İnci Məmmədzadə,
“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi
Onun şeirlərində Vətən məfhumu qırmızı xətlə keçir. 79 yaşına kifayət qədər şeir baqajı ilə gəlibdir. Elmi fəaliyyətində isə kifayət qədər nailiyyəti vardır. Adı olsun ki, çoxunuza tanış deyil. Amma bizim missiyamız tanıtmaqdır. Beləliklə:
Bahar Məmmədova. Bahar Bərdəli təxəllüsü ilə yazır. 1957-ci il mayın 6-da Bərdə rayonunun Balaqəcər kəndində anadan olub. Şirvanlı kənd orta məktəbini (1964–1974), Azərbaycan Dövlət Pedaqoji Universitetini (1974–1979) bitirib. 1979–1991-ci illərdə Bərdədə, 1991–2008-ci illərə qədər isə Bakıda orta təhsil məktəblərində müəllim, direktor müavini və direktor işləyib.
2008-ci ildə AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Cənubi Azərbaycan ədəbiyyatı şöbəsində elmi fəaliyyətə başlayıb. Hazırda isə Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Müstəqillik dövrü Azərbaycan ədəbiyyatı şöbəsinin baş elmi işçisi, filologiya elmləri doktoru, dosentdir. İyirmiyə yaxın bədii-elmi kitabın müəllifidir. Yazıçı kimi prezident təqaüdçüsüdür.
O, 1998-ci ildən Yeni Azərbaycan Partiyasının üzvüdür. Bahar Bərdəlinin ilk elmi yaradıcılığı Cənubi Azərbaycan ədəbiyyatı ilə bağlıdır. O, XX əsrin 30–40-cı illər ədəbiyyatını, Balaş Azəroğlunun yaradıcılıq yolunu və Şimali Azərbaycana mühacirət edən cənublu şairlərin həyat və yaradıcılığını tədqiq edib.
2010-cu ildə "Balaş Azəroğlunun yaradıcılıq yolu" mövzusunda filologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün dissertasiyasını müdafiə edib. Bununla bağlı "Balaş Azəroğlunun yaradıcılıq yolu" və "Cənubi Azərbaycan mühacir poeziyası (1947–1990)" monoqrafiyalarını nəşr etdirib. Hər iki monoqrafiyada müəllif Bakıda yaşayan cənublu şairlərin həyat və yaradıcılıqlarını mövzular üzrə qurublaşdıraraq elm camiyəsinə təqdim edib.
Daha sonra Bahar Bərdəli "Müstəqillik dövrü Azərbaycan ədəbiyyatı" şöbəsində çalışıb, Müstəqillik dövrü Azərbaycan poeziyasını tədqiq etməyə başlayıb. Nəticədə "Müstəqillik dövrü Azərbaycan poeziyası" və "Elçin İsgəndərzadə: həyatı, yaradıcılığı" monoqrafiyalarını yazıb və çap etdirib. 2016-cı ildə Dosent elmi adını alıb.
2024-cü ilin yanvarın 15-də "Müstəqillik dövrü Azərbaycan şeirində gerçəkliyin əksi" mövzusunda Doktorluq dissertasiyasını müdafiə edib və Filologiya elmləri doktoru diplomunu alıb. İndiyə kimi yüzə yaxın elmi, publisistik məqalənin, beş monoqrafiyanın, 10 bədii kitabın müəllifidir.
Bədii kitabları
- Qarabağın maralı. (Povest, hekayələr). Bakı, Gənclik, 1995
- Bənövşələr açanda. (Şeirlər). Bakı, Gənclik, 1996
- Ağ kəpənək. (Hekayələr). Bakı, Qorqud, 1998
- Çərşənbə tonqalı. (Şeirlər). Bakı, Şirvannəşr, 2000
- Duyğuların səması. (Povest, hekayələr). Bakı, Şirvannəşr, 2005
- Qayıtmısan. (Şeirlər). Bakı, Nurlan, 2011
- "Seçilmiş əsərləri" I cild (Şeirlər) 2017
- "Seçilmiş əsərləri" II cild (Povest, hekayələri). 2017
- İki əsrin hekayələri.(Hekayələr). Bakı, Nurlan, 2018
- Qarabağın dayağı Bərdə — Bərdənin qüruru şəhidlər. (Bərdə şəhidləri haqqında publistik qeydlər). Bakı, 2021
Monoqrafiyaları
- Balaş Azəroğlunun yaradıcılıq yolu
- Cənubi Azərbaycan mühacir poeziyası. (1947-1990)
- Müstəqillik dövrü Azərbaycan poeziyası
- Bahar Bərdəli. Seçilmiş əsərləri. 3 cilddə. III cild. (Elmi əsərlər)
- "Elçin İsgəənzadə: həyatı, yaradıcılığı"
Məqalələri
- "Qabil poeziyasında vətəndaş mövqeyi"
- "Qabil poeziyasında Qarabağ mövzusu"
- "Nurəngiz Günün poetik ağrısı"
- "Nurəngiz Günün məhəbbət lirikası"
- "Nurəngiz Gün poeziyasının fəlsəfi yükü"
- "Sabir Rüstəmxanlının poeziyasında vətənpərvərlik duyğuları"
- "Qabil poeziyasında milli müstəqillik uğrunda mübarizənin inikası"
- "Sabir Rüstəmxanlının şeirlərində bütöv vətənin obrazı"
- "Sabir Rüstəmxanlının poemalarında tarixi gerçəklik"
- "Nurəngiz Günün poemalarında müharibə və insan amili"
- "Sabir Rüstəmxanlının poeziyasında müharibə və sülh amili"
- "Sabir Rüstəmxanlının poeziyasında bədii idrakın beynəlmiləl xüsusiyyətləri"
- "Nurəngiz Günün poeziyasında təbiətin obrazı"
- "Nurəngiz Günün poeziyasında təbiətin tərənnümü"
- "Qabil poeziyasında təbiətin obrazı"
- "Qabilin şeirlərində həyat fəlsəfəsi"
Mükafatları
- 1995-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvüdür.
- 2019-cu ildən isə İLESAM -ın (Türkiye İlm ve Edebiyat Eseri Sahipleri Meslek Birliyi) üzvüdür.
- 1998-ci ildən Yeni Azərbaycan Partiyasının üzvüdür.
- Yazıçı kimi 2009-cu ildə Prezident təqaüdü almış və 2022-ci ildə Beynəlxalq Rəsul Rza mükafatına layiq görülüb
- 2017-ci ildə AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun, 2024-cü ildə isə AMEA Humanitar Elmlər Bölməsinin fəxri fərmanlarını alıb.
- 2023-cü ildən AMEA-nın əmək veteranıdır
Sonda bir neçə şeirini oxucularımıza təqdim edirik:
BU PAYIZ...
Bu payız bir başqadı
Vətənin yurddaşında!
Bu payız yaşayacaq
Tarixin yaddaşında!
Hə günü bir QƏLƏBƏ,
Hər günü qəlpə-qəlpə
Düşmənin ürəyində!
Açıb yara daşı da!
ŞUŞA gözləyir hələ,
LAÇIN özləyir hələ,
GÖYÇƏ sızlayır hələ,
Boğulub göz yaşında!
Cəbrayılım sevincək,
Fizulimdən əl çək!
Az qalıb ta....bitəcək,
Bilsin yad..., sirdaşım da!
İgidlərin “Yallı”sı,
Qönçələrin allısı,
Meyvələrin ballısı,
Gözlər Vətən- daşımda,
Bilsin dost, qardaşım da!!!
4 oktyabr 2020
ULU BƏRDƏM
Yenə havalanıb o qarı düşmən...
Al-qana boyanıb yenə də sinən...
Belə döyüşlərdən çox görmüsən sən...
Ulu Bərdəm!
Çox görmüsən belə azğın, namərdi,
Bu dünyanın ən qədimi, comərdi -
Yaşarısan... Adladarsan bu dərdi,
Ulu Bərdəm!
Qarabağa hər vaxt arxa, dayaqsan,
Yatmırsan ki... canım-gözüm, oyaqsan!
Bu düşməni yenə namərd qonaq san,
Ulu Bərdəm!
Əsrlərlə yağmalandın, yaşadın sən,
Əsrlərlə damğalandın, yaşadın sən,
Əbədisən, hər zirvəni aşan da sən,
Ulu Bərdəm!
Özü öz qanına axır bələndi,
Erməninin son çabası... necə diləndi...
Ürəkdən gülənlər sonda güləndi,
Uca Bərdəm! Ulu Bərdəm!!!
DARIXMA, ŞUŞAM
Darıxma, gələcək büsatın sənin,
O Cıdır düzündə el şənlənəcək!
Düşmənə od qoyan Ordumuz bizim,
Hicranı qovacaq son mənzilətək!
Küləklər dağlara sığal çəkəcək,
Çiçəklər düzlərə xalı düzəcək,
Hər çiçək üstündə bir al kəpənək,
Qayanın küksündə qartal süzəcək!
Göydən mələklər də yerə enəcək,
Salacaq boynuna incə qolunu!
Qarqarın, Tərtərin selə dönəcək,
Köçhaköç tutacaq ŞUŞA yolunu!
Natəvanın ruhu uçub göylərdə,
Vaqifin ruhuna qovuşacaqdır!
Günü pərən düşən o güneylərdə,
Ellər oba-oba salacaqdı yurd!
İSA bulağı da zümzüməsində,
Xarıbülbülümün gülər gözləri!
Gözəllər axışar… öz cərgəsində
Nənə-nəvələrin gülər üzləri!
İkidlər “CƏNGİ”yə açar qol-qanat,
“CƏNGİ”nin səsinə dünya oyanar!
Beləcə başlayar yenidən həyat,
GÜNƏŞİN rənginə VƏTƏN boyanar!!!
Oktyabr 2020
“Ədəbiyyat və incəsənət”
(06.05.2026)


