ƏDƏBİYYAT VƏ İNCƏSƏNƏT - Super User
Super User

Super User

Cümə axşamı, 13 Noyabr 2025 11:00

Xəyal insanı öldürür, yoxsa dirildir? – ESSE

 

Nail Zeyniyev, “Ədəbiyyat və incəsənət”

 

İnsan təbiəti ilə bağlı ən böyük paradokslardan biri yəqin ki, budur. Biz eyni zamanda həm real dünyada yaşayırıq, həm də xəyallarımızın dünyasında. Və çox vaxt bu iki dünya bir-birinə qarışaraq bizi parçalayır.

 

Flober öz qəhrəmanı Emma Bovaryni məhz bu paradoksun qurbanı olaraq yaratmışdı. Emma romantik romanlar oxuyur, özünə qəhrəmanlıq, ehtiras və böyük sevgi xəyal edirdi. Amma real həyat ona kiçik bir şəhərdə, darıxdırıcı ərdə, gündəlik məişət problemləri verir. Xəyal ilə reallıq arasındakı bu uçurum onu məhv edir.

Amma gəlin düşünək ki, xəyalsız həyat mümkündürmü? İnsan heyvan olmaqdan məhz başlıca xəyal qurma qabiliyyəti ilə fərqlənir. Heyvan yalnız indiki anı yaşayır, ac olduqda ovlayır, yorğun olduqda yatır. İnsan isə keçmişi xatırlayır, gələcəyi planlaşdırır, olmayan şeyləri təsəvvür edir.

Xəyal qurmaq bizi irəli aparır. Hər bir kəşf, hər bir ixtira, hər bir incəsənət əsəri əvvəlcə kimsə tərəfindən xəyal edilmişdir. Wright qardaşları uça bilməyi xəyal etməsəydilər, təyyarə olmazdı. Pikasso kubizimlə dünyaya fərqli baxmağı xəyal etməsəydi, rəssamlıq başqa bir yol tutardı.

Amma xəyalın təhlükəsi də bundadır o, bizi real həyatdan qaçmağa sövq edə bilir. Biz öz xəyallarımızda o qədər rahat oluruq ki, reallıqla üzləşmək istəmirik. Gonçarov bu fenomeni "Oblomov"da ustadlıqla təsvir edir. Qəhrəmanı Oblomov divanından qalxıb həyata qarışmaq əvəzinə, gözəl gələcək haqqında xəyallara dalır.

Deməli, xəyal nə pisdir, nə də yaxşı. Xəyal bir növ alətdir. Düzgün işlətsən, səni yaradıcı, innovativ, irəliyə baxan insan edər. Səhv işlətsən isə, reallıqdan qaçan, passiv, həyatdan narazı insan.

Sual budur: biz xəyallarımızı necə idarə edə bilərik? Əvvəla, xəyal ilə məqsəd arasındakı fərqi anlamalıyıq. Xəyal sadəcə təsəvvürdür. Məqsəd isə planlı, mərhələli, reallığa çevrilə bilən xəyaldır. Emma Bovary xəyal qurdu, amma məqsəd qoymadı. Oblomov da eyni xətaya düşdü.

İkincisi, xəyallarımızı reallıqla müntəzəm qarşılaşdırmalıyıq. Sartr deyirdi ki, insan "məhkum olunmuş azaddır" - yəni biz öz seçimlərimizlə özümüzü yaradırıq. Xəyallarımızı həyata keçirmək və ya keçirməmək bu bizim seçimimizdir. Və bu seçimin məsuliyyətini daşımalıyıq.

Nəticədə xəyal insan ruhunun oksigenidir. Xəyalsız insan boğulur. Amma yalnız xəyalla da yaşamaq olmaz. Balans lazımdır. Bir ayağımız yerdə, bir ayağımız isə buludlarda olmalıdır…

 

“Ədəbiyyat və incəsənət”

(13.11.2025)

Cümə axşamı, 13 Noyabr 2025 08:02

Onun Cülyettası bir ayrı Cülyetta idi

 

İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”

 

Şərqdə opera aktrisaları Leyli, Qərbdəsə Cülyetta rlunu ynamağa xüsusi həvəs göstrirlər. Amma bir şərqlinin yaratdığı Cülyetta hətta qərblilərə belə örnək sayıla bilərdi. Söhbət Azərbaycan Gənc Tamaşaçılar Teatrının aktrisası Solmaz Qurbanovanın yaratdığı Cülyetta obrazından gedir.

Bu gün aktrisanı xatırlamağımız əbəs deyildir, bu gün onun doğulduğu günüdür.

 

Solmaz Qurbnova 1939-cu il 13 noyabrda Bakıda anadan olub. Sənətə 1955-ci ildən Azərbaycan Gənc Tamaşaçılar Teatrından fəaliyyətə başlayıb. Yeniyetmə oğlan rollarında çıxış etmiş Solmaz Qurbanova teatrın səhnəsində əvəzolunmaz ifası ilə yaddaqalan obrazlar yaradıb.

Səhnə fəaliyyətinə Azərbaycan Gənc Tamaşaçılar Teatrında başlamış, yeniyetmə oğlan rollarında çıxış etmişdir: Onun Qavroş (V. Hüqonun "Səfillər" romanı əsasında), Antonio ("Puerto Sorido alovları", M. Minçkovski), Rəcəb ("Anacan", Y. Əzimzadə), Petya ("İnqilab naminə", M. Şatrov), Kamal ("Sehrli yaylıq", K. Həsənov), Cülyetta, Culiya ("Romeo və Cülyetta", "İki veronalı", U. Şekspir) rolları ilə tanınır.

Kraliça ("İki ağanın bir nökəri", K. Qoldoni), Cemma ("Ovod", E. Voyniç), Flavio ("Sükut divarı", P. Missini), Yaqut ("Məlikməmməd", Ə. Abbasov), Paşa xala ("Unutmayın", Y. Əzimzadə), Dilarə ("Ötən ilin son gecəsi", Anar), Şəcərət ("Əlvida, Hindistan", Q. Rəsulov), Afərid ("Söhrab və Rüstəm", İ. Coşğun), Bibi ("Bala bəla sözündəndir" Əli Əmirli), Qəmər banu ("Mahmud və Məryəm", Elçin) və s. rolları bu gün yaddaşlardadır.

Azərbaycan Respublikasının xalq artisti Solmaz Qurbanova 4 iyun 2013-cü ildə Bakıda vəfat edib.

Allah rəhmət eləsin!

 

“Ədəbiyyat və incəsənət”

(13.11.2025)

Cümə axşamı, 13 Noyabr 2025 09:34

Erməni yalanları bitib qurtarmır

 

İmran Verdiyev,

Azərbaycan Respublikasının Əməkdar müəllimi. “Ədəbiyyat və incəsənət” portalının Oğuz təmsilçisi

 

Bu günlərdə sosial mediada bədnam ermənilər tərəfindən Şəki rayonunun Baş Güngüt, Goybulaq, Daşbulaq, Qayabaşı, Çaykənd, Əlyar və Oğuz rayonunun Zərrab, Qarabulaq (Xotkaşen), Calut, Otmanlı, Böyük Söyüdlü kimi kəndlərinin “qədim erməni kəndləri” olması, o cümlədən mənim doğma kəndimin–Yaqublu kəndinin adının vaxtı ilə “Hakobi Şen” olduğu, kəndin tarixi, əhalisi və s. barədə  gülməli, həm də əsassız iddia və uydurmalarla rastlaşdım. 

 

Bu yazını da onların Yaqublu kəndi barədə hədyanlarına cavab kimi qələmə almışam. Çox istərdim ki, cavabı tarixçi yazsın. Amma müraciət etdiklərimdən səs çıxmadı. Ona görə, bir türk filmində deyildiyi kimi, “iş başa düşdü”, yəni özüm yazası oldum. Varını verən utanmaz deyiblər. 

Hayların hədyanları ilə tanış olandan sonra yadıma universitetdə oxuduğum illərdə hörmətli müəllimim M.Həkimovun doğru danışmayan tələbələrə dediyi “gözünün içinə kimi yalan danışırsan” ifadəsi düşdü. Mən də həmin ifadəni eyni ilə haylara ünvanlayaraq deyirəm ki, gözünüzün içinə kimi yalan deyirsiniz.

Ey yanlar, adına yazılı mənbələrdə, hələlik, Quba rayonunun Xınalıq kəndində anadan olmuş, XIV-XV əsrlərdə yaşamış tarixçi Mahmud Xınaluqinin “XIV-XV əsrlərdə Dağıstan və Şirvan hadisələri” adlı əlyazmasında rast gəldiyimiz bu kənd  sizin  gopa basdığınız kimi heç də “...orta əsrlərdən etibarən qəzanın (əyalətin) böyük və çiçəklənən erməni yaşayış məntəqələrindən biri”, “hələ XV əsrdə Hakobi Şen (Yaqublu) kəndi çoxlu ermənilərin yaşadığı yaşayış məntəqəsi”, “Şərqi Zaqafqaziyanın erməni məşhur yaşayış məntəqələrindən biri” və “1918-ci ilə qədər erməni kəndi “ olmayıb.

Əvvələn, “hələ XV əsrdə” dediyiniz həmin əsrdə yazılmış və yuxarıda da adını qeyd etdiyimiz əlyazmada kəndin adı rusca “Йакублу” (azərbaycanca “Yaqublu”) formasında verilmişdir, “Hakobi Şen” kimi yox. Hakobi Şen”ninizlə bağlı konkret tarixi mənbə də yoxdur, göstərə də bilmirsiniz. Deməli, sizin “Hakobi Şen” özünüzün uydurmasından savayı bir şey deyil. Heç oradakı “şen”lik də sizlik deyil. Qədim türk sözü olub əcdadla bağlı məkan, yer, yurd, ad anlamındadır (Soyqrim1694067637.pdf, səh:282). Bilin ki, “Yaqublu” toponimi qədim türk dillərindəki “şahzadə” və “başçı” mənalarında işlənən arxaik “yabğu”(“yağbu”) və ya “Kitabi-Dədə Qorqud”dan da bizə tanış olan “yavuq” və “yavuqlu” (yaxın, yaxınlıq) sözləri əsasında formalaşıb. Bu, alimlər tərəfindən çoxdan sübut edilmişdir. (https://ucnoqta.az/news/150109) Antrotoponim (məsələn, Qərbi Azərbaycandakı Şadmanlı, Kosalı, Oğuz-türkmən və avşar tayfalarının bir qolu olan “yaqublular” və s.) əsasında əmələ gəldiyi açıq-aşkar görünür. “Yaqub nəslinə məxsus, Yaqub nəslindən, tirə, qol, boy, oymaq və tayfasından olanlar” anlamındadır. Bu adda toponimlər indiki Azərbaycan Respublikasında, Qərbi və Cənubi Azərbaycanda, eləcə də Gürcüstanda onlarla olub, bəziləri indi də var. Və hamısında uzaq keçmişdə də, indi də azərbaycanlılar yaşayıb və yaşayır. Qərbi Azərbaycandakı Yaqublu kəndlərini isə siz ya tarixdən silmiş, ya da oraları erməni ilə doldurub adını dəyişdirmisiniz.   (https://westaz.org/storage/postFile/Qerbi_Azerbaycanin_turk_mensheli_toponimleri_12-09-2023_15-11-25.pdf , səh: 168)

M.Xınaluqinin əlyazmasında, rayondakı Calut monastırının tarixindən bəhs edən mənbədə, 1701-ci ilə aid erməni kilsə arxivində saxlanılan və Səfəvi Şahı Sultan Hüseynə ünvanlanmış müraciətdə, 1819-cu ilə aid olan “Şəki vilayətinin təsviri” adlı mənbədə, M.Barxudaryantsın 1893-cü ildə yazdığı kitabda,Vartaşen məktəbinin keçmiş müdiri udi M.Bejanovun 1896-cı ildə və Qafqaz Statistika Komitəsinin əməkdaşı D.D.Paqirevin 1914-cü ildə Tiflisdə çap etdirdikləri əsərlərində, ruslar tərəfindən aparılmış bütün kameral təsvirlərə aid sənədlərdə də kəndin adının Yaqublu (“Hakobi Şen” yox) olduğunu görürük.

Toponiminin tərkibindəki türk mənşəli “Yaqub”un, yəhudi və ya udi adı olan Yakovun (İakovun) ərəb forması “Yaqub”la fonetik tərkibcə eyni olması bir təsadüf və zahiri bənzərlikdir. Ermənicə (“Hakobi Şen”) olmasının iddia edilməsi isə sadəcə gülüncdür.

Həm də o, necə “çoxlu ermənilərin yaşadığı yaşayış məntəqəsi” olub ki, çar hökuməti tərəfindən üç əsrdən sonra aparılmış kameral təsvirlərdən belə məlum olur ki, 1824-cü ildə burada 13 həyətdə 42 nəfər kişi, 29 nəfər qadın olmaqla cəmi 71 nəfər yaşayıb. (Z.Ə.Cavadova: “Şimal-şərqi Azərbaycanın əhali tarixi və tarixi demoqrafiyası”, “Altay”, Bakı-2002, səh:52). Bəs hanı sizin “çoxlu ermənilər”? Artmaq əvəzinə azalıblar?! Bəlkə, uçub gediblər?! Yox, getməyiblər, çünki onlar heç gəlib bura qonmamışdılar. O vaxta kimi kənddə azərbaycanlı (türk), ləzgi və udilər yaşayıblar. XIX əsrdə burda məscid binasının olması, 1825-ci ildə bu kənddə Əsgər Salami adlı şairin anadan olduğu və Azərbaycan dilində yazıb-yaratdığı da məlumdur .

(Bax: https://www.edebiyyatveincesenet.az/ru/life/item/18708-khikh-aesrdae-yasham-sh-bir-shair-aeszhaer-salami-hagginda-ipudzu).

Kameral təsvir göstərir ki, Yaqublunun yaxınlığında həmin kəndin icmasına daxil olan və cəmi 16 nəfər azərbaycanlının yaşadığı “Duruca” adlı kiçik bir yaşayış məntəqəsi də olub. 1819-cu ilə aid kameral təsvirdə isə kəndin cənub hissəsi “Güllüdağ kəndi” adı ilə ayrıca yaşayış məntəqəsi kimi verilib, həm də burda yaşayan udilər erməni kimi qeydə alınıb. Həmin mənbədən o da aydın olur ki, həmin “kənd” Nuxa xanı Məhəmmədhəsən xanın öz nəslindən olan və boşanmış arvadı Xeyrənnisə xanıma talaq olaraq verilib, kəndin vergisi də ona çatırmış. Mənbələr sübut edir ki, XVIII əsrdə kənd həm də qışlaq yeri olub. Aydın məsələdir ki, qışlaq yeri kimi buradan istifadə edənlər elatlar və ləzgilər idi. Erməni hara, yaylaq-qışlaq hara?! (Bax: İ.Verdiyev: “Yaqublu kəndi və onun məktəbi”, Mingəçevir-2022, səh: 45).

Alban-udi Xristian İsmasının sədri R.Mobili “Dədə Qorqud Milli Fondu –Azərbaycan Dünyası” jurnalının 18 iyul 2018-ci il tarixli sayında dərc etdirdiyi “Qafqaz Albaniyasının müstəqil apostol kilsəsinin birbaşa dini varisi –alban-udi xristian icması” adlı məqaləsində göstərir ki, XX əsrin əvvəllərinədək Oğuzun (Vartaşenin) digər kəndləri ilə yanaşı, Yaqublu kəndində də udilər kompakt şəkildə yaşamışlar. Tarix də göstərir ki, həmin dövrlərdə kənddə mənşəcə udu olan Nerses Bəynəzər adlı keşiş də yaşamışdır, o hətta erməni kilsəsindən ayrılmaq barədə ərizəyə imza da atmışdır.

(https://www.facebook.com/oghuzhistoricial/).

Tiflisdə dərc olunmuş “Nor-Dar” qəzetinin 07 sentyabr 1887-ci il tarixli 151-ci sayında kəndin adı “Yaqublu” kimi qeyd edilməklə, udi S.Silikovun mülki olduğu göstərilmişdir. (Bax: Q.Cavadov və R.Hüseynov: “Udilər”, Elm, Bakı-1999, səh:96). Siz daşnakların 1918-ci ildə öz doğma kəndlərindən –Yaqubludan didərgin saldığınız udilərin nəvə-nəticələrinin bir qismi (dallarilər) indi də Qəbələ rayonundakı Nic qəsəbəsinin Dəlləkli məhəlləsində yaşayırlar və yeri düşdükcə hələ də sizlərə ləhnət oxuyurlar (Yaqublu_kendi_ve_onun_mektebi (4).pdf . səh:36).

Sizin Yaqublunun “1918-ci ilə qədər bu erməni kəndi olub”  sərsəmləmənizi rus ordusunda xidmət edən, Şirvana gedərkən rayonun Zərrab kəndindən də (həmçinin Zərrabın şərqində, ondan 4-5 km. aralı olan, Şirvan istiqamətindəki Yaqubludan) keçən ispan general Xuan Van Haleni Sartinin xatirələri də təkzib edir. Belə ki, o, 1820-ci ildə burdan keçərkən qeyd edir ki, ermənilər bu ərazilərə yeni köçürülüb, sənaye və ticarətlə məşğul olurlar.

 (Dos años en Rusia: obra redactada a la vista de las memorias y manuscritos ... - Agustín Mendía - Google Kitaplar) və ya (https://cavid.info/ispan-general-xuan-van-halenin-az%c9%99rbaycana-s%c9%99f%c9%99ri/)

Bu təkzibi mümkün olmayan tarixi faktdır.

Özünüz də yaxşı bilirsiniz ki, siz ermənilərin bura köçürülməsi XIX əsrin əvvəllərindən başlanmışdır. Rus tədqiqatçısı N.İ.Şavrov yazırdı ki, “Zaqafqaziyada yaşayan 1 milyon 300 min nəfər erməninin 1 milyonu yerli deyildir. Və onlar vilayətə bizim tərəfimizdən köçürülüb”. (N.İ.Şavrov: "Zaqafqaziyada rus işinə yeni təhlükə: Muğanın yadellilərə satışının gözlənilməsi". SPB. 1911, səh: 59). XIX əsrin sonlarında kənddə əhali sayının 1000 nəfəri ötməsi də təbii artım nəticəsində deyil, məhz həmin köçürmənin hesabına olmuşdur. Öz mənbələrinizdə də qeyd etdiyiniz kimi, gəlmə ermənilərin içərisində Dağlıq Qarabağdan köçürülənlər də çox olmuşdur. Yazdığınız “Həmin əsrin (XIX əsrin) sonunda əhali (kənd – İ.V.) Artsax köçkünləri hesabına dolduruldu” cümləsi də bunu sübut edir. (Bax: Vartaşen erməni tarixi yaşayış məntəqələri. Hakobi Şen (Yaqublu). Beləliklə, “...orta əsrlərdən etibarən qəzanın (əyalətin) böyük və çiçəklənən erməni yaşayış məntəqələrindən biri” ifadəsində “orta əsrlərdən” sözlərini kənara ataq. (Çünki yuxarıda da qeyd etdiyimiz kimi, yalandır, “orta əsrlərdə” burada hay olmayıb.)  

 “...Çiçəklənən erməni yaşayış məntəqələrindən biri” məsələsinə gələndə isə, deyə bilərik ki, siz ermənilər gələndən sonra bura “çiçəklənən erməni yaşayış məntəqəsi” yox, fitnə-fəsad yuvasına çevrilmişdi. Tarixi faktlar göstərir ki, sizlərin əraziyə köçürülməsi başlayandan az sonra ermənilər yerli xalqların nümayəndələrinə - azərbaycanlılara, ləzgilərə, udilərə, onların məscid və kilsələrinə qarşı təcavüzə başlamışdılar (https://fgurgia.ru/object/3759837) və ya (https://www.facebook. com/profile/100063458799948/search/?q=Cana%C5%9Fvili).

Tezliklə etnik udilərin kilsələrində hökmranlığı ələ almışdılar. Ermənilər yerli əhalini evlərindən çıxarır, onlara məxsus olan əmlakı mənimsəyir, talançılıq edir, camaatı soyur və incidirdilər. Nəticədə azərbaycanlılar, ləzgi və udilər tədricən, həm də məcburən kəndi tərk etməyə başlamışdılar. Məhz bunun nəticəsində XIX əsrin sonlarına doğru aparılmış kamerial təsvirlərdə ermənilərin kənddə sayca çoxluq təşkil etdikləri qeydə alınmışdır. Məsələn, 1886-cı ildə aparılmış kameral təsvirdən də göründüyü kimi, XIX əsrin sonlarında Yaqublu kəndində Azərbaycan, ləzgi və udi xalqlarının nümayəndələrindən cəmi 10-15 nəfər qalmışdı. 

Siz ermənilərin qeyri millətlərin nümayəndələrinə qarşı təcavüzləriniz isə bitib tükənmək bilmirdi. Həmin dövrlərdə Vartaşen qarnizonunun (baş qərargahı Nuxanın Qayabaşı kəndində yerləşirdi) zabitlərindən Ter Qriqoryants (mənbələrdə onun üzdəniraq S.Şaumyanın qohumu olduğu göstərilir) adlı bir daşnak baş qaldırmışdı. Qayabaşıdakı baş qərargahla sıx əlaqə saxlayan Ter Qriqoryants  erməni kəndlərini, o cümlədən Yaqublunu gəzərək əhalini silahlanmağa və alaylar təşkil etməyə çağırırdı. Kənddəki ermənilər Qayabaşıdakı qərargahla, Oğuzdakı qarnizonla sıx əlaqə saxlayır, onlara hər cür maddi-mənəvi köməklik edir, silahlanır və aldıqları əmrləri yerinə yetirirdilər (https://www.lib.az/users/1/upload/files/60.pdf , səh:98).

1918-ci ilin yazında çox yerdə olduğu kimi, Yaqubludakı erməni silahlı dəstələri də müsəlman xalqların nümayəndələrinə qarşı qırğınlara başlamışdılar. Onlar adətən səhərə yaxın, hava tam açılmamış müsəlman kəndlərinə silahlı hücumlar edir, qətl və qarətlər törədir, hava işıqlanan kimi çəkilib gedirdilər. Amma (“Proqrammı armyan v Bakinskoy i Elizavetpolskoy qubernie” saxta sənədlər və materiallar məcmuəsində göstərilən kimi) yalandan Bakıya və Tiflisə müsəlmanların təzyiq və təqiblərinə məruz qalmaları barədə məktublar göndərir, riyakarlıqla “imdad” diləyirdilər. Ermənilərlə, onların rəhbərləri ilə aparılan söhbətlər, qaçqınların yerləşdirilməsi və kəndlərin qarşılıqlı dəyişdirilməsi barədə edilmiş təkliflər, köməkliklər, güzəştlər və xəbərdarlıqlar da heç bir nəticə vermirdi. Erməni mənbələrində də (“Proqrammı armyan v Bakinskoy i Elizavetpolskoy qubernie” sənədlər və materiallar məcmuəsi) qeyd edildiyi kimi, 3 may 1918-ci il tarixdə Padar və Yaqublu kəndləri arasında neytral zonada Zaqafqaziya müftisi Mustafa Əfəndizadənin; Nuxa və Ərəş qəzalarının rəhbər şəxslərinin, 32 kəndin rəsmi nümayəndələrinin (müsəlman və ermənilərin) iştirakı ilə keçirilmiş geniş sülh konfransında kəndlərin qarşılıqlı dəyişdirilməsi, ədavətə son qoyulması və dinc-yanaşı yaşamaq barədə razılıq əldə olunsa da, sonralar erməni daşnakları tərəfindən bu razılaşmalar pozulmuşdu. Qafqaz İslam Ordusunun komandanı Nuru Paşanın qaçqın düşmüş ermənilərin ərazidəki müxtəlif kəndlərə, o cümlədən Yaqubluya yerləşdirilməsi təklifi də erməniləri qane etməmiş, onlar öz murdar əməllərini davam etdirmişdilər  (https://www.lib.az/users/1/upload/files/60.pdf , səh:110).

1918-ci ildə Batum müqaviləsinə əsasən köməyə gəlmiş türk hərbi  qüvvələri yerli qüvvələrlə birlikdə miralay Süleymanovun komandanlığı altında qısa müddət ərzində Qayabaşıdakı terror yuvasına çevrilmiş erməni qərargahını ləğv edərək, 1918-ci ilin iyul ayının altısında oradan “8 vers” şimal-şərqdə yerləşən Yaqublu kəndini də erməni silahlılarından təmizləmişdi. Dinc sakinlərə kənddə qalıb yaşamaq təklif edilsə də, onlar bu təklifini qəbul etməmiş və öz istəkləri ilə buranı tərk etmişlər (https://www.lib.az/users/1/upload/files/60.pdf, səh:110,112). Ona görə sizin  mənbələrinizdəki “1918-ci il yayda bu kəndin və ətrafdakı digər kəndlərin erməni əhalisi türk-tatar qüvvələri tərəfindən qırğınlara məruz qalıb” ifadəsi tamamilə iftira, böhtan, yalançı vay-şüvən, N.N.Şavrovun da dediyi kimi erməni “hay-küyü”dür. Bu da sizin erməni xislətinə xas olan bir şeydir və təəccüblü deyil.

Qaldı erməni mənbələrində qeyd edilən kilsələrə, bəli, Yaqubluda iki kilsə olub. Hətta birinin etnik mənşəcə udi olan H.Silikov tərəfindən tikildiyi də məlumdur (Yaqublu_kendi_ve_onun_mektebi (4).pdf. səh:28). Onu da xüsusi olaraq qeyd edək ki, faktlar kənddə məscid binasının da olduğunu göstərir. Daşnakların erməni kilsəsi hesab etdikləri kilsələr isə zorla qriqorianlaşdırılmış və Eçmədzin kilsəsinə tabe etdirilmiş udi kilsələri idi. Təsadüfi deyildir ki, etnoqraf və tarixçi İ.(M).Canaşvili 1903-cü ildə “Heretinin təsviri” adlı məqaləsində Vartaşendəki (Oğuzdakı) udi kilsələrinin erməniləşdirilməsindən bəhs edərkən yazırdı: “Ruslar Nuxa Xanlığını fəth etdikdə Paskeviç bu bölgədəki erməniləri gücləndirdi və keşişsiz qalan pravoslav xristianlar tədricən erməni dinini qəbul etməyə məcbur oldular. Amma əslində bu torpaqlarda heç vaxt erməni kilsələri olmamışdı”.

(https://www.facebook.com/profile/ 100063458799948/search/?q =Cana%C5%9Fvili.) Şəxsən mən və həmyaşıdlarım 1970-1980-ci illərdə Vartaşendə (Oğuz şəhərində) və Qəbələ rayonunun Nic kəndində yaşayan udilərin xarabalığı qalmış, kəndin şimal hissəsində yerləşən (udi H.Silikovun tikdirdiyi) kilsə yerini ziyarətə gəlmələrinin və burda dini ayinlər keçirmələrinin canlı şahidləriyik. O vaxt yaşlı kənd sakinləri (M.Mehdiyev, Q.Abbasov, Ə.Abdullayev, Q.Rzayev və b.) onların çoxunu şəxsən tanıdıqlarını və hamısının da udi olduqlarını söyləyirdilər (Yaqublu_kendi_ve_onun_mektebi (4).pdf , səh:30 ).

Rayondakı Calut monastırında (həmin vaxt bu bura Eçmədzinin tabeliyini qəbul etməmişdi, avtokefal idi) katolikos taxtını tutmuş, Albaniya katolikosu olmuş Aristakesə gələndə isə bildiririk ki, o Yaqubluda anadan olub, lakin mənşə etibarı ilə erməni yox, udi idi. Yaqubluda dəfn olunub və qəbirüstü kitabəsi də Yaqublu qəbiristanlığında olub. “...məhz bu monastırda yerli udilər Gəncəsərə qarşı öz müstəqil "Alban" katolikosluqlarını yaradıb və 1402-ci ildən 1511-ci ilə qədər, düz 1 əsr idarə ediblər. Həmin katolikosların da məzarları indiki Oğuz və Qəbələ rayonlarının kəndlərində yerləşir....Bu katolikosların hamısının Calutda hökmranlıq sürməsi, Oğuz və Qəbələ zonalarında vəfat etmələri bizə əsas verir ki, bu katolikosların etnik udi olduğunu deyək.

(https://www.facebook.com/groups/484135851677857/posts/30936 96507388432/?rdr). Udi Aristakesi erməni hesab etmək isə erməni arsızlığından və saxtakarlığından başqa heç nə deyil.

Din ayrı qardaşlarımız qıpçaq türklərinin hesabına ölkə quran, qədim alban tayfalarından sayılan udilərin maddi-mənəvi dəyərlərinə sahiblənib özünüzə “qədim tarix” düzəldən, “udini erməni edən” (erməniləşdirən), hərədən bir şey çırpışdıran  siz haylardan bundan artıq nə gözləmək olar ki?! Vaxtı ilə rus yazıçı, tarixçisi və diplomatıA.S.Qriboyedov rus imperatoruna məktubunda yazırdı ki, “Əlahəzrət, mərkəzi rus torpaqlarında ermənilərin məskunlaşmasına icazə verməyin. Onlar elə tayfadırlar ki, bir neçə il yaşayandan sonra dünyaya hay-küy salacaqlar ki, bura bizim qədim dədə-baba torpağımızdır” (https://azerbaijan.az/related-information/106 ).

A.S.Qriboyedov nə qədər haqlı imiş! 

 

  1. Şəkildə: Yaqublu kəndinin məzunları

 

“Ədəbiyyat və incəsənət”

(13.11.2025)

 

                                                             

 

 

 

 

Rəqsanə Babayeva Beyləqan rayon Mədəniyyət Mərkəzinin rejissoru, "Gənclik" xalq teatrının rəhbəri, yazıçı.Ədəbiyyat və İncəsənət üçün

 

Günəşli Antalya bu dəfə təkcə Aralıq dənizinin mavi suları, ya da turizmin cazibə nöqtəsi kimi deyil, həm də mədəniyyətin, düşüncənin və mənəvi körpülərin qurulduğu bir məkan kimi yadda qaldı. 2025-ci ilin noyabrında burada keçirilən I Azərbaycan Mədəniyyət Elçiləri Forumu, sadəcə tədbir deyil, bir missiyanın təcəssümü idi – qardaş xalqlar arasında mədəniyyət vasitəsilə ünsiyyətin möhkəmləndirilməsi.

Forumun təşkilatçıları — Azərbaycan Mədəniyyət Nazirliyi və Diasporla İş üzrə Dövlət Komitəsi — bu tədbirlə həm ölkə daxilində, həm də beynəlxalq miqyasda “kültür diplomatiyası” adlanan anlayışa yeni nəfəs verdilər. Bu təşəbbüs, mədəniyyətin siyasətdən, iqtisadiyyatdan, hətta coğrafi məsafələrdən belə daha dərin bağlar qurduğunu bir daha sübut etdi.

Mədəniyyət elçilərinin missiyası

Forumun əsas ideyası sadə, amma dərin mənalı idi: dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlı mədəniyyət xadimlərini, ziyalıları və yaradıcı gəncləri bir şəbəkədə birləşdirmək, onları milli kimliyin daşıyıcıları, mənəvi səfirlər kimi fəaliyyət göstərməyə təşviq etmək.

Mədəniyyət elçisi — bu anlayışın arxasında təkcə sənətkar obrazı deyil, həm də kimliyini, dilini və mənəviyyatını qorumaq istəyən bir insan durur. Hər bir rəssam, musiqiçi, teatr rejissoru və ya yazıçı öz yaradıcılığı ilə bir xalqın hekayəsini danışır. Bu baxımdan, Antalyada keçirilən forum sanki “mədəniyyətin səssiz ordusu”nu toplayaraq, onların birgə addımını koordinasiya etdi.

Forumun açılışında səslənən fikirlər də bu ruhu daşıyırdı: “Biz mədəniyyət vasitəsilə millətimizi tanıdırıq, dövlətimizi anlatırıq. Mədəniyyət, xalqın səfiridir.” Bu cümlə sanki tədbirin bütün fəlsəfəsini bir cizgidə ifadə edirdi.

Antalya — seçilmiş məkandır

Antalyanın bu tədbir üçün ev sahibi seçilməsi təsadüfi deyildi. Şəhər həm coğrafi, həm də mənəvi baxımdan iki qardaş ölkə arasında körpü rolunu oynayır. Burada həm türk, həm də azərbaycanlı sənətkarların yaradıcılıq yolları çoxdan kəsişib.

Antalyada keçirilən forumda iştirak edən mədəniyyət xadimləri, diaspor nümayəndələri və tələbələr bir daha gördülər ki, ortaq dilin və tarixin yaratdığı mədəni birliyə fiziki sərhədlər mane ola bilmir. Aralıq dənizinin sahilində səslənən Azərbaycan musiqisi, milli geyimlərin rəngarəngliyi, teatr və rəqs kompozisiyaları bu həqiqəti sənətin dili ilə təsdiqlədi.

Antalya həm də turizm şəhəri olaraq beynəlxalq auditoriyaya açıqdır. Forumun burada keçirilməsi Azərbaycanın mədəni mesajını təkcə türkiyəlilərə deyil, dünyanın müxtəlif ölkələrindən gələn ziyarətçilərə də çatdırmaq imkanı verdi. Bu baxımdan, tədbir həm kültür diplomatiyası, həm də kültür turizmi baxımından uğurlu strateji addım idi.

Görüşün əsas istiqamətləri

Üç gün davam edən forumun proqramı zəngin idi. Müzakirələrdə mədəniyyət elçilərinin fəaliyyətinin hüquqi və institusional əsaslarının möhkəmləndirilməsi, xaricdəki mədəniyyət mərkəzləri ilə əməkdaşlıq mexanizmləri, eləcə də “Milli dil və rəqəmsal mədəniyyət” adlı layihənin təqdimatı mühüm yer tuturdu.

Forumda vurğulandı ki, bu gün mədəniyyət yalnız səhnə, muzey və kitab sərhədləri ilə məhdudlaşmır. Rəqəmsal platformalar, sosial media, virtual sərgilər və onlayn konsertlər artıq milli kimliyin yeni ifadə müstəvisinə çevrilib. Azərbaycan da bu trendlərdən kənarda qalmır — əksinə, öz qədim musiqi və ədəbiyyat ənənələrini müasir kommunikasiya vasitələri ilə birləşdirərək dünyaya təqdim etməyi hədəfləyir.

Forum çərçivəsində keçirilən “Kültür və gənclik” paneli xüsusilə diqqət çəkdi. Burada gənc mədəniyyət elçiləri öz layihələrini təqdim etdilər: biri Azərbaycan xalça sənətini Avropa dizayn məktəbləri ilə sintez etməyi planlaşdırırdı, digəri muğamı caz improvizasiyası ilə birləşdirən layihə üzərində işləyirdi. Bu gənclərin səsində, baxışında bir ortaq cizgi vardı — milli olanı müasir dillə danışmaq istəyi.

Kültür diplomatiyası: yumşaq gücün sərhədsiz təsiri

Mədəniyyət elçiləri ideyası, əslində, XXI əsrin diplomatiya konsepsiyasında mühüm yer tutan “yumşaq güc” anlayışının bariz nümunəsidir. Dövlətlər artıq mədəniyyət vasitəsilə bir-birinə daha yaxınlaşır, sərt siyasətin qaldıra bilmədiyi körpüləri incəsənət və mənəviyyat inşa edir.

Azərbaycan üçün bu yanaşma yenilik deyil. Son illərdə keçirilən beynəlxalq film festivalları, Bakı Caz Festivalı, UNESCO-nun siyahısına daxil edilmiş muğam və aşıq sənəti kimi dəyərlər ölkəmizin mədəni kimliyini dünya miqyasında tanıdan əsas sütunlardır.

Antalyada keçirilən forum bu prosesin davamı kimi qəbul oluna bilər. Burada əsas məqsəd təkcə “tanıtmaq” deyil, həm də “anlaşmaq” idi — yəni mədəniyyət vasitəsilə dialoq qurmaq, ortaq mənəvi dəyərləri paylaşmaq.

Forumun sonunda səslənən rəsmi çıxışlarda vurğulandı ki, bu təşəbbüs gələcəkdə regional mədəniyyət layihələri üçün model ola bilər. Yəni “mədəniyyət elçiləri” anlayışı təkcə Azərbaycan üçün deyil, bütün türk dünyası üçün ortaq bir platformaya çevrilə bilər.

Qardaş ölkələrin ortaq səsləri

Forumun bədii hissəsi də təsirli idi. Azərbaycan və Türkiyənin tanınmış sənət adamları səhnəyə çıxdılar — muğamdan Anadolu türküsünə, aşıq sənətindən klassik musiqiyə qədər geniş bir mədəni palitra nümayiş olundu. Bu məqamda “iki dövlət, bir millət” fikri sanki notların və rənglərin dili ilə ifadə olundu.

Antalyalı tamaşaçıların, xüsusən gənclərin bu çıxışlara göstərdiyi diqqət və rəğbət, bir daha göstərdi ki, mədəniyyət millətlər arasında ən təsirli tərcüməçidir. O, dil baryerini, siyasi sərhədi, hətta zaman fərqini də aradan qaldıra bilir.

Gələcəyə baxış

Forumun sonunda iştirakçılar bir sıra əməkdaşlıq qərarları qəbul etdilər. Bunlar arasında mədəniyyət elçilərinin təlim proqramlarının təşkili, ortaq sərgilərin və musiqi festivallarının keçirilməsi, həmçinin Azərbaycan–Türkiyə Mədəniyyət Platformasının yaradılması ideyası da yer aldı.

Bu addımlar göstərir ki, Antalyadakı görüş bir başlanğıcdır. Mədəniyyət elçiləri artıq təkcə təmsilçi yox, həm də yaradıcı tərəfdaş rolunda çıxış edəcəklər. Onların hər biri öz ölkəsində Azərbaycan ruhunu yaşadacaq, bu ruhu incəsənətin dili ilə dünyaya çatdıracaq.

Bununla belə, qarşıda duran vəzifələr də az deyil. Mədəniyyət elçilərinin fəaliyyəti sistemli şəkildə dəstəklənməli, layihələr təkcə rəmzi səviyyədə yox, praktik səviyyədə həyata keçirilməlidir. Yalnız bu halda bu təşəbbüs uzunömürlü və səmərəli olacaq.

Antalyada keçirilən I Azərbaycan Mədəniyyət Elçiləri Forumu, bir tədbirdən çox, bir simvoldur — dil, mədəniyyət və mənəviyyatın sərhəd tanımayan gücünün simvolu.

Bu forum göstərdi ki, mədəniyyət sadəcə keçmişin yadigarı deyil, gələcəyin qurucusudur. Hər bir xalq öz mədəniyyətini paylaşdıqca, dünya bir az daha sülhə, bir az daha anlaşmaya yaxınlaşır.

Azərbaycan bu prosesdə yalnız özünü tanıtmır — həm də dostluğun, qardaşlığın, mənəvi zənginliyin carçısına çevrilir. Antalya görüşü də məhz bu carçılığın səsi idi — səmimi, ahəngdar və birləşdirici.

Və bəlkə də, bu səs Aralıq dənizinin sahilində deyil, hər birimizin içində, mədəniyyətə və kimliyə sevgi ilə döyünən ürəklərdə davam edir.

“Ədəbiyyat və incəsənət”

(13.11.2025)

 

 

 Şərəf Cəlilli,

filologiya üzrə fəlsəfə doktoru, “Ədəbiyyat və incəsənət” üçün

 

Bu gün - noyabrın 13-ü 1974-1988-ci illərdə Bakının baş memarı kimi onun mənəvi mənzərəsini yaradanların, inkişafına töhfələr verənlərin sırasında yer almış akademik Rasim Əliyevin xatırlanan günüdür.

 

Ruhunu, düyğusunu daşa, yaddaşa, kətana köçürmək, əbədiyyət dastanını tişənin və qələmin müqəddəsliyi ilə yazmaq hər bir qüdrətli şəxsiyyətə, sənətkara nəsib olmur. Mütəfəkkir alim, dünyaşöhrətli memar, əvəzsiz sənət inciləri yaradan akademik Rasim Əliyev tercümeyi- halı ilə tarix yaradan, qiymətli əsərləri ilə tarixlə müasirlik arasında körpüyə çevrilən ustad sənətkarlardan idi.

Adı ilə bağlı memarlıq məktəbibinin qurucusu və yaradıcısı olan akademik Rasim Həsən oğlu Əliyev 1934-cü il iyul ayının 16-da Gəncə şəhərində anadan olmuşdu. O, 1958-ci ildə Azərbaycan Politexnik İnstitutunu memarlıq ixtisası üzrə bitirmişdi. Ali təhsilini başa vurduqdan sonra, 1958–1965-ci illərdə “Azərdövlətlayihə” İnstitutunda işləmişdi. O, 1965–1974-cü illərdə Bakı şəhərinin baş memarının birinci müavini və 1974–1988-ci illərdə baş memarı vəzifələrində çalışmış, eyni zamanda, 1980–1988-ci illərdə Azərbaycan Memarlar İttifaqının katibi olmuşdu.

Akademik Rasim Əliyev həyatını ölkənin quruculuq işlərinə sərf edərək şəhərsalma, tikinti və memarlıq sahəsinin inkişafına töhfələr vermişdi. O, Bakının, eləcə də respublikanın digər şəhərlərinin planlaşdırılması və tikintisinə dair çoxsaylı layihələrin müəllifi olmuşdu. Ölkə miqyasında bir sıra obyektlərin layihələndirilməsi işinə rəhbərlik edən akademik Rasim Əliyev yüksək peşəkarlığı, təşəbbüskarlığı və əməksevərliyi sayəsində həmin layihələrin uğurla həyata keçirilməsində mühüm nailiyyətlərə imza atmışdır. Heydər Əliyev adına Bakı Beynəlxalq və Naxçıvan hava limanlarının, Azərbaycanın Türkiyə Cümhuriyyətindəki səfirliyinin, Bakı Metropoliteninin bir neçə stansiyasının, Bakı şəhərinin simasını müəyyənləşdirən bir çox binaların, Bakının 8-ci, 9-cu mikrorayonlarının, Əhmədli qəsəbəsinin, Kiyev və Günəşli yaşayış massivlərinin və əsas parkların, xüsusən də şəhərə yaraşıq verən “Gənclər parkı”nın, Bakının və digər şəhərlərdəki mərkəzi meydanların və mədəniyyət saraylarının, həmçinin xatirə abidələrinin işlənib hazırlanmasında əvəzsiz xidmətlər göstərmişdir.

Milli-mənəvi dəyərlər tariximizdə mühüm yer tutan, ölkənin Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti xanım Mehriban Əliyevanın iradəsi ilə dünyanın maddi-mədəni irsi siyahısına daxil edilən “İçərişəhərin Regenerasiya Planı” məhz onun rəhbərliyi, müəllifliyi ilə hazırlanmışdır. Naxçıvanda Hüseyn Cavidin məqbərə kompleksinin layihə rəhbəri, baş memarı və rəssamı kimi möhtəşəm bir abidəyə imza atan akademik Rasim Həsən oğlu Əliyevin, Şəhidlərin məqbərə kompleksinin ərsəyə gəlməsində də məxsusi yeri və rolu vardır. Dünyaşöhrətli sənətkarın layihələndirdiyi bütün bu memarlıq nümunələri özünün maraqlı həcm-məkan kompozisiyası və monumentallığı ilə səciyyələnir və diqqəti cəlb edir. Akademik Rasim Əliyev zəngin irsi ilə memarların gənc nəslinin bədii-estetik zövqünün formalaşmasında və peşəkarlığının təşəkkülündə mühüm rol oynamışdır. Onun şah əsəri isə Ulu öndər Heydər Əliyevin Şəhidlər Xiyabanındakı əzəmətli abidəsidir. Dünya memarlığının və heykəltəraşlıq sənəntinin əvəzsiz incilərindən olan bu abidə iki qüdrətli alimin: akademiklər Ömər Eldarovun və Rasim Əliyevin Ulu Öndərə sevgisinin, milli dövlətçilik tariximizə sonsuz məhəbbətinin nümunəsidir. Ölümü ilə ölümsüzlüyə qovuşan Ulu Öndəri hər gün ziyarətə gələn yüzlərlə insan, dövlət xadimləri memar Sinan, Əcəmi Naxçıvanlı, Kəmaləddin Behzad, Zivərbəy Əhmədbəyov, Bəhruz Kəngərli, Mikayıl Abdullayev, Səttar Bəhlulzadə, Tokay Məmmədov, Tahir Salahov kimi dahilərin sırasında yer alan hər iki qüdrətli sənətkarın simasında tərcümeyi – halı ilə tarix yaradan qüdrətli fırça və tişə ustalarının əzəmətini etirafda bulunur.

Akademik Rasim Əliyevin ölkəmizdə memarlığın inkişafında xidmətləri və şəhərsalma sahəsindəki uzunmüddətli səmərəli fəaliyyəti yüksək qiymətləndirilmişdir. O, 1979-cu ildə Əməkdar memar fəxri adını almış, 1982-ci ildə Dövlət mükafatına layiq görülmüş, 2000-ci ildə müstəqil Azərbaycan Respublikasının ali dövlət mükafatlarından olan “Şöhrət”, 2009-cu ildə “Şərəf” və 2014-cü ildə “İstiqlal” ordenləri ilə təltif edilmişdir.

Akademik Rasim Əliyev adını Azərbaycanın elm tarixinə həkk etmiş, mütəfəkkir alim ucalığı ilə qiymətli əsərlər yaratmış, Azərbaycan Milli Elmlər Akademiyasının qurucularından biri, ölkəmizdə coğrafiya elminin inkişafına töhfələr vermiş böyük bir alimin, soyu, soykökü, şəcərə dəftəri ilə Ulu Öndər ucalığına, milli dövlətçilik tariximizə bağlı olan akademik Həsən Əliyevin ocağında dünyaya gəlmişdi. Genetik kodlarının diqtəsi, alim, müəllim, memar, şəxsiyyət ucalığı, ziyalı kübarlığı ilə mənsub olduğu nəslin qüdrətli nümayəndələrindən biri kimi, Azərbaycan kişisinə xas ömür sürmüşdü. Hər bir Azərbaycan insanı kimi düz 30 il Qərbi Azərbaycanın, Şərqi Zəngəzurun, Qarabağın, Şuşa qalasının nisgilini qəlbində daşımışdı. 2021- ci ilin payızında, noyabrın 13-də ömrünün 88-ci çağında dünyaya vida nəğməsi oxumuş, Fəxri Xiyabanda torpaq müqəddəsliyinə qovuşmuşdur. Ömrü boyu sadəliyin əzəmətini yaşayan, xeyirxahlığı, yaxşılığı həyatının mənasına çevirən, bu il 90 illiyi qeyd olunan akademik Rasim Əliyev  dünyadan gözü, könlü tox, qəlbi hüzur içində getdi. Canından əziz bildiyi vətəni – Azərbaycanı Birliyin, Bütövlüyün rəmzi olan üç rəngli, hilallı, ulduzlu Bayrağı Şuşa qalasından asmışdı. İndi biz bir xalq, millət və dövlət olaraq üzü Qərbi Azərbaycana, İrəvan qalasının ətəyinə, Qərbi Zəngəzura, babalarının təməlini qoyduğu qədim yaşayış məskənlərimizdən biri Comərdli kəndinəyik! Bu intizar, umud dolu uğur yolunda akademik Rasim Həsən oğlu Əliyevin də ruhu bizə yar olsun!

 

“Ədəbiyyat və incəsənət”

(13.11.2025)

 

 

“Ədəbiyyat və incəsənət” portalının Güney Azərbaycan Poeziyası Antologiyası layihəsində Təbriz təmsilçimiz Əli Çağlanın növbəti təqdim etdiyi yazar Norveçdə yaşayan soydaşımız Hadi Qaraçaydır.

 

 

Hadi Qaraçay

Norveç


 MƏNƏ DÖN

 

Yollar, mənə dön deməz

Dağlar söyləməz,

Bunu yalnız qalan bir yalnız söyləyər.

 

Dağlarca, yollarca üzgünəm mənə dön!

 

Mənə dön,

Göydəki ulduzlarca üzgünəm

Ormandakı yarpaqlarca

Dənizdə dalğalarca,

Dalğalar mənə dön deməz.

 

Sahildəki qumlarca üzgünəm

Mənə dön!

 

“Ədəbiyyat və incəsənət”

(12.11.2025)

 

 

“Ədəbiyyat və incəsənət” portalının poçtuna Bosniyadan – Maid Korbiç adlı gənc şairdən gələn məktubda onun “Cənnət yolları ilə” adlı şeiri yer alıb. Şeirin dilimizə sətri tərcüməsini və ingilis dilində - orijinalda təqdim edirik.

 

 

Tərcümeyi-hal:

Maid Korbiç Bosniya və Herseqovinanın Tuzla şəhərində yaşayır.

24 yaşı var. Boş vaxtlarında dəfələrlə tərifləndiyi və mükafatlandırıldığı şeirlər yazır. Həm də ətrafındakı insanlara fədakarlıqla kömək edir. Ümumdünya Ədəbiyyat Forumunda “Sülh və insanlıq- bəşəriyyət və dünya sülhü naminə” panelinin moderator olub.

O, Balkanlarda kifayət qədər tanınan şairdir. Həm də social media fəalıdır, Facebook-da 10.000-dən çox izləyicisi var.

Redaksiyamıza təqdim etdiyi “Cənnət yolları ilə” şeiri ən son yaradıcılıq nümunəsidir.

 

 

 

CƏNNƏT YOLLARI İLƏ

 

Çoxdan, hələ balaca oğlan ikən mən bilirdim,

bilirdim ki, mənim yolum əsərlər yaratmaqdır.

Hansı ki, bütün dünyanı təəccübləndirəcək.

Ancaq həyat hər şeydən əvvəl çətin bir nəsnədir.

Hələ də sonsuz yalanlar dənizi yaradanlar

insanları özlərini orada təsəvvür etməyə məcbur edirlər.

 

Öz nitqinizi və başqaları ilə necə davranacağınızı

niyə də özünüz müəyyənləşdirmirsiniz ki?

Sevgi dünyada yaşaya biləcəyiniz ən güclü hissdir.

Baxmayaraq ki, bu qədər ağrılı ola bilər.

Çünki əvvəllər baş verən səhnələr çox qorxuncdur.

Bu qorxunc səhnələr hələ də hər iki tərəfin

– həm oğlanın, həm də qə qızın qəlbində qalmaqdadır.

 

İnsanlar insan olaraq qalır

və Balkan tipikliyi də burda öz sözünü deyir.

Balkanlarda səmimi sevgi hissləri

təəssüf ki, hər kəs üçün gülüncdür.

Amma mənim ruhumun dərinliklərində ümid izləri var,

onların hərarətini duyuram.

 

Bu ümid sevginin hələ də yaşadığınadır.

Və bu zalımlar onu qəsdən məhv edirlər.

Sevginin bahalı bir əyləncə olduğunu

düşünənlər də az deyil.

Bahalı avtomobillər, saatlar və digər şeylər…

“Sevgi – yalnız desert üçündür“ deyə düşünürlər belələri.

 

Dünyanı gəzmək imkanı varsa, görürsən ki,

ən çox ehtiyac duyulan sevgi seksə çevrilir.

Bu, həyatı doğru dərk etməməyin,

əqli cəhətdən tam yetişməməyin nəticəsidir.

 

Mənsə Cənnət yollarında gəzdim

və cənnət almalarını yığdım.

Ümid edirəm, sevgi hələ də mövcuddur.

Hikmətə yetişəcəyiniz çağınızı bircə tapa bilsəydiniz…

Zira, ildən-ilə məyus oluram.

Çünki sevgi-  istifadə olunub atılan bir şeyə çevrilib.

Zamanla duyğular və emosiyalar,

sosial vəziyyət çox dəyişib.

Kiminsə pulu olmayanda başqaları ona gülür.

Sadəcə ona görə ki, o, hamı kimi deyil.

 

Sevgininsə sərhədləri yoxdur, o mütləq gələcək,

Dürüst bir insan yalnız ona qovuşunca öz yolunu tapacaq.

İnsan ən az ümid və xəyal quranda,

“Xəyallar heç vaxt gerçəkləşmir” deyə düşünəndə

Amma bununla belə, xoşbəxt olmaq istəyi onu tərk etmədikcə

Cənnət yolları ilə gedəcək

Və ürəklə deyil, ağılla inanacaq

İnanacaq sevgiyə və inanacaq xoşbəxtliyə.

 

 

Maid Corbic,

Bosnia and Herzegovina

 

BY THE WAYS OF PARADISE

 

Long ago as a boy I knew

Yes, my path is to create works

About which the world will be buzzing

 

But life is a difficult field above all

Which still makes people imagine themselves

In the sea of ​​infinity and lies creating

Their speech and ways of treating others

 

Love is the strongest thing in the world to live by

Although she can also be so painful

Because the scenes that happen sometime before

They are still carried in the bottom of the soul on both sides

 

People being people, the Balkan atypical has become just that

Because love is a laughing stock to everyone

While at the bottom of the soul traces of hope

That hope remains that love is alive

 

And those tyrants are deliberately destroying it

Who think that love is an expensive car

A watch and other things

Love is written all over the dessert

 

Possibility of traveling positions

Much-needed love becomes sex

Which arises implicitly from the attitudes of immaturity

 

I walked the paths of Paradise and picked apples

Hoping that love still has ways

How to find your era of wisdom

But year after year I get disappointed

 

Because love is something that is used

Emotions and social position in time

When someone doesn't have his money, others laugh at him

Just because he's not like everyone else

 

And love has no limit, it comes

An honest person will find his way just then

When one least hopes and dreams

Because dreams never became unrealistic

Only if a man wants to be happy

The paths of Paradise will be followed

and believed with the brain, not with the heart.

 

 

“Ədəbiyyat və incəsənət”

(13.11.2025)

 

“Ədəbiyyat və incəsənət” portalının 1 şair, 1 şeir rubrikasında bu gün Arzu Əyyarqızının "Vətəndən pay olmayır” şeiri təqdim edilir. 

 

Arzu Əyyarqızı “Mirvarid Dilbazi Poeziya Məclisi İctimai Birliyi"nin üzvü və Cəlilabad rayonu üzrə rəsmi təmsilçisi, "Həməşəra Poeziya Məclisi"nin yaradıcısı və rəhbəri, AYB və AJB-nin üzvü, şair-publisistdir.

 

 

VƏTƏNDƏN PAY OLMAYIR

 

Dilim Vətən deyəndə, köksüm alışıb yanır,

Vətən! söyləyən dilim, özünü xoşbəxt sanır.

Yaralı qanadını, sardı, müzəffər ordum -

Üç rəngli al bayrağım, qürurla dalğalanır.

 

Vətən ana qucağım, Vətən rahat beşiyim,

Azərbaycan adında isti evim-eşiyim,

Odu sönməz yurdumdur, qoymaz məni üşüyüm-

Vətənimin kimliyin, büsbütün dünya tanır.

 

Sən ey güllü-gülüstan, sən ey cənnət məkanım,

Əbədi hürriyyətsən, arzulara təkanım,

Şuşaya, Qarabağa, zəfər yolu çəkənim -

Vətəndən pay olmayır, çox şükür, hər kəs qanır!

 

“Ədəbiyyat və incəsənət”

(13.11.2025)

 

ABŞ-nin Nyu York şəhərinin dünyaca məşhur «Carnegie Hall» konsert zalında dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin 140 illik yubileyinə həsr olunan 9-cu “Florida Keys” Beynəlxalq Musiqi Müsabiqəsinin qaliblərinin qala-konserti keçirilib.

 

“Ədəbiyyat və incəsənət” portalına Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsindən verilən məlumata görə, Komitənin dəstəyi ilə baş tutan qala-konsert Florida Azərbaycan-Amerika Mədəniyyət Assosiasiyasının təşkilatçılığı ilə baş tutub.

Konsertdə müsabiqədə seçilən 50-dən çox gənc istedad orkestrlə birgə Azərbaycan və dünya bəstəkarlarının əsərlərini ifa edib, Üzeyir Hacıbəylinin yaradıcılığından parçalar səsləndiriblər. ABŞ-də fəaliyyət göstərən azərbaycanlı pianoçu, beynəlxalq müsabiqələr laureatı, Prezident təqaüdçüsü Əli Məmmədovun, Azərbaycandan yarışmaya qatılan gənc musiqiçi Milana Nabiyevanın, fleyta ifaçısı Emili Məmmədova-Zəkiyyənin çıxışları alqışlarla qarşılanıb.

Diasporla İş üzrə Dövlət Komitəsinin şöbə müdiri Səlhət Abbasova çıxış edərək qalibləri təbrik edib, Azərbaycan musiqisinin dünyada tanıdılmasında xüsusi rol oynayan müsabiqənin təşkilatçılarına təşəkkürünü bildirib. Qaliblərə diplomlar və pul mükafatları təqdim olunub.

Qala-konsertin Azərbaycanın şanlı Zəfər Günü və Dövlət Bayrağı Gününün qeyd olunduğu vaxta təsadüf etdiyini nəzərə alaraq, Azərbaycan xalqına təbriklər ünvanlanıb.

Qeyd edək ki, “Florida Keys” Beynəlxalq Musiqi Müsabiqəsi Azərbaycanın görkəmli bəstəkarı Cövdət Hacıyevin şərəfinə təsis olunub. Müsabiqənin təsisçiləri ABŞ-nin Florida ştatında fəaliyyət göstərən Azərbaycan-Amerika Mədəniyyət Assosiasiyasının Təhsil və mədəniyyət komitəsinin direktoru, tanınmış incəsənət xadimləri Cövdət Hacıyev və Əminə Dilbazinin qızı Pərvin Muradova, eləcə də Assosiasiyanın prezidenti Töhfə Eminovadır. Hər il Assosiasiyanın təşkilatçılığı ilə keçirilən bu müsabiqənin əsas məqsədi dünyanın müxtəlif ölkələrindən istedadlı musiqiçiləri üzə çıxarmaq və Azərbaycanın zəngin musiqi irsinin təbliğinə töhfə verməkdir.

 

“Ədəbiyyat və incəsənət”

(12.11.2025)

 

 

Çərşənbə, 12 Noyabr 2025 15:05

Tanrının seçilmiş bəndələrindən biri - ESSE

 

Ağalar İdrisoğlu,

yazıçı-dramatur, rejissor, jurnalist, Əməkdar incəsənət xadimi. “Ədəbiyyat və incəsənət” üçün

 

 

Azərbaycan Respublikasının  Əməkdar jurnalisti, peşəkar jurnalist, çox maraqlı yazıçı, kinossenarist, ictimai xadim  Eyruz Surxay oğlu Məmmədovla bizim tanışlığımızın və bu tanışlığın  dostluğa çevrilməsinin tarixi 1976-cı ilə gedib çıxır.

 

Yadımdadır ki, 1975-ci ildə mən  ali məktəbi bitirəndən sonra  1976-cı ilin fevral ayından  Hüseyn Ərəblinski adına Sumqayıt Dövlət Dram Teatrına aktyor vəzifəsinə işə götürülmüşdüm. Və o dövrün cavanları demək olar ki, tez-tez Sumqayıt teatrının tamaşalarına baxmağa gəlirdilər. Tamaşalardan sonra olan müzakirələrdə fəal iştirak edirdilər. Yaradıcı gənclər  bu barədə mətbuatda maraqlı yazılar, ressenziyalar çap etdirdilər. Onlar Sumqayıtda keçirilən mədəni-kütləvi tədbirlərdə, bu şəhərə qonaq gələn məşhur insanlarla olan görüşlərdə çox yaxından iştirak edirdilər. Bax, həmin cavanlardan ən fəallarından biri  isə məhz Eyruz Məmmədov  idi. Mən ondan üç yaş böyük olsam da, biz Eyruza bir ağsaqqal kimi baxırdıq. Çünki dediyi orijinal  fikirlər, hamıya diqqətlə qulaq asması, hər bir məsələ haqqında maraqlı, məntiqli fikirlər söyləməsi, müdrik düşüncə tərzinin olması və hətta dünya şöhrətli insanlarla apardığı müsahibələr, onlara verdiyi sualların orijinallığı onu bizə  ağsaqqal kimi görməyə əsas verirdi. Eləcə də məşhurlarla keçirilən görüşlərdə, apardığı televiziya verlişlərində  Eyruz  Surxayoğlunun  onlara verdiyi dolğun suallar və həmin insanların bu sualları yüksək qiymətləndirməsi onun cavan yaşında mükəmməlliyinin göstəricisi idi. Eyruzun həmin vaxtlar  yəni Sovetlərin dövründə Azərbaycanda ana dilimizlə yanaşı, əsas dövlət dili kimi qəbul olunan rus dilini də dərindən bilməsi, onu həmyaşıdlarından fərqli edirdi. Yazdığım bu məziyyətlərinə görə Eyruz Məmmədovun bizdən fərqli olaraq dostları daha çox idi. Demək olar hamısı da onunla hesablaşırdılar. Yadıma gəlir ki, lap cavanlıq illərindən Eyruz dünya dahilərinin kəlamlarını, aforizmlərini  toplayırdı və yeri gələndə onlardan həm yazılarında və həm də dostlar arasında  yerindəcə ustalıqla  istifadə edirdi. Məşhur fransız yazıçısı, filosofu Helvetsinin bu kəlamını ilk dəfə mən ondan eşitmişəm: “Ürəyə sancılmış iynələri yalnız dost əli çıxara bilər”.  Bəli, Eyruz həmişə dostlarının yanında olub və onlara əlindən gələn köməkliyi  əsirgəməyib.

1977-ci ildə Sumqayıt Dövlət Dram Teatrındakı işimlə paralel mənim şəhərin tarixində ilk dəfə yaratdığım “Ümid” Teatr-Studiyasının məhz birinci ən böyük təbliğatçısı Eyruz Məmmədov idi. Çünki  o, həmişə yeni, eksperiment  işlərin tərəfkeşi idi. Kollektivimizin tamaşaları haqqında  maraqlı yazılar yazırdı. “Ümid” Teatr-Studiyası,  1979-cu ildə  Mədəniyyət  naziri çox dəyərli ziyalı, fəlsəfə elmləri doktoru Zakir Bağırovun  əmrilə  Sumqayıt Gənclərinin Xalq Teatrı adını alanda, 1980-ci ildə bu kollektiv Moskvadan SSRİ Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisindən Sumqayıta Qızıl medal gətirəndə ilk olaraq  bütün bunlar haqqında  məhz Eyruz Məmmədov yazdı. Eləcə də həmin vaxtlar mənim ssenari müəllifi və quruluşçu rejissoru olduğum Sumqayıtda keçirilən dövlət səviyyəli teatrlaşdırılmiş əmək-incəsənət bayramlarının da ən böyük təbliğatçısı və yazarı Eyruz Surxayoğlu idi. O, bizi öz işimizə daha çox  həvəsləndirirdi və respublikada daha yaxşı tanıdırdı...

Beləcə illər keçdi... Hər ikimiz həyatda təcrübə qazandıqca, uğurlar əldə etdikcə, bir-birimizin uğurlarına sevindikcə  daha da yaxınlaşdıq və əsl dost olduq.

Eyruz Məmmədov “Exo Sumqayıta” qəzetinə rəhbərlik etməyə başladığı ilk günlərdən dünya səviyyəli informasiyalar toplayırdı. İnanırdıq ki, bütün bunlar gələcəkdə xaqlımız üçün ən dəyərli yazılar olacaq. Bu informasiyaların, xəbərlərin  bəzilərinin əsasında Eyruz Məmmədov çox maraqlı məqalələr hazırlayıb dünya mətbuatına çıxarırdı və oxucular  tərəfindən yüksək səviyyədə qarşılanırdı. Eləcə də  o, 1988-ci  ilin fevral ayının 28 və 29-unda ermənilərin və SSRİ Dövlət Təhlükəsizliyi Komitəsinin, Erməni separatçılarının  əlilə Sumqayıtda törədilən qanlı hadislər əsasında “Sumqayıtın əks-sədası” adlı çox maraqlı kitablar yazdı. Bu kitablar əsasında Eyruz Məmmədov  çox istedadlı rejissor, vaxtsız vəfat eləmiş  dostumuz  Davud İmanovla birlikdə ssenari yazaraq  “Sumqayıtın əks-sədası” adlı çox seriyalı sənədli  kinofilm araya-ərsəyə gətirdilər. Bu sənədli kinofilmdə çəkilən keçmiş SSRİ-nin rəhbərlərilə Eyruz Məmmədov və Davud İmanovun görüşməsinə Moskvada yaşayan  həmyerlimiz, maraqlı nasir, dramaturq, ssenarist, mərhum  dostumuz  Fərhad  Ağamalıyev çox köməklik elədi. Belə  ki o, həmin adamların telefonlarının tapılmasında, onlarla görüşlərin təşkilində  xeyli iş gördü. “Sumqayıtın əks-sədası” keçmiş Sovetlər birliyində həqiqətən böyük əks-sədayartdı. Az bir vaxtda bu kinofilmə görə Eyruz Məmmədov və Davud İmanov respublikamızda və MDB məkanında  çox məşhur oldular. Mən də hər iki dostumun bu uğurlarına çox sevinirdim və bu haqda yazırdım.

Eyruz topladığı maraqlı, tarixi məlumatlar haqqında biz dostlara çox böyük qürurla danışırdı. İnanırdıq ki, bunlar gələcəkdə Azərbaycan üçün çox qiymətli yazılar olacaq. Amma sən saydığını say,  gör fələk nə sayır. Günlərin bir günü Eyruz  Məmmədovun “Exo Sumqayıta” qəzetindəki kabineti kimlər tərəfindənsə yarıldı və oradakı kompüterlər və içindəki yazıların hamısı oğurlandı. Bax, bütün bunlarla  həmin şərəfsizlər,  dostumuz Eyruz Məmmədova böyük stresslər, depressiyalar  yaşatmaq, onu  peşə fəaliyyətindən uzaqlaşdırmaq, vaxtından tez haqq dünyasına  qovuşdurmaq istəsələrdə, arzularına çata bilmədilər. Əslində onlar bu namərd hərəkətlərilə dostumuza böyük  güc, qüvvət, daha geniş işgüzarlıq, təxəyyül verdilər. Eyruz həmin vaxtı cəmi dörd aya Sumqayıt şəhərinin 50 illik yubileyinə həsr olunan 800  səhifəlik  “Sumqayıtım  mənim” adlı çox böyük, geniş həcmli  kitabını yazdı. Özü də kohnə bir kompüterdə. Bu kitab Sumqayıt tarixində bir salnamə oldu.  Çünki bu kitabda heç vaxt yazılmayan  çoxlu oçerk, tarixi məqalə toplanmışdı. Bu yazılar da gələcək nəsillərimiz  üçün bir töhfə kimi qaldı. Həmin kitabın Sumqayıtda çox  geniş müzakirəsi oldu. Respublika mətbuatında bu haqda çox yazıldı, televiziyalar verilişlər hazırladı. Beləliklə, Eyruzu diz çökdürmək istəyənlərin arzuları ürəyində qaldı və  özləri mənən  diz  çökdülər. Beləliklə, Eyruz Məmmədov Sumqayıtın salnaməsini yazan birinci və yeganə yazar oldu.

Eyruzun lap cavanlıq illərindən xasiyyətində olan yeddi cəhət həmişə məni valeh eləyib. Elə bu gün də həmin yeddi cəhət onunla təmasda olan və dostluq edən hər kəsi valeh eləyir. Birinci- Eyruz qarşısındakı adamı yüksək səviyyədə dinləmək mədəniyyətinə, qabiliyyətinə  malikdir.  İnkici-Eyruz az danışmağı və çox iş görməyi xoşlayır. Danışdığı az cümlələrlə böyük fikirlər demək qabiliyyətinə malikdir. Üçüncü-Eyruz dostluqda, yoldaşlıqda həmişə bütövdur. O, kiminlə dostluq, yoldaşlıq edirsə, heç vaxt təmənna güdmür və bu dostluğa  həmişə sadiq olur.  Dördüncü-Eyruz ailəsinə çox bağlı insandır. Onun üçün ailə ən müqqəddəsdir.  Beşindi-  Eyruz valideynlərinə və ümumiyyətlə, yaşlı insanlara həmişə hörmətlə yanaşıb və onlara  sadiqdir. Altıncı-doğulduğu və yaşadığı Sumqayıtı canı, qanı ilə sevir. Buna görə də jurnalistlər arasında Sumqayıt haqqında  ən çox yazan və bu şəhərin salnaməsini yaradan böyük  ziyalıdır. Eyruz Sumqayıtı bir gözəl şəhər kimi quran, tarixə köçürən insanları tarixdə əbədi yaşadır.  Bu da bizə bunu deməyə əsas verir ki, o, əsl cəfakeş sumqayıtlıdır. Yeddinci- Eyruz Azərbaycanı ən böyük, ən unikal, ən qədim ölkə hesab eləyir və bu haqda dünya səviyyəsində çap olunan  silsilə yazıların müəllifidir. Vətənini, xalqını  sevməkdə dostum Eyruz  Məmmədov bir etalondur.

Eyruz təkcə dostuna, yoldaşına deyil, hər bir insana əlindən gələn köməkliyi böyük həvəslə  eləyən dəyərli vətəndaşdır. Həmçinin böyük maarifpərvərdir,  yaxşı müəllimdir. Onun yüzlərlə jurnalistin yetişməsində əvəzsiz xidmətləri vardır. Eyruz çox maraqlı yazıçı kimi də tanınır. O, hər bir oxucunun tez-tez müraciət etdiyi sevimli əsərlər  ərsəyə gətirib. Onlardan elə altı romanının adını çəkmək istəyirəm. Bunlar- “Dama pika”, “Mister Viç”, “Zöhrə və Kərim”, “Qan düşəni”, “Sonası”, “Qaranlığın çırağı”. Onun 800 səhifədən  çox olan “Bir kəndin adamları” kitabı Qarabağın bədii tarixinə, gavur, faşist  ermənilərin həmvətənlərimizə qarşı törətdiyi faciələrə həsr olunan unikal kitabdır. Eyruz Surxayoğlunun bu vaxta qədər qırxdan  çox kitabı çap olunub  və ondan çox kitabı da işıq üzü görmək üçün  zamanını gözləyir.

Eyruzun böyüklüyü və müdrikliyi ilə bağlı mən maraqlı bir hadisəni qeyd etmək istəyirəm. Sumqayıt Dövlət Musiqili-Dram Teatrının bədii rəhbəri və direktoru çalışdığım vaxt mənə qarşı çox böyük haqsızlıq olduğuna görə 1997-ci ildə  ərizə yazıb işdən çıxandan sonra Dağıstana gedib, orada Azərbaycan-Dağıstan Beynəlmiləl Teatr Truppası yaratmışdım. Üç il həmin teatrla Dağıstanın hər yerində maraqlı çıxışlar edirdik  və 1950-ci ildə bağlanmış Dağıstan-Azərbaycan Dövlət Dram Teatrını bərpa elədik. Həmin  vaxtı  Azərbaycan Mədəniyyət Nazirliyinin məkrli əli  Dağıstana da uzandı və məni o  teatra rəhbərlik eləməyə qoymadılar. 2000-ci ildə mən yenidən Azərbaycana qayıtsam da burada teatrlarda quruluşçu rejissor işləməyimə belə imkan vermədilər. Baxmayaraq ki, mən ali  rejissor təhsilimi Moskvada, dünyanın ən nüfuzlu ali təhsil ocaqlarından biri olan Beynəlxalq Teatr Akademiyasında alsam da mənə iş vermək istəmirdilər. Məni ölkə rəhbərliyinə bir dissident kimi qələmə vermişdilər. Həmin vaxt bu haqsızlıqlardan infarkt keçirdim. Eyruz Məmmədov bir dost olaraq mənim yanımda oldu. Mənə ürək-dirək verdi və hətta Sumqayıtla bağlı çəkdiyi çox seriyalı sənədli kinofilmə  Sumqayıt  teatrı və mədəniyyətilə bağlı  bildiyim fikirləri və mənim  xidmətlərimə həsr olunan  maraqlı süjetlər çəkdi. Həmin sənədli kinofilmdə aparıcılığı da mən  elədim. Eyruz mənim özümə inamımı geri qaytardı. İnfarktdan sağalmağıma böyük ümid verdi.

Məşhur yazıçı Oneri de Balzakın bu kəlamı yadıma düşdü:  “ Nə edirsən et, necə yaşayırsan yaşa: amma gülə bilmək üçün kimisə ağlatma və öz mənafeyin üçün kimisə satma”.  Eyruz da öz mənafeyini qorumaqla özünə olan pisliklərdən heç vaxt qorxmayıb, həmişə işıqlı insanlara arxa-dayaq olub, yaşamaq üçün inam, ümid  verib. Qocaman palıd kimi onların arxasında durub.

Eyruzun böyüklüyünə, ürəyigenişliyinə aid başqa bir misal. Mən baxmayaraq ki, 15  yaşımdan  jurnalistika ilə, bədii yaradıcılıqla məşğul olsam da, teatrlara rəhbərlik elədiyim vaxt teatr işinə başım qarışdığından bu sahədə az çap olunurdum. Çünki əsas fikrim teatr idi. Yalnız pyeslərim və tərcümə elədiyim əsərlər teatrlarda tamaşaya qoyulurdu. 2000-ci ildə “Məhkəmədən əvvvəl məhkəmə və ya Kəfənini geymiş qoca” həkayələr, pyeslər toplumu  çap etdirməmişdən əvvəl həmin kitabı oxumaq üçün Eyruz Məmmədova verdim və ondan xahiş elədim ki, mənə dəqiq rəyini desin. Eyruz həmin kitabı bir neçə günə oxudu və məni məcbur elədi ki, bu kitabı hökmən çap etdirim. Kitab  çap olundu və az bir vaxtda böyük oxucu marağına səbəb oldu. Bununla da Eyruz məni bədii əsərlər yazmağa daha çox  həvəsləndirdi. Artıq 22 kitabım çap olunub. On beş kitabım da çap olunmaq üçün hazırdır. Ən başlıcası isə  Eyruzda paxıllıq, həsəd, kiminsə ayağının  altını qazmaq, pislik etmək, arxasınca danışmaq  kimi naqis cəhətlər yoxdur. Ucalığı, böyüklüyü onu hər kəsə  sevdirib. Bu cəhətlər də  Ulu Tanrı tərəfindən yalnız seçilmiş insanlara verilir.

Eyruz Məmmədov ömrünün artıq  ən müdrik dövrünü yaşayır.  Dəyərli dostum, qardaşım, əqidədaşım, məsləkdaşımın artıq  72 yaşı var. İki aydan sonra isə 73 yazşı tamam olacaq.  Atalar gözəl deyib: “Ot kökü üstündə bitər”.  O,  Surxay kişi kimi bir ağsaqqalımızın,  Böyük Vətən Müharibəsinin odlarından, alovlarından keçən qorxmaz, cəsur  kişinin  layiqli  övladıdır. Deməli, belə də olmalıdır. Başqa cürə də ola bilməz Eyruz.

Peyğəmbərimiz İmam Əli deyib ki, “dostluqda sadiq olmayan, həmişə xəcalətlidir”. Əzizim Eyruz. Sənin başın həmişə ucadır. Çünki sən həm dostluqda sadiq olmusan və həm də sülh tərəfdarı kimi  həmişə  küsənləri barışdırmısan. Onlar arasında da  dostluq toxumu səpmisən. Çünki səkkiz il bundan qabaq, tanınmış göz  həkimi, istimai xadim, çox maraqlı yazıçı-publisist Hümbət Həsənoğlunun yaratdığı Sumqayıt Dostlar Klubunun idarə heyyətinin üzvü kimi bu ictimai təşkilatın respublikada tanınmasında, məşhurlaşmasında həm maraqlı yazılarında və həm də çıxışlarında çox işlər görürsən. Bəli. Sən əsl ziyalısan.

Bir sözlə, əziz dostum, sən bütöv insansan. Bütöv insan olmaq isə həyatda çox az insana  nəsib olur... Bu haqda klassik şairimiz Əfzələddin Xaqani gözəl deyib:

 

İstəsən güzgütək saf olsun ürək,

Sinədən on şeyi atasan gərək.

Haram, qiybət, kin, paxıllıq, tamah,

Kibr, riya, həsəd, ədavət, kələk.

 

Əziz  dostum. Sən, həmişə bu on cəhətə yüksək səviyyədə əməl etmisən.            İnaıram ki, həmişə də əməl edəcəksən və öz böyüklüyünü, ucalığını qoruyacaqsan.

 

“Ədəbiyyat və incəsənət”

(12.11.2025)

 

59 -dən səhifə 2595

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.