Super User
Öz vəzifəsinin peşəkarı olan təhlükəsizlik generalı
İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”
“...Neft ölkəsi olan Azərbaycan neft ölkəsi Nigeriya kimi dağılmadı. Mahir dövlət siyasətçisi, ölkənin Prezidenti İqtisadi Cinayətkarlığa qarşı Mübarizə İdarəsinin köməyi ilə ölkəni iqtisadi dağıntıdan saxladı. Təhlükəsizlik zabiti Əli Nağıyev (sonradan o, nazirliyin general-mayoru oldu) Prezident Heydər Əliyevin kadrı kimi özünü təsdiq etdi. Güclü və sərt mövqeyə malik olan general Əli Nağıyev iqtisadi cinayətkarlığa qarşı mübarizəni şiddətləndirdi. “..
“Çikaqo Tribyun” qəzeti (ABŞ), 2005-ci ilin dekabr nömrəsi, müəllif Rassel
Bəzən hansısa şəxs haqqında deyirlər ki, o öz yerində deyildir. Əslində, belələri daha çoxdur, öz yerində olanlardan qat-qat çoxdurlar. Öz yerində olan, öz vəzifəsinin peşəkarı Əli Nağıyevdən söz açmaq istəyirik, belə ki bugünkü Zəfər günündə onun da ad günüdür. Əlbət ki, ilk cümləmiz də bu olsun ki, Əli Nağıyev Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin rəisidir.
Əli Nağıyev 1958-ci il noyabrın 8-də Naxçıvan Muxtar Respublikasının Babək rayonunda anadan olub. 1981-ci ildə Azərbaycan Pedaqoji İnstitutunda ali təhsil alıb. Əmək fəaliyyətinə 1975-ci ildə başlayıb. 1986-cı ildə SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin Ali kurslarını bitirdikdən sonra Azərbaycan SSR Dövlət Təhlükəsizlik Komitəsinin və Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin əməliyyat strukturlarında məsul vəzifələrdə xidmət edib.
Azərbaycan Respublikası Prezidentinin 16 mart 2005-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikası Milli Təhlükəsizlik nazirinin müavini təyin olunub. Azərbaycan Respublikası Prezidentinin 27 mart 2006-cı il tarixli Sərəncamı ilə Əli Nağıyevə general-mayor ali hərbi rütbəsi verilib. 2011–2019-cu illərdə Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəis müavini vəzifəsində işləyib.
Azərbaycan Respublikası Prezidentinin 5 avqust 2014-cü il tarixli Sərəncamı ilə Əli Nağıyevə III dərəcəli dövlət ədliyyə müşaviri ali xüsusi rütbəsi verilib. Azərbaycan Respublikası Prezidentinin 20 iyun 2019-cu il tarixli Sərəncamı ilə Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi təyin edilib.
Azərbaycan Respublikası Prezidentinin 27 iyun 2019-cu il tarixli Sərəncamı ilə Əli Nağıyevə general-leytenant ali hərbi rütbəsi verilib. Azərbaycan Respublikası Prezidentinin 7 dekabr 2020-ci il tarixli Sərəncamı ilə Əli Nağıyevə general-polkovnik ali hərbi rütbəsi verilib.
Təhlükəsizlik orqanlarında xidmət etdiyi müddət ərzində çoxsaylı dövlət təltiflərinə və digər mükafatlara layiq görülüb:
- Azərbaycan Respublikası Prezidentinin 24 dekabr 1998-ci il tarixli 40 nömrəli Fərmanı ilə "Hərbi xidmətlərə görə" medalı ilə təltif edilib.
- Azərbaycan Respublikası Prezidentinin 27 mart 2002-ci il tarixli 680 nömrəli Fərmanı ilə göstərdiyi yüksək peşəkarlığa, cəsarətə və igidliyə görə "Azərbaycan Bayrağı" ordeni ilə təltif edilib.
- Azərbaycan Respublikası Prezidentinin 25 mart 2004-cü il tarixli 140 nömrəli Sərəncamı ilə "Vətən uğrunda" medalı ilə təltif edilib.
- Azərbaycan Respublikası Prezidentinin 16 mart 2005-ci il tarixli 672 nömrəli Sərəncamı ilə "İgidliyə görə" medalı ilə təltif edilib.
- Azərbaycan Respublikası Prezidentinin 28 sentyabr 2018-ci il tarixli 514 nömrəli Sərəncamı ilə 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib.
- Azərbaycan Respublikası Prezidentinin 27 mart 2020-ci il tarixli 1952 nömrəli Sərəncamı ilə 1-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib.
***
Bunlar rəsmi məlumatlar.
İndi isə politoloq, Milli Təhlükəsizlik məsələləri üzrə ekspert Rövşən Novruzoğlunun Əli müəllim barədəki qeydlərini diqqətinizə çatdrmaq istəyirəm.
“1993-cü ildə xalqın tələbi ilə prezident seçilən, respublikanı gözəl tanıyan, onun kadrlarına bələd olan Ümummilli lider Heydər Əliyev Dövlət Təhlükəsizlik Komitəsini dağıdaraq, Milli Təhlükəsizlik Nazirliyini qurdu. Nazirliyin nəzdində İqtisadi Cinayətkarlığa Qarşı Mübarizə İdarəsi yaratdı və 1958-ci ildə Naxçıvanın Babək rayonunda anadan olan Əli Nağı oğlu Nağıyevi həmin idarəyə rəis təyin etdi. (o vaxta qədər Əli Nağıyev Komitədə müxtəlif qurumlarda çalışmış, güclü kadr kimi formalaşmışdı). O, həm də Milli Təhlükəsizlik Nazirinin müavini idi.
“Çikaqo Tribyun” qəzeti əlbət ki boşuna yazmırdı ki, “Mahir dövlət siyasətçisi, ölkənin Prezidenti Heydər Əliyev İqtisadi Cinayətkarlığa qarşı Mübarizə İdarəsinin köməyi ilə ölkəni iqtisadi dağıntıdan saxladı, güclü və sərt mövqeyə malik olan general Əli Nağıyev iqtisadi cinayətkarlığa qarşı mübarizəni şiddətləndirdi.
Heç kəs onun qarşısında dayana bilmir və yaxud könüllü təslim olurdu... Əli Nağıyev və onun nazirlikdəki dəstəsi bir gündə təqribən ölkədən bir milyard dollar çıxarmağa cəhd edən cinayətkar bir dəstəni ifşa etdi... Azərbaycanda deyirlər ki, general-mayor Əli Nağı oğlu Nağıyev Vətənə, millətə, ölkə başçısı Heydər Əliyevə... ümumən Əliyevlər ailəsinə vicdan və ləyaqətlə xidmət edir. Azərbaycan şifahi xalq ədəbiyyatında belə bir məsəl tez-tez çəkilir:
““Yüz ölç, bir biç”. Görünür Prezident Heydər Əliyev Əli Nağı oğlu Nağıyevin təyinatında səhv etməmək üçün yüz ölçüb, bir biçib”.
ABŞ Konqresinin kəşfiyyat sənədlərində çox ciddi və maraqlı sənədlər var.
Azərbaycan Dövlət Təhlüəkəsizliyi Nazirliyinin işi və mövqeyilə bağlı görülən işləri əhatə edən “Məxfi Arayışlarda” (indi məxfilik qrifi götürülüb. Oxumaq sərbəstdir) general-mayor Əli Nağıyev işinə yüksək qiymət verilir. Sənədlərdən məlum olur ki, general Əli Nağıyev keçmiş İttifaqın respublikaları sırasında Mütəşəkkil Cinayətkarlığa və iqtisadi sabotaja qarşı, birbaşa dövləti sarsıdan cinayətkar dəstələrə qarşı amansız mübarizə aparan təhlükəsizlik generallarındandır. Azərbaycan təhlükəsizlik qüvvələrindən yazan və onu təhlil edən professor Haynte Fromm general-mayor Əli Nağıyev haqqında yazır ki, mən onu lap yaxından və yaxşı tanıyıram: “...O, (yəni general Nağıyev) bir cinayətin üstünə hücum edib, onu məhv edərkən onu Polifen kimi amansız və qəddar kimi görürdüm. Sonra qalib çıxdıqdan sonra... mən onu Axill kimi alicənab və şöhrətpərəst, lap sonda isə Aristid kimi mərd və ədalətli görürdüm. O, hədsiz dərəcədə səxavət və mürvət sahibidir...”
Araşdırma materiallarında oxuyuruq ki, şəxsən Azərbaycan Prezidentinə və onun ailəsinə qarşı hücuma hazırlaşan terrorçu qrupların məhv edilməsində onun əməyi
qiymətsizdir.
General Əli Nağıyevin çox sakit, intellekt səviyyəsi yüksək olan, mədəni, ləyaqət sahibi olan ailəsi, nəsli var. Məsələn onun qardaşı Sabir Nağıyev Xüsusi Dövlət Müdafiə Xidmətinin generalıdır. O, 2013-cü ildən general-mayordur.
Vəli Nağıyev isə Respublika Dövlət Miqrasiya Xidməti rəisinin birinci müavinidir. General-leytenant hərbi rütbəsini daşıyır.
Nağıyevlər nəsli Azərbaycanda yeganə nəsildir ki, onun üç generalı var. Əliyevlər nəsli Azərbaycanda yeganə nəsildir ki, onun iki Ali Baş Komandanı var...
Fransanın tanınmış ictimai-siyasi xadimi, Jorj Buffe Parisdə nəşr olunan “Millətə məktub” qəzetinə verdiyi müsahibədə xatırladırdı: “...Sənin öz millətini qoyub,
özgə millətlə fəxr etməyə haqqın yoxdur. Sən ləyaqətli, şərəf və şöhrət gətirən övladlarını görəndə onlara baş əy, təzim et, sev onları. Çünki onlar da səni sevir”.
“Ədəbiyyat və incəsənət”
(08.11.2025)
Şahanə Müşfiqin şəhid mayor Natiq İsmayılov haqqında yazdığı kitab təqdim olunub
Dünya Gənc Türk Yazarlar Birliyinin (DGTYB) təşkilatçılığı ilə Azərbaycan Yazıçılar Birliyinin üzvü, DGTYB-nin başqan müavini, Prezident təqaüdçüsü, yazıçı-publisist Şahanə Müşfiqin 44 günlük Vətən müharibəsi şəhidi mayor Natiq İsmayılovun xatirəsinə həsr etdiyi “Əzəli, əbədi Azərbaycanam!” kitabının Cəmşid Naxçıvanski adına hərbi liseydə təqdimat mərasimi keçirilib.
“Ədəbiyyat və incəsənət” portalına DGTYB-dən verilən məlumata görə, tədbirdə şəhid Natiq İsmayılovun ailə üzvləri, yaxınları, kursant və zabit yoldaşları, eləcə də şəhid ailələri, ictimaiyyət nümayəndələri və jurnalistlər iştirak ediblər.
Tanınmış jurnalist Orxan Məmmədovun aparıcılığı ilə baş tutan tədbir Azərbaycanın müstəqilliyi və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərimizin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi və Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.
Qeyd edilib ki, 2020-ci ilin 27 sentyabrı ölkəmizin tarixində silinməz iz qoyan, bizə şanlı qələbəni yaşadan Vətən müharibəmizin başlanğıcı oldu. Həmin gün xalqımız haqq savaşına çıxdı və 44 günün sonunda 30 illik torpaq həsrətimiz, Qarabağ dərdimiz sona yetdi. Müzəffər Ali Baş Komandan, cənab Prezident İlham Əliyevin öndərliyi, rəşadətli ordumuzun şücaəti və xalqımızın birliyi sayəsində bu gün Azərbaycan suverendir. Bu qələbədə ən böyük pay sahibi isə mayor Natiq İsmayılovun timsalında 3 mindən çox şəhidimizdir. O şəhidlər ki, adları əbədi olaraq Vətən tarixinə, xatirələri xalqımızın qəlbinə yazıldı. Təqdimatına yığıldığımız bu kitab təkcə bir şəhid ömrünü deyil, eləcə də bizim haqq savaşımızı mövzu alıb. Bu kitabda qəhrəman şəhidimizin ailə üzvlərinin, uşaqlıq dostlarının, kursant yoldaşlarının, 25 illik xidmət dövründə onunla çiyin-çiyinə xidmət keçmiş hərbçilərimizin və nəhayət, 44 günlük Vətən savaşında onunla son ana qədər birlikdə düşmənə qan udduran zabitlərimizin xatirələri toplanıb.
Vətən Müharibəsi Qəhrəmanı, Cəmşid Naxçıvanski adına Hərbi Liseyin rəisi, polkovnik Anar Mirzəyev çıxışı zamanı Vətən müharibəsinin Azərbaycan və eləcə də bütün türk dünyası üçün tarixi əhəmiyyətindən danışıb, bu qələbənin Ali Baş Komandan, cənab Prezident İlham Əliyevin qətiyyətli siyasəti, ordumuzun şücaəti və xalqımızın birliyi sayəsində qazanıldığını vurğulayıb:
“İkinci Qarabağ müharibəsi Azərbaycan xalqının qəhrəmanlıq salnaməsini özündə əks etdirən tarixi bir hadisə idi. Bu müharibə xalqımızın, dövlətimizin həqiqətən necə vətənpərvər və milli ruhda olduğunun əyani sübutu idi. Çünki döyüşlərdə iştirak edən, bütün bu hadisələrin canlı şahidi olan bir şəxs kimi azərbaycanlı oğul və qızlarımızın ürəklərinin necə vətənlə bir döyündüyünü bir daha gördüm”.
Şəhid Natiq İsmayılovla uzun illər bigə xidmət etdiyini deyən polkovnik A.Mirzəyev onu məsuliyyətli, peşəkar, vətənini, millətini ürəkdən sevən qorxusuz bir hərbçi kimi dəyərləndirib: “Natiq yaşına, tutduğu vəzifəyə baxmayaraq, bəlkə də bu xidmət dövründə rastlaşdığım ən ədəbli, ən ərkanlı, ən məsuliyyətli zabitlərdən biri olub.
Natiq o qədər məsuliyyətli zabit idi ki, gözləmirdi onun üzərinə düşən tapşırığı kimsə ona xatırlatsın. Öz işini bitirməyincə, ona verilən tapşırığı ən son ana qədər yerinə yetirməmiş o işdən əl çəkməzdi. Onun üçün vaxt anlayışı yox idi. O, öz işini bitirməyincə xidməti yerini tərk etməzdi.
Biz Natiqlə birgə xidməti dövrümüzdə bir taborun sıfırdan yaradılmasında birgə iştirak etmişik. Həmin taborun yaradılmasında Natiqin çox böyük zəhməti vardı. Natiqin, mənim və digər hərbçi yoldaşlarımızın zəhməti nəticəsində sıfırdan yaratdığımız həmin tabor illik döyüş hazırlığı tapşırıqlarının yerinə yetirilməsinə görə Silahlı Qüvvələr birincisi oldu. Biz Natiqlə həmin taborda çiyin-çiyinə bütün tapşırıqların öhdəsindən gəlmişik. Allah Natiq qardaşım başda olmaqla, bütün şəhidlərimizə rəhmət eləsin!”
Tədbirdə mayor Natiq İsmayılovun ömür yoluna həsr olunmuş video-çarx nümayiş olunub.
Dünya Gənc Türk Yazarlar Birliyinin başqanı, şair İntiqam Yaşar çıxışında Vətən müharibəsinin ədəbiyyatımıza, mətbuatımıza da təsirsiz ötüşmədiyini deyərək, yazıçı, jurnalist Şahanə Müşfiqin beş ildir ki, bu istiqamətdə yorulmaz fəaliyyət göstərdiyini vurğulayıb. Müəllifin Vətən müharibəsinə həsr olunmuş 4-cü kitabının təqdim olunduğunu bildirən İ.Yaşar DGTYB olaraq hər zaman bu cür tədbirlərə dəstək verməyə hazır olduqlarını dilə gətirib.
N.İsmayılovun xidmət yoldaşları- polkovnik-leytenant Maarif Süleymanov, baş çavuş Mahir Qasımov öz çıxışlarında qəhrəman şəhidlə bağlı xatirələrini bölüşüb, onu həm bir peşəkar hərbçi, həm vətənə bağlı bir insan, həm də sədaqətli dost kimi dəyərləndiriblər.
“Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin sədri, Aprel döyüşləri şəhidi, “Murov qartalı” adı ilə tanınan polkovnik-leytenant Raquf Orucovun həyat yoldaşı Sevinc Alızadə çıxışında şəhidlərimizin hər zaman yad edilməsinin mənəvi borcumuz olduğunu deyib, gəncləri qəhrəman şəhid və qazilərimizdən örnək olaraq Azərbaycanımızın suverenliyini əbədi qorumağa çağırıb.
“Əzəli, əbədi Azərbaycanam!” kitabının müəllifi, yazıçı, publisist Şahanə Müşfiq çıxış edərək Vətən müharibəsi davam edən günlərdən bu günə kimi- beş il ərzində yaradıcılığının ciddi hissəsini məhz şəhidlərimizin, qazilərimizin, Vətən müharibəsi qəhrəmanlarımızın xalqa tanıdılmasına həsr etdiyini, bunu özünün mənəvi borcu olduğunu deyib. Şəhid Natiq İsmayılova həsr olunmuş kitabın yaranma prosesindən danışan müəllif kitabda və təqdimat mərasimində zəhməti keçən hər kəsə öz təşəkkürünü bildirib.
Tədbirin rəsmi hissəsinin sonunda Natiq İsmayılovun ailə üzvləri adından çıxış edən şəhid N.İsmayılovun həyat yoldaşı Nigar İsmayılova Natiqin vətən sevgisindən danışıb, bu sevgi ilə canını qurban verdiyini deyib. Natiqin və bütün şəhidlərimizin xalqımızın qəlbində əbədi yaşayacağına inandığını deyən N.İsmayılova onların adının yaşadılması üçün addım atan hər kəsə təşəkkür edib.
Tədbirin bədii hissəsində müğənni Rövşanə Kərimduxt sözləri və musiqisi Gövhər Həsənzadəyə aid olan “Vətənim Azərbaycan”, müğənni Xasay Şıxıyev sözləri Rəfail Hüseynova, musiqisi Faiq Sücəddinova aid olan “Gözəl Vətən” mahnılarını ifa ediblər.
Əslən Qarabağlı olan, Amerikada yaşayan tanınmış müğənni Gül Merinin ifasında “Azərbaycan Vətənim” mahnısı da tədbir iştirakçıları tərəfindən maraqla qarşılanıb.
“Ədəbiyyat və incəsənət”
(08.11.2025)
Zəfərin 5 illiyinə həsr olunmuş “Ən Böyük Hədiyyə” layihəsi təqdim edilib
“PASHA Malls” və “PASHA Real Estate Group” bu il Zəfər Gününü “YAŞAT” Fondu ilə birgə həyata keçirdiyi sosial layihə – “Zəfər Köşkü” ilə qeyd edir. 6 noyabrdan etibarən Crescent Mall, Gənclik Mall və Gəncə Mallda fəaliyyət göstərən bu xüsusi guşədə Zəfərimizin rəmzlərinə həsr olunmuş məhsullar artıq satışa çıxarılıb.
“Ədəbiyyat və incəsənət” portalı ASAN-a istinadən xəbər verir ki, satışdan əldə olunan bütün gəlirlər isə "YAŞAT" Fonduna ianə ediləcək. Beləliklə, hər bir məhsul şəhid ailələri və qazilərimizə mənəvi dəstəyin, həmrəylik və minnətdarlığın simvoluna çevriləcək.
Bu təşəbbüs “Zəfər – qarşılığı olmayan ən böyük hədiyyəmizdir” mesajını paylaşaraq qəhrəmanlarımızın fədakarlığını ehtiramla yad edir və Zəfərimizin mənəvi dəyərini gələcək nəsillərə ötürməyi hədəfləyir.
“Ədəbiyyat və incəsənət”
(07.11.2025)
Qarabağ Zəfəri - Müqəddəs 8 NOYABR
Nərgiz Qəribli-Qaya, “Ədəbiyyat və incəsənət” üçün
Azərbaycanın yaxın tarixi, xalqımızın səbrinin, qərarlılığının və Vətən sevgisinin sınaqdan keçdiyi çətin dövrlərlə doludur. Bu sınaqlardan ən ağırı isə Qarabağın işğal edilməsi ilə başlayan və illərlə davam edən həsrət dövrü idi. Lakin Azərbaycan xalqı heç vaxt bu ağır taleyi qəbul etmədi; Vətən sevgisi, tarixi yaddaş və torpaq bütövlüyünə olan sədaqət, ürəklərdə sönməyən bir od olaraq qaldı. Elə 8 Noyabr da bu sönməyən odu zəfərlə taçlandıran gündür.
Qarabağ, Azərbaycan mədəniyyətinin ən vacib mərkəzlərindən biri olaraq, yalnızca bir torpaq parçası deyil; şeir, musiqi, memarlıq və mədəni yaddaşın doğulduğu yerdir. Üzeyir Hacıbəyovun yurdu, Natəvanın xatirəsi, Şuşa muğam məktəbinin səsi Qarabağda əks-səda tapmışdır. İllər boyu bu mədəni irsin dağıdılması yalnız bir coğrafiyanı deyil; bir xalqın yaddaşını da hədəf almışdır. Amma tarix göstərir ki, yaddaşı susdurmaq mümkün deyil.
Vətən Müharibəsi, 27 Sentyabr 2020-də Azərbaycanın beynəlxalq hüquqdan doğan müdafiə haqqını istifadə etməsi ilə başladı. 44 gün davam edən bu dastanlı mübarizədə ordu ilə xalq bir ürək, bir yumruq oldu. Cəbhədə döyüşən əsgər qədər, cəbhe arxasında dua edən ana, xəbərləri gözləyən gənc də, Vətən üçün çalışan hər kəs bu zəfərin bir hissəsidir. Azərbaycan Ordusunun müasir hərbi gücü, strateji zəkası və texniki hazırlığı ilə birləşərək, onilliklərlə davam etdiyi deyilən işğal rejimini sındırdı və tarixə qarışmasını təmin etdi.
8 Noyabr 2020-də Şuşanın azad edilməsi, yalnız hərbi uğur deyil, Qarabağın qəlbinin yenidən döyüşüdür. Şuşanın alınması savaşın taleyini dəyişdirən, xalqın qəlbinə həyat verən dönüş nöqtəsi oldu. O gün Şuşa qayalarından dalğalanan üçrəngli bayraq yalnız Azərbaycanın deyil, bütün Türk dünyasının böyük qüruru oldu. Bu zəfər xalqımızın iradəsinin heç vaxt qırılmayacağını, haqlı olanın tez ya da gec haqqına çatacağını dünyaya göstərdi. Onun ardınca bir günlük lokal xarakterli döyüş isə Qarabağı erməni gavurlarından, seperetçılarından tam təmizlədi Azərbaycan ordusu.
Lakin bir müqəddəs məsələni unutmaq olmaz ki, bu azadlıq şəhidlərimizin
canı, qazilərimizin fədakarlığı, analarımızın mətin səbrilə qazanılmışdır. Hər evladın hüznü, hər ananın duası bu torpağın mayasında vardır. Bu gün Qarabağın yenidən ayağa qalxmasında, atılan hər addımda, qurulan hər şəhərdə onların xatirəsi əbədi yaşayır.
Zəfərdən sonra başlayan bərpa və yenidənqurma prosesi, dövlətimizin gələcəyə dönük vizyonunun ən açıq sübutudur. Yenidən inşa edilən yollar, hava limanları, təhsil müəssisələri, mədəniyyət mərkəzləri və müasir yaşayış sahələri, Qarabağın yalnız keçmişini deyil, gələcəyini də möhkəmləndirir. Qarabağ artıq yalnız azad deyil; yenidən doğur. Yenidən qurulur və xalqımızın müqəddəs Məkkəsi, Kəbəsi olur.
Bu zəfər yalnız bir xalqın deyil, həm də haqqın- ədalətin zəfəridir. Beynəlxalq platformalarda illərlə ifadə edilən haqqımız, nəhayət tarix səhnəsində real bir həqiqətə çevrildi. 8 Noyabr buna görə həm bir milli qürur günü, həm də tarixi məsuliyyət günüdür.
Bu gün bizə düşən vəzifə açıqdır: bu zəfərin mənasını yaşatmaq, milli birlik ruhunu qorumaq və Qarabağın gələcəyini daha da gücləndirmək ən ali məqsədimiz olmalıdır. Çünki Qarabağ yalnız keçmişimizin əmanəti deyil; gələcəyimizin də təminatıdır. Məhz buna görə də hamımız həmişə belə deməliyik: Qarabağ Azərbaycandır - dünən olduğu kimi, bu gün olduğu kimi, sabah da əbədiyyətə qədər də belə olacaq. Əlbəttə, bütövlükdə xalqımız bir müqəddəs məsələni də ununtmamalıdır. Bu qələbənin başında Ali Baş Komandanımız cənab İlham Əliyev durur. Məhz onun sayəsində Azərbaycan xalqı 230 ildən sonra belə böyük və tarixi qələbə qazandı. Xalqımızın 44 günə qazandığı bu tarixi və parlaq qələbəsi də dünya hərb elminə daxil oldu.
Ona görə bir daha deyək: 8 Noyabr Zəfər Günün mübarək olsun ey ulu Azərbaycan xalqı.
“Ədəbiyyat və incəsənət”
(07.11.2025)
Moldovada Yaşayan Azərbaycanlı Gənclərin II Forumu keçirilib
Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin və ölkəmizin Moldovadakı səfirliyinin dəstəyi, Moldova Azərbaycanlıları Konqresinin birgə təşəbbüsü ilə II Gənclər Forumu keçirilib.
“Ədəbiyyat və incəsənət” portalına Diasporla İş üzrə Dövlət Komitəsindən verilən məlumata görə, deputatların, dövlət rəsmilərinin, xarici ölkələrin səfirlərinin, universitet rəhbərlərinin və soydaşlarımızın iştirak etdiyi forum Azərbaycanın və Moldovanın Dövlət himnləri səsləndirilməsi ilə başlayıb.
Moldova Azərbaycanlıları Konqresinin sədri Elçin Bayramov forumun Zəfərimizin 5 illiyinə həsr olunduğunu, Moldovada yaşayan azərbaycanlı gənclərin ölkənin ictimai-siyasi həyatında, mədəniyyət və idman sahəsində aktiv fəaliyyət göstərdiklərinndən bəhs edib.
Azərbaycanın Moldovadakı səfiri Ülvi Baxşəliyev Azərbaycanda gənclər siyasətinin təməlini Ulu Öndər Heydər Əliyevin qoyduğunu və dövlətimizin başçısı İlham Əliyevin bu siyasəti uğurla davam etdirdiyini diqqətə çatdırıb. Gələcək nəslin vətənpərvər ruhlu və geniş dünyagörüşlü şəxsiyyətlər kimi yetişməsinin dövlətin gənclər siyasətinin başlıca məqsədi olduğunu qeyd edib.
Diasporla İş üzrə Dövlət Komitəsinin şöbə müdiri Ruslan Quliyev çıxışında Gənclər Forumunun Zəfərimizin beşilliyi ərəfəsində keçirilməsini sevindirici kimi qiymətləndirib. Gənclərə diqqət və qayğının Müzəffər Ali Baş Komandan İlham Əliyev siyasətinin prioritet istiqaməti olduğunu deyib. Diasporla İş üzrə Dövlət Komitəsinin dünyada yaşayan gənclərimizin səmərəli fəaliyyəti üçün dəstəyini davam etdirdiyini bildirib.
Daha sonra tədbirdə iştirak edən Türkiyənin Moldovadakı səfiri Uyqar Mustafa Sertel, Moldova parlamentinin deputatları - İnsan Hüquqları və Millətlərarası Münasibətlər Komissiyasının sədr müavini Natalya Davidoviç, Dövlət Maliyyəsinə Nəzarət Komissiyasının sədr müavini Yevgeni Sinkeviç, Moldovanın Təhsil və Tədqiqatlar Nazirliyinin dövlət katibi Sergey Qurin azərbaycanlı gənclərin Moldova cəmiyyətinə uğurlu inteqrasiyasından danışıblar.
Forumda Moldova Azərbaycanlı Konqresinin gənclərinin ötən beş ilə dair hesabatı dinlənilib, idman və səhiyyə sahələrində təqdimatları izlənilib.
Tədbirin sonunda forum iştirakçıları adından Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə müraciət qəbul olunub.
Müraciətdə deyilir: “Biz bir neçə gündən sonra Şanlı Zəfərimizin beşinci ildönümünü qeyd edəcəyik. Vətən müharibəsi Azərbaycanın möhtəşəm Qələbəsi ilə başa çatdı. Rəşadətli Ordumuz Sizin - Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə dövlətçiliyimizin müasir tarixinin ən şərəfli səhifəsini yazdı. Xalqımız işğal altındakı torpaqlarını son 200 illik dövrdə ilk dəfə olaraq azad etdi. Azərbaycan gənci Sizin rəhbərliyiniz altında məhz qəlbindəki güclü Vətən sevgisi sayəsində döyüşlərin əsas ağırlığını qəhrəmancasına öz üzərinə götürərək, xalqımızın qələbə əzmini dünyaya nümayiş etdirdi və 44 günlük Vətən müharibəsində Zəfər salnaməsi yazdı.
Bu şərəfi bizə yaşadan müzəffər sərkərdəmizə, qüdrətli Ali Baş Komandanımıza – Sizə minnətdarıq.
Moldovada yaşayan azərbaycanlı gənclər Sizi bir daha əmin edir ki, apardığınız uzaqgörən, praqmatik siyasətiniz ətrafında sıx birləşərək Azərbaycanın inkişafında öz bilik və bacarıqlarını əsirgəməyəcək”.
“Ədəbiyyat və incəsənət”
(07.11.2025)
Milli Qürur – Qələbə Bayramı adlı tədbir keçirilib
5 noyabr 2025-ci il tarixində Respublika Uşaq Kitabxanasında 8 Noyabr – Zəfər Günü münasibətilə “Milli Qürur – Qələbə Bayramı” adlı tədbir keçirilmişdir. Tədbirdə 1 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin şagirdləri iştirak ediblər.
“Ədəbiyyat və incəsənət” portalına Kitabxanadan verilən məlumata görə, tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlanmış, daha sonra Vətən uğrunda canlarını fəda etmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Kitabxananın əməkdaşı çıxışında məktəblilərə Zəfər Gününün tarixi əhəmiyyəti, Azərbaycan Ordusunun qəhrəmanlıq yolu və xalqımızın birliyi nəticəsində qazanılmış möhtəşəm Qələbə haqqında geniş məlumat vermişdir. Eyni zamanda, Konstitusiya və uşaq hüquqları mövzusunda da ətraflı danışılıb.
Daha sonra şagirdlər Zəfər Gününə həsr olunmuş şeirlər səsləndirərək Vətənə, azadlığa və qəhrəman əsgərlərimizə olan sevgilərini ifadə etmişlər.
Tədbir çərçivəsində iştirakçılara Zəfər Gününə həsr olunmuş video-slayd təqdim edilib.
Tədbirin sonunda uşaqlar üçün yaradıcılıq məşğələsi təşkil olunmuşdur. Onlar Azərbaycan Ordusunun igid əsgərlərini və Vətən rəmzlərini əks etdirən müxtəlif rəsmləri rəngləmiş, öz duyğularını rənglər vasitəsilə ifadə etmişlər.
Respublika Uşaq Kitabxanasında təşkil olunan bu tədbir gənc nəslin milli-mənəvi dəyərlərə hörmət, vətənpərvərlik və azərbaycançılıq ruhunda tərbiyə olunmasına, eləcə də onların yaradıcılıq qabiliyyətlərinin inkişafına mühüm töhfə vermişdir.
“Ədəbiyyat və incəsənət”
(07.11.2025)
Xudavəng monastırı - qədim alban, tarixi Azərbaycan abidəsi
Nemət Tahir, “Ədəbiyyat və incəsənət” portalının Qarabağ təmsilçisi
Zəfərimiz hesabına bizə qayıdan Xudavəng monastırı - qədim alban, tarixi Azərbaycan abidəsi Azərbaycanın qərb hissəsində, Kəlbəcər rayonunun Vəng kəndi yaxınlığında yerləşir. Bu tarixi dini kompleks Azərbaycanın mədəni irsi və Qafqaz Albaniyası dövrünün ən möhtəşəm memarlıq nümunələrindən biridir. Xudavəng (və ya Dadivəng) monastırı Qafqaz Albaniyasına aid qədim kilsə və monastırlardan biri hesab olunur.
Qafqaz Albaniyasının xristian dövründə tikilmiş bu kompleks öz zəngin tarixi ilə Azərbaycanın dini və mədəni mənzərəsinin ayrılmaz hissəsi olmuşdur.
Monastırın adının mənşəyi müxtəlif izahlarla əlaqələndirilir. "Xudavəng" sözü yerli dildə "Allahın monastırı" kimi tərcümə edilir və bu məkanın dini və mənəvi əhəmiyyətini vurğulayır. "Dadivəng" adı isə bəzən monastırın qurucusu olduğu güman edilən Dadi adlı müqəddəs şəxslə bağlıdır. Bu şəxsiyyətin xristian dininin yayıldığı dövrlərdə bölgədə missioner fəaliyyəti göstərdiyi düşünülür.
Xudavəng monastırı təxminən VI-VII əsrlərdə tikilməyə başlanmış və sonrakı dövrlərdə müxtəlif əlavələr və yenidənqurmalarla genişləndirilmişdir. Kompleksin memarlığı, o dövrün xristian dini tikililərinin tipik xüsusiyyətlərini daşıyır. Kilsənin strukturunda bərk daş materiallardan istifadə olunmuş, həmçinin zəngin bəzək elementləri, mozaikalar və freskalarla bəzədilmişdir.
Monastır kompleksinə daxil olan binalar arasında kilsə, ibadətgah, yaşayış binaları və başqa tikililər mövcuddur. Kompleksin mərkəzində yerləşən əsas kilsə, onun monumental giriş qapısı və içərisindəki dekorativ elementlər diqqətəlayiqdir. Bəzi freskalar və oyma işləri qədim Qafqaz Albaniyasının dini təsvirlərini əks etdirir.
Xudavəng monastırı, Azərbaycanın dini və mədəni həyatında xüsusi yer tutur. Bölgə xristianlarının müqəddəs ziyarətgahlarından biri kimi uzun əsrlər boyu fəaliyyət göstərmişdir. Xristianlıq dövründə və xüsusilə orta əsrlərdə burada dini mərasimlər və ibadətlər keçirilmişdir. Monastır həm də təhsil və mədəniyyət mərkəzi kimi tanınmış, dini və fəlsəfi mətnlərin yazıldığı və saxlandığı məkanlardan biri olmuşdur.
Xudavəng Monastırı yalnız dini məkan kimi deyil, həm də Azərbaycanın müxtəlif dini icmaları arasında mədəni əlaqələrin qurulmasında mühüm rol oynamışdır. Burada saxlanılan dini əlyazmalar və digər maddi-mədəniyyət nümunələri Azərbaycan və Qafqaz regionunun tarixi və dini irsi haqqında qiymətli məlumatlar verir.
Kəlbəcər rayonu 1993-cü ildə Ermənistan tərəfindən işğal edildikdən sonra Xudavəng monastırı da zərər görmüşdür. Münaqişə nəticəsində monastırın bir çox hissəsi dağıdılmış, tarixən əhəmiyyətli abidə vandalizmə məruz qalmışdır. Lakin 2020-ci ildə Qarabağ müharibəsinin sona çatması ilə Kəlbəcər Azərbaycanın nəzarətinə qayıtdı və bu bölgədə yerləşən tarixi abidələrin, o cümlədən Xudavəng monastırının bərpası məsələsi gündəmə gəldi. Hazırda monastırın yenidən bərpası və tarixi əhəmiyyətinin qorunması istiqamətində işlər aparılmaqdadır.
Son olaraq qeyd edək ki, Xudavəng monastırı Azərbaycan tarixi və mədəni irsinin nadir nümunələrindən biridir. Qafqaz Albaniyasının dini mərkəzlərindən biri olaraq, monastır ölkənin xristian irsini qoruyub saxlayan abidələrdən biri kimi xüsusi əhəmiyyətə malikdir. Onun tarixi əhəmiyyəti, memarlıq gözəlliyi və dini mənəvi rolu Azərbaycanın mədəni irsinin vacib bir hissəsini təşkil edir. Monastırın bərpası və qorunması bu zəngin irsi gələcək nəsillərə çatdırmaq baxımından mühüm addımdır.
“Ədəbiyyat və incəsənət”
(07.11.2025)
АФАГ ШЫХЛЫ – «Он жил как свет…»
ОН ЖИЛ КАК СВЕТ...
Моему учителю – поэту Мамеду Исмаилу посвящается.
Он жил как свет, всегда неповторимый,
Слова его струились, как ручей.
Он был для нас учителем любимым,
Вёл к истине сквозь тьму земных путей.
Его перо рождает восхищение,
Где мудрость, боль и радость бытия.
И даже смерть не стёрла вдохновенья,
В сердцах живёт великая стезя.
Его глаза горели искрой чуда,
Он видел глубь, где тайна и ответ.
И ныне нет его — но вечно будет
Нам светом строк его заветный свет.
Он стал для нас бессмертным откровеньем,
Его сиянье длится без конца.
И в каждом его слове вдохновенье,-
Величие могучего Творца.
“Ədəbiyyat və incəsənət”
(07.11.2025)
ANAR, “Bəzən yaxında da..”
Azərbaycan Ədəbiyyat Fondunun “Yazıçı” nəşriyyatında Xalq yazıçısı Anarın “2=3+4, yaxud iki ailədə üç Xalq yazıçısı, dörd Xalq şairi” adlı kitabı işıq üzü görüb. Nəfis tərtibatlı, illüstrasiyalı kitab Azərbaycan ədəbiyyatı irsinə böyük töhfələr vermiş iki nəsildən, onlar barədə həqiqətlərdən və onların ədəbi nümunələrindən ibarətdir.
608 səhifəlik bu unikal kitabı tərtib edən Xalq yazıçısı Anar uzun illər ərzində təkcə öz yazdıqlarını yox, qəhrəmanlarının – Səməd Vurğun, Rəsul Rza, Nigar Rəfibəyli, Vaqif Səmədoğlu, Ənvər Məmmədxanlı və Yusif Səmədoğlunun yazdıqlarını eyni ideya-estetik yaradıcılıq məcrasına qoşaraq, onları eyni axında birləşdirərək ən yeni ədəbiyyatın ən milli paradiqması olaraq təqdim edibdir.
“Ədəbiyyat və incəsənət” portalı kitabdan hissələri oxucularına təqdim edir. Anar qəhrəmanlarının ən populyar əsərlərini bir daha yaddaşlarda təzələyir:
ANAR, ŞEİRLƏR
“Bəzən yaxında da...”
Ellər yaraşığı, ölkə gözəli,
Nə gözəl doğubsan anadan, Pəri!
Ənliyi, kirşanı neynir camalın,
Sən elə gözəlsən binadan, Pəri!
Molla Pənah Vaqif
Bəzən yaxında da uzaq ceyranım,
Bəzənsə uzaqdan qaynayır qanım.
Həyatım, mələyim, ciyərim, canım,
Adını çəkməyə qorxduğum Pəri!
Uca dağ başının təmiz qarı var,
Bəhrəli bağların növ-növ barı var.
Kimin mənim kimi gizli yarı var,
Açıqda sevməyə qorxduğum Pəri!
Neçə gündür yoxdu səsi-sorağı,
Şirindən şirindi dili, dodağı.
Mənə sən öyrətdin, sən, yaşamağı,
Dərdindən ölməyə qorxduğum Pəri!
“Ədəbiyyat və incəsənət”
(07.11.2025)
KİNOTƏNQİDdə “Ölsəm Bağışla" və "Üçüncü Günün Adamı"
Kübra Quliyeva, “Ədəbiyyat və incəsənət”
“Ölsəm Bağışla" və "Üçüncü Günün Adamı" filmləri ölümün qapısını aralayarkən insanın içindəki sükutlu fəryadları, qorxuları və mənasızlığa qarşı mübarizəsini özündə birləşdirən iki fərqli həyatın üzərindən bədii bir pəncərə açır.
"Ölsəm Bağışla" filmi, insanın ölümə yaxınlaşdığı anın psixoloji labirintində özünü itirən bir şəxsiyyətin daxili monoloqlarıyla bəzədilmiş bir dramdır. Bu film ölümdən qorxan insanın ən dərin emosiyalarını ortaya çıxarır, həyatın hər bir saniyəsini anlamaq istəyi ilə sarsılan bir varlığın qarşısında dayanır. Bu hekayət insanın özünü tapmaq və ölümün qaçılmaz gerçəklikləri ilə üzləşmək arasında bir yerdə yavaşca sönən işıqlara bənzəyir. Hər bir xarakterin üzləşdiyi əzab çox zaman daxili bir səssizliyi təmsil edir. Qorxunun gözlərdəki əks-sədası, həyatın və ölümün kəsişdiyi nöqtədə insanın içindəki sükutlu faciəni parlaq bir şəkildə göstərir.
"Üçüncü Günün Adamı" isə ölümlə qarşılaşan hər bir insanın üzləşdiyi bəzi suallarla üz-üzə gəlir: Həyat nədir? Necə yaşamalı və nə üçün?
Bu film ölümün yalnız fiziki yox, ruhsal bir təlatüm yaratdığını önə çıxarır. Varlığın gerçəkliklə üzləşdiyi anlarda ortaya çıxan anlıq gərginlik, həyatın nə qədər qiymətli olduğunu bir vəhşi cığır kimi göstərir. Sanki bir anda zaman dayanır, hər şey dondurulur və bu hərəkətsizlik içində insan, yalnız özünə qapalı bir yerdə varlığının acı gerçəkləri ilə qarşılaşır. Həyat və ölüm arasındakı incə xəttin üzərində gəzən hər bir xarakter, həm özünə, həm də ətrafdakılara qarşı bir növ təbii bir məsuliyyət hissi duyur. Ancaq ölümlə üzləşdikdə hər şeyin anlıq, keçici olduğunu daha yaxşı dərk edir.
Hər iki film varlığın meyarlarını sorğulayan və ölümün hər birinə gətirdiyi təzyiqi fərqli gözlərlə izah edən bir dünyaya işarə edir. Ancaq "Ölsəm Bağışla" filmində, ölümdən əvvəlki anların ağır psixoloji ağırlığı daha dərindir; o, insanın ən yaxın qorxularına və güclü tələsiklərinə işıq tutur. "Üçüncü Günün Adamı" isə, daha çox həyatın sınaqlarından keçərək ölümün daha həqiqi və təbii bir gələcək olduğunu təqdim edir, amma bütün bunlar bir-birinin qarşısında birdən-birə əks olunan işıqlardır.
Hər iki film insanın ən böyük sualları ilə, varlıq və ölüm arasında sarsılmaz bir bağ qurur, amma hər biri öz yolunda, öz bədii ifadəsi ilə tamaşaçını öz içindəki sükutla üzləşdirir. Həyatın və ölümün təzadında hər şey bir anlıq, amma sonsuzdursa, o an bu hər iki nəsnə bizim içimizdə öz dərinliyi ilə qalır.
Şəkildə: “Ölsəm bağışla” filmindən kadr
“Ədəbiyyat və incəsənət”
(07.11.2025)


