İnci Məmmədzadə,
“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi
Azərbaycan teleməkanının tarixdə qalan ən məşhur diktorlarından biri Hicran Hüseynov olub. Bu gün onun anadan olmasının 84-cü ildönümü, doğum günüdür. Özü aramızda olmasa da çoxlu duzlu-məzəli xatirələri qalıb ki, bunları da Azərbaycan Televiziyasında onunla birgə işləmiş Mahir Qabiloğlu – Xalq şairi Qabilin oğlu bir-bir qələmə alıb.
Yazımın sonunda onların bir neçəsinə nəzər salacağıq.
Hicran Hüseynov 1942-ci ilin may ayının 6-da Qəbələ rayonunda dünyaya gəlib. 1959-cu ildə Qəbələ rayon orta məktəbini bitirdikdən sonra Bakı Kitabxanaçılıq Texnikumuna daxil olub. 1961-ci ildə həmin texnikumu bitirdikdən sonra sovet ordusu sıralarına çağırılıb və 1964-cu ildə sovet ordusu sıralarından tərxis olunub.
1964-cu ilin avqust ayinda Mirzağa Əliyev adına Azərbaycan Dövlət Teatr İnstitutunun Dram və kino aktyorluğu fakültəsinə daxil olub və 1968-ci ildə həmin institutu bitirərək təyinatla Sumqayıt Dövlət Dram Teatrına aktyor kimi göndərilib.
Həmin teatrda bir il işlədikdən sonra yenidən sovet ordusuna zabit vəzifəsinə çağrılıb. İki illik vəzifə borcunu yerinə yetirdikdən sonra Azərbaycan Televiziyasında elan edilən müsabiqənin iştirakçısı olub və üçüncü müsabiqədən keçərək AZTV-yə diktor vəzifəsinə dəvət edilib.
1971-ci ildən AZTV-də əmək fəaliyyətinə başlayıb, ali dərəcəli diktor vəzifəsinə qədər yüksəlib. Əsasən gənclər üçün hazırlanan proqramların aparıcısı kimi, sonralar informasiya proqramlarının, "Günün ekranı" və "Xəbərlər" proqramlarının daimi aparıcısı kimi fəaliyyətini davam edib.
2006-cı ildə Azərbaycan Prezidenti İlham Əliyevin fərmanı ilə Azərbaycanın Əməkdar artisti fəxri adına layiq görülüb. AZTV-nin "Mədəniyyət" kanalında baş redaktor vəzifəsində fəaliyyətini davam etdirib.
Ta ki vəfatına qədər bu doğma ocaqdan aralı düşməyib.
71 il maariflənməyimiz, estetik zövq almağımız naminə xidmət edib.
***
İndi də vəd verdiyim Mahir Qabiloğlunun yazdığı xatirələr.
1-ci xatirə:
“Günlərin bir günü gördük ki, Hicran müəllim 18-19 yaşlı oğlanı otuzdurub qabağında deyir:
-Bu gün biz sizə gələcəyik cüməaxşamlaşmağa. Sabah siz bizə gələcəksiniz cüməaxşamlaşmağa. Bu gün onlar gələcək bizə cüməaxşamlaşmağa. Sabah biz gedəcəyik onlara cüməaxşamlaşmağa.
Hicran müəllim bunu deyəndən sonra cavan oğlan da başlayırdı bu sözləri təkrar eləməyə:
-Bu gün biz sizə gələcəyik cüməaxşamlaşmağa. Sabah siz bizə gələcəksiniz cüməaxşamlaşmağa....
Mən də çəkilişdən qayıdan adam, oturub kadr arxası mətni yazırdım. Axırda uşaqlardan kimsə bu, eyni təkrar ifadələrdən bezib “Hicran müəllim, bəsdir də...” deyə ərklə ona çımxırdı. Hicran müəllim də “atasıyla dostam. Xarici görünüşü düşür efirə. İndi xüsusi məşğul oluram bununla. Bir şey alınsa, Nizami müəllimə təqdim edəcəyəm” deyərək, yaraşıqlı,boy-buxunlu cavanı bizimlə də tanış etdi.
Daha heç kim bir söz demədi. Bir müddətdən sonra oğlan gözə dəymədi. Fikirləşdik ki, yəqin Hicran müəllim bizi narahat etməsin deyə, onunla başqa yerdə məşğul olur. Amma günlərin bir günü Hicran müəllim dedi:
-Uşaqlar, məni soruşan olsa, bir hüzr yeri var, dəyib gəlirəm. Burda dərs dediyim oğlan var idi e... Dənizdə çimərkən boğulub-ölüb. Cüməaxşamısıdır. Gedirəm cüməaxşamlaşmağa.
2-ci xatirə:
Düzünü deyim ki, onunla yola getmirdik. Hər söylədiyi söhbətin, xatirənin sonuna bir qulp qoşurdum. Bəzən söyürdü, vurmaq da istəyirdi... Amma əl saxlayırdı - “Qurban olasan Qabil müəllimə. Yaxşı kişidir. Dostumdur. Yoxsa...” – deyərək. Amma xətrimi də çox istəyirdi. Hardan bildim?
Günlərin bir günü işdə Hicran müəllimin ürəyi tutur. Uzadırlar “Xəbərlər”in dəhlisindəki kresloya. Demə infarkt imiş. Mən də o vaxt komandirovkadaydım rayonda. Təcili yardım maşını gələnəcən, biri validol tapıb qoyur dilinin altına. Köhnə qvardiya – diktorlar tez özlərini çatdırırlar. “Can, can” deyərək biri əlini ovuşdurur, o biri alnının tərini silir. Hicran müəllim də özündə olmur.
Gözünü yarı açaraq “Mahir, hardasan Mahir” deyə başlayır çağırmağa. Təcili tibbi yardım vaxtında özünü yetirib Hicran müəllimi çatdırır xəstəxanaya. Rayondan qayıdandan sonra o qadın diktorlardan biri mənə “ay Mahir, yanında olan biz, buna ürək-dirək verən biz. Bizim adımızı çəkmir, səni çağırır” deyəndə, onda bildim ki, Hicran müəllim məni çox istəyirmiş. Bütün şıltaqlıqlarıma baxmayaraq.
3-cü xatirə:
Günlərin bir günü gördük ki, Hicran müəllim tünd yaşıl rəngdə “DAEWOO-ESPERO” maşını alıb. O vaxt hər adamda xarici maşın yox idi. Barmaqla sayılırdı. Bu cür xarici maşınlar Milli Məclisim daimi komissiya sədrlərinə verilmişdi. Səmimi adam idi Hicran müəllim. Heç nə gizlətmirdi başqalarından.
Dedi ki, “Qəbələdən Milli Məclisin deputatlığına namizəd olan hörmətli bir adamın vəkili idim. O da qalib gəlib seçkilərdə. Bu da ona verilən qələbə şirinliyidir. Ayağım yüngül olub”.
Onda bildim ki, Hicran müəllimin əsli-kökü Qəbələdəndir.
4-cü xatirə:
Hicran müəllimin qızının toyuna köhnə dostu, diktor, xalq artisti Rafiq Hüseynovu çağırması, onun sağlığına badə qaldırması və ardınca toy kassetinin sədr Nizami Xudiyevə “xüsusi izahlarla” çatdırılması nəinki Hicranın, digər diktorların da yenicə işıqlanmağa başlayan karyerasına son qoydu.
“Xüsusi izah” bilirsinizmi nə idi. Amma gülməyin. “Nizami müəllim, sən Hicranı yenidən ekrana qaytardın. “Xəbərlər” kimi yerə işə bərpa etdin. Maşın aldı. Deputatların sevimlisinə çevrilib. Gündə onlarla yeyib-içir. Hara gedir, ayağa dururlar. Amma bax-gör toyda bir dəfə sənin sağlığına badə qaldırdılar? Yox! Amma Rafiq Hüseynovu bəh-bəhlə təriflədi”. Bax bu “xüsusi izah” Hicranın karyerasına son qoydu. Düzdür, Nizami müəllim onu işdən çıxarmadı. Sadəcə quru maaşa oturtdu. Çəkilişlərə getməyinə qadağa qoyuldu. Vəssalam-Şüttəmam. Hə, yadımdan çıxmışdı. Diktorlar şöbəsi də ləğv olundu. Onları redaksiyalara səpələdilər.
5-ci xatirə
Hicran müəllim qızının toyuna məni də çağırmışdı. Çox həyəcanlı idi. Təbii ki, bütün toy yiyələri toy günü həyəcanlı olur. Mənim isə heç nə vecimə deyildi. Yeyib-içib, rəqs edirdim. Toyun ortasında foyeyə çıxdım. Gördüm ki, Hicran müəllim bir aktyor dostuyla dayanıb söhbət edir. Məni görcək söhbətini kəsdi.
-Nədi?
-Heç nə, – deyə cavab verdim.
-Bax gicləmə ha... Bura səninçün iş deyil, toydur, - deyə Hicran müəllim gərgin olduğunu bir az da biruzə verdi. Yəni ki, Mahir uzaq gəz, zarafatlaşmalı halım yoxdur.
-Hicran müəllim, elimizin adəti var. Bir abrın olsun, həyan olsun. Heç olmasa dilucu da olsa, gəlib icazə alaydın. Sadəcə elə-belə, mədəniyyət xatirinə, -dedim.
-Əəə, sən bunu görürsən? – deyə məni yanında dayanan aktyor dostuna göstərdi, - deyir ki, qızına toy eləyirsən, bəs məndən icazə almalısan,- deyə Hicikin (onu belə əzizləyirdim) qırışığı açıldı, başladı gülməyə.
-Onu demirəm e... Hicran müəllim.
-Bəs nəyi deyirsən, - Hicik yenidən ciddi görkəm aldı.
-Deyirəm ki, kürəkəninin adı Qabildir. Adam kürəkəninə ad qoyanda gəlib məndən icazə almaz? Nə ixtiyarla atamın adını kürəkənə qoymusan?
Bunu demişdim ki, Hicran qaqqanaq çəkib güldü. Mən isə tez zala keçdim.
6-cı xatirə:
Xalq şairi Mirvarid Dilbazi rəhmətə getmişdi. Ertəsi gün cənazəni Şəhriyar adına klubdan götürəcəkdilər. Amma ora çəkiliş qrupunu göndərmək yaddan çıxmışdı. Daha doğrusu anlaşılmazlıq olmuşdu. Baş redaktorumuz elə bilmişdi ki, mərasimi Prezidentin çəkiliş qrupu çəkəcək. Bir də ayıldıq ki, bəs mərasim sona çatır, amma ora çəkiliş qrupu getməyib. Mən növbətçiydim. Allahverdi müəllim dəhlizə çıxdı və gördü ki, Hicran oturub televizora baxır.
-Hicran müəllim, maşın gözləyir. Kasset götürün çıxın enerqoblokun qabağına. Şəhriyar klubuna gedəcəksiniz.
Qrupu yola saldım. Yarım saatdan sonra Allahverdi müəllimə zəng edirlər ki, bəs çəkiliş qrupu gəlib çıxmayıb. Zəng elədik ki, “Hicran, bəs hardasan?”
Bizə təzə, Əli adlı bir şofer vermişdilər. Qarajdan çıxan kimi “bənzin yoxdur” deməyə adət eləmişdi. Bu sözü Hicran müəllimə də deyib. O da çoxdan çəkilişlərə getmədiyi üçün Əlinin bu bicliyini bilmirmiş. Yazığı gəlib və deyib ki, “sür benzindoldurma məntəqəsinə”. Biz də zəng edəndə ki, “Hicran bəs hardasan?”. Cavab verdi ki, “Qələbənin kruqundayam, Allahverdi müəllim. Benzinkolonkada”.
Xülasə, Hicran müəllim vida mərasimini çəkməyə gecikdi. Düzdür, başqa televiziyaların “donor” köməyi ilə materialı efirə verdik. Amma, Nizami müəllim bundan xəbər tutmadı. Xəbər tutsaydı, yenidən Hicran müəllimi cəzalandıracaqdı. Fürsət bilib işdən çıxara da bilərdi. Hətta studiyadan çıxanda guya ki, Hicikin ayağı harasa ilişib yıxılmışdı da... Sonra kresloda oturub ürəyini tutmuşdu. Amma “skorı” çağırmağa icazə verməmişdi. Niyə “guya ki” dedim? Çünki orda ayağa ilişməli heç çöp də yox idi. Bunu məncə bilə-bilə eləmişdi, ürəyini də yalandan tutmuşdu ki, danlamasınlar, cəza almasın. Televiziyaya çox bağlı adam idi. Hər şeyi yoluna qoyandan sonra baş redaktor məsləhət etdi ki, Hicran müəllimi öz maşınına mindirim və özüm sükan arxasına keçib evəcən aparım.
Təzə xarici maşın və "Volqa"dan yüksək maşın sürməyən mən. Başladım hər addımbaşı siqnal verib, mərkəzi küçələrlə şütüməyə. Heç nə demirdi. Axırda dözməyib soruşdu ki, “bəs niyə addımbaşı siqnal verirsən?”. Cavab verdim ki, “Hicik, qoy görsünlər ki, mənim də xarici maşınım var”.
“Kül başıva. Mənim maşınımla tirpaşlıq edirsən?” deyib qapazı qoydu başıma.
***
Hicran Hüseynov 1 mart 2013-cü ildə vəfat edib, Mərdəkan qəbiristanlığında torpağa tapşırılıb.
Allah rəhmət eləsin!
“Ədəbiyyat və incəsənət”
(06.05.2026)


