Tanınmış türkoloq alimlər – Əbülfəz Rəcəbli Featured

İnci Məmmədzadə,

“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi

 

Türk Mədəniyyəti və İrsi Fondu ilə “Ədəbiyyat və incəsənət” portalının birgə layihəsində bu gün Türk dünyasının tanınmış türkoloqlarından biri - Əbülfəz Rəcəbli barədə danışacağıq.

Bu gün həm də alimin  90 yaşı tamam olur, yubileyidir.

 

Türkologiya elminə böyük töhfələr vermiş, Orxon-Yenisey abidələrinin, Göytürk kitabələrini tədqiq etməklə türk ailəsinə böyük xidmət göstərmiş Əbülfəz Əjdər oğlu Rəcəbli çox maraqlidir ki, etnik talışdır, bu səbəbdən onun ümumtürk işinə bu qədər fayda verməsi rəğbət doğurur.

O, 1936-cı il mayın 6-da Lənkəran şəhərində anadan olub. 1954-cü ildə orta məktəbi bitirib. 1954-cü ildə Azərbaycan Dövlət Universitetinə daxil olub və 1959-cu ildə filologiya fakültəsini fərqlənmə diplomu ilə, 1971-ci ildə ikinci institutu – Azərbaycan Dövlət Pedaqoji Dillər institutunun ingilis dili fakültəsini, 1985-ci ildə isə Markizm-leninizm universiteti ideoloji kadrlar fakültəsinin beynəlxalq münasibətlər şöbəsini fərqlənmə diplomu ilə bitirib.

1959-1963-cü illərdə nəşriyyatlarda əvvəlcə korrektor, sonra redaktor işləyib. 1963-cü ildə BDU-nun aspiranturasına daxil olub və Qırğızıstan EA-ya ezam edilib. 1967-ci ilin dekabrında “Qədim türk yazısı Orxon-Yenisey abidələrinin dili. Morfologiya” mövzusunda namizədlik, 1978-ci ilin martında “Orxon-Yenisey abidələri dilində felyaratma” mövzusunda doktorluq dissertasiya müdafiə edib.

1990-cu ildə Orxon-Yenisey abidələri üzrə Almatıda I və 2000-ci ildə İstambulda II beynəlxalq kollekviumda iştirak edib. 46 kitabın və 200-ə qədər məqalənin müəllifidir. 1967-ci ildən Bakı Dövlət Universitetinin ümumi dilçilik kafedrasında çalışıb. 30 oktyabr 2009-cu ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən Azərbaycanda təhsilin və elmin inkişafındakı xidmətlərinə görə "Azərbaycan Respublikasının əməkdar müəllimi" fəxri adına layiq görülüb.

Ə.Ə.Rəcəbli elmi yaradıcılığa gec başlayıb. Namizədlik dissertasiyası Orxon-Yenisey abidələrinin morfologiyasına həsr olunub. Doktorluq işində Ə.Rəcəbli bu mövzunu daha genişləndirərək və dərinləşdirərək Orxon-Yenisey abidələri dilin feliyaratma problemi araşdırıb, keçmiş SSRİ türkoloqlarının dərin rəğbətini qazanan bir elmi tədqiqat əsəri ərsəyə gətirməyə nail olub. Doktorluq dissertasiyasını yazıb bitirdikdən altı il sonra Alma-Atada müdafiə edib.

Prof.Ə.Rəcəbli poliqlot dilçidir. O, bir çox dilləri bilir və elmi araşdırmalarında onlardan səmərəli şəkildə, bacarıqla istifadə edir. Onun elmi maraq dairəsi genişdir. Dilçiliyin bir çox sahələrində dərin məzmunlu, böyük elmi əhəmiyyəti olan araşdırmalar aparıb və aparmaqdadır: ümumi (nəzəri) dilçilik, Azərbaycan, ingilis və talış dillərinin tədqiqi, qədim türk yazısı abidələrinin dili, türkologiya, struktur dilçilik, sosiolinqvistika, tarix, ölkəşünaslıq, beynəlxalq münasibətlər, xarici ədəbiyyat leksikoqrafiya və s.

AMEA-nın müxbir üzvü, millət vəkili, professor Nizami Cəfərov müəllimi Ə.Rəcəblinin bu fenomenal məhsuldarlığını vurğulayaraq yazır: "Bakı Dövlət Universitetində türk xalqlarının dili, tarixi və ədəbiyyatı, ən azı üç kafedrada öyrənilir. Professor Əbülfəz Rəcəblinin türkologiya üçün gördüyü işlərin miqyası isə onu, obrazlı desək, təkbaşına, dördüncü kafedra saymağa hər cür əsas verir"

Prof. Ə.Rəcəbli hər şeydən əvvəl türkoloq dilçidir. Məlum olduğu kimi, onun namizədlik və doktorluq dissertasiyaları türk xalqlarının müştərək abidəsi olan Orxon-Yenisey kitabələrinin dilinə həsr olunub. Bu mövzuda onun "Orxon-Yenisey abidələri dilində felin məna növləri" (1982), "Orxon-Yenisey abidələri dilində felin tərzləri" (1988), "Orxon-Yenisey abidələri" (1993) və "Uyğurlar" (1996) adlı kitabları, 50-dən çox məqaləsi nəşr edilib.

O, son zamanlar bu problemlə daha ciddi məşğul olub. Son illərdə onun qədim türk xalqlarının dili və tarixinin araşdırılmasına həsr edilən altı sanballı kitabı - "Qədim türkcə-azərbaycanca lüğət" (2001), "Göytürk dilinin fonetikası" (2004), "Göytürk dilinin morfologiyası" (2002), "Göytürk dilinin sintaksisi" (2003) və "Ulu türklər" (2003) adlı əsərləri çapdan çıxıb. Müəllif türkoloji ədəbiyyatda dərin kök salmış run/runik abidə, run/runik əlifba terminlərinin işlədilməsinə qarşı çıxıb.

Bu terminlərin əvəzinə göytürk abidələri, göytürk əlifbası terminlərinin işlədilməsini təklif edib. Sonra müəllif göytürk yazısı abidələrinin araşdırılması tarixini nəzərdən keçirir. Ə.Rəcəbli göytürk əlifbası ilə yazılmış kitabələrin lokallaşdırılması məsələlərinə toxunub və S.Q.Klyaştornının ardınca bu abidələri belə lokallaşdırıb:

1) Orxon kitabələri,

2) Yenisey kitabələri,

3) Şərqi Türküstan kitabələri,

4) Orta Asiya kitabələri və

5) başqa areallarının abidələri.

 

“Ədəbiyyat və incəsənət”

(06.05.2026)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.