azərbaycan Xarici İşlər Nazirliyinə nota çatdırır. “İraq Prezidenti dəftərxanasının rəhbərliyi bildirir ki, İraq ərazisində dəfn olunduğundan şair Füzulinin mavzoleynin bərpası üçün hökümət məsuliyyət daşıyacaqdır ”.

Nəhayət Heydər Əliyevin gərgin səyləri, siyasi iradəsi və dəmir məntiqi sayəsində Bakıda Yaxın Şərq alimlərinin, Füzulişünasların iştirakı ilə Beynəlxalq simpozium keçirilir. “Yazıçı” nəşriyyatında Füzulinin əsərləri yeni nəşrdə hazırlanır.

(mənbə: Professor Musa Qasımlı, “Heydər Əliyev-İstiqlala gedən yol” monoqrafiyası)

Möhtəşəm Zəfərdən sonra Şuşada, Xankəndində, Ağdamda, Laçında, Zəngilanda yetərincə beynəlxalq tədbirlər gerçəkləşib. Könül istər ki, 2026-cı il, mayın birinci on günlüyündə Ulu Öndərin təşkil etdiyi 1-ci Beynəlxalq simpozuiumdan 50 il sonra bədii qiraətçilər, aktyorlar, Füzuli obrazları Füzuli aeroportunda əcnəbi qonaqları, ədəbiyyatşünas alimləri, şair və yazıçıları qarşılayıb şəhərin mərkəzinə gətirsinlər.

 

Xocavəndin ahənrübası

 

Şəhidlərimizin Anım mərasiminə Xocavənddə qatıldıq. Qarabağ iqtisadi rayonuna daxil olan, böyük əraziyə malik Xocavənd 1992-ci ilin oktyabrında işğala məruz qalmışdı.

İndi rayonun mərkəzində Ali Baş Komandan İlham əliyevin qaldırdığı müqəddəs Azərbaycan Bayrağı əzəmətlə dalğalanır. Burda da sürətli quruculuq işləri gedir. Bütün xidmət sahələrinin yerli şöbələri fəaliyyət göstərir. Xocavənd gözəl məkandır, adamı ahənrüba kimi çəkir özünə.

“Ölkə sahibinə sadiq və əməlisaleh köməkçilər lazımdır.”

Nəsrəddin Tusi, “Əxlaqi-Nasir” 3-cü məqalə, 4-cü fəsil. 

 

Prezident İlham Əliyevin Ağdam-Füzuli- Xocavənd rayonları üzrə nümayəndəsi Emin Hüseynov can yanğısı, sevgi və şövqlə dövlət başçısının tapşırıqlarını yerinə yetirir. Səhərdən axşama qədər rayonlar arasında, tikinti meydançalarında, beynəlxalq tədbirlərdə, problemlərin həllində çalışır. Emin müəllimin Sumqayıtlı olması, heç şübhəsiz qürurlandırdı bizi.

 

Xocalı- qan yaddaşımız.

Xocalı qətliamının acısını hər birimiz yaşamışdıq. Şahid söhbətlərini dinlədikcə, arxiv materiallarına baxdıqca, vəhşiliyin hüdudsuzluğu heyrətindən göz bəbəklərimiz böyümüşdü. Qardaş-bacılarımızın donmuş vücudlarını, oyulmuş gözlərini, kəsilmiş, deşilmiş əzalarını, sökülmüş dişlərini gördükcə, dişimiz dişimizə dəymişdi. Yayın cırhacırında belə “Xocalı” adı gələndə üşümüşdük.

Tənimiz yox, ruhumuz üşümüşdü, 30 il idi ki, üşüyürdük. Şükürlər olsun bu günə!

Xocalının mərkəzində rahatca gəzirik, şəkil çəkdiririk Süleyman Hüseynovla. Bir vaxtlar bu küçələrdən uşaq nalələri göyə bülənd olmuşdu. Bu günsə yolun o üzündən, məktəbin həyətindən voleybol oynayan yeniyetmələrin “qol” nidaları Xocalı parkına yayılır. Bu xronometraj fərqini nəsib edən Ali Baş Komandana və Ordumuzun əsgərlərinə eşq olsun!

 

Zəfərin bərqi

Bələdçimiz, Xocavənd nümayəndəliyinin məsul əməkdaşı Emin Quliyev yorulmadan, usanmadan, həvəslə bizi gəzdirir, yeniliklər haqqında məlumat verirdi. Ərazini əl içi kimi tanıyır, hər kəsin böyük hörmətini qazanıb. Axşam saat 21-2200 radələrində Xocavənddən çıxıb Xankəndi gecələrini seyr etmək və Ağdama, otelə qayıtmalıydıq.

-Sizə elə bir yer göstərəcəyəm ki, könlünüz fərəhlənəcək,- dedi Emin. Və Dağdağan kəndinin üstündə, dikdirdə maşını saxladı.

Allahım! Bu nə möcüzədir?!

Şuşa və Xankəndində işıqlar bərq vurur. Yox, bu sadəcə Mingəçevir Su Elektrik stansiyasında fizika elminin düsturu ilə ərsəyə gələn, bütün ölkəyə paylanan elektrik deyil.

Bu-ruhumuzun qələbə sevincindən işıldayan vizual təqdimatdır.

Bu işıqlar- canını Vətəninin ərazi bütövlüyü uğrunda fəda etmiş Şəhidlərin al-qırmızı qanıdır, səmadan simvol şəhərlərimizin üzərinə düşüb, bərq vurur.

Bu işıqlar – Ali Baş Komandanın, qalib Sərkərdənin məğrur baxışları, düşmənin canına vicvicə salan nüfuzudur.

 

Xankəndi qüruru

Xankəndində gümrahlıqdır. Yaşayış var artıq. Məşhur brend marketlərinin, restoran və kafelərin şöbələri fəaliyyət göstərir. Hər tərəfdə qızğın tikinti və təmir işləri gedir. Ölkənin hər yerindən ailəvi gələnlər sevinc və coşqu, həvəslə, bəxtiyarlıqla şəkil çəkdirirlər. Taksilər Bərdəyə, Şuşaya, Tərtərə, Ağdama, Füzuliyə müştəri səsləyirlər. Yanımızdan Xankəndi-Bərdə mikroavtobusu keçir. Bir anlıq adama yuxu kimi gəlir. Qaldığımız Bulud oteldə, digər kafe və restoranlarda mükəmməl xidmət mədəniyyəti müştəri məmnuniyyətinə rəvac verir. Geniş imkanlara malik Xankəndi stadionu MDB oyunlarını qarşılamaq üçün hazırlanır. Mərkəzi parkda şəhidlər üçün Xatirə kompleksi tamamlanmaq üzrədir. Qarabağ Universitetinin qarşısındakı parkda dərsdən çıxmış tələbələri görürük. Sevincləri ikiqatdır. Tələbə adını qazandıqlarına və Xankəndinin ilk tələbə sakinləri olduqlarına görə. Kim bilir, bəlkə bu tələbələrin içində gələcəyin “nobel”çiləri, “Oskar” mükafatçıları, dünya şöhrətli alimləri, həkimləri var?!

Xankəndində ruhu dincəldən, yorğunluğu unutduran qəribə bir aura, göz oxşayan görüntü, könül açan sakitlik var.

 

4 il əvvəl- yarımçıq qastrol

2021-ci ildə qələmə aldığım, Xalq artisti Firudin Məhərrəmovun Sumqayıt Dövlət dram Teatrında quruluş verdiyi, Birinci Qarabağ savaşını və 44 günlük Vətən müharibəsini özündə ehtiva edən “Missiya” mistik dramı ilə Laçına qastrol səfərinə çıxmalıydıq. Əsərin əsas obrazlarından biri – gerçək Milli Qəhrəman Qorxmaz Eyvazovun doğulduğu Güləbird kəndində şəhidin xatirəsini anıb, Laçın rayonunda tamaşanı göstərməliydik.

Sentyabrın 18-də, gecə Sumqayıtdan çıxdıq. Təşkilatçılardan Şuşa yolu getməyimizi istəmişdik. Beləliklə, sentyabrın 19-da səhər-səhər Şuşaya çatdıq. Yenicə çay süfrəsinə oturmuşduq ki, geri qayıtmaq barədə komanda gəldi. Sonradan bildik ki, həmin gün antiterror əməliyyatına başlanması barədə Ali Baş Komandan İlham Əliyev əmr verib.

 

Şuşanın dağları başı dumanlı

Bu da qürur yerimiz, yaddaş saxlancımız, mədəniyyət beşiyimiz Şuşa! 2021-ci ilin sentyabrnda əyləşdiyimiz yeri axtardım tapa bilmədim. Əsla bu- mənim yaddaşımın zəifliyi ucbatından deyil, şəhərin sürətli inkişaf prosesinə görədir. Üç dəfə - 1905, 1920, 1992 – ci illərdə yandırılmış, 8 mayda bağrının başı qarsımış Şuşa, nəhayət , 8 noyabrda qəm köynəyindən sıyrılıb çıxdı. Şuşanın qurucusu Pənahəli Xanın ruhu toxtadı.

Müasir Azərbaycan Dövlətçiliyinin banisi Heydər Əliyevin vəsiyyəti yerinə yetirildi. Ulu Öndərin “Əsrin müqaviləsi” ilə strateji konsepsiyasının təməlini qoyduğu beynəlxalq münasibətlərin tənzimlənməsi ideyası, yeni dünya nizamında, Prezident İlham Əliyevin diplomatik konseptində ali səviyyəyə çatdı.

Xan qızı Nətavanın imarəti qarşısında dayandıq. Xeyriyyəçi şairin 1871-ci ildən Ağdamdan çəkdirdiyi bulağın suyundan içdik. Şuşanın 17 məhəlləsindən biri – Çöl Qala məhəlləsi, 17 bulaqdan biridir bura. Güllələnmiş heykəllər, erməni düşüncəsinin, hikkənin və vəhşiliyin sindromu. Şərhə ehtiyacı olmayan tarixi videosüjet.

Şuşanın mərkəzi meydanı adamdan iki göz istəyir ki, saatlarla tamaşa etsin bu gözəlliyə. Klassika ilə modernizmin vəhdət məqamında bərpa olunan meydanın estetik həzzi təkcə gözləri doyurmur, həm də zehniyyətə, ürəyə yağla bal kimi

 yaxılır. Meydanda tikilmiş Yuxarı Gövhər Ağa məscidi ən qədim dini ocaqlardan sayılır.

Layihə müəllifi Mir Möhsün Nəvvab, memarı Kərbalayı Səfixan Qarabaği olub. 2023-cü ildə restavrasiya edilib. Böyük Azərbaycan şairi Molla Pənah Vaqifin də məqbərəsini ziyarət etdik.

 

Yeri gəlmişkən

1967-ci ildə Şuşa şəhərində Heydər Əliyev Vaqifin məzarına baş çəkmək istədiyini bildirir. Çox çətinliklə tapılan və bərbad gündə olan məzarı Ulu Öndərə göstərirlər. İki il sonra Azərbaycana rəhbərlik edən Heydər Əliyevin göstərişi ilə Vaqifin məqbərəsi tikilir. 1982-ci il, qarlı yanvar ayında respublikanın görkəmli şair və yazıçılarının iştirakı ilə Heydər Əliyev abidənin açılışını gerçəkləşdirir.

Cıdır düzünə çıxmağı çox arzulayırdım. Prodüserlər Rasim Həsənov və Fikrin Bektaşı ilə birgə işlədiyimiz layihədə Cıdır düzü məkan olaraq keçirdi. Ssenari yazılarkən yer haqqında dolğun təsəvvürün olması çox vacibdir. Şükürlər olsun Allaha, bu arzuma çatmağı nəsib etdi mənə. Qarabağ xanlığı dövründən fəaliyyət göstərən Cıdır düzündə çövkən oyunları, Novruz şənlikləri, pəhləvan yarışları, qoç və dəvə döyüşləri keçirilib. Fikir adamı, böyük alim, musiqişünas Mir Möhsün Nəvvab da tez-tez burada “Məclisi – Fəramuşan” cəmiyyətinin məclislərini təşkil edərmiş. Elə məzarı da Cıdır düzünün yanındadır. Bəlkə də, ruhu tarixi məkandan pasiban olmaq üçün burada dəfn edilməsini arzulayıb?!

Cıdır düzünün digər istiqamətinə, şərq qayalara, əlçatmaz uçurumlara baxıram və qeyri-mümkünü mümkünə çevirən, cəsarətin və igidliyin heyrət məqamını yaşadan xüsusi təyinatlarımızı xatırlayıram. İstiqlal təşnəli, yurd sevdalı, şir ürəkli ərənlərə “əhsən” söyləyirəm. Şəhid olanların ruhuna Fatihə göndərirəm, qazilərə şəfa diləyirəm və düşünürəm ki, bu qəhramanlıq haqqında məlumatı olan heç bir düşmən bizə qarşı savaşı ağlına belə, gətirməz. Artıq ümidlər gerçəklik məqamına yetişib.

Hava axşama doğru dəyişir. Deyirlər, bu aylarda buralarda peydərpey yağış yağır. Qoy yağsın, bərəkətdir. Amma hələ ki, yağış yoxdur. Şuşanın dağlarının üstündə ağ pəmbə buludlar görünür.

 

“Nəyi demişiksə, onuda etmişik. Bir dənə də yerinə yetirilməmiş vəd yoxdur. Mən həmişə demişəm sözümüzün qüvvəti imzamız qədər olmalıdır və bu gün bu, belədir.”

  İmza: Prezident İlham Əliyev

 

 

“Ədəbiyyat və incəsənət”

(11.11.2025) 

 

Çərşənbə axşamı, 11 Noyabr 2025 17:12

KÖNÜL VERDİK - Bəxtiyar Vahabzadə poeziyasından bir vərəq

 

Şəhla Rəvan,

Cəlilabad rayon Göytəpə şəhər şəhid Vasif Hüseynov adına 2 N-li ümumtəhsil tam orta məktəbnin direktoru,filoloq, ədəbi təhlilçi və tənqidçi, şair. “Ədəbiyyat və incəsənət” üçün

 

Azərbaycanın Xalq şairi mərhum Bəxtiyar Vahabzadənin (1925-2009) xatirəsini əziz tutmaq və 100 illik yubileyinə ədəbi töhfə olaraq onun poeziya nümunələrinin təhlilini davam etdiririk. Bu dəfə görkəmli şairimizin daha bir şerini təhlil etmək və onu B.Vahabzadə poeziyasının vurğunları ilə bölüşmək istəyirəm...

 

KÖNÜL VERDİK

 

Könül verdik, biz and içdik

Əhdimizə dönə-dönə.

Amma yenə inanmadıq

Nə sən mənə, nə mən sənə.

 

Ayıltmadıq könlümüzdə

O gözləri yol çəkəni.

Xəyallanıb uçurmadıq

Nə sən məni, nə mən səni.

 

Sənin sevda yollarını

Kirpiyimlə süpürənəm.

Bu eşqsiz, bu sevdasız

Nə sən sənsən, nə mən mənəm.

 

Bir uçuşu görməmişik

Nə sükansız, nə yüyənsiz.

Biz ki bütöv olmamışıq

Nə sən mənsiz, nə mən sənsiz.

                         Bəxtiyar Vahabzadə

 

Şeirin təhlili:

Bəxtiyar Vahabzadənin "Könül verdik" şeiri iki insan arasındakı mürəkkəb münasibətləri, etibarın olmamasını və bir-birini tamamlamayan sevgini olduqca təsirli şəkildə təsvir edir. Şeir boyu bu qeyri-müəyyənlik və tamamlanmamışlıq hissi özünü büruzə verir.

 

Birinci bənd:

Şeirin ilk bəndi münasibətin əsas paradoksunu ortaya qoyur:

"Könül verdik, biz and içdik

Əhdimizə dönə-dönə.

Amma yenə inanmadıq

Nə sən mənə, nə mən sənə".

Burada şair sevgililərin bir-birinə qəlb verdiyini, hətta and içdiyini qeyd edir, lakin buna baxmayaraq qarşılıqlı inamın olmadığını vurğulayır. Bu, münasibətin zahiri tərəfi ilə daxili mahiyyəti arasındakı ziddiyyəti göstərir. And içmək ciddiyyət nişanəsi olsa da, inamsızlıq hissi bu ciddiyyəti kölgədə qoyur.

 

İkinci bənd:

İkinci bənddə könüllərin "ayıltmadığı" və "uçurmadığı" qeyd olunur:

"Ayıltmadıq könlümüzdə

O gözləri yol çəkəni.

Xəyallanıb uçurmadıq

Nə sən məni, nə mən səni".

Bu misralar sevginin ruhu yüksəldən, xəyalları alovlandıran gücünün bu münasibətdə işə yaramadığını ifadə edir. Sanki daxili bir boşluq, yola çıxmaq istəyən gözlərin belə oyana bilmədiyi bir durum təsvir olunur. Bu, sevginin mənəvi baxımdan nə qədər sönük olduğunu göstərir.

 

Üçüncü bənd:

Üçüncü bənddə şair öz fədakarlığını dilə gətirir:

"Sənin sevda yollarını

Kirpiyimlə süpürənəm".

Bu misra sevgilinin yolunu kirpikləri ilə süpürmək kimi böyük bir fədakarlığa hazır olduğunu göstərir. Lakin bəndin ikinci hissəsində belə deyir:

"Bu eşqsiz, bu sevdasız

Nə sən sənsən, nə mən mənəm,"

Bu misraları deməklə, bu fədakarlığın belə əsl mənliyə aparmadığını ifadə edir. Sevgi olmadan nə onun, nə də özünün əsl "öz"ü ola bilməyəcəyini vurğulayır. Bu da sevginin insan varlığının təməl hissəsi olduğunu göstərir.

 

Dördüncü bənd:

Şeirin sonuncu bəndində isə şair tamamlanmamışlıq hissini metaforik şəkildə ifadə edir:

"Bir uçuşu görməmişik

Nə sükansız, nə yüyənsiz.

Biz ki bütöv olmamışıq

Nə sən mənsiz, nə mən sənsiz".

Sükansız və yüyənsiz uçuş, azadlığın və tamlığın simvoludur. Lakin şeirdə bu uçuşun heç vaxt baş vermədiyi qeyd olunur. Bu münasibətdəki həqiqi ahəngin və bütünlüyün əlçatmazlığını göstərir.

Son misra bir daha vurğulayır ki, onlar bir-birləri olmadan, həqiqətən də bütöv deyillər, lakin bu bütünlük əldə olunmamış qalır.

 

Nəticə:

Nəticə olaraq, "Könül verdik" şeiri sevgini, bağlılığı və inamı dərindən araşdırır. Bəxtiyar Vahabzadə bu şeirdə ikili hissləri - sevgi arzusu ilə inamsızlıq arasındakı ziddiyyəti, fədakarlıqla əlçatmazlıq arasındakı uçurumu ustalıqla təsvir edir.

Şeir oxucunu münasibətlərin mürəkkəbliyi, qarşılıqlı inamın vacibliyi və əsl bütünlüyün əhəmiyyəti barədə düşünməyə vadar edir. Şeirin ümumi tonu kədərli və bir qədər də ümidsizdir, çünki sevgililər heç vaxt tamamilə bir-birinə inana və ya tamamlana bilmirlər.

 

“Ədəbiyyat və incəsənət”

(11.11.2025)

Çərşənbə axşamı, 11 Noyabr 2025 09:03

“1 şeir, 1 şair”də Azər Mirzə və "Bayrağım”

 

“Ədəbiyyat və incəsənət” portalının 1 şair, 1 şeir rubrikasında bu gün şair Azər Mirzənim "Bayrağım” şeiri təqdim edilir.

 

Azər Mirzə Cəlilabad ədəbi mühitinin istedadlı nümayəndəsi və şairdir.

 

BAYRAĞIM

 

Yerin Tanrı ucalığı

"Yaşa! Çox yaşa" bayrağım.

"Namusunu hifz etməyə"

Girdim savaşa bayrağım!

 

Sən xoşbəxt dalğalan, bəsim,

Can evimdə - son nəfəsim.

Anam qədər müqəddəsim,

Vətənlə, qoşa bayrağım.!

 

Ərk qalamsan-görk qalamsan,

Kölgən yetər, daldalansam.

Sən mənim, əsgər balamsan-

Sən mənim paşa bayrağım.!

 

Körükləndi köksüm, niyə?

Şərəfli Göytürksün-deyə.

Hər yandan görüksün deyə-

Qaldırdım Şuşa bayrağın!

 

“Ədəbiyyat və incəsənət”

(11.11.2025)

 

Nigar Xanəliyeva, “Ədəbiyyat və İncəsənət”

 

İrəvan xanlığı, Cənubi Qafqazın strateji yerləşməsində olduğundan Osmanlı İmperiyası ilə əlaqələri həm rəqabət, həm də diplomatik uyğunlaşma elementləri ilə zəngin olmuşdur. Beləliklə, xanlığın Osmanlılarla münasibətləri aşağıdakı məqamlar üzrə təhlil edilə bilər:

 

·         Geosiyasi baxımdan İrəvan xanlığı Osmanlı sərhədi ilə qonşu idi və Osmanlı–Səfəvi, sonradan Osmanlı–Qacar İran münaqişələrinin kəsişməsində yerləşirdi. Məsələn, regionun Osmanlı‑Səfəvi müharibələri dövründə nəzarət sahələri tez‑tez dəyişmişdir.

·         Xanlıq üçün Osmanlılarla münasibət qarşı tərəflə sərhəd diplomatiyası və bəzi hallarda müttəfiqlik və ya nominal itaət münasibətləri yaratma ehtiyacını doğurmuşdu. Bu, xanlığın öz müstəqilliyini qorumaq üçün müxtəlif imperiyalara qarşı balans siyasəti yürütməsi ilə bağlı idi.

·         Osmanlı tərəfdən bölgədə Türk‑Səfəvi müharibələri çərçivəsində İrəvan zonasında girişimlər baş vermiş, xanlığın idarəçiləri üçün Osmanlı imperiyasının planları ciddi təhlükə mənbəyi idi.

·         Bu münasibətlər şərtlərində İrəvan xanlığı bəzi dövrlərdə Osmanlılarla siyasi‑milli maraqlar üzrə manevr etmək zorunda qalmışdı — məsələn sərhəd buraxılışları, vergi siyasetləri, silahlı razılaşmalar. Lakin konkret arxiv sənədləri Osmanlı ilə bağlanmış müqavilələr barədə hələ geniş yayımlanmayıb.

·         Nəticədə, Osmanlıyla münasibətlərin dalğalı xarakteri xanlığın strateji müstəqilliyi üçün çətin şərait yaradıb, onun fəaliyyətini məhdudlaşdırmış və digər böyük güclər (məsələn, Qacar İranı və Rusiya İmperiyası) qarşısında zəif mövqeyə gətirmişdir.

İrəvan xanlığı, Qacar dövründə İran imperiyasının tabe bölgələrindən biri olmuş və buna uyğun olaraq Qacarlarla əlaqələrində bir neçə əsas mərhələ müşahidə olunur:

·         Qacarların hakimiyyətə gəlməsi ilə (1789 və sonrası) İrəvan xanlığı İranın şimal‑qərbində strateji bir hissə olaraq daha ciddi şəkildə Qacar mərkəzi hakimiyyətinin təsir dairəsinə daxil oldu.

·         Qacar hakimiyyəti altında İrəvan xanlığı üçün müəyyən «əlamətdar» idarəçilər təyin olundu. Məsələn, Hüseynəli xan Qacar (1759‑1783) İrəvan xanı olmuş və arxiv materiallarında «Hüseynəli xanın divanı» kimi sənədlər qeyd edilmişdir.

·         Qacarlarla münasibətlərdə əsas məsələ kimi Rusiyanın Cənubi Qafqasa daxil olması, İran‑Rusiya müharibələri və nəticədə xanlığın talehinin dəyişməsi durur. Belə ki, Qacar‑Rusiya müharibələri nəticəsində İrəvan xanlığı Rusiya İmperiyasına tabe edilməsi istiqamətində addımlar atdı. Məsələn, xanlıq 1828‑ci ildə Türkmənçay müqaviləsi ilə Rusiyaya təhvil verildi.

·         Qacar hakimiyyətində xanlığın daxili muxtariyyəti məhdudlaşdı, mərkəzin təyinatlı davranışı artdı. Mərkəzin İrəvan üzərinə təsirinin artması xanlığın müstəqillik mövqeyini zəiflədə bilmişdir.

·         Bu münasibətlər nəticəsində İrəvan xanlığının siyasi rolu dəyişdi: əvvəlki dövrdə sərbəst xanın idarə etdiyi muxtar bir vahid ikən, Qacar dövründə bu muxtariyyət tədricən məhdudlaşdı və nəticədə imperiyalara qarşı dayanma gücü azaldı.

 

Şəkildə: Sonuncu İrəvan xanı Hüseynqulu xan Qacar

 

“Ədəbiyyat və incəsənət”

(11.11.2025)

 

 

 

 

Çərşənbə axşamı, 11 Noyabr 2025 16:33

Töre anlayışı barədə bildiklərimiz və bilmədiklərimiz

Nigar Xanəliyeva, “Ədəbiyyat və incəsənət”

 

 

Türk Mədəniyyəti və İrsi Fondu ilə Azərbaycan Ədəbiyyat Fondunun “Ədəbiyyat və incəsənət” portalında birgə layihəsində bügünkü təqdimat “töre” anlayışının mənşəyi və mahiyyəti barədədir.

 

“Töre” termini ilk dəfə Orxon-Yenisey abidələrində (VIII əsr) sistemli şəkildə işlədilmişdir. Bilgə Kağan abidəsində deyilir:

“Türk bodun üçün gecə yatmadım, gündüz oturmadım. Tanrı bağışladığı üçün töre quruldu.”

Bu ifadə göstərir ki, töre Tanrı mənşəli bir qayda kimi qəbul edilirdi və xaqan onun qoruyucusu sayılırdı. Töre yalnız hüquqi qaydalar toplusu deyil, həm də ilahi ədalət, cəmiyyətin harmoniyası və nizamıanlamına gəlirdi.

Töre Tanrının kainata bəxş etdiyi nizamın yerdəki təzahürü sayılırdı. Türk mifoloji təfəkküründə Tanrı kainatı “törə” (qanun) ilə yaratmış, insanlar isə bu nizamı pozmadan yaşamalı idi. Buna görə də “töre” həm kosmik nizam, həm ictimai ədalət, həm də əxlaqi davranış modeli kimi qəbul olunurdu.

Qədim türklərdə dövlət ideyası “El” anlayışı ilə birgə “Töre” üzərində qurulurdu. El— xalqın və dövlətin birliyini, Töreisə bu birliyin qanunlarını ifadə edirdi. Beləcə, “El tutmaq” (dövlət idarə etmək) “Töre saxlamaq”la bərabər mənada işlədilirdi.

Hökmdar (kağan, xan) Tanrı tərəfindən seçilmiş sayılırdı, lakin onun hakimiyyəti yalnız “törəyə uyğun” olduqda qanuni hesab edilirdi. Töre pozularsa, Tanrı səltənəti əlindən alar, bu ideya Orxon yazıtlarında açıq şəkildə ifadə olunur.

Bu sistemdəədalət, doğruluq, ağıl, igidlik kimi dəyərlər törenin əsas dayaqları idi. Töre həm də tayfalararası münasibətləri, mülkiyyət anlayışını, ailə və nikah qaydalarını, cəza və mükafat prinsiplərini müəyyənləşdirirdi.

İslamın qəbulundan sonra da töre anlayışı türklərin düşüncəsində yaşayaraq şəriətlə sintezləşmişdir. Məsələn, Səlcuqilər və Osmanlılar dövründə dövlət idarəçiliyində “şəriət” (ilahi qanunlar) və “örf” (töre mənşəli adət və qaydalar) paralel şəkildə mövcud idi.

Osmanlı hüquq sistemində “örfi hüquq” anlayışı qədim türk töresinin davamı idi. Sultan Qanuni Sultan Süleyman dövründə (XVI əsr) tərtib olunan “Qanunnamələr” bu töre ənənəsinin yazılı formaya düşmüş nümunələridir.

Töre yalnız hüquqi deyil, həm də əxlaqi və mədəni dəyər sistemi idi. Türk dastanlarında, xüsusilə “Oğuz Kağan”, “Koroğlu”, “Manas” kimi epik abidələrdə töre “doğruluq, mərdlik, vəfa, qonaqpərvərlik və nizam-intizam” anlayışları ilə birgə işlədilir.
Oğuz Kağan dastanında Oğuzun oğullarına nəsihətləri törenin mənəvi əsaslarını əks etdirir: xalqı qorumaq, ədalətli olmaq, Tanrıya və ailəyə sədaqətli qalmaq.

Türklərdə “töre” anlayışı sadəcə bir qanunlar toplusu deyil, dünya nizamının və cəmiyyətin mənəvi əsasıdır. O, Tanrı iradəsi ilə xalqın iradəsini birləşdirən ideya sistemidir. Töre türk dövlətçilik fəlsəfəsində ədalətin, məsuliyyətin və kollektiv nizamın rəmzi kimi çıxış etmiş, islam dövründə də öz ruhunu qoruyaraq, müasir türk hüquq və mədəni sisteminə qədər gəlib çatmışdır.

 

“Ədəbiyyat və incəsənət”

(11.11.2025)

 

(Qədim Muğan mədəniyyəti ilə bağlı yeni nəşr olunmuş monoqrafiya)

 

İlqar İsmayılzadə,

fəlsəfə üzrə fəlsəfə doktoru, "Həməşəra" mətbu orqanının təsisçisi və baş redaktoru, Azərbaycan Jurnalistlər Birliyi və Azərbaycan Yazıçıar Birliyinin üzvü, yazıçı-publisist, "Ədəbiyyat və incəsənət" portalının Cənub təmsilçisi

 

Nəşr olunmuş əsərlərimdən biri də bir neçə il öncə araşdıraraq qələmə aldığım, eyni halda Muğan tarixi və mədəniyyəti ilə sıx əlaqədə olan olduqca maraqlı bir monoqrafiyadır.

 

Kitabın adı:

 "Muğan mədəniyyətində dörd simvolun sirri" (Maddi-mədəniyyət nümunələrində Svastika, Heksaqramma, Xaç, Aypara və ulduz simvollları barədə araşdırma)

Müəllif: İlqar İsmayılzadə

Naşir: "Həməşəra" Mətbu Orqanı

Çapxana: "Qazi" Çap Mərkəzi, Cəlilabad

 

Kitab barədə:

Odlar Yurdu Azərbaycanın bir parçası sayılan sirli Muğan ellərində mövcud olan maddi-mədəniyyət nümunələri barədə araşdırma apardıqda, onların üzərində bir sıra simvol, ornament və əlamətləri asanlıqla müşahidə etmək mümkündür. Onların arasında isə dörd simvol daha maraqlı olmaqla yanaşı, həm də daha çox diqqət cəlb edir. Bu isə Svastika, Heksaqramma, Xaç və Aypara ilə ulduz simvollarından ibarətdir.

Beləliklə də məlum monoqrafiya uyğun mövzuya həsr edilərək aşağıdakı fəsillər əsasında araşdırılmış və təqdim edilmişdir:

Birinci fəsil: Maddi-mədəniyyət nümunələri və Svastika simvolu;

İkinci fəsil: Maddi-mədəniyyət nümunələri və Heksaqramma simvolu;

Üçüncü fəsil: Maddi-mədəniyyət nümunələri və Xaç simvolu;

Dördüncü fəsil: Maddi-mədəniyyət nümunələri və Aypara və ulduz simvolu.

Bu araşdırmada yuxarıda adları çəkilən hər bir simvol haqqında ayrıca təqdimat verilmiş, onların ifadə etdiyi məna, sirr və anlamlar barədə maraqlı məlumatlar təqdim edilmişdir.

Bu elmi əsərin qədim və sirli tariximizin qaranlıq səhifələrinə işıq sala biləcəyi ümidi ilə!

Sonda indiyədək işıq üzü görmüş sayca 48-ci məlum əsərimin nəşrində təmənnasız dəstək olmuş dəyərli insanlara səmimi minnətdarlığımı bildirirəm!

 

“Ədəbiyyat və incəsənət”

(11.11.2025)

 

İlhamə Məhəmmədqızı, “Ədəbiyyat və incəsənət” portalının Sumqayıt təmsilçisi

 

Vaqif Səmədoğlunun“Uzaq yaşıl ada” şeiri o qədər duyğulu, təmiz və nostalji doludur ki, onu sevməmək mümkün deyil. İlk misradan elə bil ürək danışır:“Ürəyim yol çəkir, bir gözə dönüb...”

 

Burada sevən, dərdini qürurla yox, həsrətlə daşıyan biri var. Onun ürəyi artıq yol olub, gözə dönüb, yol gözləyir. Sevən ürək belə səssiz, amma içdən bir intizarla gözləyir. Bax, bu ümidlə həsrət arasında qalan hiss oxucunu dərhal öz içinə çəkir.

“Ayrılıq bir dəniz imiş... sən uzaq yaşıl ada...” Bu misra şeirin ürəyidir. Dəniz sonsuzluq, uzaqlıq, maneə, Ada ümid, sığınacaq, sevginin özüdür.

Bu obrazı sevirəm, çünki o həm kədər, həm də ümid daşıyır. Yəni, ayrılıq acıdır, amma o “yaşıl ada” hələ də var, hələ də möcüzə kimi oradadır.Sevginin uzaqda olsa belə yaşadığını hiss etdirir.

Şeirdə insan duyğuları təbiət vasitəsilə danışır: “Yuxumdan hər gecə durnalar keçir”. Bu, həsrətin köçüdür. “Xəzərin köksündən qalxan duman”. Bu, dərinlikdən qalxan düşüncədir. Bu bənzətmələr həm şimal küləyi kimi soyuq, həm də Xəzər dalğası kimi yumşaqdır.

Bu şeiri həm də ona görə sevirəm ki, o, sevginin sözlə deyil, təbii bir nəfəs kimi ifadəsidir. Şair bir yandan “Yubanma, əzizim, gəl qurtar məni” deyir. Bu, saf, uşaqcasına yalvarışdır. Amma o yalvarışda qürur da var. “Arxadan dərd çapır, qorxuram çata” deyəndə isə, sanki, hər kəsin yaşadığı o “sevgini itirmək qorxusu” dilə gəlir.  Elə bu səmimiyyətə görə də məhz bu şeiri sevirəm. Çünki burada sevgi nə ideal, nə də süni deyil. Canlı, qorxan, gözləyən sevgidir.

Bu şeir həsrət ilə ümidin tarazlığını saxlayır. Sadə dildə dərin duyğular danışır, Və ən əsası, sevən ürəyin təbiətə qarışdığı o sakit kədəri yaşadır.

Bəli, bir daha etiraf edim ki, bu şeiri sevirəm. Çünki o mənə öz iç səsimi xatırladır. O səsi ki, bəzən durnalarla keçir, bəzən dumanla dolur, amma heç vaxt tam sönmür...

 

Vaqif Səmədoğlu,

“Uzaq yaşıl ada”

 

Ürəyim yol çəkir bir gözə dönüb,

Yollar da tərs kimi uzanır, gülüm.

Yuxumdan hər gecə durnalar keçir,

Bilmirəm nə olub, haradan bilim?!

 

Belə getsə sınar quşların səsi,

Dənizin də səsi günbəgün batar.

Yubanma, əzizim, gəl qurtar məni,

Arxadan dərd çapır, qorxuram çata...

 

Halıma yanan gərək səsin düşəndə yada,

Ötən günləri qoru, yaxşı bax, vermə bada...

Ayrılıq bir dəniz imiş, sən uzaq yaşıl ada...

 

Tez ol xəbər ver, görüm necəsən,

Gözlərin necədi, yerişin necə?

Yaman darıxmışam, mən səndən ötrü,

Barı bir soraq ver özün gəlincə.

 

Yerini bilmirəm, bilsəm gələrəm,

Könlünü alaram, sevərəm yenə.

Xəzərin köksündən qalxan dumana,

Qara şanı büküb gətirrəm sənə...

 

Halıma yanan gərək səsin düşəndə yada,

Ötən günləri qoru, yaxşı bax, vermə bada...

Ayrılıq bir dəniz imiş, sən uzaq yaşıl ada...

 

“Ədəbiyyat və incəsənət”

(11.11.2025)

 

 

 

“Ədəbiyyat və incəsənət” portalının Güney Azərbaycan Poeziyası Antologiyası layihəsində Təbriz təmsilçimiz Əli Çağlanın növbəti təqdim etdiyi yazar Təbrizdən Fəriba Mürtəzayidir.

 

Fəriba Mürtəzayi

Təbriz

 

REYHAN

 

Baxdım sətirlərə

Adım yoxdur! 

Kaşki reyhan olaydım,

Bir axşam üstü.

Ürəyinin süfrəsində

Bağ-bağ açılaydı,

Bir tikə çörək

Bir az da pendir.

Bəlkə,

Məni yeyib

Udub qurtaraydın! 

 

“Ədəbiyyat və incəsənət”

(11.11.2025)

 

Çərşənbə axşamı, 11 Noyabr 2025 08:03

Səhnəmizin Ərəbzəngisi

 

İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”

 

Simuzər Hətəmovanın "Ərəbzəngi" rolunu ifa etdiyi "Şah İsmayıl" operasının 1957-ci ilin yazısı günümüzə çatıb. 1958-ci ildə bu operanın radio-montajı hazırlanıb, orada Simuzər Hətəmovaya "Ərəbzəngi" rolu verilib.

Sonradan heç bir qadın ifaçı bu rolu o cür oynaya bilməyib. Həqiqətən də möhtəşəm ifadır.

 

Simuzər Hətəmova 23 fevral 1923-cü il tarixində Ağdamda anadan olub. Uşaqlıqda Ağdam pionerlər və məktəblilər evində vokal qrupunun üzvü olub. 1938-ci ildə, təqribən 15 yaşı olanda, Moskvada Azərbaycan incəsənəti dekadasında çıxış edib.

Gənc yaşından Ağdam dram teatrında işləməyə başlayıb. Orada "Arşın mal alan" musiqi kamediyasında "Telli", "Əsli və Kərəm" operasında "Əsli", "Arşın mal alan"da "Gülçöhrə", "Fərhad və Şirin"də "Şirin", "Solğun çiçəklər"də "Sara", "Leyli və Məcnun" operasında "Leyli", "Aşıq Qərib" operasında "Şahsənəm" kimi rolları ifa edib.

Böyük Vətən müharibəsi dövründə Simuzər Hətəmova tez-tez sənət dostları ilə birgə qastrollarda əsgərlər qarşısında konsertlər verib. 1955-ci ildən M. F. Axundov adına Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında işləyib. Orda ilk rolu "Leyli" ("Leyli və Məcnun") olub.  Bu rolun bir çox ifaçıları kimi, Simuzar Hətəmova zamanla "Leylinin anası" rolunun ifaçısı olub.

Azərbaycan incəsənəti və ədəbiyyatının inkişafı sahəsindəki görkəmli xidmətlərinə görə və Moskva şəhərində Azərbaycan incəsənəti və ədəbiyyatı ongünlüyü ilə əlaqədar olaraq, SSRİ Ali Sovetinin Rəyasət Heyətinin 9 iyun 1959-cu il tarixli Fəramanı ilə Simuzər Hətəmova "Əməkdə fərqlənməyə görə" medalı ilə təltif edilib.

1962-ci ildə Simuzər Hətəmova Naxçıvan Muxtar SSR əməkdar artisti fəxri adına layiq görülüb. 1974-cü ildə "Gəlin qayası" operasında "Ana" rolunu ifa edib.

 

1977-ci ildə "Aşıq Qərib" operası lentə köçürülüb, orada Simuzər Hətəmova "Qəribin anası" rolunu ifa edib. Simuzər Hətəmova 11 noyabr 2005-ci ildə Bakıda vəfat edib.

Allah rəhmət eləsin.

 

“Ədəbiyyat və incəsənət”

(11.11.2025)

 

 

 İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”

 

“Natiq” ritm qrupunu ölkədə çoxu tanıyır. Bəlkə də ən məşhur ansambldır. Nağaraçalan oğlanlar bu zərb alətini dindirməklə sanki min illərki tarixi dilləndirirlər, mədəni irsimiz gəlib göz önündən keçir.

Qrupun rəhbəri Natiq Şirinovun bu gün doğum günüdür.

 

Azərbaycan incəsənət tarixində məşhur olan Aşıq Şəmşir, Aşıq Şirin və Aşıq İdrisin nəslindən olan Natiq Şirinov 10 noyabr 1975-ci ildə Bakı şəhərində anadan olub. 1984-cü ildə 9 yaşlı Natiq Tofiq İsmayılov adına musiqi məktəbində Azər Əliyevin yanında nağara ifaçılığı üzrə dərs almağa başlayıb. 1986-cı ildə daha çox bilik əldə etmək və çalğı məharətini təkmilləşdirmək üçün o, 6 nömrəli musiqi məktəbində təhsilini davam etdirib.

Natiq, 24 yaşında Azərbaycan Respublikasının Xalq Artisti, muğam ustası, xanəndə Alim Qasımovdan dəvət almış və peşəkar fəaliyyətə qədəm qoyub. Bu qrup 1999–2007-ci illər ərzində bir çox müxtəlif ölkələrdə qastrol səfərlərində olub. Natiqin incəsənətə bəxş etdiyi töhfələr səhnədəki ifası ilə məhdudlaşmır.

 2001-ci ildə o, beş nəfərdən ibarət "Natiq Ritm Qrupu"-nu yaradıb. Nağaradan əlavə o, qədim Azərbaycan alətləri olan zurna, balaban və tütəyi qrupa daxil edib. Qrupun rəhbəri olmaqla yanaşı, o pedaqoq və bəstəkar kimi də fəaliyyət göstərməyə başlayıb.

Azərbaycan ritmlərini nağarada genişləndirmək üçün 2002-ci ildə Natiq Moskva şəhərində, Hindistan konsulluğunda yerləşən tabla məktəbində dərs almağa və sonralar Azərbaycan ritmlərini dünya ritmləri ilə sintez etməyə başlayıb. O, 2005, 2006, 2008 və 2009-cu illərdə keçirilən Zərb Alətləri festivalının prodüseri, möhtəşəm perkussiya ifaçısı Tofiq Cabarov tərəfindən festivalda iştirak etmək üçün dəvət alıb.

 

Konsertlər

 

- Azərbaycanda

1. "Jazz Center"da "Ritm varsa, həyat var" adlı solo konsert (Bakı)

2. "Face Club"da "Natiq Ritm Show" adlı solo konsert (Bakı)

3. "Yaşıl teatr"da "Ritm Show" adlı solo konsert (Bakı)

4. "Kanal S"in 5 illik yubileyi ilə bağlı konsert proqramı (Şəki)

5. Ümumilli lider "Heydər Əliyev"in 91 illik yubileyi ile bağlı ritm yürüşü ve konsert proqramı (Şəki)

 

- Digər ölkələrdə

1. Taypeyin 120-ci il dönümünə həsr olunmuş "Təbil və Rəqs üzrə Dünya Musiqisi Festivalı"da konsert proqramı ilə çıxışları (Taypey, Tayvan)

2. Pianoçu və bəstəkar Emil İbrahimin kvarteti ilə birlikdə Jazz Festivalında (Brüssel, Belçika)

3. Azərbaycan mədəniyyəti günləri (Moskva, Rusiya)

4. Azərbaycan mədəniyyəti günləri (Moskva, Rusiya)

5. Azərbaycan mədəniyyəti günləri (Paris, Fransa)

 

Diskoqrafiya

- "Mənim dünyam I"

- "Mənim dünyam II"

- "Ritm varsa həyat var"

 

Ad və mükafatlar

1. "Beynəlxalq Bakı Caz Festivalı" – "Fəxri Diplom"

2. "İlin Instrumental Qrupu" – "QRAND Müstəqil Milli Ictimai Mukafatı Laureatı"

3. "MDB — 15 il: əməkdaşlıq və inteqrasiya" – "Fəxri Diplom"

4. Azərbaycan Respublikasının "Əməkdar Artisti" fəxri adı

5. "Qafqaz Media İctimai Birliyi" – "Təşəkkürnamə"

6. "World Music Festival on Drum & Dance" – "Certificate of Appreciation"

7. Azərbaycan Respublikasının "Xalq Artisti" fəxri adı.

 

“Ədəbiyyat və incəsənət”

(10.11.2025)

 

64 -dən səhifə 2595

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.