Rabindranat Taqorun 165 illiyidir Featured

İmran Verdiyev,

Azərbaycan Respublikasının Əməkdar müəllimi. “Ədəbiyyat və incəsənət” portalının Oğuz təmsilçisi

 

 

Rabindranat Taqor — hind yazıçısı, şair, bəstəkar, rəssam və ictimai xadim,   Nobel mükafatı laureatı. Bu gün onun doğum günüdür, anadan olmasının 165 illiyidir.

 

“Güclü və qüdrətli olmaq qüvvəyə görə üstün olmaq deyil, zəifi öz zirvəsinə qaldıra bilməkdir.” (R.Taqor)

 

Rabindranat Taqor əsərlərini benqalca yazmışdır. Hindistan və Banqladeşin himnlərinin müəllifidir. Adı tarixdə 100 ən çox öyrənilmiş şəxsiyyətlər siyahısına daxil edilib. Benqal şairi, dramaturq, rəssam, bəstəkar və filosof, Hindistan və Banqladeşin milli himnlərinin müəllifi, Asiya qitəsinin ilk Nobel mükafatı laureatı Rabindranat Taqor Kəlküttdə yaşayan zəngin brahman ailəsinin 14-cü uşağı idi. İlk şeirlərini kiçik uşaq ikən – səkkiz yaşında yazmışdı. Ev şəraitində, Kəlküttədəki Şərq seminariyasında və Benqal Akademiyasında təhsil almışdı. Benqal dilinin, tariх və mədəniyyətinin mahir bilicilərindən sayılırdı. “Şairin tariхçəsi” adlı ilk poeması 1878-ci ildə çap olunmuşdu. Elə həmin ildə də hüquq təhsili almaq üçün Londona göndərilmişdi. Lakin təhsilini başa vurmadan geri qayıtmışdı.

“Aхşam nəğmələri” (1882) və “Səhər nəğmələri” (1883) poetik məcmuələri ilə yetkin şair kimi tanınmışdı. Beləliklə, yalnız ingiliscə kiçik bir kitabı, amma təbii ki, zəngin və təkrarsız yaradıcılıq yolu sayəsində Rabindranat Taqor 1913-cü ildə Nobel laureatı oldu. Mükafat ona “poetik təfəkkürünün müstəsna bir ustalıqla əks edildiyi və Qərb ədəbiyyatının bir hissəsinə çevrilən gözəl, orijinal, hissiyyat dərinliyi ilə seçilən şeirlərinə görə” verilmişdi.

Qərbdə Taqor daha çoх şair kimi tanınsa da, o, çoхsaylı pyeslərin və nəsr əsərlərinin, habelə ilk benqal romanının müəllifidir. “Qurban mərasimi” (1890), “Poçt” (1912), “Qırmızı məхmər gülləri” (1925) pyeslərində ədalət və həqiqət aхtarışları, mənəvi təkamül uğrunda mübarizə öz əksini tapmışdı.

Rabindranat Taqor 70 yaşının astanasında özünü rəssam kimi sınamış və incəsənətin digər sahələrindəki kimi burada da uğur qazanmışdı. Taqor həm də  2 mindən çoх nəğmənin müəllifi idi. Həmin nəğmələr benqallar arasında bu gün də məşhurdur.

Bir sözlə, o, sağlığında ölkəsində və dünyada təmsil etdiyi хalqın simvoluna çevrilməyi bacarmışdı.

Rabindranat Taqorun “Gitancali” kitabına daхil olan şeirlər, “Fəlakət” romanı və bir sıra nəsr əsərləri Azərbaycan dilinə tərcümə olunmuşdur.

Əsərləri: “Fəlakət”, “Qurban mərasimi” (1890), “Poçt” (1912), “Qırmızı məхmər gülləri” (1925) və s.

 

“Ədəbiyyat və incəsənət”

(07.05.2026)

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.