“Maraqlı söhbətlər”də Möşu danışanlar Featured

Nemət Tahir,

“Ədəbiyyat və incəsənət” portalının Qarabağ təmsilçisi

 

“Bəxt üzüyü” filminin Moşusu - Valeh Kərimov çəkiliş zamanı baş verən hadisələrdən danışıb. Düçünürəm ki, rubrikam üçün bunlar həqiqətən də maraq kəsb edər:

 

"Film 1991-ci ilin iyul-avqust ayları çəkildi. Yayın cırhacırında, 1-2 ay Şüvəlan bağlarında yaşadıq. Çox çətin idi. Əsasən gecə yuxunun şirin vaxtında çəkirdik, günortanın istisində olan çəkilişlər həddindən artıq çətinlik yaradırdı. Adətən, belə filmlər 7-8 aya, bəzən bir ilə çəkilir. Bu isə 2 aya çəkildi. Sponsor Sədrəddin Daşdəmirov şərt qoydu ki, film iki aya bitməlidir.

Filmdə yaddaqalan kadrlardan biri milis nəfərinin bizi idarəyə aparıması səhnəsi idi. Bax o səhnənin çəkilişi günü çox dəhşətli isti vardı. Səhərdən bizə su vermədilər ki, kadr qoy təbii alınsın…

Filmdə arağın Ramiz Əzizbəylinin əlində sınması ssenaridə yoxdur. Həmin aylarda Ramizin ad günü idi. Axşam istədik Ramizin ad gününü qeyd edək. Araq da tapılmırdı. Tanışlıqla gedib Mərdəkandan araq alıb gətirdilər. O ideya da həmin vaxt ağlına gəldi.

Söylünün qaçdığı yerdə yıxılması qəsdən deyil, təsadüfən olub. Arağın divara dəyib sınması səhnəsi də düşünülməmiş bir addım idi. Əslində şüşə sınmamalı idi. Ancaq Söylü güclü zərbə ilə yoldan keçənin əlini itələyir və araq şüşəsi divara çırpılır.

Sevda üzündə maska Söylü və Saraya yaxınlaşanda Söylü ona qarşı "senzuradan keçməyən" bir kəlmə işlədərək ələ salır. Əslində bu söz ssenaridə yox idi. Afaq Bəşirqızı özündən əlavə etmişdi. Ona görə o səhnəyə diqqətlə baxdıqda Firəngiz Rəhimbəyovanın o sözü eşitdikdən sonra üzündəki heyrəti görmək olar.

 

Filmdə çəkilən “altı oğlum”un hərəsini bir yerdən tapmışdılar. Amma biri Afaqın oğlu Səmraldır. Söylünün hirslə “hələ bir o qaraya bax ee, qaraya” dediyi uşaq Afaqın oğlu Səmraldır.

O uşaqlardan biri az qala dənizdə boğulacaqdı. Uşaqların çəkilmədyi gün idi. Çəkiliş gedirdi. Uşaqlar qaçıb dənizdə çimirdilər. Bir də gördük hay-küy düşdü ki, uşaqlar batır… Birtəhər çıxartıq sudan.

“Bəxt üzüyü”ndə Hüseynin qızını oynayan uşaq istedadlıydı. Qəribə mənalı gözləri vardı. Ramizin dostunun qızıydı.

Hə, orada bir qatıqsatan obrazı da var. Çəpərin dibində “qatıq var, qatıq” qışqırır. Qəribə adam idi. Hər gün gəlib yanımızda dururdu, gül gətirirdi. Ramiz Əzizbəyli dedi ki, “bunu çəkəcəyəm e...”. Bir qatıq bankası verdi əlinə ki, elə burada gəz.

Film belədir ki, tez yayılır, uşaq-böyük tanıyır. Daha çox populyarlıq gətirir. Filmə görə, heç bir qazanc əldə etmədim. Amma bu filmə çəkiləndən sonra daha çox məşhurlaşdım, Moşu mənə uğur gətirdi. Acığım tutduğu vaxtlar da oldu, zarafatla çağıran da oldu, təhqir edərək çağıran da. Münasibətdən asılı olan bir şeydir..."

 

“Ədəbiyyat və incəsənət”

(07.05.2026)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.