Türk Mədəniyyəti və İrsi Fondu ilə “Ədəbiyyat və incəsənət” portalının Türk dünyası ədəbiyyatı layihəsində bu gün sizlərə Krım-tatar şairi Dilavər Osmanın yaradıcılığından nümunələr təqdim edəcəyik.
Şeirləri tatar dilindən Təranə Turan Rəhimli tərcümə edib.
Dilavər Osman Özbəkistanın Bekabad şəhərində anadan olub. Özbəkistanda orta məktəb və musiqi kolleci təhsilini başa vurub. Kazanda Konservatoriya məzunu olub. Şeirləri Krım tatar dilində və Kazan şivəsində “İdil”, “Kazan Utları”, “Tatar İli” nəşrlərində, “Yıldız” Krım tatar jurnalında, həmçinin Qazaxıstan, Özbəkistan, Rumıniya və Türkiyədə çap olunub. “Kırım gülleri”, “Kırımım yaralı nəğməm” adlı şeir kitablarının müəllifidir. Kazanda “Kırım mənim ürəyimdə” adlı Krım tatar şairlərinin şeirlərini Kazan şivəsinə tərcümə edərək nəşr etdirib.
1979–1989-cu illərdə Kazanda yaşadığı dövrdə Kazanda təhsil alan Krım tatar gənclərini bir araya gətirərək Krım tatar Cəmiyyətini (1988) qurmuş və onun sədri seçilmişdir. Müxtəlif jurnallarda Krım tatarlarının tarixi, sürgünü və sosial-mədəni vəziyyəti haqqında yazılar dərc etdirmişdir.
1989-cu ildə şair Kazandan Krımın Karasuvbazar şəhərinə köçmüş və orada Krım Tatar Məclisinin şəhər nümayəndəsi olmuşdur. 1991-ci ildə Karasuvbazar bölgəsində yerli qəzetində ana dilində “KARASUV” adlı Krım tatar səhifəsini nəşr etməyə başlamış, Krım tatar Mədəniyyətinin Dirçəldilməsi Mərkəzinə rəhbərlik etmişdir. Burada fəaliyyət göstərərkən görkəmli şair və alim Bəkir Çobanzadənin xatirəsinin yaşadılmasına mühüm töhfələr vermişdir. 1993-cü ildə Karasuvbazarın (Belogorsk) əsas küçələrindən biri bələdiyyə qərarı ilə Bəkir Çobanzadə küçəsi adlandırılmış və gələcək abidənin yerinə xatirə daşı qoyulması onun təşəbbüsü ilə həyata keçirilmişdir.
1998-ci ildə Krım tatar Milli Məclisinin sədri Mustafa Abdulcəmil Kırımoğlunun mətbuat katibi təyin olunmuş, Akmescid şəhərində Krım Dövlət Mühəndislik Universitetində müəllim kimi çalışmış və aspiranturanı bitirmişdir.
Tatarıstan və Ukrayna Yazıçılar Birliyinin üzvüdür.
2009-cu ildən “Yıldız” Krım tatar ədəbi jurnalının baş redaktorudur, hazırda Krım tatar Yazıçılar Birliyinin katibi vəzifəsini icra edir. Krımda və Tatarıstanda böyük ədəbi nüfuz sahibi, görkəmli ictimai xadim, şair nə jurnalist kimi tanınır.
AH, TATARLAR, TATARLAR…
Göydə ulduzlar dağıldı,
Gözüyaşlı analar yola çıxdı.
Dağlardan şam ağacları baxa-baxa qaldı,
Xalqı yurdundan qovdular…
İl 1944
Ah, tatarlar, tatarlar…
Həsrətdən içi yananlar.
“Vətən!” deyib vətəndən ayrılanlar,
Müşküldən müşkülə düşənlər.
Əziz xalqım, tatarlar…
Hər tərəfdən, çeşidli yerlərdən
Dəniz kimi axıb yurda,
Toplaşıb geri dönür tatarlar –
Bu Krımın daşına, torpağına.
Ey tatarlar, tatarlar!
Çöllərdə qalan yurddaşlar,
Yenə ayrılırıq, qardaşlar.
Göydə ulduzlar bulandı,
Yenə yolda qalıb xalqım – tatarlar…
Əziz xalqım!
İl dolanar, əsr keçər,
Padşahlar da dəyişər…
Dənizlər də devrilər,
Amma bu zülm unudulmaz.
Ah, tatarlar, tatarlar…
DOBRUCADAN BUR SƏS GƏLİR...
Dobruçadan bir səs gəlir, sərhədləri keçərək,
Krıma gəlib çatır, tarixləri seçərək.
Bu səs əsrlərin səsi, tatarın haqq sözüdür,
Bir vaxt dünyaya hökm edən tatarların özüdür.
Dalğa-dalğa səsi ilə o öz sirlərini açır,
Dobruçada nə var, söylə, yurda nurlar saçır.
Dobruçanın tatar xalqı "Çonğaram"* hələ deyirmi?
Ya Krımda çəkdiyi ah İstanbula yetirmi?
Tatar beşiyində böyüyən yeni nəsil varmı?
Tatarlığı yaşadacaq oğlan-qız doğularmı?
Ana dilin qədrin bilən, bayraq qaldıran varmı?
Gün doğanda, ay batanda azan səsi ucalarmı?
Krımdan çıxan od-alov Dobruçada yanarmı?
Millət köhnə adətləri, göy bayrağı tanıyarmı?
Dünyanın dörd bucağını dolaşan tatar qovulub,
Dobruçanın dörd tərəfini o köçkün tatarlar sarıb.
Ülküçülər, Niyazilər Dobrucanın siması,
Seit Kertken, Nəcib Fazil Krımda qaldı sədası.
Dobrucada tatarımın heç sönməyən ocağı,
Bu torpaqda millətimin əyilməyən sancağı.
...Dobruçadan bir səs gəlir, tatarlığı arayır,
Yaşıl yurda gəlib çatır, cavab ver, Xansarayı...
2009.
*Çonğar Krımın şimalında krım tatar kəndi.
YAŞASIN, VƏTƏNİM!
Şimaldan gəldilər… tapdalandı haqqımız,
Elimiz işğal olundu, qırıldı xalqımız.
Bizi mal kimi doldurub vaqonlara,
Zəncirləyərək sürdülər Urala.
Ayılar gücsüz halımdan pay aldı,
Səhranın qumları tatarla doldu.
İftiralar yağdırıldı millətimin üstünə,
Sürgün durdu tatarların qəsdinə.
Aman Allah! Necə nəsildən-nəsilə
Cəlladlar çalışdı izimizi silə.
Ümidlərə qara niyyət bağladılar,
Xəncər çəkib ürəklərə sapladılar!
Vurulduq, talandıq… xalqım, ölmədin,
Müqəddəs torpaqdan ümid üzmədin.
“Vətənə! Vətənə!” deyib irəliyə atıldın,
“Ana yurdun Krım!” deyə mübarizəyə qatıldın!
Qalx, xalqım! Gücümüz birlik, övladım,
Bu dünya yansa da, bir ataq addım.
Krımda! Yalnız burdadır xalqımın yuvası,
Bizsiz tanınmaz adanın siması.
Xalqımın göz yaşı axmasın qəribətdə,
Qalmasın nəslimiz sürgündə, yad eldə.
Çölünə, daşına sarıl, övladım!
Yaşasın vətənim! Yaşasın xalqım!
XATİRƏ VALSI
Sakit, yorğun şəhər yuxuya gedir,
İşıqlar sönür.
Köhnə məktublardan sözlər səpilir,
Qar kimi enir...
Getmək istəyirəm, oyanıq hisslər,
Sehrli aləm.
Gənclikdən qalan köhnə məktublar
Səndən salam.
Xatirələr canlanır, keçmiş günlər
Ağlıma gəlir.
Kaş çiyninə toxuna biləydim
Dodaqlarımla...
Qaldın uzaqda,
Gözünə dərd çəkdi pərdə.
İndi yalnız mavi dəniz xatırlayır
Bizi kimlərdən...
ŞEİRİYYƏT HAQQINDA
Şeirdə, bilmirəm niyə,
Sətirlər çox.
Amma ürəklər oxşayan
Şeiriyyət yox!
Həqiqi şairlər
Dünyada çox az.
Hər kəsə verilmir
Qəmli, gözəl saz!
Canın əzabdan qoruyan
Şair olmaz!
Öz xalqından qopan
Yaşaya bilməz!
Adını, dilini unudan şair
Heç vaxt sənətində uğur qazanmaz!
Dünyanı tək kitablardan tanıyan
Bu gerçəyi əsla anlaya bilməz...
QISA ŞEİRLƏR
Gülü qumda külək soldurdu, gözəl,
Tumurcuğu günəş yandırdı qumla, bil.
Ağacında yarpaq cansız yellənir,
Bunu görən nə düşünər, deyin bir?
Qapqara qanadlı buludlar
Parlaq ayı örtüb aldı.
Anadan ayrılan bala kimi
Ulduzlar tək-tək qaldı...
Pəncərəmin önündə ağac quruyub artıq,
Toxumları küləkdə uçmur daha,
Ömür keçir – sanki bir udumluq nəfəs,
Bədənlərdə ömür bitər, ruhsa sönməz...
“Ədəbiyyat və incəsənət”
(07.05.2026)


