Küçələr də yaşdır, mənim gözlərim kimi... Featured

Aynur İsmayılova,

“Ədəbiyyat və incəsənət” portalının Yaradıcılıq şöbəsi

 

Küçələr də yaşdır, mənim gözlərim kimi.

Sanki şəhər də mənimlə birlikdə susur, mənimlə birlikdə darıxır.

Darıxmaq… Bəzən gözdən süzülən yaşdır, bəzən isə suya möhtac səhradır.

Nə qədər ağlasan da, yüngülləşmirsən, nə qədər susasan da, doymursan…

Darıxıram…

 

Kimə, nəyə — bunu heç özüm də bilmirəm.

Bəlkə keçmişimə, bəlkə də hələ yaşamadığım gələcəyimə.

Baxışlarım da dəyişib. Daha uzaqlara, daha dərinlərə dalıram.

Sanki dalğalar məni çəkib sahilə atmaq istəyir. Amma mən sahilə çata bilmirəm.

Dənizin ortasında dayanıb ətrafı seyr edirəm.

Gah məni gözləyən sahilə baxıram, gah da dönüb geriyə.

İçimdəki o hissi nə keçmiş sağalda bilir, nə də gələcək.

Yerimdə dururam. Durmaq lazımdır. Durmaq gözəldir.

Bəlkə də mən bir son üçün darıxıram. Ona görə dayanmışam.

Nə irəli getmək istəyirəm, nə də geriyə.

Sadəcə dayanmaq istəyirəm — bəlkə də bir son, bəlkə də bir başlanğıc üçün.

Kim bilir?..

 

“Ədəbiyyat və incəsənət”

(06.05.2026)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.